Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin 2015-ci ildə ilk toplantısı oldu.

 

İclasda AYB Moskva bölməsinin sədri professor Tofiq Məlikli və bölmənin üzvləri: İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Sultan Mərzili, Afaq ŞIXLI və s...  iştirak edirdilər.

Bölmənin sədri Tofiq Məlikli şairləri salamlayaraq, iclasın başlıca məqsədinin ötən ilin yekunlarını və yeni 2015-ci ildə qarşıda duran məsələləri müzakirə etmək olduğunu bildirdi.

Toplantı iştirakçıları ilk öncə yanvar ayının 27-də 70 yaşı tamam olan şair, tərcüməçi, Rusiya və Azərbaycan Yazarlar birliklərinin üzvü İlham Bədəlbəylini təbrik edərək ona uzun ömür, can sağlığı və yaradıcılıq uğurları dilədilər. Dostlarının səmimiyyətindən mütəəssir olan şair, hər kəsə dərin təşəkkürlərini bildirdi.

Professor Tofiq Məlikli görkəmli yazıçı Anarın Bakıda yeni nəşr olunmuş “Göz muncuğu” adlı povestini təqdim edərək, bu povestin müasir dövrümüzün problemlərini, mərdlik-namərdlik, ədalət- haqsızlıq kimi təzadlar arasında çırpınan insan taleləriniəks etdirdiyini, əsərin oxucunu bir anlıq dayanıb həyatda necə yaşadığını düşünməyə vadar etdiyini söylədi.

Daha sonra, bu il doğum gününün 90 illiyini qeyd edəcək və yaşadığı illərin sayı qədər kitab müəllifi olan, Moskvada yaşayan hörmətli yazıçı Əbdül Hüseynovun yubiley tədbirinə hazırlıq barədə söhbət açıldı. Əbdül müəllimin Bakıda Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda yubiley tədbirinin keçirilməsi, ona prezident təqaüdü verilməsi haqda məsələ qaldırılması - bu ilin ilk işlərindən biri kimi gündəmə qoyuldu.

Toplantı iştirakçılarının istəyilə, 2013-cü ildən əsası qoyulmuş “Poeziyanın dili dostluğun dilidir!” adlı rus və azərbaycanlı şairlərin birgə şeir gecəsinin, artıq ənənəvi olaraq, hər il dekabr ayının 17-də keçirilməsi planlaşdırıldı. Qeyd edək ki, 2014-cü il dekabrın 17-də keçirilən bu möhtəşəm gecəyə Bakıdan hörmətli şair Çingiz Əlioğlu da dəvət olunmuşdu.

Sonra, professor Tofiq Məlikli Moskvada yaşayan şair, publisist, tərcüməçi Afaq Şıxlının AYB Moskva bölməsinə Məsul katib seçilməsi təklifini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Toplantı yeni işıq üzü görmüş əsərlərin müzakirəsi ilə başa çatdı.

 

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə