Son xəbərlər

 

Axşam bütün zülməti ilə şəhəri udmağa başlayırdı. N sürətlə metrodan çıxaraq beynindəki istiqamətə yollandı.

 

C Yenə tıxaca düşdü. Ha çalışsa da, yenə iş yerindən tez çıxa bilməmişdi. Mədəsi sıyrılıb gedir, aclığın təsiri ilə yenə başı ağrımağa başlayırdı.

FHN-nin S rayonu üzrə bölməsinin işçıləri bu günu cəmi bircə yanğınla yola verdiklərinə görə sevinirdilər. Domino daşlarının şaqqıltısı bəzən müdürün otağına qədər gəlib çıxırdı.

Bu gecə burada yatacaqdı. Körpünün altında özünə sığınacaq tapmışdı. Yamaqlı torbasını başının altına basıb, üstünə bu gün zibillikdən tapdığı adyal parçası ilə kecirəcəyi gecəni xəyal edirdi.

A mətbəxə su içməyə keçmişdi. Qəfil qarnından qopan ağrı ilə ikiyə qatlandı. Anladı ki, artıq vaxtdır. Əlini telefona atıb sürətlə nömrələri yığdı.

B əlini uşağın alnına qoydu. Od tutub yanırdı. Arvadı “çöpü qalıb” deyərək, həkim sözünə daş atıb başını tutdu. Yığışıb evdən çıxdılar.

Q kitablarını qoltuğuna vurub ədəbi məclis niyyəti ilə evdən çıxdı. Arvadı yenə” Fərsiz kişi ya şair olar, ya da Cəbiş müəllim” deyərək arxasınca donqulldandı.

Atasının bağışladığı son model avtomobilin disk yerinə bir dənə CD atıb E ayağına qaza qoydu. “Efirdi efir”melodiyası maşından yüksəldikcə, O gecəni hansı klubda keçrəcəyini qərarlaşdırmadan sürəti artırdı.

Bu gün orqan alverçiləri üçün uğurlu keçmişdi. Iki nəfərin börəyini ucuz qiymətə ala bilmişdilər. Əllərinə keçən gənc bir qadını isə son tikəsinə qədər parçalamışdılar. Orqanları təcili yardım maşınına yükləyərək yola çıxdılar.

Azanın verilməsinə az qalmışdı. Ə şam namazını qılmaq üçün məscidə gedəcəyini qızına bildirdi.Hər gün bu boyda yolu getməyin ağılsızlıq olduğunu bezmədən təkrarlayan qızına gülümsünüb ayaqqabılarını geyindi.

Son obyektlərin “ vergi”-lərini nəzərdən keçirən deputat başını kağızlardan qaldırıb qarşısında küçük kimi quyruq bulayan köməkçisinə “ Saunaya zəng et! Bu axşam heç kimi qəbul etməsinlər .”deyib yekə qarnını yığışdırıb pencəyinin yaxasını düymələdi. Bunun getmək işarəsi olduğunu anlayan köməkçisi tez qaçıb kabinetin qapısını açdı.

Neçə gün idi ki, zəng gəlmirdi. Telefonda “hazır ol” mesajını görəndə sevindiyindən çığırdı. Görüş körpünün ətrafına təyin olundu. Eskort sifariş olunduğu kimi rəqqasə paltarını geyindi və bütün görkəmini paltosunun altında gizləyərək ora yollandı.

N metrodan çıxıb düz körpüyə qədər piyada yollandı. Əlini gözünün üstünə qoyub o nəhəng tikilini nəzərdən keçirdi. Bu işi burada edən ilk adam olacaqdı. Yaşamaq üçün əlindəki bütün səbəbləri xərcləyib bitirmişdi. Beynindən bircə dənə “öl” əmri var idi. Qorxusunu-hürküsünü körpünün nəhəng dirəklərinin yanında buraxıb dırmaşmağa başladı. Mühəndis olmaq istəyirdi uşaqlıqda. Ən gözəl bina, körpü şəkillərini o çəkərdi. Dırmaşdıqca yer gözündən itir, alatoranın zülmətlə sərhəddində körpünün işıqları yanır, çoxlu maşın siluetləri ona əcaib görünürdü. Bir anlığa yerin və insanların nə qədər dəyərsiz olduğunu, xırda olduğunu başa düşdü. “Elə ona görə intihar edənlər çoxu yüksəkliyə dırmaşır. Zamanin

hansisa məqamında dünyanın fövqündə durmaq və oradan “ Ey miskinlər, özümü öldürüb bu bədəndən qurtulacam. Sizin kimilərin arasında yaşamayacam” deyə xitab etmək istəyirlər.”-deyə xəyalından keçirtdi. Elə hey dırmaşırdı. Ta pikə gəlib çıxmışdı. Elə bu an şəhərin üzərində dövrə vuran polis vertalyotundan onu fərq etdilər. Iki dəqiqə sonra körpüdə həyat durdu.

Maşın tıxacdan çıxıb körpünün ortasına irəliiləyəndə qəfil qarşısındakı maşın dayandı. C ona dəyməkdən zorla qurtulub, hirslə maşından düşdü. Elə bütün əsəbi ilə söyüşə keçmək istəyirdi ki, hər kəsin eşidə biləcəyi bir səs “ Körpüdə bir adam özünü atmaq istəyir” məsələni aydınlaşdırdı.

FHN-yə gələn zəng domino oynayanların kefini ortadan böldü. Yığışıb çıxsalar da, bu tıxacda körpüyə necə girəcəklərini bilmirdilər.

Körpünün altı, üstü bir anda çəyirtkə kimi polislə doldu. Yurdsuz gündüzdən bələdlədiyi yerə uzaqdan baxıb ah çəkdi. Sonra özünü öldürmək istəyənin cəsarətindən bir azca özü üçün arzuladı. Miskin cismindən, vərəmli ciyərlərindən ayrılmaq on ağır gəlirdi. “Ən azından it kimi ortalıqda ölməkdənsə, adam özünü gedib dənizə atar.”-özü-ozünə donquldanaraq ah çəkdi. Intihar edənin cəsarətinə həsəd apara-apara dünən gecəlidiyi zibilliyə döndü.

Tıxacda qalmışdılar. A dayanmadan ərinin əlini sıxır və gözləri hədəqəsindən çıxana qədər çığırmamaq üçün müqavimət göstərirdi. Körpüdə hərəkət dursa da bətnindəki çapalayaraq “dünya, dünya” deyərək son sərhəddləri də zorlayırdı.

Uşaq qızdırmadan sayıqladıqca başlarını itirirdilər. Nəhayət tıxacdan qurtulmağın qeyri-mümkün olduğunu anlayıb maşından düşdülər. Piyada körpünü keçməyə cəhd etsələr də, az sonra qarşılarını bu dəfə polislər kəsdi.

Avtobusun sərnişinləri qulaqdan qulağa eşitdikləri intihar xəbərinə müxtəlif reaksiyalar verdilər. Kimiləri günahı dövlətdə, kimiləri hökumətdə, kimiləri zəmanədə, kimi ləridə adamın özündə günah axtardııar. Şair Q qoltuğuna vurdugu kitabların birinin arxa səhifəsini çevirib elə oradaca “Güzəran” şeirini yazdı.

Tıxacda ürəyi sıxılan gənc avtomobilindən düşərək azca irəlilədi. Buradan körpünün tam pik yerinə dırmaşıb intihar etmək istəyən görünürdü. Son modelli telefonun çıxarıb çəkməyə başladı. Arada “Bu axmaq özünü atsaydı, full olardı”- deyərək ağzındakı saqqızını yerə tüpürməyi də unutmadı.

Polislərin qaynaşdığı məntəqədən beş maşın o tərəfə təcili yardım maşının ilə tıxacda qalmış orqan alverçiləri nəfəsləri kəsilmiş halda inanmadıqları Allaha dua edirdilər.Onlar ələ kecməkdən daha çox ,aid olduqları təşkilatdan qorxurdular.

Ə avtobusdan düşüb pencəyini yerə atıb namazına başladı. Körpünün dəmirlərinin üzərinə dırmaşıb uzaqdan da olsa intihar etmək istəyəni görmək istəyən gənclər, orta yaşlılar onun namaz qılmasına bir anlığıa baxıb sonra unutdular. İndi maraqları Allahdan onlara daha yaxın idi .

Saunada çin masajının zövqünü maşında yayxanaraq çıxaran deputat körpünun bağlı olduğu məlumatını alan kimi sürücüsündən yolu dəyişib başqa bir istiqamətdə sürməsini istədi. Gecəsini belə ürəkbulandırıcı xəbərlə korlamaq istəmədi.

Körpünün altında təyin edilmiş görüş təxirə salındı. Axşamın soyuğunda bəxtinə söyə-söyə gələn eskort cibindəki qəpik-quruşa baxıb metroya endi. Paltosunu son düyməsinə qədər bağlasa da, gözlərinə çəkdiyi ərəb sürməsi onu ələ verdi. Gecəsini korlayan intihar edənə bir küçə söyüşü ünvanlayıb ilk gözünə kəsdirdiyi adamla getdi.

FHN işçiləri brezenti açıb hazır durmuşdular.

Tıxacda ürəyi bulanıb başı ağrıyan körpunun bir küncündə qusurdu.

Yurdsuz zibillikdən itləri qovub özünə yumuşaq yer düzəldirdi.

Hamilə qadın taksi sürücüsünün etirazları altında elə orada doğmağa başladı.

Qızdırmalı uşağa gözucu nəzər salan polis onları körpüdən buraxdı. Onlar qaçaraq oradan uzaqlaşmağa başladılar.

Şair “Guzəran” şeirinin son bəndini də yazıb, altından tarixini və “körpüdə” sözlərini də yazmağı unutmadı.

E dolaşdığı bütün çat və sosial şəbəkələrdə videonu və statusları paylaşıb te-tez içini çəkərək “At özünü! At özünü ! Bu gecə mən “like vəhşisi” olum qaqa” deyərək özünü haykırmaqdan zorla saxlayırdı.

Orqan alverçilərindən biri həyəcanı azaltmaq üçün” Səy. Mən onun yerinə olsaydım bir iki orqanımı satıb, sonra özümü öldürərdim. Heç olmasa qəbir pulunu edərdi , axmaq” deyərək irişdi. Digəri isə “ Görəsən böyrəkləri salamatdı?!” –deyə onun sözlərinə qüvvət verdi.

“Allahu əkbər” deyib səcdədən başını qaldıran ağsaqqal arxasında onlarla insanın namaz qıldığını görüb yenidən şükür səcdəsinə getdi.

Evinə girəndə qucağına qaçan nəvəsini öpən deputat on il sonra onun da, o körpüdə intihar edəcəyindən xəbərsiz halda arvadına “Hansısa başdanxarab milləti əsir etdi. Guya özünü öldürəcək kişi.Özünü öldürmək istəyirsən ,cəhənnəm ol get böğazına bir kəndir keçirt, yoxsa nəhəng bir körpünü bağla” deyə bütün nifrəti ilə dilləndi.

Eskort xanım bütün həftənin uğursuzluğu və pulsuzluğunun acıgını bir barda çıxarırdı. Hesabı kimin ödəcəyi onun vecinə deyildi.

Maşından ucalan “ay ana” səsi ilə körpünün üstündən özünü yerə atan gəncin səsi bir bir-birinə qarışdı. FHN iççilərinin açdığı brezentdən 1 metr o tərəfə düşən gəncin dağılmış beynini və qanını yuyub təmizləmək 15 dəqiqə vaxt aldı. Maşında dünyaya gətirdiyi körpəni qucağına alan ana körpüdə hərəkət bərpa olunan kimi xəstəxanaya yollandı. Artıq zülmət şəhərin işıqlarına fikir vermədən bütün qüvvəsi ilə çökürdü. Ortaq şəhər hər kəsi öz qoynuna alaraq yuxuya getmək istəyirdi. Yavvaş-yavaş tələsmədən.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə