Son xəbərlər

 

ŞƏHANƏ MÜŞFİQ QIZI

Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın "bu gün yağış havası var, özünlə çətir götür" məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı... Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə...

 

Yağışın altında metroya doğru qaçarkən gurultulu alqış səsi məni dayanmağa məcbur etdi. Gözümün altından səs gələn tərəfə doğru baxanda yolun o biri tayında bir binanın qarşısına yığılmış insan ordusu diqqətimi cəlb etdi. Görəsən, bu camaatı bu soyuq havada ora yığışmağa vadar edən səbəb nə ola bilərdi? Bu sualın cavabı yağışdan da, soyuqdan da, evə gecikmək qorxusundan da daha vacib idi. Məhz bunu öyrənmək üçün istiqamətimi dəyişib həmin izdihama doğru getməyə başladım. Bu dəfə addımlarımı daha sürətli atır, tez bir zamanda oraya çatmağa çalışırdım. Eee, bu maşınlar da imkan verir ki... Piyadanın yolunda da piyadaya imkan vermirlər...

İzdihama yaxınlaşarkən səslər daha aydın seçilməyə başlayırdı. Deyəsən, kimsə danışırdı... Yaxınlaşdım... Boyum balaca olduğundan heç bir şey seçə bilmirdim. İnsanlardan üzr istəyə-istəyə izdihamın ortasına doğru irəlilədim. Məni süzən əsəbi baxışları, dalımca deyinən insanları görsəm də fikir vermədən irəliləyirdim. Neyləyim, görmürəm axı...

Axır ki, səhnəni görə biləcəyim rahat bir yer seçdim özümə... İndi görək nələr olur...

Səhnənin ortasında bir tribuna qoyulmuşdu. Tribunanın arxasında əlində mikrofon tutan 45-50 yaşlarında bir kişi danışırdı, daha doğrusu, demək istədiklərini qarşısındakı vərəqdən oxuyurdu. Bu mənzərəni görəndə bir fikir məni götürdü: görəsən, vərəqdəkiləri özü yazmışdı, yoxsa kiməsə yazdırmışdı? Nə isə, bundan mənə nə... Kişinin görünüşü çox səliqəli idi. Qara kostyum, ağ köynək geyinmişdi. Köynəyin düymələrini axıra qədər düymələmiş, üstündən də qara rəngli qalstuk taxmışdı. Geyimi səliqəli olsa da, qabağa çıxan qarnı bu səliqəyə xələl gətirirdi. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, bu qarnı olmasaydı, heç olmasa biraz bundan balaca olsaydı necə gözəl olardı, yaşından da daha cavan görünə bilərdi... Nə isə, əsas məsələ onun görünüşü, səliqəsi yox, danışdıqlarında idi:

-Əziz seçicilərim (hə, deməli bu adam nəyəsə namizəd imiş), mən artıq bir dəfə sizinlə görüşmüşəm. Məramım, məqsədim və saf niyyətim sizin hər birinizə artıq məlumdur...

Saf niyyət? Söhbət deyəsən, komediyaya doğru inkişaf edir axı... Gözləyək, görək, axırı necə olacaq.

- Bu gün də buraya toplaşmağımızın əsas məqsədi həm sizinlə səmimi münasibət yaratmaq, həm də sizə şən saatlar bəxş etməkdir. Mənim bütün həyatım boyu tək məramım olub:vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək! Bu gün Ulu Tanrım mənə bu məramımı daha gözəl bir şəkildə həyata keçirmək üçün bir şans verib. Əgər siz də mənə bu şansı versəniz əminəm ki, peşman olmayacaqsınız. Mən vəzifəm müddətincə sizinlə sıx-sıx görüşlər keçirəcək, sizin problemlərinizə qulaq asacaq və bu problemləri aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən vəkili olduğum bu millətin səsini dövlətimizdə duyuracağam. Bundan sonrakı illər ərzindəsizin həyat səviyyənizi maksimuma, problemlərinizi isə minimuma çatdırmaq üçün dayanmadan işləyəcəyəm...

"Namizəd" sözünü buraya çatdıranda gurultulu alqış sədaları qalxdı. Təəccüblə ətrafıma baxanda hər kəsin üzündə bir sevinc, bir razılıq ifadəsi gördüm. Elə bil danışan adam verdiyi vədləri elə indicə həyata keçirmiş, xalqın bütün dərd-sərini aradan qaldırmışdı. Bu insanlar nəyə bu qədər sevinirdilər, görəsən? Axı bu danışılanların quru vədlərdən başqa bir şey olmadığını bilməli idilər. Bəlkə də mən səhv etmişəm düşünərək yenidən fikrimi həmin namizədin danışığında cəmləşdirməyə çalışdım:

- Əziz həmvətənlərim, mən bir çoxları kimi sizə yalançı vədlər vermək fikrindən çox uzağam. Sizə verə biləcəyim tək söz ondan ibarətdir ki, əgər məni seçsəniz, mənə etibar etsəniz sizin etibarınıza layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Eşq olsun Azərbaycan xalqına!!!

Yenə də gurultulu alqışlar qopdu. Danışan adam bir neçə saniyə fəxrlə, qürurla izdihamı seyr edib möhtəşəm bir ədayla səhnədən enmək üçün pilləkənlərə doğru addımladı. Bu yerişdə elə bir əda var idi ki, elə bil artıq seçilib xalqın vəkilliyi vəzifəsini öz öhdəsinə götürmüşdü...

Elə o səhnədən enmişdi ki, açıq-saçıq geyimli, yaşı 60-ı keçmiş, ancaq hələ də özünü cavan qız kimi aparmaqdan utanmayan müğənni qadın oynaq bir mahnının sədaları altında özünü səhnəyə atdı. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, görəsən, bu soyuqda bu cür açıq paltarda üşümür? Səhnəyə çıxmağı ilə də heç sevmədiyim bir ifadəni işlətməsi bir oldu:

- Əlləri görmürəm...

Elə bu sözə bənd imiş kimi bütün millət başladı gurhagur əl çalmağa. Qadın isə açıqda qoyduğu sallaq qarnını oynada - oynada oxumağa, daha doğrusu, diskdə oxuyan mahnını ağız hərəkətləri ilə göstərməyə başladı. Camaat bir coşmuşdu ki, getdikcə daha da qəzəblə yağan yağışı, qılınc kimi kəskin soyuğu bilə hiss etmirmiş kimi hamı yerində rəqs edirdi. Onlara baxdıqca həm acıyır, həm də həsəd aparırdım. Yəni, bir milləti iki yağlı söz, bir oynaq mahnı ilə aldatmaq bu qədər mi asandı? Elə bu vaxt telefonumun cibimdə titrədiyini hiss etdim. Tez telefonumu çıxarıb baxdım, ekranda anamın adı və nömr

əsi yazılmışdı. Ekranın yuxarı hissəsində "cavabsız zənglər" işarəsi də var idi. Allah bilir neçə dəfə zəng edib, eşitməmişəm. Tələsik zəngi açdım, amma bu səs-küydə səsini eşidə bilərəmmi əmin deyiləm:

-Alo...

Telefonun o biri başından nə isə xırıltılı səs gəldi. Əvvəlcədən zənn etdiyim kimi bu qədər qarışıqlığın içərisində anamın səsini eşitmək mümkün olmurdu. Onun nə dediyini eşitmədən onun məni eşidib anladığına ümid edərək dedim:

-Ana, mən sənin səsini eşitmirəm. Amma narahat olma, burada bir tədbir var, ona görə gecikirəm. Indi çıxıram burdan, bir saata evdə olaram. Hələlik.

Bunu deyib cavab gözləmədən telefonu söndürdüm. Onsuzda onun səsini eşidə bilmirdim axı...

Anamın zənginə cavab verəndə bir tərəfdən də fikrim səhnədəki müğənnidə, onun hərəkətlərində idi. Zalım qızı Azərbaycan dilində elə bir cümlə bilirmiş kimi tək bir cülməni təkrarlıya -təkrarlıya durmuşdu:

-Əlləri görmürəm... Eşq olsun Azərbaycan xalqına!..

Artıq bu komediyaya dözə bilməyəcəyimi düşünərək oradan uzaqlaşmağa qərar verdim. Gördüyüm bu mənzərə onsuzda yerində olmayan əsəblərimi daha da korlamışdı. Sürətli addımlarla oradan uzaqlaşmağa, daha doğrusu qaçmağa başladım. Oradan uzaqlaşdıqca səs də arxamda qalır, mənim sürətimə çata bilmirdi. Lakin səhnəyə çıxan hər kəsin dilində əzbərə çevrilmiş o cümlə qeyri-ixtiyari mənim də dodaqlarımdan süzülürdü:

-Eşq olsun Azərbaycan xalqına!!!

Əlbəttə, sizin kimilərin sözünə hələ də inanan, etibar edən bu saf niyyətli xalqa EŞQ OLSUN!!!

Yağış isə hələ də yağmağa davam edirdi. Ancaq bu dəfə sanki məni sakitləşdirmək, təskin etmək istərcəsinə daha aramla, daha mülayim...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə