Son xəbərlər

 

Mənzər Niyarlı

Həmin gecə

Xocalının şəhid uşaqlarına

 

Söyüdlü kəndi də mühasirədəydi. Kəndin başı papaqlıları Söyüdlüdən arvad-uşağını çıxartsalar da, özləri nadir hallarda döyüş bölgələrdən gəlib hərdən evlərinə baş çəkirdilər. Beş-altı evin bacasından tüstü çıxırdı. İki aydan çox idi ki, mühasirədə qalan kənd tez-tez qrad qurğulu toplardan atəşə tutulurdu. Bu gün nədənsə sakitlik idi. Elə bu sakitlik də Bənövşəni qorxudurdu. Ürəyinə nəsə dammışdı. Ucuna-ucuna gəzirdi. Onsuz da ərinin meyiti qapıya gətirilən gündən havalı kimi gəzirdi. Könüllü sərhəd bölgələrində əsgərlərə qoşulan Kərəm bir il idi ki, döyüşdə həlak olmuşdu. O gündən Bənövşənin üzü gülməsə də yetim qalmış üç uşağını qanadının altına alıb pis-yaxşı böyüdürdü.

Gecə kənd yenidən atəşə tutuldu, ancaq bu gecəki atəş o biri atəşlərə oxşamırdı. Bənövşənin uşaqları Arazla Həcər elə paltarlı-paltarlı yerdəcə salınmış döşəklərin üstündə yatırdılar. Ocağın kərməsi qurtarmışdı. Ev get-gedə soyuyurdu. Bənövşə qucağındakı körpəsini bir təhər yatızdırıb yerinə saldı. Ağlı çox şeyi kəsən Araz tez-tez ayılır, çölü, atışma səsini dinləyir, anasının üzündəki vahiməni görüb xoflanırdı. Qız vaxtlarından qorxu-hürkü bilməyən, boylu-buxunlu Bənövşənin qabağında heç kəs dura bilməzdi. Bu qadını qorxudan balaca tifilləri idi. Onları vəhşi ermənilərdən qoruya biləcəkdimi? Arazın yuxusu tamam qaçdı. Yerin içində oturub: - Nənə, - dedi, - nəyşə yatmırsan?

Söyüdlüdə uşaqların çoxu analarına nənə deyirdi.

* İndi yatacam, sən yat.

* Yuxum gəlmir axı. İt hürür ey. Görən, kimin itidir?

Səhərdən səksəkəli halda gəzən Bənövşənin rəngi lap ağardı. “Birdən qansızlar kəndə girər ha!... “Araz döyükə-döyükə pəncərədən boylandı. Bənövşə: - Səhər açılsaydı... – dedi, – gedib Tanrıverdi əmiyə deyərdim bizim də köçümüzə kömək eləyərdi. Çıxardıq kənddən. Meşədən gedən yol, deyillər, açıqdı.

* Atışma səsi Xocalı tərəfdən gəlir, nənə.

* Kaş kəsəydi. “Qansızlar qana yerikləyirlər, təzədən qan tökməsələr yaxşı”dı.

Bənövşə öz-özünə pıçıldadı. Kənddən uzaqlarda atışma səsinə qapını açıb həyətə sarı boylandı. Dan yeri yavaş-yavaş sökülür, uzaqdan işıq seli qaranlığı yarırdı. Hava açılırdı. Maşın səsi lap yaxından eşidildi. Bənövşə hövlnak eyvana çıxdı. Damın dirəyinə keçirtdiyi iti bıçağı götürüb qalıncasının altında gizlətdi. Döyüşdə həlak olan əri bu bıçaqla qonaq-qara gələndə heyvan kəsərdi. Evə keçəndə qarmaqarışıq uğultular lap aydın eşidildi. Balaca Leyla oyanmışdı. Araz bacısını qucağına götürüb gəzdirsə də qız ovunmur, qıyya çəkib ağlayır, anasını istəyirdi, deyəsən acımışdı. Bənövşə sinəsini açıb uşağı əmizdirdi. Leyla qarnı doyandan sonra sakitləşdi. Anasının döşünün giləsini ağzından çıxardıb qığıldamağa başladı. Bənövşəninsə vahimə qarışıq qorxu hissi bütün vücudunu bürümüşdü. Üzünü oğluna sarı çevirdi. Arazın qanı qaçmış dodaqları, ağarmış bənizi gözündən yayınmadı: - Araz, bala, - dedi, - sənə nə demişəm, yadında saxla ha, işdi-şayətdi o qansızlar, o vəhşilər kəndə girsələr bacını da götürüb tövləyə qaçarsan...! Tövləyə!

- Bilirəm, nənə, demisən.– Həyətdə ki qazma daxmanın qapısı kol-kosla örtüldüyü üçün yerin altı qazıldığı hiss olunmurdu. Heç kəsin ağlına gəlməzdi ki, bura daxma ola bilər. Yayda qış azuqələrini burada saxlayırdılar - Bacından muğayat ol, bacını sənə tapşırıram. Onu o dinsizlərin əlinə vermə: - Bənövşə ayağa qalxdı. – Gedim inəyi sağım. İndi qayıdıram. Uşağı yerə qoymaq istədi. Balaca Leyla anasının yaxasından yapışıb buraxmırdı, qarnı doysa da təzədən ağlayır, qucaq istəyirdi.

Bənövşə məcbur olub qalıncasını açdı, uşağı belinə səriyib bıçağı yenidən qalıncasının altına keçirtdi. Sonra evin küncündə hazır qoyduğu mis sərinci götürüb evdən çıxdı. Uşaq belində inəyi sağdı. Buzovu inəyin altına salıb yerindən qalxanda gözü təpədən düşən on – on beş adamın qaraltısını aldı. Get-gedə qaraltılar darvazaya yaxınlaşırdı. Onlar Bənövşəni əlində sərinc müqəvva kimi dayandığını gördülər. Demək bu həyətin adamları köçməmişdi. Arxadan gələn yük maşının uğultusu eşidildi. Bənövşə ucuna-ucuna özünü evə saldı. Onu görməsəydilər uşaqlarıyla birgə o da özünü tövləyə sala bilərdi. İndi isə gec idi. Gizlənsəydi ev-eşiyi, həyət-bacanı ələk-vələk eləyib

uşaqları da tapacaqdılar. Araz həyətə doluşan erməniləri görüb bacısını oyatmışdı. İkisi də bir-birinə sıxılmış halda anasına baxırdı.

* Tez, bala, qaçın tövləyə! – Bənövşə cəld evin arxa pəncərəsini açıb

uşaqları bir-bir həyətə saldı.

* Nənə, bəs sən? Bəs sən?! – Arazın səsi öz səsinə oxşamırdı: - Anasının

qolundan tutub buraxmırdı, yalvarırdı ki, o da gizlənsin.

* Burax qolumu! Burax, Araz! Tövləyə! Tövləyə qaçın! Çıxmayın ordan!

Bənövşəni ağlamaq tutdu. Son dəfə Həcərlə Arazın arxasınca baxdı. – Həcəri sənə tapşırıram, Araz, – dedi. – Bənövşə izi azdırmaq üçün pəncərəni çəkib örtəndə həyətdə erməni dilində danışıq səslərini eşitdi. İstədi uşağı belindən açıb evdə yükün dalında gizlətsin. Artıq gec idi. Saqqallılardan biri evə girdi. – Küçük! Hara qaçıp gizlənirsən? – Bənövşə kürəyində uşaq geri çəkildi. Saqqalı Bənövşənin al yanaqlarını, gözəl üzünü sanki indi gördü. Yaxınlaşıb qadının yaxasına əl atdı. Bənövşənin üzündə bayaqkı qorxu, vahimə çəkilmişdi. Qəzəb qarışıq kin, nifrət üzünü bürüdü. Bu alçaqlar düşmən olmaqla yanaşı, həm də ərinin qatilləri idi.

* Yaxın gəlmə, əclaf!

* Puf, it kızı. Sizin kökünüzü kəsəcəyik.

Bənövşə qapıya sarı boylandı.

- Sənə dedim yaxın gəlmə!- Bənövşə əlini qalınçasının altında gizlətdiyi bıçaqda

gəzdirdi: - Yaxın gəlmə!..

* Xox, qorxduq türk arvadından, hanı kişin? Üzümə bax... Qaçıp. Sizi niyə tək

qoyup?

Saqqallı tüklü əllərini uzadıb Bənövşənin çənəsindən yapışdı. Üzünü qadının lap üzünə yaxınlaşdırdı. Bənövşənin əli yenə də bıçaqda gəzdi: - Çəkil, köpək oğlu. Sizin arvadlardan döyüləm kişilərin üzünə irişəm.

Saqqallı pis bir söyüş söydü, sonra bədheybət kişidən qorxaraq anasının çiyinlərindən yapışıb ağlayan uşağa əl atdı. Kobudcasına uşağı anasının kürəyindən- qalınçasının altından çəkib çıxartdı.

* Balamı ver, ay nakişi, - Bənövşə qışqırdı. – Onun nə taxsırı var?! Ver balamı!

Bənövşə bir an elə bil saqqallının niyyətini başa düşüb qıy çəkdi. – Ay Allah − Uşağı kişinin əlindən almaq istədi. Saqqallı uşağın qundağından yapışıb var gücüylə evin küncünə atdı. Körpəni atmağıyla onun səsinin kəsilməyi bir oldu. Görünür, uşağın başı qapının ağzındakı hananın dirəyinə dəymişdi. Bənövşə bəxtəvər vaxtlarında bu hanada evi üçün xalça toxuyardı.

* Can bala!

Bənövşə özünü uşağına sarı atmaq istədi. Lakin saqqallı buna imkan vermədi və qadının arxadan hörüklərindən yapışıb özünə tərəf çəkdi. Ərinin ölümündən sonra havalı kimi gəzən, özünü-sözünü bilməyən Bənövşə çevrilib bir an kişiyə nəzər saldı və özü də bilmədən bıçağı qalınçasının altından çıxartdı. Sonra geri çəkilib qəfildən kişiyə yaxınlaşdı və əlindəki bıçağı saqqallının gözünə soxdu və dəlicəsinə uşağına sarı atıldı. Elə bu vaxt içəri girən qana susamışlar Bənövşəni itələyib həyətə saldılar. Araz bacısıyla qapısı kol-kos basmış tövlədəydi. Titrəyə-titrəyə saqqallıların səsinə qulaq asır, anasının onların əhatəsində əl-qol ata-ata qışqırdığını eşidir və ikisi də göz yaşlarını boğa-boğa səssiz-səssiz ağlayırdı. Araz bir istədi bacısını tövlədə qoyub anasının yanına qaçsın. Ancaq anasının tapşırığı yadına düşdü: - “Bacını ermənilərin əlinə vermə, Araz. Həcəri it südü əmənlər aparsa neylərik, Araz? Bacını sənə tapşırıram”. Bacı-qardaş ikisi də bir-birilərinə sıxılmışdılar.

Analarına həyətdə işgəncə verilirdi, ana qıy çəkirdi, çabalayırdı. Araz onların danışıqlarını başa düşməsə də adda-budda erməni ləhcəsiylə azərbaycan sözləri də qulağına çatırdı. Demək, evlərini yandırmaq istəyirdilər. Sonra evlərinin dörd tərəfini bürüyən yanıq iyi burnuna dəydi. Həcər qardaşına sıxıldı: - Evimizi yandırırlar, qağa?

Evdəki qiymətli şeylər - xalça, palaz çıxarılmışdı. Çəpərdən, evdən qalxan alovun dilimləri get-gedə artırdı. Sonra saqqallılardan biri həyətin ortasında əl-qolu bağlanmış Bənövşənin üstünə benzin töküb ləzzətlə hırıldadı və kibriti qadının üstünə atdı.

Tövlənin kol-kos basmış qapısının deşiyindən həyət güclə görünürdü. Həcər deşikdən çölə baxdısa da həyətin ortasında alovdan savayı heç nə görmədi: - Orda nə yanır elə, qağa?

Araz key-key Həcərə baxıb qışqırdı və hönkürərək bacısının gözünü tutdu.

 

xxx

Bir azdan kənd sükuta qərq oldu. Nə ermənilərin səsi, nə maşın uğultusu, nə də qarət olunan mal-qaranın, qoyun-quzuların səsi eşidilirdi. Kəndin bir neçə evində yanan ocağın da közü sönmüşdü. Əsir aparılanlar aparılmış, yandırılanlar yanmışdı. Kənddə ins-cins görünmürdü. Görünür, kəndin yeganə sakinləri bu bacı-qardaş idi. Analarını görmək ümidi ilə tövlədən çıxanda gördükləri Bənövşənin yanmış ətəyi, bir də yanıb külə dönmüş evlərinin küncündə körpə bacılarının yanğından təsadüfən salamat qalmış cəsədi idi. Araz ağlaya-ağlaya göm-göy göyərmiş bacısını qucağına götürüb tövlənin qapısının yanına gətirdi və uşağın qundağını açıb üzünə çəkdi.

Bacı-qardaş təklikdən xoflansalar da gecəni tövlədə keçirtdilər. İkinci gün maşın səsi eşidildi. Əsgərlər idi. Sərhəd kəndlərində əlsiz-ayaqsızlar düşmən əlinə keçməsin deyə köməyə gəlmişdilər. Yolun qırağında oturub döyükə-döyükə ora-bura baxan Həcər maşını görüb evlərinə sarı qaçdı. Maşındakılardan biri azərbaycan dilində - Qorxma, qızım, - dedi,- gəl min maşına.

Həcər hürkə-hürkə dayanıb əsgərlərə baxdı.

Qızı qaldırıb maşına qoydular. Həcər maşının tərpəndiyini görüb ağlayır və əlini evlərinə sarı uzadırdı. Əsgərlər qızı sakitləşdirmək istəsələr də Həcər ovunmaq bilmirdi. Sonra qızcığazın hıçqıra-hıçqıra dediyi sözləri güclə ayırd etdilər.

* Qağam, qağam qalıb orda!

Əsgərlərdən biri kabinəni döyəclədi: - Saxla!

Sürücü maşını əylədi.

* Nolub?

* Kənddə uşaq qalıb. Geri sür.

* Nə bilirsən?

* Sənə dedim geri sür!

Maşını geri döndərdilər. Uzaqdan yanmış evlərin sütunları qaralırdı. Evə yaxınlaşdılar. Əsgərlərdən ikisi Həcəri düşürüb həyətə girdilər. Qız əsgərləri evin arxasına apardı. Doqquz yaşlı Araz tövlənin yanında yumşaq yer tapıb qan-tər içində bacısına qəbir qazırdı. Qəbir yarıya qədər qazılmışdı. Əsgərləri ağlamaq tutdu. Yavaşca

Arazın qolundan tutub onu qəbirin yanından uzaqlaşdırdılar. Sonra balaca Leylanın meyitini qucaqlarına götürüb qəbirə saldılar və üstünü torpaqladılar.

Həmin gün əsgərlər yetim qalmış bu bacı-qardaşı kənddən çıxartdılar. Buz kimi soyuq çadır şəhərciyi onların yolunu gözləyirdi.

Yandırılmış, talan edilmiş doğma kəndləri, yəqin ki, onların uşaq yaddaşından heç zaman silinməyəcək. Bu ikicə günün ərzində görüb yaşadıqları vəhşiliklərdən onların körpə gözlərinə adamı sarsıdan vahimə, bir də nifrət hissi çökmüşdü.

Əhvalatın sonu:

Qarabağ müharibəsində yeganə ciyərparasını – Azərini itirmiş ağbirçək bir ana var. Nizami adına Ədəbiyyat İnstitutunun alimi Şövkət Şuşalı. Bu ana həmin uşaqları çadır şəhərciyindən götürüb öz qanadı altına aldı. Ana üçün çox çətin idi. Amma ana ürəyi onu geri çəkilməyə qoymadı. İnanırdı ki, anasının, Azərin, vəhşi ermənilərin gülləsinə tuş gələn insanların intiqamını alanlardan biri də Araz olacaq.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə