İyunun 28-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli şair, publisist, ictimai xadim Barat Vüsalın yeni kitabının təqdimat mərasimi keçirilib. İki cildlik “Seçilmiş əsərləri” seriyasına şairin şeirləri, poemaları və esseləri toplanıb.

 

Qeyd edək ki, Barat Vüsal 1951-ci ildə Qazax rayonunda doğulub. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”,  “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.

Tədbiri Birliyin katibi Rəşad Məcid açaraq şairin ictimai və ədəbi fəaliyyətindən danışıb: “Barat Vüsal Qazaxda yaşamasına baxmayaraq müasir ədəbi prosesə biganə deyil, ədəbiyyatımızı diqqətlə izləyir və ədəbi hadisələrə mövqeyini inamla ortaya qoyur. O, “525-ci qəzet”də ədəbi mühitdəki olaylara dəfələrlə reaksiyasını bildirərək çıxış edib. Barat Vüsal bununla yanaşı başqa-başqa bölgələrimizdə yaşayan şairlərimizin yaradıcılığına da həssaslıqla yanaşır. Həmçinin gənc şairlərimizin, yazarlarımızın yetişməsində xüsusi rolu var. Yazıçılar Birliyinin Qazax bölməsinə rəhbərlik etmək, fəal ictimai mövqeyini qoruyub saxlamaq əlbəttə əzmkarlıq tələb edir. Bu fəallıq onun yaradıcılığını da izləyir”.

Tədbirin aparıcısı professor Nizami Cəfərov B.Vüsalı ədəbiyyatımızın klassiklərindən adlandırıb: “Barat çox zəngin, yaradıcı bir ziyalıdır. O, bizim poeziyamızın klassiklərindən biridir. Barat haqqında deyilən hər bir söz böyük ədəbiyyat barədə deyilir”.

Xalq şairi Nəriman Həsənzadə B.Vüsalın istedadlı və səmimi bir şair olduğunu qeyd edib: “Baratın mətbuatda yazılarını oxuyarkən bəzən sözün psixologiyasını açdığına, bəzən klassik şairlərimizin poetikasından tutarlı fikirlər irəli sürdüyünə rast gəlirik. Yəni, o, yalnız şair deyil, həm də dəyərli publisistdir. Barat ürəkli, istedadlı, səmimi və böyük bir şairdir”.

İctimai xadim Tağı Əhmədov şairin yaradıcılığını yüksək qiymətləndirib: “Qazax həmişə şairlər məskəni olub. Barat da Qazax yurdunun yetirməsidir.  Onun şeirlərinin hamısı göz oxşayır, çünki o, xalqdan, onların ruhundan, qəlbindən keçənləri yazır. Baratın şeirlərində bəzən elə bir təlatüm olur ki, az qalır fırtına qoparsın. Bu, onun istedadının, səmimiyyətinin nümunəsidir”.

Birliyin katibi İlqar Fəhmi şairlə bağlı düşüncələrini bölüşüb: “Barat Vüsal yaradıcılığında ən çox bəyəndiyim detal budur ki, onun poeziyası, şeirləri bizim özümüzə, ruhumuza məxsusdur. Onun şeirləri öz tarixmizdən, etnoqrafiyamızdan, milli düşüncəmizdən gələn səmimi duyğulardır”.

Tənqidçi Rüstəm Kamal bu günün Barat Vüsal poeziyasının və ədəbiyyatımızın bayramı olduğunu deyib: “Bəzi şairlər var ki, onların şeirlərində yalnız cinsiyyəti görünür, bəzi şairlər də var ki, şəxsiyyəti, kimliyi, mənsubiyyəti ortaya çıxır. Barat ikincilərdəndir. Barat vətəndaş şairdir. O, bu milləti tanıdan, bütövləşdirən dəyərlərin poetik salnaməsini yazan, yaradan söz adamıdır”.

Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, millət vəkili Kamran Nəbizadə, akademik Teymur Bünyadov, professor Valeh Nəsibli, tədqiqatçı alim Salatın Əhmədli, şairlər Oqtay Rza, Əlirza Xələfli, Yusif Nəğməkar, Nizaməddin Ziyadoğlu, Dərviş Osman, mərhum şairimiz Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və başqaları da çıxış edərək şairin poeziyası və şəxsiyyəti barədə xoş düşüncələrini paylaşıblar, şeirlər səsləndiriblər. Sonda Vüsal Barat çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

 

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə