Son xəbərlər

 

Şəhanə Müşfiq qızı

Uzandığı çarpayı ilə üzbəüz asılmış saata baxdı. Saat 13:25-i göstərirdi. Deməli, məktəbdə dərs başlanmışdı...

 

Artıq dörd gün idi ki, müəllim işlədiyi məktəbə getmirdi. Ümumiyyətlə, xəstəliyini eşidəndən evdən çıxmaq istəmirdi. Sanki gözləmədiyi vaxtda başının üstünü alan bu xəstəlik onu həyata küsdürmüşdü. Bütün gün evdə tək-tənha bədənindəki ağrılarla mübarizə aparmağa çalışırdı. Bu tənha günlərində daha çox anlamışdı 43 illik ömrünü boşuna yaşadığını...

Cəvahir ata-ananın bircə qızı idi. Lakin hələ dünyaya gəlməmişdən fələk ona ağır bir sınaq hazırlamışdı. Onun həm anası, həm də atası lal-kar idi. Allahın möcüzəsi kimi Cəvahir olduqca sağlam və qüsursuz dünyaya gəlmişdi. Təbii ki, körpə ikən heç bir şey anlamadığından valideynlərinin də bu vəziyyətindən xəbərsiz idi. Elə o özü də gec dil açmışdı. Çünki evdə heç kim danışmadığından körpənin qulaqları söz eşitməmişdi. Lakin anası onu tez-tez həyətə düşürər, parka gəzməyə aparardı. Məhz bu vaxtlarda uşaq insan səsi və danışığı eşidərdi, eşitdiyi sözləri əzbərləyib sonra güclə deməyə çalışardı. Beş-altı yaşında ikən Cəvahir anası ilə atasının eşitmədiyini və danışa bilmədiyini anlamağa başladı. Valideynləri ilə əlaqə qurmaq üçün o, onların "dilini" də asanlıqla öyrəndi. Artıq o da anası və atası ilə əl hərəkətlərinin sayəsində "danışa" bilirdi. Ancaq bu vəziyyət Cəvahirin təhsil həyatına mane olmadı. Çünki valideynləri qızlarını oxuda bilmək üçün heç bir çətinlikdən qaçmırdılar və qızlarını da bu ruhda tərbiyə etmişdilər.

Ta uşaqlığından Cəvahir müəllimlik peşəsini çox sevərdi. Ona "gələcəkdə kim olacaqsan?" sualı verildikdə belə həmişə "müəllim" cavabını verərdi. Məktəbi qurtararkən isə ibtidai sinif müəllimi olmaq qərarına gəlmişdi. Bunun üçün də məzun olduqdan sonra sənədlərini Azərbaycan Dövlət Müəllimlər İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsinə verdi və qəbul oldu. Bu illərdə Cəvahirin vəziyyəti biraz da çətinləşdi. Cəvahir ikinci kursu bitirərkən anası ürək xəstəliyinə tutuldu. Onsuz da çətinliklə dolanan ailənin vəziyyəti anasının müalicəsinə görə daha da çətinləşdi. Maddi ehtiyacları ödəyə bilmək üçün Cəvahir təhsil aldığı məktəbdə katibə kimi işə girdi. Ali təhsilini başa vurduqdan sonra da elə həmin məktəbdə ibtidai sinif müəlliməsi işləməyə başladı. İşini çox sevirdi, uşaqlarla təmasda olmaq, onlara nəsə öyrədə bilmək bütün qayğılarını unutdururdu ona...

Beləcə illər bir-birini əvəz edirdi. Bu illərdə çox evlilik təklifləri alsa da, çox elçilər qapılarını döysə də, Cəvahir hamını geri qaytarmış, onunla ailə həyatı qurmaq istəyən hər kəsə yox cavabını vermişdi. Anasının xəstəliyinin ağırlaşması, atasının köməksiz vəziyyəti, ailəsinin onun baxımına ehtiyac duyması Cəvahiri qəti bir qərar almağa məcbur etmişdi: heç zaman evlənməyəcək və valideynlərini yalnız qoymayacaq. Bu qərarına sona qədər sadiq oldu Cəvahir. Zaman-zaman ürəyinə yatan, ailə qura biləcəyi şəxslər olsa da, o, ailəsindən ayrılmağı ağlına belə gətirməmişdi. Otuz yaşına çatanda anası uzun sürən xəstəliklə mübarizəyə dözə bilmədi və vəfat etdi. Cəvahir atası ilə yalnız qaldı. Bundan sonrakı həyatını isə qayğıya möhtac atasına həsr etdi və iki il qabaq atasını da itirdi.

Valideynlərinin ölümündən sonra Cəvahir bu geniş dünyada tamamilə tənha qaldı. Bu təhna zamanlarında bəzən ailə qurmadığı, övlad sahibi olmadığı üçün gizli peşmançılıq hissi keçirsə də, tənhalığın kədərini işi və şagirdləri ilə ovundurmağa çalışırdı. Heç zaman ana olmasa da, dərs dediyi şagirdləri hər zaman öz övladı bilmiş, onlara müəllimdən əlavə bir ana məhəbbəti ilə də yanaşmışdı. Ona görə də dərs dediyi məktəbdə və ətraf ərazilərdə ən yaxşı müəllimlərdən biri kimi tanınmışdı. Hər bir valideyn öz övladının məhz onun dərs dediyi sinifdə oxumasını istəyirdi. Bütün bunlara görə o öz tənhalığını elə də çox hiss etmirdi...

Lakin hər şey düz dörd gün öncə-bu amansız xəstəliyini öyrəndiyi gün dəyişdi...

Uzun müddət ağrılardan əziyyət çəksə də, həkimə müraciət etməyi düşünməmişdi. Ancaq bir həftə qabaq təsadüfən işdə ağrıları tutarkən iş yoldaşı da yanında idi və ona mütləq həkimə getməyi məsləhət gördü. Biraz da qohumda, qonşuda bu cür ağrılardan əziyyət çəkib, sonda ağır xəstəliyi olduğunu öyrənən insanlardan danışıb onu qorxuya salmışdı. Buna görə də həkimə gedib müəyyən yoxlamalardan keçmiş və analizlər vermişdi. Dörd gün qabaq isə analizin cavabını bilmək üçün gedəndə həkimdən bu qorxunc xəbəri eşitmişdi. Lakin həkim ona ruhdan düşməməyi məsləhət görmüş və bu xəstəliyə tutulduqdan sonra müalicə olunub sağalan, yenidən normal həyata dönən insanlardan danışmışdı...

Xəstəliyini öyrəndikdən sonra bütün dünyayla əlaqəsini kəsən Cəvahir məktəbə də getmirdi. Vəziyyətini ancaq məktəbin direktoru Zeynəb müəlliməyə danışmışdı. Zeynəb müəllimə köməyini, dəstəyini təklif etsə də, Cəvahir qəti etiraz etmiş və bunu heç kimə bildirməməsini xahiş etmişdi.

İndi isə çarpayıda uzanıb öz həyatı, uşaqlığı, valideynləri və tənhalığı haqda düşünürdü. Dörd gündür xəstə yatağında yatmağına baxmayaraq, qapısını açacaq, onunla maraqlanacaq heç kim yox idi. Nə bacısı, nə qardaşı, nə yoldaşı, nə də övladı yox idi ki, ona dəstək olsun, bu ağır günlərində varlığı ilə onu həyata bağlasın. Məhz bu düşüncələrlə həyata olan inamını, yaşamaq həvəsini itirmişdi. Elə bu günlərdə ailə qurmadığı, övlad sahibi olmadığı üçün daha çox peşmançılıq keçirir, onun varlığına ehtiyacı olan heç kimin olmadığını düşünürdü:

-Vaxtında ailə qurmadım, ömrümü valideynlərimə həsr etdim. İndi isə tək, tənha, gözlərdən uzaq bu evin içərisində ölüb gedəcəm, heç kimin xəbəri belə olmayacaq. Niyə də yaşamalıyam axı, kimin üçün, nəyin üçün yaşamalıyam? Mənim həyatda olub, olmamağım kimin üçün fərq edəcək?!

Belə düşüncələrdəykən şagirdləri düşdü yadına. Bu il üçüncü sinifə keçmişdi şagirdləri. Artıq üçüncü il idi ki, onlarla birlikdə idi. İyirmi illik müəllimlik həyatında ən çox sevindiyi hadisə dörd il dərs dediyi, sinif rəhbəri olduğu şagirdlərini məzun kimi görmək idi. Üç il öncə sinif rəhbəri olduğu şagirdləri də məhz bu arzu, bu ümidlə qarşılamışdı. Lakin amansız fələk onun bu ümidini soldurmuşdu, bu arzusunu gözündə qoymuşdu. Sinfində iyirmi beş şagird var idi, onlardan on üçü qız, on ikisi isə oğlan idi. Onların arasında yaxşı oxuyanı da, tənbəli də, tərbiyəlisi də, dəcəli də vardı. Hərdən əsəbləşdiyi günlər də olurdu onlara, lakin bunlara baxmayaraq, bütün şagirdlərini öz balası kimi çox sev

ərdi. Ancaq şagirdləri arasında biri vardı ki, onu ən çox əsəbləşdirən, ən dəcəl və sözəbaxmayan məhz o idi. Samir adlı bu uşağın yaşının azlığına baxmayaraq, çoxbilmişliyi, tənbəlliyi və davakarlığına görə Cəvahir tez-tez digər müəllimlərdən şikayətlər eşidirdi. Hətta iki dəfə məktəbin pəncərəsini sındırdığına görə direktor onu qovmaq istəmişdisə də, Cəvahir buna imkan verməmişdi. Hətta məktəbdən çıxdığı son gün də Samirin dəcəlliyinə çox əsəbləşmiş, onu çox danlamışdı. İndi isə ən çox bunun peşmançılığını yaşıyır, şagirdiylə sərt danışdığına görə özü özünü danlayırdı.

Bu düşüncələrdəykən birdən qapı döyüldü. Əvvəlcə qapını açmaq istəmədi. Son dörd gündə həyatdan o qədər soyumuşdu ki, elə bil iyirmi yaş qocalmışdı. Heç kimin onu bu cür görməsini istəmirdi. Ancaq qapı təkidlə döyülməkdə davam edirdi. Gələn kim idisə, deyəsən getmək fikri yox idi. Çətinliklə yerindən qalxıb qapıya tərəf getdi. Qapını açanda gözlərinə inanmadı. Öndə əlində bir dəstə gül tutmuş direktor, arxada isə şagirdləri dayanmışdı. Onların gəlişini gözləmədiyi üçün bir anlıq duruxdu, nə deyəcəyini bilmədi. Ancaq qəlbini elə bir sevinc bürümüşdü ki, sanki qapıda şagirdləri deyil, bütün dünya dayanmışdı.

Qapını açıb qonaqları evə dəvət etdi. Zeynəb müəllimə əlindəki gülləri ona verib dedi:

-İnciməyin, Cəvahir müəllimə, bu dar gününüzdə sizi yalnız qoya bilməzdik. Ona görə də şagirdlərinizlə birgə sizi görməyə gəldik. Həm də uşaqlar sizin xəstə olduğunuzu eşidib çox narahat oldular. Ona görə də özlərini gətirdim ki, öz gözləri ilə sizi görüb rahat olsunlar.

Cəvahir də uşaqların təlaşlı üzlərini görüb onları rahatlatmaq üçün gülümsədi:

-Əlbəttə, yaxşı eləmisiniz, xoş gəlmisiniz. Siz də uşaqlar, narahat olmayın, görürsünüz ki, yaxşıyam, sadəcə bir az xəstələnib müəlliməniz.

Bu vaxt uşaqların arasında ən arxada dayanmış Samir sakitcə gəlib Cəvahirin əlindən tutdu. Yaş dolmuş gözlərini uzun müddət onun üzündən çəkməyib, nəhayət, kövrək səslə dilləndi:

-Müəllimə, bilirəm, siz mənə görə xəstələnmisiniz. Mən sizi əsəbləşdirdim, siz də ona görə daha məktəbə gəlmirsiniz. Amma daha sizə söz verirəm, bir də heç vaxt sizi əsəbləşdirmərəm, təki siz məktəbə qayıdın, bizi qoyub getmiyin.

Cəvahirin gözlərində yaş gilələndi. Bu dünyada heç kimə gərək olmadığını düşünən müəllimə indi nə qədər gərəkli və lazımlı olduğunu başa düşmüşdü. Sən demə, ona da ehtiyacı olan kimsə varmış bu dünyada...

Artıq yaşamağa səbəbi vardı...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə