Son xəbərlər

 

Ədəbiyyat  üzrə  Nobel  mükafatı  laureatları

 “Ulduz” jurnalı ilə  ayb.az saytının birgə layihəsi

İlham Abbasovun təqdimatında



1917-ci ildə birdən-birə iki Danimarka yazıçısına ədəbiyyat üzrə Nobel mükafatı verilməsində siyasi motivlərin də rolu olmamış deyildi. Birinci Dünya müharibəsinin gedişində İsveç öz neytrallığını saxlasa da, Almaniyaya və onun mənsub olduğu hərbi bloka rəğbətini gizlətmirdi. Danimarka da Almaniyanın əsas müttəfiqlərindən biri idi. Digər tərəfdən, həmin ilin Nobel mükafatçılarından biri – K.Gellerup alman qadını ilə ailə quraraq Almaniyada yaşayırdı və ona şöhrət gətirən əsas əsərlərini də alman dilində yazmışdı. Obyektiv  yanaşsaq, etiraf etmək lazım gələr ki, K.Gellerupun yaradıcılığı Danimarka ədəbiyyatından daha çox alman ədəbiyyatının hadisəsi idi. Hətta digər Nobel laureatlarından fərqli olaraq, onun bu yüksək ədəbi mükafata layiq görülməsi vətənində o qədər də coşqunluqla qarşılanmadı, çünki danimarkalılar onu alman yazıçısı hesab edirdilər. 

Nobel Mükafatları Komitəsinin qərarında K.Gellerupun mükafata “çoxcəhətli poetik yaradıcılığına və yüksək idealizminə görə” layiq görüldüyü qeyd olunurdu. Dövrün ədəbi tənqidi onun yaradıcılığında yüksək mənəviyyat və həqiqətə sadiqliyi ən dəyərli cəhət kimi qiymətləndirirdi. 1917-ci ildə iki Danimarka yazıçısının (H.Pontoppidanla K.Gellerupun) bu mükafatı almasından əvvəl analoji hadisə yalnız bir dəfə baş vermişdi – 1904-cü ildə mükafata fransız yazıçısı F.Mistral və ispan dramaturqu X.Eçeqaray layiq görülmüşdülər. Maraqlıdır ki, haqqında danışılan bu iki Danimarka ədibinin həyatında Nobel ödülünə “şərik” olmalarından başqa da ortaq cəhətlər az deyildi. Hər ikisi 1857-ci ildə keşiş ailəsində doğulmuş, dini təhsil aldıqdan sonra ruhani karyerasından imtina edərək ədəbi yaradıcılıq yolunu seçmişdilər. Hər ikisinin ədəbi taleyində, yaradıcılıq  tərzinin formalaşmasında görkəmli Danimarka ədəbiyyatşünası və ictimai xadimi G.Brandesin həlledici təsiri olmuşdu, hər ikisi ədəbiyyatda öz üslubunu tapandan sonra ustadın yolundan uzaqlaşmış, hətta ona tənqidi yanaşmağa başlamışdılar.

Görkəmli şair, nasir və dramaturq K.Gellerup XIX əsrin sonu – XX əsrin əvvəllərində Danimarka ədəbiyyatını uzun sürən durğunluq mərhələsindən çıxararaq ümumavropa mədəni prosesinə qovuşduran mütərəqqi yazıçılar pleyadasının əsas simalarından biridir. Onun adı haqlı olaraq ölkəsinin ədəbiyyatına yüksək peşəkarlıq məziyyətləri bəxş etmiş G.Brandes, H.Banq və H.Pontoppidan ilə bir sırada çəkilir.

Karl Adolf Gellerup 1857-ci il iyunun 2-də Danimarkanın Cənubi Zelandiya əyalətinin Roxolt qəsəbəsində ruhani ailəsində doğulmuşdu. Üç yaşında ikən atasını itirən Karlı dayısı Yuhans Fibiger öz himayəsinə götürdü. Kopenhagendə yaşayan Y.Fibiger də ruhani idi və uşağı dini ruhda tərbiyə edirdi. Bundan əlavə, Y.Fibiger həm də ilahiyyatçı alim, dini mövzuda şeir və hekayələr yazan tanınmış yazıçı idi. Məhz onun təsiri ilə orta təhsilini dini məktəbdə alan Karl hələ şagird ikən ilk şeir və hekayələrini qələmə alır, orta məktəbi bitirəndə isə dramaturgiyada debüt edərək ilk pyesini yazır. Lakin bu əsərlərdən heç biri çap olunmamışdır.

1874-cü ildə orta təhsilini başa vurandan sonra Kopenhagen Universitetinin ilahiyyat  fakültəsinə daxil olan K.Gellerup öz ixtisası ilə yanaşı, təbiət elmlərinə də maraq göstərərək Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə tanış olur. Eyni zamanda ilahiyyatçı tələbə həmin dövrün gənclərinin kumiri sayılan, Danimarkanın ədəbi-ictimai həyatında cox mühüm rol oynayan görkəmli ədəbiyyatşünas-tənqidçi Georq Brandesin mühazirələrini dinləyərək təbliğ etdiyi radikal ədəbi nəzəriyyəni də mənimsəyir və onun əsas ardıcıllarından biri kimi tanınır. Bir vətəndaş olaraq dünyagörüşünün, bir yazıçı kimi ədəbi zövqünün və yaradıcılıq üslubunun formalaşmasına bu amillərin hər ikisi çox güclü təsir göstərir. Gəncliyində G.Brandesin bədii ədəbiyyat qarşısında qoyduğu həyat reallıqlarını həqiqətə uyğun şəkildə əks etdirmək, ictimai gerçəkliyə tənqidi yanaşmaq tələbini ardıcıl yerinə yetirən K.Gellerup sonralar bu nəzəriyyədən qismən uzaqlaşsa da, onun yaradıcılıq üslubunda  realist xətt axıra qədər tamam itmədi. Müxtəlif estetik cərəyanların təsirinə məruz qalsa da, insan psixologiyasının və mənəvi dünyasının həqiqətəuyğun ifadəsi onun yaradıcılığının aparıcı istiqaməti olaraq qaldı. K.Gellerupun gənclik dövrünün ən böyük paradoksu odur ki, ilahiyyat  fakültəsini əla qiymətlərlə bitirsə də, universiteti ateist kimi tərk edir. Tələbəlik illərində onun dünyabaxışlarının formalaşmasına alman romantik ədəbiyyatının görkəmli nümayəndələri F.Şiller və H.Heynenin, həmçinin İ.V.Höte və İ.Kant kimi böyük alman mütəfəkkirlərinin də güclü təsiri olmuşdu. İlahiyyat fakültəsini qızıl medalla bitirərək ilahiyyat doktoru rütbəsi qazanan gənc yazıçı bir il sonra ateistik məzmunlu “İrsiyyət və əxlaq” traktatını, daha sonra isə Ç.Darvinin ölümünə həsr etdiyi “Dahi və zaman” rekviyemini yazaraq din yolundan birdəfəlik uzaqlaşır. Bu əsərlərdə ateist ilahiyyat doktoru xeyir, şər, vicdan, mənəvi borc, əxlaq anlayışlarını materialist-pozitivist mövqedən dəyərləndirir.

1878-ci ildə K.Gellerup özünün ilk bədii mətbu əsərini – iyirmi yaşında ikən yazdığı kiçik həcmli “İdealist” romanını Epiqonus imzası ilə nəşr etdirir. Bu əsərdə və ondan sonra yazdığı “Germanistlərin şagirdi” (1882) romanında gənc yazıçı öz taleyini əks etdirərək  dini baxışlardan uzaqlaşıb dünyəvi ömür yolunu seçmiş gənc ziyalıların həyatını təsvir etmişdir. Birinci romanda müəllif öz qəhrəmanı Maks Ştaufun qəlbində xristianlıqla ateizm arasında gedən əzablı mübarizəni əks etdirməyə çalışmışdır. Müəllifin özü kimi onun qəhrəmanı da  ilahiyyat fakültəsinin məzunu, alman romantik ədəbiyyatının və klassik musiqisinin məftunudur. Dindən uzaqlaşaraq materialist dünyagörüşünə keçmək onun qəlbində o qədər mürəkkəb hisslər oyadır ki, ruhunu didən bu ziddiyyətli duyğulardan can qurtarmağın yolunu ölümdə görür və intihar etmək qərarına gəlir. Bu fikirdən vaz keçsə də, rəqibinə atəş açmaqdan imtina edən Maks dueldə öldürülür. Tanınmış Danimarka yazıçısı H.Banq bu romanı “ölməkdə olan nəsil üçün qəbirüstü nitq” adlandırmışdı.

“Germanistlərin şagirdi” romanının qəhrəmanı Nils Yot Maks Staufun  başa çatdırmadığı işi, yəni mühafizəkar dini baxışlarla biryolluq vidalaşmağı bacarır.  Nils Yot da müəllifin özü kimi uşaqlıqdan dini ruhda tərbiyə olunmuş və ilahiyyatçı təhsili almışdı. Lakin əvvəlki ədəbi qəhrəmandan fərqli olaraq, hələ tələbəlik illərindən müxtəlif ictimai-fəlsəfi cərəyanlarla tanış olan Nilsin dini və siyasi görüşləri problemsiz təkamül edərək dəyişir və o, yeni həyat yolunu ağrısız davam etdirə bilir. Buraxılış imtahanında “İncil”i antitarixi kitab adlandıran Nils  ilahiyyatçı diplomu almadan universitetdən qovulur.

Kopenhagendən əyalətə qayıtdıqdan sonra Nils kəndli hərəkatında iştirak edir və kəndli partiyasından parlamentə deputat seçilir. Mənəvi və siyasi azadfikirlilik ideyalarını təbliğ edən “Germanistlərin şagirdi” romanını həm də brandesçilər hərəkatının ədəbi manifesti kimi qiymətləndirmək olar. Bu əsər gənc yazıçını milli ədəbiyyat mücadiləsinin ön sıralarına çıxardı. K.Gellerupun 1879-cu ildə nəşr olunmuş “Gənc danimarkalıya” romanında da din və ateizm qarşıdurması əks etdirilib. 1880-ci ildə nəşr olunmuş “Antiqonos” romanında isə müəllif ilkin xristianlıq tarixinə müraciət edərək yuxarı təbəqəli kilsə dairələrinə qarşı kəskin ittihamlar irəli sürür.

Bu mövzulardan uzaqlaşmayan yazıçı 1881-ci ildə çap olunmuş, ustadı G.Brandesə ithaf etdiyi “Yemişan” adlı şeir toplusunda da din əleyhinə kəskin fikirlər səsləndirir və G.Brandesin ədəbi-ictimai fəaliyyətini yüksək qiymətləndirərək onu “irtica əjdahasına qalib gəlmiş cəngavər” adlandırır.

K.Gellerupun ədəbi yaradıcılq üslubunun  formalaşmasına ustadı G.Brandes və alman yazıçıları Şiller, Höte və Heynedən əlavə, rus ədəbiyyatı nümayəndələrinin, xüsusən İ.Turgenevin güclü təsiri olmuşdur. 1883-84-cü illərdə İsveçrə, Almaniya, İtaliya, Yunanıstan, Rusiya və İsveçə uzunmüddətli səyahətdən sonra yazdığı  “Səyahətlər kitabı” (1885) əsərində K.Gellerup Turgenevin realizmini fransız naturalizmi ilə müqayisədə daha yüksək qiymətləndirir və ideala yaxın bir nümunə sayırdı. O, görkəmli rus yazıçısının  insan psixologiyasını əks etdirmək ustalığını xüsusilə dəyərləndirərək onun yaradıcılığını “ən yüksək əyarlı ədəbiyyat” adlandırır. Ədib realizm haqqında fikirlərini belə yekunlaşdırır: “Həqiqətin tərəfində duran yazıçı irtica fanatiklərinin ittihamlarından qorxmamalıdır.”

Bu kitabla K.Gellerup brandesçilər ədəbi cərəyanında iştirakına son qoyur və ədəbiyyatda alternativ yol axtarışına başlayır. Ustad tənqidçi özünün realizm konsepsiyasını ilk növbədə pərəstiş etdiyi fransız ədəbiyyatının nümunələri üzərində qurmuşdu. Onun daha çox klassisist və romantik alman ədəbiyyatına üstünlük verən gənc davamçısı K.Gellerup isə G.Brandesin digər şagirdi H.Pontoppidandan fərqli olaraq, artıq ədəbiyyatın real həyatın hər bir detalına sadiq qalması tələbi ilə razılaşmırdı. Onun rəyinə görə, reallığın hər xırda detalının həqiqətəuyğun təsvirinə can atmaqla ədəbiyyat insan psixologiyasının mahiyyətini ifadə etmək vəzifəsini güdaza vermiş olur. O hesab edirdi ki, bədii əsər özündə həm realist, həm də idealist başlanğıcları ehtiva etməlidir. Yeri gəlmişkən, qeyd edək ki, 1917-ci ilin Nobel mükafatçıları H.Pontoppidanla  K.Gellerupun həyat və yaradıcılığı arasında bir çox ortaq cəhətlər olsa da, fərqli məqamlar da az deyil. H.Pontoppidan realizm metoduna sona qədər sadiq qalsa da, K.Gellerup yaradıcılığının yetkin dövründə həyatın romantik vasitələrlə əks etdirilməsinə daha çox üstünlük verirdi. Və onların hər ikisinin eyni bir ildə ali ədəbiyyat ödülünə layiq görülməsi Nobel Komitəsinin ədəbiyyat üzrə mükafatları verərkən hər hansı siyasi, estetik “izmləri” yox, məhz istedad və bədii keyfiyyəti nəzərə aldığını bir daha təsdiq edir.

K.Gellerupun yeni bədii konsepsiyası səyahət zamanı yazdığı “Romul” və “Sol major” (1883) romanlarında öz ifadəsini tapır. Birinci əsər təlimçi tərəfindən incidilən “Romul” adlı cıdır atından və onun müdafiəsinə qalxan gənc xanım Esterlə həkim Qustav arasındakı sevgi münasibətlərindən bəhs edir. G.Brandes əsəri tənqid edərək Romulun əzablarının heç bir ictimai məna daşımadığını bildirəndə müəllif ona cavab verərək bu əsəri yazarkən heç bir sosial tendensiya güdmədiyini, yalnız insanların psixoloji yaşantılarını əks etdirməyə çalışdığını söyləmişdi.

İkinci romanda da müəllif psixoloji məqamları ön plana çəkərək hamı tərəfindən atılmış tənha gənc qadının nakam sevgidən doğan mənəvi iztirablarını əks etdirmişdir. Bu iki romanda müəllifin İ.Turgenevdən təsirləndiyi məqamlar açıq şəkildə müşahidə olunur. 1889-cu ildə K.Gellerup Turgenev stilində daha bir əsər – “Minna” romanını nəşr etdirir. Əvvəlki əsərlər kimi avtobioqrafik detallarla zəngin olan bu romanda hadisələr baş qəhrəmanın – Drezdendə Minna adlı alman qızı ilə tanış olan danimarkalı mühəndis Haraldın dili ilə nəql edilir. Müəllifin öz həyatı ilə səsləşən bu əsər personajların psixoloji portretlərinin təhlili ilə əlamətdardır. Özünün bədii mükəmməlliyi ilə müəllifin bütün əvvəlki əsərlərindən üstün olan bu roman onun yaradıcılığında “Turgenev mərhələsi”nin zirvəsi sayılır.   

