Son xəbərlər

 

“Ulduz” jurnalı ilə  ayb.az saytının birgə layihəsi

İlham ABBASOVun təqdimatında


Nobel Mükafatları Komitəsinin qərarı ilə 1921-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı görkəmli fransız nasiri, publisisti və ədəbiyyatşünası Anatol Fransa verildi. İsveç Akademiyasının təqdimatında onun bu ali ədəbiyyat mükafatına “üslub zərifliyi, ağır məşəqqətlər hesabına qazanılmış humanizm, həmçinin əsl qall coşqunluğu ilə seçilən parlaq ədəbi nailiyyətlərinə görə” layiq görüldüyü qeyd olunurdu. A.Fransın şəxsiyyət və yaradıcılığını ondan əvvəlki laureat – İsveç yazıçısı K.Hamsunla müqayisə etsək, çox maraqlı faktlarla üzləşərik. Həm dünyagörüşünə, həm sənətkarlıq xüsusiyyətlərinə, həm də şəxsi keyfiyyətlərinə görə bir-birindən bu qədər uzaq olan iki yazıçı təsəvvür etmək belə çətindir.

         K.Hamsun qatı idealist və dindar idisə, A.Frans barışmaz materialist və ateist idi. Siyasi baxışlarına görə ifrat sağçı olan K.Hamsun yaşı yarıdan keçəndən sonra hətta faşistpərəst mövqe tutmuşdusa, solçu-sosialist ideologiyanın tərəfdarı olan A.Frans qoca yaşlarında hətta kommunist partiyasına daxil olmuşdu. Estetik platformasına görə K.Hamsun həyatı realist vasitələrlə əks etdirməsini ədəbiyyatın iflası hesab edirdisə, A.Frans realizm yaradıcılıq metodunun ən qüdrətli nümayəndələrindən biri sayılırdı. K.Hamsun intuitiv, irrasional düşüncəni bədii yaradıcılığın mütləq şərti sayaraq məntiqi yanaşma ilə insan ruhunun ifadəsini qeyri-mümkün hesab edirdisə, A.Frans məntiqi-rasional təfəkkürü nəinki öz yaradıcılıq üslubunun təməli, hətta əsərlərinin bədii predmeti kimi götürürdü.

         Bəs bir-birindən bu qədər fərqli sənətkarın hər ikisini ali ədəbiyyat ödülü ilə mükafatlandıran Nobel Komitəsi hansı meyara, hansı məntiqə əsaslanırdı? Məsələ bundadır ki, onları bir-birindən ayıran, bütün bu fərqli cəhətlərin fövqündə duraraq onları yaxınlaşdıran, hətta birləşditən daha güclü və prinsipial bir amil vardı. Bu yazıçıların hər ikisi böyük istedad sahibi idi və dünya ədəbiyyatına yüksək ədəbi dəyərə malik orijinal əsərlər vermişdi. Bununla da Nobel Mükafatları Komitəsi laureatların seçilməsində hansısa ictimai və ədəbi “izm”lərə yox, yaradıcılığın bədii dəyərini müəyyənləşdirən yeganə həqiqi meyara – istedada əsaslandığını bir daha əyani şəkildə göstərdi.

        Anatol Frans (Jak Anatol Fransua Tibo) 1844-cü il aprelin 16-da Parisdə, şəhərin ən məşhur bukinist mağazasının sahibi Noel Tibonun ailəsində doğulmuşdu. Onun atası ziyalı mühitindən çıxmamış, yazıb-oxumağı yalnız 20 yaşında öyrənmişdi. O, gənc yaşlarında fermada xidmətçi olmuş, sonra kitab ticarəti şirkətində işə düzəlmiş, daha sonra isə balaca bir bukinist dükanı açmışdı. Əsasən Fransa və digər Avropa olkələrinin tarixindən bəhs edən əsərlərin, nadir əlyazma kitabların alış-verişi ılə məşğul olan N.Tibo sonralar sahibkarlıq işini xeyli genişləndirmişdi. Onun Parisin lap mərkəzində, Sena çayının sahilində yerləşən “Libraie Franse” adlı bukinist mağazası Paris ziyalılarının sevimli toplantı yerlərindən biri idi. Anatolun əslən belçikalı olan anası gözəl nağılçı və poeziya həvəskarı idi. Gələcək yazıçının ədəbi zövqünün və yaradıcılıq meylinin inkişafına anasının güclü təsiri olmuşdu. Onun ədəbi tərbiyəsində və dünyagörüşünün formalaşmasında əsas rolu isə atasının mağazasındakı kitablar, burada hökm sürən kitab kultu, eləcə də toplaşan qonaqların yaratdığı yaradıcılıq atmosferi, onların söhbət və müzakirələri oynamışdı. Ailənin yeganə övladı olan Anatolun uşaqlıq və yeniyetməlik  illəri belə bir mühitdə -- müdrik kitablar və ağıllı adamlar çevrəsində keçmişdi.

        Orta təhsilini dini profilli yezuit kollecində alan Anatol təhsilə nəinki maraq göstərmir, əksinə, tarix və ədəbiyyat fənlərindən başqa, qalan dərsləri heç oxumaq belə istəmirdi. Bu məktəb şagirdlərin sərbəst düşüncə və fikir azadlığını amansızcasına boğur, ən xırda məsələlərdə belə dini ehkamlara qeyd-şərtsiz tabe olmağı tələb edirdi. Məktəbdəki bu iyrənc mühit onun təhsilə olan marağını söndürməklə yanaşı, duyğu və düşüncələrində xristian ehkamlarına qarşı ilk etiraz motivlərinin cücərməsinə də təkan verdi. Orta təhsil attestatını yalnız 20 yaşında alan Anatol universitet təhsilindən, ümumiyyətlə, imtina etdi. Kollec təhsilindən onun qazancı isə yalnız tarixi, yunan və latın dillərini öyrənməsi, bir də klassik ədəbiyyatla tanışlığı oldu.

         O, sistemli təhsil ala bilməməsi ilə itirdiklərini məqsədyönlü mütaliə sayəsində artıqlaması ilə qazana bilmişdi və tamamilə haqlı olaraq dövrünün ən savadlı adamlarından biri sayılırdı. Daha çox klassik ədəbiyyat, tarix və fəlsəfəyə maraq göstərən A.Frans hələ gənclik çağlarından Volterin və digər fransız maarifçi filosofların ideyalarını dərindən mənimsəyir. Özünün sonralar etiraf etdiyi kimi, gəncliyində ona ən güclü təsir göstərən kitablar sırasında xristianlıq tarixini ilk dəfə elmi-bədii formada qələmə almış Ernst Renanın “İsa Məsihin həyatı”, “Həvarilərin həyatı”, “Müqəddəs Pavelin həyatı” əsərləri xüsusi yer tutmuşdur. Həmin illərdə Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə tanış olan A.Frans ona böyük rəğbətlə yanaşır. Beləliklə, gələcək yazıçının materialist dünyagörüşü fəlsəfi və qneseoloji mülahizələrdən daha çox tarixi və təbiətşünaslıq biliklərinə əsaslanırdı.

         1871-ci il burjua inqilabı bütün Fransanı təlatümə gətirdiyi kimi, gələcək yazıçının həyatında da bir canlanmanın yaranmasına təkan verdi. O vaxtacan ədəbi yaradıcılıq üçün ictimai-fəlsəfi ideyaların əhəmiyyətini anlamayan, ictimai həyatdan kənarda yaşayan gənc yazıçı, sanki qəflət yuxusundan ayıldı və istedadını sərf etməyin magistral yolunu özü üçün kəşf etdi.

         Maraqlıdır ki, bu platformanı o, ilk növbədə yazıçı kimi yox, nəzəri olaraq, bir ədəbi  tənqidçi kimi tətbiq etməyə başlamışdı. A.Fransın həyat həqiqətlərini realist inikas vasitəsilə əks etdirmək yolunu seçməsində həmin dövrdə Fransa ədəbiyyatında aparıcı rol oynayan naturalizm ədəbi cərəyanının ən görkəmli nümayəndəsi Emil Zolyanın yaradıcılığı haqqında məqalə üzərində işləməsinin çox böyük təsiri olmuşdu. E.Zolya nəsrinin yaradıcılıq sirlərini anlamağa çalışan A.Frans realist inikas üsulunun üstünlüyü, həyatı əks etdirmək imkanlarının daha geniş olduğu qənaətinə gəldi.

         Anatolun peşəkar ədəbi fəaliyyətlə məşğul olmaq istəyi atası ilə kəskin konfliktin yaranmasına səbəb olur. Ata yeganə oğlunu özünün sahibkarlıq fəaliyyətinin davamçısı kimi görmək istəyirdi. Lakin höcət ata daha inadkar oğlunu fikrindən döndərə bilməyincə acığından mağazanı satır və işini qapadır. Oğul da ata evini həmişəlik tərk edərək öz başını dolandırmağa başlayır. Kitabçılıq işini yaxşı bilən Anatol əvvəlcə müxtəlif soraq kitabçaları və biblioqrafik jurnallar üçün yeni kitablar barədə kataloq və informasiyalar hazırlayır. Sonra Lemmerin Parisdə məşhur olan nəşriyyatında işə düzələrək qəbul edilmiş əlyazmalarına resenziyalar və nəşr olunan kitablara annotasiyalar yazmağa  başlayır. “Müasir Parnas” ədəbi dərnəyinin yaradıldığını və eyni adlı poetik almanaxın nəşrə başladığını eşidən Anatol onun ətrafına toplaşmış gənc istedadların sırasına qoşulur və tezliklə dərnəyin ən fəal üzvlərindən biri kimi tanınır. Bu gənclərin dünyagörüşü və ədəbi mövqelərində müəyyən fərqlər olsa da, həyat hadisələrinə qərəzsiz, obyektiv münasibət onların vahid platforma ətrafında birləşmələrinə imkan yaradırdı. Almanaxın 1871-ci ildə çıxan növbəti buraxılışında A.Fransın “Maqdalinanın qisməti” və ”Ayıların rəqsi” adlı şeirləri dərc olunur. Bu şeirlərin çapından dərhal sonra o, “Jan Servenin istəyi” adlı ilk romanını yazır, amma romanı yalnız on ildən sonra – 1882-ci ildə nəşr etdirə bilir.

          1875-ci ildən Parisin populyar və nüfuzlu “Le Temps”  (Zaman”) qəzeti ilə əməkdaşlığa dəvət olunan A.Frans burada “Ədəbi həyat” rubrikasının daimi aparıcısı kimi çox maraqlı və məhsuldar  yaradıcılıqla məşğul olmağa başlayır. Onun bu qəzetdə, demək olar ki, hər gün dərc olunan ədəbi-tənqidi və publisistik məqalələrinin sayı o qədər  çox idi ki, sonralar onları “Ədəbi həyat” adlı dörd cildlik topluda (1888-1892) nəşr etdirmişdi.

          1876-cı ildə qəzetdəki işindən əlavə, Fransa Senat kitabxanası müdirinin müavini təyin olunan A.Frans yaradıcılıqla paralel olaraq 14 il bu vəzifədə də çalışmışdı. 

          Mətbuatla bağlı yaradıcılığını ilk növbədə ədəbi tənqidə həsr edən yazıçı özünün tənqidçi konsepsiyasını belə ifadə edirdi: “Əsl tənqidçi oxuduqları haqqında deyil, ilk növbədə öz ürək yaşantıları barədə yazmalıdır.”

          Həmin illərdə həm də bədii yaradıcılığını davam etdirən A.Frans “İokasta” və “Arıq pişik” povestlərini(1879) , eləcə də Fransa Akademiyasının mükafatına layiq görülən “Silvest Bonnarın cinayəti”(1881) adlı ilk romanını nəşr etdirir. Bu əsərlər Fransa ədəbiyyatına yeni, orijinal və çox istedadlı bir nasirin gəldiyindən xəbər verirdi. Dünya şöhrətli “Madam Bovari” romanının müəllifi, A.Fransın özünə ustad bildiyi görkəmli yazıçı Qustav Flober “Arıq pişik” povestini şedevr adlandırmışdı. Əsərin qəhrəmanında yazıçının öz şəxsiyyətinin müəyyən cizgiləri müşahidə olunur. Gündəlik qeydləri formasında yazılmış bu əsərdə müəllifin hayat hadisələrinə analitik münasibəti üstünlük təşkil edir. 

          Mövzu secimi, ifadə manerası, təsvir olunan hadisələrə münasibət kimi amillər bu əsərdə müəllif fərdiliyinin özünəməxsusluğunu, bənzərsizliyini təsdiq etdi. Əsərin qəhrəmanı S.Bonnar yeni dövrün fransız ədəbiyyatında tam təzə bir tipaj, çağdaş fransış ziyalısının ümumiləşdirilmiş obrazı kimi qəbul edildi. Bu əsərdə A.Frans nəsrinin daha bir əlamətdar cəhəti – həyat hadisələrinə ironik-kinayəli münasibət ilk dəfə əsaslı şəkildə müşahidə olunur.

          1877-ci ildə, 33 yaşında ikən A.Frans Valeri Geren adlı xanımla evlənir, ancaq ömrü boyu ailə həyatı onun üçün arxa planda, yaradıcılıq fəaliyyətinin kölgəsində qalır. Qeyd etdiyimiz kimi, ilk romanı yazıçıya böyük şöhrət qazandırdı. Həcmcə çox da böyük olmayan bu əsərin çox istedadlı bir sənətkarın qələmindən çıxdığı dərhal görünürdü. Roman o qədər səmimi bir manerada yazılmışdı ki, oxucular onu avtobioqrafik əsər sayırdılar və biləndə ki, hadisələri qocaman qəhrəmanın dili ilə təsvir edən müəllifin hələ heç qırx yaşı da yoxdur, onun müdrikliyinə, həyat mövqeyinin yetkinliyinə heyrət edirdilər. Onun hekayələri çox zaman artıq oxuculara tanış olan süjetlər əsasında qurulsa da, A.Frans onlara yeni nəfəs, yeni ifadə tərzi verməyi bacarır. Maraqlıdır ki, peşəkar ədəbiyyatda ilk dəfə məhz A.Fransın istifadə etdiyi bu ədəbi priyom bir də təxminən yüz ildən sonra, müasir ədəbiyyatda mühüm rol oynayan postmodernizm ədəbi cərəyanı nümayəndələrinin yaradıcılığında bütün dünyada, o cümlədən də Azərbaycanda yenidən həyata qaytarılmış, çağdaş avanqard nəsrin əsas göstəricilərindən biri kimi qəbul edilmişdir.

         1890-cı ildə nəşr olunmuş “Tais” pomanı yazıçının sənət bioqrafiyasında yeni mərhələnin başlanğıcını qoydu. Bu əsər həyat gerçəkliyinin fəlsəfi dərki yolunda yazıçının ilk qələm təcrübəsi idi. Mövzusu qədim tarixdən alınmış bu romanda hadisələr o zaman Roma İmperiyasının tabeliyində olan qədim İskəndəriyyə şəhərində, antik mədəniyyətin süqutu, xristianlığın yaranması dövründə cərəyan edir. Müəllif yeni yaranmış xristianlıq əqidəsinin antik dövrün böyük humanist mədəniyyətini məhv etdiyini göstərir. Əsərin qəhrəmanı Anatol Allaha inanmır, yeni dinin, yəni xristianlığın əleyhinə çıxır. Dünya nemətlərinə bağlı olan bu şəxs dini inancın insanın təbii varlığına zidd olması qənaətindədir. Əsərin digər qəhrəmanı, Anatolun uşaqlıq dostu Pafnuti isə əksinə, xristianlığı qəbul etdikdən sonra dünyanın maddi nemətlərindən əl çəkərək qoca bir zahidlə bərabər səhraya çəkilir və guşənişin həyat sürməyə başlayır.

          Gənclərin hər ikisinin sevdiyi, həm sevgi duyğularına, həm də dini etiqadına görə onların arasında seçim etməkdə tərəddüd edən Tais ibadət üçün kilsəyə gedərkən yolda vəfat edir. Bundan sonra Pafnuti də Allahdan üz döndərir və bu əqidəyə gəlir ki, həyatda insana lazım olan yeganə duyğu məhəbbətdir. Təbii ki, bu əsərdə yazıçının niyyəti qədim tarixin hadisələrini əks etdirməkdən daha çox onların fonunda tarix və xristianlıq haqqında öz fəlsəfi mühakimələrini ifadə etmək idi. Dini inanc probleminə yanaşmada A.Frans hər şeydən əvvəl fanatizmin fərd və cəmiyyət üçün məhvedici rol oynaması fikrini qabarıq ifadə edir. Bu, əlbəttə, kortəbii bir nəticə yox,  müəllifin məqsədyönlü yaradıcılıq işinin bəhrəsi idi. Eranın əvvəllərindəki İskəndəriyyə mühitinin timsalında  yazıçı öz dövrünün Fransasını, burada yaşanan kəskin mənəvi böhranı əks etdirməyə nail olmuşdu.

          Artıq təcrübəli qələm sahibi kimi qəbul edilən A.Fransın 1893-cü ildə nəşr olunmuş “Kraliça Qazayağının aşxanası” və “Cənab Jerom Kuanyarın mühakimələri” romanları Fransanın ictimai reallığına müəllif baxışının, onun sənətkar və vətəndaş mövqeyinin daha mükəmməl məzmun qazandığını göstərdi. Bir-birinə baş qəhrəmanın eyniliyi ilə bağlanan bu əsərlərdən birincisində Fransa ədəbiyyatında yeni bədii qəhrəman nümunəsi sayılan müdrik və əhlikef Jerom Kuanyarın bənzərsiz obrazını yaratmağa müvəffəq olmuş müəllif onun vasitəsilə çağdaş Fransa cəmiyyətinin eyiblərini açıb göstərməyə çalışırdı. Bu mərhələdə A.Fransın uzaq tarixi epoxanın – antik dövrün tərənnümçüsündən, epikürçu estetdən müasir ictimai həyatla dərindən maraqlanan kəskin sosial romanlar müəllifinə çevrilməsi prosesi müşahidə olunur. “Silvestr Bonnarın cinayəti”, “Epikürün bağı” və “Tasis” əsərləri ilə müqayisədə bu romanlarda sosiallaşma tendensiyası aydın müşahidə olunur. Lakin əvvəlki əsərlərdə olduğu kimi, burada da müxtəlif tarixi mövzular məqsəd yox, müasir dünyanın sosial mənzərəsi və onu dəyişdirmək yolları barədə fəlsəfi düşüncələr üçün bir fon rolu oynayır.

         Bu romanlarda hadisələr XVII əsrdə - fransız maarifçiliyinin yaranmağa başladığı dövrdə cərəyan etsə də, antik dövrə aid əsərlərdə olduğu kimi, yenə də məqsəd müasir dövrün problemlərini və onların həlli yollarını saf-çürük etməkdir. Sual yarana bilər ki, bunun uçun tarixi mövzuya müraciət etməyin nə mənası vardı, elə birbaşa müasir ictimai-sosial vəziyyət barədə yazmaq daha əlverişli olmazdımı? Məsələ bundadır ki, A.Frans çağdaş ictimai vəziyyətin mənzərəsini, sadəcə olaraq, təsvir etmək yox, bədii-məntiqi təhlil yolu ilə onun məğzini-mahiyyətini araşdırmaq istəyir. Bu mənada A.Fransın tarixi romanları müasirlikdən uzaqlaşmaq cəhdi deyil, əksinə, çağdaş ictimai-sosial problemlərin tarixi köklərini axtarıb tapmaq, onların “genetik” xarakterini araşdırmaq vasitəsidir.

         Növbəti ildə nəşr olunmuş, Fransa və İtaliya kübar cəmiyyətlərinin macəralarla dolu həyatını əks etdirən “Qırmızı su zanbağı”(1894) romanı müəllifin öz həyatı ilə sıx bağlı idi. Yazıçı evli olmasına baxmayaraq, Parisdəki məşhur incəsənət salonlarından birinin sahibi olan xanım Leontine Arman ilə sevişirdi. Arvadı ilə boşandıqdan sonra isə bu xanımla qeyri-rəsmi nikahda yaşamağa başladı. Onunla birgə İtaliyaya səfəri yazıçıya bu əsəri yazmaq üçün mövzu və ilham vermişdi. Romanın süjeti heykəltaraş De Şartr ilə kübar ailədən olan gözəl Terezanın cəmiyyət tərəfindən qəbul edilməyən məhəbbət macərası üzərində qurulub.

          XIX əsrin son mərhələsində fransız ədəbiyyatında həyatın realist inikasına əsalanan naturalizm ədəbi metodu öz hegemon rolunu itirdikdən sonra onun yerini əsasən qeyri-realist metodlar tutdu. A.Frans isə realist inikas üsuluna sadiq qalaraq bir çox elementləri ilə bizə yaxşı tanış olan tənqidi realizm yaradıcılıq metodunu xatırladan bir üslubda yazıb-yaradırdı. O, realizmin ilk növbədə Stendal, Balzak və Floberdən gələn klassik fransız tipinin ənənələrini davam etdirməklə yanaşı, onları təkrar etmir, bu yaradıcılıq metodunu müasir dövrün xarakterindən törəyən bir sıra yeni keyfiyyətlərlə (ilk növbədə satirik detallarla) zənginləşdirirdi.

          A.Fransın satiralarının mahiyyəti cəmiyyət əxlaqında, insanların xarakterində, ictimai münasibətlərdə olan eybəcərliklərin barışmaz, amansız tənqidindən ibarət idi. Bu cəhətdən onun satirik nəsrinin üslubi səciyyəsi bizim tənqidi realistlərin – C.Məmmədquluzadə və Ə.B.Haqverdiyevin yaradıcılıq manerasına xeyli bənzəyir. Onlarda olduğu kimi, fransız yazıçısında da ictimai eyiblərin ifşası insana dərin məhəbbət duyğusu ilə vəhdət təşkil edir. Onlar kimi A.Frans da “balaca” adamın həyat qayğılarını, insani problemlərini,  onu məzlumluğa düçar edən ictimai şəraiti satirik əsərlərinin əsas mövzusu olaraq götürür.

          Ölkədə cərəyan edən ictimai və ədəbi hadisələrlə, mübarizələrlə sıx bağlı olan A.Frans öz əsərlərində bu hadisələrə təkan verən ideyaları əks etdirməyə çalışırdı. O öz həyat və yaradıcılığı ilə tarixin iki böyük epoxasını – XIX və XX əsrləri, bu keçid dövründəki əsas ictimai və ədəbi-estetik tendensiyaları qovuşdurmağı bacardı. A.Frans peşəkar ədəbiyyata naturalizmin hegemonluğu dövründə gələrək onun nümayəndəsinə çevrilməsə də, bir ədəbi tənqidçi kimi onun nümayəndələri haqqında çox yazmış, naturalizm yaradıcılıq metodunun estetik prinsiplərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsində önəmli rol oynamışdı. Naturalizmin ən görkəmli nümayəndəsi E.Zolyanın ədəbi-bədii yaradıcılığının təhlili A.Fransın elmi-tənqidi yaradıcılığında mühüm yer tuturdu.

          A.Fransın bir yazıçı olaraq naturalizmi özü üçün məqbul saymamasının və onunla müqayisədə klassik realizmə üstünlük verməsinin əsas səbəbi isə o idi ki, naturalizmdə insanın təbii (natural-bioloji) varlığına həddən artıq diqqət yetirilərək onun ictimai və mənəvi mahiyyətinin arxa plana keçirilməsini doğru yol saymırdı. Ümumiyyətlə, A.Fransın bir yazıçı kimi ədəbiyyatda oz yerini tapmasında onun peşəkar ədəbiyyatşünas-tənqidçi fəaliyyətinin güclü təsiri olmuşdu. Yəni bir  nasir kimi təmsil etdiyi yolu o, yalnız yaradıcı təbiətinin diktəsi ilə kortəbii şəkildə yox, həm də bir peşəkar ədəbiyyatşünas kimi götür-qoy edərək, müxtəlif mümkün variantları təhlil süzgəcindən keçirərək seçmişdi. Və bu cür şüurlu, hətta elmi yanaşma sonralar onun yaradıcılıq üslubunun formalaşmasında da həlledici rol oynamışdı. O, mövzu seçimindən tutmuş, həyat gerçəkliklərinin, ayrı-ayrı surətlərin ümumiləşdirilməsi, həmçinin bədii ifadə və dil-üslub məsələlərinə qədər hər şeyi şüurlu, ayıq  realist  yanaşma  vasitəsilə müəyyən edirdi.

          Dövrün dəbdə olan modernist ədəbi cərəyanlarının nümayəndələrindən fərqli olaraq, A.Frans sənətin həyat gerçəkliyinə sadiqlik, insanın ictimai varlığını ifadə etmək prinsiplərini inkar etmir, reallıqla mənəviyyatın əks etdirilməsində obyektiv  mövqe tutmağa çalışır, estetik dəyərləri yalnız sənət əsərlərində yox, həm də həyatın özündə tapmağa can atırdı. Onun estetik konsepsiyası zəriflik, harmoniya, fikir zənginliyi, ifadə aydınlığı və əlbəttə ki, hər şeydə əndazə gözləmək kimi amillərin mütləq nəzərə alınmasını tələb edirdi. O, sənətdə formal eksperimentalizmin əleyhinə idi, insana və həyat gerçəkliyinə ifrat subyektiv yanaşmanı qəbul etmirdi. 

          1896-cı ildə Fransa Akademiyasının üzvü seçilən A.Frans bir ildən sonra  “Müasir tarix” adlı tetralogiya üzərində yaradıcılıq işinə başlayır. Dörd kitabdan – “Şəhər qarağaclarının kölgəsi altında”(1897), “Soyüd maneken”(1897), “Ametist qaşlı üzük”(1899), “Cənab Berjere Parisdə”(1901) romanlarından ibarət olan bu epopeyada yazıçı 1789-1793-cü illərin Böyük Fransa inqilabından, daha çox da onun nəticəsində baş vermiş mürəkkəb və ziddiyyətli hadisələrdən bəhs edir, onları bədii-fəlsəfi şəkildə ümumiləşdirərək dəyərləndirir. Əsərin qəhrəmanı ədəbiyyatşünas professor Anatol Berjeredir. Əvvəl əyalətdə, sonra isə Paris Universitetində dərs deyir. O, kitab aşiqidir, maarifçilik dövrü filosof yazıçılarının yaradıcılığını araşdırır və Fransa mədəniyyətinin bu böyük ənənələri itirməsi onu məyus edir.

          Epopeyanın yaranmasna çağdaş Fransanın ictimai həyatında geniş əks-səda doğurmuş “Dreyfusun işi” insidenti təkan vermişdi. 1897-ci ildə Fransa ordusunun yəhudi əsilli zabiti Dreyfus Almaniyaya casusluqda ittiham edilərək həbs olunmuşdu. Bu hadisə ölkədə antisemitizm əhval-ruhiyyəsinin güclənməsinə səbəb olmuş, yəhudilər əleyhinə təbliğat kampaniyasına təkan vermişdi. Dövrün ən məşhur yazıçısı Emil Zolya “Mən ittiham edirəm” adlı məqaləsi ilə bu iyrənc, qeyri-humanist hərəkata qarşı etiraz səsini ucaldanda ona ilk dəstək verənlərdən biri də A.Frans oldu. Həmin hadisədən sonra Fransa sosialist hərəkatının ən fəal üzvlərindən birinə çevrilərək ədəbi mühitdə onun əsas təmsilçisi sayılan yazıçı bu monumental epopeyada çağdaş Fransa cəmiyyətinin satira və qrotesk elementləri ilə zəngin olan realist mənzərəsini canlandırır. Bu dordlüyə daxil olan əsərlərdə çağdaş dövrün tarixi xronikası bədii-fəlsəfi ümumiləşdirmələr vasitəsilə əks etdirilsə də, burada müəllifin bədii yardıcılıq təxəyyülünün ifadəsi ilə yanaşı, hadisələrə yanaşma və onların təqdimində publisistik elementlər də geniş  yer tutur. Müəllifin müasir tarixin gözəl bilicisi olmaqla yanaşı,  müasir insanın mənəvi və psixoloji yaşantılarının mahir ifadəçisi olduğu da üzə çıxır.

           A.Fransın bədii mətni ümummədəni və intellektual baxımdan çox zəngindir. Onun əsərlərini oxuduqca bu mətnlərin müəllifin yalnız istedadının deyil, həm də idrakının məhsulu oduğunu əyani şəkildə dərk edirsən. Buna görə də onun əsərləri oxucudan yalnız yüksək ədəbi zövq yox, həm də (bəlkə də, ilk növbədə) müəyyən intellektual hazırlıq tələb edir, oxu prosesi özünəməxsus səkildə idrak prosesinə çevrilir. Bu baxımdan A.Fransın mətnləri L.Tolstoyun əsərlərini xatırladır. Onun həyat gerçəkliyinə münasibəti yalnız bədii-obrazlı yox, həm də elmi-məntiqi yanaşma nümunəsidir. Həyat hadisələri onun ədəbi mətninə yalnız bədii təfəkkür süzgəcindən yox, həm də elmi məntiq prizmasından keçərək düşür. Bu mənada A.Fransın yaradıcılğı irrasional baxışla rasional yanaşmanın üzvü, həm də bir az qəribə sintezi şəklində meydana çıxır. Qəribəlik ondadır ki, əvvəla, dünyagörüşünə görə materialist olsa da, onun intellektuallığı yalnız dəqiq məntiqi kateqoriyalara yox, həm də fəlsəfi-əxlaqi mühakimələrə əsaslanır; ikincisi, yaradıcılıq metoduna görə realist olsa da, onun bədii ümumiləşdirmə və təsvir üslubu üçün həmin dövrdə Fransa rəssamlığında aparıcı rol oynayan impressionist üsluba xas olan pomantika və şəffaflıq da səciyyəvi idi. 

           XX əsrin ilk onilliyində A.Fransa uğur gətirən nəsr əsərlərindən biri də “Ağ daş üzərində”(1904) romanı olur. Bu əsərdə A.Frans Avropa ədəbiyyatında ilk dəfə olaraq fikrin özünü bədii tədqiqat predmeti, idraki mühakimə obyekti kimi götürərək faktiki olaraq intellektual roman janrının əsasını qoyur.

          Bundan sonra ədib müasir problemlərdən bir qədər uzaqlaşaraq yenidən tarixi roman janrına üz tutur. Bu sıradan ilk nümunə Fransa tarixinin ən parlaq simalarından biri olmuş qəhrəman qızın şərəfli və faciəli taleyi haqqında yazdığı iki cildlik “Janna d’Arkın həyatı”(1908) romanı olur. Vətəninin çox mürəkkəb və ziddiyyətli tarixi dövrünü təmsil edən, fransızların tarixi yaddaşında fədakar qəhrəmanlıq simvolu kimi yaşayan bir şəxsiyyətin mübarizəsini əks etdirən bu əsər müəllifə daha artıq şöhrət və oxucu sevgisi qazandırdı. Lakin əsərin bədii məziyyətlərini yüksək qiymətləndirməklə yanaşı, ruhanilər onu Janna obrazını ideallaşdırmaqda, tarixçilər isə ilkin mənbələrə sərbəst yanaşmaqda ittiham edirdilər.

          Elə həmin ildə yazıçı tarixi hadisələrə tamam fərqli rakursdan yanaşaraq satirik yaradıcılığının zirvəsi sayılan  “Pinqvinlər adası” pomanını yazır. Əslində, bu əsər tarixi roman yox, tarixə sadəlövhcəsinə yanaşaraq onu nağılvari bir formada təsvir edən romanlara parodiya idi. Fransa tarixini satirik ümumiləşdirmələr mövqeyindən dəyərləndirən yazıçı burada da maymaq abbat Mael obrazı ilə yenə də xristian kilsəsini kəskin tənqid etmişdi. Ümumiyyətlə, bu əsərdə müəllif  dini dünyagörüşünü həm tarixi, həm də müasir planda amansız kinayə və sarkazmla  ümumiləşdirərək tamamilə inkar edir.

         Əsərdə Fransanın xəyali (daha doğrusu, parodik) obrazını yaradan müəllif onu pinqvinlər ölkəsi kimi təqdim edir. A.Fransın satirik əsərlərinin hamısında olduğu kimi, burada da dini motiv, daha dəqiqi, xristianlıq ehkamlarının tənqidi ön plana çəkilmişdir. Alleqoriya formasından bacarıqla istifadə edən yazıçı Fransanın ictimai mənzərəsini – dinin mütilik alətinə çevrilməsinin, siyasi, iqtisadi, xüsusən də maliyyə monopoliyasının, pul hakimiyyətinin insanları mənəvi dəyərlərdən, humanist ideyalardan, demokratik münasibətlərdən uzaqlaşdıraraq iradəsiz bir kütləyə çevirməsini kəskin şəkildə ifşa etməklə yanaşı, bu cür idarəcilik üsulunun son nəticədə qanlı müharibələrə, amansız qırğınlara səbəb olacağını göstərir. Bu ideyanı müəllif personajlardan birinin dili ilə belə ifadə edir: “Müharibə bizim istehsal fəaliyyətimizlə bağlıdır. Bizim istehsalatın hər hansı bir sahəsində durğunluq yaranan kimi dərhal müharibə olmalıdır ki, yeni bazar əldə edilsin. Məsələn, bizdə kömür, pambıq, mis müharibələri olmuşdur.”

         “Pinqvinlər adası” bütün bəşəriyyətin və əlbəttə ki, Fransanın tarixinə kəskin, acı istehza ilə yazılmış bir əsərdir. Müəllifin fikrinə görə, insanlığın bütün tarixi boyu yaşanmış ictimai kataklizmlər müasir Fransa cəmiyyətində əyani şəkildə cəmlənmiş kimi görünür. Bu əsərdə müəllif mövqeyi eyni zamanda rəsmi tarixşünaslıq elminə parodik alternativ kimi təqdim olunur. Burada yazıçı komik ifadə tərzinin zərif ironiyadan tutmuş öldürücü qroteksə qədər bütün çalarlarından məharətlə istifadə etmişdir. Oxucu eyhamlı ifadə priyomları altında çağdaş Fransa cəmiyyətinin eybəcərliklərini asanlıqla görür, dəqiqliklə anlayırdı. Əsərin finalında Pinqviniyanın faciəli sonluğunu təsvir etməklə yazıçı bəşəriyyətin gələcəyi barədə öz ümidsiz proqnozunu vermişdir. Və cəmi beş-altı ildən sonra başlayan Birinci Dünya müharibəsi yazıçının öz məşum uzaqgörənliyində nə qədər haqlı olduğunu sübut elədi. (Maraqlıdır ki, Nobel mükafatının təqdimat mərasimindəki nitqində A.Frans İkinci Dünya müharibəsinin də uzaqda olmadığını söyləmişdi.)

         1912-ci ildə A.Frans ədəbi və ictimai rəydə ən coşqun mübahisələr doğuran “Allahların hərisliyi” romanını nəşr etdirir. Fəlsəfi səciyyəli bu əsərdə ədib yenidən inqilab mövzusuna qayıdır. Burada yazıçı Avropa filosoflarının “tarixin lokomotivi” adlandırdıqları inqilabların insanların və xalqların taleyində oynadığı həm müsbət, həm də mənfi rolu bədii-fəlsəfi meyarlar mövqeyindən dəyərləndirməyə çalışır. Bu böyük həcmli, çoxplanlı əsərin mərkəzində bütün varlığını köhnə dünya ilə mübarizəyə həsr etmiş, öz şəxsi mənafeyini düşünməyən, ancaq xalqı despotik hakimiyyətin zəncirlərindən azad etmək ideyası ilə yaşayan inqilabçı obrazları durur. Ancaq sonda yazıçı belə bir nəticəyə gəlir ki, ədalət naminə ədalətsizliyə yol veriləcəksə, xoşbəxtlik naminə nahaq qanlar axıdılacaqsa, bundan müsbət nəticə gözləməyə dəyməz, əslində, insanlara belə xoşbəxtlik heç lazım da deyil. Beləliklə, əvvəldə inqilab ideyalarının tərənnümü üçün nəzərdə tutulan bir əsər bu cür bədbin sonluqla başa çatır.

          Yazıçının XVIII əsrin axırıncı onilliyini əhatə edən Böyük Fransa inqilabının son hadisələrini mövzu kimi seçməsini təsadüfi saymaq olmaz. İnqilabın qələbəsindən sonra tüğyan edən amansız terror və repressiyaları yazıçı tarixi qaçılmazlıq kimi yox, mahiyyəytcə özü də zorakılıq aktı olan inqilabın məntiqi nəticəsi kimi qiymətləndirir: “İnqilabın bəlası ondadır ki, xeyirə xidmət etmək istəyir, amma nəticə əksinə alınır. İnsanları xeyirxah, ağıllı, mərhəmətli, alicənab, azad etmək istəyir, amma hamısını məhv etməli olur.”   Bütün bunlardan yazıçının, ümumiyyətlə, sosial tərəqqi ideyasından üz döndərməsi nəticəsini çıxarmaq doğru olmazdı. Sadəcə, o, ədalətli cəmiyyət quruculuğunun qan-qadasız, zorakılığa alternativ olan bir yolunun mümkünlüyünə inanmaq istəyir, bunu arzulayırdı.

          A.Frans növbəti romanında – “Mələklərin üsyanı”(1914) əsərində bu ideyanı, yəni humanist məqsəd güdən inqilabın yekunda antihumanist nəticə ilə bitməsini real insan cəmiyyətindən ayıraraq ilahi səviyyədə simvollaşdırır.

          Vaxtilə mələklərdən biri olan İblis Allahın iradəsinə qarşı çıxdığına görə Tanrı dərgahından qovulmuşdu. A.Frans “Mələklərin üsyanı”nda göstərir ki, bu hadisədən sonsuz zaman keçdikdən sonra bizim dövrdə qalan mələklər də Allahın hakimi-mütləq idarəçiliyinə qarşı çıxaraq üsyan qaldırırlar. Onlar Allaha qarşı “inqilabi hərəkat”larına rəhbərlik etmək xahişi ilə köhnə “inqilabçı” İblisə müraciət edirlər. Lakin uzunmüddətli mübarizə təcrübəsindən inqilabın bir tiraniyanı digəri ilə əvəz edəcəyini yaxşı bilən İblis bu təklifdən imtina edir. Həm də İblis çətin ayaqda onu dəvət edən mələklərin mübarizəyə sona qədər sadiq qalacaqlarına, onun arxasında axıracan duracaqlarına, inqilab ideyasına xəyanət etməyəcəklərinə inanmır. Yenə də din və cəmiyyət mövzusunu həyatın başlıca problemi kimi götürən yazıçının ateist mövqeyi bu romanda daha kəskin şəkildə ifadə olunmuşdu. Yazıçı bu dəfə yalnız dinin özünü yox, həm də onun vasitəsilə cəmiyyətdəki ictimai bəlaların, insan xislətindəki mənəvi eybəcərliklərin kökünü ifşa etməyə çalışmışdır.

           Beləliklə, dünyanın inqilabi yolla inkişafına pessimist münasibətini bu cür kəskin şəkildə bildirən A.Frans bunu insan cəmiyyətinin nümunəsində ümumi şəkildə ifadə etməklə kifayətlənməyərək, daha yüksək sferaya üz tutur. Bu roman bir tərəfdən sosialist ideologiyasına ümumən rəğbətlə yanaşan yazıçının inqilab ideyasından rəncidə olduğunu aşkarlayırdısa, digər tərəfdən onun xristian ruhani təsisatları ilə münasibətlərində lap əvvəldən mövcud olan gərginliyi son həddə çatdırırdı.

          Amma qəribədir ki, fransız yazıçısı 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş sosialist inqilabını birmənalı şəkildə qəbul etdi, gördüyü tədbirləri alqışladı. (Görünür, rus inqilabının törədəcəyi dəhşətli terrorun miqyasına  görə bütün digər inqilabları kölgədə qoyacağını ağlına belə gətirmirmiş.) 1919-cu ildə Anri Barbüsün təşəbbüsü ilə başlanmış “Sosialist Rusiyasını müdafiə edək!” kampaniyasına qoşuldu, 1920-ci ildə isə Fransa Kommunist Partiyasına üzv oldu. Yeri gəlmişkən, A.Frans Nobel mükafatından aldığı vəsaiti də Rusiyada aclıq çəkənlərə yardım fonduna köçürdü.

          Ümuniyyətlə, A.Fransın Rusiyaya və rus mədəniyyətinə boyük rəğbəti bu ölkədə də ona qarşılıqlı sevgi doğurmuşdu. Təsadüfi deyil ki, onun, demək olar, bütün əsərləri rus dilinə tərcümə edilərək bu ölkədə geniş təbliğ olunub. Bu zəmində SSRİ-yə daxil olan digər respublikalar kimi Azərbaycanda da onun şəxsiyyəti və yaradıcılığı ədəbi ictimaiyyətin diqqətindən kənarda qalmamışdı. Rəsmi ideologiyaya uyğun olaraq, dövrun mütərəqqi yazıçılarından sayılan A.Frans haqqında respublikamızda çoxlu məqalələr yazılmış, yubileyləri qeyd olunmuşdu. Hələ 1933-cü ildə Bakıda “Mələklərin üsyanı” romanı görkəmli yazıçımız Seyid Hüseynin tərcüməsində ayrıca kitab şəklində nəşr edilmişdi. Ölkəmiz  müstəqillik qazandıqdan sonra da A.Fransın yaradıcılğına maraq, artıq kommunist ideologiyasına müvafiq olaraq yox, dünya ədəbiyyatının həqiqətən dəyərli nümayəndələrindən biri kimi, davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamına əsasən, 2007-ci ildə buraxılmış H.Qoca və C.Bəydillinin tərtib etdikləri 3 cildlik “Fransa ədəbiyyatı antologiyası”nın ikinci cildinə Nobel mükafatçısının Kamil Mehdiyevin tərcümə etdiyi “Krenkevil” povesti də daxil edilib. “Nobel mükafatı laureatlarının əsərləri” seriyasından A.Fransın ana dilimizdə “Seçilmiş əsərləri” çapa hazırlanır.

          Nobel mükafatına layiq görülməsi, başqa yazıçılar kimi, A.Fransın da həyatında yeni mərhələnin başlanğıcını qoydu. Əsərləri dünyanın bütün ölkələrində tərcümə və nəşr olunmağa başladı. Onun namizədliyi  müzakirə olunarkən İsveç Akademiyasının katibi Erik Karlfeldt A.Fransı “Fransa mədəniyyətinin ən nüfuzlu nümayəndəsi və sonuncu böyük klassik” adlandırmış, ingilis yazıçısı Cozef Konrad isə onu “nəsrin şahzadəsi” sayaraq böyük fransız ədəbiyyatının ən görkəmli nümayəndələri sırasında yer tutduğunu vurğulamışdı.

          Yalnız Fransanın özündə onun yaradıcılığı haqqında tənqidi fikirlər də səslənmiş, əsərlərində ictimai-sosial problemlərə həddindən artıq yer ayıraraq  insanın mənəvi dünyasını bəzən yaddan çıxardığını vurğulamışdılar. (A.Fransın Fransada tənqid olunması tam əsassız da deyildi. Təbii ki, vətənində onu daha yaxşı tanıyır, fəaliyyətində və yaradıcılığında baş vermiş “yanılmalar”ı daha dəqiq bilirdilər. Məsələn, onun ədəbi-tənqidi yaradıcılığında mühüm yer tutan böyük fransız yazıçısı E.Zolya haqqında sağlığında – “Onun əsərləri başdan-ayağa bədbəxtlikdir. Bəzən əlini vicdanının üstünə qoyub düşünürsən ki, kaş Zolya heç doğulmayaydı” - deyən yazıçı həmkarının dəfn mərasimində – “Gəlin ona qibtə edək, çünki onun heyrətamiz əsərləri, göstərdiyi böyük qəhrəmanlıq indi vətənimizin, bütün dünyanın zinətidir” – sözlərini dilə gətirmişdi.)

           Bir də Roma Katolik kilsəsi ateist yazıçının ali mükafatını özünəməxsus şəkildə “qeyd etmək” fürsətini əldən vermədi. 1922-ci ildə  Roma Papasının təsdiq etdiyi xüsusi fitva ilə Vatikan A.Fransın əsərlərinin qadağan olunmuş kitablar siyahısına salınması barədə qərar qəbul etdi. Hələ ilk qələm təcrübələrindən başlayaraq dini ehkamlara qarşı çıxıb onların insanın  təbii və mənəvi varlığına zidd olduğu israrla , inadla təlqin edən yazıçı əsərdən-əsərə bu münasibəti daha da kəskinləşdirərək sonda dinin tarix boyu cəmiyyətdəki sosial-ictimai bəlaların əsəs səbəblərindən biri olduğu qənaətinə gəlir. Vatikan isə yazıçının işdəklərinə uzun müddət göz yumsa da, Nobel mükafatının şöhrətini ona bağışlaya bilməyərək belə bir addım atır. 

           Əslində, Nobel mükafatçısı şöhrətini uzun müddət yaşamaq A.Fransın heç qismətində də deyilmiş. Bu mükafatı ahıl çağlarında almış yazıçı üç ildən sonra -- 1924-cü il oktyabrın 12-də, 80 yaşında ikən dünyadan köçdü. Cəmiyyətin müxtəlif zümrələrinin mərhuma münasibəti birmənalı olmasa da, Fransa hökuməti onu möhtəşəm yaradıcılığının dəyərinə uyğun olaraq böyük təntənə və ehtiramla dəfn etdi. Sağlığında və ölümündən sonra ictimai, eləcə də ədəbi fikrin onun haqqındakı mövqeyinin dəyişkən olmasına baxmayaraq, Anatol Fransın adı fransız ədəbiyyatının ən görkəmli nümayəndələri sırasına əbədi yazılmışdır.

 

                

A.Frans

            

Nobel mükafatının təqdimat mərasimindəki nitqi                                                                                         

          Mən ömrümün bu ahıl çağında sizin gözəl ölkənizi, güclü kişilər və gözəl qadınlar diyarını görmək üçün bura gəlməyi özümə borc bildim. Mən buraya ədəbi karyeramın yekun tacı olan mükafatı minnətdarlıq hissi ilə qəbul etmək üçün gəlmişəm.

          Alfred Nobel kimi nəcib bir insanın təsis etdiyi, bunca səriştəli, ədalətli münsiflərin məni layiq bildikləri bir mükafatı almaq mənim üçün böyük şərəfdir. Fransa Akademiyasının üzvü kimi mənə bir neçə dəfə sizin dəvətinizlə ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının seçilməsində məsləhətçi qismində iştirak etmək nəsib olub. Məsələn, parlaq üslubu, azad fikri ilə fərqlənən Moris Meterlinkin, sizin ədalət və sülh mücəssəməsi kimi qəbul etdiyiniz, vicdanlı insan olaraq qalmaq xatirinə şan-şöhrətdən imtina etmiş Romen Rollanın seçilməsində də belə olmuşdu.

          Bəlkə də, mən öz səlahiyyətimdən kənara çıxıram, amma sülh mükafatı laureatının seçimi barədə fikrimi sizinlə bölüşmək istərdim. İcazə verin bildirim ki, məncə, İsveçin baş naziri Brantinqin şəxsində özünü ədalətə xidmət işinə həsr etmiş bir dövlət xadimini mükafatlandırmısınız. Kaş xalqların taleyini həmişə bu cür adamlar müəyyən edəydilər.

          Tarixin ən qanlı müharibəsi sülh müqaviləsi ilə başa çatdı. Məncə, bu, hələlik ancaq müharibənin təxirə salınmasıdır. Əgər hökumətlərin iclas salonlarında sağlam düşüncə qalib gəlməsə, Avropanı iflas gözləyir. Hərçənd ki,  vəziyyəti ayıq qiymətləndirsək, Avropa dövlətləri arasında razılıq və birliyin təntənəsinə ümid bəsləmək çox çətindir, amma, cənablar, mən inanmaq istəyirəm ki, bu cür mətin, vicdanlı, dəyanətli insanlar sayəsində yer üzündə xeyir zəfər çala biləcəkdir.

 

            

    A.Fransın  aforizmlərindən  seçmələr

gözəlliyi seçərdim, çünki gözəlliyin içində adi həqiqətdən daha yüksək, daha dərin bir həqiqət olduğuna inanıram.- Əgər gözəllik və həqiqət arasında seçim etmək lazım gəlsəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki gözəlliyin içində adi həqiqətdən daha yüksək, daha dərin bir həqiqət olduğuna inanıram.

- Əslində mən heç bir şey bilmirəm, mənim üçün xəyal qurmaq hər bir şeydir.

- Heç bu qısa həyatdan baş çıxara bilmirik, amma əbədi həyat arzulayırıq.

- Müharibə elə bir cinayətdir ki, ona qələbə ilə bəraət qazandırmaq olmaz.

- Pis müəllim həqiqəti çatdırır, yaxşı müəllim onu tapmağı öyrədir.

- Böyük məqsədə çatmaq üçün yalnız çalışmaq yox, həm də arzulamaq, yalnız plan qurmaq yox, həm də inanmaq lazımdır.

- Təhsilin məqsədi gənclərin qəlbində biliyə maraq oyatmaqdan, sonra isə bu marağı ödəməkdən ibarətdir.

- İncəsənəti yalnız iki şey məhv edə bilər – istedadsız ustalıq və ustalıqsız istedad.

- Ən yaxşı kitab oxucunu düşünməyə ən çox sövq edən kitabdır.

- İnsan gözəl deyilmiş sözə daha çox inanır.   

- Alim yanıla bilər, ancaq elm yanlış ola bilməz.

- Yazıçıya onun heç zaman ağlına belə gəlməmiş fikirləri şamil etməkdən qorxmaq lazım deyil.

- Varlığında Don Kixotluqdan bir zərrə belə olmayan adam bədbəxt adamdır.

- Səyahətdə keçən bir gün adama evdə keçən on ildən çox şey verə bilər.

- Bircə gözəl çiçəyin təravəti insanı həyatın mənasızlığı fikrindən daşındıra bilər.

- Dünyanı ikicə duyğu idarə edir: sevgi və aclıq.

- Öyrətməyin ən yaxşı yolu əyləndirərək öyrətməkdir.

- Sənətkar həyatı sevməli və onun gözəl olduğunu bizə sübut etməlidir.

- Həyatın qaynar dövründə ölüm arzulamaq nə qədər ruh düşkünlüyü deməkdirsə, ölüm anında həyatdan dördəlli yapışmaq da eyni dərəcədə qorxaqlıq əlamətidir.

- Xalqdan ayrı düşmüş ədəbiyyat kökündən qopmuş bitki kimidir. Həmişə yaşıl və çiçəkli qalmaq üçün ədəbiyyatın su içə biləcəyi yeganə mənbə xalqın qəlbidir.

- Keçmişdən dördəlli yapışıb baş verən dəyişikliklərə müqavimət göstərənlər dərindən yanılırlar, çünki dəyişikliklər həyatın hərəkətverici qüvvəsidir.

- Təsadüf Allahın təxəllüsüdür. Öz imzasını qoymaq istəmədiyi hadisələri bu adla ortaya çıxarır.

- Əsl məhəbbətin nə rəğbətə, nə hörmətə, nə də dostluğa ehtiyacı var. O, istəklə doğulur və aldanışla başa çatır.

- Gizli şeylərə maraq göstərmək əvvəl-axır insanı günaha gətirib çıxarır. Buna görə də iblis həmişə alimlərin tərəfindədir.

- Dünyanı yaratmaq onu anlamaqdan asandır.

- Müəyyən mənada biz daş dövründən də geri qalmışıq – ibtidai insanlar əldən düşmüş qocaları yeyirdilər, biz isə akademik seçirik.

- Əzabkeşlik insan təbiətinin ən mühüm keyfiyyətidir. Həyata dəyər gətirən bütün xeyir əməllərə - mərhəmətə, şəfqətə, mərdliyə görə biz ona borcluyuq.

- Ruhanilərə İblis Allahdan daha çox gərəkdir – İblis olmasaydı, onlar heç kimə lazım olmazdılar.

- Etiraf etmək lazımdır ki, xalqlar sivilizasiyanın yüksəkliyinə yalnız öz dühaları ilə deyil, daha çox bədbəxtlikləri ilə ucalıblar.

- Sənətdə sadə üslub işıq şüası kimidir – onun nə qədər mürəkkəb olduğunu anlamaq asan deyil.

- Qadın ancaq başqa qadınların sevdiyi kişi ilə xoşbəxt ola bilir, heç bir qadının sevmədiyi kişini o da sevmir.

- Duyğu düşüncəni artıra bilər, amma düşüncə duyğunu artıra bilməz.

- İndi mənim kitabxanamda ancaq başqalarından alıb qaytarmadığım kitablar qalıb, qalanlarını alıb qaytarmayıblar.


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə