Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş “Vətən mücahidləri” layihəsi əsasında tərtib edilmiş kitabların birinci və ikinci cildlərinin təqdimat mərasimi keçirildi.

 

Kitabların tərtibçiləri Gülnarə Sadiq, Manya Səxavətqızı və Aysel Nəsirzadə çıxış edərək kitabdakı şəhidlər haqqında məlumat verib, onların ruhuna dualar oxudular.

AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül çıxış edərək Aprel döyüşlərində ordumuzun gücünün, qüdrətinin yenilməməzliyinin bariz nümunəsini gördüyümüzdən bəhs etdi. O, əmin olduğunu bildirdi ki, Vətənimizin igid, qəhrəman oğullarının şücaəti ilə torpaqlarımız gec-tez geri qaytarılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Yazıçı Qərib Mehdi şəhidlərimizin şərəfli ölümündən danışdı ki, biz yazıçılar şəhidlər haqqında nə qədər yazsaq da yenə azdır. Şəhid ailələrinə diqqət və ehtiram hər birimizin vətəndaşlıq borcudur.

Şair və yazıçılardan Sahib İbrahimli, İnqilab İsaq, Zaur Quliyev, Fazil Sənan, Aləmzər Əlizadə, Eltun Türkel, Zülfiyyə Yaqubqızı, Vüsal Beydullayev, Əmrah Tənha və Gəncə Dövlət Dram Teatrının artisti Vasif Vəsfinur öz çıxışlarında şəhidlərin ruhunun daim yad edilməsindən danışdılar və onlara həsr etdikləri şeirlərini oxudular.

Mərasimdə şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, şəhid Vaqif Bayramovun qardaşı Ədalət Bayramov, şəhib Sərxan Bağırovun anası Aytəkin Bağırova, şəhid atası elçin Əsədli, şəhid polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov öz çıxışlarında bildirdilər ki, bizdən ötrü əzizlərimizin itgisi nə qədər ağır olsa da, onunla təsəlli tapırıq ki, balalarımız Vətən uğrunda şəhid olub. Torpaqlarımızın geri qaytarılması bizim üçün ən böyük təsəlli olacaqdır.

 

AYB Gəncə bölməsi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə