“Mənim sevgi dünyam”ın dolaşıq kələfə dönmüş duyğularının qanadlarında

 

Söz könül məlhəmi olduğu kimi, həm də onun qənimidir. Əslində, ilahi Söz həmdəm və həmsöhbətdir. Söznən dil tapa bildinsə dinsiz-imansızları da haqq yoluna gətirə bilərsən. Qələm və Söz adamlarının ürəklərinin etibarsızlığı - sahibini yarımənzil qoyması da buradan qınağa gəlir. Onu da deyək ki, ədəbi mühit, adətən, mədəniyyət mərkəzlərində formalaşır, lakin unutmaq olmaz ki, söz sərvəti əsl bulaq suyu, dağ havasıdır... Uzun müddət açılmamış, oxunmamış, ədəbi tədqiqatın və tənqidin diqqətindən kənarda qalmış istedadlırımız var ki, onlar Söz kəhkəşanının parlaq ulduzlarıdırlar. Onlara sahib çıxmaq, ədəbi aləmin qaynarlığına cəlb eləmək, istiqamət vermək mənəvi borcdur. Sözün də, təbiət kimi, rəngləri var: al-qırmızı, sarı, yaşıl, lap anamın yuxusuz gecələrində yorğun qolları, döyənəkləmiş barmaqları ilə toxuduğu xalı-xalçalardakı kimi... Təbiətin rəngləri ilə köksümüzü hördüyümüz illərdə heç onların əlvanlığını o qədər də dərk eləməmişik. Nəyi duymuşuq ki? İstedadlılarımızın qədir-qiymətini vaxtında bilmişik ki?! Haqqında haradan və nədən necə başlamaq istədiyimi dəqiqləşdirə bilmədiyim də söz adamı, fikir, düşüncə əhlidir. Ona görə də əlim çənəmdə, dirsəyim dizimdə, fikrim, xəyalım əlçim-əlçim buludlardan da yuxarılarda, əlçatmaz ənginliklərdədir. İnternetdə, sosial şəbəkədə dostları ilə paylaşdığı könül duyğularından onu qiyabi tanıyırdım. Və çalışdığım qəzet redaksiyasının onsuz da həmişə açıq olan qapısını bur gün açıb iş yoldaşıma kitab hədiyyəsi gətirəndə qəti əmin oldum ki, bu, həmin xanım şairədir: İradə Əlili. Əməkdar jurnalist, şair-publisist Flora Xəlilzadəyə kitab hədiyyəsi gətirmişdi. Daha doğrusu, “sevgi dünyası”nı incələyib ürək boyda bir kitaba çevirib gəlmişdi. “Mənim sevgi dünyam”ın səhifələrini vərəqləyən hər kəsə təşəkkürümü bildirirəm”,-deyib getdi. Qaldıq “bu sevgi dünyası” ilə baş-başa. Bəri başdan, hələ formaca da adi kitablardan fərqlənən kitabın ön sözünün müəllifinin sevimli şairimiz İlyas Tapdıq olduğunu görcək, bir qədər də ciddiləşdim. Əvvəldən-axıra kimi oxumamış fikirlərim gah dolaşdı, gah xəyalım yal-yamacı aşdı, gah da dumana bürünən düşüncələr səmalarda qanad açdı. Amma bir səs gəlirdi ilahidən. Pıçıltıya dönmüşdü, deyirdi ki, “Gəz məni”: Gəzmə həsrətin yolunda, Sən keç könül qapısından. Gəz nağılda, əfsanədə, Gəz xəyalda, duyğularda Tapmasan öz xəyalında Bütün gücünə yüklənib Sən məni özündə axtar! Xəyalım durna qanadlarında yenə döndü dağlara - əlimiz çatmayan, ünümüz yetməyən, yağı tapdağında nalə çəkən yurdlara tərəf, o yerlərə ki, orada körpəlik beşiyimiz, uşaqlığımız və çoxlarımızın yaşaya, duya bilmədiyi gəncliyimiz qalıb. Qalıbmı?! Kim deyə bilər ki, onlar da bizim kimi, vaxtsiz-vədəsiz qocaldılar - ağsaqqala, müdrik qocaya dönmədilər... Niyə yenə də dolaşıq kələfə dönmüş duyğularım qanad çalır, Allah?! Axı, qanadıqırıq quş kimi öz yuvasına yetə bilməyəcək, lap nağıllarda olduğu kimi... Yenə də İradə Əlilinin həsrət, nisgil, hicrana bələnmiş səsiydi məni yolumdan eyləyən:

Dərin düşüncələr apardı səni, Özünü itirib hara gedirsən?! Gedişin yandırdı məndəki məni, Uzaq sevda yolun, sən ki, bilirsən, Kədərinlə paylaşaraq deyirsən, Mən sənə qayıdacağam?!

Elə bildim ki, əlim çatmayan, ünüm yetməyən, uşaqlıq çağlarımdır, arxamca göz yağışını leysana döndərib. Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çulğayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır. Bu nəydi, İlahi?! Hardan çıxdı bu dəli sevdalı şair?! Vallah, özüm də bilmədən “Sözə saldı məni”,-dedim. Sən demə, elə onun həmin şeirini oxuyurmuşam. İlk dəfəydi ki, İradə xanımın yaradıcılıq nümunələri arasında gəraylıya (səkkizlik) rast gəlirdim: Gur ocaqdım, külə döndüm, Canım, dilə saldın məni. Qalanıb min əzabınla Yanıb, yanıb sonda söndüm, Canım, külə saldın məni.

Elə bu an göylərdən, səmadan gələn “ləzzətli əzab…” könlümə dolur. Sanki ilham pərisinin səsidir, qələmlə, duyğularla baş-başa qaldığımın şahidinə çevrilir. Deyirəm ki, səmanın qoynunda xaniman qurmaq asan deyil. O cənnətdə nəinki taxt-tac qurmaq, orada qul olmaq da şərəfdi, əgər könlün qapısı açıqdırsa.. “Ləzzətli əzab da gözəldi axı”,-bunu İradə Əlilinin sərbəst vəzndə qələmindən süzülən duyğularından da hiss edirsən. İlahi səs yenidən könlümə hakim kəsilir: - O əlçatmazlıqda taxt-tacı Sən qurmusan. Bəs mən harda qurum - necə qul olum? -Gərək göyün yeddinci qatından yıxılmaqdan qorxmayasan... -Qorxmuram. Dağlardan qopub gəlmişəm. -Dağım çəkilməz, çəkilməz... Dağ boyda dərdim dilimdən üzüldü - misralara düzüldü. “Qala dərdim”dən bir-iki “kərpic” qoparmaq istədim, gücüm bunlara yetdi:

Elə sevdim ki, alışdım, Anam bilib qucaqlaşdım, Oda dönüb ocaqlaşdım, Bunları kim bilə, dərdim?

Könlümün göylərini duman-çən aldı. Dağlardan ötrü çəkdiyim həsrət alova dönüb özümü yandırdı, tüstüm başımdan çıxmadı, gözlərimə dolub yaşartdı. Səsin idi, yoxsa nəfəsin, bilmədim, amma sən idin, deyirdin ki:

Bağrım başın qan eyləyən Könlüm səndən yaralıdır. Səni görüb sevən gündən Başım yaman bəlalıdır.

Gözümdə yaş, qəlbimdə yaz, Nübarın da mənə dərddir. Yetər, ağrın çəkəmmirəm, Yalvarıram, daha bəsdir…

“Mənim sevgi dünyam”dan belə nümunələri çox çəkmək olar. Bura qədər hiss eləməmişdim ki, nədən kitaba ön sözü daha çox uşaq şeirləri ilə tanınan sevimli şairimiz İlyas Tapdıq yazıb. Sən demə, İradə Əlilinin də qəlbində uşaqlıq dünyasının ayrıca yeri varmış. Balalara həsr elədiyi “Mənim uşaqlı dünyam” bölməsindəki nəğmələrindən də bunu hiss eləmək mümkündür. “Balaca İlahənin dilindən” eşitdiklərimiz isə doğrudan da bal dadır: Anam çəkir nazımı, Balaca, dəcəl qızam. Atam deyir göylərdə Ən parlaq bir ulduzam...

Yaxud Selin balanın tərifinə, nazına və ona yazılan misraların avazına fikir verin: Selin incə kəpənək, Şirin arzu-diləkdir. Selin göyçəkdən göyçək, Göydən enmiş mələkdir.

Onun şıltaq sözləri Təbəssümü işıqdır. Doğma, gözəl ailəyə Selin həm yaraşıqdır.

Müıllif daha çox könül verdiyi “ Sevgi lövhələri”ndə “Sevgimi itirməkdən” qorxuram,-deyir. Bu acı etirafı da elə həmin bölmədə edir: “Səni sevmədiyim üçün bağışla”. Amma burada sərlövhələrdən boy verən arzulara baxın: “Kaş, sən olaydın” “Yuxusuz gecələrimin həmdəmi”. “Ayrılammaram”, “Neyləyə bilərik ayrılığa”. Nəhayət, “Səninlə sənsizəm” deyən müəllifə xoş ovqat, duyulmaq və daim duyğulandırmaq arzularıyla fikrimi yarımçıq qoyub, bu kitabı oxumağınızı istərdim, əziz oxucular. Bu kitab müəllifin dünyaya gətirdiyi körpədirsə, sizin də sevgili dünyanıza açılan dan yeridir, tələsin, gecikməyin…

Məhəmməd Nərimanoğlu

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə