Son xəbərlər

 

Ey Məcnun, budurmu ilahi sevgi?

Əlini qanına bulaşdırdığın

Həmən o Leylidir, sevdiyin Leyli.

  Məhkəmə.

 - Müttəhim cavab verin. Sizi buna nə yuvarlandırdı ? Əsrlər boyu dillərdə əzbər olmuş ilahi bir eşqin sonu bu idimi?

 Məcnun əllərini ovuşdurur. Susur.

 

 Vəkil müdafiəyə qalxır.

 - Onun heç bir günahı yoxdur. Şahid lazımdır. Şahidiniz varmı ? Sübuta yetirsin onun günahkar olduğunu. Gəlin nağıl danışıb bir-birimizi aldatmayaq.

 Hakim.

 Siz nə danışdığınızın fərqindəsinizmi ? Həmən gün o evdə, bir Leyli idi, bir də Məcnun. Nə şahid? Məgər onun susması günahkar olduğunu sübut etmirmi ? Siz nağıl danışırsınız. Müdafiəyə qalxmaq haqqınızdır. Amma, həqiqəti ayaqlar altına atmayaq.

 Vəkil:

- Həqiqət nədir ?

 Hakim:

- Həqiqət...

 Vəkil:

- Bildirim ki, susmaq həmişə günahını sübut əlaməti deyil. Susmaq həm də etirazdır. Xeyir. Qeys ağlını çoxdan itirib. Bir dəlini günahlandırmaq nə qədər doğrudur? Kimlərinsə günahını onun çiyinlərinə yükləməyə heç kimin ixtiyarı yoxdur. Hətta sizin də möhtərəm hakim.

 Hakim:

- Sübut istəyirsiniz, bu da sübut. Gətirin bıçaqdan tapılmış əl izlərinin cavablarını. Bu da dəlil. Buyurun baxa bilərsiniz, hörmətli vəkil.

 Vəkil gülür. Məhkəmə salonunu lərziyəyə salana qədər gülür. Qəhqəhə çəkir.

 - Hörmətli hakim bu Qeysin əlləridir, bu da barmaqlar . Onun anadangəlmə əl izi yoxdur.

 Hakim:

- Necə yəni yoxdu?

 Vəkil:

 – Buyurun baxın.

 Hakim:

– Belə şey həyatında ola bilməz. Bu mümkün deyil. Bəs bıçaqdakı əl izləri kimindi? Bütün qohumlarının əl izləri alınsın.

 Məhkəmə, cavablar əldə olunanadək təxirə salınır.

 Qeys ayağa qalxır. Qolları qandallanır. Məhkəmə salonundan kameraya aparılır. Susur.

 Bütün hakimlər şok yaşayırlar. Anadangəlmə qatil. Allah bilərəkdən onu əllərində işarələri olmadan yaratmış.

 Bəlkə şeytandır. Necə anlayaq bunu?

 Salonu tərk edənlər öz aralarında danışırlar.

 - Məncə burada nəsə bir gizli sirr var. Siz din xadimi kimi nə deyə bilərsiniz bu barədə.

 - Allah bilən məsləhətdir. Allah bütün bəndələrini bərabər yaratmışdır. Onun lütfündən və iradəsindən kənar heç nə baş verə bilməz. Əgər bu məzlumun doğrudanda barmaqlarının izi yoxdursa, demək o Allahın seçilmiş bəndələrindəndir.

 - Allahın seçilmiş bəndəsidirsə, bəs nə üçün bu neçə müddəti qazamatda çürüyür cavan canı və niyə ağlını itirmiş şəkildə dolaşır.

 - Bilirsiniz hər şey Allahın lütfündəndir. Demək ki, belə məsləhətdir və bu onun qismətidir və o, onu çəkməlidir.

 - Qisməti dəyişmək olmaz Molla əmi?

 - Olmaz mənim balam Allah nə yazıbsa o da olmalıdır. Allahın lütfündən kənar, hətta yarpaq belə yerindən tərpənə bilməz.

 - Bəs müharibələr ? Qırğınlar ? Uşaq ölümləri ? Sizin Allah bütün bunları görmürmü ?

 - Görür mənim balam, görür. Demək ki, bu da qismətdir. Qırğınların nəticəsində qətlə yetirilmiş körpələr şəhiddirlər. Və Allahın ən uca məqamında dəyərli, hörmətli yerləri var.

 - Anlamıram Sizi molla. Əgər belə idisə Allah nə üçün onları yaradıb, sonra isə insan əli ilə məhv edib. Cismini alçaldır. Sonra uca məqama qaldırır ?

 - Sən kafir- kafir danışma mənim balam. Allah özü bilən məsləhətdir.

 Molla evdə.

 Uzun dəhlizlə. Lap uzun. Qırmızı xalçalı döşəmə. Mütəkkələrlə bəzədilmiş otaq. LSD monitorlu televizor. Otaq dolusu müşq ətri. Nemətlərlə dolu masa.

 Qapı döyülür. Bir məzlum qapıda mollanın içəri gəl ifadəsini gözləyir.

 - Gəl içəri.

 Molla ona çox şeydən danışır. Lap çox şeydən. Məzlum bunları eşitməzki. Gözləri dolu masadadır. Amma, bu qismətdir. Allah hamını bərabər yaratsa da mənəviyyat və insaniyyatlığı qeyri-bərabər bölüşdürmüşdür. Su ilə quru kimi. Kimisi ömrünün sonuna qədər balıq kimi yaşamaq məcburiyyətindədir. Kimisi isə eşşək kimi.

 1 ayın tamamı.

 Bütün qohumlardan əl izi götürülmüş. Amma, qatil tapılmamışdı. Qatilin kim olması məlum deyil.

 Əl izi götürülmə prosesi.

 .Ev dolusu Allah var.

 .Töbə var.

 .Biz heç balamıza qıyarıqmı ?

 .Tövbə-tövbə.

 Məhkəmə prosesi.

 Bu gün vəkil danışmayacaq. Buyurun Qeys. Bu gün hər şeyi açıqlamalısınız. Əgər susmağınız bir də davam edərsə, günahkar bilinərək ömürlük həbsə məhkum olunacaqsınız. Qərar Sizin.

 Vəkil:

- Etiraz edirəm.

 Hakim:

- Etirazınız qəbul olunmur.

 Qeys:

- Mənim şahidim var.

 Hakim:

- Şahid? Buyurun gətirin şahidi.

 Zal susur

 İçəri qara çarşaba bürünmüş bir xanım gəlir.

 Mənəm şahid.

 Hakim:

- Kimsiniz, nəçisiniz ?

 Şahid:

- Mən bu məmləkətin söz azadlığından məhrum olan bir qızı.

 Hakim:

- Daha sonra

 Şahid:

- Doğulandan bəri, ataların əmri ilə ölümə məhkum olmuş qız uşaqlarından biri.

 Hakim:

- Sonra

 Şahid:

- Sonra cəmiyyətin əlində olan oyuncaq. Üzünü, başını örtməyə məhkum olunmuş qul. Sevməyərək başqasına ərə verilən əmlak.

 Hakim:

-Adınız ?

 Şahid:

-Leyli.

 Hakim:

-Sübut edin Leyli olduğunuzu.

Şahid:

- Mən Leyliyəm.

 Hakim:

- Başınızı açın.

 Şahid:

- Xeyr. Mən varlığımı sübuta yetirmək üçün, əsrlər boyu yaranmış bir ehkamın üzərindən xətt çəkə bilmərəm.

 Hakim:

-Aramızda qadın həmkarımız varmı ?

 -Xeyr.

 Hakim:

-O zaman əllərinin izini alın.

 Leylini masaya yaxınlaşdırırlar.

 Amma, əllərinin izi yoxdur.

 Bu nədir? Onun barmaqlarında iz yoxdur.

 Hakimin qərarı:

 - Yandırın hər ikisini! Amma, sualıma cavab verin. Bəs ölən kimdi? Bıçaqdakı əl izi kimindi?

 Leyli:

-Ölən mənəm. Əl izi də mənimdir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə