Son xəbərlər

 

”Azərbaycan” jurnalının 2018-ci il üçün ilk sayı jurnalın 95 illik yubileyinə həsr olunub.

 

1923-cü il yanvarın 28-də “Maarif və mədəniyyət” adı ilə nəşrə başlayan jurnalı  “Azərbaycan”- 95” adlı xüsusi rubrikada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Ədəbiyyatımızın güzgüsü”, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük yaradıcılıq məktəbi”, Xalq şairi Nəriman Həsənzadə “Yazıçılarımızın ədəbi taleyində “Azərbaycan”, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Milli ədəbi təfəkkürün “Azərbaycan” miqyası” yazıları ilə təbrik edirlər.

Anar jurnalın Azərbaycan ədəbiyyatındakı yeri və rolundan söz açarkən yazır: “Azərbaycan” jurnalının 95 il ərzində çıxan saylarını izləsək, Azərbaycan ədəbiyyatının 70 illik sovet dövrü və müstəqillik əldə etdikdən sonra yaranan ədəbiyyatımız bütün çalarları ilə gözlərimiz önündə canlanır: dünyanın fərqli dərki, fərqli ədəbi-bədii ifadə imkanları, fərqli üslublar, fərqli baxış - hər şey göz qabağındadır.

Ümummilli Liderimizin “ədəbiyyatımızın güzgüsü” adlandırdığı “Azərbaycan” jurnalı, həmişə olduğu kimi bu gün də üzünü nə yaxşı ki, xəstə təxəyyülün törəməsi cəfəng yazılara sarı yox, sağlam təfəkkürün, yüksək ədəbi-bədii düşüncənin məhsulu olan ədəbi nümunələrə tərəf tutur, məhz bu cür əsərləri, belə ədəbiyyatı əks etdirməyə çalışır”.

İ.Həbibbəyli yazır ki, “Azərbaycan” jurnalı-böyük ədəbiyyat uğrunda mübarizənin ağır artileriyası və uzaq vuran topudur. Ölkəmizdə əsl milli və dünyəvi ədəbiyyatın yaranması və inkişaf etdirilməsinə yazıçı və şairlər qədər də “Azərbaycan” jurnalı cavabdehlik daşıyır. “Azərbaycan” jurnalı bu gün əsl yaradıcılıq məktəbi kimi ölkəmizdə böyük nüfuza malikdir”.

N.Həsənzadə özünün “Azərbayca” jurnalında ilk çap olunduğu dövrü, sonradan isə jurnalın poeziya şöbəsinə rəhbərlik etdiyi zamanları xatırlayır: “Azərbaycan jurnalının mənim tərcümeyi-halımda xüsusi yeri olub: ilk dəfə onun səhifələrində şeirlərim çıxanda özümü şair hesab etmişəm, ilk dəfə də burada yazıçılığa başlamışam. Nəsr əsərim çıxıb. “Azərbaycan” jurnalı - Azərbaycan Yazıçılar Birliyinin baş ədəbi orqanı, Azərbaycan yazıçılarının ədəbi taleyidir”.

N.Cəfərov jurnal haqqındakı düşüncələrini belə yekunlaşdırır: “Özünün 90 yaşını arxada qoyub 100-ə yaxınlaşan “Azərbaycan” jurnalı Azərbaycan ədəbiyyatının nə qədər tarixidirsə, heç şübhəsiz, o qədər də gələcəyidir... Bütün miqyası, ideya-estetik fundamentallığı və milli ictimai təfəkkürə əhəmiyyətli təsiri ilə...”

Azərbaycanın Qırğızıstandakı səfiri, yazıçı-dramaturq Hidayətin “Yüzə nə qaldı ki?”, Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevin “Azərbaycan qədər yaşayacaq “Azərbaycan”, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlunun “Azərbaycan köhnə dost”, yazıçı Qan Turalının “Nəsillərin jurnalı”, jurnalın baş redaktoru İntiqam Qasımzadənin “...peşman deyiləm” məqalələri də jurnalın xüsusi yubiley rubrikasında yer alıb.

Özünün jurnalla bağlı xatirələrindən söz açan Hidayət qeyd edir ki, “...amansız, vahid sovet senzurası (“Qlavlit”i) dönəmində “xalq düşməni”, “antisosialist”, “siyasi korluq”...vaxtlarında (oxu: ovunda!) jurnalın naşirləri həmişə müəlliflərin “yanında”, onun mövqeyində dayanırdılar”.

V.Quliyev təbrik məqaləsində yazır: “Milli ədəbiyyat və mədəniyyətin, ana dilimizin daha geniş yayılmasına və zənginləşməsinə aparan yollardan biri və deyərdim ki, ən böyüyü “Azərbaycan”dan keçir”.

Jurnalın dünəndən, bu günündən bəhs edən P.Əlioğluya görə: “Bugünki “Azərbaycan” jurnalının danılmaz təqdirəlayiq cəhəti var: Mövqeyindən asılı olmayaraq, hər kəsin əsərlərini bu dərgidə çap etdirmək imkanı vardır. Yetər ki, əsər keyfiyyətli olsun”.

“Azərbaycan ədəbiyyatı tarixinin “Azərbaycan” jurnalına ehtiyacı var”- deyən Qan Turalı jurnalın bütövlükdə tədqiqata cəlb edilməsinin zəruriliyini vurğulayır: “Azərbaycan” jurnalının tarixi eləcə də Azərbaycan ədəbiyyatının tarixidir... Ədəbiyyat tariximizin “Azərbaycan” jurnalının nəşrləri prizmasından öyrənilməsinə böyük ehtiyac var”.

Jurnalda ilk dəfə 1976-cı ilin yanvarında ədəbi işçi kimi işə başlayan İ.Qasımzadə aradan keçən 42 ilini jurnala həsr etməyinə peşman olmadığını deyir: “Mən və mənim yoldaşlarım gördüyümüz işin məsuliyyətini hər zaman hiss edirik. Bilirik ki, mötəbər bir jurnalın varisləriyik, son dərəcə diqqətli və ədalətli olmalıyıq. Xüsusən istedadlara qarşı. Şəxsi münasibətlərdən yüksəkdə durmalıyıq. Kimliyindən asılı olmayaraq, hər bir müəllifin uğurlu yazısına öz uğurumuz kimi sevinməyi bacarmalıyıq. Bunu bacarmayanlar ədəbi-bədii jurnallardan, qəzetlərdən kənar durmalıdırlar”.

Jurnalın “Poeziya” bölməsində Əlizadə Nuri, Gülnarə Cəmaləddin, Narıngül və Xatirə Nurgülün poeziya nümunələri, “Şairin arxivindən” rubrikasında Anar Həbiboğlunun şeirləri çap olunub.

“Nəsr” bölməsində Məmməd Oruc “Zəng” və “Çəkiliş” adlı iki hekayəsi, Mübariz Cəfərli “Səmadakı quyu” povesti, Azər Abdulla “Fizika pilləsi”, Yaşar Bünyad “Portret” hekayələri ilə çıxış edirlər.

“Yeni tərcümələr” rubrikasında müasir Avstriya yazıçısı Radek Knappın “Cənab Trombka və İblis”, “Yulius evə gedir” hekayələri yer alıb. Hekayələri alman dilindən Vilayət Hacıyev çevirib.

“Esse” bölməsində Günel Natiq “Sevgi və xəyanət”, “Publisistika”da Südabə Ağabalayeva “Yanvar düşüncələri” yazıları ilə çıxış edir.

Qorxmaz Quliyevin “Kontekst və kod” məqaləsinin birinci hissəsi, Təyyar Salamoğlunun “Türk qanlı” sənətkarın “Avropa qiyafəli, müsəlman etiqadlı” əsərləri”, Möhsün Nağısoylunun “Bir nöqtənin hökmü”, Aynurə Paşayevanın “Azərbaycan” jurnalının tarixindən” məqalələri jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölməsindədir.

Ən yeni nəşrlər haqqında məlumat jurnalın “Kitab rəfi” rubrikasında verilib.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə