Son xəbərlər

 

 
ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI  LAUREATLARI

“Ulduz” jurnalı ilə  ayb.az saytının birgə layihəsi

İlham Abbasovun təqdimatında

 

Nobel Mükafatları Komitəsinin qərarı ilə 1923-cü ildə ədəbiyyat üzrə iyirmi üçüncü Nobel mükafatı ingilis dilində yazan irland şairi və dramaturqu Uilyam Yeytsə verildi. İsveç Akademiyasının təqdimatında öz ölkəsində kifayət qədər məşhur olsa da, dünyada o qədər də tanınmayan yazıçının bu mükafata “milli ruhu yüksək bədii formada əks etdirən ilhamlı poetik yaradıcılığına görə” layiq görüldüyü qeyd olunsa da, hamıya aydın idi ki, ali ədəbiyyat mükafatı bu dəfə müəllifin özündən çox onun ölkəsinə verilib. Avropa tarixində o qədər də önəmli rol oynamayan İrlandiyanın belə bir fövqəladə şərəfə layiq görülməsi nə ilə bağlı idi?

       Britaniyaya yalnız V əsrin ortalarında – Avropada hunların hücumları nəticəsində baş verən “xalqların böyük köçü” zamanı gələrək buranı zəbt etmiş anqlo-sakslardan (ingilis və şotlandların babalarından) fərqli olaraq, irlandların ulu əcdadları olan kelt tayfaları bu torpaqların yerli sakinləri idilər. Əvvəlcə yalnız Böyük Britaniya adasını ələ keçirmiş gəlmələr XII əsrdə kelt torpaqlarının özəyi sayılan İrlandiya adasını da işğal edərək irland lordluğu statusunda öz krallıqlarına birləşdirdilər. Bundan dərhal sonra baş verən böyük taun epidemiyası az qala irlandların kökünü kəsəcəkdi... Ancaq heç nəyə, heç bir məşəqqətə baxmadan əsrlər boyu azadlıqsevər irland xalqı əsarətlə barışmır və ingilis asılılığından xilas olmaq uğrunda mübarizə aparır. Zaman-zaman bu mübarizələr uğursuzluqla nəticələnsə də, bu, irlandları azadlıq istəyindən və mübarizə əzmindən döndərə bilmir.

         XVI əsrdə xristianlıqda islahatlar keçirilməsi və xristian dünyasının orta əsrlər zülmətindən qurtularaq tərəqqi yoluna çıxması ilə nəticələnən Reformasiyanın gedişində ingilislər yeni məzhəbə - protestantlığa (lüteranlığın anqlikan qoluna) keçsələr də, irlandlar köhnə məzhəbdən dönmədilər, katolik olaraq qaldılar və bu amil iki etnos arasındakı ziddiyyətləri daha da gücləndirdi. (Qeyd edək ki, ingilislərlə irlandlar arasında dini zəmində qarşıdurma zaman-zaman məzmununu  dəyişsə də, faktiki olaraq bu günəcən davam edir.)

         XVII əsrdə İngiltərə Burjua İnqilabı və Vətəndaş müharibəsi dövründə İrlandiya qısa müddətə müstəqillik qazanır, lakin 1649-cu ildə inqilab rəhbəri Oliver Kromvel İrlandiyanı yenidən işğal edir və əhalinin təxminən yarısını məhv edərək onların yerinə ingilis və şotlandları köçürür. Həmin dövrdən irland dilinin ünsiyyət vasitəsi kimi ingilis dili tərəfindən sıxışdırılması başlayır və şəhər əhalisinin, təhsilli adamların xeyli qismi ana dilini unudur.

          1801-ci ildə İrlandiya rəsmi şəkildə Birləşmiş Krallığın tərkibinə daxil edilir.  XIX əsrin ortalarında keçirilən aqrar islahatdan sonra İrlandiyada baş verən  böyük aclıq nəticəsində yenə də əhalinin xeyli hissəsi tələf olur. Bu hadisədən vahiməyə düşən irlandların bir qismi vətəni tərk edərək mühacirətə (əsasən ABŞ-a) getməyə məcbur olur. Əsrin ikinci yarısında İrlandiyada milli azadlıq hərəkatı baş qaldırır, əsrin sonuna doğru mübarizə daha da şiddətlənir. Elə həmin dövrdən gələcək Nobel mükafatçısının da fəal iştirakçısına çevrildiyi azadlıq mübarizəsi ildən-ilə güclənərək son məqsədə qədər davam edir və 1919-cu ildə İrlandiya öz müstəqilliyini elan edir. 1921-ci ildə Böyük Britaniya ilə İrlandiya arasında bağlanmış sülh müqaviləsinə əsasən, ölkə parçalanır, İrlandiyanın cənub hissəsinin müstəqilliyi rəsmiləşir, Şimali İrlandiya isə Birləşmiş Krallığın tərkibində qalır.

         U.Yeytsin 1923-cü ildə təltif edildiyi Nobel mükafatı Qərbi Abropanın müstəqilliyini yenicə qazanmış ən gənc dövlətinə verilmış mənəvi dəstək, “bayram hədiyyəsi” kimi qiymətləndirilir. Yaradıcılığının mükafata qədərki mərhələsində böyük sənət uğurları və şan-şöhrət qazanmış bir çox sənətkarların Nobel mükafatından sonra yaradıcılıq böhranı ilə üzləşməsi, əvvəlki sənət vüsətini saxlaya bilməməsi dəfələrlə rast gəlinən bir haldır. Amma U.Yeyts, bəlkə də, yeganə müəllif idi ki, mükafatdan ruhlanaraq sonrakı yaradıcılığında əvvəlki ilə müqayisədə həm ideya və məzmun, həm də bədii ifadə və üslub yetkinliyi baxımından daha mükəmməl nəticələr qazanmış, daha böyük şöhrətə çatmışdı. Mükafata layiq görülərkən bir çoxları onun laureatlığına skeptik yanaşırdısa, sonrakı illərdə əksəriyyət U.Yeytsi ingiliscə yazan digər şairlər üçün örnək sayırdı. Məsələn, gələcəyin digər bir Nobel mükafatçısı Tomas Eliot onu “zəmanəmizin ən böyük şairi” adlandıranda heç kəs bu fikri ədalətsiz hesab etməmişdi.

        Uilyam Batler Yeyts 15 iyun 1865-ci ildə İrlandiyanın paytaxtı Dublinin yaxınlığındakı Sendimaunt şəhərciyində doğulmuşdu. Onun ata babası dənizçi, ana babası isə ticarətçi olmuşdu. Uilyam dörduşaqlı ailənin böyük övladı idi. Onun iki bacısı və bir qardaşı vardı. Ailənin başçısı Con Yeyts ixtisasca hüquqçu idi. Hamı onu savadlı və bacarıqlı vəkil sayır, gələcək karyerasının uğurlu olacağına inanırdı. Ancaq onun qəlbində başqa bir istək baş qaldırmışdı: Billin iki yaşı olanda atası vəkillik işini ataraq rəssamlıq təhsili almaq məqsədilə ailəsi ilə birlikdə Londona köçdü. Londonda onların ailəsi əsasən incəsənət adamlarının məskunlaşdığı Bekford-Park məhəlləsində yaşayırdı. Buranın mənəvi atmosferi Uilyamın ürəyincə olsa da, vətəni üçün çox darıxır, bütün tətil günlərini İrlandiyada – nənə-babasının yanında keçirirdi. Peşəkar rəssamlıq təhsili alandan sonra Con Yeyts ölkəsində portret ustası kimi məşhurlaşdı. Onun çoxsaylı əsərləri sırasında gələcək şairin bir neçə uşaqlıq portreti də var. Uilyamın kiçik qardaşı Cek də atasının yolu ilə gedərək İrlandiyanın tanınmış rəssamı oldu. Sonralar Amerikaya köçmüş və ABŞ vətəndaşlığını qəbul etmiş C.Yeyts istedadlı portret ustası kimi tanınsa da, heç zaman azad yaradıcılıq istəklərini zəngin müştərilərin sifarişlərinə qurban vermədi. Dostlarından birinə göndərdiyi məktubda o yazırdı: “Yalnız indi – azad sənətkar olandan sonra özümü əsl insan kimi hiss etməyə başlamışam. Bundan əvvəl isə sanki sirli bir mexanizmin  cansız və ruhsuz bir vintciyi idim.” 

         Atasının xarakterindən, dünyagörüşündən bir insan və sənətkar kimi özü üçün çox şey əxz etmiş Uilyam ona yazdığı bir məktubda bunu xüsusi vurğulayırdı: “Yalnız bəzi xırda detalları istisna etmək şərtilə, mən, demək olar ki, bütün həyat fəlsəfəmi bir vərəsə kimi səndən almışam.” Gələcək Nobel mükafatçısı ilk təhsilini Londonda aldıqdan sonra ailələri 1880-ci ildə vətənə qayıdaraq Dublində yaşamağa başlayır. Orta təhsilini başa vuran Uilyam ailənin qərarı ilə rəssamlıq məktəbinə daxil olur. Gəncin rəssamlıq qabiliyyəti olsa da, vəkilliyi atıb rəssamlığı seçən atası kimi, onun da qəlbində başqa istək hökm sürürdü. Rəssamlıq məktəbinin tələbəsi gənc və perspektivli şair kimi tanınmağa başlayır. Onun ilk qələm təcrübələrini yüksək qiymətləndirənlər sırasında o zamankı İrlandiyanın ən məşhur yazıçısı Oskar Uayld da vardı. Hələ yeniyetmə yaşlarından əsas məşğuliyyəti klassik ədəbiyyatı oxumaq olan, Şekspirin, demək olar, bütün əsərlərini əzbər bilən Uilyam oxuduğu əsərləri atası ilə müzakirə etməyi sevirdi. Müzakirələrin predmeti isə əsərlərin məzmunundan daha çox poetik dil və üslub məsələləri olurdu. Bu gənclik həvəsi gələcəkdə U.Yeytsin poeziyasında məhz həmin cəhətlərin dominant rol oynamasına həlledici təsir göstərdi.

         U.Yeyts hələ gənc yaşlarından bədii yaradıcılıqla yanaşı, mistisizmə və magiyaya da ciddi maraq göstərməyə başlamış, bu bağlılığı bütün ömrü boyu qoruyub saxlamışdı. Atası gənc Uilyamın ədəbi yaradıcılıq həvəsinə rəğbətlə yanaşsa da, onun mistika və okkultizmə meylini şarlatanlıq sayır, neqativ münasibət bəsləyirdi.

         U.Yeytsin 1885-ci ildə çap olunmuş ilk mətbu şeirlərində paralel olaraq həm irland folklorunun, həm də mistisizmin təsiri duyulurdu. Elə həmin il gənc şair İrlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın rəhbərlərindən biri olan Con O’Liri ilə tanış olur. Yeni tanışının təsiri ilə U.Yeytsin poeziyasında vətənpərvərlik mövzusu və qədim irland – kelt mədəniyyəti motivləri güclənməyə başlayır. Gənc şair 1887-ci ildən Londonda yaşamağa başlayır və yaradıcılığının bu mərhələsində, “Oyseynin səyahəti”(1889) adlı ilk şeir kitabında və “Qrafinya Ketlin”(1892) adlı ilk dram əsərində qədim kelt dünyagörüşünə daha çox bağlanan şair mifoloji arxetiplər vasitəsilə nəsillər arasındakı qırılmaz əlaqələri ifadə etməyə can atır, bununla da milli ruhun ölməzliyini nümayiş etdirirdi. Pyesin qəhrəmanı, irland əsilzadəsi xanım Ketlin ac kəndliləri olümdən xilas etmək üçün ruhunu iblisə satmağa razı olur. Avropa ədəbiyyatının klassik ənənələrindən yaxşı tanış olan bu motiv U.Yeytsə vətənin azadlığı naminə hər şeydən keçməyin mümkünlüyü ideyasını təlqin etmək üçün lazım olmuşdu.

        1989-cu ildə gənc yazıçının ilk kitabı nəşr olunmaqla yanaşı, onun həyatında bütün sonrakı ömrünün gedişatını müəyyən edən daha bir mühüm hadisə baş verdi. Həmin il yanvarın 30-da o, həyatının ilk, bəlkə də, yeganə böyük sevgisi olan aktrisa Mod Honn ilə tanış oldu. Təbiətən adamayovuşmaz və utancaq olan, Mod ilə tanışlığa qədər bütün ilk gənclik illərini qapalı həyat tərzi şəraitində keçirən Uilyam bu tanışlıq sayəsində 23 yaşında sanki dünyaya yenidən gəldi. Adətən, yaradıcı adamlar ictimai fəaliyyətlə sevimli qadın arasında seçim etmək məcburiyyəti qarşısında qalırlar. U.Yeytsin həyatında isə hər şey tamam fərqli şəkildə baş verdi – məhz sevimli qadın onu aktiv ictimai fəaliyyətə sövq etdi. Özü milliyyətcə irland olmasa da, “İrlandiyanın Janna d’Arkı” roluna iddialı olan Mod Honn Dublinin ən gözəl xanımı sayılmaqla bərabər, həm də irland milli-azadlıq hərəkatının nüfuzlu liderlərindən biri idi. O, gənc şairi eyni zamanda həm sevgi intriqasına, həm də vətənpərvərlik fəaliyyətinə cəlb etdi. Britaniya kralının İrlandiyanı idarə edən canişininin yaxın əyanlarından birinin qızı olan təmiz ingilis qanlı bu kübar xanım taleyin anlaşılmaz hökmü ilə irlandların Britaniyaya qarşı milli-azadlıq hərəkatının ən mübariz liderlərindən birinə çevrilmişdi. Şəxsi həyatını da bu mübarizəyə qurban vemiş xanım Honn U.Yeytsin israrlı təkidlərinə və aralarındakı sevgi duyğularına baxmayaraq, onun ailə qurmaq təklifini qəbul etmirdi.

         Mod Honna bəslədiyi sevgi hissi gəncin həyatına xilasedici bir qüvvə kimi nüfuz edərək onun yalnız ictimai fəaliyyətinə deyil, həm də ədəbi yaradıcılığına bir aktivlik, çeviklik gətirdi. Həyatının bu mərhələsində onun yaradıcılığında lirika ilə paralel olaraq, əvvəlcə esselər, sonra isə hekayələr də meydana gəlməyə başlayır. 1891-ci ildə yenicə yaradılmış “Qafiyəçilər klubu”na üzv olması U.Yeytsin poetik yaradıcılığında yeni mərhələnin başlanmasına təkan verir. Oskar Uayld və Obri Berdsley kimi tanınmış şairlərin rəhbərliyi ilə bu kluba toplaşan Layonel Conson, Ernest Dayson, Artur Simons kimi istedadlı gənclər peşəkarlıq yolunda getdikcə daha inamlı addımlar atmağa başlayırdılar. U.Yeytsin 90-cı illərdə yazdığı ən yaxşı poeziya nümunələri bu klubun nəşr etdirdiyi almanaxlarda və “Lirik şeirlər”(1895), “Arzulanan torpaq”(1894) “Şeirlər”(1895), “Poemalar”(1895), “Qamışlıqda əsən yellər”(1899), “Kölgəli sular”(1900), “Yeddi meşə”(1903) kitablarında dərc olunmuşdu. Onun bu dövrdəki poeziyasında məhəbbət lirikası aparıcı rol oynayır. Elə həmin illərdə U.Yeytsin bir neçə nəsr və araşdırma kitabı – “Arzulanan torpaq”(1894), “Kelt toranlıqları”(1893), “Gizli qızılgül”(1897 - irland xalq nağılları və onlara aid tədqiqatlar), “Tanrının və İblisin ideyaları”(1903 – magiya və mistisizm mövzusunda mühakimələr), “Bolonya meşəsində”(1903 – irland eposu mövzusunda şeirlər və araşdırmalar) nəşr olunmuşdu. Bu kitablarda isə, lirikadan fərqli olaraq, daha çox müəllifin ictimai mövqeyi öz ifadəsini tapırdı.

       1896-cı il iyunun 21- də baş vermiş bir görüş U.Yeytsin bioqrafiyasında yeni mərhələnin başlanğıcını qoyur. Həmin gün şair Edvard Martinin malikanəsində o, gənc şair həmkarı Con Millinqton Sinq və irland kübar dairələrinin çox nüfuzlu bir nümayəndəsi qrafinya Avqusta Qreqori ilə tanış olur. Bu üç  görkəmli vətənpərvər ziyalının həmin gün başlanan məslək dostluğu yekunda İrlandiya mədəniyyəti tarixində mühüm bir hadisə -- 1906-cı ildə İrland Milli Ədəbi Teatrının yaradılması ilə nəticələnir. Tezliklə teatr yalnız irland mədəni həyatının deyil, ümumən İrlandiya milli azadlıq mübarizəsinin ideya mərkəzinə çevrilir. O vaxtacan  artıq iki dram əsəri – “Qrafinya Ketlin”(1892) və “Xoşbəxtlik diyarı”(1894) mənzum pyesləri tamaşaya qoyulmuş U.Yeyts yeni teatrın direktoru seçilir. Yeni teatrın yaranması onun yaradıcılığında dramaturgiyanın ön plana çıxmasına təkan verir. Bundan sonra onun adı ən görkəmli irland yazıçıları O.Uayld, C.Coys və E.Paundla yanaşı çəkilməyə başlayır.

        Ledi Qreqori kimi çox ağıllı və sədaqətli, zəngin və səxavətli bir dostun onun həyatında peyda olması şairin taleyində şox önəmli rol oynayır. Bu xanımın  himayədarlığı sayəsində yazıçı üzləşdiyi maddi sıxıntılardan xilas olur, yaradıcılıq üçün yeni mənəvi stimul qazanır. Ledi onun ailə qurub xoşbəxtliyə qovuşması üçün də kömək və qayğısını əsirgəmir. Lakin bu kübar xanımın onun şəxsi həyatını da nizama salmaq arzusu baş tutmur. 1903-cü ildə şairin çoxillik istəklisi Mod Honnun Britaniya ordusunun polkovniki ilə ailə qurması şairin ömrünün bu nakam və romantik səhifəsinin qapanması ilə nəticələnir. Bu acı xəbəri Mod 14 il sürən sevgi romanları müddətində ona göndərdiyi 300-cü məktubunda bildirmişdi. İndi muzeydə qorunan bu məktubların hamısını şair sevə-sevə əzizləyərək saxlamışdı. Həmin hadisədən sonra səhhətinin tamam pozulduğu, psixoloji depressiya, mənəvi ruh düşkünlüyü ilə üzləşdiyi bir məqamda da U.Yeytsə məhz xanım Avqusta dayaq olur.

        U.Yeyts ilə C. Sinqin yenə də qrafinya Avqusta Qreqorinin maddi və mənəvi dəstəyi ilə yaratdıqları teatr həqiqətən milli ruhlu ilk irland teatrı olmaqla bərabər, həm də yenilikçi bir sənət oçağı idi. Teatrın yaradıcılıq işinə tanınmış ingilis rejissoru Qopdon Kreq rəhbərlik edirdi. İrland cəmiyyətinin qabaqcıl nümayəndələri, vətənpərvər ruhlu ziyalılar və sıravi vətəndaşlar teatrın yaşamasına, xalq kütlələrinin vətənpərvərlik və milli azadlıq ideyaları zəminində tərbiyəsi üçün əvəzsiz fəaliyyətini davam etdirməsinə əllərindən gələn köməyi əsirgəmirdilər. Teatra ən çox şöhrət qazandıran səhnə əsəri U.Yeytsin “Qum saatları” pyesi əsasında hazırlanmış tamaşa olmuşdu. Teatr tezliklə Dublinin əsas mədəniyyət mərkəzlərindən birinə çevrilsə də, U.Yeyts bundan tam məmnun deyildi, çünki o, öz sənəti və yaradıcılıq fəaliyyəti qarşısına, sadəcə olaraq, mədəni uğurlar qazanmaq yox, xalqının və vətəninin azadlığa qovuşması naminə böyük işlər görmək məqsədi qoyurdu. Şairin 1899-cu ildə nəşr edilmiş “Qamışliqda əsən yellər” şeir kitabı ilə növbəti poetik toplusu olan “Məsuliyyət”(1914) arasında keçən on beş il şeir yaradıcılığı baxımından o qədər də məhsuldar olmamışdı, çünki bu dövrdə o, yaradıcılıq enerjisini daha çox teatr və dramaturgiyaya həsr etmişdi.

        U.Yeyts azadlıq hərəkatının fəal üzvü olsa da, onun vətənpərvərliyi radikal millətçilikdən və ekstremizmdən uzaq idi. O, İrlandiyanı daha çox pərəstiş etdiyi mənəvi dəyərlərin ocağı kimi qəbul edir və ilk növbədə bu dəyərləri İngiltərənin mənfəətpərəst siyasətindən qorumağa çalışırdı. Öz yaradıcılıq kredosunu -  “mənim bütün həyatım və dünyagörüşüm şeirlərimdə ifadə olunub. Mənim bütün gəncliyim, arzularım və ümidlərim onlarda gömülüb.” – sözləri ilə ifadə edən şair poeziyada olduğu kimi, ictimai fəaliyyətdə də heç zaman ləyaqət və vicdanın ziddinə bir addım belə atmağı özünə rəva bilməmiş, əyri yollardan həmişə imtina etmişdi: “Həyatda elə şeylər var ki, hətta millətin xilası naminə belə, onlara yol vermək olmaz.”

        XX əsrin ilk onilliyində U.Yeytsin gənc şair Ezra Raundla tanışlığı yaxın dostluğa çevrilir və bu dostruq onun yaradıcılığının da xarakterinə təsirsiz ötüşmür. Daha çox imajizm cərəyanının tərəfdarı olan gənc şair “Villi dayı”ya müasir dünyagörüşü ilə ayaqlaşmaq fikrini israrla təlqin edirdi. Poetik ifadə tərzində isə gənc dostu ondan abstraksiyadan uzaqlaşmağı, aydınlıq və dəqiqlik “tələb edirdi.” 1906-cı ildə nəşr olunmuş “Kəşflər” adlı esselər toplusunda U.Yeyts adiliklə ülviliyin estetik vəhdətinin bədii yaradıcılıq üçün ən vacib şərt olması ideyasını irəli sürür. Özünün də etiraf etdiyi kimi, U.Yeytsin bir sənətkar olaraq ən böyük arzusu isə incəsənətlə təbiət arasında qarşıdurma və münaqişənin olmadığı, qarşılıqlı ahəngdarlıq və harmoniyanın hökm sürdüyü mükəmməl bir fəlsəfi-estetik sistem yaratmaq idi.

        1910-cu ildən başlayaraq şair gənclik dövrü yaradıcılığı üçün səciyyəvi olan romantik xəyalpərəstlikdən tədricən uzaqlaşmağa başlayır. “Cavabdehlik”(1914), “Vəhşi qu quşları”(1919), “Maykl Robartis və rəqqasə”(1921) kimi şeir toplularında onun poetik ifadə tərzinin də xeyli sadələşdiyi, mürəkkəb metaforizmlərin adi danışıq üslubunun detalları ilə əvəz olunduğu müşahidə edilir.

          U.Yeytsin irland poeziyası tarixindəki yerinin özünəməxsusluğu, orijinallığı, hətta qəribəliyi bir də onda idi ki, o, ilk dəfə olaraq milli ruhun daşıyıcısı olan qədim kelt ənənələrini irland dilində yox, ingilis dilində yazdığı əsərlərlə ifadə edirdi. Halbuki onun məhz ingilis ağalığına qarşı mübarizədə istinad etdiyi, mövzu və ideyalarını götürdüyü bütün qədim kelt mifologiyası və irland folkloru yalnız irland dilində idi. Bu fakt bəzən dillə milliliyi mütləq mənada identikləşdirənlərin mövqeyini şübhə altına qoyur. U.Yeytsin özündən sonrakı irland poeziyasına təsirini dahi rus şairi A.S.Puşkinin rus ədəbiyyatına istiqamətverici təsiri ilə müqayisə etmək olar. Bu mənada F.Dostoyevskinin “Puşkin bizim hər şeyimizdir” sözlərini U.Yeytsin irland ədəbiyyatındakı mövqeyinə də aid etmək mümkündür.

           Onun sənət yolu bədii yaradıcılıq metodu baxımından simvolizm və mifoloji romantizmdəm realist inikas üsullarına qədər ziddiyyətli bir təkamül prosesindən keçmişdir. XIX əsrin son illərində bədii yaradıcılığında simvolizmə meyllənən yazıçının o dövrdə yazdığı “Simvolizmin incəsənətə gəlişi”(1898), “Xəzan çağı”(1898), “Poeziyada simvolizm”(1902) kimi esselərdə həmin cərəyanın nəzəri-estetik müddəaları ilə bağlı mülahizələri də öz ifadəsini tapmışdır. Onun simvolizm yaradıcılıq metodu haqqında əsas dəyərləndirici fikri bu cümlədə əks olunmuşdur: “Adi insan baxışlarından gizli qalan və adi poetik vasitələrlə ifadə edilə bilməyən qeyri-adi gözəllikləri yalnız simvolizmin vasitələri ilə ifadə etmək mümkündür.”

          XX əsrin ikinci onilliyində U.Yeytsin dramaturji yaradıcılığı üçün əlamətdar olan bir yenilik də Milli Teatrın səhnəsində onun “Qızıl quş bulağı yanında”(1916), “Keçmişin xəyalatları”(1917) və “Qalqofa”(1918) adlı xoreoqrafik pyeslərdən ibarət trilogiyasının tamaşaya qoyulması olmuşdu. Yaradıcılığının poetik forma baxımından çox rəngarəng olduğunu göstərən bu əsərlərlə yazıçı, əslində, dramaturgiyada yeni bir janrın əsasını qoymuşdu. Bu pyeslərin tamaşası ənənəvi yapon teatrı prinsiplərinə uyğun hazırlanmışdı. Bu əsərlərdə müəllif faciəli mühitdə insanın fərdi həyatının da faciə ilə üzləşəcəyi qənaətinə gəlir.

           U.Yeyts də daxil olmaqla irland vətənpərvərlərinin apardığı azadlıq mübarizəsi nəticəsində 1916-cı ilin aprelində Dublində Britaniya hakimiyyətinə qarşı “Pasxa üsyanı” adlandırılan qiyam baş verdi. Üsyanı qan içində boğaraq amansızlıqla yatırtdılar. Ümumilikdə beş yüzdən artıq adam oldürüldü. Hərəkat rəhbərlərindən on altı nəfər London məhkəməsinin hökmü ilə edam edildi. Üsyan günlərində Dublində olmaması U.Yeytsi ölüm cəzasından xilas etdi. Lakin əqidəsindən dönməyən şair bu hadisələrə həsr olunmuş şeirlərində inqilab qəhrəmanlarını və qurbanlarını cəsarətlə vəsf edirdi. Elə həmin ilin sonlarında nəşr olunmuş “Pasxa-1916” adlı kitabındakı  şeirlərdə, təbii ki, vətənpərvərlik və mübarizə mövzusu aparıcı rol oynayırdı. İki ildən sonra İrlandiya siyasi müstəqillik qazandıqda U.Yeyts ölkə parlamentinin ilk senatorlarından biri seçildi.

         İrlandiyanın ictimai mühitində mübarizə pafosu bir qədər səngiyəndən sonra U.Yeyts, nəhayət ki, şəxsi həyatına da diqqət ayırmaq qərarına gəldi. 1917-ci il oktyabrın 21-də 52 yaşlı şair ozündən 27 yaş kiçik olan Corci Hayt-Liz adlı bir xanımla ailə qurdu. Xoşbəxt ailə başçısı rolunda özünü çox məmnun hiss edən şair gənc xanımına dərin sevgi duyğuları bəsləyirdi. Evlənəndən sonra yazıçı Qoluey qraflığında qədim bir qəsr alaraq təmir etdirir və ailəsi ilə bu malikanədə yaşamağa başlayır. Onların bir qızı və bir oğlu dünyaya gəlir. Evliliyi ona həm də yeni yaradıcılıq stimulu verdi. Xanımı da onun ictimai və ədəbi fəaliyyəyinə əlindən gələn köməyi edirdi. 1921-ci ildə U.Yeyts gələcəyin digər Nobel mükafatçısı, görkəmli dramaturq Bernard Şou ilə birlikdə İrlandiya Ədəbiyyat Akademiyasının əsasını qoydu.

         1923-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif olunması, təbii ki, U.Yeytsin ədəbi və ictimai fəaliyyətinin zəfər məqamı idi. Əvvəldə qeyd etiyimiz kimi, Nobel Mükafatları Komitəsinin bu qərarında subyektiv amil güclü olsa da, irland şairi sonrakı yaradıcılığı ilə bu ali mükafata layiq görülməsini tamamilə doğrultdu. Təsadüfi deyildi ki, namizədliyi müzakirə edilərkən İsveç Akademiyasının üzvü Per Halmstrem onu  kelt-irland dirçəlişinin əsas siması adlandırmış, onun yüksək poetik tələblərə cavab verən sənətkar olmaqla yanaşı, həm də xalqa bağlılığını heç zaman itirməməsini şəxsiyyətinin mühüm məziyyətlərindən biri kimi dəyərləndirmişdi. Maraqlıdır ki, Nobel mükafatının təqdimat mərasimindəki nitqində U.Yeyts özü də diqqəti ədəbi yaradıcılıqdan daha çox milli azadlıq mübarizəsindəki və irland milli teatrının yaradılması işindəki fəaliyyətinə yönəltmiş, mübarizə yoldaşlarını xatırladaraq bu ali mükafata Avqusta Qreqori və Con Sinqin də onun qədər layiq olduqlarını vurğulamışdı. Bu çıxışdan irland vətənpərvərlərinin azadlıq ideyalarını yaymaq üçün teatr yaratmaq məqsədinin XIX əsr Azərbaycan maarifçilərinin – Mirzə Fətəlinin və onun ardıcıllarının xalqı nadanlıqdan xilas etmək naminə teatr yaratmaq istəyilə necə üst-üstə düşdüyü aydın görünür.

          Bəlkə də, bu ali ədəbiyyat mükafatının laureatları sırasında U.Yeyts yeganə sənətkardır ki, mütəxəssislər onun mükafatdan sonrakı yaradıcılığını mükafatdan əvvəlki ilə müqayisədə daha yüksək qiymətləndirirlər. Həqiqətən də mükafatdan sonra irland şairinin yaradıcılığı yüksələn xətlə davam etmiş, yeni-yeni uğurlu əsərlərin meydana gəlməsi ilə əlamətdar olmuşdur. Əgər əvvəlki əsərlərində Nobel mükafatçısı gözəlliyi əbədiyyət simvolu olaraq real həyata qarşı qoyurdusa, indi o, əbədi gözəlliyi real həyatın öz təzahürlərində axtarmağa başlayır. 20-ci illərin axırlarında çap olunan “Çevrələr”, “Lacivərd”, “Faciəvi sevinc” şeir silsilələri onun poetik yaradıcılığında bədii cəhətdən daha mükəmməl yeni bir  mərhələnin başlandığından soraq verir. Bu sıraya şairin “Qüllə”(1928) və “Dairəvi pilləkən”(1933) kitablarını və “Son şeirlər” adlandırılan silsiləsini də aid etmək olar. Haqlı olaraq poetik yaradıcılığının zirvəsi sayılan bu əsərlər onu vətəninin milli-mənəvi simvoluna çevirmişdir.  

          U.Yeyts bütün Qərb ədəbiyyatında modernizmin çiçəklənmə dövrünün şairi  olsa da, öz yaradıcılığında ənənəvi estetik və mənəvi dəyərlərin əks etdirilməsi,  qorunması yolunu tutmuşdu. Təsadüfi deyildi ki, müasirləri onun yaradıcılığını “əski inancların poeziyası” adlandırırdılar. Əsrin əvvəllərində belə bir mövqe, şərti də olsa, anlaşılan sayıla bilərdisə, artıq 30-cu illərdə onun öz mövqeyində inadla dayanaraq heç bir dəyişiklik etmək istəməməsi Avropa ədəbi ictimaiyyəti tərəfindən Nobel mükafatçısının “müasirliklə ayaqlaşa bilməməsi” kimi qiymətləndirilirdi. Bütün dünyanın rasional baxışlara üstünlük verdiyi bir zamanda mistik təsəvvürlərin əsiri olaraq qalmaq, əlbəttə ki, köhnəlik kimi görünürdü. Yalnız U.Yeytsin özünü qədim kelt mədəniyyətinin mənəvi varisi və bu ənənələrin davamçısı hesab etməsi ona qarşı barışmaz münasibətləri bir qədər yumşaldırdı.

          İrlandiyanın müstəqillikdən sonrakı ictimai həyatının U.Yeytsin müqəddəs tutduğu, pərəstiş etdiyi ənənəvi mənəvi dəyərlərdən uzaq düşərək daha çox ingilissayağı maddi dəyərlərə üstünlük verməsi onu çox məyus edirdi. Bəzi məqamlarda o, hətta aparılan mübarizənin, verilən qurbanların hədər getməsi fikrini dilə gətirməkdən belə özünü saxlaya bilmirdi. Onun fikrincə, ağır mübarizə nəticəsində əldə edilmış qələbənin bəhrələri qaragüruha qismət olub. Şair belə bir fikrə gəlir: “Əgər bu hakimiyyət sındırılmasa, irland cəmiyyəti bəlalara düçar olacaq.” Əslində, burada təəccüblü bir şey yoxdur. Bu, irland inqilabının da bütün inqilablar üçün ümumi olan qanunauyğunluqla baş verdiyini təsdiq edir. Çoxdan etiraf olunmuş bir həqiqətdir: “İnqilabları müdriklər hazırlayır, qəhrəmanlar həyata keçirir, bəhrəsini isə alçaqlar görür.” 

          1936-cı ildə bütün dünyada İkinci Dünya müharibəsinin nəfəsi duyulmağa başladığı bir məqamda U.Yeyts qarşıdurmanın bütün tərəflərini obyektiv mövqedən ittiham edərək yazırdı: “Kommunistlər, faşistlər, millətçilər, klerikallar – hamısı törətdikləri cinayətlərə müvafiq cəzalarını almalıdırlar.”

          1937-ci ildə magiya və mistisizm haqqında görüşlərini əhatə edən məşhur “Görüntülər” kitabının təkrar nəşrini çap etdirən U.Yeyts bir dostuna göndərdiyi məktubda yazırdı: “Bilmirəm, bəlkə də, başqaları üçün bu kitabın heç bir dəyəri yoxdur, mənim üçünsə o, dünyanın xaosuna qarşı mübarizədə sonuncu cəhddir.”

          1938-ci ilin dekabr ayında yazıçı “Kuxulinin ölümü” adlı son pyesini tamamlayır və bir aydan sonra qəflətən vəfat edir. Maraqlıdır ki, İrlandiyanın ən köhnəsayaq şairinin ölümü münasibətilə ən təsirli yazını ölkənin ən avanqard şairi – yenilikçi irland şeirinin lideri sayılan Uinisten Oden yazmışdı. O, U.Yeytsin yaradıcılığına tənqidi yanaşaraq onun ictimai və estetik mövqeyini tam qəbul etməsə də, poeziyasının yüksək bədii keyfiyyətlərini qəbul etməli olur: “İrlandiyanın poeziya bulağı qurudu.”

          O, 74 illik həyatı, yarım əsrdən artıq sürən yaradıcılığı boyunca böyük təbəddülatlarla dolu təkamül yolu keçsə də, bütün ziddiyyət və tərəddüdlərinə baxmayaraq, bütöv Şəxsiyyət və Şair kimi yaşamış, ömrünün sonuna qədər öz gənclik arzularına və seçdiyi həyat yoluna sadiq qalmışdı. O, həyatının və sənətinin bütün gedişatını ömrünü həsr etdiyi böyük amala tabe tutmağı bacarmış, heç birində vicdan ölçülərindən kənara çıxan addımlar atmamışdı.

         U.Yeytsin əsərlərindən heç biri nə müəllifin sağlığında, nə də ölümündən sonra Azərbaycan dilinə tərcümə edilməmişdi. Yalnız 2014-cü ilin dekabrında Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin nəşr etdirdiyi “Bəşəri poeziya” adlı şeir toplusunda Zakir Fəxrinin tərcüməsində dünya poeziyasının Uilyam Bleyk, Con Kits, Edqar Po, Uolt Uitmen, Emil Dikinson, Pol Verlen, Artur Rembo, Emil Verharn, Federilo Qarsia Lorka, Silviya Plat, Tomas Tranströmer kimi görkəmli nümayəndələri sırasında U.Yeytsin də şeirlərinə yer verilib.

         Kelt mədəniyyətinin beşiyi olan qədim İrlandiyada şairləri iki qismə bölürdülər: mübariz ruhlu, ictimai çağırış və satirik məzmunlu nəğmələrin ifaçısı olan bardlar və daha çox mənəvi müdrikliyin ifadəçisi olan filidlər. Xalqının mənəvi sərvətini, poetik irsini bütöv halda qəbul edən U.Yeyts öz yaradıcılığında bu təmayülləri bir vəhdətdə birləşdirməyə çalışmış və çox zaman buna nail olmuşdur.

          Uilyam Yeyts 28 yanvar 1939-cu ildə Fransanın cənubunda, dəniz sahilində yerləşən Rokbrün şəhərciyində vəfat etmiş, orada müvəqqəti dəfn olunmuşdu. Doqquz ildən sonra, 1948-ci ildə onun nəşini vətəninə köçürüb öz vəsiyyətinə uyğun olaraq, Dranklif kəndində, həmin kəndin keşişi olmuş ulu babasının məzarı yanında dəfn etdilər.

 

 

U.Yeyts

                              İrland teatrının təşəkkülü

            (Nobel mükafatının təqdimat mərasimindəki nitqi)

      

Mən öz nitqim üçün mövzu olaraq irland teatrının formalaşması məsələsini seçmişəm, çünki layiq görüldüyüm yüksək mükafatı qəbul edərkən özümü sizin tanıdığınız və tanımadığınız bir çox şəxslərin adını çəkməyə borclu bilirəm. Yəqin ki, pyeslər və teatr haqqında məqalələr yazmasaydım, yalnız lirik şeirlərə görə mənim adım bütöv bir hərəkatın rəmzinə çevrilməzdi və bu fəxri mükafatı mənə verməzdilər. Buna görə də burada əməl və mübarizə yoldaşlarımın adlarını çəkmək, onların əməyi barədə, çətinlikləri və qələbələri haqqında danışmaq istəyirəm.

        İrland-ingilis mücadiləsini hazırlamış müasir irland ədəbiyyatı, daha geniş götürsək, ictimai fikir hərəkatı 1891-ci ildən – Parnell hakimiyyətdən kənarlaşdırıldıqdan sonra meydana gəlmişdi. Hadisələrin gedişindən məyus olmuş İrlandiya parlament siyasətindən üz döndərmiş, həyat sanki ölü nöqtədə donub qalmışdı, çünki xalq uzun illər qəlbində bəslədiyi azadlıq arzularının doğrulmaması səbəbindən tamam ümidsizliyə düçar olmuşdu.

        Bu zaman doktor Hayld Kelt Liqası təşkilatını yaratdı və bu liqanın fəaliyyəti sayəsində siyasi mübahisələr kelt dilinin öyrənilməsi, siyasi mitinqlər isə kelt nəğmələrinin oxunması ilə əvəz olundu. Müasir İrlandiyanın ingilis dilində düşündüyünü və danışdığını nəzərə alaraq, mən də ingilisdillilər hərəkatını yaratdım. Biz ingilis dilində yazan irland yazıçılarının əsərlərini və ingilis dilinə tərcümə olunmuş kelt ədəbiyyatı nümunələrini cəmiyyətin bütün təbəqələri arasında yaymağa, təbliğ etməyə çalışırdıq. Fəqət bizim siyasi çıxışlara aludə olmuş xalqımız bədii ədəbiyyatı az oxuyurdu və biz öz ideyalarımızı yaymaq məqsədinə yaxınlaşa bilmirdik. Bu halda biz zəruri olaraq öz teatrımızı yaratmaq qərarına gəldik. Dublində fəaliyyət göstərən teatrlardan heç birini biz öz teatrımız saya bilməzdik. Bu teatrların heç birinin daimi truppası yox idi. Onlar, əslində, hərdən qastrola gələn ingilis teatrlarının icarəyə götürdükləri boş binalardan ibarət idi. Bizə isə irland pyesləri və irland aktyorları lazım idi. Biz irland xalqına irland dilində irland azadlığı ideyasını təlqin edən tamaşalar göstərmək istəyirdik. Bizim milliyyətçiliyimiz romantik bir hərəkat idi, buna görə də ideyalarımızın poeziya və teatr vasitəsilə həyata keçəcəyinə inanırdıq.

         ...Biz öz istəklərimizi yalnız ledi Avqusta Qreqorinin nəcib himayədarlığı sayəsində həyata keçirə bildik. Qədim zadəgan nəslindən çıxsa da, xalqa çox bağlı olan bu xanımla mən 1896-cı ildə tanış olanda ona milli teatr yaratmaq ideyası barədə danışdım və maddi imkansızlıq ucbatından bu planı həyata keçirə bilmədiyimizi dedim. Onun xahişi ilə mülkədar Edvard Martin bizim ilk tamaşalarımızın xərcini öz boynuna götürdü. Aktyorları isə İngiltərədən dəvət etmişdik. Tezliklə irland teatr həvəskarlarını cəlb edib onlarla işləməyə başladıq. Az müddətdə onların içərisindən iki nəfər – bir vəkil köməkçisi və bir fəhlə seçilərək baş rolları peşəkar səviyyədə ifa etməyə qadir olduqlarını göstərdilər. Aktrisaları isə cəmiyyətin nisbətən fəal, oxumuş təbəqəsi içərisindən seçdik. Onların çoxu teatr işinə vətənpərvərlik duyğularının təsiri ilə qoşulmuşdu. Ancaq onların sırasında da bir neçə  parlaq artistlik istedadına malik xanım tapıldı.

         Pulumuz az idi. İmkanlı adamlar bir qədər yardım edirdilər, həm də aza qane olmağa öyrəşmişdik. Teatrın idarə olunması üçün ledi Qreqori, Con Sinq və mənim daxil olduğum rəhbərlik seçildi. Repertuara daxil olan, əsasən vətənpərvərlik məzmunlu dramatik və satirik pyeslərin çoxunu da özümüz yazırdıq. Üzləşdiyimiz bütün ağlagəlməz çətinliklərə baxmayaraq, teatrı bu günəcən qoruyub saxlaya bilmişik.  ...Bu gün bizim teatrın taleyini qabaqcadan söyləmək çox çətindir. Əgər aktyorların əmək haqqını verə bilsək, teatr bağlanmayacaq. Bizim maliyyə vəziyyətimiz çox acınacaqlıdır, çünki Dünya və Vətəndaş müharibələrindən keçib gəlmişik. Küçədə atəş səsləri eşidiləndə isə tamaşaçıların sırası dərhal seyrəlir. Amma bu qədər çətinlikləri dəf etdikdən sonra mən bəxt ulduzumuzun parlayacağına inanıram. Buna görə də teatrımızın taleyi haqqında bu nitqimi aralıq hesabatı sayıram.

         Zənnimcə, mənim bu çıxışım İsveç kralının əlindən aldığım yüksək mükafata nəyə görə layiq görüldüyüm haqqında təsəvvür yaratmaq üçün kifayətdir. Hesab edirəm ki, bu gün bu kürsüdə mənim bir yanımda, əfsus ki, artıq dünyadan köçmüş cavan bir kişi, bir yanımda isə alicənab bir yaşlı qadın dayanmalı idi. Əminəm ki, mənim kimi, Con Sinq və Ledi Qreqori də İsveçdə onlara göstərilən lütfkarlıq və hörmət-izzətdən şərəf duyardılar. İsveçdə mən İrlandiyada qurmaq istədiyimiz cəmiyyətin parlaq nümunəsini gördüm.

 

                                U.Yeytsin aforizmlərindən seçmələr

 

         - İnsanı qocaldan duyğularının kütləşməsidir.

         - İndiyə qədər heç kim gözəllikdən bir fayda görməyib.

         - İlahi, qəlbimin yaxasını bərk-bərk düymələ.

         - İnsan ən qatı düşmənində də bəyənməli, ən yaxın dostunda da rədd etməli nə isə tapa bilər.

         - Qadın həyat normalarına nə qədər sədaqət göstərsə də, gözlənilməz addımlara daha çox meyilli olur.

- Cəhənnəmi, insanlar özlərini yaxşı aparsınlar deyə, keşişlər uydurub.

- Hər bir xalqın nağıllarındakı qulyabanılar xaraktercə onun özünə oxşayır.

- Qəhrəman həyatı ilk məğlubiyyətə, şair isə ilk uğursuzluğa qədər sevir.

- Şər qüvvələrin gücünü görmək istəyirsinizsə, irland, xeyir qüvvələrin gücünü görmək istəyirsinizsə, şotland nağıllarını oxuyun.

-İndiki zamanda mənim məqsədim çiçək açmaq deyil, köklərimi və budaqlarımı möhkəmləndirməkdir.

- Göylərin hakimi olmaq Tanrıya kifayət etmir, yer üzünün də hökmdarı olmaq istəyir.

- Öz qəlbini məhəbbətə bütünlüklə təslim edən adam axırda həmişə uduzur.

- Axmaqlıq da ölümün bir növüdür.

- İnsan qəlbinə dolan hissin nə olduğunu anlayana qədər ömrün çoxu keçib gedir.

- Tütünün və alkaqolun ziyanı haqqında o qədər oxudu ki, axırda onları yox, oxumağı tərgitmək qərarına gəldi.

- İnsan bütün həqiqətləri qocalıqla ölüm arasındakı müddətdə öyrənir.

- Düşünəndə müdrik kimi düşün, amma danışanda adi adam kimi danış.

- İnsan üçün sənət əsərinin gözəlliyini qavramaqdan daha ülvi bir məşğuliyyət yoxdur.

- Tale qurduğu oyunlarda bizim hərəmizə bir təlxək rolu tapşırır.

- Xəyal yalan deyil, yalan onun gerçəkləşdirilməsidir.

- Əgər insana gözəllik verilibsə, həm onu qorumaq, həm də ondan qorunmaq lazımdır.

- Xalqın ən nəcib keyfiyyətləri öz ifadəsini xalq sənətində tapır.

- İnsanın başqaları ilə mükaliməsindən bəlağət, özü ilə mükaliməsindən poeziya yaranır.

- Yalnız o sənətkar həqiqi mənada böyük gözəllik yarada bilər ki, onu özünün qəlb iztirablarından keçirmiş olsun.

- İnsanın yerinə yetmis istəyi son istək ola bilməz, son istək həmişə yerinə yetməyən istəkdir.

- Cavanlar arzuların, qocalar xatirələrin əsiri olurlar.

- Həyatımızın ən adi halı ətrafımızdakı insanların qəlbimizdə  doğurduğu qıcıqlanmadır.

- Nə qədər acınacaqlıdır ki, təxəyyülünün qüdrəti ilə bu qədər gözəl obrazlar yaratmış sənətkar onları real həyatda gerçəkləşdirə bilmir.

- Əsl poeziya ifadə etdiklərindən dəfələrlə artıq mətləbləri öz daxilində gizləyir.

- İnsan böyük planlarından çoxunun əldən çıxmağına görə ruhdan düşməməyi bacarmalıdır.

- Əsl sənət əsərləri daxili bənzərsizliyini qorumaq xatirinə zahiri oxşarlıqlarla barışmağa məcbur olurlar.

 ayb.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə