Ceyhun Musaoğlunun hekayəsi
 
1992-ci il. Martdı. İki günün qarı əsgər çəkmələrinin altında palçığa dönüb. Səhərdi. 60-cı il ədəbiyyatının hər əsərində 20 səhifəlik yazı ilə çıxardığı Günəş yoxdu. Artıq məlumdu, hələ 15 gün Ay da olmayacaq. 60-cı illər ədəbiyyatının batırdığı ay necə batıbsa, hələ çıxmır.
 
"Elə yaxşıda ki, ay çıxmır, olmayacaq”. Astranın kötüyünü iynədən çıxarıb atan əsgər deyir bu sözləri. Batalyonun ən yaşlı əsgəridi. Siqaretdən doymur. Siqaretin adını Vətən qoyub. Bir-birinə calayır. Deyir ki, vətəni söndürmək olmaz. Dodaqları yanmasın deyə, dırnaq boyda qalan Astraya iynə keçirir. Deyir ki, vətəni atmaq olmaz. Adama elə gəlir ki, o, siqareti heç vaxt atmır. Birinin oduna o birini necə yandırırsa, vətən onun dodaqlarında əbədi yaşayır.
 
Müharibə yoldaşları deyir ki, ondan yaxşı şair çıxardı. Özü isə ömründə bir dəfə də olsun şeir yazmayıb, heç şeir oxuduğu da olmayıb. O, nə yaza, nə də oxuya bilir.
16 yaşından ordudadı. Məktəbdə cəmi 5 il oturub. Ana ölüb, ata onu sözün əsl mənasında küçəyə atıb, bacısı doğulmayıb, qardaşı olmayıb. Yenə sağolsun Vətən, ona qalmağa səngər verib, yeməyə çörək, geyməyə paltar, özünü qorumağa silah.
 
Martdı. Fevralın 26-dan sonra gələn bütün günlər onlar üçün elə fevralın 26-sıdı. 5 gün qalıb. Bu gün, məhz bu gün 5 gün sonrakı günün qərarını verib, yerində daşa dönən zamanı hərəkətə gətirməlidirlər. Qisas günüdü. 60-cı illərin ədəbiyyatı "qisas” sözünü o qədər işlədib ki, 90-cı illər ədəbiyyatı əsl yeri də olsa, utanır təkrar söyləməyə.
 
Onlar da utanırlar. 24 əsgər. Kiçik blindaja sığınıblar. Bir-birilərini hara qədər desən tanıyırlar, bir-birilərini çox istəyirlər. Bir vaxtlar 240, 2400... olublar. İndi cəmi 24 nəfərdilər. Əməliyyata hazırlaşırlar. Adını "Qisas” qoymaq istəyiblər. Aralarında Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən biri var. Elçin. Bir əlində avtomatdı, o biri əlində kitab. Elə ki, əsgərlərimiz cəbhə boyu hansısa döyüşdə uduzur, cəmi bir cümlə deyir. 23 nəfər hansı cümləni eşidəcəklərini bilsə də, yenə sakitlik çökür. Qulaqalar Elçinin ağzına zillənib. Elçin deyir: "Milləti onun ədəbiyyatı formalaşdırır. Bizim ədəbiyyat ancaq köləliyi, qorxaqlığı təbliğ edib”.
 
Yoxxxx, o kölə deyil. Hə, onu deyirəm - vətəni Astra olanı. Yerində qurcuxur. Martın 5-di, qəfil ayağa durur. Martın 10-u üçün durur. Martın 10-u - o müqəddəs gün üçün durur.
Elxan "təbliğ edib” ifadəsinin istər-istəməz səsini almalı olur. Başqaları da ona baxır. Artıq ayaq üstədi. Avtomatının lüləsindən tutub. Özünü güllələyənə oxşamır və güllələməz də. Gör neçə vaxtdır bu gün üçün yaşayır. Bəlkə qundağını çarpayının dəmirlərinə çırpmaq istəyir?.. Onu da eləməz. Bəlkə siz deyəsiz, o neyləmək istəyir? Müharibədə olanlar danışsın. Belə vəziyyətdə döyüşçü neyləyər?.. Tapmadız. Heyf ki, şəhid olanlar eşitmir. Onlar bu sualın cavabını dəqiq bilirdi. Mən də şəhid olmadığım üçün deyə bilməyəcəm.
Elxan yaxınlaşıb onu qucaqlayır. Qulağına pıçıldayır: Bilirəm, "qisas” ən çox sevdiyin sözdü. Qoy sən deyən olsun. Əməliyyatın adını "Qisas” qoyuruq. Hamı bir ağızdan qışqırır – QİSAS.
 
Razılaşırlar. Əməliyyat barədə batalyona xəbər verməyəcəklər. Ümumiyyətlə, 24 nəfərdən başqa kimsə bunu bilməyəcək. Batalyonda artıq xeyli müddətdir ki, bütün döyüşləri "daz” ləqəbli qərargah rəisi idarə edir. Kapitandı. Deyirlər, anası erməni olub. Atasının ikinci arvadıdı. Kapitan ondandı. Özündən başqa iki qardaşı, bir bacısı var. Onlar isə birinci arvaddandı. Deyirlər ki, bacı və qardaşlar daz kapitanla bir dəfə də olsun görüşməyiblər. Deyirlər ki, belə bir qardaşları olduqlarından xəbərləri yoxdu. Bu deyilənlər boş şeydi. Əsas bilirsiz nə deyirlər? Deyirlər ki, kapitan bir neçə döyüşdə ermənilərə əməliyyat barədə əvvəldən xəbər verib. Sübut da var. Həmin döyüşlərdə bizimkilər tələyə düşüblər, ağır itki verərək geri çəkiliblər.
 Məntiqin sübutudu. Müharibədə isə məntiqə çürük qoz da vermirlər. Realda kapitanın satqınlığını göstərən sənəd yoxdu. Nə olsun, 24 əsgər daz kapitanın satqın olduğunu dəqiqləşdirib.
 
Vəssalam. Batalyona xəbər verilmir. Heç kimə... "Eşidirsiz, heç kimə...” - bu dəfə qışqıran başqa əsgərdi.
O, Bakıdandı. Yaşı ən az olandı - 26. Atası da var, anası da. Hələ üstəlik iki bacısı da. Utanıram da deməyə, nişanlısı da var. Öldürsəz də adını yazmayacam. Olmaz. Mentalitetə ziddi. Bu hekayəni xeyli adam oxuyacaq. Nişanlısının adını yazsam, əsgərimizin heysiyyətinə toxunaram. Axı o sağdı. Həm də... Xatirələr. Əsgərin meyitini görməmiş ölməyən xatirələr. Əsgərin bir düşməni var – xatirə. Bu düşmən, o düşməndən qabaq məhv edir 26 yaşlı nişanlı oğlanı.
 
Dostum Ceyhun Musaoğlundan eşitmişəm. Deyirdi: "Uşaqlığımın mülkü olan bağçanın dağıdılmış daşları arasında xatirələrimi axtarırdım. Tapdığım oyuncaq avtomat oldu. Əlimə götürən kimi, partladı. Ağır yaralandım. Ölmədiyim üçün bildim ki, xarabalıq yer fermaymış, ermənilər dağıdıb. Həmin avtomat isə altına sürpriz mina basdırılan silah olub. Fermanı bağça, avtomatı oyuncaq bildiyimdən faciə yaşadım. Onda anladım ki, müharibəyə yaddaşdakı xatirələrlə getməzlər”. 
 
Bakılı əsgər cəmi 5 aydır müharibədədi. Yoldaşları onun nisgilini anlayırlar. Hamıya siqaret lazımdı, ona kağız. Vətəni Astra olan əsgər siqaretin tütününü yarpağa büküb, kağızını dəfələrlə ona verib. Qələmi həmişə cibindədi. Səngər yoldaşlarının cibindən siqaret və patron çıxanda, ondan qələm və qələm çıxır. Kağız tapmaq göydə ay tapmaq qədər çətindi.
 
Axşamdı. Nişanlı oğlan posta çıxıb. Avtomatından qabaq qələmini götürüb. Kiteli həmişə əynindədi, avtomatı isə silah şkafında. Qələm kitelin cibindədi. Birinci qələmdi.
 
Səngərə çatan kimi, yazmağa başlayır. Siqaretin bir parça kağızında nə qədər yazmaq olarsa, o qədər yazır. Müəllifəm, mütləq baxmalıyam görüm nə yazır. Baxıram, heç nə görmürəm. Ay yoxdu, hər yer qaranlıqdı. İşıqlı alışqanlar da onda yox idi. Olsaydı belə, yandırmaq qadağandı. Düşmən snayperi gecələr işığa atır. Ancaq eşidirəm. Hamımız beləyik, sevgilimizə yazdığımızı göndərməmişdən əvvəl heç olmasa bir dəfə özümüz eşidəcək tonda oxuyuruq. Əsgərimiz oxuyur. Əvvəli yağ kimi gedir, sonuna yaxınlaşdıqca məni vahimə bürüyür.  Nişanlısına əməliyyat barədə yazıb. Gününü də, adını da... Saatını müəyyənləşdirməyiblər. Həmin gecə məlum olacaq. Dəhşət. Xatirələr. Yox. Axı, Ceyhun demişdi, "müharibəyə xatirələrlə getməzlər”. İndi neyləyim. Hansı əsərdə qəhrəmanlar müəllifi görüb?  Heç birində. Mümkün deyil. Ədəbiyyat müharibəyə uduzur. Gücüm çatmır. Bacarmıram. Nişanlı əsgərimizə necə başa salım ki, düz eləmir. Ədəbiyyat hələ bu müşkülü açmağı bacarmayıb. Gələcək faciənin şahidi oluram, qulaq şahidi.
 
Səhər açılır. Məktub batalyona, ordan da həftədə bir dəfə rayona gedən "zampolit” vasitəsi ilə poçta göndərilir. 3 gün sonra nişanlı xanım, nişanlısının qələmi tərəfindən özü də bilmədən nişana alınan və güllələnən xanım məktubu alır. O məktubu alan kimi güllələnir, qələmdən çıxan güllənin nə yarası olur, nə ağrısı. Eləcə məlum gün keçir və ölürsən. Oxuyur. Səsini boğa bilmir. Səsi ilə əlbəyaxaya çıxır. Xeyri yoxdu, uduzur. Qardaşı yan otaqdan bacısının səsini eşidir: "Qisas?.. Əməliyyat...”...
 
Nişanlı qızın qardaşı jurnalistdi. Bakıda tanınmış qəzetin müxbiridi. Qəzet populyarlığını durmadan artırır. Əsasən də cəbhə xəbərləri, qan-qırğın qəzetin səhifəsini qıpqırmızı edib. Qırmızı rəng uzaqdan görünür axı. Bir az da uzaqdan görünmək istəyirlər. Hündürdən, zirvədən... Jurnalistin əlinə imkan düşüb. Uça-uça gəlir qəzetə. Bacısının məktubunun məzmununu danışır. Baş redaktor sevindiyindən operator qızı 7-8 dəfə öpür. Üzr-filan da istəmir. Redaksiyanın ortasında atılıb-düşən baş redaktor qəfil dayanır. Peşəkardı axı. Tez tapşırıq verir. Batalyon komandirinin mövqeyini öyrənin. Batalyonun nömrəsini tapmaq çətin olmur. 1992-ci il elə dövr idi ki, nazirləri redaksiyalardan çıxarmaq olmurdu. Lap elə müdafiə nazirini. Baş redaktor müdafiə naziri ilə dostluq edirdi. Ondan  batalyonun nömrəsini alıb, özü zəng edir. Məlum olur ki, döyüşlər həmin daz kapitanın nəzarətindədi. Kapitan baş redaktoru dinləyir və əsl müharibə adamı kimi cavab verir:  "Biz bu barədə heç nə deyə bilmərik”.  Qəribədi ki, "belə xəbərləri yazmaq olmaz” tövsiyəsi dazın heç yerindən səslənmir. Baş redaktorun, "biz bu xəbəri yazacağıq” deməsinə, daz kapitanın cavabı belə olur: "Yazmaq sizin hüququnuzdu”. Yəni ki, yazın.
Martın 10-u. Populyar qəzetin manşeti: "Azərbaycan batalyonu düşmənin kəndinə girməyə hazırlaşır”. Heç kimdən səs çıxmır. 1992-ci ildi axı.
 
24 əsgərin də nə yazıdan xəbəri var, nə pozudan. Əməliyyatın vaxtını təyin ediblər. Gecə 11-30. Sanki qəzet cəmi bir nüsxə çıxıb, o da daz kapitan üçün. Kresloya yayxınıb, qapısı aralıdı. Qəzet yerə düşüb. Üz qabığındakı manşet hırıldayır. Hırıldamağından eyniylə daz kapitana oxşayır. Hər ikisi keçəldi. Heç birinin başında papağı yoxdu. Daz kapitan "ratsiya” ilə danışır: "...Saatını bilmirəm. Əsas günüdü...” Daha heç nə eşitmək istəmirəm. Cəhənnəm olsun ədəbiyyatın 60-ı da, 90-ı da. Xəbər vermək lazımdı. Təkcə mən bilirəm ki, o 24 nəfər  xəyanətin qurbanı olacaq. Saata baxıram, 11-di. Gecdi. 1992-ci ildi. Əl telefonu yoxdu. Heç nə yoxdu. Bircə müstəqillik var. Müstəqilliyin özü isə avara qalıb. Onunla eyni vəziyyətdəyik. Bəli, bu an. Elə indi. Yuxarı-aşağı qaçıram. Tapdım. Daz kapitanı öldürüm. Otağının qabağındayam. İçəri cumuram. Silahı stolun üstündədi. Əlimi atıram silaha dəymir. Üzərinə hücum edirəm... bu nədi belə, axı mən şillə atdım, havanı yarıb keçib, heç yerə toxunmayıb. Təpik də onun kimi. Qışqırıram: "Oğraş...”,  "Satqın...” Cındır...”...
 
Yanımda kimsə yoxdu. Kar, kor, lal olub hamı. Hanı hamı? Təkcə o lal və kor olub. O. Nişanlı oğlan. Həkimlər diaqnoz qoyub: "Ömürlük”.
Martın 10-dan təkcə o sağ qalıb. Həmin populyar qəzetdən oxuyuram. Manşetdi: "Bir batalyonun bir tağımı qətlə yetirildi”.
 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə