Son xəbərlər

 

                     (Bərzəx aləmində görüş)

 

   Mistik  televiziya tamaşası üçün  mətn

 

       

 

           İştirak edirlər:

 

     Məhəmməd Füzuli - Azərbaycan  şairi

     Lev Tolstoy - rus yazıçısı

     I kişi

     II kişi

     Müəllimə

     Müəllim

     Bərzəxdə səslər və siluetlər

 

 

 

 

 

 

                              I şəkil

 

Dəmiryol  vağzalı  fonunda  skamyada  iki  kişi  oturub

 

I kişi - Eşitmisən? Lev Nikolayeviç vəfat edib.

II kişi- Yox əşi? Nə vaxt?

I kişi -Iki gündür. Tambovda , Astapovo stansiyasında, stansiyanın rəisi Ozolinin evində.

II kişi - Bəs niyə öz isti ev-eşiyindən - Yasnaya Polyanadan uzağa gedirmiş? Axı, son günlər çox nasaz idi?

I kişi - Hə, həkimi Makovitski ilə yola çıxıbmış. Deyirlər, Bolqarıstana, yoxsa Krıma getmək istəyirmiş. Bir başqası da deyir ki, könlünə Ural, Vladiqafqaz düşübmüş. Hətta qatara  bilet də alıb.

II kişi - Hm... Deməli, Rusiyanın rəmzi mərkəzindən şərqə, oradan da cənuba  gedirmiş ömrünün sonunda?!

I kişi - Hə də,  türk ruhu yaşayan Urala, sonra Vladiqafqaza - Rusiya imperiyasının cənub dayağı olan yerə.

II kişi - Heç nə anlamıram. Eşitmişəm , insan ölümqabağı bir mənəvi dayaq, maqnit, nə bilim son ümid yeri axtarır. Bəs bu kişi bilet alıb uzaq ellərdə nə tapacaqmış?

II kişi - Uca Allah onu da dərgahına bu sayaq aparıb da. Görünür, məsləhət belə imiş. Qismət...

I kişi - Nə isə. Bu da bir rus yazıçısının ölüm tarixi: 1910-cu il, noyabrın 20-si.

II kişi - Yeni tarixlə 7-si.

I kişi - Əsas məsələ Tolstoyun yeni, yaxud köhnə tarixdə vəfat etməsi deyil.

II -Bəs nədir?

I kişi -Məsələ onun xristian kimi dəfn olunmayacağıdır.

II kişi - Necə yəni? Onun kilsədən rəsmi qaydada uzaqlaşdırılmasını eşitmişdik. Amma bu o demək deyil ki, bu məşhur rus kişisi  bir məsih kimi dəfn oluna bilməz.

I kişi - Kilsə neyləsin? Özü vəsiyyət edib ki, məzarı üstündə xaç-filan olmasın.

II  kişi - Aha. Deməli, onun yas mərasimi Pravoslav rus  kilsəsində keçməyib?

I kişi - Əlbəttə yox. Hi-hi...  erməni kilsəsində keçib. 200 nəfərə yaxın adam yığışıb, dua oxuyublar, onların da çoxu ermənilər olub. Dostları, tanışları, tələbələr sonra gəlib çıxıblar.

II kişi - Hmm... İndi çatdı mənə. Deməli, deyilənlər doğru imiş. Lev Nikolayeviçin müsəlmançılığa çox meylli olduğunu deyirəm... Özünü Məhəmməd Peyğəmbərin ardıcılı hesab edirdi axı. Hm.. Deyirəm, bəlkə  İslam qaydası ilə dəfn olunmağını istəyirmiş, amma alınmayıb?

I kişi - Yoox. O nə ölümqabağı,  nə də əvvəllər bu barədə bir söz deyib. Amma bir-iki həftə qabaq deyibmiş ki, öləndə onu Yasnaya Polyanada kiçik yaşlarında qardaşı ilə oynadığı meşə vadisində  dəfn eləsinlər.

II kişi - Niyə məhz orada?

I kişi - İnsandır da, uşaqlıq xatirələri yadına düşüb. O vaxtlar qardaşı ilə həmin yerdə bütün insanları xoşbəxt edə biləcək "yaşıl çubuq" axtararmışlar. Son nəfəsdə isə ondan ancaq bunu eşidiblər: "Mən haqqı sevirəm !.."

II kişi - Hə...Belə işlər... Qəbri nurla dolsun!

I kişi - Ruhu şad olsun!

 

                                               II şəkil

 

Bərzəx aləmidir.  Güclü, eyni zamanda qəribə işıqlıqdır. Səhnənin dərinliyində füsunkar mənzərə, gözəl quşlar, ağaclar , otluqlar, gül-çiçəklər ... görünür  və uzaqdan qəribə səslər eşidilir. Bəyaz saqqallı Məhəmməd Füzuli quşa dən verir. Başında ağ-qızılı rəngdə börk var. Uzun ağ libasdadır.

Uzun ağ köynəkli,qara geyimli , uzun bəyaz saqqallı, başı açıq Lev Tolstoy daxil olur. Əzgin və qaşqabaqlıdır. Bir gözünün altı qaralıb, alnında şiş görünür. Yaxınlaşmaq istəyəndə ayağı nəyəsə ilişir, az qalır yıxılsın. Dikəlib salam verir.

 

Lev- Salam.

Məhəmməd - Əleykə salam!

Lev- Bu nə uzun, yumşaq ağac köküdür belə ?

Məhəmməd- O, ağac kökü deyil, bir qiybətcil qadının dilidir. Hər gələn üstündən keçir. Buyur, gəl. Sən özün də üçüncü dünyaya  xoş gəlmisən!

Lev (təəccüblə)- Necə üçüncü?

Məhəmməd- Uca Allah insanı dörd dünyanın sakini kimi yaradıb: ana bətni ilk dünya-vətəndir. Bax, biz səninlə ikinci vətəndən gəlmişik. İndi üçüncüdəyik, axirət isə sonuncu olacaq. Bununla bağlı qəzəlimin bir beytinə görə insanlar hətta mübahisə açıblar:

 

               Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

              Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

 

Lev- Aha! Tanıdım! Siz Məhəmməd Füzulisiz! Şeirlərinizlə tanışlığım olub. Çox dərin fikirlərinizi, sağ olsun dostlar, mənə izah edirdilər. İndi söylədiyiniz misralarda, axı, yarınızdan danışırsız, vətəndən yox!?

Məhəmməd - Bu haqq aləmində şair, hakim, padşah, qul, sultan-filan yoxdur. Hamı bəndədir. Ona görə mənə "sən" de. Qaldı bu misralara... bu misralarda da, bütün yazdıqlarımda da “yarım” deyəndə  ulu Yaradan  nəzərdə tutulur. Mən yalnız ONU tərk etməmək istəmişəm...   

Lev - Yaxşı, "sən" deyirsən, qoy "sən" olsun. Mən Lev Tolstoyam. Rus yazıçısı.

Məhəmməd - Qraf Tolstoy...

Lev (təəccüblə)-Onu necə bildin? Mən sənin haqqında oxumuşam, eşitmişəm. Bəs sən...  sən özündən dörd əsr sonrakı adamı necə tanıya bilirsən?

Məhəmməd - Bu, Yaradanın bir inayətidir. Uca Allah kimə istəsə kəramət verər.

Lev (bir qədər fikrə gedir) - Onda niyə mənə məsih, kilsənin üz döndərdiyi birisi, dinləri araşdıran şəxs yox, məhz  "qraf " dedin?

Məhəmməd - Çünki sən qraf kimi mübahisəsiz qəbul olunmusan. Qalan ad və işlərin haqlı-haqsıs mübahisə doğurub. Ancaq indi onların heç birinin burada faydası yoxdur. Elə bir mizan-tərəzi var ki burada! Bərzəxdə gördüklərimə əsaslanıb deyirəm a, bəndə Lev. Başım çəkib.

Lev - Bəs "yazıçı Tolstoy" adı necə olsun?

Məhəmməd - Yazıçılığını özün hamıdan yaxşı təhlil etmisən ki, Allaha şükür! Hələ bir etirafnamə də yazmışan...

Lev -Elədir, Məhəmməd. Doğrudan da,  bura elə bir məkandır ki, dilə doğru, səmimi  sözdən başqa heç nə gəlmir. Həyatımda şöhrət və pul üçün yazdığım illər də olub. Ona görə də yaxşını gizlədib pisi göstərməli idim və elə də edirdim. Məni möcüzəvi yazıçı, rəssam, şair, musiqiçi hesab edirdilər. Tərifləyirdilər, pul verirdilər, gözəl yeməklər yeyirdim, evim, qadınlarım, ətrafım vardı, şöhrət sahibi idim. Pul mükafatlarının və alqışların  şirinliyini dadmışdım və yazıçılığa maddi durumumun  yaxşılaşdırılması üçün vasitə kimi baxırdım...

 

                                           Yanaşı  gəzişirlər

 

Məhəmməd- Lev, amma nə yaxşı ki, dünyanı bu məramla tərk eləmədin. Soruşmuram inancın nə idi, burada ilk sorğu-sualdan necə keçdin...

 Lev- (Alnının şişinə ehmalca toxunur). Yadıma düşür ki, dünyada son sözüm "Mən haqqı sevirəm" olub. Amma ömrümün qıvraq illərində daxili iztirablar, düşüncələr mənə rahatlıq vermirdi. Bəzən öz-özümə danışırdım: "Yaxşı, tutalım, sən Qoqoldan,Puşkindən, Şekspirdən, Molyerdən, hətta dünyanın bütün qələm əhlindən də çox məşhurlaşdın, sonra nə olsun? " Amma cavab gəlmirdi...

Məhəmməd- Rus və dünya qələm sahiblərinin adını çəkirsən. Deməli, sənin üçün onlar nümunə olub, içində onlarla bəhsə girmisən... Bəs dediyin həmin o söz ustaları necə, həyatın mənasını rahat tapıblar?

Lev- Hərəsi özünə görə. Mənim insanlara, insanların da mənə münasibəti eyni cür olmayıb. Bilirsən, indi özümü daha yüngül, ağrısız hiss edirəm, səmimi danışa bilirəm. Dünyadan daha işıqlıdır bura. Yəqin ona görə ki, riya, yalan keçmir və burada bütün sualların ən doğru cavabı var.

Məhəmməd- İşıqlıdır deyirsən. İslam dünyasının birinci imamı buyurub ki, dünyanızı dəyişəndən sonra deyəcəksiz: "Sanki yatmışdıq, burada oyandıq".

 

Yanlarından kimsə ağlaya-ağlaya və öz-özünə danışa-danışa keçir:"Axı, mən bilməmişəm, məni heç kim başa salmayıb.Hamı qumar oynayırdı, sələmə pul verib-alırdı...Baş aldadıb yalan danışanlar da istədiyin qədər. Kaş biləydim, kaş biləydim!..

 

Lev- İnsan canlıdır, nəfsi, istəyi var. Arzuları baş qaldıranda fəlsəfə dincəlir. De, sən dünyada daha çox nəyə aşiq idin?

     Məhəmməd- Qoy əvvəlcə nəfsdən danışım.Nəfs adamı qul edir dünyada. Belə         eşitmişəm:Allaha qul ol ki, vəzir olasan, bəndəyə, şeytana qul olma, rəzil olarsan.

Deyirlər bir alim yazdığı "Yüz mənzil" adlı kitabında göstərir ki, kim bu mənzilləri keçə bilsə, cənnətə düşər. Başqa bir alim isə heç nə yazmır, amma xalqa belə müraciət edib deyir:"Cənnəti qazanmaq üçün yüz mənzil yox, cəmi iki addım gərəkdir. Birinci addımını nəfsinin üstünə qoysan, ikinci addımın artıq cənnətdə olacaq".

Qaldı aşiqliyə. Mən vurğunluğumdan daha çox nəyə aşiq olmadığımı bəyan edirdim. Çünki nəfsin sevməyə məcbur etdiyi şeylər adamı zəlalətə aparır. Deyirdim:

            Haqq aşiqinin dövlət ilə ülfəti olmaz,

           Aşiq uya dünyaya, onun şöhrəti olmaz,

           Aşiqlərin imanı olar, sərvəti olmaz,

           Dünyaya və dünya malına rəğbəti olmaz,

           Ölsə bu səbəbdən qəbul etməz kəfən aşiq.

 

Lev- (fikrə gedir) Mən...mən, görünür, bütün ömrümü yatmışam, indi-indi oyanmağa başlayıram.

Məhəmməd- Sən özünü üzmə. Bilirsən niyə? Çünki:

 

           Adəm ki, fəzayi-aləmə basdı qədəm,

           Əndühü bəlaya oldu əvvəl həmdəm.

           Məxsusdur Adəmə bəlayi-aləm,

           Aləmdə bəla çəkməyən olmaz adəm.

 

Uzaqdan zarıyan kişi səsi gəlir:"Yox, bacarmaram, istəmirəm.. Ööö, ööö! Ürəyim gəlir ağzıma!!!"

Lev- Bu ögüyən kimdir?

Məhəmməd- Qardaşının arxasınca danışıb onu haqsız pisləmiş adamdır. Neçə gündür pislədiyi qardaşının ətini qoyurlar qabağına, deyirlər "ye!"  Həə, Lev, dünya axirətin tarlasıdır. Əkdiklərinin barını burada görürsən.

 

                                           III şəkil

 

Üzbəüz divarda görüntülər peyda olur. Geniş otaqdır. Divardan asılmış  lövhədə yazılıb: "Tolstoy dərsləri". Biz yalnız üzünü auditoriyaya tutmuş qadın müəllimi görürük. O danışır:

Müəllimə - Hə,əziz tələbələr, yorulmamısız? Yox? Onda  məşğələmizi davam edək. Keçən aylardakı məşğələlərimizdə Lev Tolstoyun roman, povest, pyesləri, böyüklər və uşaqlar üçün yazdığı hekayələri haqqında ətraflı danışmışıq. Onun əsərlərinin avtobioqrafik xüsusiyyətlərindən kifayət qədər söhbət aparmışıq. Tolstoyun əsərləri niyə bu qədər canlı və həyatidir? Bu, bir tərəfdən onun yazıçılıq istedadından irəli gəlirsə, digər tərəfdən Lev Nikolayeviçin həyat təcrübəsi, necə deyərlər, başına gəldiyi əhvalatların zənginliyi ilə əlaqələndirilir. Bu gün çalışacağıq ki, böyük yazıçının sırf şəxsi həyatı ilə bağlı bəzi məqamlara da baş vuraq. Onu həm də bir şəxsiyyət, rus kişisi kimi tanımağa səy göstərək.

     Hamıya məlumdur ki, Tolstoy qadınları çox sevib... Yox, uşaqlar, heç gülməli deyil. Sakitliyə riayət edin, xahiş edirəm, vaxtımız gedir...

    O, "Dirilmə" romanını yazanda bir dəfə xanımı Sofya Andreyevna qəfildən otağa girir və onun Katyuşanın cazibəsini təsvir etdiyini görür. "Qoca kişisən, belə iyrənc şeyləri yazanda utanmırsan"?-deyə ərindən soruşur. Xanımı gedəndən sonra  yazıçı yanında olan dostuna baxıb qəhərlənir, özünü ağlamaqdan güclə saxlayıb deyir: "Gör mənə nələr deyir, daha bilmir ki, qardaşlarım məni birinci dəfə fahişəxanaya aparanda və bu işi görəndən sonra  qadının çarpayısının başında durub necə zar-zar ağlamışam. "Qadınla yaxınlıq olmaz"!- demişəm".

 

Müəllimənin səsi indi eşidilmir və divardakı görüntülər yox olur.Sonra qadın siluetləri gəlib keçir. Onların səsi eşidilir:

 

-  Lev mən Tütçevanı çox sevirdi.

- Yox, mən Şerbayova üçün dəli-daivanə idi!

- Lev Nikolayeviç mən Çiçerinanı bir gün görməsəydi, dəli olardı...

- Amma görürsüz ki, mən Olsufyeva səsimi çıxarmıram.

- Məni titrəyən səsi ilə "can Rebinder!" deyə  səsləyəndə deyirdim kişinin ürəyi bu saat dayanar...

- Biz Lvova bacılarını görəndə də Lev tir-tir əsirdi !..

                        Lev Tolstoyun bəstələmiş olduğu vals səslənir

 

-Amma o, musiqini çox sevirdi. Özü də musiqi bəstələyirdi, qulaq asmağı da çox xoşlayırdı. Bu da onun yazdığı valsdır.

- Hələ balalaykanı demirsən. İllah da rus xalq havalarını. Hi, hi,hi...Ondan sonra da kefi durulurdu və cumurdu evimizə.(Rus xalq musiqisi eşidilir)   

- Bütün bunlara görədir ki, Levin arvadı Sofya ərini bütün qadınlara qısqanırdı. Ən çox da sevimli kiçik bacısına.

- Bəs dediyiniz o rus yazıçısının bizim qaraçı çadırları ətrafında dəli-divanə kimi dolaşmasını niyə demirsiz, hə? (Qaraçı musiqisi səslənir).

- Amma sizdən fərqli olaraq mən ərli arvad idim, günahımı boynuma alıram, şeytan bizi yoldan çıxartdı...

 

                                       Siluetlər yox olur

 

                                            IV şəkil

 

Lev- (utana-utana) Məhəmməd, doğrudan da , cavanlığımda şeytana çox uymuşam. Neyləyəsən, seytan güclüdür.

Məhəmməd- İndi danışdıqlarımız əməl dəftərindən onsuz da silinməyəcək. Amma  deməliyəm ki,  şeytan yalnız zəiflərin yanında güclüdür. Elə əksər ixtilafların kökü də nəfs istəkləridir (gülmsəyir).

Lev- Doğru deyirsən. Amma gülümsədin elə bil.

Məhəmməd-Hə, yadıma bir şey düşdü. Deyirlər, biri gəlib alimdən xahiş edib ki, itirdiyi pullarının, zinət əşyalarının yerini tapmaqda ona kömək eləsin. Alim ona məsləhət bilir ki, gedib yatsın, itirdiklərinin yeri sübh namazında mütləq yadına düşəcək. Kişi, doğrudan da, sübh namazı qılan məqamda pullarını və zinət əşyalarının öz əli ilə qoyduğu  yeri xatırlayır. Namazını yarımçıq qoyub şeylərin üstünə cumub götürür. Sonra sevincək alimin yanına qaçıb bu sirri açmağını xahiş edir. Alim deyir ki, bilirdim imanın zəifdir və nəfsinə görə şeytana uyub,  Allahla söhbətini, yəni namazı yarımçıq qoyacaqsan. Elə şeytan da bunu bildiyi üçün şeylərin yerini məhz namaz vaxtı yadına salacaq.

Lev- Hə, Məhəmməd, boynuma alım ki,səninlə söhbət, çəkəcəyim cəzaların qorxusunu canımdan çıxarır. Kaş, axirətdən xəbərsiz  yüzlərlə dost-tanışdansa, dünyada  sənin kimi bir-iki dostum olaydı! Kaş sənin kimi birisi gəlib qətiyyətlə deyəydi:"Qayıt! Qayıtsan, on ildə itirdiyini bir ildə qazanarsan! " Hm... Qismət deyilmiş! (Pauza)

            

Uzaqda xanəndənin oxuduğu "Zabul-segah" muğamı eşidilir. İki siluet mübahisə edə-edə Məhəmməd ilə Levin yaxınlığından keçirlər.

 

I siluet- Bu nə musiqidir belə? Axı musiqi haramdır..

II siluet-Yox, haram deyil.

I siluet-Bütün müsəlmanlar bilir ki, haramdır.

II siluet-Sən bütün müsəlmanların adından danışma.

I siluet-İndi həmin oxuyana cəza verəndə bilərsən...

II siluet-Ona cəza düşmür.

I siluet- Yox, düşür.

II siluet-Dedim ki, düşmür.

I siluet-Sən imanını niyə yandırırsan?

II siluet- Mən əminliklə danışıram.

I siluet- Yaxşı, gedək baxaq.

II siluet- Nə deyirəm, gedək.

 I siluet-Amma mən deyən olacaq.

II siluet-Yox...

 

       Siluetlər mübahisələrini davam edə-edə uzaqlaşırlar

 

Lev - Məhəmməd, doğurdan e, İslamda musiqi haram sayılır?

Məhəmməd- Xeyr.

Lev- Bəs onların mübahisəsi nə üstündə idi?

Məhəmməd- Bilirsən, hər ikisi özlüyündə haqlı idi.

 Lev- O necə olur?

Məhəmməd-Xoş avaz,  musiqi  İlahi nemətdir. O necə haram ola bilər? İslama  görə, adamı düşündürən, dərin mənalı sözlərin üstündə köklənmiş, sənə Yaradanı xatırladan hər cür musiqi qəbul edilir. Amma insanı yerindən oynadıb, necə deyərlər, dingildədən, yaranışı unutduran, səs-küy yığını olan musiqi haramdır. 

 Lev-Hm...Belə de.Mən də musiqini çox sevirdim. Bəzən saatlarla qulaq asırdım, təsirlənirdim  və gözlərim yaşarırdı. Hərdən özüm də musiqi yazırdım.

Məhəmməd- İndi səslənən də  bizim muğam dediyimiz musiqidir.(Fərəhlə gülümsəyir). Oxuyan da mənim ellimdir!

Lev- Məhəmməd, baxıram sənə... Deyirəm kaş geri yol olaydı! Mən ayrı cür yaşayardım. Amma bu, mümkün deyil. İndi hiss edirəm ki, son illər əqidəm əslində elə İslam yolu olub. Təəssüf ki, qətiyyətli olmamışam, əqidəmi elan etməyə cürətim çatmayıb. Necə deyərlər, həyatım sanki möhürsüz arayış olub...  Sən isə.... Sən əsl müsəlman,  Azərbaycan türküsən. Deyirəm bəs nə əcəb gedib İraqda yaşamısız, hə?

    Məhəmməd -(gülümsəyir)- Deyirsən, yəni gəlib Rusiyada yaşayaydım?!

Lev- Yoox, sənin kimi adamlar  bizim cəmiyyətə düşməzlər, düşsələr də çox yaşaya bilməzlər. Çünki bizdə həyatın hər üzü o qədər təhrif olunub, o qədər iyrənc şəklə düşüb ki, doğru adama sarsaq kimi baxırlar. Səni də, sənin qövmünü də aşağı tutardılar bizdə.

Məhəmməd- İnsan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saymaqla təəssübkeşlik edir və günaha batır.

Lev-Bax belə. Ona görə sənin yaşadığın yer, həyatın mənimçün çox maraqlıdır, Məhəmməd.

 

                               Uzaqdan yəhudi xasidlərin xor səsi eşidilir

 

Məhəmməd- (səs gələn tərəfə işarə ilə) Oxuyan yəhudi xasidləridir. Onların təlim verdiyi qövmün haqq-hesab saatı həmişə bu nəğmə ilə başlayır. İstəyirəm biləsən.Məsihi qövmünün də cavab saatı olur və onu da başqa bir qayda ilə başlayırlar.

Lev- Bəs müsəlmanların?

Məhəmməd-  Müsəlmanlara növbə çatanda deyərəm.

Lev- Oldu. İndi də, lütfən, öz həyatından danış.

Məhəmməd- Ailəmiz İraqa Azərbaycandan köçüb. Mən orada göz açmışam. Kərbəla mənim məskənim olub:

      Ey Füzuli, məskənim çün Kərbəladır,

     şeirimin hörməti hər yerdə vardır,

     xəlq onun müştaqıdır.

     Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,

     Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Atam savadlı və çox mömin kişi idi. Nə öyrənmişəmsə, onun sayəsində olub. Nə isə. O zamanlar müsəlman ölkələri arasında divar, sərhəd olmayıb. İraqın Kərkük mahalından, Urmiyadan  tutmuş  Dərbəndə kimi böyük torpaq zolağı Azərbaycan türklərinin  məskəni idi. Sonra çapıb talamaq üçün İraqa doluşan ingilislər öz dillərində "Turk man" deməklə kərküklü soydaşlarımı "turkman" elədilər.

Lev- Bəli, zor həmişə faciə ilə nəticələnir. Ona görə mən deyəndə ki, zora müqavimət göstərmək lazım deyil, çoxları mənimlə razılaşmırdı.

Məhəmməd- Zor yalnız  əmələ və hərəkətə təsir göstərən bir qüvvədir, düşüncə və əqidə qarşısında acizdir. Ona görə də "zora müqavimət"məvhumu nisbidir...

Lev- Dayan, Məhəmməd, səhv etmirəmsə, sənin bu dediyin xətt üzərində qurulmuş əsərin də olmalıdır. Deyəsən, Hüseyn əhvalatıdır.

Məhəmməd- Lev, sən dünyadan köçqabağı demisən ki, məzarının üstündə heç bir əlamət qoymasınlar.

Lev- Elədir, demişəm...

Məhəmməd- Mən də buna oxşar vəsiyyət eləmişəm, amma başqa məqsədlə.Demişəm ki:

 

                 Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm,

                 Qoyun bir sayə düşsün qəbrimə ol sərvi-qamətdən.

 

Bax, o sərvqamətli dediyim mənim  ağam, dünyada istiqamətim olmuş Hüseyndir!

                                                 

                                                 V şəkil

 

Uzbəüz divarda görüntü peyda olur. Dərs otağıdır, lövhədə "Füzuli  irsi" yazılıb, müəllim üzünü uşaqlara tutub. Biz uşaqları görmürük.

 

Müəllim-Hə, uşaqlar, indi də Məhəmməd Füzuli haqqında öyrəndiklərimizə qısa xülasə verək. Füzuli üç fərqli hökmdarın  hakimiyyəti dövründə yaşayıb,amma heç birində xalqın rifahının yaxşılaşdığını görməyib. Bunu əsərlərində də göstərib. Uşaqlığı Ağqoyunluların hakimiyyəti illərinə, məşhurluq dövrü Səfəvilərin, yaşlı vaxtı isə  Osmanlı imperiyası illərinə təsadüf edib. Hökmdarlara qəsidə həsr edib, lakin saraydan uzaq mömin bir şəxs olub. Sultan Süleyman onu yüksək dəyərləndirib və qocalığını nəzərə alaraq gündə 9 axça olmaqla təqaüd təyin edib. Di  gəl dövrünün  məmur intizamsızlığı, əyanların rüşvətxorluğu ucbatından adına  kəsilmiş təqaüdü ala bilməyib. Bunu dostuna yazdığı "Şikayətnamə"sində yerli-yataqlı təsvir edib. Füzuli rəsmi dövlət dili olan ərəbcə, "şeir dili" kimi sayılan farsca yazıb-yaradıb. Doğma ana dilində qələmə aldığı məşhur divanı, "Leyli və Məcnun" poeması və "Xoşbəxtlər bağçası" lirik-epik əsəri ilə dünyada tanınıb. Türk dilində yazmağın müşküllərini dilə gətirərkən deyib: "Məndən əvvəlki şair soydaşlarım ərəb və fars dilində şeirlər yaza-yaza bu dilləri ucaltdılar. Ana dilində isə yalnız bir yığın sözdən faydalanmaqla kifayətləndilər. Amma ana dilimiz bir xəzinədir. Hələ qafiyələri demirəm.İnsanın təkcə baş hissəsində türkcə ifadə olunan görün nələr var - qulaq, buxaq, yanaq, damaq..."

Uşaqlar, onu da deyim ki, Türkiyə  hökmdarı Sultan Səlim Şah İsmayıla farsca   məktub yazan dövrlərdə, Osmanlının rəsmi dövlət dili ərəbcə olan zamanlarda Səfəvilərin rəsmi dövlət dili Azərbaycan Türkcəsi olub.

Şairliyi ilə yanaşı  Füzuli əvvəcə imam Əlinin (ə), sonra onun oğlu imam Hüseynin (ə) məqbərəsinə çıraqdar işləyib. "Salam verdim, rüşvət deyil deyə almadılar" yazmaqla dövrünün hökumətınə tənə eləyi. Deməli, Məhəmməd nə adi bəndə imiş, nə də adi şair. Hələlik bu qədər, uşaqlar.

 

                                 Görüntülər yox olur

 

                                           VI şəkil

 

Lev- Məhəmməd, sənin nəzminlə azdan-çoxdan tanışlığım var idi. Yaxşı dostlar mənə Şərq dillərini öyrədəndə, nümunə kimi sənin şeirlərini tərcümə edirdilər. Ümumiyyətlə, Azərbaycan insanları ilə əlaqələrim kifayər qədər yaxın idi.

Məhəmməd-Həə?Dilləri sənə kim öyrədirdi? Ellilərimdən kimlərlə oturub-dururdun?

Lev- Bax, Kazan şəhərindəki darülfünunda dilləri mənə Mirzə Kazım bəy öyrədirdi, çoox bilikli  alim idi...

Məhəmməd- Bəs onun tələbəsi niyə belə unutqandır, sevimli müəlliminin adını da yadından çıxarıb.

Lev-  Yox, onun xidmətlərini  heç kim unuda bilməz.Kazım bəy...

Məhəmməd- Sevimli müəlliminin adı məgər Aleksandr Kazımoviç deyildi ?

Lev- Axx, Məhəmməd,elə bildim məlumatın yoxdur...Doğrudan da, mənə bayaq dedin axı... ki... özündən sonrakılardan da xəbərdarsan... Üzr.. ist... O, xristianlığı qəbul eləmişdi, doğrudur...

Məhəmməd- Zavallının buradakı əziyyətlərini görəydin, Lev....

Lev- Dinini elmə dəyişmişdi...

Məhəmməd- Elm dindən, imandan məgər kənardır? Bax, dünyaya Məhəmmədəli adı ilə gəlmiş bəndə Aleksandr Kazımoviç deyirmiş:"Mənim əziyyətli araşdırmalarımın birinci nəticəsi o oldu ki, mən İslamın ilahi bir din olduğunu ürəyimdə tamamilə rədd etmişdim və ümidsiz qalmışdım. Mən Quranı bir müsəlman, ya da bir xristian kimi yox, haqqı axtaran bir adam kimi oxuyurdum". Bu, dini dəyişməkdir, yoxsa, ondan imtina etməkdir?

Lev- Neyləyəydi o yazıq? Rus üsul-idarəsitürkləri və digər müsəlmanları öz darülfünunlarında görmək istəmirdi. Elm aşiqlərinə isə yalnız xristianlığı qəbul etdikdən sonra yol açırdı. Mirzə Kazım... üzr istəyirəm, Aleksandr tək deyildi, yüzlərlə müsəlman kişisi bu yolla  mənsəb sahibi olmuşdu. Hamı da fəxrlə deyirdi ki, "elmi dindən üstün tutub".

Məhəmməd-(gülümsəyir). Ona deyirlər axirətini dünyaya satmaq. Allahımız Quranda ümmətə müraciətlə buyurub:"...qeyri dindəkilər səni o qədər dost tutmazlar ki, ta onların dinini qəbul edəsən".

 

                    Uzaqdan məsihi dini xorunun səsi eşidilir

 

Məhəmməd - Buyur, bu da məsihi ümmətindən olan dəstənin cavab saatı.

Lev- Mən, nədənsə, bu dəstəyə çağırılmadım.

Məhəmməd - Hərənin öz saatı var. Yaxşı olar ki, soydaşlarımdan daha kimlərlə ünsiyyətdə olduğundan danışasan.

Lev- Yazdıqlarıma Azərbaycanda böyük maraq olub, kitablarım bir-bir tərcümə edilib. Uşaq hekayələrimi məktəb dərsliklərinə salırdılar. Mən 110 hekayə və məqaləmin Azərbaycanda tərcümə olunaraq çap edildiyini bilirəm. Bu qədər işin arxasında, şübhəsiz ki,  müsəlman qardaşlar durub. Sultan Məcid Qənizadə ilə 24 il məktublaşmışam, dəfələrlə evimizdə olub. Bakıda Hacıağa adında bir kişi mənim "Allah həqiqəti görür" hekayəmi tərcümə edərək dərgidə çap etdirib. Hətta Nuxa, Lankon bölgəsindən mənə hər həftə məktub gəlirdi. 

Məhəmməd- Amma sənin haqqında qəribə təriflər də deyilirdi. Hüseyn Minasar adlı bir nəfər məcmuədə sənin dünyanı tərk etməyinlə bağlı yazıbmış: "...Öldü tənha abid". Yəni sən bəndə Lev. "...Tənha abid ona görə deyirəm ki,  yer üzündə  yaşayan insanlardan hələ heç kəs onun ayaqlarının dəydiyi yerə də yüksələ bilməmişdir"...

Lev- Vay-vay! Minasarov elə belə də yazıb? Biabırçılıq, nahaq bu qədər hissə qapılıb... Mən ömrümün ahıl vaxtında  kəndlilərdən seçilməməyə çalışmışam. Torpaqlarımı onlara paylamışam. Çəkməyə yamaq vurmağı öyrənmişəm, ot biçmişəm. Əsərlərimə görə verilən qələmpuludan imtina eləmişəm. Bütün bunlardan sonra Minasarov məni bu sayaq ucaltmaqla nahaq yerə alçaldıb. Cox nahaq!..

Məhəmməd- Bəs İbrahim Vəkil?

Lev- Hə,Vəkilovu deyirsən? Onun  haqqında sonralar daha ətraflı öyrənmişəm. Əvvəl isə onun xanımı mənə məktub yollayıb, məsləhət istəyib. Demək, əhvalat belə olub. Uzun illər Tiflisdə xidmət etmiş poruçik İbrahim Vəkilov burada rus qızı Yelena ilə evlənib. İmperator III Aleksandrın əmrinə görə, o zamanlar rəsmi nikahlar yalnız eyni dinə mənsub qadın-kişi arasında bağlana bilərdi. Bu maneəni aşmaq üçün Vəkilov imperatorun birinci məsləhətçisinə müraciət edir, lakin rədd cavabı alır. Yelena Yefimovnanın ailəsində də bu izdivaca razı deyilmişlər. Vəkilov Türküstanda, sonra Konstantinopolda hərbi qulluğunu davam etdirir. Bu illərdə uşaqları doğulur. Rəsmi nikahsız,kəbinsiz. Vəkilov bolqar pravoslav kilsəsinə müraciət edir və keşiş onların  nikahını rəsmiləşdirir. İbrahim Vəkilov bununla da pravoslavlığı qəbul edur. Bu vaxtlar uşaqları Boris və Qleb artıq yeniyetmə yaşlarında olublar.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            İmperator III Aleksandr yalnız bundan sonra bir istisna kimi, Vəkilovun hərbi qulluğunu nəzərə alaraq onların nikahını rəsmiləşdirir. Bu hadisədən on il sonra Rusiya çarı II Nikolay dini etiqadını dəyişmiş şəxslərin əvvəlki dinlərinə qayıda biləcəyini ehtiva edən fərman imzalayır. Boris və Qleb müsəlman olmaq arzularını dərhal bildirirlər. Bax, onda İbrahim Vəkilovun xanımı mənə məktubla müraciət edib məsləhət istəyib. Mən də hər üzünə izah eləmişəm ki, iki din arasında qalmış insan düşünmədən İslamı seçməlidir...

Məhəmməd - ...və Boris adını dəyişib Fariz, Qleb isə Qalib oldu. Müsəlmanlığa yetişdilər, amma dünyada xoşbəxt olmadılar. Biri mühəndis, o birisi hərbçi olan qardaşlar həbs edildilər, Qalib edam olundu, Fariz isə sürgün...

Lev- Nə danışırsan? Təəssüf!  Orası məndən sonra olub. Heyif! (Öz-özünə danışır) Xristianlıqda qalsaydılar, bəlkə də başlarına bu iş gəlməzdi. Görəsən, bütün bunlarda məni günahlandırıblar? Yaradan görür ki, yaxşılıq eləmək istəmişəm, ancaq belə alınıb...

 

Onların danışığı eşidilmir. Divarda gözəl mənzərələr və Kəbə görünür. Bir qədər sonra onların danışığını eşidirik.

 

                                                VII şəkil

 

Lev-Məhəmməd, sən həyatda xoşbəxt olmusan, çünki yazdıqların aşiqdən və aşiqlikdən olub. Tanrı axtarışı səni üzməyib.

Məhəmməd - Tanrını axtarmaq lazım deyil. O hər zaman, hər yerdədir. Yaradan Özü buyurur ki, mən sizə şah damarınızdan da yaxınam.

Lev- (həyəcandan səsi titrəyir)Amma mən həyatın mənasını tapmır, düşünür, araşdırır, bir yerə çıxa bilməyəndə "həyatın güzgüsü" deyilən yazıçılıqda rahatlıq tapırdım. Bir müddət sonra dünya işləri yenidən canımı sıxırdı. Bütün bunların saxta, özünüaldatma  olduğunu dərk edəndə yenə qəfəsdəki quş kimi çırpınırdım. Yazdığım qalın-qalın kitabları cəfəngiyyat hesab edirdim. Bir sözlə, insanla dolu olan, aşıb-daşan bu dünyada özümü tək və qərib hiss edirdim... Sən isə həmişə aşiqinlə olmusan, istiqamətini lap erkən müəyyənləşdirmisən.

Məhəmməd - (Levə yaxın durur, mehribanlıqla) Kim idi aşiqlərim? Eşqim kimə idi? Allahın sifətlərini özündə ehtiva etmiş insanlara, yəni gözəlliyə! Gözəllik Allahın əlamətlərindəndir. Erkən çağlarımdan dərk etmişdim ki, Allah gözəldir və gözəlliyi sevir. Bilirdim ki, ömür qısadır, dünyada müvəqqəti şeylərə bağlanmaq olmaz, yalnız əbədi olanı sevmək gərəkdir. Əbədi və əzəli isə yalnız Odur və bütün bu xətti şeiriyyata çevirməyi də mənə O, nəsib edib.

Lev- Bəs deyirlər Allah şeiriyyatı, şairləri bəyənməyib?

Məhəmməd - Müqəddəs kitabımızda buyurulur: "...Müşrik və kafir şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!" Lev, amma istisna da göstərilir Quranda: " Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!" Yəni bu istisna olmasaydı, mən bəlkə də şeir yazmazdım.

Müqəddəs kitabın başqa ayəsində İslam peyğəmbərinə müraciətlə deyilir:"Ya Məhəmməd, biz sənə şairlik vermədik, bunu sənə layiq bilmədik "... Lev, səncə, Allahımız şairliyi niyə layiq bilmir sevib-seçdiyi elçisinə? Çünki Peyğəmbərin vəzifəsi daha uca və müqəddəs idi, o, həyatını şeir yazmağa yox, Allahın kəlamlarını insanlara çatdırmağa həsr etməli idi. Yaradan onu bu məqsədlə seçmişdi. Gördüyün kimi, şeir, ağıllı söz, imana dəvət haram olmayıb. Buna görə də mən məhz ulu Peyğəmbərimizi nəzərdə tutub yazırdım:

 

                Şeir bir zivərdir, amma biz kimi naqislərə,

                Ol ki kamildü, onu möhtaci- zivər qılmamış...

 

Lev- Yadımdadır, sənə əhli-beyt şairi deyirdilər.

Məhəmməd - Rusiya məkanında məni belə adlandırıblar? Çox xoşhal oldum! Şair üçün bundan yüksək məqam varmı? Təəssüf ki, əhli-beytin dövründə yaşamamışam. Amma onların imanını, əxlaqını sevdim, heç kimdə görmədiyim şücaətlərini mədh elədim. Əvvəl Nəcəf şəhərində imam Əlinin məzarında qulluqçu oldum, sonra İmam Hüseynin məzarı yanında çıraqdar.

Lev- Məhəmməd, səni dinləmək mənə çox xoşdur, amma qulaq asdıqca istər-istəməz zəlalətli günlərimi yadıma salır, kor-peşiman oluram. Yonulmamış, mərifətdən uzaq şəxslərin surətini və nəhayət, öz obrazımı kifayət qədər  yazıya gətirəndən sonra qərara gəldim ki, qafqazlı, müsəlman bir insandan əsər yazım. Bakıda pyeslərim tərcümə olunub tamaşaya qoyulandan sonra Azərbaycanla əlaqələrim daha da genişləndi. "Hacı Murad" əsərini  işləyəndə Nuxa mahalı və kəndlərinin təsviri, Hacı Muradın sifət quruluşu, boyu, vərdişləri, necə bir evdə yaşadığını öyrənmək istəyirdim. Bilirdim ki, qəhrəmanım ömrünün son çağlarını buralarda keçirib. Məhəmməd, bilirsən, mənim əsərlərimin qəhrəmanları zəmanələrinin adamları idi. Sən isə insanlığa əbədi örnək olacaq qəhrəmandan yazmısan. Amma mən indi ürək edib Hüseyn dastanından heç nə soruşmuram. Bilirəm, çox ağırdır...

 

            Uzaqdan "Füzuli" kantatasının sədaları eşidilir

 

Məhəmməd:  Sən qraf kimi xalqının içində, vətənində ola-ola özünü qərib hiss eləmisən. Gör indi cahiliyyət əhlinin arasında min illər sonralar  üçün əxlaq  tədarük etmiş İslam Peyğəmbəri, onun əhli-beyti nə zülmlərə məruz qalıb. Yaradana bu qədər yaxın olmuşları qoyub mən kimin aşiqi olmalı idim? (Kovrəlir) Tarixdə kim haqq, din-iman, vahid Allah yolunda öz canını, malını,  gələcəyini, ailəsini, silahdaşlarını bir  gündə  qurban verib? Yadına gəlir belə bir hadisə, hə? Kim bilə-bilə ki, sabah şəhid olacaq, bu axşam silahdaşlarına deyib:"Sabah bizi öldürəcəklər, işığı söndürürəm, kim istəyir, durub getsin ailəsinin yanına". Nəticədə 72 nəfər Allah aşiqi ilə 30 min hökmdar aşiqi üzbəüz qalıb. Beləliklə, Kərbəlada Peyğəmbərin şəhid nəvəsi və onun əqidədaşlarının qanı torpağa su kimi axıb. Kərbəla şəhidləri sözlərini gələcək nəsil üçün mürəkkəblə yox, qanla yazıblar, Lev. Mən fağır bəndə də Hüseynin məzarının ayaq tərəfində dəfnimi arzuladım, dedim başdaşı qoymayın, qoy o sərvboylunun məzarından üstümə bir kölgə düşsün...

Lev- Bəli, qəhrəmanın da dünyada yeganədir, haqqında yazılmış əsər də. Hm, eşitmişdim ki, hətta hökmdarlar səni bu ürəyinə görə saraylarına dəvət ediblər.

Məhəmməd-Bəli,  əhli-beyt şairi olan Şah İsmayıl Xətai məni  sarayına dəvət elədi. Amma dəvət cavabını da özü yazdı. Dedi:"Hayıf ki, Füzuli Kərbəlanı, İmam Hüseynin (ə) qulluğunu tərk edib buralara gəlməz"!...

Lev- Məhəmməd, doğrudur, bu barədə danışmağın indi heç bir xeyri yoxdur, amma soruşmasam olmaz. Deyirəm o vaxt ümmətə niyə İslam Peyğəmbərinin əhli-beytindən kimsə yox, cəlladlar gəlib hökmranlıq ediblər?

Üzbəüz divarda yenidən gözəl mənzərə, şəlalə  canlanır, qəribə quşlar görünür. Diqqət görüntülərdədir. Məhəmməd ilə Levin söhbəti bir müddət eşidilmir.

Lev- (Çox məyus və həyəcanlıdır).Məhəmməd, ürəyim sıxıldı. İcazə ver gedim bu yaxınlarda bir az dolaşım...

Məhəmməd- (Başını tərpədir) .

 

Lev gedir

 

VIII şəkil

 

     Məhəmməd- İlahi, biz sənin qullarınıq. İnsanlara həyat bəxş elədin, çaşmamaq,  azmamaq, əbədi səadət qazanmaq üçün doğru yol göstərən kitablar nazil elədin. Lev kimi bəndələrin günahı nədir ki, təhrif olunmuş kitablara əsaslanıb onları çaşdırıblar. Peyğəmbərlərin  dünyada xalq üçün nümunə , axirətdə isə onun şahidləri olduğunu  bildirmisən. İsa Məsih təlimlərindən yox, ölkəsinin yalançı din ocaqlarından üz döndərmiş bir vicdanlı insana, peşimançılıq yanğısı ilə yanıb qıvrılan bir bəndəyə burada kim şahidlik edəcək?  Məgər peşmançılıq insan fitrətinin haqqsevərlik nişanəsi deyilmi ? Məgər Lev son nəfəsində deməyib ki, Haqqı, yəni Səni sevir?

Yazdığı "Etirafnamə"sində bütün səmimiyyəti ilə günahlarını həm insanlar, həm də Sənin qarşında acizanə boynuna alır. Çoxmu varlı, şöhrətli, istedadlı bəndə günahlarını olduğu kimi qələmə alıb və etiraf edib? Lev isə dönə-dönə deyib ki, onun üçün  kilsədən ayrılmaq Yaradandan ayrılmaq deyil, əksinə, Ona daha yaxın olmaq və xidmət etmək deməkdir.  Hansımız günah etməyib? Hansı əli qələm tutan, kitab bağlayanda fərəhlənməyib, qürur hissi keçirməyib? Amma onların hansı birisi həmin yazdıqlarını Sənin hikmətinlə müqayisədə bir heç hesab edib? Onlardan neçə nəfəri ömrünün hər anında xatırlayıb ki, əsl kitab onunku deyil, onun özü haqqında bağlanan axirət kitabıdır.

       İlahi, Səni and verirəm izzəti-cəlalına! Bəndə Levin bu cümləsini onun əməl dəftərinə daxil elə: "Xristianlığın mürəkkəb ibadətlərindənsə, vahid Allahı və Peyğəmbəri olan İslamı seçmək daha yaxşı olar..."

   Ey uca Allah! Görürdün ki, bəndən Lev vahid Yaradanı üç ünsür kimi tanıyanlara etiraz edir. Eşidirdin ki, o, "Tanrı hər kəsin ürəyindədir" deyə səslənir. Sevimli Məhəmməd Peyğəmbər salavatullahın hədislərini Misirdən gətizdirib tərcümə edirmiş və yeri gəldikcə söyləyirmiş.

    Sən hər şeyi görən, eşidənsən. Bilirsən ki, ustadı olmayanın ustadı şeytan olar. Təmasda olduğu hansı islam xadimi ona sənin doğru yolunu öz nümunəsində göstərib? Onun İslama - sənin dininə meylinə görə, insanları bu yola rəğbətləndirdiyi məqamlar xatirinə onun günahlarından keç, ya Rəbbim! Sən istəyəndə nə baş verə bilməz ki? Ey Yaradanım, sən istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır... böyüyəndə din, şəriət yayır, ölüləri dirildir. Və onun özünü də indiyə kimi diri saxlayırsan.  

    İlahi! Sənin lütfünlə üç dünya gördüm və hamısını "Vətən" bilib vəsf elədim. Dördüncü dünyamın-qismətimin necə olacağını bilmirəm. Səni and verirəm şəhidlərin qanına! Axirət taleyi məlum olmayan bir bəndənin cürət edib başqasının əfv edilməsi  üçün Sənə yalvarmağını yersiz cəsarət hesab eləmə! Ey yeri-göyü yaradan, 18 min aləm qərar vermiş Allah! Bu aləmlərdə həm mütləq malik, həm mütləq alim və həm də mütləq qadir Sənsən! Ona görə də bəndə Levi azğınlıqdan uzaqlaşaraq doğru yola üz tutmuş bir şəxs - hənif kimi qəbul elə! Amin! Əlbəttə, hər şeyin doğrusunu yalnız və yalnız Sən bilirsən!

 

                                           IX şəkil

                        Uzaqdan azan səsi eşidilir. Lev gəlir.

Lev- (Səs gələn tərəfə işarə edir)Azandır... Eşitdiyim azanların heç birisi bu möhtəşəmlikdə olmayıb. (Məftunluqla qulaq verir)

Məhəmməd- (Azan səsi tərəfə işarə ilə) Bayaq dediyim kimi... bax, müsəlman təriqətlərinin hesab saatı belə başlayır.

Lev- Məhəmməd, sən xoşbəxtsən, çünki cənnətə düşəcəksən.

Məhəmməd- Bərzəx aləmində onu heç kim bilmir, mən də bilmirəm.Bu barədə heç düşünmürəm də.

Lev- Necə düşünmürsən? Səninçün fərqi yoxdur - cənnət , ya cəhənnəm?

Məhəmməd- Harada oluramsa, qoy olum. Təki Allahıma yaxınlaşa bilim. Mən həmişə yalnız Ona qovuşmağı arzulamışam !!! Amma bütün bəndələr cəhənnəmi görəcəklər. Allahın ən sevimli bəndələri belə cənnətə gedəndə ya cəhənnəmin üstündən, ya da yanından keçib bu əzablı məkanı görəcəklər.

Lev - Ya qismət! Hm... Çox sevinirəm görüşümüzə. Əlbəttə, bu xoş anlar mənim üçün çox davam edə bilməz. Gedib bir az gəzdim və nələr görmədim?! Allahın haqq-hesab vədi necə də dəqiq imiş! Mənim işim asan olmayacaq, Məhəmməd! Sənə danışmaq istədiyim mühüm bir şey də var. O da xəstə günlərimin birində,  bütün varlığımı bürüyən böhran çağında gördüyüm yuxudur. Qısası belədir: görürəm elə bir yüksəklikdə arxası üstə uzanmışam ki, bu hündürlük  heç bir dağ, qala ilə müqayisə oluna bilməz. Yerimə bağlanmışam, başımı birtəhər çevirib aşağı baxıram və dəhşətə gəlirəm. Bu uçurumun dibi görünmür, üstəlik də məni sarımış iplər, ya da kəndirlər yavaş-yavaş qırılıb açılır. Bir az da keçsə, belimdəki son kəndir də qırılacaq və harada uzandığımı müəyyənləşdirə bilmədiyim səthdən üzüaşağı gedəcəm. Birdən ağlıma gəlir ki, üzümü yuxarı tutub yalnız irəli baxım, sonsuz fəzaya. Belə də edirəm və yuxarıdakı sonsuzluq mənə aşağıdakı sonsuzluğu unutdurur. Yuxarı dartınıram. Qorxum nisbətən çəkilir,  bir səs isə qulağıma pıçıldayır:"Buna diqqət elə, bu Odur !" Bundan sonra hiss edirəm ki, yalnız belimi bircə kəndir tutsa da, çox möhkəm dayanmışam. Bu vaxt məni qoruyub saxlayan sadə qurğunu görürəm. Möhkəm dirəkdir və ona ustalıqla ilgək keçirilib. Bu ilgəyin üstündə bədənin boyunca uzanıb yuxarı baxırsansa, aşağı diyirlənmək ehtimalı heçə enir. Çox sevinirəm vəziyyətimə. Sanki kimsə mənə deyir: "Bax və yadda saxla!" Elə bu anda yuxudan ayıldım.

Məhəmməd- (əlini Levin çiyninə qoyur). Lev, biz səninlə qardaşıq. Çünki bütün insanlar bir ata-ananın övladlarıdır. Bütün peyğəmbərlər də qardaşdırlar və hamısının bir-birilərindən xəbərləri var. İslam inancına görə, kim 124 min peğəmbərdən bircəciyini qəbul etməsə, artıq müsəlman sayılmır. Deməli, Həzrət İsa əleyhissəlam həm də mənim peyğəmbərimdir. Dünyanın ayrı saldığı insanlar haqq dünyasında üz-üzə gəlirlər. Lev, səninlə nə danışdım, necə danışdımca, hamısı ərkyana və səni istədiyimdən idi. Bütün bəndələr kimi sən də sorğu-sual olunacaqsan. O zaman axtarışında olduğun  HAQDAN  rəhm dilə. Görsən tərəzinin günah tərəfi ağır gəlir, Allaha yalvar ki,  üç üqnumun yox, müqəddəslərdən üçünün  xatirinə günahlarından keçsin: 18 min aləmə rəhmət olaraq göndərilmiş Məhəmməd Peyğəmbərin (s), qiyamət günü Allah qarşısında  dayanaraq  ibadət edəcək İsa Məsihin və bu zaman onunla  yanaşı duracaq İmamın (ə) xatirinə bağışlanmağını istə! 

Səs gəlir - Məhəmməd, bəndəni burax  gəlsin!

Lev:- Nə tez? Məhəmməd, görüşümüz sanki bir an çəkdi. Buna baxmayaraq anladım ki, sən demə,  insanın dəyəri yalnız onun HAQQA imanı ilə ölçülürmüş!..

                            Onlar qucaqlaşıb ayrılırlar. Lev uzaqlaşıb gedə-gedə deyir:

Lev- Mən HAQQI sevirəm! Mən HAQQI sevirəm! Mən HAQQI sevirəm!..(Səsi get-gedə zəifləyir və eşidilməz olur).

Məhəmmd- Bəndə Lev, qısa görüşə görə heç təəssüflənmə, Yaradana  şükür elə:

 

                      Azdır demə cövhəri-səfasın

                      Bir sor ki, nə verdilər bəhasın?

 

İşıqlar sönür. Həyəcanlı musiqi səslənir. Bir az keçmiş alaqaranlıqda yavaş-yavaş  səmaya qalxan qurğu və üstündə uzanmış bir bəndə görünür. Sonra işıqlar sönür.

                              son

QEYD:    Müəllif mətndə  adı şəkilən musiqi, görüntü, azan, xor  və  digər vizual görüntülərin təchizində yardımçı ola bilər.