Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şerlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).

Kitabları

Qağayı 1963

Hamıya borcluyam 1965

Стихи 1966 (Moskva)

Dənizdə ay çiməndə 1967

Od gəlini 1969 (latış dilində) (Riqa)

Цветы зимой 1969 (Moskva)

Yatmadağım gecələrdə 1970

Günlərin bir günü 1972

Gül ömrü 1975

İnsan xasiyyəti 1980

Ночная вахта 1982 (Moskva)

Небо смотрит в море 1982 (Moskva)

Ömürdən səhifələr 1984

Mavi dünyanın adamları 1988

Taleyin ağır taleyi 1990

Seçilmiş əsərləri 1988

Eldən elə – dildən dilə 1988 (mahnı bəstələnən şeirləri)

Sükutun səsi 1991 (Tehran)

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə