Azərbaycan Yazıçılar Birliyinin katibliyi Yazıçıların XII Qurutayının yekunlarını müzakirə etmişdir.
Qeyd edilmişdir ki, Qurultay böyük uğurla keçirildi.
Qurultayın çağdaş ədəbiyyatımızın bütün nəsillərini təmsil edən nümayəndələri Yazıçılar Birliyinin fəaliyyətini yüksək dəyərləndirdilər. Ağsaqqal şairlərimiz Söhrab Tahir və Nəriman Həsənzadədən, çağdaş ədəbyyatımızın qabaqcıl yaradıcıları Ramiz Rövşən, Kamal Abdulla, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Elmira Axundova, Rafael Hüseynov, Seyran Səxavət, Tofiq Məlikli, Əli Əmirli, Ənvər Əhməd, Aqil Abbas, Nizami Cəfərovdan gənc nəslin ən istedadlı nümyəndələrinə qədər bütün çıxış edənlər təşkilatımızın xalqımızın mənəvi həyatında necə böyük yeri olduğunu vurğuladılar. Hətta Birliyimiz haqqında uzaqdan-uzağa eşitdiyi şayiələri Qurultay kürsüsündən təkrarlamağı rəva bilən ağsaqqal şair Məmməd İsmayıl da daxil olmaqla bütün nümayəndələr yekdilliklə Birliyin rəhbərliyinə və İdarə heyətinə səs verdilər.
İştirakçıların alqışlarla qarşıladıqları, səhhətlərində müəyyən problemlər olan Xalq şairləri Vaqif Səmədoğlunun və Zəlimxan Yaqubun Qurultaya gəlib çıxış etmələri ədəbiyyata namuslu münasibətin, əsl ziyalı nəcabətinin örnəyi kimi dəyərəndirildi.
Qurultayımızda iyirmidən artıq ölkədən gəlmiş ən nüfuzlu yazıçılar çıxış etdilər. Qazaxıstanın Xalq şairi Oljas Süleymenov, Ukraynanın Xalq şairi İvan Draç, Qırğızıstanın xalq şairi Omar Sultanov, Tatarıstanın Xalq şairi Renat Xaris, Gürcüstanın Mədəniyyət naziri, yazıçı Quram Odişariya, Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç, böyük türk şairi Ataol Bəhramoğlu, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, TÜRKSAV başqanı Yəhya Akengin, Rusiyadan məşhur ədəbiyyatşünas, tənqidçi Yevgeni Sidorov, tanınmış şair Yevgeni Reyn, Azərbaycan ədəbiyyatının ardıcıl tərcüməçisi Mixail Sinelnikov, İrandan şairə Rüqiyyə Kabiri və başqaları Azərbaycanda Yazıçılar Birliyinin, onun ədəbi orqanlarının qorunub saxlanmasını, heç bir yerdə örnəyi olmayan belə geniş bir toplantı keçirilməsini böyük məmnuniyyət, bəzi hallarda xoş həsəd hissiylə qeyd edirdilər. TÜRKSOYun Baş katibi Düsen Kaseinov Birliyimizi məktubla təbrik etdi və on nəfər yazıçımızı bu təşkilatın Fəxri nişanlarıyla təltif etdi. Prezident aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadə, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev maraqlı təkliflərlə çıxış etdilər. Hörmətli Prezidentimizin Yazıçılar Birliyinə göndərdiyi təbrikdəki sözləri çox önəmlidir:
«Yazıçı və şairlərimiz ictimai fikrin formalaşmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyəgəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqllik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar»
Qurultayın və Yazıçılar təşkilatının 80 illik yubiley tədbirləri mətbuat səhifələrində, radio dalğalarında və televiziya ekranlarında geniş işıqlandırıldı. Bununla bərabər, həmişə Yazıçılar Birliyinə qarşı neqativ münasibət bəsləyən müəyyən mətbuat orqanları və bəzi saytlar Qurultayın işini və yekunlarını təhrf olunmuş şəkildə, müxtəlif uydurmalara yer verərək şərh etdilər. Qurultayımızın belə uğurlu keçməsi müəyyən adamları yandırıb yaxır.
Əsasən iki qəzetdə - konkret desək, «Azadlıq» qəzetində və qismən də «Yeni Müsavat»da iki (bəzən üç) adamın daima Yazıçılar Birliyi haqqında böhtan, söyüş, təhqir dolu köşə yazılarını - bütün mətbuata şamil etmək düz deyil. Ştatlı «anarşünasın» «AYB ilə bağlı nə baş verdiyi maraqlı deyil» ( «Azadlıq» 11 iyun 2014 ) deməsinə baxmayaraq, bundan əvvəl də, bundan sonra da işi-peşəsi təşkilatımıza böhtan atmaqdır. Qurultaydan sonra da qəzetin, demək olar ki, hər nömrəsində bu adamın kin və nifrət püsgürən yazıları - böhtanları dərc edilir. İstəkləri iflas olandan sonra yalan və iftiralarla qurdlarını öldürmək acizlərin və zəiflərin peşəsidir. Bu adam bir dəfə papağını qabağına qoyub düşünsün ki, aya, necə olur bu qədər istedadlı, nüfuzlu, tanınmış, ağıllı yazıçı mən deyənləri yox, tamam əksini deyir? Tək Azərbaycanda deyil, dünyanın hər hansı yerində bir nəfər Anar haqqında, Yazıçılar Birliyi haqqında bir xoş söz deyirsə, belələrinin gözünün düşməninə çevrilir. Oljas Süleymenov və İvan Draç ucuz və üç-beş aylıq populyarlıq xatirinə heç vaxt öz xalqlarının şərəfini, ləyaqətini özgələrin ayağına verməyib və verməzlər. Elə buna görə də bu vicdanlı yazarların Qurultayımızda iştirakı və səmimi çıxışları bəzi «ermənipərəstlərimizin» qəzəbinə səbəb oldu. Ataol Bəhramoğlunun çıxışı isə «anarşünası» lap cin atına mindirib. Doğrudan da Ataol səhvə yol verib, kürsüyə çıxmazdan öncə gərək bu «anarşünasla» məsləhətləşsəydi, onun illər boyu atdığı böhtanlarla tanış olub nitqini bu böhtanların əsasında yapaydı.
Türk mətbuatında Anar haqqında xoş sözlər söyləmiş A.Qədir, Oktay Akbal, Fakir Bayqurd, Atilla İlhandan Yakub Öməroğluna qədər, Əhməd Bican Ərcülasun, Əli Yavuz Akpınar, Fikrət Türkmən, Osman Sərtqayadan tutmuş Firudin Andaça qədər onlarla yazarın, alimin adı bu «anarşünasın» qara siyahısına düşsə və onların hamısını bir-bir «ifşa» etsə təəccüblənmərik. Yazır ki, «Ataol Bəhramoğlu yaxşı şaidir, AYB-nin 1600 üzvünü bir cibindən çıxarar» («Azadlıq» qəzeti 26 iyun 2014). Görəsən 1600 Azərbaycan yazıçısını tərbiysizcəsinə təhqir edən bu zatın özü Ataolun harasından çıxar?
Deyirlər ki, Yazıçılar Birliyinin bu sayaq küçə söyüşlərinə qarşı cavabları bəzən sərt olur. Görəsən elə həmin adamın Yazıçılar Birliyi haqqında «qoy cəhənnəm olsun» xuliqan ifadəsini necə qiymətləndirmək olar? Bu sayaq ifadələr işlədən adamın hansı mərifət və qanacaq sahibi olduğu yazılarından bəlli deyilmi? Hələ özünü «murdar» adlandırdığı vaxtlarda səmimi etirafına görə ayrı-ayrı yaşlı yazıçılar haqqında iftiralar, böhtanlar uydurmaqdan zövq alır, dediklərinin böhtan, iftira olduğunu bilə-bilə sevinir ki, kiminsə şəkəri artacaq, kiminsə təzyiqi qalxacaq. Bu da bir həyat tərzi və ömür məramıdır da…
BÜTÜN, təkrar edirik bütün yazıçılara hədyan püskürən kəmsavadla mehriban üslubda danışmaq olarmı? Kəmsavad sözündən inciməsin. Mirzə Fətəlinin neçə komediya yazdığını bilməyən adam yeri gəldi gəlmədi Kamyudan, Şopenhaurden dəm vurmaqla özünü savadlı qələmə verə bilməz. Görəsən dünyanın hansı yerində öz milli ədəbiyytına, milli-mənəvi dəyərlərinə bu sayaq nifrət bəsləyən, milli qürürdan büsbütün məhrum olan, heysiyyətsiz əhli-qələmlər var?
Bu patoloji nifrətin kökü nədədir? Yeganə məntiqi fikir odur ki, haçansa şairlik, yazıçılıq iddiasına düşüb baş tutmayan «şairlər», «yazıçılar» uğursuzluqlarının heyfini tanınmış ədəbiyyat adamlarından, o cümlədən istedadlı gənclərdən və ilk növbədə bir təşkilat kimi Yazıçılar Birliyindən çıxmaq istəyirlər. Şizofreniyanın belə forması da varmış, bir ya iki nəfəri maniyakcasına hədəf seçirlər və talelərinin bütün uğursuzluqlarının səbəbini onlarda görürlər. Həmin köşə yazarı nəsil-nəsil yazıçının müqəddəs məbədi olan, ən çətin zamanlarda dilimizin, mənəviyyatımızın keşiyində duran yazıçılar təşkilatı haqqında belə sözlər deməyi özünə rəva bilir:
«Divarları hələ də repressiya olunmuş onlarla dəyərli, ləyaqətli şairin, yazıçının, ədəbiyyatşünasın qanı qoxuyan» Yazıçılar Birliyi. Görəsən bu adam haçan imkan tapıb divarlarımızı iynəyib?
37-ci ildə isə məhz onun kimilər canfəşanlıq edirdilər. Öz istedadlı həmkarlarını gözləri götürməyən, onlara paxıllıqdan qovrulan, onları ləkələyib aradan çıxarmaq üçün hər növ böhtana, iftiraya əl atanlar. Fərq ancaq ondadır ki, o vaxt danosları gizli yazırdılar, indi qalmaqalla tirajlarını artıran qəzetlərin səhifələrinə çıxarırlar.
Siyasi mövqedən danışırlar. Nədir bunların siyasi mövqeləri? Yalnız yazıçılara deyil, Azərbaycanın ən parlaq şəxsiyyətlərinə alimlərinə, rəssamlarına, aktyorlarına, namuslu jurnalistlərinə çamur atmaq, beş-on qrafomanın cızma-qarasından başqa bütün Azərbaycan ədəbiyyatını inkar etmək, öz mövqeylərinə uyğun olmayan fikir söyləyənləri mənəvi terrora məruz qoymaq - budur bunların siyasi mövqeyi. Sonra da gileylənirlər ki, niyə bizim mövqeyimizi müdafiə etmirsiz? Bu yerdə Məşədi İbad yada düşür. «Aç qapını, gələk səni öldürək», yəni başqa sözlə «bizim siyasi mövqeyimizi dəstəkləyin, bizi hakimiyyətə gətirin ki, başınızı kəsək».
Yazııçılar Birliyini tənqidə dözümsüzlükdə suçlayırlar. Qarşı tərəfin hər hansı fərqli fikrə nə qədər dözümsüz olduğunu görmürlərmi? Guya ki, demokratiya yanlısı olan bəzi əhli-qələmlər hər hansı fərqli fikrə amansız dərəcədə dözümsüzdürlər. Bəzilərinin rəyincə demokratiya yalnız böhtan atmaq, iftira uydurmaqdır. Yazıçılar Birliyi haqqında, ümumiyyətlə «özlərindən» olmayan ziyalılar haqqında bir xoş söz deyən adama dərhal qənim kəsilənlər var. Dünən öyüb göylərə qaldırdıqlarını xoşlarına gəlməyən bir söz üstündə anındaca yerə çırpırlar. Bax belədir bunların tolerantlıq, demokratiya, dözümlülük anlayışı.
Görəsən yalan danışmaqdan usanıb yorlumurlar? Axı qəzetin başbilənləri onu da düşünməlidir ki, bu qədər yalan dərc edən mətbuat orqanının doğru sözünə də inanan tapılmayacaq.
«Azadlıq» qəzetində (2 iyul 2014) yenə də həmin peşəkar böhtançı iki abzasda ən azı dörd yalan uydurmaq məharətini nümayiş etdirib.
YALAN №1.Yazır: «İllərdən 1991-ci il. O vaxtlar Türkiyənin Bakıdakı konsulluğunun yerləşməsi üçün indiki «Səadət» sarayında AYB-yə məxsus otaq istənilir». YALANDIR. AYB-nin heç bir vaxt nə indiki nə köhnə «Səadət»sarayında heç bir otağı olmayıb.
YALAN №2. Yazır: «Karamanolğu bu otağı, həm də kirayə haqqı qarşılığında, həm də təmir xərcələrini belə götürmək qarşılığında konsulluq üçün ayrıması xahişi ilə dəfələrlə AYB sədri Anar Rzayeva ağız(mətndə belədir-Mətbuat xidməti). Amma Rzayev bu xahişləri hər dəfə geri çevirir». YALANDIR. Səadət sarayında otağımız olması haqqında yalanını təkzib etdik, Türkiyənin Bakıdakı o vaxtkı konsulu Karamanoğlu Azərbaycan Yazıçılar Biriyinin Xaqani küçəsindəki binasının Birinci mərtəbəsini xahiş etmişdi. Anarın deyil, İdarə Heyətinin yekdil qərarıyla bu xahiş yerinə yetirilmədi.
YALAN №3. Yazır: «Karamanoğlu sonda həmin vaxtkı ölkə başçısı Ayaz Mütəllibovla görüşür. Məsələni ona anladır (gorünür görüşdə bu yalançı da şəxsən iştirak edib - Mətbuat xidməti) Mütəllibov elə Karamanoğlunun yanındaca(?!) Rzayevə telefon açır. Məsələ anındaca - həll olunur». YALANDIR. Bu məsələylə bağlı heç bir vaxt Mütəllibov Anara zəng etməyib və Yazıçılar Birliyinin birinci mərtəbəsi onda olduğu kimi indi də təşkilatımıza məxsusdur.
YALAN №4 . Yazır: «Ən ağrılısı isə odur ki, eyni AYB sədri Elçibəy hakimiyyətə gəldikdən sonra «Mən artıq Azərbaycanda yaşaya bilmərəm» deyib hansı ölkəyə üz tutur bilirsinizmi? Aylar əvvəl konsulluğu üçün bir otaq ayırmağı yaxına buraxmadığı, amma prezident zəngi ilə(o vaxt Mütəllibov prezident deyildi - Mətbuat xidməti) «ləbbeyk» dediyi Türkiyəyə! YALANDIR. Anar heç bir vaxt «Mən artıq Azərbaycanda yaşaya bilmərəm» sözlərini deməyib və deyə də bilməzdi. Belə söz yalnız Azərbaycana nifrət bəsləyən böhtançıların dilinə gələ bilər. «Ləbbeyk» isə bu yazı müəllifinin onu qısqırdan sahiblərinə dediyi sözdür.
Anarın Türkiyəylə bağlılığı, bu ölkəyə sevgisinə görə hələ sovet dövründə «Qobustan» toplusunun Baş redaktoru olduğu vaxt hansı təzyiqlərə məruz qaldığı vicdanını itirməmiş adamlara yaxşı məlumdur. Anar uzun illər Azərbaycan -Türkiyə dostluq cəmiyyətinin, on il Milli Məclisdə «Türkiyəylə dostluq qrupu»nun sədri olub. Türk xalqının və cəmiyyətin Anara münasibəti isə bu ölkədə neçə-neçə yüksək ödüllərə, fəxri adlara layiq görülməsindən, on beşdən artıq kitabının təkrar-təkrar nəşr olunmasından, türk basınında layiqincə qiymətləndirilməsindən, pyesinin İstanbul Bələdiyyə Teatrında oynanmasından, povesti əsasında film çəkilməsindən, «Türk dünyasında ilin ədəbiyyat adamı», Türkdilli Xalqların Yazarlar Birliyi Başqanı seçilməsindən görmək olar.
Bilirik ki, yalanlarını ifşa edən bu faktların heç birinə cavab verə bilməyəcəklər. Əvəzində hıqqanıb yeni böhtanlar uyduracaqlar. Uydursunlar, ayrı əllərindən nə gəlir ki? Bir daha onlara cavab verməyə lüzum yoxdur. Mirzə Gəlil demişkən, «sözünü qanan kəslərə de. Avama ümid yoxdur».
AYB Mətbuat Xidməti