Bu dövrdə K.Gellerup təkcə görkəmli şair və nasir kimi deyil, həm də istedadlı dramaturq kimi məşhurlaşmağa başlayır. 1884-cü ildə o, mövzusunu alman və skandinav xalq ədəbiyyatından aldığı “Brünhilda” adlı romantik mənzum faciəsini yazır. Bu əsərin ideyasını yazıçı böyük alman bəstəkarı Vaqnerin “Nibelunqların üzüyü” operasından götürmüşdü. İbsen dramaturgiyası üslubunda yazılmış bu əsərdə  Brünhilda ilə Siqurdun faciəvi məhəbbət macərası romantik notlarla əks edilmişdir. Burada antik yunan və klassik alman mənzum dramaturgiyasının teatral priyomları müasir tərzdə tətbiq edilmişdir. Bu əsərin poetik orijinallığı onda idi ki, müəllif daha çox dramaturji hərəkət vasitəsinə yox, epik təsvir üsuluna üstünlük vermişdi. 1885-87-ci illərdə Almaniyada yaşayan yazıçı mövzu və ideyaca əvvəlki əsərə yaxın olan “Tamir” dramatik poemasını tamamlayır. “Brünhilda” və “Tamir” əsərlərinə görə K.Gellerup Danimarka hökuməti tərəfindən ömürlük təqaüdə layiq görülür.

Bu əsərlərin ardınca müəllif mövzusu skandinav eposundan alınmış daha bir neçə romantik dram əsəri yazır. Bu sırada “Haqbard və Siqne” (1888), “Kral Yarne Skald” (1893) pyeslərinin adını çəkmək olar. Bu əsərlərin ardınca yazıçı  “Məhəbbətimin kitabı” adlı şeir toplusunu nəşr etdirir. Dramaturgiyasını müasir mövzulu pyeslərlə də zənginləşdirən K.Gellerupun gənc müəllimin faciəvi məhəbbəti və intiharı haqqında “Herman Vandeı” (1891), ucqar dağ kəndində yaşayan insanların əzabkeş həyatından bəhs edən “Vutxorn” (1893) və möhtəkir hökumət məmurunun bədxah əməlləri barədə “Əlahəzrət” (1895) pyeslərindən ibarət trilogiyası oxucu və tamasaçıların dərin rəğbətini qazanır. Trilogiya ilə eyni zamanda dramaturq protestant keşişi haqında satirik “Keşiş Mors” (1894) komediyasını da yazır. Bu əsərdə mühafizəkar ailə və nikah qaydaları kəskin tənqid olunur. Bundan sonra yazdığı “Dram əsərlərimə sözardı” məqaləsində yazıçı heç bir tendensiyaya uymadan insanın mənəvi dünyasının dərinliklərinə baş vurmaq istədiyini bildirir.

K.Gellerupun şəxsi həyatı da Danimarka – Almaniya xətti üzrə cərəyan etmişdir. Hələ gənclik illərində G.Brandesin yaxın qohumu Anna Karolina ilə evlənən yazıçı bir neçə ildən sonra ondan ayrılır və 1881-ci ildə Yevgeniya Hoyzinger adlı evli bir alman qadını ilə tanış olur. 1884-cü ildə xanım ərindən boşanaraq onunla ailə qurur. 1892-ci ildə onlar xanımın vətəninə -- Almaniyanın Drezden şəhərinə köçərək həmişəlik burada yaşamağa başlayırlar. Bundan sonra bütün əsərlərini almanca yazan “germanistlərin şagirdi” K.Gellerup sonra özü onların hamısını Danimarka dilinə tərcümə etsə də, artıq onun yaradıcılığı daha çox alman ədəbiyyatının faktı kimi qəbul edilirdi.

Əsasən dramaturgiyaya həsr olunmuş yeddi illik fasilədən sonra 1890-cı illərin ikinci yarısında K.Gellerup yenidən nəsr yaradıcılığına qayıdır və 1896-cı ildə Almaniyada mövzusu kənd həyatından alınmış iri həcmli “Dəyirman” romanını nəşr etdirir. Bu əsər müəllifin realist-psixoloji roman janrında ən ciddi uğuru kimi qiymətləndirilir. “Turgenev dövrü” romanlarının psixoloji təhlil üsulunu davam etdirən bu romanda simvolizm elementləri də aşkar duyulur. Eyni zamanda bu əsərdə Fransa naturalizminin böyük nümayəndəsi E.Zolyanın məşhur “Jerminal” romanının təsirini də inkar etmək olmaz.

Romanda hadisələr kənd dəyirmançısının evində cərəyan edir. Arvadı ağır xəstə olan dəyirmançı Liza adlı bir kəndli qızı qulluqçu kimi evinə dəvət edir. Diribaş və hiyləgər Liza sahibənin ölümündən sonra bu evin xanımı olmaq qərarına gəlir və öz məkrli planını həyata keçirmək üçün hər vasitədən istifadə edir. Arvadının vəfatından sonra dəyirmançının dostu Vilhelmin bacısı Xanna ilə evlənmək niyyəti də Lizanı öz yolundan döndərə bilmir. Dəyirmançı Lizanın ehtiraslı oyunları qarşısında davam gətirməyərək onunla evlənməli olur. Lakin tezliklə arvadının gənc xidmətçi ilə ona xəyanət etdiyini bilib hər ikisini qətlə yetirir. Əvvəlcə cinayəti bədbəxt hadisə kimi qələmə vermək istəyən dəyirmançı sonra ədalət məhkəməsinə təslim olur.

Bu əsərdə simvolizmə meyl edən yazıçı onun prinsiplərinə uyğun olaraq, qəzavü-qədərin insan taleyində oynadığı məşum rolun qaçılmazlığını əks etdirməyə çalışmışdır. Romanın finalında öz əməlindən peşman olmuş qəhrəmanın tövbə edərək şər yuvasına çevrilmiş dəyirmanı yandırması da simvolist əsərlər üçün səciyyəvi bir sonluqdur. “Dəyirman” romanı K.Gellerupun axırıncı böyük əsəri oldu. XIX əsrin son onilliyində ədib daha bir neçə roman yazsa da, “Dəyirman”dakı uğuru təkrarlaya bilmədi.

XX əsrin əvvəllərində isə yazıçı alman fəlsəfəsinin və klassik musiqisinin tədqiqi ilə məşğul olur, bu mövzuda araşdırma xarakterli bir neçə əsər yazır. Şopenhauer fəlsəfəsini öyrənən K.Gellerup onun təsiri ilə buddizmlə maraqlanmağa başlayır. Bu barədə özü belə yazır: ”Mənim üçün Şopenhauer fəlsəfəsi və onunla bağlı olan hər şey – Kant, induslar, qismən də yunanlar həqiqi maraq doğuran yeganə amildir.” Bu təsir altında o, “Qurbanlıq alovları” (1903), “Mükəmməl kişinin zövcəsi” (1907) mistik dramlarını və “Kamanita zəvvarı”(1907) mifik romanını yazır. Müəllifin son əsərləri olan “Əbədiyyət yolçuları”(1910), “Tanrının dostları” (1916) və “Yaşıl budaq” (1917) romanlarının mövzusu isə orta əsrlər tarixindən götürülmüsdür.

1917-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçılarını birləşdirən və bizim üçün xoş olmayan daha bir ortaq cəhət onların hər ikisinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməməsi və barələrində ölkəmizdə heç nə yazılmamasıdır.

K.Gellerupu Nobel laureatlarının çoxundan fərqləndirən bir cəhət də onun  mükafatdan sonra yaradıcılıq fəaliyyətini davam etdirə bilməməsidir. Səbəb nə idi? Yox, o, 1916-cı ilin laureatı V.f.Heydenstam kimi yaradıcılığına son verməmişdi. “Sadəcə olaraq”, yazıçı mükafata layiq görülərkən ağır xəstə idi və düz iki ildən sonra 1919-cu il oktyabrın 13-də 62 yaşında vəfat etdi. Sağlığında onun yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılansa da, ölümündən sonra nəinki sənəti, hətta adı da, demək olar ki, unuduldu...

             

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə