Son xəbərlər

 

Dekabrın 3-də Ağstafa şəhərindəki Yazıçılar Evində görkəmli şair və publisist, Əməkdar incəsənət xadimi Həmid Abbasın 80 illik yubiley tədbiri oldu.

Ağstafa RİH başçısının müavini Lalə Eyyubovanın giriş sözüylə açdığı tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal şairin həyat və yaradıcılığı barədə ətraflı danışdı.

Professor Hüseyn Xəlilov, "Ağstafa "qəzetinin redaktoru İbrahim Əliyev, məsul katibi Firdovsi Heydərli, müharibə veteranı Yaqub Əliyev, şair Saqif Qaratorpaq Həmid Abbasın yalnız şair və ictimai xadim kimi deyil, həm də gözəl insan, əsl vətəndaş olduğunu vurğuladılar.

Gənc yazar Şahinə Könül şairin şeirlərini səsləndirdi. Tədbirdə  şair Həmid Abbasın sözlərinə bəstələnmiş mahnılar və saz havaları səsləndi.

Dekabrın 9-da Qazaxda Ədəbiyyat Muzeyində Xalq şairi Osman Sarıvəllinin 110 illiyi ilə əlaqadar yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan AYB Qazax bölməsinin sədri Barat Vüsal Xalq şairinin ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu bildirdi. AYB Qazax bölməsinin ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlunun aparıcılığı ilə davam edən tədbirdə məktəblilər Ülkər Hacızadə, Anar Mustafayev O.Sarıvəllinin şeirlərini səsləndirdilər. Qazax RİH başçısının müavini Gülaya Həsənova, professor Hüseyn Xəlilov, Kosalar kənd  orta məktəbinin direktoru Taleh Məmmədov, Abbas Cümənov, şairin  həmkəndliləri və yaxın qohumları, təqaüddə olan müəllimlər Sayad Nəsibov, Qəhrəman Binnətov, Sarıvəlli kənd orta məktəbinin direktor müavini Fəridə Əhmədova və başqaları Osman Sarıvəlli haqqında xatirələrini danışdılar.

Şairlərdən Ş.Könül, Misir Qələmçəlli, APU-nin Qazax filialının tələbələrindən Mahmud Məmmədov, Sevinc Tağıyeva, Sarıvəlli kənd orta məktəbinin şagirdlərindən Sevinc Eyyubova,  Zibeydə Sarıyeva, Qənirə Musayeva şairin  şeirlərini söylədilər.

Aşıqlardan Camoy Çaylı, Bəyimxan Şıxlı, Məhəmməd Qocayev, Hüsən Kəmərli, Samir Allahverdiyev və başqaları şairin şeirlərini saz havaları ilə ifa etdilər.

Dekabrın 23-də Qazaxdakı  Ədəbiyyat Muzeyində Xalq yazıçısı Yusif Səmədoğlunun 80 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Tədbirin aparıcısı gənc şair Taleh Mansur, AYB Qazax bölməsinin rəhbəri Barat Vüsal Xalq yazıçısının həyat və yaradıcılığı haqqında söhbət açdılar. 

APU-nin Qazax filialının tələbələri Kübra Əhmədli və Şəfəq Məmmədova yazıçının yaradıcılığından nümunələr səsləndirdilər. M.Rasimoğlu Xalq yazıçısı Y.Səmədoğlu və  ailəsi ilə bağlı xatirələrindən söz açaraq, hələ yazıçının sağlığında ona həsr etdiyi şeirini oxudu. Qazax Dövlət Dram Teatrının direktoru Saqif  İsgəndərov öz çıxışında "Qətl günü" filmindəki rolundan söhbət açdı. Sonra aktyorların ifasında, teatrın rejissoru Musa Eyyibovun  ədibin "220 №-li otaq" hekayəsi əsasında hazırladığı səhnəcik təqdim olundu. Orta Salahlı kənd kitabxanasının müdiri Svetlana Muradova kitabxanada Xalq yazıçısının adına ayrıca bir guşə yaradıldığını qeyd etdi. Qazax RİH-nin məsul işçisi Sərdar Orucov tədbir iştirakçılarına rayon rəhbərliyinin salamını və yubileylə bağlı fikirlərini çatdırdı.

Gənc aşıq Samir Cəlaloğlunun ifasında Yusif Səmədoğlunun çox sevdiyi saz havaları səsləndi.

Yubiley iştirakçıları üçün Xalq yazıçısının həyat və yaradıcılığından, Ulu Öndər Heydər Əliyevlə görüşlərindən bəhs edən "Pıçıltı" adlı qısametrajlı film nümayiş olundu.

Mustafa RASİMOĞLU
AYB Qazax bölməsinin ədəbi-məsləhətçisi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə