![]() |
![]() ![]() |
08.04.2016-cı il tarixdə AYB-nin Beyləqan bölməsinin və Beyləqan Gənclərinin Maariflənməsi İctimai Birliyinin təşəbbüsü ilə Beyləqan rayon Peşə məktəbinin əməkdaşları, Beyləqan rayon MKS-nin əməkdaşları və Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə cəbhə bölgəsinə yaxın ərazidə yerləşən Hərbi Hospitalda son günlərdə məlum erməni terrorçularının təxribatı ilə Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağımızda qoşunların təmas xəttində dinc əhaliyə qarşı hücum edən mənfur düşmənlərimizlə döyüşdə yaralanmış hərbiçilərimizlə görüş keçirildi. Görüşdə Hərbi Hospitalın rəisi yaralı əsgərlərimizin yüksək səviyyədə müalicə olunduğunu xüsusi qayğı ilə təmin olunduqlarını söyləyərək görüşə gəlmiş bütün iştirakçılara minnətdarlığını bildirdi. Sonra Beyləqan rayon Peşə məktəbinin direktoru Nazim Məmmədov çıxış edərək tezliklə yaralı hərbiçilərimizin sağalıb hərbi hissələrdə yüksək əhval ruhiyyələ Vətən uğrunda, qələbə uğrunda xidmət etmələrini arzuladı.
Sonra Beyləqan rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova, Beyləqan rayon MKS-nin direktoru Gültəkin Məmmədova, AYB-nin Beyləqan bölməsinin əməkdaşı Rövşən Budaq, Beyləqan Gənclərinin Maariflənməsi İctimai Birliyinin icraçı direktoru Arzu Rəhimov yaralı əsgərlərimizin tezliklə sağalıb qələbə müjdəsilə evlərinə, ailələrinə dönmələrini arzuladılar.
Söhbət zamanı Hospitalın rəisi yaralı hərbiçilərin bir hissəsinin sağalaraq ön cəbhəyə qayıtdığını bir hissəsinin də mərkəzi Hospitallara yollandığını söylədi.
Qoşunların təmas xəttində gedən döyüş zamanı qələbənin ilk mərhələsinin sevincini yaşayan həm də bütün Azərbaycan xalqına bu sevinci yaşadan vətənpərvər hərbiçilərimizdə böyük ruh yüksəkliyi var idi. Onlar tezliklə sağalıb ön cəbhəyə dönəcəklərini söylədilər.
Sonda bütün ziyarətçilər gətirdikləri sovqatları hərbiçilərimizə təqdim etdilər.
AYB-nin Beyləqan bölməsi