Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
"ULDUZ" jurnalı ilə AYB.AZ saytının birgə layihəsi
İlham Abbasovun təqdimatında

Verner fon Heydenstam. YARADICILIĞINA MÜKAFATLA SON

VERMİŞ LAUREAT

 

 Ədəbiyyat üzrə Nobel mükafatçıları arasında nəzəri baxımdan statusa və mükafatın dərəcəsinə görə fərq qoyulmasa da, təbii ki, real olaraq onların heç də hamısı eyni yaradıcılıq dəyərinə və ədəbi şan-şöhrətə malik olmur.

Məsələn, 1915-ci ilə qədər Nobel mükafatı almış yazıçılar sırasında almaniyalı T.Mommzen, fransalı F.Mistral, polşalı H.Senkeviç, britaniyalı R.Kiplinq, isveçli S.Lagerlöf, belçikalı M.Meterlink, hindistanlı R.Taqor, fransalı R.Rollan kimi həqiqətən dünya miqyaslı ədiblərlə yanaşı, bu ali ədəbiyyat mükafatına layiq bilinməsi, yumşaq desək, təsadüfi görünən insanlar da var. Misal olaraq 1901-ci ildə ədəbiyyat üzrə ilk Nobel mükafatını almış fransız şairi S.Prüdomu göstərmək olar. O heç öz vətənində belə əməlli-başlı tanınmırdı. İndi isə onun adını, demək olar ki, heç kim xatırlamır. Yaxud 1908-ci ildə bu mükafatın verildiyi alman fəlsəfəşünası R.Eykenin, ümumiyyətlə, ədəbiyyata aidiyyatı yox idi. Dünya fəlsəfəsinə nəhəng simalar bəxş etmiş vətənində R.Eyken heç fəlsəfə mütəxəssisi kimi də ciddi qəbul olunan bir şəxs deyildi.

1916-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş İsveç şairi və romançısı Verner fon Heydenstam da nə mükafatı alana qədər, nə də ondan sonra elə bir yaradıcılıq uğurları qazanmamışdı. Bu gün isə bu yazıçının adı yalnız İsveç ədəbiyyatı tarixi ilə məşğul olan mütəxəssislərə tanışdır. Hərçənd ki Nobel Mükafatları Komitəsinin qərarında onun bu mükafata “dünya ədəbiyyatında yeni eranın aparıcı nümayəndələrindən biri kimi mühüm yerinə və mövqeyinə görə” layiq görüldüyü qeyd olunmuşdu, amma əsl həqiqətdə nə dünyanın, nə də dünya ədəbiyyatının ondan xəbəri yox idi.

Bu qəribə subyektivliyin səbəbi barədə düşünəndə ağıla ilk gələn bu olur ki, Nobel Komitəsi bu yolla mükafat marafonunda İsveçin digər Avropa ölkələrindən geri qalmasını kompensasiya etməyə çalışmışdır. Ancaq Komitənin fəaliyyəti barədə ətraflı məlumata malik olanda onun İsveçə münasibətdə belə bir tərəfkeşliyə yol verə bilməsi ehtimalı inandırıcı görünmür. Yada salaq ki, İsveç kralının şəxsən təqdim etdiyi bu mükafat İsveç yazıçısına yalnız onuncu sırada verilmişdi. Halbuki hələ sağlığında dünya uşaq ədəbiyyatının klassiki sayılan xanım Selma Lagerlöf bu mükafata tamamilə haqlı olaraq bir neçə il əvvəl də layiq görülə bilərdi. (Onu da qeyd edək ki, S.Lagerlöf Nobel mükafatı almış ilk qadın yazıçı idi.)

Başqa bir əlamətdar fakta diqqət yetirək: İsveç dövlətini təmsil edən Nobel Komitəsi hələ 1903-cü ildə ilk mükafatlardan birini bütün ömrünü və yaradıcılığını vətəninin azadlığı uğrunda İsveçə qarşı mübarizəyə həsr etmiş Norveç şairi B.Börnsona vermişdi. Maraqlıdır ki, o zaman Norveç hələ İsveç asılılığından tam xilas olmamısdı və B.Börnsonun mübarizəsi də davam edirdi... Ədəbiyyat üzrə Nobel mükafatlarının tarixi belə maraqlı və paradoksal faktlarla zəngindir.

V.f.Heydenstam (Karl Qustav Verner fon Heydenstam) 6 iyul 1859-cu ildə İsveçin cənubunda – Vettern gölünün sahilindəki Elsxammer şəhərində, zəngin aristokrat ailəsində doğulmuşdu. Atası Nils Qustav fon Heydenstam hərbiçi mühəndis, anası Maqdalena Şarlotta Rütterşeld isə kübar nəsildən olan ev xanımı idi. Anası sistemli təhsil almasa da, ədəbiyyat və incəsənətə çox bağlı və dərindən bələd olan bir insan idi. Məhz onun təsiri ilə Karl Qustav uşaqlıq illərindən mehrini kitablara salmış, xalq ədəbiyyatının – nağıl və saqaların, əfsanə və rəvayətlərin əsrarəngiz mühitində böyümüş, yüksək zövqlü ədəbiyyat həvəskarı kimi tərbiyə olunmuşdu.

Onların ailəsi əsasən Stokholmda yaşayır, yalnız yay aylarını öz doğma şəhərlərində keçirirdi. Karl Qustav kiçik yaşlarında zəif və xəstəhal bir uşaq idi. Soyuq və rütubətli Skandinaviya təbiəti onun səhhətinə pis təsir edirdi. Buna görə də quru və isti iqlim şəraitinin uşağın sağlamlığını bərpa edəcəyinə ümid bəsləyən valideynləri həkimlərin məsləhətinə əməl edərək yeniyetmə Karl Qustavı xidmətçilərin müşayiəti ilə cənuba – Aralıq dənizi sahillərinə uzunmüddətli səyahətə göndərdilər. Yaxın Şərq ölkələrini gəzəndən sonra şimallı zadəgan balası xeyli müddət Yunanıstan və İtaliyada yaşamalı olur. Cənub günəşinin təsiri ilə onun səhhəti yaxşılaşsa da, başqa bir “sağalmaz xəstəliyə” -- yaradıcılıq mərəzinə tutulur. Onun üçün yad olsa da, son dərəcə maraqlı görünən bu mühit, hərarətli cənub təbiəti Karl Qustavın könlünü və zəkasını zəngin təəssüratlarla doldurur,

xarakterinin formalaşmasında və qəlbində yaradıcılıq eşqinin oyanmasında mühüm rol oynayır.

Orta təhsilini Yunanıstanda tamamlayan və Afina Universitetində oxumağa başlayan Verner nəzəri mühazirələrdən daha çox praktik biliklərə maraq göstərir və Aralıq dənizi sahillərindəki qədim sivilizasiyaların yadigarı olan abidələri öyrənməyə üstünlük verirdi. Lakin gələcək həyatı üçün konkret planları olmayan gənc universiteti yarımçıq atır, çox erkən yaşında İsveçrəli xanım Emiliya Uqqla ailə quraraq 1880-ci ildə İsveçə qayıdır. Qısa müddət vətənində yaşadıqdan sonra atasının təkidi ilə Parisə yola düşür və burada İncəsənət Məktəbinin rəssamlıq fakültəsinə daxil olur. Ancaq çox keçmir ki, bu məktəbi də ataraq xanımı ilə bərabər onun vətəni İsveçrəyə köçür və burada yaşamağa başlayır.

1886-cı ildə V.f.Heydenstamın həyatında onun sonrakı taleyinin müəyyənləşməsi üçün həlledici rol oynayan bir hadisə baş verir. O, İsveçrədə yaşayan həmyerlisi, tanınmış şair və dramaturq Avqust Strindberqlə tanış olur. Tezliklə dostluğa çevrilən bu tanışlıq Karl Qustavın rəssam olmaq istəyindən vaz keçməsi və ədəbi yaradıcılıq yolunu seçməsi ilə nəticələnir. 1887-ci ildə İsveçə qayıdan V.f. Heydenstam 1888-ci ildə “Zəvvarlıq və səyahətlər” adlı ilk seir kitabını nəşr etdirir. Bu kitaba daxil edilmlş şeirlərdə uşaqlıq dövrünün məsum xatirələri Şərq ölkələrinə səyahətdən yaranmış poetik təəssüratlarla sintez şəklində təqdim olunurdu. Həmin seirlər çox böyük oxucu marağı doğurdu. Onlar isveçli şeir həvəskarlarını vərdiş etdikləri poeziya nümunələri ilə ziddiyyət təşkil edən əlvan koloriti və zəngin obrazlılığı ilə məftun etmişdi. Həmin dövrün parlaq rənglərdən qaçan, solğun və donuq İsveç poeziyası ilə müqayisədə çox işıqlı və hərarətli görünən bu şeirlər romantik xarakteri ilə ölkənin ədəbi mühitinə tamam yeni bir ovqat gətirdi və oxucuların dərin rəğbətini qazandı.

Müəllifin bir il sonra çap edilmiş ikinci kitabı – “Endimion” romanı onun nəsr sahəsində də kifayət qədər istedad sahibi olduğunu sübut etdi. Bu əsərin də əsas məzmun və ideyasını Aralıq dənizi sahilləri ilə bağlı olan yaşantılar təşkil edirdi.

V.f.Heydenstamın 1890-cı ildə nəşr olunmuş “Renessans” adlı üçüncü kitabı yazıçının ədəbi-estetik görüşlərinin, yaradıcılıq platformasının nəzəri ifadəsinə həsr olunmuşdu. Bu əsər XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa və ABŞ ədəbiyyatlarında mühüm mövqe tutan neoromantizm ədəbi cərəyanının ilk manifestlərindən biri idi. Neoromantizm XIX əsrin ortaları və ikinci yarısında Qərb ədəbi mühitində aparıcı rol oynayan naturalizm yaradıcılıq metoduna qarşı etiraz reaksiyası kimi meydana gəlmişdi. Bu cərəyanın əsas estetik prinsipi XIX əsrin birinci yarısında mövcud olmuş romantizm ənənələrinin dirçəldilməsi idi.

Neoromantik ədəbiyyatı əsasən ictimai faciə motivləri üzərində qurulmuş klassik romantizmdən fərqləndirən cəhət bu cərəyana mənsub əsərlərin pessimizmdən uzaq macəra və detektiv detallarla zəngin olması idi. Bu ədəbiyyatın görkəmli nümayəndələri sırasında Azərbaycan oxucusuna yaxşı tanış olan Fenimor Kuper (“Ləpirçi”, “Sonuncu mogikan”), Etel Lilian Voyniç (“Ovod”, “Cek Raymond”), Jül Vern (“Sirli ada”, “Kapitan Qrantın uşaqları”), Robert Stivenson (“Dəfinələr adası”, “Qara ox”), Cek London (“Həyat eşqi”, “Martin İden”), Mayn Rid (“Başsız atlı”, “Ağdərili başçı”), Lui Büssenar (“Kapitan Dəlibaş”, “Brilyant oğruları”), Artur Konan Doyl (“Şerlok Holmsın sərgüzəştləri”, “İtirilmiş dünya”) kimi görkəmli yazıçıların adlarını çəkmək olar.

M.Qorki, A.Qrin, A.Kuprin, N.Qumilyov kimi tanınmış rus yazıçılarının yaradıcılığının ilkin mərhələsi də bu ədəbi cərəyana aid edilir.

Kitabına ad verdiyi renessans sözü ilə məhz romantizm ənənələrinin bərpasını nəzərdə tutan V.f.Heydenstam öz əsərində naturalizmi kəskin tənqid edərək canlı gözəllik duyğusuna, zəngin yaradıcı təxəyyülə malik olan, həyatın işıqlı cəhətlərini əks etdirməyə üstünlük verən yeni poetik estetika prinsiplərinin formalaşdırılması zərurətindən bəhs edirdi.

1892-ci ildə nəşr etdirdiyi “Hans Alyenus” adlı mənzum romanında həmin prinsipləri praktik olaraq tətbiq etməyə çalışmışdı. 1895-ci ildə çap olunmuş “Şeirlər” adlı ikinci poetik toplusunun nəşrindən sonra isə V.f.Heydenstamı İsveç ədəbiyyatının ən nüfuzlu simalarından biri kimi dəyərləndirməyə başlayırlar. ABŞ-da yaşayan İsveç əsilli tənqidçi Arlik Qustavson bu kitaba toplanmış şeirlər haqqında yazırdı: “Şeirlərin hər misrasında şairin humanist duyğuları həkk olunub. Onların hər biri öz kökü, mayası ilə müəllifin vətəninin qədim tarixi köklərinə bağlılıq hisslərini əks etdirir.”

Vətəninin, xalqının qədim və şərəfli tarixi yazıçının “XII Karlın döyüşçüləri”(1897-1898) hekayələr silsiləsinin də əsas qayəsini təşkil edir. Bu kitaba qüdrətli İsveç kralının əsgərləri haqqında bir-biri ilə tematik cəhətdən bağlı olan maraqlı hekayələr daxildir. Hər biri ayrılıqda müstəqil bədii tutuma və estetik dəyərə malik olan bu hekayələr sırasında “Müqəddəs Georgi”, “Qardaşlar”, “İsa Məsihin zühuru” kimi novellalar xüsusilə seçilir. Müəllif öz qəhrəmanlarını çağdaş İsveç cəmiyyətində hökm sürən şəxsi mənfəət ehtiraslarına qarşı qoyur və onların obrazlarını romantik inikas prinsiplərinə uyğun olaraq ideallaşdırır.

Yazıçının sonrakı nəsr əsərləri – “Müqəddəs Brigittanın ziyarəti”(1901) romanı da, hər biri iki cilddən ibarət olan “Folkunqlanın şəcərəsi”(1905-1907) və

“İsveçlilər və onların rəhbərləri”(1908-1910) romanları da tarixi mövzulara həsr olunmuşdu.

V.f.Heydenstamın ömrünün bu dövrü yaradıcılıq baxımından məhsuldar olsa da, şəxsi həyatı uğurlu keçməmişdi. Birinci xanımının qəfil ölümündən üç il sonra – 1893-cü ildə o, Olqa Viverd ilə ailə qurur, lakin onlar tezliklə ayrılırlar. 1900-cü ildə yazıçı üçüncü dəfə özündən iyirmi yaş kiçik olan Qretta Şever ilə evlənir.

Elə həmin dövrdə onun həyatında başqa bir dramatik səhifə də açılır. Tarixə və müasir sosial mühitə münasibətdə, ədəbiyyatın ictimai funksiyası barədə mövqeyində onunla ciddi fikir ayrılığı olan yaxın dostu və özünə sənət ustadı bildiyi Avqust Ştrindberqlə aralarında kəskin münaqişə baş verir. Sinfi mübarizə mövzusunda sosial romanlar müəllifi olan A.Strindberq mətbuatda onu keçmişi, xüsusən özünün də mənsub olduğu zadəgan sinfini ideallaşdırmaqda ittiham edərək kəskin tənqid atəşinə tutur. V.f.Heydenstam da opponent dostunun ünvanına qarşılıqlı ittihamlar səsləndirməli olur.

V.f.Heydenstamın 1915-ci ildə işıq üzü görən “Yeni şeirlər” adlı kitabının böyük uğur qazanması və A.Strindberqin bu uğuru etiraf edərək müəllifi “İsveç ədəbiyyatını dünya miqyasında təmsil etməyə layiq olan sənətkar” adlandırması münaqişəyə son qoydu. Və sanki, görkəmli yazıçının istəyini yerinə yetirərək Nobel Mükafatları Komitəsi növbəti ildə V.f.Heydenstamı ali ədəbiyyat ödülü ilə təltif etdi. İsveç Akademiyasında onun namizədliyinin müzakirəsi zamanı ekspert qismində rəy verən ədəbiyyatşünas Sven Sederman iddiaçının yaradıcılığını yüksək dəyərləndirərək onu “İsveç poeziyasını dirçəldən təkrarsız sənətkarlar kəhkəşanının ən parlaq ulduzu” adlandırmışdı.

V.f.Heydenstam yaradıcılıq fəaliyyətinin miqyasına görə bir çox Nobel mükafatçıları ilə müqayisəyə gələ bilmədiyi kimi, mükafatdan sonrakı sənət taleyinə görə də digər laureatların hamısından kəskin şəkildə fərqlənir. Məsələ bundadır ki, o, 1916-cı ildə mükafata layiq görüldükdən sonra 1940-cı il mayın 20-də vəfat edənə qədər 24 il yaşasa da, daha heç bir yeni əsər yazmadı və heç bir yeni kitab nəşr etdirmədi. Mükafatdan əvvəl yazmağa başladığı “Şabalıdlar çiçəkləyəndə” adlı xatirələr kitabını sonralar tamamlasa da, sağlığında çap etdirmədi. Bu əsər yalnız müəllifin vəfatlndan sonra, 1941-ci ildə nəşr olundu.

Müasir dövrdə də onun əsərləri nə İsveçdə, nə də başqa bir ölkədə çap olunur. Və bu halda “təbii” görünə bilər ki, yazıçının heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib və ölkəmizdə çap olunmayıb. Onun haqqında Azərbaycanda heç nə yazılmayıb, hətta demək olar ki, heç adı da çəkilməyib. İndi

bütün dünyada onu İsveç ədəbiyyatını dərindən bilən mütəxəssislərdən başqa heç kim tanımır.

Davam edən Dünya müharibəsi səbəbindən 1916-cı ildə də Nobel mükafatlarının təqdimat mərasimi keçirilmədi və yeni laureata Nobel nitqi ilə çıxış etmək nəsib olmadı. Bu məqamda V.f.Heydenstamın məşhur bir deyiminin onun öz taleyi üçün necə qəribə və rəmzi məna daşıdığını xatırlatmaq yerinə düşərdi. O yazır: “İsveçdə əlli yaşı tamam olmayınca yazıçını həddən artıq gənc sayırlar və heç bir şöhrətə layiq bilmirlər. Əlli yaşdan yetmiş yaşacan isə o artıq çox qocalmış olur və şan-şöhrətə ehtiyac duymur. Beləliklə, onun əsl yazıçı həyatı yalnız yetmiş yaşdan sonra, o artıq qəbiristanlıq sakini olarkən başlayır.”

Bu fikrə yalnız onu əlavə etmək olar ki, müəllifin özünə hec bu da qismət olmadı...

Verner fon Heydenstam yaradıcılığının dəyərinə görə olmasa da, dünyanın ən nüfuzlu mükafatına layiq görüldüyünə görə ədəbiyyat tarixinə düşmüşdür və zaman onun adını yaddaşlardan silsə də, ədəbiyyat tarixindən heç kim silə bilməz.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə