“Yaza və yoza bilmədiyim yuxu” kitabını vərəqləyirəm...


“...Bu gün bomboş, insan nəfəsi dəyməyən kənddəki evimizin eyvanına,  damına qonub oxuyan sağsağan başqa cür oxuyur yuxularında...

Bu kənd Zülfüqarlıdı.
Alma, armud ağacları
o illərdəki kimi
bəhrəlidi, barlıdı.
Güneyləri gül- çiçək,
Quzeyləri qarlıdı
Bu kənd Zülfüqarlıdı.
Çığırları ot, alaq
Yolları tikan basıb
Duman alıb yolları
Təpələri, yalları
Tutqun çay tutqunlaşıb
Suları qübarlıdı
Bu kənd Zülfüqarlıdı.
Bu kənd Zülfüqaralıdı
Şahlar kimi oğulun
Adıyla vüqarlıdı
Baş daşıyla varlıdı
Bu kənd Zülfüqarlıdı.

Dağların qoynunda, yamyaşıl yamaclardakı gül-çiçəyin ətriylə nəfəs alan, saf sulu bulaqların suyunu içib beşik başında öz şirin laylalarıyla, bayatılarıyla övladlarına, vətənə, torpağa sevgi aşılayan Balış ana!

Sənin çəkdiyini kim çəkərdi, ay ana?

Gül gülü, çiçək çiçəyi çağıran Kəlbəcərin füsunkar gözəlliyi olan Zülfüqarlıdan ayrılıb zalım fələyin hökmüylə səs-küylü, küləkli bir şəhərdə yaşayasan...

İyirmi ildən də çox dağlar qoynunda uyuyan şəhid oğluna, qəhrəman oğluna,  oğul qəbrini ziyarətə həsrət qalasan...”

Sənin dilindən o ağrını, acını yazmışdım...

... Dağların ətəyində, sinəsində ağ kəmər kimi dolanan yollarda, güllü-çiçəkli yamaclarda, daş-qayalarda, sıldırımlarda, uca zirvələrdə ana duaların dolaşır...

Allah, Allah
Səni and verirəm öz dərgahına
And verirəm
Yaratdığın müqəddəs göylərin
Yeddi qatına!..
al balamı,
al qanadın altına.

Səni and verirəm
yaratdığın  dağlara,
çiçəyinə, gülünə...
güllərdəki rənginə,
gözəlliyinə nəğmə deyən
quşların dilinə...
and verirəm
susqun dağlarına
o dağlar ki, sahib durdu,
sinəmdəki oğul dağlarına
güc ver, güc ver dağlara.
qıyma oğul dağını
analar ağlar çəksin
güc ver oğul dağını dağlar çəksin!..

Balış ana, Balış ana,
 Bu yoxluğa alış, ana.

Dağlar yuxuna gələr
Güllü kəpənək kimi..
Şahlar yuxuna gələr
Gələr bir mələk kimi.

Balış ana, Balış ana
dərd çəkmə ana 
Şəhid oğlunun qəbrini
Mələklər yoluxar,
Kəpənəklər yoluxar.

Balış ana, Balış ana
Dağları ağla ma, ana.
Dağlarda oğlunun ruhu dolaşır
Dağlar dağım olsun, de.
Qoy dayağım olsun, de.

Balış ana, Balış ana
Göy üzünü ağlama, ana.
Göydə Şahlar ruhunun
Bəy üzünü ağlama, ana.
Göy üzünü ağlamazlar...
Bəy üzünü ağlamazlar....

Balış ana, Balış ana,
Layla de, oğlun dönəcək
Şəkərin, noğulun dönəcək.
Layladı evi-eşiyi
Çəkəcək onu beşiyi
Göylərdən yerə enəcək.

Uzaqlardaydım, Balış ana! Haqqa, haqq dünyasına  qovuşduğunu Bakıya dönən günün səhərisi eşitdim. 

Heyflər olsun, görüşə bilmədim səninlə. Hər dəfə Adilə telefon açanda  səninlə diz-dizə oturub dərdləşmək arzumu dilə gətirərdim. Və hər dəfə də: “Darıxma şair, yaxınlarda bir yerdə gedib  baş çəkərik anama” - deyərdi.

Beşik başında öz şirin laylalarıyla, bayatılarıyla içimizdə gülə-çiçəyə, torpağa, daşa, insanlığa, dostluğa, vətənə sevgi aşılayan analar bir-bir qeybə çəkilir, anlarla birgə, elə bil, haqq, ədalət, rəhm, sevgi hissləri də qeybə çəkilib gedir.

Məzarın aralı düşdü. Gəl ki, şəhid anası özü də bir şəhiddi. Odu ki ruhun indi Şahların  ruhuyladı.

Yadıma Qəzalinin məşhur kəlamı düşdü.

Məlikşah  Qəzzaliyə xəbər göndəri ki, saraya dönsün. Saray onsuz zülmətə dönüb. Qəzzali cavabında: 

“Tusdan da Allaha yol birdir, Bağdaddan da. Mən Tusdan gedəcəm Allaha!”  - deyir.

İndi təsəlli odu ki, Kəlbəcərdən, Zülfüqarlıdan da Allaha yol birdi, Bakıdan da.

Pıçıltıyla torpağınla danışıram
Oğul olub
... yükünü çəkəmmədim.
Arzusunda bünövrəsini qoyduğu
Evini tikəmmədim.
ocağı başında yanammadım
İşıq olub gözlərinə qonammadım
Qara torpaq, muğayat ol anamdan.

Qulaq asmadım
Xeyirxah dualarındakı
yalvarışlara.
Damar- damar qəmə dönüb,
çökdüm alnındakı qırışlara.
Xəbər tutammadım düşəndə xəstə,
Saxlaya bilmədim gözümün üstə
Qara torpaq, muğayat ol anamdan.

Ölüm bəlli, olum yox,
Baş daşına pulum yox.
Yeri soyuq düşməsin,
Bürüməyə şalım yox.
İsti közümü yetir.
Külümdən duyuq düşməsin,
Qara torpaq, muğayat ol anamdan.

Qəbrinə gedən cığırlar,
barı itməsin,
İllərin  altında qalıb,
Qoy məzarı itirməsin.
Qara torpaq, muğayat ol anamdan.

P.S. Oktyabrın 2-si Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun və hamımızın anası Balış xanımın haqq dünyasına qovuşduğu qırxıncı gündür.
Ruhu şad olsun!..

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə