Son xəbərlər

 
O, ağzını açıb boz sözləri qarşısındakının üzünə çırpdı. - Mənə nə? Rəhimli adam üzünə çırpılan boz damcıları barmağının ucuyla siyirib çiynindən o yana atdı. Heç nə olmamış kimi sakit-sakit: - Axı, o sənin anandı – dedi. - Anam, anam! Dünyanın işinə bax, guya mənsiz ölə bilmir. Rəhimli adamın sakitliyi ləngərlədi. - Vallah, ölə bilmir... Neçə gündür can verir. Deyirlər bəlkə oğlu əlindən tutsa... Boz adam kinayə ilə gülümsədi. Nazik dodaqları dartılıb əyildi. - Mümkün deyil, - deyib üzünü çevirib getdi... Altı ay sonra Boz adam şagirdlərinə ana haqqında yazdırdığı inşanı oxutdururdu. Rəhimli adamın oğlu öz inşasında yazmışdı: “Ananın ruhunu aparmağa gələndə Ruhülqüds həyatında ilk dəfə qanunu pozdu. İki dünya arasında çarpışan ananın əlindən tutub qulağına pıçıldadı: - Anacan, mənəm, sənin oğlun... Ana bu sözlərə inandı, ürəkdən inandı, elə o andaca canını rahatlıqla tapşırdı. Boz adam çox yaşadı, lap çox, hələ də yaşayır... Bəlkə elə dünya durduqca yaşayacaq da. Çünki Ruhülqüds Boz adamın ruhunu aparmağa gəlməyəcək...”

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə