Son xəbərlər

 

Alice Munro
( qızlıq familiyası Laidlaw)  ingiliscə yazan Kanada yazıçısıdır. O, 1931-ci il iyulun 10 -da Kanadada, Ontario şəhərində  doğulub.  Atası Robert Eric Laidlaw tülkü və samur ferması olan fermer olub. Anası Anne Clarke Laidlaw məktəbdə müəllim işləyib. Munro hələ yeniyetmə ikən yazmağa başlayıb, ilk hekayəsi  “ Kölgənin ölçüləri”   1950-ci ildə, o hələ  qərbi Ontario Universitetinin İngilis dili və jurnalistika fakültəsində oxuyarkən çap edilib. İki il oxuyandan sonra   universiteti tərk edir, tələbə yoldaşı olan James Munro ilə ailə qurur.   Univermaqda işləyən ərinin  işi ilə əlaqədar Dundareve şəhərinə köçürlər.  1963- cü ildə isə Victoriaya  köçüb orada  Munro Kitabları- adlı mağaza açırlar.  Hazırda həmin mağaza yenə də fəaliyyətdədir. Həmin illərdə o müxtəlif jurnallarda hekayələrini çap etdirir.

 Onun ilk hekayələr kitabı “ Xoşbəxt kölgələrin rəqsi” 1968 -ci ildə çap edilib. Üç il sonra isə “Qızların və qadınların həyatı “ adlı ikinci kitabını çap etdirir. Sonralar bir-birinin ardınca müxtəlif kitabları işıq üzü görür.

 Alicenin birinci qızı  Sheila 1953-cü ildə, ikinci qızı Catherine 1955-ci ildə, Jenny isə 1957-ci ildə doğulub. İkinci qızı Catherine doğulandan 15 saat sonra ölüb.

1966 -cı ildə onların Andrea adlı qızları dünyaya gəlir.

1972-ci ildə  onlar  ayrılır.  Munro Ontarioya qayıdır, Universitetdə işləyir.  1976-cı ildə o  Universitetdə tanış olduğu Gerald Fremlin  ilə – coğrafiyaşünas və kartoqraf- ailə həyatı qurur. Sonra cütlük Clintona köçür, bu ilin aprelin 17 -də Fremlin 88 yaşında dünyasını dəyişir.  

“ Sərbəst radikallar”   ilk dəfə 2008-ci ildə çap olunub. Bu hekayəni oxuyan oxucunun az da olsa kimyadan,  sərbəst radikallar haqda anlayışı olmalıdır.

Hekayə Nita adlı 62 yaşlı qadının əri Rich öləndən sonrakı düşdüyü vəziyyətdən bəhs edir. Bu hekayədə də reallıqla gerçəkliyi ayırmaq oxucunun öhdəsinə düşür.

Nita ərini elə öldüyü gündə də dəfn edir. Bu da adət-ənənəyə ziddir. Ərinin birinci arvadına ya da ərinin ögey qardaşına Richin ölümü barədə xəbər vermir.

Bəlkə Nita ərini özü zəhərləyib?

Nita ərinin ikinci arvadıdır. Birinci arvadı Bett ərini çox sevir, əri evdə dülgərlik işiylə məşğul olanda ona köməkçi olur. Universitetdə işləyən əri orada qeydiyyatçı işləyən Nitaya vurulur. Bir dəfə Bett şəhərdəki evdə olanda Richlə Bett kənddəki evə gəlirlər, Nita eynəyini orda unudur,  Bett duyuq  düşür, nəticədə Bett evdən çıxıb gedir, Nita və Rich işdən azad olunur. Richlə Nita evlənir. Şəhərdəki evi satıb kənddəki evdə yaşayırlar.

Bir il əvvəl Nitaya xərçəng diaqnozu qoyulanda Nita ərindən əvvəl öləcəyini düşünür. Bəlkə d bu səbəbdən o ərini zəhərləyir, qorxur ki, o ərindən  tez ölərsə əri də birinci arvadı ilə barışar?

Əri öləndən sonra  Nita  tək yaşayır. Bir gün bir kişi evə gəlib özünü mantyor kimi təqdim edib, elektrik qoruyucusuna baxır. Məlum olur ki, həmin kişi qatildir. Valideynlərini və şikəst bacısını öldürüb. Nita da  bir vaxtlar adam öldürdüyünü deyir.  Özünü ərinin birinci arvadı Bett kimi aparır. Guya ailəsini qoruyub saxlamaq üçün əri sevən qızı zəhərləyib. Kişi Nitanın evində yemək yeyir, bir butulka qırmızı çaxır içir.  Nita sərbəst radikalların nə olduğunu kişiyə xatırladır.

Evdə çay olmadığı üçün Nita kişiyə  hansısa otdan çay dəmləyir. Kişi çayın çox acı olduğunu deyir.

Oxucu güman edə bilər ki, Nita kişini həmin otla zəhərləyir. Evdə bitkilər haqqnda kitablar var, Nita həmin kitablardan bitkilərin zəhərli tərəflərini öyrənib.

Kişi Nitanın ərinin maşınının açarını götürüb evdən çıxr. Nita sevinir ki, kişi onu öldürmədi. Kişi ona tapşırır ki, ona dediklərini heç kimə deməsin yoxsa o da onun sirrini- bir qızı zəhərləməsini polisə deyə bilər.

Nita maşının işə salınmasını hiss edir. Sonra isə maşının aşdığını duyur.

O polis idarəsinə getmək istəyir. Amma sarsıldığına və yorğun olduğuna görə getmir.

Bəlkə də Nita bu olanları yuxuda görüb. Çünki səhərisi gün polis qapını döyür, əyalət polis idarəsindən gələn polis bildirir ki, maşın qəzası olub. Maşın da onun ərinin maşınıdır.

Nita isə polisə heç nə demir- kişinin  onun evinə gəlməsini, maşının açarını aparması barədə heç nə demir. Bu da oxucuya əsas verir ki, Nitanın  olanları yuxuda görməsini güman etsin.  Maşın yanacaq maşını ilə toqquşub, amma Nita maşının həyətdə aşmasını hiss edir. Bu mənada olanların yuxu olduğunu düşünmək olar.  

Bəlkə də  yuxuda görməyib, həqiqətən də o hadisə baş verib. Bəs  niyə Nita həqiqəti polisə demir? Bəlkə də kişini zəhərlədiyi üçün? Qorxur ki, kişinin meyidi analiz edilsə kişinin zəhərləndiyi aşkar olar?

                                                                 Sərbəst Radikallar  

Əvvəlcə  tanışları  Nitaya  zəng etməkdə davam etdilər; onlar əmin olmaq istəyirdilər ki, o depressiyada deyil, özünü yalqız hiss etmir, az yemir, çox içmir.

(Nita  əvvəllər çox içirdi, ancaq tanışları unudurdular ki, həkim ona içməyi qadağan edib.) Nita bütün zənglərə cavab verirdi, özünü elə göstərirdi ki, heç də dərddən üzülməyib, ya fikirli cavab verər ya da özünü süni şəkildə şən göstərməyə çalışardı. Zəng edib onunla maraqlananlara  deyirdi ki, mağazaya getməyə  ehtiyac yoxdur, evdə nə varsa ondan yeyib dolanır, reseptdə yazılan həblər kifayət qədərdir eləcə də gələn məktublara cavab yazmaq istəsə evdə olan markalar bəs edər.

   Nitanın ən yaxın dostları onun sözlərindən şübhələnirdilər, çünki o bir qayda olaraq çox yeyirdi, həm də ona təsadüfi hallarda  məktub gəlirdi. Hətta o hadisə barədə uzaqda  yaşayan tanışlara məlumat belə verməmişdi. Nə Richin Arizionadakı əvvəlki arvadına,  nə də onun Nova Scotiada yaşayan ögey qardaşına heç nə yazmamışdı. Bəlkə də bu adamlar Nitanın niyə belə etdiyini, niyə adət-ənənəyə uyğun yas mərasimi təşkil etmədiyini yaxında olanlardan daha yaxşı başa düşə bilərdilər.

   Rich ona demişdi ki, kəndə, dəmir məmulatı satılan mağazaya getmək istəyir. Təxminən səhər saat 10 olardı, o, eyvanın sürahisinin  köhnə rəngini təzəcə qaşımağa başlamışdı.  Rich  ora təzə rəng vurmaq istəyirdi,  amma  rəngi qaşıdığı dəmir tor əlində qırıq-qırıq olmuşdu.

  Nitanın onun niyə gecikməsini aydınlaşdırmağa vaxtı da yox idi. Rich maşını dəmir məmulatı mağazasının qarşısındakı otbiçən maşının güzəştlə satılması barədə elan vurulmuş  dirəyə  çırpmışdı,  elə yerindəcə  ölmüşdü. Hətta o mağazaya girməyə də macal tapmamışdı. Onun 81 yaşı vardı, sağ qulağının bir az ağır eşitməsindən başqa  heç nədən şikayət etmirdi. Həkim onu bir həftə əvvəl müayinə etmişdi.  Sonra Nita onun sağlamlıq haqqında kağızına baxanda gördü ki, orada qəfil ölümə səbəb olan bir sıra xəstəliklər yazılıb. “Gərək bir az ehtiyatlı olaydın, belə yerlərə getmək lazım deyilmiş”- Nita  öz-özünə demişdi.

  Nita  bu  haqda yalnız ən yaxın rəfiqələrinə- elə onun kimi 62 yaşında  olan Virgie və Carola danışmışdı.  Onun bir az cavan rəfiqələri bu cür söhbətləri əxlaqa uyğun hesab etmirdilər. Əvvəlcə onlar Nitagilin evində yığışdılar. Əslində heç də o “kədərli prosesdən” danışmadılar, ancaq Nita hər an onların bu barədə danışacağından qorxurdu.

   Rich ölən gün  Nita bəzi  lazımı yerlərlə razılaşmadan sonra  ucuz tabut aldı, elə həmin gün də Rich dəfn edildi. Heç bir mərasim -filan olmadan. Hətta dəfn mərasimi təşkil edən büronun sahibi ona dedi ki, bu adət-ənənəyə ziddir. O isə Rich ölməmişdən bu barədə razılığa gəldiklərini dedi. Bir il əvvəl Nitaya xərçəng diaqnozu qoyulanda onlar bir-birini necə dəfn etməyi planlaşdırmışdılar.

Nita dəfn bürosunun sahibinə belə demişdi:

“Mən nə biləydim ki, o məni qabaqlayacaq?”

Düzdür, adamlar heç də ənənəvi mərasim olacağını gözləmirdilər, ancaq ən azı balaca bir mərasim təşkil olunacağını düşünürdülər - məsələn, həyatı bayram etmək, Richin sevdiyi mahnını ifa etmək, əl-ələ tutub  onu mədh eləmək, onun bicliyindən və günahlarından danışarkən yumorla danışmaq və sair.

Richin  dəfni  urvatsız oldu.

  Onun dəfnindən sonra adamlar bir neçə gün  Nitagilə gəlib-getdilər, ancaq az sonra onu əhatə edən “istilik” əriyib getdi. Düzdür, bəziləri hələ  də Nita sarıdan  narahat idilər.  Virgie və Carol deyirdilər ki, əgər Nita iş görməmək üçün mərasim təşkil etmirsə deməli, o eqoist, qanlı qancıqdır. Onlar söz vermişdilər ki, tezliklə gəlib  gülməli “Boz qaz” mahnısını  oxuyub onu şənləndirəcəklər.

 Nita onların fikrində bir məntiq  görsə də dedi ki, heç nə onlar düşünən  kimi deyil.

 Keçən yaz qəbul etdiyi şüa sayəsində xərçəngi zəifləmişdi. Bu o demək deyildi ki, tam sağalıb. Hər halda yaxşılığa doğru heç nə yox idi. Onun qaraciyəri əsl “operasiya meydanı” idi., ancaq xərçəng də onu içdən gəmirirdi. Rəfiqələrinə deyəndə ki, ona içmək olmaz, onsuz içsinlər, rəfiqələri qəmlənmişdilər.

 Rich iyun ayında ölmüşdü, indi isə yayın orta ayı idi. O hər gün səhər tezdən durur, əl-üzünü yuyur, əlinə keçəni geyinirdi.  Özü geyinir, özü yuyunur, dişlərini fırçalayır, saçını darayırdı. Saçı tədricən uzanmışdı, lap əvvəlki kimi idi, qabaq tərəfdə bir az ağ, arxaya tərəf isə qara idi . O yenə dodağına pomada  vurur,  seyrəkləşmiş kipriklərinə qara tuş çəkirdi . Həmişə incə olan beli, arıq budları indi bir az kökəlmişdi, amma hər halda indi onun bədən üzvləri haqda bircə söz demək olardı: “bir dəri, bir sümük.”

  O yenə əvvəlki kimi geniş kresolsunda oturur, yan-yörəsində bir yığın kitab və açılmamış jurnallar olurdu.  İndi ona kofeni əvəz edən  açıq rəngli bitki çayından qurtum-qurtum içirdi. Bir vaxt o elə düşünürdü ki, heç vaxt kofesiz yaşaya bilməz, amma zaman keçdikcə aydın oldu ki, onun istədiyi elə bir krujka bitki çayı imiş.

  Bu ev Richin evi idi. O bu evi  birinci arvadı Bettlə  birgə olarkən almışdı. Bura həftəsonu günləri keçirmək üçün nəzərdə tutulmuşdu. Evi alanda  iki balaca otaq,  pərdədən düzəlmiş “ mətbəx” var imiş . Ev kənddən yarım mil aralda yerləşirdi. Sonra Rich dülgərliyi öyrənib evdə yeniliklər etməyə başladı. İki yataq otağı , kabinet və hamam tikdi.  İndi evdə normal qonaq otağı , normal mətbəx vardı. İlk vaxtlar Bett hirslənmişdi ki, Rich nəyə görə belə yerdə ev alıb. Ancaq evdə aparılan dəyişikliklər onun marağına səbəb oldu, o da dülgər önlükləri almağa başladı. O  neçə il vaxt sərf etdiyi aşpazlıq kitabını qurtarıb çap etdirəndən sonra  dülgərliklə maraqlanmağa başladı. Onların uşağı yox idi.

  Həmin vaxtlarda Bett adamlara deyrdi ki, o həyatda rolunu dülgər köməkçisi kimi görür, deyirdi ki, bu da onu Richlə daha da doğmalaşdırıb. Həmin vaxtlarda Rich Nitaya vuruldu. O universitetdə, qeydiyyat otağında işləyirdi. Rich də həmin universitetdə orta əsrlər ədəbiyyatından dərs deyirdi. Birinci dəfə onlar həmin bu evdə, yonqarların, mişarlanmış  taxtaların əhatəsində, tağlı tavanı, nə vaxtsa qonaq otağı olacaq otaqda  sevişmişdilər. Onda Bett şəhərdəki evdə qalmışdı. Nita təsadüfən gün eynəyini unudub orda  qoymuşdu. Bett isə heç vaxt bir niyyəti olmasaydı nəyisə unudub bir yerdə qoymazdı.  Bu hallarda baş verən söz-sohbət başladı, nəticəsi o oldu ki, Bett Kaliforniyaya, oradan da Arizonaya çıxıb getdi. Nita işdən çıxarıldı, Rich də  sənət fakültəsinin dekanı vəzifəsindən uzaqlaşdırıldı. O vaxtından əvvəl təqaüdə çıxdı, şəhərdəki evini satdı. Nita balaca dülgər önlüklərinə “sahib” olmadı,  ancaq  evdəki tör-töküntüyə baxmayaraq Bettin  kitablarını oxuyur, elementar isti yeməklər hazırlayar, meşəni “ tədqiq”  etmək üçün ora gəzməyə gedərdı, qaydanda isə  cır-cəndırla bağladığı zanbaqlarla, yabanı yerkökü ilə geri qayıdardı.  Zanbaqları rəng qablarına doldururdu. Ev hazır olub onlar evə yerləşəndən sonra Nita öz hərəkətindən utandı, düşündü ki, necə də  Bettin zəhmət çəkdiyi evə sahib oldu.  Nita əslində utancaq, fiziki cəhətdən yöndəmsiz idi. O İngiltərənin krallarının yox, kraliçalarının adlarını  əzbərdən sadalaya bilərdi. Utancaq olduğuna görə  rəqs etməyi xoşlamırdı,  Bettdən fərqli olaraq heç vaxt nərdivana çıxmağı öyrənə bilmədi.  

  Evin bir tərəfində sidr ağacları sıralanmışdı, o biri tərəfində isə dəmiryolu vardı. Relslərin üstündən az hallarda qatar keçərdi- ayda uzaqbaşı iki qatar. Cığırların  ətrafını alaq basmışdı. Bir dəfə “eşqi başına vuranda” Nita Richi  bezdirdi ki, alaqların üstündə sevişsinlər. Yox, dəmiryol relslərinin üstündə yox, alaq otlarının üstündə. Onlar otların üstünə uzanan kimi otlar da sanki onlardan razıymış kimi başlarını əydilər.

  Hər gün səhər durub öz yerində oturanda hər şeydən əvvəl Richin yoxluğu barədə diqqətlə düşünürdü . Rich balaca vanna otağında yox idi. Amma onun üzqırxanı hələ də orada idi. Nita yataq otağını yenicə səliqəyə  salıb ordan çıxmışdı- Rich orada da yox idi. Böyük vanna otağında , Richin  həmişə vanna qəbul etdiyi  yerdə də o yox idi. Keçən il bütün  vaxtını keçirdiyi mətbəxdə də gözə dəymirdi.  Eləcə də köhnə rəngi yarıyacan qaşınmış sürahinin  yanında da Rich görünmürdü. Əvvəllər Rich orada olarkən pəncərədən boylanıb baxar, Nitanı zarafatla qorxudardı.

  Rich  öz kabinetində də yox idi. O biri yerlərlə müqayisədə Richin yoxluğu kabinetdə daha çox hiss olunurdu; bu otaq Richin yoxluğunu təsdiq edirdi. İlk günlərdə Nita kabinetin qapısını açar, bir yığın qəzetlərə ,“ölmüş” komputerə, aşıb-daşan qovluqlara , açıq qalan, üzüstə qalan kitablara, eləcə də  rəfdə olan kitablara baxardı. İndi o yalnız bu kitablara baxmaqla kifayətlənirdi.

  Günlərin birində Nita bu otağa daxil olacaqdı. O bunu “işğal etmək” kimi başa düşürdü. Belə olsa o ölmüş ərinin beynini işğal etmiş olacaqdı. Nita hələ ki, bu barədə düşünmürdü. Rich ona həmişə öz görkəmi ilə güclü, sağlam adam təsiri bağışlamışdı. Nita Richin  ondan çox yaşayacağını düşünürdü. Keçən il, Nitaya xərçəng diaqnozu qoyulanda məlum oldu ki, bu fikir heç də boş deyilmiş.

Nita  ilk öncə  zirzəmi ilə “məşğul” olmağa qərar verdi. Zirzəmi daha çox anbara bənzəyirdi. Çirkli döşəmənin üstündə gediş-gəliş üçün taxta qoyulmuşdu. Balaca pəncərələrin yan-yörəsi tozlu hörümçək torları ilə örtülmüşdü. Orda-zirzəmidə  Nitaya lazım olası bir şey yox idi. Richin yarımçıq rəng qutuları, müxtəlif uzunluqda olan taxtalar, işlək halda alətlər vardı, bəzi alətlər isə tullanmalı idi.   Rich öləndən bəri Nita yalnız bircə dəfə zirzəminin-anbarın qapısını açıb  pilləkənlə aşağı düşmüşdü,  yoxlayırdı ki, orda işıqlar yanılıdır ya yox. Həm də o elektrik qoruyucusuna baxıb arxayın  olmaq istəyirdi. Qoruyucunun  yanında nişan qoyulmuşdu ki, hansı qoruyucu hansı işığa aiddir. Bunu Nitanın başa düşməsi üçün qoymuşdu Rich. Zirzəmiyə  düşüb qoruyucuya baxandan sonra Nita qapını  yenə də mətbəx tərəfdən qıfılladı. O əvvələr də belə edərdi, bunu görən Rich ona gülərdi, deyərdi ki, bu balaca, cırtdan boyda pəncərələrdən kim içəri girib onları qorxuda bilər.

  Hər halda Richin kabinetinə nisbətən zirzəmidən başlamaq daha asan olardı.

O çarpayısını səliqəyə saldı, eləcə də mətbəxdəki azacıq tör-töküntünü  yığışdırdı, əlbəttə, hər yeri başdan-başa səliqəyə salmaq indi onun işi deyildi,  gücü yalnız indi heç nəyə yaramayan soyuducu maqnitini, qəzet sancaqlarını tullamağa çatardı. 15 il əvvəl Richin  səyahətə getdiyi yerdən gətirdiyi İrland sikkələrini sözsüz ki, atmazdı.  Sanki otaqda hər şey tamamilə dəyişmişdi.

  Carol və Virgie hər gün ona zəng edirdilər. Adətən şam vaxtı zəng edirdilər, düşünürdülər ki, bu vaxtlarda təkliyə dözmək ağırdır. Nita onlara cavab verib deyirdi ki, hər şey qaydasındadır, tezliklə o özünün “yuvasından” çıxacaq, deyirdi ki, hələlik ona fikirləşmək və kitab oxumaq üçün vaxt lazımdır- eləcə də  yemək və yatmaq üçün.

  Onun sözlərində həqiqət vardı- təkcə  kitab oxumaqdan başqa. O öz kreslosunda oturar, kitabları yanına tökər, amma heç birini açmazdı. Nita həmişə bədii kitab oxumuşdu. Əvvəllər  o  kresloda oturub kitab oxuyanda Rich deyirdi ki, ona elə belə arvad lazımdır- kitab oxuyub onu öz işiylə təkbətək buraxsın. İndi onun sözlərini xatırlayıb o heç yarım səhifə də oxuya bilmirdi.

 Həm də Nita  adi oxucu deyildi, kitabları bir dəfə oxumaqla kifayətlənməzdi.

“Karamazov qardaşları”, “ İpək dəyirmanı”, “ Göyərçinin qanadları”, “Sehirli dağ” kimi kitabları dəfələrlə oxumuşdu. O bir kitabı götürərdi, bir neçə səhifə oxumağı planlaşdırsa da da ümumilikdə kitabda nədən bəhs edildiyini öyrənməyincə kitabı əlindən yerə qoymazdı, həmçinin müasir ədəbiyyatı da oxuyurdu.  Ədəbiyyatdan can qurtarmaq kimi sözlərə nifrət edirdi. O bir dəfə mübahisə etmişdi, zarafatla yox, demişdi ki, onun bədii ədəbiyyatdan “ xilas “ etdiyi real həyatıdır. Real həyat barədə mübahisə etmək daha vacib idi.

 İndi isə, nə qədər qəribə olsa da hər şey geridə qalmışdı. Buna səbəb təkcə Richin ölümü deyildi, həm də onun öz xəstəliyi idi. Düşünürdü ki, bütün bunlar müvəqqətidir, o bu bezdirici müalicədən və dərmanlardan canını qurtaran kimi mütaliənin sehri onu özünə cəlb edəcək.

Hələ o dərman qəbul edirdi- kitab oxumurdu.

Bəzən o xəyali həmsöhbətinə bunun səbəbini belə izah edirdi:

“Mən çox məşğulam.”

“Hamı belə deyir. Nə işlə məşğulsan? Nə edirsən?”

“Diqqət verməklə məşğulam.”

“Nəyə?”

“Mən fikirləşməyi nəzərdə tuturam.”

“Nə barədə fikirlşirsən?”

“Soruşma.”

 Bir səhər kreslosunda oturandan sonra hiss etdi ki, hava çox istidir. Düşündü ki, durub ventilyatoru işə sala bilər. Otağın havasını  dəyişmək üçün qapını açıq qoysun,  meh varsa, içəri girsin.

 Nita  əvvəlcə qabaq qapını açdı. Bundan əvvəl o qapını azca aralı qoymuşdu ki, otağa günəş şüaları düşsün.

Qapının ağzında, qarmaqla vurulmuş pərdənin arxasında  cavan bir  kişi dayanmışdı.

“Sizi qorxutmaq istəmirdim. Mən zəngi axtarırdım. Çərçivəni yavaşca taqqıldatdım, yəqin siz  eşitmədiniz.”

“Üzr istəyirəm, eşitməmişəm.”- Nita cavab verdi.

“Gəlmişəm sizin elektrik qoruyucusuna baxam.  Deyə bilərsinizmi ki, qoruyucu hardadır?”

 Nita kənara çəkilidi ki, kişi otağa girsin. Bu vaxt Nita qoruyucunun harda olmasını xatırlamağa çalışdı.

“Bəli, deyərəm. Qoruyucu zirzəmidədir. Mən işığı yandıraram, siz onu görəcəksiniz.”- Nita dedi.

Kişi qapını örtdü, aşağı əyildi ki, ayaqqabılarını çıxarsın.

“Eyb etməz. Yağış yağmır, çıxarmasanız da olar.”- Nita dedi.

“Mən buna adət etmişəm. Yağış yağmasa da döşəmədə ayaqqabımın tozlu ləpiri qalar.”

 Nita mətbəxə getdi, kişi zirzəmidən çıxana qədər oturmağa səbri çatmadı.

Sonra  aşağı düşüb zirzəminin qapısını açdı, kişi pilləkənlə yuxarı çıxdı.

“Siz qoruyucunu tapdınız? Hər şey qaydasındadır?”- Nita soruşdu.

“Əladır.”- kişi cavab verdi.

  Nita kişidən qabağa düşüb  qapıya tərəf gedirdi, birdən hiss etdi ki, arxadan addım səsi gəlmir. Geri dönəndə gördü ki, kişi mətbəxdə oturub.

“Qarnımı doldurmaq üçün mətbəxinizdə nəsə olmaz?”- kişi soruşdu.

 Bu dəfə kişinin səsində bir az dəyişiklik vardı. Səsi kəskin idi. Sanki komik aktyor vəhşi kimi zingildəyirdi. Mətbəxə düşən  gün işığında Nita gördü ki, kişi heç də o düşündüyü kimi cavan deyilmiş. O ilk dəfə qapını açanda onun arıq bədənini , səhərin parlaq işığında azca  qara  görünən sifətini görmüşdü. İndi gördüyü də arıq idi, amma cavan deyildi, beli azca əyilmişdi. Sifəti uzunsov idi. Açıq-mavi  gözləri, məzəli, davamlı baxışları vardı.

“Baxın, mən diabetikəm. Heç bilmirəm siz diabetiklər haqda bir şey bilirsinizmi. Deyim ki, diabetiklər acan kimi nəsə yeməlidir, yoxsa bütün sistem pozulur. Bura gəlməzdən əvvəl yeməliydim, tələsdiyimdən yemədim. Oturmağa icazə verirsiniz?”

Halbuki o artıq mətbəx stulunda oturmuşdu.

“Kofe var?”- o soruşdu.

“Çay var. Əgər istəsəniz  otlardan dəmlənmiş çay verə bilərəm.”- Nita dedi.

“Nə  varsa verin, istəyirəm.”

Nita çaydana su töküb qaynamağa qoydu,  sonra soyuducunu açdı.

“Yeməyə elə də çox şey yoxdur  Yumurta var. Mən çox vaxt yumurtanı qayğanaq edib üstünə ketçup əlavə edirəm. İstəyirsiniz? Bir neçə ingilis bulkası da var, onları da qızarda bilərəm.”- Nita dedi.

“İngilis, İrlandiya, nə olsa mənimçün fərqi yoxdur.”

  Nita iki yumurtanı sındırıb tavaya tökdü,  çəngəllə qarışdırdı. Sonra isə bir bulka götürüb dilimlədi,  tosterə qoydu. Servantdan boşqab götürüb kişinin qabağına qoydu. Sonra isə siyirmədən bıçaq və çəngəl  götürdü.

“Qəşəng boşqabdır”- kişi dedi.

  Bunu deyib o boşqabı əlinə götürdü, sanki boşqab bir güzgü idi, o özünə baxmaq istəyirdi. Nita sobanın yanına gəlib yumurtaya baxmaq istəyəndə nəsə tappıltı ilə döşəməyə düşdü.

“Bağışlayın”- kişi dedi. Bu dəfə də səsi başqa idi. Sanki cırıldayırdı. “Görün bir nə etdim.”

“Eybi yoxdur.” – Nita dedi.

“Boşqab əlimdən sürüşüb düşdü.”- kişi dedi.

 Nita başqa boşqab gətirdi.  Bu dəfə boşqabı stolun üstünə yox, qaz sobasının yanındakı “piştaxtaya” qoydu ki, iki dilim qızardılmış bulkanı və  ketçupla bəzədilmiş qayğanağı  onun içinə qoysun.

  Kişi  çini  boşqabın qırıqlarını döşəmədən yığmaq üçün aşağı əyilmişdi.  O bir ucu iti olan saxsı qırığını götürüb ayağa qalxdı, Nita yeməyi stolun üstünə qoyanda sınıq boşqabın ucu kişinin dirsəyinə dəydi, dirsəyi qanadı. Əvvəlcə  xırda qan damcıları  göründü, sonra isə  qan damlaları sanki sapa düzüldü.

“Fikir verməyin. Bu bir zarafatdır. Mən bilirəm zarafat üçün nə etmək lazımdır. Əgər ciddi olsaydım onda ketçupa ehtiyac olmazdı.”

 Döşəmənin üstündə hələ də çini boşqabın qırıqları vardı. Kişi onları götürməmişdi.  Nita geri döndü, istədi ki, gedib qapınn arxasına qoyduğu süpürgəni gətirib qırıqları süpürsün, kişi cəld ayağa durub onun qollarından tutdu.

“Əyləşin. Mən yeyib qurtarana kimi bax burda oturun.”-dedi.

 Qanlı qolunu yuxarı qaldırıb ona göstərdi. Sonra bulkanın  arasını yarıb yumurtanı onun içinə qoydu,  bir sözlə, səndviç düzəltdi. Bir iki dişləmə səndviçi yox etdi.  Adama elə gəlirdi ki,  bulkanı ağzıaçıq çeynəyir.

 Çaydan qaynayırdı.

“Çay paketi fincanın içindədir?”- kişi soruşdu.

“Hə, amma açıq çaydır. Ot çayı.” – Nita dedi.

“Tərpənməyin. İstəmirəm ki, siz çaydanın yanına gedəsiniz.”

  Kişi  qaynar suyu fincana süzdü.

“Lap saman çayına oxşayır. Bundan başqa heç nə yoxdur?”- kişi soruşdu.

“Üzr istəyirəm, olanım budur.”- Nita cavab verdi.

“Tez-tez “üzr istəyirəm” sözünü təkrar etməyin. Olanınız budur. Siz fikirləşmirdiniz ki, mən sizin qoruyucuya baxmağa gələcəm, eləmi?- o soruşdu.

“Bəli, elədir... Ağlıma da gəlməzdi.”

“Bilmirdiniz mənim gələcəyimi. Qorxdunuz?- kişi soruşdu.

  Nita düşündü ki, bu ciddi sualdır.

“Bilmirəm, əslində qorxmadım, qəfil diksindim. Məncə qorxmadım...Məncə. Bilmirəm...”

“Bir şey deyim. Bir şeydən qorxmayın. Sizi zorlamayacam”- kişi dedi.

“Bu barədə düşünmək ağlıma da gəlmir.”

“Əmin ola bilərsiniz ki, bu haqda düşünmədiniz ?“ – kişi bunu deyib bir qurtum çay içdi, sifətini turşutdu. Davam etdi:

“Siz qocasınız. Uşaqlar, itlər, pişiklər,  qoca qarılar- onlar gərək qorxmasın. Qoca kişilər narahat olmasınlar. Düzdür, mən də qocayam, amma qəşəng qadın olsa və o da məni bəyənsə onu zorlayaram. Bir sözlə, rahat oturun.”

Nita dedi:

“Sağ olun ki, bu barədə dediniz.”

 Kişi çiynini çəkdi, hiss olundu ki, özündən razı qaldı.

“Qapının ağzındakı sizin maşınınızdır?”- kişi soruşdu.

“Ərimin maşınıdır.”- Nita dedi.

“Ərinizin? O hardadır?”- kişi soruşdu.

“Ölüb. Mən sürməyi bacarmıram .  Maşını satmaq fikrim vardı,  hələlik satmamışam.” – Nita dedi.

Sonra  ürəyində özünü danladı ki,  bu barədə danışmaqla axmaqlıq etdi.

“2004-cü ilin maşınıdır?- kişi soruşdu.

“Məncə hə.”

“Əvvəlcə mənə elə gəldi ki, siz ərinizin “müqəvvası” ilə məni qorxutmaq istəyirsiniz. Yox, bunu edə bilməzsiniz. Mən qadını görən kimi hiss edirəm bunu. Evə girən kimi evdə kişi olub-olmadığını “ iyləyirəm.” Qadın qapını açdığı dəqiqədə hər şey mənə məlum olur- evdə kişi var ya yox. İnstinktim deyir  mənə. Maşın işləyir? Bilmirsiniz  axırıncı dəfə nə vaxt sürülüb?”- kişi soruşdu.

“ İyunun 17-də. Həmin gün o öldü.”

“Görəsən  bakında benzini var?

“Məncə var.”

“Kaş ki o elə həmin gün benzin doldurmuş olaydı. Açarlar sizdədir?”-

 “Üstümdə  deyil. Amma onların harda olduğunu bilirəm.”

“Ok.” – kişi bunu deyib stulunu dala itələdi, bayaq sınan boşqabın qırığını bir daha sındırdı. Ayağa qalxdı, başını təəccüb ifadə edən bir tərzdə yırğaladı, sonra təzədən oturdu.

“Uzun yol gəlib çox yorulmuşam.  Rahat oturun  yerinizdə. Düşündüm ki, yeyib qurtarandan sonra desəm yaxşı olar. Bayaq “yol gəlib yorulmuşam”  demək əvəzinə dedim ki, diabetikəm.”

  Nita ayağa durmaq istəyəndə kişi cəld yerindən tullandı:

“Harda oturmusunuzsa  orda da oturun. Qaçaq deyiləm ki, sizi qamarlayam. Bütün gecəni piyada gəlmişəm, buna görə sizin evə girdim.”

“Açarları gətirməyə gedirdim.”- Nita dedi.

“Nə vaxt desəm onda gətirərsiniz. Mən dəmiryol relsinin qırağı ilə gəldim. Relslərin qırağı ilə nə qədər yol gəldim, amma qatar görmədim.”

“Qatar hərdənbir olur.”

“Aha! Lap yaxşı. Bu  kəndlərin yanından keçəndə balaca arxın içiylə gəldim. Sonra səhər açıldı.  Müxtəlif istiqamətlərdə yollar gördüm . Sizin evi və həyətdəki maşını görüb öz-özümə dedim,  hə, bax axtardığım budur, bu qocanın maşınını götürə bilərəm. Amma mən o qədər də axmaq deyiləm ki, yalnız maşını götürüb aradan çıxmaqla kifayətlənim.”

Nita hiss edirdi  kişi onun niyə gecə yol gəlməsi barədə sual verməsini istəyir.  Həm də o fikirləşirdi ki, nə qədər az bilsə onun özü üçün bir o qədər də yaxşı olar.

Sonra isə kişi otağa girəndən bəri ilk dəfə olaraq Nita xərçəngi barədə düşündü, sevindi ki, yaxşı ki, xərçəngdir, yoxsa kişi onu zorlayardı.

“Niyə gülümsünürsünüz?”

“Bilmirəm, mən gülümsünürəm ki?”- Nita soruşdu.

“Sözsüz ki, siz hekayəyə qulaq asmağı xoşlayırsınız. İstəyirsinizmi sizə bir hekayə danışım?”

“Mən yalnız sizin burdan çıxıb getməyinizi istəyirəm.”

“Gedəcəm, narahat olmayın. Əvvəlcə sizə bir hekayə danışacam.”

   Bunu deyib o əlini şalvarının arxa cibinə salıb dedi:

“Hə, burdadır. Şəkilə baxmaq istəyirsiniz? Budur...”

   Qonaq otağında çəkilmiş şəkildə üç nəfər vardı. Qonaq otağının güllü pərdələri vardı. Bir qoca kişi, yox, çox da qoca yox, təxminən 60 yaşında bir kişi, elə kişi yaşda olan bir qadın taxtın üstündə oturmuşdular. Yekəpər cavan bir qadın isə təkərli kresloda oturmuşdu, kresolsu taxtın yanındaydı, hətta bir qədər taxtın qarşısında idi. Qoca kişi kök idi, saçı ağ idi. Gözlərini qıymışdı, uzun sifəti vardı, ağzı azacıq aralıydı, sanki asma xəstəsi idi.  Bacardığı qədər elə gülümsəyirdi. Qadın kişidən boyca bir az balacaydı, dodağına pomada çəkmişdi, saçları qəhvəyi rənglə boyanmışdı. Əynində çox vaxt kənd yerlərində qadınların geydiyi kofta vardı, koftanın boynunda və qollarının ağzında qırmızı bant vardı. Qadın da kişi kimi gülümsəyirdi, sanki gülümsəmək üçün bütün qüvvəsini sərf etmişdi, çürümüş dişləri görsənirdi.

  Şəkildə ən böyük yeri yekəpər cavan qadın tutmuşdu.  Onun qara saçı qıvrım idi, alnına tokülmüşdü. Yanaqları boğazına qədər sallanırdı. Amma bu boyda kök əndamına baxmayaraq özündən razı görkəmdə bic-bic gülümsəyirdi.

“Bu anamdır, o isə atam. Bu da bacımdır, Madelaine. Təkərli kresloda oturan. Doğulanda qeyri-adi idi. Nə həkimlər nə də başqa heç kim onu müalicə edə bilmədi. Hələ balaca vaxtından donuz kimi çox yeyirdi. Həmişə onunla aramızda dava olub, mənə zülm eləyib o . Əlinə nə keçirdisə mənə atırdı, məni döyürdü, o üzü sürtülmüş təkərli kreslosu ilə dalıma düşüb məni qovurdu. ”

“Yəqin  sizin üçün çox ağır olub. Eləcə də valideynlərinizə  ağır olub ona qulluq etmək.”

“Yox, yox. Onlar sevindiklərindən dombalaq aşırdılar ki, Allah onlara belə hədiyyə göndərib. Kilsəyə getdilər, kilsədəki xətib də onlara dedi ki, o Allahın bəxşişidir. Atamgil Madelaineni də  kilsəyə apardılar, o dişi pişiyin belində olan erkək pişik kimi səs çıxarırdı, ancaq ata-anam  belə deyirdilər: Qulaq asın, o mahnı oxuyur. Aha, Allah ona istedad verib.”

“Hə, deməli belə, mən həmişə evə yapışıb qalmırdım, gedib öz həyatımı yaşayırdım. Başa düşün, o zibil bacıma görə evdə qalmaq istəmirdim. İş tapıb işlədim. Həmişə işim olub. Mən eşşəyin belində oturub hökumət verən maaşa göz dikənlərdən deyiləm. Yeniyetməlik illərimdən danışıram. Heç vaxt atamdan bir qəpik də pul istəməmişəm. 40 dərəcə istidə dama dırmaşıb qatran vururdum. Ya da  köhnə restoranların çirkli döşəməsini silib-süpürür,  bəzi qarajlarda mexanik də işləyirdim. Amma mən həmişə onların zir-zibilini təmizləmirdim, bir yerdə çox qalmırdım. Tərbiyəli bir ailənin oğluyam axı . Atam  xəstələnənə qədər avtobuslarda işləyib. Məni zir-zibil təmizləmək üçün böyütməmişdilər. Valideynlərim həmişə  deyirdilər ki, ev mənə qalacaq. Evin bütün pulu ödənib, mənimdir. Hə, onlar həmişə belə deyirdilər. Deyirdilər ki, bacımın ucbatından həyatım pis keçib, mənə təhsil verə bilməyiblər,  evi mənə verməklə bunun əvəzini çıxmaq istəyirdilər. Bu yaxınlarda atamla telefonla danışdım. Görün o mənə nə deyir. Deyir ki, oğul, yəqin  sən müqavilə nə olduğnu bilirsən. Nə müqavilə? Ondan soruşdum. Dedi ki, müqaviləyə qol çəkməliyəm ki, valideynlərim öləndən sonra o zəhləmgetmiş bacım ölənə qədər  ona qulluq etməliyəm. Dedi  ki, ev həm mənimdir, həm də bacımın. Aman allah! Bu vaxta qədər onlardan bu  haqda bircə kəlmə də eşitməmişdim. Heç vaxt mənə müqavilə haqda deməmişdilər. Belə çıxır ki, valideynlərim ölən kimi ev bacımın olur.”

 Kişi nəfəsini dərib sözünə davam etdi:

“Telefonda atama dedim ki, müqavilə nə olduğunu bilmirəm. O isə dedi ki, hər şey hazırdır, müqavilədə nə lazımsa yazılıb, bircə o qalır ki, gedib qol çəkim. Atam dedi  ki, onlar öləndən sonra Rennie xala da mənə göz-qulaq olacaq. Rennie anamın balaca bacısıdır, bir nömrəli qancıqdır. Gör mənə nə deyir atam, Rennie xala səndən göz-qulaq olacaq. Hə, onda  beynimə bir ideya gəldi. Atama belə dedim: Ata, ən ədalətli yolu göstərirsiniz mənə. Amma belə məsələni telefonla həll etmək olmaz. Bazar günü yaxşı yemək bişirin,  evə gələrəm, müqaviləyə də qol çəkərəm.  Hə, atam sözümü eşidib sevindi, dedi ki, mən tez özümdən çıxanam, hər şeyi öz gözümlə görsəm sakitləşərəm. Bazar günü gəldim evimizə. Anam toyuq qızartmışdı. Evdən elə gözəl yemək iyi gəlirdi ki...Sonra isə mən Madelainenin iyini hiss etdim . Anam onu nə qədər yuyundursa da həmişə ondan pis iy gəlir. Mən çox gözəl hərəkət etdim. Onlara dedim ki, müqavilə imzalamaq özü bir mərasimdir, bu mərasimi həmişəlik yaddaşa köçürmək lazımdır. Dedim ki, son model fotoaparatım var, şəkli çəkəndən az sonra şəkli görmək olur. “Çıq” – bir an sonra şəkil hazırdır. Onların hamısını şəkildə gördüyünüz kimi bir yerə yğdım. Anam tələsirdi, elə hey deyirdi ki, tez çəkim şəkli, o mətbəxə getmək istəyir. Hə, ana, tələsmə, dedim, bircə dəqiqəyə çəkirəm. Şəkillərini  çəkdim. “Qoy baxaq görək şəkildə necə düşmüşük”- anam dedi. Ona dedim ki, tələsməsin, bir dəqiqəyə hər şey hazır olacaq. Onlar həsrətlə  şəkillərinə baxmaq istəyəndə cibimdən tapançanı çıxarıb əvvəlcə ata-anamı, sonra da onların o gözəl əsəri

 “Madelaine”  ni o dünyaya göndərdim. Onları gəbərdəndən sonra  da şəkillərini çəkdim. Sonra mətbəxə girib qızardılmış toyuqdan doyunca yedim. Bir daha onlara baxmadım. Kaş Rennie xala da orda olaydı. Anam demişdi ki,  onun kilsədə nəsə işi var, ora gedib. O orda olsaydı onu da asanlıqla gəbərdərdim.”

“Bura bax, bu şəkillərə.” – kişi dedi.

 Qoca kişinin başı yana əyilmişdi, qadının başı isə geriyə. Onların sifətindəki ifadə uçub getmişdi. Yekəpər qadın üzüstə düşmüşdü, üzü görünmürdü. Yalnız qara saçı, iri dizləri görünürdü.

“Düz bir həftə o evdə qalıb rahatca istirahət edə bilərdim. Özümü çox rahat hiss edirdim.  Ancaq mən qaranlıq düşəndən sonra evdə qalmadım.  Üst-başımı  qaydaya salıb toyuğu axıra qədər yeyib qurtardığıma əmin olandan sonra fikirləşdim ki, ən yaxşısı evdən çıxıb getməkdir. Özümü hazırlamışdım ki, Rennie xalamgilə gedib onu da bacısının yanına göndərim, ancaq bu fikrimdən daşındım, buna görə bir az hazırlıq görməliydim. Ona görə də onu öldürməkdən vaz keçdim. Bir səbəb də qarnımın  dolu olmağı  idi, anam böyük toyuq bişirmişdi, hamısını yedim, özümə yük edib götürməkdənsə  qarnıma doldurmağa qərar verdim. Bu da səbəbsiz deyildi, qorxdum ki, toyuğun yarısını  yeməyib götürsəm itlər iy bilib mənə cumarlar.  Hə, düşündüm ki, qarnımdakı o böyük toyuq bir həftə mənə bəs edəcək. Amma bir baxın, sizin evə girəndə  acından ölürdüm.”

 Bunu deyib kişi mətbəxə göz gəzdirdi:

“Deyəsən içməyə başqa şey yoxunuzdur. İçdiyim  ot çayı çox acı idi.”

“Şərab da olmalıdır. Mən daha içmirəm.” – Nita dedi.

“Deməli, əvvələr içmisiniz. İndi niyə içmirsiniz ?”

“Mənə ziyandır.”

  Nita ayağa durdu, hiss etdi ki, ayaqları əsir.

“Evə girməzdən əvvəl telefon xəttini kəsmişdim. Deyirəm ki, biləsiniz.” – kişi dedi.

 Görəsən o içəndən sonra üzüyola olacaq,yoxsa daha da vəhşiləşəcək? Nita bunu bilmirdi. Mətbəxdən çıxmadan çaxırı tapdı. Adətən Nita  ilə Rich qırmızı şərab içirdilər, eşitmişdilər ki, bu ürəyə  xeyirdir. Ya da kim bilir nəyəsə ziyandır, bu da ürəyə xeyir deyil. Qorxu və təlaş içində olan Nita indi yadına sala bilmədi ki, çaxır nəyə ziyandır.

 O çox qorxmuşdu. Əlbəttə, bu dəqiqələrdə onun xərçənginin  heç bir faydası yox idi. Fakt budur ki, xərçəng ondan əl çəkməsə bir il müddətində öləcəkdi, amma bu anlarda xərçəng olmasa da ölümün yaxınlığında idi.

Kişi dedi:

“Hə, deyəsən bu yaxşı maldır. Sizdə burğu var?”

 Nita siyirməyə tərəf əyildi, ancaq kişi cəld yerindən tullanıb onu yüngülcə kənara itələdi.

“Hmm...Hmm...Özüm götürərəm. Siz siyirmədən uzaq durun. Aman Allah, siyirmənin içində gör nələr var?”

Kişi siyirmədən bıçaqları götürüb oturduğu stulun üstünə qoydu, Nita onları heç cür qamarlayıb götürə bilməzdi. O çaxır butulkasının da probkasını açdı. Nita görə  bilmədi ki, onun əlindəki hansı “ günahkar” alətdir. Bildiyi o idi ki, o heç cür həmin aləti işlədə bilməzdi.

“Mən durub stəkan gətirim.” –Nina dedi.

“Şüşə stəkan olmasın. Plastik stəkan varınızdır?”

“Yox.”

“Elə isə fincan gətirin. Sizi görürəm.”

Nita fincanları gətirib stolun üstünə qoyub dedi:

“Mənə çox az süzün.”

Kişi isə işgüzar görkəm alıb dedi:

“Mən isə maşın sürəcəm.  İstəmirəm ki, hansısa polis maşının pəncərəsindən başını içəri soxub mənim hansı vəziyyətdə olduğumu görsün.”

Bununla belə o öz fincanını ağzınacan doldurdu.

“Sərbəst radikallar.”- Nita dedi.

“Bu nə deməkdir?”-kişi soruşdu.

“Bu sözü qırmızı şərab haqqnda deyirlər. Qırmızı şərab onlar pis olduğu üçün ya onları darmadağın edir ya da onlar yaxşı olduğu üçün onları bərpa edir- dəqiq bilmirəm.”

Nita azacıq çaxır içdi,  gözlədiyi kimi ona pis təsir etmədi. Kişi isə elə ayaqüstə içirdi. Nita ona xəbərdarlıq etmək istədi:

“Oturarkən stulun üstündəki bıçaqlardan özünüzü gözləyin.”

“Məni uşaq yerinə qoymayın.”

Kişi bıçaqları götürüb siyirməyə qoydu, sonra əyləşdi.

“Yoxsa elə bilirsiniz qorxağam?”

  Nitann əlinə imkan düşdü, dedi:

“Yəqin bundan əvvəl siz heç kimi öldürməmisiniz.”

“Əlbəttə, öldürməmişəm. Deyirsiniz mən qatiləm?Bəli, onları öldürdüm, ancaq mən qatil deyiləm.”

“Qatil və adam öldürmək- bunlar fərqli şeydir.”- Nita dedi.

“Düzdür.”

“Mən bilirəm kimdənsə canını qurtarmaq nə deməkdir. Bilirəm bu anda nə etmək lazımdır.”

“Eləmi?”

“Mən də bir vaxtlar sizin kimi hərəkət etmişəm.”

“Ola bilməz.”- bunu deyib kişi stulunu kənara itələdi, ancaq ayağa durmadı.

“Əgər istəmirsinizsə inanmayın. Ancaq mən də sizin kimi etmişəm.”

“Cəhənnəmə ki, etmisiniz, hə, necə etdiniz?

“Zəhərlədim.”

“Nə danışırsınız? Yoxsa onlara da bu zəqqutun kimi çaydan verdiniz?”- kişi həyəcanla qışqırdı.

“Onlara yox. O qıza.  Arxayın olun, çaydan narahat olmayın. Bu çay sizin həyatınızı uzadar.”

“Bu cür köhnəlmiş saman rəngli çay içib ömrümü uzatmaq istəmirəm. Onu bilirsinizmi ki, öləndən sonra bədəndə zəhəri aşkar etmək olur?”

“Məncə zəhərli birkilərlə zəhərlənmə halında bunu demək düzgün deyil. Həm də heç kəsin ağlına gəlməzdi ki, bunu etsin. O qız uşaq olanda onda revmatizm xəstəliyi olub, bu da onun həyatına təsir etmişdi. Heç vaxt idmanla məşğul ola bilmirdi. Həmişə oturub istirahət edirdi. Onun ölümü elə də böyük təəccüb doğurmazdı.”

“O qız sizə nə etmişdi ki?”

“Ərim o qıza vurulmuşdu. Hətta ərim məni tərk edib onunla evlənmək niyyətində idi. Bunu mənə də demişdi. Ərimçün çox şey etmişdim. Biz bu evi onunla birlikdə tikmişdik. O mənim bu dünyada malik olduğum yeganə dayağım idi. Uşağımız yox idi, çünki ərim istəmirdi. Ona kömək etmək üçün dülgərliyi də öyrənmişdim, nərdivana çıxmaqdan qorxurdum. Amma ərimə kömək etmək üçün bunu da öyrəndim. O mənim bütün həyatım idi,  o isə  məni təpikləyib evdən çıxarmaq, qeydiyyat otağında  işləyən o it kimi zingildəyən qızı bu evə gətirmək istəyirdi. Ərimlə bir yerdə tikdiyim bu evdə nə vardısa ona qalacaqdı. Necə düşünürsünüz, bu ədalətlidir?”

“Deyin görüm,  zəhəri necə almaq olar?”

“Zəhəri heç bir yerdən alası olmadım- evin arxasındakı bağda neçə illərdir ki, ravənd  bitir. Onun yarpaqlarının zoğlarnda zəhər var. Yox, gövdəsi yaxşıdır,  zəhərli deyil, biz onu  yeyirik.  Zəhər ravəndin iri yarpaqlarının zoğlarında olur. Bunu bilirdim, amma  bilmirdim ki,  hansı miqdarda işlətsəm effekti olar. Demək olar ki, mənim etdiyim  eksperiment xarakterli idi. Həm də bəxtim bir çox şeylərdə gətirdi. Birincisi, ərim Minneapolisə simpoziuma  getmişdi. Əlbəttə, ərim o qızı da özüylə apara bilərdi. Amma yay tətili idi, o qeydiyyat otağında işi aparmalı idi. İkincisi, onun otağında ondan başqa heç bir işçi yox idi. Əgər onun otağında başqa adam olsaydı məndən şübhələnə bilərdilər. Özümü elə apardım ki, guya onun otaqda tək olmasından xəbərim yoxdur. Onunla əlaqələrimiz vardı, o bizə gəlib nahar edərdi. Ərim onu bizə gətirirdi, bilmək istəyirdi ki, onu  bizə gətirəndən sonra mən o qıza nəsə deyəcəm ya yox. Niyə ondan canımı qurtarmaq istəyirdim? Ərim mənimlə bir yerdə qalmağı düşünmürdü.Ya da hansı yolla olursa- olsun o qızı da əlində saxlamağa çalışırdı. Lap ərim məndən ayrılmasa da o qız bizim həyatımızı zəhərləmişdi. O mənim həyatımı zəhərlədi , mən də onunkunu.

  Mən iki piroq bişirdim-birinə zəhər qatmışdım o birinə isə yox.  Maşını düz universitetə sürdüm, iki fincan kofe alıb onun otağına getdim. Otaqda ondan başqa heç kim yox idi. Ona dedim ki, başqa işlə əlaqəli şəhərə gəlmişəm, ərimin həmişə təriflədiyi şirniyyat mağazasının yanından keçəndə iki fincan kofe və piroq almaq istədim. Dedim ki, onun iş yoldaşları tətildə olduğu üçün o təkdir, mən də ərim simpoziuma getdiyi üçün təkəm. Çox sevindi və mənə təşəkkür etdi, dedi ki, ofisdə tək oturmaq onu bezdirib, kafeteriya da bağlı olduğuna görə  kofe üçün o biri korpusa, laboratoriyanın yanındakı yerə gedir- orda da kim bilir kofenin içinə xlorid turşusu da qata bilərlər. Belə deyib o güldü, beləcə, biz kiçik məclis düzəltdik.”

“Mənim  ravənddən zəhləm gedir. Sizin  bu plan məndə alınmazdı. ” – kişi dedi.

“Amma onda alındı. Düşündüyüm kimi oldu, ona tez təsir etdi, o nəsə dərk edənə qədər bağırsaqları nasos kimi “işləməyə” başladı. O heç mənimlə danışmağa da imkan tapa bilmədi. Onu otaqda qoyub çıxdım. Binada çox az adam vardı, əminəm ki, heç kim mənim binaya girib-çıxdığımı görmədi. Əlbəttə, oradan geri qayıtmaq üçün gizli yollar da bilirdim.”

“Düşünürsünüz ki, siz ağıllısınız? Siz cəzadan canınızı qurtarmısınız.”

“Siz də mənim kimisiniz.”

“Mən sizin kimi xəlvəti etməmişdim.”

“Ancaq xəlvəti etmək sizə də vacib idi.”

“Mərc gəlin ki, düz deyirsiniz.”

“Nə etdimsə mənə vacib idi. Ailəmi qoruyub saxladım. Ərim də başa düşdü ki, o xəstə qızdan ona arvad olmazdı. Sevindi ki, nə yaxşı onunla evlənməyib, yoxsa  ona bir yük olarmış. O adicə makinaçı idi. Hə, ərim bunu dərk etdi.”

“Bəlkə siz yumurtaya nəsə qatmısınız? Onu bilin ki, nəsə etmiş olsanız peşman olacaqsınız.”

“Arxayın olun, heç nə qatmamışam yumurtaya. Bu elə bir şey deyil ki, mən onu müntəzəm edim. O vaxt da zəhər barədə az şey bilirdim. Ravənd barədə az-çox nəsə bilməyim də bir təsadüf idi.

 O qəflətən ayağa durdu, elə durdu ki, hətta stul da aşdı. Nita gördü ki, çaxır butulkası tamam boşdur.

“Maşının açarını mənə verin.”

Nita bir an nə deyəcəyini bilmədi.

“Maşının açarını soruşuram.  Onlar haradadır?”- kişi soruşdu.

 Hə, açarı ona verən kimi o Nitanı da öldürəcək. Görəsən ona desə ki,  onsuz da xərçəngdən öləcək, bu ona kömək olarmı?  Gör o nə axmaqdır! Əlbəttə, bunu deməyin heç bir faydası olmaz. Gələcəkdə baş verəsi bir ölüm onu bugünkü ölümdən xilas edə bilməz.

“Sizə dediklərimi heç kim bilmir. Siz birinci adamsınız ki, sirrimi açdım.”

 Kim bilir, bəlkə də onun dediklərini kişi bir qulağından alıb o biri qulağından buraxmışdı.

“Hələ heç kim bilmir.” – kişi dedi.

  Allaha şükür, o nəyisə düşünə bilir, çaxır onun ağlını əlindən tam almayıb hələ. O nəyisə dərk edir görəsən?

Kim blir, bəlkə də...

“Açarlar mavi çaynikin içindədir.”

“Bax orda, qaz peçinin yanındakı stolun üstündə. Bu çaynikin qapağı sınmışdı, biz onun içinə bəzi şeyləri atırdıq.”

“Ağzını yum! Yoxsa mən yumacam ağzını!” – kişi bunu deyib əlini mavi rəngli çaynikin  içinə saldı, əli çaynikə girməyəndə biədəb söyüş söydü. Sonra isə mavi çayniki başıaşağı çevirib stolun  üstünə boşaltdı. Nəinki maşının və  evin açarları , eləcə də müxtəlif sikkələr, bir dəstə köhnə Kanada pulu döşəməyə dağıldı, çaynikin sınıqları isə evin içinə səpələndi.

“Bax, odur, qırmızı iplə bağlanmış açarlar.”- Nita zəif səslə dedi.

  Kişi yerə tökülənləri təpiklə o yan bu yana çevirdi,  nəhayət açarları tapdı.

“Yəqin  soruşanlara nə deyəcəyinizi bilirsiniz, eləmi? Deyərsiniz  maşını tanımadığınız bir adama satmısınız. Düzdür?”

  Bu fikir heç Nitanın ağlına gəlməmişdi. Sanki ev titrədi gözü önündə. Ağzını açdı ki, kişiyə “təşəkkür edirəm”  desin, amma ağzı elə quruydu  ağzından səs çıxmadığına əmin oldu.

 Amma yox, deyəsən onun ağzından sözlər çıxmışdı. Çünki kişi dedi:

“Hələ  təşəkkür etməyin. Mənim görkəmim yaddaqalandır.  Maşını satdığınız adamın kimliyini soruşanda mənə oxşadığını deməyin. Elə söz deməyin ki, polislər  qəbirstanlığa gedib öldürdüklərimin cəsədlərini  çıxarıb baxsınlar. Ağzınızdan bir kəlmə  qaçırsanız mən də sizin dediklərinizi  polisə deyəcəm. Oldumu?”

  Nita hələ də başını aşağı salıb susurdu. Nə tərpənirdi, nə də danışırdı. Eləcə döşəməyə  dağılımış xırda-xuruş şeylərə gözünü zilləmişdi.

  Hə, deyəsən evin qapısından çıxdı. Qapı bağlandı. Nita isə hələ də hərəkətsiz dayanmışdı. O gedib qapını bağlamaq istədi, ancaq addım ata bilmədi. Matorun işə salındığını eşitdi, sonra səs itdi. Nə oldu? O çox əsəbi idi, yəqin hər şeyi səhv edib. Sonra yenə maşının matorunun səsi eşidildi,  təkrar-təkrar bu səs gəldi. Sonra  deyəsən maşın aşdı. Təkərlər çınqıllı yerə düşmüşdü.

  Nita əsə-əsə telefona tərəf getdi, məlum oldu ki, kişi ona düz deyirmiş-  səs yox idi, xətt kəsilibmiş.

  Telefonun yanında kitab rəfi vardı. Bir qayda olaraq bu rəfə köhnə  kitabları qoyardılar. Kitabların çoxu illərlə açılmamışdı. Bu kitabların arasında “Məğrur Qüllə” kitabı, Albert Speerin kitabları,  Richin kitabları vardı.

 Richin birinci arvadı Bett Underhillin tərtib etdiyi “ Tanış meyvələr və tərəvəzlər”,  “Sağlam və zərif yeməklər” kitabı da bu rəfdəydi.

  O vaxt Rich mətbəxi tamam tikib qurtaranda Nita bir səhv elədi, o Bett kimi yemək bişirməyə  cəhd etmişdi. Amma bu çox çəkmədi. Məlum oldu ki, Rich o vaxtkı haqq-hesabları yada salmaq istəmir, həm də Nitanın o qədər səbri yoxdu ki, hansısa yeməyə saatlarla vaxt sərf etsin. Amma Nita onun təəccübünə səbəb olan bəzi şeylər öyrənmişdi. O  tanıdığı bəzi bitkilərin zəhərli tərəflərini öyrənmişdi.

Gərək Nita Bettə belə bir məktub yazsın:

“Əziz Bett! Rich ölüb, mən də özümü sənin yerinə qoyaraq  həyatımı bir təhlükədən xilas etdim.”

 Axı Bettin nə vecinə ki, Nita təhlükədən qurtulub?  Rich sağ olsaydı Nita bu barədə  yalnız ona danışa bilərdi.

 Rich... Rich... İndi o Richin yoxluğunun nə demək oduğunu dərk edirdi. Sanki yer üzündəki havanı göylər əmib qurtarmışdı.

 Nita özünə söz verdi ki, kəndə qədər piyada gedəcək.

Township Hall-un arxasında polis idarəsi vardı.

Həm də o özünə mobil telefon almalıdır.

Amma Nita elə sarsılmışdı ki... Elə yorğun idi ki,  addım ata bilmədi. İlk növbədə

 ona istirahət lazım idi.  

 

O hələ də bağlı olan  qapının  taqqıltısına   oyandı.  Qapını polis taqqıldadırmış.  Kənd polisindən yox, əyalət polis idarəsindən idi. Polis Nitadan həyətlərindəki maşının harada olmasını soruşdu. Nita  həyətdəki çınqıllı yerə tərəf baxdı- maşın orda park edilmişdi.

“Maşın orda idi. Indi yerində yoxdur.”

“Siz maşının oğurlandığını bilmirdiniz? Maşını axırıncı dəfə nə vaxt  görmüsünüz?”

“Keçən gecə...”

“Açarlar maşının üstündə idi?”

“Məncə maşının qapısının üstündəydi.”

 “Sizə deməliyəm ki, bədbəxt hadisə baş verib. Maşın qəzası. Sürücü maşını yanacaq  maşınına çırpıb, maşın xurd-xəşil olub. Bu heç da hamısı deyil.  Məlum olub ki, sürücü 3 nəfəri qətlə yetirən qatildir.  Mitchellstonda  qətl törədib. Bəxtiniz gətirib ki, siz onun  qabağına çıxmamısınız.”

“Sürücü çox əzilib?”

“Elə həmin  dəqiqə ölüb. Onu bu gün  ədəb-ərkanla basdıracaqlar .”

 Sonra polis mərhəmətli bir insan kimi Nitaya uzun bir “mühazirə” oxudu- “Açarları maşının qapısı üstündə qoymaq olmaz”, “Tək yaşayan qadın ehtiyatlı olmalıdır” ,  “Bu zamanadan  heç xəbəriniz yoxdur?”...

Heç vaxt xəbərləri olmadı...

 Tərcüməçi: Sevil Gültən

 12 noyabr, 2013

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə