AYB.az Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya veridiyi müsahibəni təqdim edir.
- Çox şadam ki, birinci sualınız yaradıcılıqla bağlıdır. Bu suala məmnuniyyətlə cavab verirəm. “Göz muncuğu”ndan sonra mənim 1000 səhifəlik “Kərəm kimi” adlı kitabım çıxıb. Bu kitaba Nazım Hikmətə həsr olunmuş sənədli romanım və başqa esselər daxildir. Yəqin bilirsiniz ki, Nazım haqqında roman əvvəlcə Türkiyədə nəşr olundu, Ankarada və Amsterdamda təqdimatı keçirildi, Türkiyə və bir sıra Avropa ölkələrinin mətbuatında yazılar və mənimlə geniş müsahibələr dərc edildi. Azərbaycan nəşrində romana xeyli əlavələr etmişəm.
Bundan başqa, “Kərəm kimi” kitabına Mövlanədən, Yunis Əmrədən Orxan Pamuka qədər, bir sıra türk və rus yazıçılarına, məsələn, Mayakovski, Simonov, Yevtuşenkoya həsr olunmuş esselərim daxil edilib. Bu il yay aylarında “Parisdə savaş” adlı kinopovest yazmışam. Məlum olduğu kimi, Fransada yaşayan və fransız yazıçısı kimi tanınan azərbaycanlı Ümmül Banu (Banin) məşhur rus yazıçısı, mühacir İvan Bununlə görüşləri haqqında “İvan Buninin son savaşı” adlı kitab yazıb. Mənim kinopovestim də Baninin bu yazısı, habelə onun “Qafqaz günləri” və “Paris günləri” kitabları, Buninin bir sıra nəsr əsərlərinin motivləri əsasında qələmə alınıb.
Kinopovest “Literaturnıy Azerbaydjan” jurnalının noyabr nömrəsində dərc edilib. Bundan başqa, rus dilində nəşr olunmuş və ümumi həcmi 3000 səhifə olan “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” üçcildliyimin Azərbaycan variantını çapa hazırlayıram. Kitabların səhifələrini xüsusi olaraq ona görə vurğulayıram ki, görülmüş işin həcmi və çəkilən zəhmət bəlli olsun. Bu vaxt ərzində dövri mətbuatda çıxan çox sayda məqalələrim, esselərimlə yəqin ki, tanışsınız. Gələcək planlarım çoxdur, ancaq onlar haqqında həyata keçəndən sonra danışmaq istərdim.
- Yazıçı mətbəxinizin sirrini bölüşməyinizi istərdik: qışı yazmaq üçün ən yaxşı fəsil saymaq olarmı?
- Burda elə bir sirr yoxdur. Bu barədə dəfələrlə demişəm. Mən əlbəttə, bütün ilboyu nə isə yazıram - məqalələr, esselər, hekayələr, çıxışlar edirəm, çevirirəm, amma iri həcmli nəsr əsərlərini, pyes və ya ssenariləri yalnız yay aylarında, gündəlik olaylardan, qayğılardan, cari işlərdən tamamilə azad və təcrid olan zaman yazmaq imkanım olur. Qış bəlkə də yaradıcılıq üçün daha münasib fəsildir, amma mənim məzuniyyətim, adətən, yay aylarına düşür.
- Son çap olunan əsərlərdən oxuduğunuz, qiymətləndirdiyiniz varmı? Həm də gəncləri nəzərdə tuturuq.
- Bu sualınıza təəssüflə cavab verməli olacağam ki, son çap olunan əsərlərdən, o cümlədən gənclərin yazılarından heç nə oxumamışam və odur ki, qiymətləndirə də bilməyəcəyəm. Səbəbi isə odur ki, son vaxtlar yalnız öz yazılarımı oxuyuram. Bu cavab qəribə və hətta qeyri-təvəzökarlıq, özündənməmnunluq kimi anlaşıla bilər, odur ki, izah etməliyəm. Üçcildlik LİK-i Azərbaycan dilində hazırladığımı artıq dedim. Eyni zamanda “Seçilmiş əsərlərim”in doqquzuncu və onuncu cildlərini hazırlayıram, yəni yenidən oxuyuram. Türkiyədə nəşrə hazırlanan “Yaşamaq haqqı” adlı 600 səhifəlik kitabımın tərcüməsini diqqətlə oxudum. Bu il Moskvada üç kitabım çıxır, onlardan da ikisinin korrekturasını oxumaq xeyli vaxt aldı. Amma çox istərdim ki, imkan tapan kimi yazıçılarımızın və ilk növbədə gənclərin yeni çıxan əsərləri ilə tanış olum.
- Sual qəribə səslənməsin, ilk hekayələrinizi açıb yenidən oxuduğunuz olur? Bu gündən baxanda onlar necə görünür?
- Bayaq sadaladığım kitablara əsasən son illərdə yazdıqlarımı daxil etmişəm. Köhnə hekayələrim isə bir neçə il qabaq Moskvada “Oqonyok kitabxanası” adlı çox populyar seriyada 40 min tirajla nəşr olundu. Bizim zəmanə üçün az tiraj deyil hər halda. Yeni nəşrlər üçün lazım olmayanda adətən köhnə yazılarımı oxumuram. İndinin gözüylə oxuyanda təbii ki, onların zəif cəhətlərini daha aydın görürəm, amma heç bir nəşrdə, heç nəyi dəyişmirəm, düzəltmirəm. Vaxtilə necə yazılıblarsa, elə də qalmalıdırlar, çünki onlarda nöqsan ola bilər, amma yalan yoxdur.
- Sizin Aydın Məmmədovla söhbətinizi oxuduq. Hələ ədəbiyyatın nüfuzlu, hörmətli vaxtında meyarların itməsindən danışmısınız, ədəbiyyata Yazıçılar İttifaqı üzvlərinin siyahısı kimi baxanları tənqid etmisiniz. Deməli, indi meyar haqqında danışmağa dəyməz...
- Həqiqi ədəbiyyatı sevənlər üçün, ədəbiyyata səmimi surətdə bağlı olan insanlar üçün bütün dövrlərdə, bütün şəraitlərdə bədii meyarlar əsas şərtdir. Ədəbiyyat rəsmi şəkildə dəstəklənib, əzizlənib, göz üstünə qoyulanda, oxucuların ərköyün olanda ona sadiq qalmaq hünər deyil. Ədəbiyyat obyektiv ya subyektiv səbəblərdən gözdən salınanda, kölgədə qalanda, oxucu marağı azalanda onun əsl qədir-qiymətini bilmək, keçəri və konyuktur meyllərə görə yüksək bədii meyarlardan imtina etməmək, bir sözlə, milli varlığın, doğma dilin ən vacib daşıyıcısı və qoruyucusu olan ədəbiyyatın keşiyində durmaq hər bir ziyalının vicdan borcudur.
- Meyardan söz düşmüşkən: ədəbiyyatın nüfuzdan düşməsinə həm də Yazıçılar Birliyinin üzvlərinin sayının çoxalması səbəb olmadımı? O üzvlər ki, ədəbiyyata dəxli olmaya-olmaya Sizin imzanız olan vəsiqəni ciblərində fəxrlə gəzdirirlər.
- Əgər mənim imzam olan vəsiqəni, dediyiniz kimi, fəxrlə gəzdirirlərsə, deməli, hər halda ədəbiyyat üçün itirilmiş adam deyillər. Daha pis odur ki, bu vəsiqəni heçə sayasan, onu alıb bəzi imtiyazlarından faydalanasan, müəyyən müddət bitəndən sonra asanlıqla üzvlükdən imtina edəsən. Yazıçılar Birliyi üzvlərinin həddən çox olmasını mən də nöqsan sayıram və bunu dəfələrlə demişəm. Burada işlədiyim illərdə bu, rastlaşdığım ən ağrılı və ən çətin problemlərdəndir. Amma üzvlərin çox olmasına görə meyar itmir, meyar itdiyinə görə üzvlərin sayı çoxalır. Çünki iki-üç babat şeir və ya hekayə yazan dərhal özünü dahi elan edirsə, hətta daha yaşlı adamların yubileylərində, adicə görüşlərində, tədbirlərində, kitab təqdimatlarında onların haqqında deyilən sözləri nə Füzuli, nə Şekspir eşidibsə, bu iddialarla ədəbiyyata gələn, yaxud orada yerləşənlərə necə deyəsən ki, sən birlik üzvü olmağa layiq deyilsən?
Dərhal “tom-tom” kitablarını çıxaracaq, neçə pyes, neçə ssenari, neçə poema, neçə roman yazdığını söyləyəcək, haqqında yazılan təmtəraqlı tərifnamələri qarşımıza qoyacaq. Bizim zamanın səciyyəvi cəhəti belə əhli-qələmlərin özlərini yazdıqlarının keyfiyyətiylə yox, kəmiyyətiylə, sayıyla təsdiq etmələridir. Birliyin üzvlərinin çoxluğunu bizə irad tutanları haqlı sayıram, amma konkret adlardan ibarət siyahı verə bilərlərmi ki, bax, bu adamlar üzv olmağa layiq deyillər. Yox, əlbəttə, bunu etməzlər. Bəziləri bunu ancaq birlik rəhbərlərinin əli ilə etməyə çalışırlar ki, sonra bunu da onlara qarşı istifadə edə bilsinlər.
-Yazıçılar Birliyinin ədəbi orqanlarında qonorarın az olması ilə bağlı bir neçə dəfə məsələ qalxıb, amma həll olunmayıb. Bir hekayəyə 20 manat qonorarın verilməsi sizi narahat etmirmi?
- Əlbəttə, narahat edir. Həm də ona görə ki, mənim təşəbbüsümlə latın əlifbasıyla 25 min tirajla nəşr edilmiş kitabların arasında mənim, anamın və atamın də kitabları çap olunub və bu yeddi kitabdan bir qəpik də almamışıq. Yəni nə mən, nə o biri varislər - bacılarım. Qəzetlərdə gedən silsilə yazılarım, TV və radioda çıxışlarım, müsahibələrim - hamısı müftədir, havayıdır... Nə etməli, dediyiniz yaxşı qonorarlar - yəni hətta ən adi məqalədən, çıxışdan aldığımız qonorarlar - sovet dövründə qaldı. Nədir, sovet sistemini bərpa edək?! Doğrusu, dəyməz. Ən yaxşı qonorarlara görə də dəyməz. Əlbəttə, bir hekayəyə 20 manat almaq gülüncdür, amma Yazıçılar Birliyinin qəzet və jurnalları, başqa mətbuat orqanlarından fərqli olaraq, heç olmasa, bu cüzi məbləğləri ödəyir. Bəs, başqa mətbuat orqanları, TV və radio kanalları ilə bağlı bu məsələ nədən qaldırılmır? Yeri gəlmişkən, bu günlər guya büdcəmizin azalması və otuz-qırx adamı ixtisar edəcəyimiz haqqında şayiə yaydılar. Bu da Yazıçılar Birliyi haqqında ara-sıra ortaya atılan uydurmalar kimi əsassızdır. Belə bir şey yoxdur və böhran şəraitində birliyin, onun mətbu orqanlarının gəlirləri artmasa da, hər halda azalmır.
- “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalının rəhbərliyi dəyişdirildi. Həmin ədəbi orqanların hazırkı səviyyəsindən razısınızmı?
- Bu ədəbi orqanların rəhbərliklərinin dəyişməsiylə onların ümumi ruhu, səviyyəsi, cəlb olunan müəlliflərin müxtəlifliyi baxımından müsbət fərqləri, tirajlarının artması və satılmasını çox adam etiraf edir. Bunların da, başqa ədəbi orqanlarımızın da işlərində razı olduğum və olmadığım cəhətlər var. Razı qalmadıqlarımı redaktorlara açıq deyirəm, amma birlikdə sürən demokratik ab-havaya görə öz fikrimi heç kəsə qərar kimi təlqin etmirəm, yalnız məsləhət, tövsiyə kimi bildirirəm.
- Anar müəllim, deyəsən, birliyi tənqid edənlərin sırası seyrəlib. Axır vaxtlar sakitlikdir.
- Yəqin söyüb-söyüb yorulublar, ya da taym-aut götürüblər.
Kəramət Böyükçölün Yazıçılar Birliyinin üzvlüyündən çıxarılması birmənalı qarşılanmadı. Təxminən bu cür suallar var: “Yazıçı fikrinə görə üzv olduğu birlikdən dəstək hiss etməkdənsə, ondan təzyiq və ögeylik görürsə, nə etməlidir?” Bu haqda nə demək istərdiniz?
- Yazıçılar Birliyinə, eləcə də hər hansı təşkilata üzv olmaq istərkən bu təşkilatın Nizamnaməsi ilə tanış olurlar, ya da olmalıdırlar. Əgər bu Nizamnaməni qəbul edirsənsə, təşkilatın üzvü olursan, onu kobud şəkildə pozursansa, təbii ki, daha üzv qala bilməzsən. Adını çəkdiyiniz yazıçı haqqında birliyin katibliyinin 11 noyabr 2015-ci il tarixli qərarı belədir:
“Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza ironiyalı atmacalarını, öz yaşıdı yazıçılara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-nı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılısın”.
Xatırladım ki, bu maddə klassik və çağdaş yazıçıların şərəf və ləyaqətini alçaltmağın qəbuledilməz olduğu haqqındadır. Elə sual verənləri başa salmaq lazımdır ki, ən kəskin tənqidi fikir söyləmək bir şeydir (və belə fikirlərə görə heç kəsə heç bir təzyiq göstərilmir), yazıçını, özəlliklə də dünyasını dəyişmiş klassik şairlərimizi təhqir etmək tamam başqa şey.
Onu da qeyd edim ki, birliyin qərarına Kəramətin atası, tanınmış şair Qəşəm Nəcəfzadə mətbuat səhifələrində haqq qazandırdı. Çünki bizim üçün də ağır qərarı qəbul etməzdən qabaq həm Kəramətlə, həm də atasıyla danışmışdıq, cavan yazıçının bu səhv yoldan çəkilməsini israrla təkid etmişdik. Mən heç kəsə ümidsiz baxmıram, inanmaq istəyirəm ki, Kəramət də öz səhvlərini dərk edəcək və adını ədəbiyyatda üç gün-beş gün gündəmdə saxlayan ucuz skandallarla yox, sağlam, səmərəli yaradıcılıq işləri ilə təsdiq edəcək.
Nə yazıq ki, bəzi gənclər hələ də tənqidlə təhqirin prinsipal, təməl fərqini dəqiq dərk etmirlər. Daha aydın və konkret olsun deyə bir misal çəkim. Mənə dedilər ki, siz, Cavid, mənim son hekayələrim haqqında sərt mənfi fikir söyləmisiniz, ssenarim üzrə çəkilmiş filmləri kəskin tənqid etmisiniz və hətta “Sübhün səfiri” filmi haqqında sırf siyasi donos səpgili bir mətni efirə çıxarmısınız. Bundan sonra sizə birlik tərəfindən hər hansı bir irad tutan olubmu? Məncə, yox. Ola bilsin, mənim son hekayələrimi inşa adlandırmağınızla razılaşmayanlar da olub, amma bütün bunlar ədəbi mübahisələr çərçivəsində baş verir və əgər mən sizinlə müsahibəyə razılıq verirəmsə, suallarınızı ətraflı cavablandırıramsa, deməli, hər halda tənqidlə təhqirin fərqini dərk edirəm. Bu, əlbəttə, o demək deyil ki, sizin fikrinizlə razıyam və elə “Sübhün səfiri” filminin Azərbaycanda, Moskvada, Tbilisidə, Türkiyədə, Şimali Kiprdə uğurla nümayiş etdirilməsi, tamaşaçı rəğbətini qazanması, mətbuatda xeyli müsbət rəylə qarşılanması kifayətdir ki, mən belə tənqidləri yetərincə sakit qarşılayım.
- “Dədə Qorqud” filmi ilə bağlı işlər nə yerdədir? Ssenarinin bəyənilməmək, çəkilməmək ehtimalı varmı? Vaxt xeyli uzandı, ona görə deyirik.
- Əlbəttə, aydındır ki, ona görə deyirsiniz. Qayğınıza və narahatlığınıza görə təşəkkür edirəm. Nigaran olmayın, ssenarini bitirib təhvil vermişəm, bəyənilib və qəbul edilib. Çəkilməmək ehtimalı da yoxdur. Sağlıq olsun və Allah xeyirxahlarımıza səbr versin.
AYB.AZ