Son xəbərlər

 
Bu gün səhər gözəl açılmışdı onun üçün. Bir aydır gözlədiyi gün axır ki gəlib çıxmışdı. İl yarımlıq işsizlikdən sonra keçən ay şirkətlərin birində mühasib kimi işə başlamışdı və bu gün ilk maaşını alacaqdı. Bu maaşa nə qədər ehtiyacı vardı onun... Uzun müddətdir evinə doğru-düzgün bazarlıq etməmişdi. İşi olmadığından evin ehtiyaclarını həyat yoldaşı Sevincin aldığı məvaciblə təmin edirdilər. Sevinc məktəbdə kimya müəllimi idi. Onun da maaşı evin bəzi vacib ehtiyaclarına və kommunal xərclərə ancaq çatırdı.

Evlilikləri çox gözəl gedirdi. Maddi ehtiyaclara baxmayaraq, həyat yoldaşı ilə aralarında böyük məhəbbət var idi.

Sevinclə elə onun işlədiyi məktəbdə tanış olmuşdular. Sevinc müəllim, o isə mühasib işləyirdi. Hər ikisi sevgidən uzaq, sakit həyat tərzi sürmüşdülər bir-birini tanıyana qədər. Lakin o sakit həyatları qarşılaşdıqları həmin gün sona yetmişdi. "İlk baxışda məhəbbət" dedikləri o hissin varlığına elə həmin gün inanmışdılar...

Əvvəllər Sevincin ailəsi evlənmələrinə razılıq vermək istəməmişdilər. Xüsusən ürək həkimi olan atası Rəhim qızının atasız, anasız, ali təhsili olmayan biri ilə evlənməsinə qəti sürətdə qarşı çıxmışdı. Lakin həm ana, həm də ata onu tanıdıqca namuslu, əxlaqlı, çalışqan, böyük mədəniyyətə sahib biri olduğunu və qızlarının onu nə qədər çox sevdiyini görüb yumşalmışdılar.

Üç il öncə gözəl yaz günü- martın 29-da evlənmişdilər. Hər ikisi necə də xoşbəxt idi həmin gün... O, qara kostyum, ağ köynək geymiş, köynəyin üzərindən qara rəngli üzəri ağ nöqtəli qalstuk taxmışdı. Sevinc isə hər bir gənc qızın arzusunda olduğu ağ, uzun gəlinlik paltarında pərilər aləmindən gəlmiş kimi gözəl, cazibədar görünürdü. Onu gəlinliklər içərisində gördüyü ilk anı hələ də xatırlayır: bir neçə saniyəlik dili tutulmuşdu sanki, deməyə söz tapa bilmirdi. Sonra bir az özünü toplamış və gül dəstəsini ona uzadarkən:

-Çox gözəlsən! Mən dünyanın ən bəxtəvər adamıyam!- deyə bilmişdi sadəcə...

Gözəl davam edən evlilikləri iki il öncə dünyaya gələn qızları Mələklə daha da gözəlləşmiş, daha da rənglənmişdi. Ağ, toppuş əlləri, ayaqları, qırmızı yanaqları ilə hər görəni özünə heyran etməyi bacarırdı bu körpə Mələk. Hər iki yanağındakı kiçik "qəmzələr"i uşağın şirinliyinə daha da şirinlik qatırdı. El inancına görə, qız uşağının yanağında qəmzələri varsa, deməli, atası o doğulanda çox sevinib. Əlbəttə, sevinmişdi, həm də çox sevinmişdi. Ata olmuşdu axı... Onun üçün oğlan və ya qız olmasının heç bir fərqi yox idi, ola da bilməzdi. Əsas odur ki, sağlam övlad olsun...

Qızının adını da özü qoymuşdu. Uşaq vaxtı itirdiyi anasının adı idi Mələk. Mələk yalnız adı ilə deyil, varlığı ilə də onun mələyinə çevrilmişdi...

Səhər gecədən qurduğu saatın səsinə oyandı. Saat 6:30-u göstərirdi. İş vaxtına hələ saat yarımlıq bir zamanı qalmışdı. Evdən iş yerinə məsafə yarım saat olduğundan evdə qızıyla, həyat yoldaşı ilə keçirməyə bir saatı var idi. Yuxudan durarkən ilk eşitdiyi səs qızının səsi oldu:

-Ana, mənə çay...

Xoşbəxtcəsinə gülümsədi. Səhər tezdən qızının səsini eşitməkdən böyük hansı xoşbəxtlik ola bilərdi ki onun üçün?! İndi də Sevincin səsi gəldi qulaqlarına:

- Ana qurban, indi ata oyanacaq. Gözlə, çay qaynasın verəcəm. Sən bəlkə gedib atanı oyadasan?

- Ata hanı?

- Otaqdadır, get.

Bir azdan qapının cəftəsi tərpəndi. Qapının arxasından qızının səsi gəlirdi:

- Ata, duuuy.

Qapını açmağa gücü çatmırdı.

Gülə-gülə yataqdan düşdü. Qapını açan kimi Mələk içəri girdi, o dəqiqə də əllərini qabağa uzadıb boynunu bükdü:

-Ata, qucu...

Qızını qucağına alıb otaqdan çıxdı:

-Mənim Mələyim atasını yuxudan oyatmağa gəlib? Gedək görək ana nə işlə məşğuldu?

Uşaq qucağında mətbəxə keçdi. Onlar gələnə qədər Sevinc süfrəni artıq hazırlamışdı. Səhər yeməyində yumşaq bişirilmiş soyutma yumurtanı çox sevirdi. Ona görə də Sevinc hər səhər sevimli əri üçün soyutma yumurta bişirər, o mətbəxə keçənə qədər qabığını təmizləyib yanına da şirin çay süzüb hazır qoyardı. Qızı da özünə oxşamışdı. Yumurtanı yaman çox sevirdi. Ancaq uşağa həddindən artıq yumurtanın ziyan edəcəyindən qorxan anası həftədə iki dəfədən çox yumurta vermirdi ona.

Səhər yeməyindən sonra da qızıyla bir az vaxt keçirib işə getməyə hazırlaşdı. Qapıdan çıxarkən qızının balaca qırmızı rəngli ayaqqabıları gözünə sataşdı. Yadına bir həftə öncə Sevinclə uşaq mağazalarının birində gördüyü ağ, üstü göy rəngli kəpənəklərlə bəzənmiş ayaqqabı düşdü. Ər-arvad necə də bəyənmişdilər o ayaqqabını. Bir anlıq hər ikisi ayaqqabını qızlarının ayağında təsəvvür etmiş, bu gözəl mənzərədən ikisi də zövq almışdı. Heyf ki, ayaqqabı bir az bahalı idi. Həmin vaxt onu almağa pulu çatmamışdı. Arvadı ona bir söz deməsə də, ayaqqabıdan çox xoşu gəldiyini və ala bilmədikləri üçün heyfsləndiyini anlamışdı. Mağazadan çıxarkən maaşını alan kimi o ayaqqabını qızına alacağına söz vermişdi ürəyində.

Həmin gün gəlib çatmışdı. Bu gün maaşını alacaqdı. Deməli, bu gün həmin ayaqqabını da qızına alıb aparacaq, həm Sevinci, həm də qızını sevindirəcəkdi...

İş vaxtını başa vurub həmin uşaq mağazasına tələsdi. Mağazaya girən kimi birinci uşaq ayaqqabıları satılan hissəyə yaxınlaşdı. Axtardığı ayaqqabını burda tapıb çox sevindi...

Əlində balaca şirin ayaqqabılarla evinə doğru addımlayırdı. Sanki əlində böyük bir dünya tutmuşdu. Sevinci yerə-göyə sığmırdı. Mələyinin balaca toppuş ayaqlarını bu ayaqqabıların içərisində düşünərkən gözləri sevincdən, qürurdan dolurdu.

Beləcə xoş duyğular içərisində evinə çatıb qapının zəngini basdı. İki dəfə zəngi çalmağına baxmayaraq, qapını açan olmadı. İçəridən də heç bir səs-səmir gəlmirdi. Sevincin uşaqla birgə qonşuya getdiyini düşünüb öz açarı ilə qapını açdı. Qapını açıb içəri girərkən kəskin qaz iyi ilə qarşılaşdı. Əvvəlcə nə baş verdiyini anlamayıb duruxdu. Sonra isə hər şeyi başa düşdü...

Görəcəyi mənzərədən qorxurmuş kimi otağa keçməyə bir anlıq tərəddüt etdi. Bəlkə yanılıb, bəlkə heç onlar evdə deyil? Kaş ki, belə olaydı...

Lakin...

Otağa girərkən gördüyü mənzərə qarşısında şoka düşdü. Sevimli arvadı Sevinc divanda uzanmışdı. Balaca Mələk isə anasının qucağında başını anasının sinəsinə qoyub yatmışdı. Gərginlikdən əlində bərk-bərk tutduğu ayaqqabıları bir kənara tullayıb divana yaxınlaşdı. Əyilib arvadına baxdı. Bir-iki dəfə silkələyib oyatmağa çalışdı. Ancaq oyanmadığını görüb daha bərk silkələməyə və qışqırmağa başladı:

- Sevinc, ay Sevinc, nə olub sənə? Sevinc, oyan...

Birdən nə isə yadına düşübmüş kimi otağa göz gəzdirdi. Pəncərələrin bağlı olduğunu görüb tez onları taybatay açdı. Əvvəlcə körpə qızını qucağına alıb həyətə, təmiz havaya çıxartdı. Həyətə çıxarkən ətrafda heç kimi görə bilməyib ən yaxın qonşularını səslədi:

- Kömək edin!!! Əsgər dayı, Güllü bacı, bura gəlin, kömək ediiinnn...

Özü isə qızını həyətdə qoyub arvadını çıxartmaq üçün evə qaçdı. Daha vaxt itirməmək üçün Sevinci də tələsik qucağına alıb həyətə apardı. O, həyətə çıxanda artıq qonşular uşağın başına yığılmışdılar. Hərə bir tərəfdən uşağın sağ olub-olmadığını yoxlayır, onlara kömək etməyə çalışırdı. Həyətə düşən kimi arvadını da qızının yanına uzatdı. Nə edəcəyini bilmədən ora-bura baxır, onların sağ olması üçün Allaha dua edirdi. Hər kəsdən həm yaşda, həm də təcrübədə daha böyük olan Əsgər dayı Sevincə yaxınlaşıb nəbzini yoxladı. Onun nə cavab verəcəyini gözləmək o qədər üzücü idi ki... Hər kəs gözünü onun ağzına dikmiş, verəcəyi xəbəri nəfəs almadan gözləyirdilər. Əsgər dayı hələ ağzını açıb bir söz deməmiş arxadan kimsə:

- Təcili yardıma zəng vurmuşuq, indi gələcəklər,-dedi. Hər kəsin baxışları bir anlıq səs gələn tərəfə çevrildi, ancaq tez də yenidən Əsgər dayının üzərində cəmləşdi...

Nəhayət, gözlənən cavab gəldi. Əsgər dayı verəcəyi cavabı əvvəlcə öz içinə çəkmək istəyirmiş kimi dərindən nəfəs alıb dedi:

- Yaşayır... Nəbzi vurur, ancaq çox zəif.

Bu xəbər bir anlıq hər kəsə rahatlıq bəxş etdi.

Lakin körpə... Baxışları qızını axtardı. Onun balaca üzü ağappaq ağarmışdı. Tez Əsgər dayıya tərəf çevrilib təlaşlı bir şəkildə:

- Bəs qızım? Qızım da yaşayır? -deyə soruşdu.

Bu suala cavab vermək o qədər ağır idi ki... Əsgər dayı heç bir şey demədən üzünü yana çevirdi... Bəli, artıq hər şey aydın idi... Balaca Mələyinini körpə vücudu davam gətirə bilməmişdi... Bir neçə saniyə qızının cansız bədənini gözdən keçirdi. Baxışları balaca, toppuş ayaqlarında asılıb qaldı... Yox... O baxışlar dondu, bütün dünyadan təcrid olunub məhz qızının ayaqlarında buz bağladı.

Bu gün o ayaqlar özü kimi şirin bir ayaqqabı ilə bəzənəcəkdi... Həyəcanla, sevinclə aldığı, qızına çatdırmağa tələsdiyi o ayaqqabılar heç vaxt bu ayaqlarla birləşməyəcək, bütünləşməyəcək, qızının kövrək, qorxaq addımlarını dəstəkləməyəcək... O ayaqqabılar heç zaman geyilməyəcək!..

Uzaqdan isə təcili yardımın insanı vahiməyə salan uğultulu səsi eşidilirdi...

Şəhanə Mahmudzadə



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə