Son xəbərlər

 

İnsan dünyadan köçəndə, sanki göylə-yerin arasında bir soraqlaşma gedir. Göylər titrəyir, təlatüm, tufan qoparır. "Yer üzünün əşrəfi" olan insanın vaxtsız gedişi elə bil əyan olur göylərə... Külək və yağış dili ilə yerdən sorğu alır. Yer müqəddəs qoynyunu açıb, insanı rahatlayandan sonra səngiyir elə bil, hər şey dayanır sanki, gurlayan sular kimi yavaş-yavaş durulur... Beyinlər ayılır, zehinlər təzələnir.

Saralmış yarpaqlar kimi xatirələr tökülməyə başlayır. Üst-üstə düşür bəzən deyilənlər... Dinləyənlərsə, sakitcə başlarını tərpədirlər. Hər şey qalır danışanın insafına. Gözəl bir insanın xatirəsi isə səni için-için hey göynədir, surəti gözlərin önündən getmir. Həyatın necə fani, ömrün necə gödək olduğuna heyifsilənirsən.

Gözəl qələm dostumuz, istedadlı alim, yazıçı-publisist Arif Əmrahoğlunun qəflətən mədə xərçəngindən dünyasını dəyişməsi hamımızı sarsıtdı, qulaqlarımıza inanmadıq. Onun cismani yoxluğu, bir daha aramızda olmayacağı, müdrik, uzaqgörən, səmimi, sınayıcı baxışları ilə bizi təskin etməyəcəyi fikri qorxutdu könlümüzü, bir sızıltı qopardı, bir titrətmə saldı canımıza? Ölüm nə amansızmış? İnsan onun qarşısında necə acizmiş? Heç nə ilə saxlaya bilmədi onu əzizləri. Tufan kimi əsən əcəl yelləri bu gözəl insanı aramızdan qopardı... Çox müdrik, mötəbər, danəndə bir adamı, əvəzsiz ziyalımızı itirdik Arif  Əmrahoğlunun şəxsində.

Yadıma bir xatirə düşdü. Təzəcə 2000-ci il girmişdi. Dedim bir baş çəkim, yazıçı dostlarıma, görüm nə edirlər? Foyedə rəfiqəm, tələbə yoldaşım  Məlahətlə rastlaşdım. Çoz xeyirxah, nəcib bir qız olan rəfiqəm mənimlə hal-əhval tutdu. Məni öz çalışdığı otağa apardı. Qızlarla görüşüb, söhbət etdim. Otaqdakı doğma mühit, hörmət-ehtiram, insana təmənnasız yaxşılıq göstərməyə çalışan gənc, ağıllı qızlar, bu ocağa marağımı artırdı. Arada gözəl görkəmli, gur, dalğalı saçları səliqə ilə geriyə daranmış, üz-gözündən nur yağan orta yaşlı bir ziyalı içəri girdi. Qızlarla çox doğma hal-əhval tutdu, sual dolu baxışlarını mənə zilləyəndə Məlahət məni təqdim etdi. O, dodaqaltı qımışdı, xoş gəlmisən dedi.

Məni doğması kimi qarşılayan Arif müəllimin, qızların saf münasibətindən sanki ovsunlanmışdım. Xəyalımda gəzdirdiyim bir arzumu demək istədim onlara, dilimin qıfılı açıldı. Məlahətə kitabımı nəşr etdirmək istədiyimi bildirdim.

Məni Arif müəllimin yanına apardı, fikirlərimi bölüşdüm. Yazılarımı ona təqdim etdim. Ancaq Arif müəllimdən onlara göz gəzdirməsini xahiş elədim. Əgər, bədii cəhətdən kamil deyilsə, çapa ehtiyac olmadığını söylədim. Kitabımı çıxarmağa ehtiyat etdiyimi biləndə gülümsədi, "sən yeganə adamsan, umacaqsızsan!"-dedi.

Bir həftə keçəndən sonra gəldim. Görüşəndən sonra qızlar məni təbrik etdilər. Qulaqlarıma inanmadım. Onun yanına getdik. Arif müəllim mətbəə ilə danışmışdı. Mənə ürək-dirk verərək, “qorxma sənin yazıIarın çap olunmağa dəyər, kifayət qədər istedadlısan!”- dedi. Beləliklə,  ilk xeyirxahlarımdan biri də o oldu.

Sonralar tale mənim yolumu həmişəlik Azərbaycan Yazıçılar Birliyi ilə bağladı, doğmalaşdırdı məni bu ocaqla. Hər dəfə ikinci mərtəbədə Arif müəllimin yanına gələn gənc oğlan və qızları görəndə öz gəncliyim yadıma düşürdü.

İndi yanqı və həyəcanla düşünürəm, gəncliyimizə dayaq olan müdriklərdən biri də azaldı.
Heyif səndən, gəncliyimizin müdrik dostu Arif Əmrahoğlu!..

 

               
Zərəngiz Dəmirçi Qayalı

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə