Son xəbərlər

 

      Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü  Mahir Həmzəyevə Litvanın Bədii Sənət Yaradıcısı statusu verilib. Bu barədə Litva Respublikasının Mədəniyyət naziri Şarunas Birutis LR "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq 2016-cı ilin mayın 23-də müvafiq Sərəncam imzalayıb.

 

          M. Həmzəyev bu statusa Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tədqiqatı və bədii tərcümə sahəsində yüksək peşəkarlıqla yaratdığı işlərə görə layiq görülüb.

          O, 1983-2015-ci illərdə Litva xalq nağıllarını, Litva yazıçıları Vintsas Kreve, Yonas Bilyunas, Alfonsas Maldonis, Algirdas Potsyus, Alfonsas Bukontas, Arvidas Valyonis, A. Antanas Yoninas və Danielyus Muşinskasın əsərlərini Azərbaycan dilinə tərcümə edib.

          1990-2015-ci illərdə litvalı publisistlər, siyasi şərhçilər - Vidmantas Valyuşaytis, İmantas Melyanas, Rita Milyute, Kestutis Oginskas, Laurinas Kasçyunas, Tomas Çivas, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Tomas Srebalyus və Riçardas Lapaytisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi həqiqətlərinə aid Litva mediasında dərc edilmiş politoloji məqalələri, oçerk, pamflet, analitik icmal və digər siyasi-publisistik yazıları Azərbaycan dilinə çevirib.

2006-2011-ci illərdə Litva Dövlət və Hökumət rəsmilərinin - Prezident Valdas Adamkusun Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litvanın ilk Dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri, Litvanın Baş nazirləri Gediminas Kirkilas və Andryus Kubilyusun Dünya Azərbaycanlılarının 2007 və 2011-ci illərdə Bakıda keçirilmiş beynəlxalq tədbirlərə ünvanladıqları müraciətləri, Litvanın Türkiyədə və Azərbaycandakı sabiq səfiri, LR Prezidentinin müşaviri Halina Kobetskaytenin məruzə və məqalələrini Azərbaycan dilinə tərcümə edib. 

Azərbaycan Respublikasının sabiq prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyevin 1990-1992-ci illərdə Litva jurnalistlərinə verdiyi bir sıra müsahibələri 2014-cü ildə azərbaycancaya çevirib.

          M. Həmzəyev eyni zamanda Azərbaycan dilindən litvacaya ədəbi və publisistik tərcümələr edir. 1982-2016-cı illərdə litvalı qələm dostları ilə birgə Azərbaycan ədəbiyyatından xalq nağıllarını, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin yaradıcılığından bir sıra əsərləri Litva dilinə tərcümə edib.

“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla bərabər Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib. 

Ünlü dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.

M. Həmzəyevin XIX – XX əsrlərdə Litva-Azərbaycan əlaqələri, o cümlədən 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri mövzusunda işlədiyi 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi, elmi-publisistik və ictimai-siyasi məqalələri 1980-2016-cı illərdə Litvada və Azərbaycanda işıq üzü görüb.

          Bu çalışmaların əksəriyyətində xalqlarımız arasında tarixi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələrin yaranıb inkişaf etməsi, məzmun cəhətdən ayrı-ayrı istiqamətlərdə formalaşması, qədim mədəni əlaqələrimizdən müasir dövrdə xalqlararası və dövlətlərarası münasibətlərimizin intensivləşdirilməsi faktoru kimi istifaqə edilməsi və bu səpkilidigər aktual mövzular Azərbaycan və Baltik dövlətlərinin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələr əsasında yeni tədqiqat bucağı altında araşdırılıb.

          Qeyd edək ki, M. Həmzəyev 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirib. "Azərbaycan-Litva ədəbi əlaqələri" mövzusunda diplom işini əla qiymətlə müdafiə edib (elmi rəhbəri prof. Pənah Xəlilov). 1979-cu ildən Vilnüsdə yaşayır və çalışır. 1984-1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb (elmi rəhbəri prof. Vitautas Kubilyus).

          M. Həmzəyev Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və həmçinin AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014).  2016-cı ildən isə Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür.

M. Həmzəyev 1988-ci ildən Litva Azərbaycanlıları Cəmiyyətinin sədridir. 2001-ci ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. O, Baltik ölkələrində Bədii Sənət Yaradıcısı statusuna layiq görülmüş ilk Azərbaycan diaspora xadimi və yaradıcı ziyalıdır.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə