Son xəbərlər

 

 Tələbə rəssamlar molbert qarşısında rəsmlə məşğul idilər. Sinfin yuxarı başında müəllimin yaxınlığında gips büst qoyulmuşdu.Tələbələr onu sadə karandaşla çəkirdilər.   

 

   Tünd şabalıdı saçlı və saqqallı, 30-32 yaşlarında yaraşıqlı müəllim divar saatına baxıb dedi:

-      Hə, uşaqlar, vaxtımız bitdi.

 Tələbələr molbertlərinin üzünü müəllimə tərəf çevirib ayağa durdular, sonra bir-bir onunla sağollaşıb getdilər.

  Sinfin sağ küncündə, nisbətən arxada mövqe tutmuş tələbə qız müəllimin diqqətini cəlb etdi. Qız molbertin üzünü çevirməmişdi. Müəllim gülümsədi:”Görünür, işin öhdəsindən gələ bilməyib, utanır. Eybi yoxdur, öyrənər...öyrədərik”,- deyə fikirləşdi.

   - Yubanmayın, siz də gedin, Kseniya.

   - Oleq Platonoviç, olar sizdən bir söz soruşum?-deyə getməyə tələsməyən qız müəlliminə müraciət elədi.

     - Buyurun.

    - Özünüzü başqa bir sənətdə, peşədə görürsüz? Yəni ürəyinizdən keçir ki, rəssam, pedaqoq olmasaydız, daha nə ilə məşğul ola bilərdiz?

   Oleq Platonoviç gözlənilməz suala təəccüblənsə də, özünü o yerə qoymadı. Amma tələbəsinin pəjmürdə halı gözündən qaçmadı.Bununla belə, təmkinini pozmadı, bugünki məşğələnin nəticəsini də ondan tələb eləmədi.

     - Niyə soruşursuz ki, Kseniya?

    - Heç, elə-belə. Mənimçin maraqlıdır...Mən, məsələn, düşünürəm. Düşünürəm ki, rəssamlıqda oxumasaydım, yaxşı jurnalist ola bilərdim.

      Müəllim güldü:

-      Jurnalist.Özü də yaxşısından. Amma düz deyirsən, sual verməyi xoşlamağınızdan görürəm  ki, fərqli jurnalist çıxardı sizdən.

-      Siz gülürsüz, amma mən ciddi deyirəm. Məsələn, mən hər kəsi onun məşğuliyyəti dilində dindirərdim...

-      O necə olur ki?- Oleq Platonoviç gülməyinə ara verib ciddi tərzdə soruşdu. - “Məşğuliyyət dili” nə deməkdir?”

Qız elə bu məqamı gözləyirdi. Xeyli ürəklənib sözünə davam elədi:

   - Baxın, tutaq ki, redaksiyada işləyirəm və sizdən müsahibə götürmək tapşırığı almışam. Sizinlə telefonda razılaşırıq, gəlirəm yanınıza və deyirəm:”Hörmətli Oleq Platonoviç, siz nəinki tələbələrinizin sevimli müəllimisiz, həm də çox tanınmış , istedadlı rəssamsız. Olar ki, suallarıma cavabı da rəsm dilində verəsiz? Yəni sözlə yox, ştrixlərlə, cizgilərlə, həvəsiniz və vaxtınız varsa, rəsmlə”. Bir centlemen və tanınmış rəssam kimi heç kəs bu qeyri-adi təklifdən imtina etməyəcək. Həmçinin siz, Oleq Platonoviç. Siz də, şübhəsiz, razılaşacaqsız...

  - Tutaq ki. İndi fikriniz nədir?

  - Ona görə də elə bu saat sizdən qısa bir müsahibə götürmək istərdim...

  - Kseniya, Kseniya...

  -  Oleq Platonoviç?!- Qız boynunu büküb yalvarışla dolu, eyni zamanda vurğun gözlərini müəlliminin üzünə dikdi.

    - Oleq Platonoviç, cəmi üç-dörd kiçik sual. Deməli, cəmi üç-dörd cizgi. Sizin kimi həssas, hər şeyi şüşə kimi o üz-bu üz görən insan üçün bu, su içimi kimi bir şeydir.

  Müəllim naəlac qalıb çiyinlərini çəkdi:

     - Yaxşı, tez eləyin, vaxtım yoxdur, tələsirəm.

     - Birinci sual:”Əziz Oleq Platonoviç, doğum gününüzü sonralar - böyüyəndə necə təsəvvür edirdiniz?” Amma danışdığımız kimi, cavab cizgilərlə olmalıdır.

   Oleq Platonoviç iri kağızlardan birini götürüb molbertə bərkitdi, qalın qara karandaşla çəkməyə başladı. (Fonda qəmli matəm musiqisi səslənir.) Bu zaman Kseniya müəlliminə bir az yaxın gəlib durdu. Oleq Platonoviç kağızın üzərində cəld hərəkətlə işlədikcə qız onun üz-gözünü, boynunu vurğunluqla süzürdü. Çox keçmədi  müəllim kağızı çıxarıb tələbəsinə göstərdi. Kağızın yuxarı sağ küncündə “1953-cü il, 5 may” yazılmışdı. Tabutda uzadılmış Stalin Kremlin fonunda təsvir olunmuşdu. Kütlə onun cənazəsini  dəfnə aparırdı.

       - Hm, ikinci sual: ” Bu tarixdən təxminən doqquz-on il ötəndən sonra həyatınızın yaddaqalan ən önəmli hadisəsi nə olub”?

        Oleq Platonoviç ikinci kağızı molbertə qoydu. (İndi sinfə “Boni -M” qrupunun ifasında “Mani-mani” kimi tanınan mahnının sədaları yayılır.) Qız eyni məftunluqla müəllimini süzməkdə davam elədi. Birazdan cizgilər hazır oldu, qız 1961- ci ilin yeni pul əskinaslarına baxıb gülümsədi.

       “Bəs sonrakı on doqquz- iyirmi il ərzində, yəni keçən ilə kimi       həyatınızda önəmli nə baş verib”? – deyə qız soruşanda müəllim artıq yeni kağızı molbertə qoymuşdu. Qızın sualından dərhal sonra lal-dinməz işləməyə başladı. Bu sualın cavabını lap tez verdi, daha doğrusu, çəkdi. Kağızın sağ küncündə “Olimpiada-1980” yazılmışdı. (Kseniya başı ilə sualın cavabını qəbul etdiyini təsdiq edəndə 1980-ci il olimpiadasının bağlanış mərasimində   ayı balasının havaya ucduğu zaman səslənən musiqi sədaları kəsilir.)

   Qızın üzündə  qəribə ifadə vardı. Bilinmirdi o,sevinir, həyəcan keçirir, ya da nəsə gözləyir...həm də bir az tutulmuşdu.

   “Sualların bitdi”?- Müəllimin sualı dalğın qızı sanki silkələdi:

   - Yox...Yox, sonuncu sualım: ”Şəxsi həyatınızda hansı vacib işləriniz qalıb”?

       (Otağa həzin musiqi sədaları yayılır.) Oleq Platonoviç molbertə kağız qoya-qoya fikirləşirdi. İndi karandaş olan sağ əli də nisbətən ağır tərpənirdi. Qız isə həyəcanını artıq gizlədə bilmirdi, gah koftasının yaxasını ağzına salırdı, gah qolundakı saatı didişdirirdi, gah da saçının ucunu bururdu.Ürəyi bərk döyünürdü. Bu an ona elə gəldi ki, Oleq Platonoviç ürəyinin döyüntüsünü eşidə bilər. Odur ki, astaca bir az geri çəkildi. Sonra da ürəyində bu sadəlövhlüyünə güldü:”Kakaya je tı dura”!

    Müəllimin sualın cavabını çəkib bitirməyi qıza bir il qədər göründü.Oleq Platonoviç son sualın cavabını molbertdən çıxarmadı, onu yalnız qıza tərəf çevirib saxladı:

 - Mən getdim, “jurnalist qız”, - deyə gülümsəyən  Oleq Platonoviç qızın reaksiyasını gözləməyib onunla xudahafizləşdi və sinifdən çıxdı.

   Bir an donuxub qalan Kseniyanın məhəbbət dolu baxışları müəllimini qapıya qədər müşayiət elədi. Sonra bütün bu həngamənin sonuncu suala görə olduğunu xatırlayıb cəld molbertin üstünə cumdu, bərəlmiş gözlərini ona zillədi.   

   Molbertdəki kağızda məzar çəkilmişdi.Başdaşının üzərində “Tarasov Oleq Platonoviç” yazılmışdı. Kseniya sinə daşının üzərindəki nisbətən kiçik hərflərlə yazılmışları oxumağa başladı: ”Mən dünyadan məhəbbətlə gedirəm. Amma sevgim dünyaya yox, ALLAHA idi”.

     Göz yaşlarını saxlaya bilməyən Kseniya öz molbertinin yanına gəldi. Dərs zamanı çəkdiyi rəsmə baxdı. Amma gözləri yaşla dolduğundan sanki qatı dumana qərq olmuş rəsmi görə bilmədi. O, kağızı qoparıb dörd hissəyə böldü və döşəməyə atdı. Çantasını götürüb hıçqıra-hıçqıra qapıya tərəf qaçdı. Qapıda sinfə girən xadimə qadınla az qala toqquşacaqdı.

    Əynində tünd göy rəngli uzun xalat olan, əlində vedrə, döşəməyuyan ağac tutmuş orta yaşlı xadimə qadın Kseniyanın dalınca baxıb başını buladı. “Eh, cavanlar!..” deyib yır-yığışa başladı. Kseniyanın molberti yanında yerə düşmüş kağız parçalarını zibil doldurmaq üçün gətirdiyi iri selofan torbaya qoymaq istədi. Sonra maraqlanıb kağız parçalarını yan-yana düzdü və nə çəkildiyini anlamağa çalışdı. O, kağız parçalarını düzə-düzə mızıldanırdı:

     - Hm, bu, Oleq Platonoviç, bu da o gedən qız. Guya, onların nikah mərasimidir?

    Qız ağ fatada, təzə bəy isə qara kostyumda...

    Gələcək ər gəlinin  əlindən tutub...

    Oy, oy, qız necə də xoşbəxt görünür!..

    Yazıq Oleq Platonoviç!..

    Kaş bu zəhrimar xərçəngin müalicəsi tapılaydı!



Şirməmməd
Nəzərli

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə