...Milli azadlıq hərəkatının qaynar çağları idi. Gəncədə yaşayırdım. Gəncə Dövlət Universitetində dərs deyirdim, yazdığım şeirlər ara-bir dövri mətbuatda dərc olunurdu. O zamanlar Musa Urud, Mahir Rəfizadə, Xəzangül, Lətif Zərgər, Fərruxə Pərişan, Səadət Akifqızı, Mustafa Rasimoğlu, Vahid Aslan və “İlham” ədəbi birliyinin digər üzvləri həftədə bir dəfə Alimlər evində toplaşırdıq. Qarabağ savaşında şəhid olmuş şair qardaşımız Nizami Aydın da hələ sağ idi. Axşamlar çayxanaya yığışır, biri-birimizə təzə şeirlərimizi oxuyardıq. Bu günlərdə 75 yaşı tamam olan tanınmış yazıçı-dramaturq Qərib Mehdi də bizim bu xudmani məclislərimizə ağsaqqallıq edərdi. 
Nizami Aydın Bakıya gələndə Vaqif Bayatlı ilə, Adil Mirseyidlə görüşərdi. O, Vaqif Bayatlının və Lorkanın şeirlərini çox sevirdi, mənə şeirlərimi Adil Mirseyidə göstərməyi məsləhət bilirdi. 


Nizami Aydın 1992-ci ildə yanan tankını düşmən səngərinə sürdü və qəhrəmancasına həlak oldu – ölümündən sonra Nizami Aydının gerçək şair ömrü başladı…
“Şair bəzən diri ikən gözə görünmür” - yazır Mirseyid. Şairlər Vətənin ən çox ərköyün, ən çox da döyülən övladlarıdır - bu misralar vaxtı ilə “uğurlu yol” yazıb ilk şeirlərimi oxuculara təqdim eləyən ustadım Məmməd Arazdandır. 

***

Adil Mirseyid rəssamlıq təhsili alıb, onun rəssam olduğu ilk baxışdan anlaşılır. Filosof Azər Mehdioğlu “Qəribə adamın palitrası” başlıqlı essedə yazır; “Adilin şeirlərini oxuyan hər bir fəhmli adam onun rəssamlığını, rəsm əsərlərinə baxan isə şairliyini sezər.” 
Adil Mirseyidin yaradıcılığında avanqard rəssamlıq cərəyanlarıyla – sürrealizmlə, impressionizmlə, kubizm və fovizmlə özgür poetik dilin uğurlu və bənzərsiz vəhtədi mövcuddur. Onun şeirlərində təsviri sənət elementləri poetik metaforalarla iç-içədir. 
A. Mirseyidin “Güzgüdəki adam” kitabını əziz və əsgi dostum Musa Urudda görmüşdüm. O kitabı bir neçə günlük Musadan aldım. O əl boyda kitabda toplanan şeirləri dönə-dönə oxudum. İndi Adil Mirseyidin yenicə çapdan çıxmış “Ay süvarisi” kitabını vərəqlədikcə haçansa bir nəfəsə “Güzgüdəki adam” kitabını oxuyarkən keçirdiyim heyrət və qürur hissini yenidən yaşadım. 
Mənim iyirmidən çox ölkə rəssamlarının əsərlərinin yer aldığı çox zəngin kolleksiyamda Adil Mirseyidin beş-altı əsəri var, bunlar yağlı boya və akvarellə işlənmiş mənzərələr və natürmortlardır. “Ay süvarisi” toplusunu vərəqlədikcə həmən tablolar gözlərim önündə canlandı, qəribədir ki, Adilin məndə saxlı peyzajlarında insan təsvirlərinin yer almadığını sanki ilk dəfə görüb kəşf etdim. 

pəncərə ağac bulud bahar
rəsmlər fırçalar rənglər tənhalıq

bu otaqda rəsmlərin fırçaların tənhalığın içində
məni mənə düşmən edən bir faciə xaosu var
divar saatının əqrəblərindən
vaxt süzülür damcı damcı
döşəmədə laxtalanır vaxtın qanı
uzun güzgüdə ömrü boşuna umudlarla
yaşamış bir adam
yalnızlıqdan sərxoşdu bu axşam
adama elə gəlir divar saatındadır canı
saat susan kimi o da öləcək
bahar bulud ağac pəncərə
tənhalıq rəsmlər fırçalar rənglər
vaxtın qanı damcı damcı damır güzgüyə
rənglərə fırçalara rəsmlərə ağ kətana
yaradandan küsmüşəm
məni xilas elə ana

Güzgü, ayna metaforası şairin ən çox sevdiyi obrazlardan biridir, - şair “güzgüdəki adamdı” . O, metofizik güzgüləri qapı kimi açıb bağlayır, o, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girir. Bəzən dörd divar dönüb dörd güzgü olur, onun qara qəhvə, qırmızı şərab, acı tütün və yağlı boya qoxuyan darısqal hücrəsində. Yaradandan küsdüyü günlərdə şair güzgüləri sındırmaq, dünyanı yaxıb yandırmaq istəyir, amma gücü çatsa da güzgülərə əl qaldırmır-o bu metafizik güzgülərsiz yaşaya bilməz, çünki o bu güzgülərlə dünyanın dürlü-dürlü əsrarəngiz sirrlərini çözür. O, güzgülərdə insanların içini görür və insanların içini gördüyü gündən heç kimə qibtə etmir, heç nəyə heyrətlənmir, təəccüblənmir-bir bəyaz bulud şəklində dünyanı gəzib dolaşır... 

***

Güzgüdəki adamı-Adil Mirseyidi ilk dəfə “Ədalət” qəzetinin redaksiyasında Vaqif Bəhmənlinin otağında görmüşəm. Neçənci ildi, hansı aydı soruşmayın, əslində zamanın mətləbə dəxli yoxdu. Adil pəncərə önündə oturub siqaret çəkirdi-Vaqif Bəhmənli bizi tanış elədi. İlk görüşümüzdə şairin səsini eşitmədim, o, sadəcə yüngülcə gülümsündü. Cins şalvar, cins köynək, cins gödəkcə vardı əynində, boynuna kaşne bağlamışdı. Atalar demişkən, üz gözündən, saqqalından nur tökülürdü. Biz iki kəlmə kəsmədik, amma mən şairin üzündəki nuru unutmadım... 

***

Bir gün Sabir bağının yaxınlığında rastlaşdıq, yenə başdan ayağa cins paltar geyinmişdi, gözündə klassik eynəyi, çiynində çantası... O zamanlar Sabir bağında bir çayxana vardı, oturub çay içdik, ordan-burdan söhbət etdik. Nizami Aydın şeirlərini mütləq Adil Mirseyidə göstər demişdi. Bir neçə gündən sonra yenə Sabir bağındakı çayxanada görüşdük, bu dəfə əvvəlcədən vədələşmişdik-mən bir qovluq şeir gətirmişdim. Yenə bir söz demədi, gülümsündü, qovluğu çantasına qoyub getdi. Səbirsizliklə günləri sayırdım, o isə zəng vurmurdu... 
Xoşbəxtlikdən bizim tanışlığımız dostluğa çevrildi... 


***

O illərdə Adil sıx-sıx rəssam dostlarının emalatxanalarına gedib gəlirdi. Kərim Cəlal, Vaqif Fazil, Fikrət İbrahimli, Çingiz Əziz, Hüseyn Haqverdi, Kamal Əhməd və Gennadi Brijatyuk kimi ünlü rəssamlar Adilin poetik yaradıcılığını yüksək qiymətləndirirdilər. Gennadi Brijatyuk Adil Mirseyidi mistik şair, şeirlərini mistik poeziya adlandırırdı, - mən bunu dəfələrlə Brijatyukun öz dilindən eşitmişəm. Təəssüflər olsun ki, heç bir tənqidçi Adil Mirseyid dünyasının mistik qatına enə bilmədi. Tənqidçilərimiz bu əsrarəngiz aləmin yalnız görünən tərəfi haqqında danışdılar, yazdılar və hər dəfə də Adil Mirseyidin ədəbi portreti hardasa yarımçıq qaldı, tamamlanmadı. 
Şairin rəssam dostu Gennadi Brijatyuka ithaf etdiyi şeiri örnək gətirmək istəyirəm. 
qoca rəssamın əsərlərində
tənhalığın sərxoş qızılgülləri
ovsunlayır sevdalı könülləri
araq şüşəsində qızıl balıqdı
ağ kətanda yarı divanədi yarı xalıqdı
xoşbəxt edə bilmədi sevdiyi qadınları
onu sevən qadınlar da səadət gətirmədi
nə yoxsulluq nə var dövlət
nə sağlamlıq nə şöhrət
nə gəncə nə də kiyev nə ölüm nə də qürbət
fərqində deyil artıq
könül verib tənhalığın 
sərxoş qızılgüllərinə

Dəyərli qardaşım Azər Turanın “Azərbaycan” qəzetinin 25. 10. 2002 sayında çap etdirdiyi “Bu, ölümdü, bura Paradiz kafesidir, bu da Adil Mirseyid” yazısından bəzi ayrıntıları bir daha yada salaq; - “Azərbaycan türk poeziyasında (məhz Adilin yaradıcılığı haqqında danışarkən mən bu ifadəni işlədirəm) Adil Mirseyidin obrazlar sistemi tamamilə yeni bir hadisədir. Adil Mirseyidin şeir duyğuları kifayət qədər böyük bir ərazini, yeni zamanda ayrı-ayrı mədəniyyətlər və etiqadlar arialını əhatə edən Şərqdən, akvarel və yağlı boya elementləri Parisdən qonaq gəlir. Və elə buna görə də Adil Mirseyidin illərdən bəri oxuduğum şeirlərinin yeni mədəniyyət dövrümüzün sözün ən həqiqi mənasında avanqard örnəkləri hesab edirəm... Adil Mirseyid özünü taleyə fəda etməyi bacardı. “ 
Poeziya Tanrının yer üzündə yaratdığı möcüzələrin ən sehirlisidir. 
Adil Mirseyid poeziyası həmin möcüzənin fleyta səsi, qağayı nəğməsi və durna qəribliyi aurasında yağlı boya ilə kətan üzərinə əbədilik köçürülmüş inikasıdır. 
Adil Mirseyid poeziyası bütün Dünyanı qarış-qarış gəzib, onun hər qarışını sevən poeziyadır. O, Yaponiyanı ən azı yaponlar qədər, Fransanı fransızlar qədər, Fələstini fələstinlilər qədər... sevir. 
Onun poetik ağuşu Mövlanə, Nazim Hikmət, Qoyya, Pikasso, Modilyani, Elçin, Vaqif Səmədoğlu, Bodler, Qogen, Van Qoq, Sezann, Buson, Mircavad, Səttar Bəhlulzadə... üçün eyni dərəcədə doğma, mərhəm və qutsaldır. 
Kəndimizdən axan Qarqar çayı üçün burnumun ucunun göynəməsi ilə Adilin Nil çayına olan sevgisi üst-üstə düşür;


ah misirdə olaydım
çiməydim nil çayında
ordan məktub yazaydım
sənə yağmur ayında

XXI əsrə keçdik, (Vaqif Səmədoğlunun “XXI əsrə keçəcəyik bir azdan, keçmək olmur Arazdan” misrasını xatırladım) yaşadığımız dünya müharibələriylə, dərdləriylə, elmi kəşflərinin və ixtiralarının çoxluğu ilə yadda qalandır... 
Mən nöqtəsiz, vergülsüz və böyük hərfsiz yazıb-yaradan “həpbərabər” şair qardaşımın “İN MEMORİAM” larını, “ Kətan, yağlı boyalarını” , “ Kompozisiyalarını” , Sonatalarını, Kapriççolarını, “ Güzgüdəki adam” , “ Paris motivləri” , “ Vağzal eskizləri” və “Quma çəkilmiş rəsmlər” silsiləsini əsrimizin poetik kəşfləri hesab edirəm. 
Adilin ürəyinin qanı ilə yazılıb, Göyüzünə söylədiyi şeirlər şaman duası kimi müqəddəsdir. 
O çağdaş şeirimizə təsviri sənət elementləri ilə yanaşı caz havası da gətirdi. Böyük şəhərin-meqapolisin xaotik musiqisini bəstələdi. Bundan öncə o saz havaları çalmışdı, sonatalar yazmışdı. 
“Ay süvarisi” toplusunda beş poema yer alıb. Təkcə poemaların adlarını sadalamaq belə onun mövzu dairəsi, fəlsəfi-estetik dünya görüşü haqqında təsəvvür yaradır. Budur, həmin beş poema(klassik şeirimizdə “Xəmsə” )-“Caz” , “ Payız hannibalizmi, “ Cariqulum vitae” (tərcümeyi-hal və yaxud ömür salnaməsi), “ Klassikal müzik for meditation” (klassik musiqi ilə meditasiya) və “Metropol röyaları” . 
“göydə ay yerdə ölüm
hara gedim mən gülüm
bir gün ölüm mələyim çıxacaq bir güzgüdən
eyni musiqini dinləyəcəyik həmən
bir şüşədən şərab içəcəyik
caz fank alya ceymis braun
tenor saksafon
molbertdə yarımçıq bir kompozisyon
hansı röyada gizlənim ay çəkib aparmasın məni
söylə harda yuva qurum
yağmur yağmasın pəncərəmə
mən pikassonun minotavrı kimiyəm bu gecə
bu son sevda son umud
qəhr oldum məni unut

Başqa bir misranı səsləndirək;

kor musiqiçi kimiyəm tanrım
amma səni görürəm mən

Yaşadığımız dünyanın cəhənnəmsayağı qır qazanları mənə Şuşasız şölələnən çərşənbə tonqalları kimi bumbuz soyuq təsiri bağışlayır. 

açın pəncərənizi açın qardaşlar
pəncərənizdə qan ləkəsi var. 

***

“Ay süvarisi” ni vərəqləyirəm, kitabda toplanmış şeirləri bir-bir oxuduqca nostalji hisslər keçirirəm. Bir zamanlar şəhərin mərkəzi küçələrindən birində bu adda bir kafe vardı-“Nostalji” kafesi. Axşamlar o kafedə görüşərdik, qara qəhvə içərdik, şeir oxuyardıq. Şair Vahid Əziz də axşamlar o kafeyə gələrdi. İndi o kafe daha yoxdu, indi o kafe Adilin “Nostalji kafesi” şeirinin misraları arasında canlanır;
nostalji kafesinin pəncərəsində axşam
masaların üstündə əriyir əriyir şam
pəncərədə axşama qara yağışlar yağır
qara qəhvə nədənsə bu gün şərabdan ağır
hardasa göyüzündə qərib ruhlar çığırır
dostumun gözlərini haraylayır çağırır
ah dostumun alnında titrəyir şam işığı
mən talesiz şairəm o da bir haqq aşığı
yenə umud sərxoşdu nostalji kafesində
könül özgürlük bulub bir bülbül qəfəsində

Başqa bir günün nostaljisi-Bilgəhdə balıq tuturuq, Nadir müəllimlə mənim diqqətim tilovlarda cəmləşib (Nadir müəllim Adilin dostudur), Adil qayaların üstündə oturub rəsm çəkir. Çəkdiyi rəsmləri elə oradaca bizə bağışlayır, guya balıq tutmağa gəlmişdi... 
Novruz bayramlarında Əmircana, Səttar Bəhlulzadənin qəbrini ziyarət etməyə gedirik, yol boyu susur, siqareti-siqaretə calayır...
Gennadi Brijatyuk, Vaqif Fazilin emalatxanalarındakı xudmani məclislərimiz heç vaxt unudulmayacaq. Bu axşam yenə Adil Mirseyid poeziyasının melanxolik ovqatına köklənmişəm;

dənizin üstündə bir ulduz sönür
mübarək bir nur var ayın üzündə
bir damla göz yaşım büllura dönür
aynadakı qərib şair gözündə

bütün dostlar unutdular şairi
amma fələk köpək kimi vəfalı
xatirələr ölüb kölgələr diri 
məcnun ovqatıdı qəribin halı

payız axşamında sevdalı dəniz
bəlkə şair göydən gəlmiş adamdı
qum üstündə yoxa çıxır bir cüt iz
nədən ürəyimə ayrılıq damdı

hara gedim hara bu axşam çağı
heç bilmirəm hara kimə zəng vurum
havalandı yenə könlümün ahı
mən saatı səhər neçəyə qurum


***

Adil Mirseyid urbanist şairdir. Köy kökənli şairlərimizin xətrinə dəyməsin, onun qələmindən çıxan şeirlər metrapol şeiridi. Bunu ilk dəfə xalq yazıçısı Anar hələ 90-cı illərin əvvəllərində söyləmişdi. Adilin sürrealizmlə bağlılığı olduğunu da Anar yazmışdı. 
Modern metropollarda insan sanki dörd tərəfdən abrukaya alınıb. Dörd yandan abruka altına alınan insan öz iç dünyasına çəkilir, şairin bireysəlliyi də məhz buradan qaynaqlanır. 

akvariumda yaşayıram elə bil 
akvariumda yaşamaq səadət deyil
yaxud;

şəhər şəhər gəzdirdim həsrətini
unutmaq istədim səni unutmaq
bir qədəh şərabla türküylə sazla
rus ruletiylə könlü ovutmaq
və yaxud;

ölümün xeyrinə işləyir bütün saatlar
uçan quşlar duyur yalnız saatların sirrini
amma saatlar gizlədə bilimir 
zamanın çılpaqlığını

Adil Mirseyid poeziyası metofizik obrazlar poeziyasıdır;

küçədən bir yuxu keçir rüzgarla qol boyun
yenə mənim xəyalımda əski bir oyun

və bu orijinal poeziya hər cür açıqlamalardan uzaq konseptual bir özəlliyə malikdir. Ümumiyyətlə Adil mürəkkəb şairdi, tam əminliklə deyə bilərik ki, o, 80-cı illərdə ədəbiyyatımıza gəlmiş istedadlı şairlər içində ən mürəkkəb şairdi. Əbəs deyil ki, Anar müəllimin tərtib etdiyi 1500 ilin oğuz şeiri antologiyasında-bu dəyərli ensiklopedik iki cildlikdə 80-ci illər poeziyası Adilin şeirləri ilə başlayır... 
“Azərbaycan türkcəsinin ifadə imkanları Adilin şeirləri miqyasında genişlənib” (A. Turan)
Yadımdaykən tanınmış tənqidçi Vaqif Yusiflinin bir fikrini sayın oxuculara xatırlatmasam Vaqif Yusifliyə və Adil Mirseyidə qarşı insafsızlıq etmiş olardım-“Modernist şerinin Azərbaycan poeziyasında yeni yaşam hüququnu verən ilk nümunələrini 80-ci illərdə Adil Mirseyid yaratdı.” 
Bu bir faktdır, bir gerçəklikdi. Amma nə yazıqlar olsun ki, bəzən tənqidçilərimiz, elə 80-ci illərdə poeziyaya gələn qələm dostlarımız da kiminsə, nəyinsə xatirinə bu faktın yanından ötüb keçirlər, ya da sadəcə susurlar-Vaqif Yusifli cəsarəti çatışmır. 
Adil Mirseyid isə bəlkə də bunun heç fərqində belə deyil-bəlkə elə bu anda o şair Giyom Apollinerlə Mirabo körpüsündən keçir, bəlkə Monmartrdan “Paris məktubları” yazır xalq yazıçısı Elçinə, bəlkə Pikassonun emalatxanasında şeir oxuyur, ya da Vinsent Van Qoqla absent içir... 
Vinsent Van Qoqla absent içdiklərinin şahidi olmamışam, amma Gennadi Brijatyukla, Mircavadla, Kamal Əhmədlə, Çingiz Əzizlə, Ucal Haqverdi ilə şərab içdiyini özü şeirlərində söyləyir. Və mən bunu öz gözlərimlə görmüşəm, çünki bəndəniz də o məclislərin iştirakçısı olub. (Dünyanın 20-dən çox dillərinə çevrilərək yayımlanan “Çərçivəsiz rəsmlər” kitabım məhz o günlərdən bir Tanrı ərmağanıdır)
Bəlkə indi şair Ləki vağzalında çayxanada oturub pəncərədən yağan yağışa baxır;

pəncərə önündə durubdu kölgəm
hardasa günahkar olduğu bəlli
gizli bir günah var mənim içimdə
nə şeir nə şərab nə cazz təsəlli

ah qorxudur məni şair taleyi
illərlə qaçmışam özüm özümdən
istanbul alçası çiçəkləyəndə
son damla yaş düşər ala gözümdən

məndil toxumuşam qırmızı məndil
şair qandı şeirin sözün mayası
bilsən təqvimlərdə hansı fəsildi
baxdığın aynada ölüm röyası

hardasa elə bil göylər kişnədi
hardasa elə bil bir köpək hürür
vağzal işıqları boğuq səsiylə
sınıq könüllərə təsəlli verir

Məni bağışlayın, özümü saxlaya bilmədim, şeirin ayrı-ayrı misralarını vurğulamaq istəyirdim, amma şeirin intonasiyası məni ovsunladı, şeiri bütünlüklə söylədim. 
Eşidirsinizmi, eşidirsinizmi insanlar! Şair ürəyini bir qaranquş yuvasına qoyub gitarada yanıqlı nəğmələr oxuyur. Şairin tənha səsini eşidirsinizmi?... 
Aydın Talıbzadə yazır; “Bir gün Fudzi dağında onunla rastlaşdığım zaman Adil Mirseyid mənə dedi ki, milyon ildi buluddu, hara getsə axırda yenə qayıdır Buddanın yanına. Mən inandım və dinmədim. Çünki bilirdim ki, Budda öz şeirlərini buluda yazır və onları şair qismində göndərir yer üzünə. Və biz də hərdən qəfil ayılıb görürük ki, yanımızca bulud adamlar yeriyir, tanış və naməlum. Adil Mirseyid kimi...” 
Mən bulud adamla yanaşı addımladığımızın çoxdan fərqindəyəm. Bulud adam hardan gəlib hara gedir, İlahi! Ay çəkir, torpaq saxlayır onu. 
Mən onun şeirlərini sevirəm. Baharı, bənövşəni, qaranquşları və dərdi sevdiyi kimi... 
Mən Adil Mirseyidin şeirlərini sevirəm – XX-XXI əsr Azərbaycan poeziyasının ən azı XXX əsrə daşıyıcısı olduğu üçün. 
Bu gün mənim sərsəm Dünyaya yazığım gəlir, çünki sərsəmliyə vərdişli olan bu Dünyanın ağlı olsa, heç olmasa bir atom bombasına, yaxud bir ballastik raketə xərclədiyi sərmayəni Adil Mirseyidin şeirlərinin yayımlanmasına və təbliğinə sərf edərdi. Onda insan qəddarlığının öküz boynuyoğunluğu bir məsum bənövşə tumurcuğunun saplağından yetmiş iki dəfə nazik olardı! 


***

Adil Mirseyidin şeirləri çeşidli özəllikləri ilə yanaşı həm də portretdi. Əlbəttə bu portret ilk növbədə şairin öz portretidir-yəni avtoportretdir. Şairin bütün yaradıcılığı boyu onun öz obrazını görürük. Onun şeirlərinin atmosferi Nazim Hikmətin, Atilla İlhanın, Fəyyad Xamisin, Pablo Pikassonun, Van Qoqun, Mircavadın... yaşadıqları dünyanın atmosferidir. Con Lennon, Arminstronq, Mirey Matye, Vaqif Mustafazadə, Barış Manço... bu atmosferdə nəfəs alırlar...
2004-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə Beynəlxalq Ədəbiyyat festivalına dəvət olunmuşdum. Mən o festivalda çağdaş Azərbaycan poeziyası haqqında məruzə etməliydim. Uzun götür qoydan sonra məruzəni üç şairin yaradıcılığı üzərində qurmaq qərarına gəldim-Vaqif Səmədoğlu, Çingiz Əlioğlu və Adil Mirseyid... 
Mənim çıxışım Avropanın hər yerindən Buxarestə poeziya işığına toplaşmış ünlü şairlər və ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılandı-həmən məruzə Rumıniyada və bir çox ölkələrdə çap olundu. 
Bu üç şairin simasında Avropada çağdaş şeirimizə maraq oyada bilmişəmsə, nə mutlu mənə. Məndən Adilin ingiliscə, türkcə və ya rus dilində çap olunmuş kitablarını istədilər, çarəsiz duruma düşdüm... 
Əslində biz keçmişimizlə öyünən millətik, bəzən günümüzün reallıqlarını görmürük, yaxud görmək istəmirik. 
Və vətənin “ən çox ərköyün, ən çox da döyülən övladlarını” zaman zaman öz biganəliyimiz, laqeydliyimiz ucbatından güdaza veririk. Sonra da gileylənirik ki, dünya bizi tanımır-qloballaşan dünyada mədəniyyətimizi, incəsənətimizi ölkənin sınırlarından çox-çox uzaqlarda təmsil etməliyik-zaman amansızdı, vaxtı fövtə vermək günahdır... Nə isə... Gəlin yenə “Ay süvarisi” nin peşinə düşək . 

nə günahın sahibiydim
belə uzun yaşadım
qara qara düşünürəm bu gün
otuz yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
gicgahımda qəfil sancır bir damar. 

Bu misraları söyləyən şair altmış yaşının ərəfəsində “bir ev tikir umuddan, bəyaz damı buluddan”, qoca akrobat kimi ürəyini atıb tutur, uşaqları güldürür, dənizin üstündə Aya baxanda nahaq döyülmüş uşaq kimi dünyadan küsür, hər günü son gün kimi yaşayır şəhər qələbəliyi içində, “vitrinlərindən tanınır şəhərlər”, o, vitrinlərdə insanların içini görür, ömrünü Şair Taleyinə girov qoyur-Ay işığına, nar çiçəyinə, Sözə, Səsə, Rəngə çevrilir. Şairin şeirlərində bu çəlişgəni görə bilmək çox önəmlidir. 
Bir zamanlar “otuz yaş da qocalıqdı mənimçün” yazan gənc şair indi altmış yaşının iki addımlığında şam işığının divarlarda çəkdiyi rəsmləri seyr edir... 
O, sanki bir mühacir həyatı yaşayır...” işin olmasın məndə bir mühacir babayam, Parisdə yaşayırmıştək yaşayıram məmləkətdə” . Ürək ağrısı ilə düşünürəm ki, yəqin ki, bu dəfə də Yazıçılar Birliyində və Mədəniyyət Nazirliyində həyatdan zövq almağı bacaran məmur arkadaşlar vitrinlərdə insanların içini görən “Ay süvarisi” nin doğum gününü unudacaqlar. 
Vaxtı ilə Vaqif Mustafazadəni, Əli Kərimi, Mircavadı... unutduqları kimi unudacaqlar. 
Allah çiynimdə böyük mənəvi haqqı olan ustadım Çingiz Aytmatova qəni-qəni rəhmət eləsin, o illərdə Çingiz ağa Bakıya gəlməsəydi, Mircavad fürsət tapıb böyük yazıçı və böyük Türk oğlu ilə görüşməsəydi rəssamın vətəndə “cəhənnəmə çevrilmiş” həyatı necə olardı görəsən?
Yenə Adil Mirseyidin Elçin Əfəndiyevə ünvanlandığı “Paris məktubları” nı xatırlayıram-doğulduğu məmləkətdə gizli mühacir kimi yaşamağa məhkum olunmuş Şair və Rəssam üçün gözəlim Paris qürbət simvoluymuş-biz bunu anlamadıq... 

***

Adil Mirseyid poeziyasının rəssamlıqdan gəldiyini, müasir təsviri sənətin estetik prinsipləri, ekspressiv eksperimentləri və obrazlı ifadə vasitələri ilə çağdaş şeir dilimizi etkilədiyini yuxarıda qələmə almışdım, amma o klassik ənənəvi şeir formalarına üz tutanda belə bir novator şairdi. O, xaosun deyil, harmoniyanın şairidir-bu harmoniya İlahi harmoniyadır. Rəsm əsərlərini sözlə necə təsvir etmək və şeir misralarındakı sözlərin ifadə etdiyi duyğunun rəsmini çəkmək mümkünsüzlüyünü iddia edənlərin fikirləri boşa çıxdı, Adil Mirseyid söylədiyimiz nəsnələrin ən gözəl nümunələrini yaratdı. 80-ci illərdə sosrealizm məddahlarının, şeir bülbüllərinin haqsız hücumlarına məruz qaldı, uzun müddət çap olunmadı, işsiz qaldı, (indinin özündə belə ona qarşı düşünülmüş bir haqsızlığın şahidiyik) çilələr çəkdi-şairin qapısını “badi-səbadan qeyri kimsə döymədi” . 
Ehtiyac vəfalı köpək kimi gecə gündüz qapısında keşik çəkdi. Amma şair “su kimi hər qaba axıb dolmadı, xəyanətlər gördü, xain olmadı” . 
Ürəyini məmləkətin göyərçinlərinə yedirdi-insanlar fərqinə varmasalar da göyərçinlər bunu bilir-göyərçinlər şairin pəncərəsini tanıyırlar-şairin pəncərəsi göyərçinlərin ümid yeridi-mən gördüyümü yazıram, aşıq deyiləm, amma gördüyümü çağırıram. 
1999-cu ilin aprel ayında “Adil Mirseyidin göyərçinləri” (fraqmentlərlə impressionist poema) yazıldı. Yazdım demirəm, çünki sanki qeybdən gələn bir səs mənə diktə eləyirdi. 

... Göyərçinlər şirin-şirin
söz dənləyir pəncərəsində. 
Bir tale şamı yanır
bir şairin hücrəsində. 
“Şükür” - deyə-deyə qara günlərə, 
qara çörəyə, 
qırmızı şəraba, açan çiçəyə
ürəyini yedirdir Adil göyərçinlərə. 

Bu poemanın ayağı sayalı oldu (xatırladım ki, bu mənim yazdığım ilk poema idi), dünyanın 30-dan çox dilinə çevrilib yayınlandı. 
2003-cü ildə şairin “Nəğmə adam” kitabını redaktor olaraq çapa hazırlayanda müəllifin yumşaq təkidi ilə poema “ön söz” əvəzi kimi verildi. 

... Allah, günahı nədi, 
bir şair qorxur bu gün
bir göyərçin gözlərindən. 

Özü burdadı indi, 
ruhu uçur qürbətdə. 
Ürəyini göyərçinlərə yedirdən
bir şair olmalıdı
bu gözəlim məmləkətdə... 

Xoşbəxtlikdən bu gözəlim məmləkətin belə bir şairi var. 
Bədbəxtlikdən “biganəlik iqlimində” yaşamağa məhkum... 

***
Adil Mirseyid elitar şairdir. 
Adil Mirseyid sürrealistdir. 
Adil Mirseyid mistikdir. 
Adil Mirseyid ürəyini göyərçinlərə yedirdir... 

***

Bir şair haqqında danışmaq şairin içində bulunduğu minillik poeziya aləminə səyahət etməkdir. 
Poeziyadan söz açmaq isə öz növbəsində sonsuz aləmlərə varmaq cəhdidir. 
Adil Mirseyidin şeirlərini oxuyan adam bəzən hansı əsrdə yaşadığını unudur-zaman və məkan illüziyası duman kimi yavaş-yavaş çəkilir, qeyb olur. İnsan göy qübbəsi altında öz “məni” ilə tet-a-tet qalır. “ Mən dünyanın içindəyəm, ruhum dışında dünyanın” . 

yay axşamı cazz kafedə
buz bağlayıb qədim divar saatı

başqa bir şeirdən,

yüz il geri qalır divar saatım
bu da mənim ömrüm günüm həyatım
... yüz il qabağa çəkirəm əqrəbləri. 

yaxud;
60 x 60 ölçülü kvadrat kətan
zaman içində zaman
məkan içində məkan
insan içində insan


Adil Mirseyid poeziyası əzəli və əbədi həqiqətlərə tapınır, şair zaman dışında ölümlə oyun oynayır. Adil Mirseyid poeziyası zamanüstü poeziyadır. 
“Ay süvarisi” yola çıxıb – uğurlar olsun!
“Ay süvarisi” nin arxasınca su atın...

Prof. Dr. Elçin İsgəndərzadə

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə