AYB.az saytı xəbər verir ki, dekabr ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Çağdaş şeirlər” kitabının təqdimat mərasimi keçirilib. Kitabda “Caspian Pipe Coatings” şirkətinin təşkil etdiyi “Çağdaş şeirlər” müsabiqəsi qaliblərinin şeirləri yer alıb.

 

    Tədbirdə çıxış edən “Caspian Pipe Coatings” MMC-nin direktoru Azər N.İsayev layihə haqqında məlumat verib: “Caspian Pipe Coatings” şirkəti Azərbaycanda ənənələrin və klassik musiqinin təbliğində öz dəyərli sözünü deyən “Düşüncələr” radio verilişində “Çağdaş şeirlər” müsabiqəsinin yaradılması təklifi ilə “Spase” Teleradio Şirkətinin rəhbərliyinə müraciət edib və bu təşəbbüs “Spase” Teleradio Şirkəti və Azərbaycan Yazıçılar Birliyi tərəfindən böyük maraqla qarşılanıb. Nəticədə, “Caspian Pipe Coatings” MMC-nin təşkilati, “Spase” radiosu və Azərbaycan Yazıçılar Birliyinin yaradıcı dəstəyi ilə bu layihə ərsəyə gəlib.

    “Çağdaş şeirlər” müsabiqəsində 12 yaşından tutmuş 86 yaşına kimi yazarlar iştirak ediblər. 2011-ci ilin aprel – 2012-ci ilin mart ayları müddətində keçirilmiş müsabiqədə qaliblərin seçimi aparılarkən şeirin poetik tutumui, tamlığı və Azərbaycan dilinin qaydalarına riayət olunması kimi meyarlar nəzərə alınıb.

    Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə seçilən şeirlər “Düşüncələr” verilişinin canlı yayımında dinləyicilərə təqdim olunurdu və sonradan qalibin adı açıqlanırdı. Qalib seçildikdən sonra növbəti verilişə dəvət olunur və şair digər əsərlərini də dinləyicilərə çatdırmaq imkanını əldə edirdi”.

    Mərasimdə münsiflər heyətinin üzvləri –  “Spase” radiosunun baş redaktoru Əhməd Əsgər və “Düşüncələr” verilişinin aparıcısı Azad Ağarəzioğlu, qaliblərdən Aysel Kərimova, Şahin Axundov, Günel Şamilqızı, Yusif Məhəmmədoğlu, Vasif Əlihüseyn, Günel Rüstəmli çıxış edərək  mədəniyyətin, ədəbiyyatın inkişafı yolunda göstərdikləri xidmətlərə görə, bugünkü gündə gənclərimizin böyük ehtiyacı olan layihəni həyata keçirdikləri üçün  “Caspian Pipe Coatings” şirkətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

    Sonda “Caspian Pipe Coatings” MMC-nin direktoru Azər N. İsayev müsabiqədə iştirak edən hər bir müəllifə və münsiflər heyətinin üzvlərinə bu şərəfli işdə dəstəyə görə minnətdarlığını bildirib və onlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirib.

AYB.az

Məlahət Qənbərova

           

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə