Açıq kitaba bənzəyir
sərhəd dirəklərinin
böldüyü torpaq.
Bir səhifə
tikanlı məftillərin bu üzüdü,
Bir səhifə -
o biri üzü.
Bir cümlənin əvvəli
bu üzdədi,
davamı
o biri üzdə.
Amma
mümkün deyil oxumaq
o üzdəki səhifəni.
Göyün yeddinci qatı qədər
əlçatmazdır
bir qarışlıq məsafə.
Qadağan olunmuşlara can atır insan
həmişə.
Amma əfsus!
Tam olmayan fikirdi,
bitməmiş cümlədi,
yarımçıq taledi...
Bir sözlə,
Insanın can atdığı “tam”lığa
həsrət dirəkləridi,
Sərhəd dirəkləri.