AYB.az saytı “Kitab dünyası ” adlı yeni layihəsinə başlayır. Layihədə kitabla əlaqəli olan bütün obyektlər - nəşriyyatlar, kitab dükanları və s. yerlərdən silsilə reportajlar sizlərə təqdim olunacaq.

 

 

İlk olaraq yolumuzu  “Qədim Qala” Nəşriyyat Evindən saldıq. Sadiq oxucusu olduğum nəşriyyat 2011-ci ildə yaranmasına baxmayaraq Azərbaycan kitab bazarında bir sıra uğurlar və ilklərə imza atıb. Onlardan danışmıram, çünki az sonra tanış edəcəyim şəxslər bu haqda ətraflı məlumat verəcəklər. 

 

Kitab olduğu hər yeri zinətləndirir deyirlər. Nəşriyyatın daxilində o zinət qabarıq əks olunurdu. Direktor Fərhad Abdullayev bu işdə yeni olsa da artıq xeyli təcrübə qazanıb. Nəşriyyat işinin özəllikləri və kitab çapının təşkili, təbliği barəsində danışığında da bunu hiss etmək olurdu:

 

 

Fərhad Abdullayev: -  Nəşriyyatımız  2011-ci il avqustun 1-də rəsmi dövlət qeydiyyatından keçib. Amma biz bu qeydiyyata qədər də kitablar çap edirdik. Hər kəs kimi biz də bir zamanlar oxucu idik. O zaman belə kitab sektorundakı problemləri, boşluqları aydın görürdük. Başqa ölkələrdən gətirilmiş kitabları görər, onların tərtibatına, quruluşuna heyran olardıq. Nə zamansa özümüz bu işi daha yüksək səviyyədə görəcəyimzin xəyallarını qurardıq. İlk kitablarımızı başqa nəşriyyatlarda nəşr etdik. Lakin bu da bizi qane etmədi. Məhz, bu problemlərin aradan qaldırılması istiqamətində öz firmamızı qurmaq, öz işimizin başında özümüz durmaq istədik. Nəşriyyat Evi, “Qədim Qala MMC” olaraq 2011 –ci ildən dövlət qeydiyyatından keçib. O vaxtdan bu vaxta sırf özümüzə aid 30-a yaxın kitab, sifariş əsasında isə ondan bir qədər az kitab çap etmişik.

 

İlkin məlumat üçün düşünürəm ki, yetərli faktlardır. Kitab həvəskarları onsuz da bu nəşriyyatın məhsulu ilə çoxdan tanışdırlar. Məsələn, İbn Sinanın  “Ariflərin irfani məqamları”, “Lev Tolstoyun əsərləri”, Rövşən Abdullaoğlunun “Arxadakı körpüləri yandırın”, “Üsyan”, “Hər bir insan hökmrandır” və s. kitabları motivasiya gücünü və intellektini artırmaq istəyən, həyatda çətinliklərlə üzləşmiş çox gəncə kömək edib. Hər şey çox gözəl. Fərhad müəllim bəs bu “Qədim Qala” nə deməkdir?

 

 

F. A. - Kitabların ön səhifəsində biz bunun açmasını vermişik: Qədim irs, gərək qala. Azərbaycan tarixi əsasən qalalarla bağlı olub. Günümüzə qədər qorunub saxlanılan müdafiə, istehkam məqsədli qalalar bizim ölkənin tarixindən xəbər verir. “Qala” möhkəmlik, sığınacaq, yaşam rəmzidir. Qalanın qədimiliyi isə kökümüzə bağlılığın rəmzidir. Ona görə biz elmi heyyətlə məsləhətləşdikdən sonra məhz bu adın üzərində dayandıq.

 

Fərhad bəy nəşriyyatın iş prinsipi barəsində danışır. Bir kitabın ərsəyə gəlməsində ilk addımdan tutmuş ən son addıma qədər hamısını bir - bir qeyd edir. Amma bütün bunlardan sonra maraqlı bir məsələyə toxunur. Hansı məsələ ki, bu gün kitaba o qədər də alışmayan cəmiyyət üçün daha maarifləndirici xarakter daşıyır:

 

F.A. -  Kitabın çap mərhələsindən də əsas mərhələ onun oxucularına təqdimi və çatdırılmasıdır. Kitabı nəşr eləmək elə də asan deyil, lakin ən mühüm olanı onu oxucuya çatdırmaqdır. Bunun üçün biz mütəmadi olaraq yeni-yeni dükanlar axtarır, onların rəhbərləri ilə yaxından tanış olur, kitablarımızı uyğun yerdə yerləşdirməyə çalışırıq. Növbəti mərhələdə də daima həmin dükanları nəzarətdə saxlayırıq.

 

Söhbət çox maraqlı axarla davam edir. Rafiq vaxt itimədən bizi, nəşriyyatı və kitabları tarixin yaddaşına köçürür. Söhbət  hərlənib-fırlanandan sonra kitabın marketinq və satış məsələsi üzərində dayanır. Bu zaman bizi dinləyən Şöhlət İxtiyaroğlu da müzakirəyə qoşulur. Hə, Şöhlət müəllimlə sizi tanış etmədim heç. Deməli, nəşriyyatın bir ağırlığı da bu adamın çiynindədir. Onu həm redaktor, həm də marketoloq kimi təqdim etmək olar.

 

Şöhlət İxtiyaroğlu: - Bizim nəşr etdiyimiz “Arxadakı körpüləri yandırın” adlı kitabda belə bir gözəl deyim vardır: “Hədəfi vurmaq üçün bir güllə yetər”. Ona görə də bizim məqsədimiz daima hədəfi düzgün bir şəkildə vurmaqdır. Biz daim müzakirələr aparır, hədəflərimizi, bu hədəflərə gedən ən qısa yolu müəyyən edir və mərhələlərlə ona doğru addımlayırıq. Hədəflərdən biri olaraq biz kitablarımızı kitab mağazalarından kənarlara çıxartmağı müəyyən etdik. Nəticə olaraq siz hazırda bizim kitablarımızı ancaq kitab dükanlarında yox, eləcə də iri super marketlərdə də görə bilirsiniz. “Neptun”,  “Favorit ”, “Rahat”, “Bizim market”,  “Abşeron”, “Azər City”, “Megastore”, “Gross”, “Grand”, “Army” və digər marketlər şəbəkəsində bizim kitablar var. Bu siyahı yaxınlarda biraz da artacaq. Bu gün hər kəsin işdən çıxıb kitab dükanlarını gəzmək kimi bir imkanı yoxdur. Ancaq kitab evlərinə getməsələr də, çoxları gün ərzində həmin super marketlərə baş çəkir və o zaman da bizim kitabları görə bilir. Biz bu addımla kitabı insanların ayağına gətirdik.

 

F. M. - Kitabın hər yerdə olması çox yaxşı bir haldır. Bu movqeni tutub şəbəkələri daha da genişləndirmək lazımdır. Bu gün hamının vaxtı yoxdur ki, gedib kitab dükanından hansısa kitabı alsın. Kitabı oxuculardan uzaqlaşdırmaq deyil, onu  hər  vasitə ilə oxucunun ayağına gətirmək lazımdır.

 

Fərhad müəllimin Şöhlət İxtiyaroğlunun çıxışına bu əlavəsindən sonra   “Qədim Qala”nın Azərbaycan kitab bazarında imza atdığı ilklərdən danışır. Əvvəlcə, “SMS məlumat xidməti” haqqında görək nə deyir:

 

F.A. - Bütün kitablarımızın arxasında biz bu barədə qeyd edirik. Bizim kitablardan vaxtında xəbərdar olmaq istəyən oxucular nəşriyyatın telefon nömrəsinə “boş sms” göndərə bilərlər. Avtomatik olaraq həmin nömrələr yaddaşa düşür. Növbəti mərhələdə hər yeni çıxan kitab barəsində bu nömrələrə bilgiləndirici smslər göndərilir. Abunə haqqında da düşünürük.  Hazırda müstəqil olaraq nəşriyyatın özündə abunə xidməti yoxdur. Ancaq biz bu barədə düşünürük. Hələlik nəşriyyat bu işi partnyor şirkətlər vasitəsilə edir. Abunə xidmətində sistemliliyi qorumaq əsas məqsədimizdir. Məsələn, bir oxucuya bir günə, o birisinə isə bir həftəyə kitabı çatdırmaq düzgün olmazdı. Onda bizim xidmətdə də sistemlilik aradan qalxar. 4-5 günə kitab çatdırmaq olmaz. Çünki 4-5 günə oxucu özü də gedib kitabı ala bilər. Odur ki, hələlik bu işi onlayn şəkildə partnyorlarla bərabər yerinə yetirmək daha optimal yoldur.

 

“Bunlar əməlli başlı iş görürlər ki” deyə fikirləşərkən Şöhlət müəllimin səsi bizi fikir aləmindən ayırdı. Sən demə hələ bunun ardı da varimiş:

 

Ş.İ. - Oxucularla əlaqəmiz get-gedə artır. Online olaraq kitab sifariş vermək istəməyən oxucuları biz kitabçılara istiqamətləndiririk. Məsələn,  oxucunun ünvanını öyrənəndən sonra o ünvana daha yaxın olan yerdə yerləşən kitab dükanını ona istiqamət veririk. Digər mühüm iş kitabları vaxtında dükançılara çatdırmaqdır. Çünki “SMS məlumat xidməti” oxucuları anında məlumatlandırır. Növbəti günlərdə oxucular dükanlara axışır. İstəmirik ki, onlart dükanlardan əliboş qayıtsınlar. Ona görə kitabçılar vaxtında kitabla təmin olunmalıdırlar.

 

 

Hə, müəllimlər indi də gəlin məhsullarınızdan danışaq. Deyəsən, çap etdiyiniz kitab silsilələri və layihələriniz yox deyildir:

 

F.A.- Təbii ki, bir nəşriyyat olaraq bizim öz silsiləmiz və istiqamətimiz var. Amma sərbəst sifarişlər də qəbul edirik. Yəni ki, gənc yazarlar da bizə müraciət  edib öz kitablarını nəşr etdirə bilərlər.

 

- Amma sizin kitabları tanıyan bir oxucu kimi deyə bilərəm ki, hər yazarın xüsusən də gənc yazarların kitabını nəşr etməzsiniz. Hər nəşriyyatın öz prioriteti var. Sizin öz prioritetiniz “Qanun”un öz prioriteti  var. Məsələn, siz heç vaxt  “Bozun əlli çaları” kitabını çap etməzsiniz.

 

F.M. - Əsas məsələ nəşr eləmək yox, nəyi nəşr eləməkdir. Bu gün Azərbaycanda yüz kitab nəşr oluna bilər. Amma mümkündür ki, yüzü də oxucular üçün faydalı olmasın. Bəzi kitabların nəinki oxucular üçün faydası yoxdur, hətta zərəri vardır. Təbii ki biz o tip kitabları nəşr etməyəcəyik. Hər şey maddiyyatla ölçülmür, daha üstün dəyərlər də vardır. Biz son zamanlar daha çox psixoloji kitablar nəşr edirik. O kitablarla bağlı çoxlu təşəkkür məktubları alırıq. Hətta maraq üçün son məktublardan birini qeyd edə bilərəm. Deməli, bir gənc tələbə bizə yazıb psixoloji baxımdan çox pis vəziyyətdə olduğunu bildirmişdi. Onun sözlərinə gərə o həyatda heç bir məna görmür, problemlər onu sıxır və o bu problemlərdən çıxış yolunu tapa bilmirdi. Ancaq sonradan yaxınlarından kimsə ona Rövşən Abdullaoğlunun “Arxadakı körpüləri yandırın” kitabını məsləhət görmüşdür. O, bu kitabın onun həyatını dəyişdiyini bildirir və bundan ötrü bizə həyatını borclu olduğunu qeyd edirdi. Bax bizim nəşriyyat üçün bundan böyük uğur ola bilməz.

 

- Çox gözəl. Amma yenə silsilələrdən danışaq:

 

Ş.İ. - Bizdə elmi metodiki kitab silsiləsi var. Məsələn ilk nəşrlərimizdən olan “Sürətli oxu” kitabı buna əyani misaldır. Bizə qədər heç kim sürətli oxu metodikasına aid kitab buraxmamışdı. İlk olaraq onu biz etdik. XXI əsrdə kitabı sürətli oxu texnikası ilə oxumaq çox vacibdir. Bu gün Avropanın bir çox universitetləri tələbə qəbul edərkən öncə onun sürətli oxuma və qavrama bacarığını sınaqdan keçirir. Yalnız bu mərhələni keçdikdən sonra tələbə adını almaq mümkündür. Bizə gələn məktublardan və satışdan da hiss etdik ki, “Sürətli oxu” çox böyük uğur qazandı.

 

Amma “Sürətli oxu” ilə iş bitmir ki... F. Abdullayev hələ o biri silsilələrdən danışmayıb heç. Tələsməyin, indi danışacaq:

 

F.A. - Digər silsilər arasından motivasyon psixoloji kitablarımız fərqlənir.

Biz bu silsiləni Rövşən Abdullaoğlu ilə işləyirik. Bu silsilədən ilk kitabımız da Rövşən müəllimin “Hər bir insan hökmdardır” kitabı oldu. Hazırda biz bu kitabın üçüncü dəfə çapı barəsində düşünürük. Bu silsilədən digər kitabımız “Arxadakı körpüləri yandırın” kitabıdır. Bu kitab da xeyli uğur qazanıb. Bir neçə günə sözü gedən kitab, türkdilli oxucular üçün  Türkiyədə çapdan çıxacaq. Türkiyədə də uğur qazanacağımıza əminik. “Üsyan” və “Çətin olsa da, həyat davam edir”  kitabı da bu silsilədəndir. Bu silsilənin davamını gözləyirik. Rövşən müəllimin bu silsilədən olan bütün kitabları təkrar çaplardır. Bəziləri çapdan çıxmış və ya çıxmaq üzrədir. Rövşən müəllim hazırda bu silsilədən olan başqa kitablar üzərində işləyir. Qorxular, qorxuların növləri, normal və xəstəlik hesab olunan formaları, fobiyalar, komplekslər, onların aradan qaldırılması, müalicə yolları, özünü düzgün ifdadə etmək bacarığı, daxilində olan hisləri bir birindən ayıra bilmək kimi maraqlı mövzular yaxın vaxtlarda çapa hazırlanan kitabların mövzuları arasındadır.

 

 

Fərhad müəllimin adını çəkdiyi Rövşən müəllim elmi araşdırma və tərcümə işləri ilə məşğuldur. Ana dilindən savayı rus, ərəb, fars dillərini mükəmməl bilən Rövşən Abdullaoğlu artıq “Qədim Qala ” nəşriyyat evinin sabit oxucularına çox tanışdır. Yazdığı, tərcümə edərək şərh verdiyi kitablar, kitab bazarında partlayışa səbəb olmuşdur. Elə bu haqda da danışdılar:

 

Ş.İ. -  “İnsan dünyadan əvvəl”, “ İnsan dünyadan sonra”, “İnsan dünyadan sonradan sonra”, “Ariflərin irfani məqamları”, “ Görüntülər”, “Bəla və Səbir”  kimi kitablar öz silsiləsinə görə ilk dəfə idi ki, bizim oxuculara təqdim olunurdu. Həmçinin İslam aləmində qələmə alınmış “İlk Kitab” ı da tarixi bir əsər və mənbə kitabı olaraq Azərbaycanda ilk dəfə biz nəşr etdik.  Psixoloji motivasyon kitabların yeri də tamam fərqlidir və oxucular arasında çox rəğbət olundu. Onlar haqqında bir qədər əvvəl daha geniş danışdıq.

 

Nəşriyyatın əslində uğurları daha çoxdur. Son zamanların bütün yarmarkalarında uğurla təmsil olunan nəşriyyat Türkiyədə də iş birliyini davam etdirir. Təkcə onu demək kifayətdir ki, bu gün “Qədim Qala” nəşriyyat evinin 150 yaxın satış məntəqəsində kitabları və bir çoxlarında da ayrıca kitab rəfləri vardır. Bəli, düz eşitdiniz, yüz əlli. Yəqin ki, bu yüz əllidən biri də sizin evə yaxındır. Elə isə həmin yerlərdən “Qədim Qalan”ı da soruşaq...

AYB.az

Elmin Nuri / Rafiq Qəmbərov






Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə