Son xəbərlər

 




Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsi  növbəti tədbirini keçirdi. Bu dəfə söz əhli Gəncə Dövlət Universitetində yazıçı-publisist Qərib Mehdinin “Uzun ol boyu” və “Elçin-el üçün” kitablarının təqdimatına yığışdılar. Noyabrın 29-da düzənlənən tədbirdə universitetin rektoru, professor Yusif Yusibov ali təhsil müəssiəsinin mətbu orqanı olan “Yüksəliş” qəzetinin redaktoru Qərib Mehdiyə yeni kitablarının nəşri və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ellərinə ədəbi-mədəni xidmətinə görə “Fəxri doktor” elmi titulunun, o cümlədən, “Altun medal” ödülünün təqdim olunması münasibətilə təbrikini çatdırdı.

            Eyni zamanda, tədbirdə “Yüksəliş” qəzetinin əməkdaşı, AYB və AJB üzvü, yazıçı-publisist Ümbülbanuya Azərbaycan KİV Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatının diplomu təqdim edildi.

            Tədbiri giriş sözüylə açan AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Qərib Mehdi yaradıcılığının göy qurşağı kimi rəngarəngliyindən danışdı:

            Xəzangül Hüseynova (şairə):- Qərib müəllim bu gün Azərbaycan ədəbiyyatında öz sözünü demiş bir çox yazıçıların, şairlərin ustadıdır. Üz tutduğu ocaqdır, misralarında əsən rüzgardır. Odur ki, bu gün Qərib müəllimin bütün ödüllərini Azərbaycan ədəbiyyatının uğuru saymaq olar, kitablarını isə milli-mənəvi xəzinəmiz...

            Həm kitab təqdimatı, həm də ödülləndirmənin yer aldığı tədbirə hər kəs ürəyi dolu gəlmişdi. AYB Gəncə bölməsinin katibi, Prezident təqaüdçüsü Aləmzər Əlizadə də Gəncə ədəbi mühitinin “Dədəsi”nə öz xoş sözlərini çatdırdı.

            Aləmzər Əlizadə (şairə):- Qərib Mehdi Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biridir. Onun birinvi “İşıq” kitabından tutmuş, ta 40-cı “Uzun yol boyu” kitabına qədər hamısını böyük maraqla oxumuşam.

            Gəncə ədəbi mühitinin böyüklü-kiçikli qələm adamları Qərib Mehdinin könül dünyasında zəvvarlığa çıxdılar. Kimi bir bənd şeir ilə, kimi də bir ürək arzusuyla... Bahadur Fərman, Sahib İbrahimli, Gülafət, Suğra İbrahimqızı, Zaur Quliyev, İmamverdi Məmmədov, Ramiz Təmkin öz çıxışlarını müəllifin “Uzun yol boyu” kitabının müzakirəsi üstündə qurdular.

            Professor Xəlil Yusifli qeyd etdi ki, hansı məqamda olur-olsun, Qərib Mehdi öz ucalığıyla çox ədəbi ömrə işıqdır.

            AYB Qazax bölməsinin sədri şair Barat Vüsalın gəlişi isə “Dədə Qərib” üçün əsl sevinc oldu. Barat Vüsal Qərib Mehdinin könül dünyasından, köksündə döyünən əsl türk ürəyinin məğrurluğundan söz açdı.

            Publisist, “Reytinqli jurnalist” diplomçusu, “Ruzigar” qəzetinin  təsisçisi Füzuli Ruzigar öz təbrikiylə bərabər təklifini də çatdırdı:- “Ruzigar” qəzeti AYB Gəncə bölməsinin gənc yazarlarına səhifə ayırmağa hazırdır.

            Bu təklifi dəstəkləyənlər isə tədbirə ürkək addımlarla gəlib özünəinamla qələmə sarılan gənclər-Zaman Nurani, Elvin Mustafayev, Samir Mustafayev, Aytac Məmmədova, Samirə Səma, Nicat Tağıyev oldu.

            Və bundan sonra hər kəs öz ruhu ilə Qərib Mehdi yaradıcılığına, şəxsiyyətinə səyahət etdi. Fazil Sənan, Oqtay Abdulla, Xasay Qərvəndli, Hüseyn Əsgəroğlu, Mikayıl Yanar, Nadir Ovçu da öz səmimi təbriklərini iki kitabının sevincini yaşayan müəllifə çatdırdılar.

            İnqilab İsaq (şair):- Qərib Mehdi elə bir yazıçıdır ki, onun birinci və qırxıncı kitabının arasındakı rabitə hər bir oxucunu heyran qoyur.

Nüşabə Məmmədli (yazıçı):- Qərib müəllimin bütün əsərlərində bir “Ana” obrazı var. Elə bil məhz bu “Ana”nın xeyir-duasıdır onun qələminin ucalığı...

Aydın Murovdağlı (şair):- “Qərib, hey...” hekayəsindəki çağırış Nayman ana obrazının bir növ yenidən təzahürüdür.

            Firəngiz İdrisqızı (ədəbi tənqidçi):- Qərib müəllimin  kitabının redaktoru olmaq daha məsuliyyətlidir. Həmçinin, onunla yan-yana, çiyin-çiyinə işləmək də... Ümbülbanu xanımla mən həmişə Qərib müəllimin cığırından bir addım belə kənara qoymamağa çalışırıq...

            Sakit Təbib (şair):- Qərib Mehdiyə indən sonra ta yüz yaşınacan yazıb-yaratmağı arzu edirəm...

            İradə Aytel (şair):- Qərib Mehdi mənim üçün məktəb olub... Onun yaradıcılığına heyranam.

            Səadət Ələkbərova (şair):- “Mən elə kövrəyəm, elə naziyəm, Göz yaşım gözümün tətiyindədir”. Bu göz yaşları tətikdə olmasa elə gözəl əsərlər olmaz...

            Elmar Vüqarlı (şair):- Qərib Mehdi elə bir yazıçıdır ki, onun haqqında danışmaq həmişə az gəlir...

            Elməddin Nicat(şair):- Yaxşı ki, Qərib müəllimin qələmini tanımaq nəsibimiz olub.

            Şəfa Vəli(şair):- Qərib Mehdi “İlham” ədəbi birliyini yaratmaqla Azərbaycan ədəbiyyatında daha bir ağac əkdi. Bu ağacın Güldərən Vəliyeva budağındakı yarpaq da mənəm...

Tədbir Qərib Mehdinin ailə üzvlərinin çıxışlarıyla davam etdi. Onlar da ayrı-ayrılıqda GDU-nun rektoru, professor Yusif Yusibova və AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynovaya təşəkkürlərini bildirdilər.

            Tədbirin sonunda mükafata layiq görülən Ümbülbanu xanım və Qərib Mehdi minnətdarlıqlarını çatdırdılar.

            Ümbülbanu (yazıçı):- Biz ədəbiyyatın yolçularıyıq... Yolumuz hələ uzundu...

            Qərib Mehdi (yazıçı):- İnanıram ki, nə vaxtsa kitablarım məni çağıracaq: “Qərib, hey...”

            Tədbir xatirə şəkillərinin çəkilməsiylə başa çatdı.

 

Fotolar Mehrəli Əliyevindir.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə