Son xəbərlər

 

1827-ci ilin sonlarında Virciniya ştatının Şarlotsvilla ərazisi yaxınlığında yaşayarkən təsadüfən, cənab Avqust Bedlou adlı bir nəfərlə tanış olmuşdum. Bu cavan oğlan məndə dərin təəssürat və maraq oyatdığından onunla yaxşı münasibət qurmağı münasib hesab etmişdim. Bununla belə, onun şəxsiyyəti mənimçün həm fiziki, həm də mənəvi cəhətdən müəmmalı olaraq qalmışdı. Onun ailəsi haqqında heç bir məlumat əldə edə biiməmişdim. Hardan gəlmişdi, məlum deyildi. O ki qaldı onun yaşına, onu cavan oğlan adlandırmağıma baxmayaraq, hərdən düşünürdüm ki, yaşı xeyli çoxdur. Əlbəttə, o, gənc görünürdü, tez-tez cavanlıq barədə danışırdı, ancaq bəzən elə məqamlar olurdu ki, tərəddüd etmədən düşünürdüm ki, onun yüz yaşı var. 

 

Amma məni daha çox heyrətləndirən onun xarici görünüşü idi. O, həddindən artıq hündür və arıq idi; çox sümüklü, arıq əzaları vardı; alnı geniş, lakin yastı idi; dərisinin elə bil qanı qaçmışdı; ağzı böyük idi, dişləri sağlam görünsə də hamar deyildi. Belə qəribə düzülüşlü dişləri hələ heç kimdə görməmişdim. Ümumiyyətlə götürəndə gülüşü pis deyildi, amma yeknəsəq idi. Təbəssümündə dərin kədər, dəyişməz, əbədi qüssə duyulurdu. Gözləri pişik gözü kimi iri və yumru idi. Elə göz bəbəkləri də pişikkimilər fəsiləsinə xas şəkildə işığın artması və azalmasına uyğun olaraq böyüyüb-kiçilirdi. Həyəcanlananda isə gözləri qeyri-adi bir parıltıyla parlayırdı, sanki onlar işığı əks etdirmir, əksinə özləri günəş öz şüasını saçan kimi işıq buraxırdı. Amma bununla belə, gözlərindəki ifadə elə tutqun, donuq və ölgün bir tərzdə idi ki, elə bil çoxdan basdırılmış ölünün cansız baxışları idi. 

Bu cəhətləri, deyəsən, onun özünü də sıxırdı və o, söhbətlərində tez-tez onlara eyham vururdu. Gah izah etməyə çalışır, gah da özünə haqq qazandırırdı ki, bu da əvvəllər məndə əməlli-başlı ağır bir təəssürat yaratmışdı. Ancaq tədricən, buna alışdığımdan bu xoşagəlməz təəssürat da silinib getdi. Adama elə gəlirdi ki, o, birbaşa da olmasa, eyhamla bildirir ki, heç də həmişə belə olmayıb, keçirdiyi bir sıra əsəb sarsıntısı onun xarakterini, eləcə də bir vaxtlar yaraşıqlı olmuş xarici görkəmini dəyişdirə bilib. Uzun illər boyu Saratoqda tanış olduğu doktor Templton adlı, yaşı yetmişi haqlamış qoca bir cənabın məsləhətlərindən faydalanaraq xeyli rahatlıq tapdığını düşünürdü, ya da ona elə gəlirdi. Buna görə də yaxşı maddi imkanı olan Bedlou həkimlə şərt kəsmişdi ki, illik bol mükafat qarşılığında o, öz vaxtını, qayğısını və həkimlik bacarığını ona həsr etsin.

Gəncliyində doktor Templton çox səyahət etmişdi; Parisdə olarkən Mesmerin1 nəzəriyyəsinin davamçısı olmuşdu. Xüsusi müalicə üsullarının müstəsna xidmətləri sayəsində Mesmer, öz xəstəsinin ağır əzablarını yüngülləşdirməyi bacarırdı. Bu da, təbii ki, doktor Templtonda sözügedən nəzəriyyəyə böyük həvəs və etimad yaratmışdı. O da öz müəllimi kimi xəstələrinin üzərində bir sıra təcrübələr aparacaq dərəcədə onların etibarını qazana bilmişdi. Bu təcrübələrin davamlı təkrarı müəyyən nəticəyə gətirib çıxarır ki, bu, günümüzdə yeniliyə marağını itirmiş cəmiyyətimizdə heç kimi təəccübləndirmir. Amma hekayəni aid etdiyim zamanda belə şeylər Amerika üçün nadir hadisələrdən sayılırdı.

Demək istəyirəm ki, doktor Templton ilə Bedlou arasında yavaş-yavaş çox müəyyən və güclü rabitə, başqa sözlə maqnetik əlaqə yaranırdı. Mən deməzdim ki, bu əlaqə adi yuxugətirici vəziyyətdən üstün idi, amma bu qüvvə özü yüksək intensivlik halını almışdı. İlk maqnetik yuxu prosesi cəhdi baş tutmamışdı. Beşinci, ya da altıncı cəhddə böyük səylərdən sonra nisbətən alınmışdı. Amma ən uğurlu proses on ikinci cəhddə baş tutmuşdu. Bu proses zamanı xəstənin iradəsi həkimin iradəsinə tabe olur və yuxu maqnetizorun istəyinə uyğun olaraq dərhal baş verir, halbuki o an xəstə onun varlığından xəbərsiz olur.

Bəlkə də, indi – 1845-ci ildə belə möcüzələr demək olar ki, hər gün minlərlə sayda baş verir və heç də qəribə səslənmir, amma o zaman bu, bizim üçün mümkünsüz bir şey, xəyal kimi görünürdü. Elə danışacağım hadisə də ağlasığmaz görünsə də, əslində real faktdır.

Bedlou xaraktercə olduqca həssas, tez hirslənən və coşqun idi. O, çox zəngin və çılğın təxəyyülə malik idi, bu da sözsüz ki, morfinin təsiri altında daha da coşurdu. Narkotik preparatları o yüksək həddə qəbul edirdi və bunlarsız keçinə bilmirdi. Adətən, səhər yeməyindən sonra, daha doğrusu heç bir şey yemədiyi üçün  bir fincan qəhvədən sonra yüksək dozada qəbul edirdi, sonra isə ya təkbaşına, ya da iti ilə birlikdə Şarlotsvilladan cənub-qərbə uzanan “Qayalı dağ” adlanan boş, kimsəsiz qayalıqlarda, dərələrdə veyillənməyə yollanırdı.   

Noyabrın sonlarında tutqun, boz, mülayim bir gündə – “Səltənət fasiləsi” deyilən təbiətin qəribə, aralıq günlərinin birində (bunu həm də “hinduların yay mövsümü” adlandırırlar) cənab Bedlou, adəti üzrə qayalıqlara gəzməyə getmişdi.


1Frans Anton Mesmer (1734-1815) – Yəhudi əsilli avstriyalı həkim; “heyvani maqnetizm” (mesmerizm) nəzəriyyəsinin yaradıcısı. 1776-cı ildən belə qənaətə gəlib ki, maqniterapiya müalicə üçün çox faydalıdır, amma burada məharət maqnitdə yox, maqnitizordadır (yəni onu işlədə bilən adamda). Mesmer iddia edirdi ki, maqnetik hipnozda və ya trans vəziyyətində olan adam uzaq keçmişi və gələcəyi görə bilər. Eyni zamanda, həm özünün, həm də başqalarının daxili orqanlarını görüb onun vəziyyətini, oradakı deformasiyanı təyin edə bilər.  

Axşam düşmüş, amma o, hələ də qayıtmamışdı. Axşam saat səkkizdə onun yoxluğundan artıq narahat olub, qayalıqlara axtarışa yollanmağa hazırlaşırdıq ki, gözlənilmədən o özü peyda oldu. Əhval-ruhiyyəsi yaxşı idi, hətta həmişəkindən xeyli şən görünürdü. O, gəzintisiylə bağlı qəribə şeylər danışırdı.  

– Xatırlayırsınızsa, – o dedi, – mən Şarlotsvillanı tərk edəndə səhər təxminən, saat on radələri idi. Mən birbaşa dağa üz tutdum və oradan da mənə tamamilə yad olan dərəyə endim. Böyük maraqla dərənin girinti-çıxıntılarını gəzirdim. Məni əhatə edən mənzərəni füsunkar adlandırmaq olmazdı, ancaq belə izaholunmaz qəmli görünüşlü mənzərələr xoşuma gəlir. Dərənin ins-cins nəfəsi toxunulmamış görüntüsü vardı. Bu boz qayalara, yaşıl çəmənliyə sözsüz ki, insan ayağı dəyməmişdi. Dərənin girişi elə gözdəniraq və keçilməz idi ki, görünür, bura ilk ayaq basmış macəraxataran elə mən özüm idim. Sıx, büsbütün “hindu yayı”na xas, bütün cisimləri, ərazini bürümüş duman, şübhəsiz ki, daha qəribə və vahiməli təəssürat yaradırdı. Duman elə qatı idi ki, mən on addımdan o yana heç nəyi görmürdüm. Keçdiyim cığır kələ-kötür idi. Günəşin üzü tutulmuşdu. Buna görə də tezliklə istiqamətimi itirdim. Bu arada morfi də öz təsirini göstərirdi: ətraf aləmə dərin, qəribə bir çalar qatırdı. Yarpaqların xışıltısında, otların yaşıllığında, üçyarpaq yoncanın formasında, arıların vızıltısında, şehin parıltısında, özünə meşənin xəfif qoxusunu hopdurmuş mehin nəfəsində – hər şeydə poetik və rabitəsiz fikirlərin şən silsiləsi sayrışırdı.  

Bütün bu duyğulara qərq olaraq, ta duman getdikcə daha da sıxlaşıb əlhavasına hərəkət edənə qədər, beləcə bir neçə saat gəzişdim. Vəziyyəti belə gördükdə narahat olmağa başladım, məni əsməcə tutdu. Qərarsız idim, addım atmağa qorxurdum ki, göz-gözü görmədiyindən uçuruma yuvarlana bilərəm. Bu azmış kimi, “Qayalı dağ” haqqında eşitdiyim qəribə, vahiməli əhvalatları, eyni zamanda uçurumlarda özünə məskən salmış vəhşi, qəddar qəbiləni də xatırladım. Gözümün önündə bir-birini əvəzləyən saysız-hesabsız tutqun, əzablı xəyallar canlanmağa başladı.

Birdən qulağıma təbil səsi gəldi. Təəccübümün həddi-hüdudu yox idi. Bu dağlarda təbil guman olunan ən sonuncu şey idi. Hər halda mələk İsrafilin qiyamət günündə çalacağı şeypur səsini eşitsəydim, daha az təəccüblənərdim. Amma heyrətim getdikcə artırdı. Bir topa açarın çıxardığı cingiltiyə bənzər səs eşitdim. Bunun ardınca tünd dərili, yarıçılpaq adam qışqıra-qışqıra yanımdan ötüb keçdi. O, elə yaxından keçdi ki, onun qaynar nəfəsini üzümdə hiss etdim. Əlində bağları polad halqalarından ibarət qəribə bir alət vardı ki, o da adam qaçdıqca guruldayırdı. Adam elə təzəcə dumanda görünməz olmuşdu ki, onun dalınca qaçan  pəncələrini geniş açmış, gözləri alışıb-yanan, iri bir heyvan göründü. Bu, goreşən idi. Yırtıcını görməklə daha da dəhşətə gəlməkdənsə, əksinə, bir az rahatlaşdım. Çünki anlayırdım ki, deyəsən, sərsəmləyirəm; özümü ələ almağa çalışdım. Cəsarətlə, gümrahlıqla dikəlib irəli addımladım; gözlərimi ovuşdurdum, ucadan qışqırdım, bir neçə dəfə özümü çimdiklədim. Bir neçə addımdan sonra qarşıma kiçik bir çay çıxdı, əyilib suyunda üzümü, boyun-boğazımı yudum. Su məni canlandırdı, deyəsən, məni bürümüş qəribə təəssüratlar da yavaş-yavaş çəkilirdi. Mən tamamilə özümə gəlmiş halda, təmkin və qətiyyətlə naməlum cığırla yoluma davam etdim. 

Nəhayət, gəzintidən yorularaq, üstəlik ağır, boğucu atmosferin təsirindən bir ağacın altında yerimi rahatladım. Qarşımda günəşin xəfif şüası bərq vurdu və ağacın zəif, amma aydın sezilən yarpaqlarının kölgəsi otun üzərində əks olundu. Bir neçə dəqiqə ərzində mən böyük maraqla bu kölgəni seyr etdim. Onun forması məni heyrətə gətirdi, başımı qaldırıb yuxarı baxdım. Bu – Palma ağacı idi!  

Həyəcanla yerimdən sıçradım. Bu dəfə sayıqlamaqda özümü günahlandıra bilməzdim. Mən görürdüm, dərk edirdim, hisslərimə tam hakim idim və bu hisslər qarşımda yeni və qəribə təəssüratlarla dolu bütöv bir dünya açırdı. Dərhal dözülməz isti baş qaldırdı. Havada qəribə bir qoxu vardı. Dərin sulu, amma sakit axan çayın boğuq, lakin sürəkli qıjıltısına qarışmış çoxsaylı insan səsinin uğultusu qulağıma dəydi. Bu səsə qulaq asdığım anda güclü külək, sanki sehrli nağıllardakı kimi dumanı dağıtdı. 

Mən uca bir dağın ətəyində dayanıb qarşımda açılmış, ortasından əzəmətli çay keçən geniş bir düzənliyə baxırdım. Çayın sahilində “Min bir gecə” nağıllarında təsvir olunan, hətta daha da qəribə görünüşlü şərqsayağı bir şəhər yerləşirdi. Dayandığım müşahidə nöqtəsi yüksəkdə yerləşdiyi üçün şəhərin bütün künc-bucağını xəritəyə baxırmış kimi, aydınca görürdüm. Nizamsız şəkildə salınmış saysız-hesabsız küçələr bütün istiqamətlərdə bir-biri ilə kəsişərək, küçədən çox kələ-kötür cığırlara bənzəyirdi. Hər yerdə insan kütləsi qaynaşırdı. Evlərin rəssam fırçasıyla çəkilmiş kimi rəngli, füsunkar görkəmi vardı. Hər tərəfdə eyvanlar, artırmalar, məscidlər, minarələr, şəbəkəli pəncərələr görünürdü. Çoxsaylı bazarlar vardı: burada cürbəcür, növbənöv məhsullar, ipək, tirmə parçalar, rəngbərəng xalçalar, bahalı daşlarla işlənmiş metal bəzək əşyaları tığ vururdu. 

Bundan başqa hər yerdə bayraqlar dalğalanır, kəcavələrdə çadralara bürünmüş qamətli xanımlar daşınır, bəzəkli çullarda fillər, eybəcər bütlər, təbillər, şeypurlar, nizələr, qalxanlar, gümüş, ya da qızıl suyuna salınmış əsalar göz qamaşdırırdı. Bu qarmaqarışıqlıqda, miyonlarla qara, sarı, ağ dərili, çadralı, əmmaməli, uzun saqqallı insanların arasında üstəlik, müqəddəs hesab olunduğundan lentlərlə bəzədilmiş saysız-hesabsız öküzlər böyürür, çirkli meymun sürüləri qışqırışaraq və zingildəyərək məscid minarələrindən, taxtapuşlardan sallanırdılar. Bu hay-küylü küçələr saysız-hesabsız cərgəli pillələrlə, sanki ağır yüklü gəmilərin arasından çətinliklə özünə yol açaraq çayın çimərlik hissəsinə enirdi. Şəhər kənarında çoxsaylı palma və hindqozu ağacları ucalır, adda-budda düyü sahələri, damı samanla örtülmüş komalar, su çənləri, məbədlər, qaraçı köçü və bütün bunların arasında başında səhəng böyük çaydan su gətirməyə gedən tənha, zərif bir qız görünürdü. 

Yəqin indi deyəcəksiniz ki, bütün bunlar gözümə görünüb, amma bu, belə deyil. Baxdığım, eşitdiyim, düşündüyüm, hiss etdiyim hər şeydə bir damla olsun təxəyyül əlaməti yoxdur. Hər şey tam bir gerçəklik idi! Əvvəl mən də fikirləşdim ki, sərsəmləyirəm. Yenə də özümü ayıltmaq üçün bir sıra sınaqlardan keçdim, nəhayət, inandım ki, gördüyüm hər nə varsa, həqiqətdir. İnsan yuxudaykən gördüklərinə “bu, sadəcə yuxudur” – deyirsə, deməli o, artıq oyanmaq üzrədir. Əgər mənim də gözümün önündə canlananlar məndə şübhə doğursaydı ki, mən yatıram, o yuxu da ola bilərdi, amma madam ki, mən şübhələnib onu yoxladım, onda baş verənləri digər halların sırasına aid etmək lazımdır.

– Belə münasibət göstərməkdə siz haqlı ola bilərsiniz, – doktor Templton qeyd etdi. – Hə, davam edin: siz ayağa qalxıb şəhərə endiniz...  

– Qalxdım, – Bedlou heyrətlə həkimə nəzər salıb davam etdi, – dediyiniz kimi, şəhərə endim. Yolda harasa həyəcanla tələsən izdihama qarışdım. Qəflətən, dərin maraqla burda nə baş verdiyini dərk etdim. Dəqiq hiss etdim ki, baş verəcək hansısa bir hadisədə mənim müəyyən rolum olacaq, amma bunun nə cür olacağını hələ ki ayırd edə bilmirdim. Hər halda, məni əhatə edən izdihama qarşı içimdə bir ədavət yarandı. Mən camaatın arasından çıxıb dolanbac cığırla şəhərə tərəf qaçdım. Burda da yaman hay-küy vardı. Britaniya hərbi geyiminə bənzər formada zabitin rəhbərliyi ilə əyinlərində yarıavropalı, yarıhindli paltar geyinmiş kiçik bir dəstə küçədə qaynaşan xeyli adamın qarşısını almaq üçün qeyri-bərabər mübarizə aparırdı. Mən qeyri-ixtiyari azlıqda olan dəstəyə qoşuldum, öldürülmüş zabitin silahını götürüb çılğın bir halda qarşı tərəfdə kimlə gəldi döyüşməyə başladım. Amma sonra düşmənin sayının xeyli çox olduğunu görüb yaxınlıqdakı pavilyonların birinə çəkildik, səngər qurub bir müddət təhlükəsiz vəziyyətdə qaldıq. Damın altındakı mazğallardan çayın sahilindəki gözəl sarayı əhatələmiş çılğın izdihamı görürdüm. Tezliklə, sarayın üst mərtəbəsinin pəncərəsindən kəndirlə aşağı düşən arıq, əmmaməli insan fiquru göründü. Aşağıda, çayda onu gözləyən qayıqa minib qarşı sahilə adladı.

Ağlıma yeni fikir gəlmişdi. Yanımdakı yoldaşlara qısa, amma hərarətli müraciət etdim, onlardan bəziləri mənə qoşuldular. Və biz binadan çıxıb cəsarətlə şiddətli hücuma keçdik. Bizi əhatə edən izdihamın içinə atıldıq. Bizim ilk hücumumuzdan izdiham pərən-pərən oldu və geri çəkildi. Amma sonra bir araya gəlib müdafiə olunsalar da, yenidən geriyə çəkilməli oldular. Bizsə pavilyondan artıq xeyli uzaqlaşıb, hündür evləri olan, heç vaxt gün işığı görməmiş dolanbac, dar küçələrdə azmışdıq. İzdiham bunu görüb hiddətlə üstümüzə gəlirdi; üzərimizə nizələr, arasıkəsilməz oxlar yağdırırdı. Bu oxlar mənə qəbilə adamlarının kəskin bıçaqlarını xatırladırdı. Onlar formaca sürünən ilanlara bənzəyirdilər, iti ucları zəhərlənmiş bu qara oxlar çox uzun idilər. Onlardan biri mənim sağ gicgahıma dəydi. Mən səndələyib yıxıldım. Dərhal məni dəhşətli ağrı bürüdü. Mən qıvrılıb, boğulub öldüm.

– İndi isə, – mən gülə-gülə dedim, – çətin ki, bundan sonra israr edəsiniz ki, bütün bunlar gerçəklikdə baş verib. Hər halda, qarşımızda dayandığınıza görə öldüyünüzü düşünmürsünüz.  

Bu sözümün cavabında Bedloudan nəsə bir şən zarafat gözləyirdim, amma o, mənim heyrətimə səbəb olaraq, tərəddüd etdi, titrədi, rəngi ağardı və heç bir söz demədi. Mən Templtona baxdım. O, kresloda çubuq kimi dimdik oturmuşdu, dişləri şaqqıldayırdı, gözləri hədəqəsindən çıxmaq üzrəydi.

– Davam edin, – nəhayət o, xırıltılı səslə dilləndi.

– Bir neçə dəqiqə ərzində, – Bedlou davam etdi, – mənim yeganə hiss etdiyim şey ölümü dərk etməklə müşayiət olunan qaranlıq və boşluq duyğusu idi. Nəhayət, elektrik cərəyanı kimi qəfil və güclü bir təkan məni silkələdi. Bununla bərabər hərəkəti və işığı hiss etdim. Dediyim bu şeyləri görmür, yalnız hiss edirdim. Sonra mənə elə gəldi ki, ayağa qalxıram. Amma mən cismani, əllə toxunula bilən, gözlə görülən, eşidilən şəkildə deyildim.

İzdiham yox olmuşdu; səs-küy kəsilmişdi; şəhər sakitləşmişdi. Ayağımın altında gicgahına ox sancılmış, şişmiş, eybəcər hala düşmüş meyitim uzanmışdı. Amma bütün bunları, dediyim kimi, görmürdüm, hiss edirdim. Artıq ətraf aləmlə maraqlanmırdım. Hətta öz cəsədim belə mənə dəxli olmayan əşya kimi görünürdü. Nəyəsə həvəsim yox idi, amma hiss edirdim ki, hərəkətə gəlib məni bayaq şəhərə gətirən nahamar cığırla geri qayıdıram. Bir müddət əvvəl göreşəni gördüyüm dərəyə çatanda, mən yenidən cərəyana qoşulmuş kimi silkələndim və mənə ağırlıq duyğusu, iradə, cismani mövcudluq hissiyyatı geri qayıtdı. Yenidən özümə gəlib ayıldım və evə tələsdim. Bununla belə, baş verənlər öz parlaqlığını itirmədi, əksinə, mən indi daha da əminəm ki, gördüklərim yuxu deyildi. 

– Bu, həqiqətən də yuxu deyildi, – Templton təntənəli şəkildə bildirdi. – Doğrusu, bunu başqa necə adlandıracağımı da bilmirəm. Fərz edək ki, müasir elmdə insan ruhunun mövcudluğu psixoloji kəşflər ərəfəsindədir. Bu fərziyyə ilə kifayətlənək. Qalanlarını mən izah edə bilərəm. Bu akvarelə baxın. Onu daha əvvəl də sizə göstərmək istərdim, amma məni hansısa bir dəhşətli hiss saxlayırdı.   

Biz rəsmə baxdıq. Mən orada xüsusi bir şey görmədim, onun Bedlouda yaratdığı təəssürat isə çox heyrətamiz idi. O, az qala, huşunu itirəcəkdi. Hər halda, bu, miniatür bir rəsm əsəri idi, düzdür, çox füsunkar əl işi idi, gözəl görünürdü. Ən azından, mən belə düşünürdüm.

– Rəsmin çəkildiyi tarixə baxın, – doktor Templton dedi. – Bax budur, küncdə, güclə seçilir – 1780-cı il. Bu rəsm öz həyati orijinalı ilə çox uyğun gəlir. O vaxt – Uorren Hastinqsin2 hakimiyyəti dövründə mən cənab Oldeblə Hindistanın Kəlküttə şəhərində tanış olub dostlaşmışdım. Mənim onda cəmisi iyirmi yaşım vardı. İlk dəfə sizi Saratoqda görəndə, cənab Bedlou, məni sizin və Oldebin heyrətamiz bənzərliyiniz çox təəccübləndirdi. Elə buna görə də sizinlə tanış oldum, dostluq qurmaq istədim, nəhayət şərt kəsdik ki, sizin daimi yol yoldaşınız olum. Bu sonuncu halda mənim də qismən rəhbərliyim olub, bəlkə də, daha artıq; mərhum haqqında xatirə, həm də ağrılı, azad ola bilmədiyi qorxu hissi və sizin öz maraqlarınız bir araya gəlib.

Siz dərədə gördüklərinizi təsvir edəndə mən anladım ki, Müqəddəs Qanq çayı sahilində yerləşən Benares şəhərini bütün xırdalıqlarına qədər təsvir edirsiniz. Dediyiniz qiyam, hücum, qırğın həqiqətən də baş vermiş Şeit Sinqx üsyanı idi, 1780-cı ildə baş vermişdi. O vaxt Hastinqs güclə canını ölümdən qurtarmışdı. Başında əmmamə, kəndirlə sürüşüb qaçan adam da elə Sinqxin özü idi. Pavilyondakı hind əsgərlərindən və ingilis zabitlərindən ibarət dəstə isə Hastinqsin rəhbərliyi altında müdafiə olunurdu. Mən də bu dəstədə idim və bütün gücümlə  yerdə hansısa benqal bir üsyançının zəhərli oxu ilə öldürülmüş zabiti düşünülməmiş və qəti həmlələrdən yayındırmağa çox çalışmışdım, amma çifayda. Həmin zabit mənim ən yaxın dostum – Oldeb idi. Siz bunları bu əlyazmadan da görə bilərsiniz. – Bunu deyib o, cibindən qeyd dəftərini çıxartdı. – Siz bütün bunları dərədə yaşayanda, mən onları burda – evdə təsvir edirdim, yəni aramızda maqnetik əlaqə qurulurdu. 



2General Uorren Hastinqs (1732-1818) – Hindistanın Böyük Britaniya müstəmləkəçiliyi zamanında ilk ingilis qubernatoru.

Bu söhbətdən bir həftə sonra Şarlotsvilla qəzetində aşağıdakı məqalə dərc olunmuşdu: “Dərin hüznlə cənab Avqust Bedlounun – özünün mehriban xasiyyəti və digər yaxşı cəhətləri ilə Şarlotsvilla sakinlərinin ümumi rəğbətini qazanmış centlmenin öldüyünü bildiririk. Son illərdə cənab Bedlou əsəb tutmalarından əziyyət çəkirdi ki, bu da onu faciəvi sonluğa gətirib çıxardı. Amma bu xəstəlik yalnız dolayı olaraq onun ölümünə səbəb oldu. Mərhumun ölüm səbəbi çox qəribədir. Belə ki, bir neçə gün əvvəl “Qayalı dağ”da gəzinti zamanı o, bərk soyuqlamışdı, başında qan artımı yüksəlmişdi. Xəstənin vəziyyətini yüngülləşdirmək üçün doktor Templton ənənəvi qanalmaya müraciət etməli olmuşdu. Artıq qanın sorulması üçün gicgahlarına zəli qoymuşdu ki, bu da son dərəcə qısa bir müddət ərzində xəstənin ölümünə səbəb olmuşdu. Məlum olub ki, zəlilərin olduğu qaba təsadüfən, yerli nohurlarda mövcud olan bir neçə zəhərli zəli qarışıbmış. Onlardan biri sağ gicgahdakı kiçik arteriyanı soraraq zəhərləyibmiş.  Həmin zəlinin tibbi zəli ilə qarışdırılması, təəssüf ki, düzəlməsi mümkün olmayan bir yanlışla nəticələnib.   

Qeyd: zəhərli Şarlotsvilla zəlisi tibbi zəlidən qara rənginə və ilan sürünməsinə bənzər hərəkəti ilə fərqlənir”.  

Mən qəzetin redaktoru ilə bu əcaib hadisə ilə bağlı söhbət etdim və yeri gəlmişkən, soruşdum ki, mərhumun soyadının sonunda niyə “u” hərfi yazılmayıb.

– Yəqin ki, bu adı Bedlou deyil, Bedlo yazmaqda bir əsasınız var, – deyə qeyd etdim. – Amma mən həmişə elə bilmişəm ki, bu soyadın sonu “u” ilə yazılır. 

– Yox, nə əsasımız ola bilər ki? – o cavab verdi. – Bu, sadəcə nəşrdə getmiş səhvdir. Düz buyurursunuz, Bedlou soyadının sonu “u” ilə yazılır. Bildiyim qədərilə həmişə də belə yazılıb.

– Belə, – ondan ayrılanda dodaqaltı mızıldandım, – görünür, doğrudan da fantastik uydurmalar varmış. Axı sonu “u” hərfi olmadan yazılmış Bedlo soyadını çevirəndə – Oldeb alınır! O isə deyir ki, bu, nəşrdə getmiş səhvdir...     


Tərcümə: Şəfiqə Şəfa

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə