Son xəbərlər

 

Yəməndə çox savadlı, təbəələrini sevən, bilik əldə etmək istəyənlərin hamisi və yardımçısı, öz taxtında bəxtəvərcəsinə əyləşmiş xoşbəxt bir şeyx-hökmdar yaşayırdı. Köçəri ərəblər öz oğullarını tərbiyələndirmək üçün onun yanına xidmətə göndərirdilər. Bu bəxtəvər şeyxin adı Qalib idi. Onun ürəyi ovçuluq eşqi ilə alışıb-yanırdı. Qalibin hətta yırtıcı heyvanları belə ovlaya bilən qəribə şahini vardı. Yaydan çıxmış oxu belə keçən bu şahinin əlindən heyvan-quş canını qurtaramı bilərdi? Şeyxin şahini insanlar arasında əhliləşdirilmiş və ovçuluğa xas vərdişlərə yiyələnmişdi. Şahinin zəhməti insanlar arasında hədsiz hörmətlə qarşılanmış  və ona  böyük ad-san qazandırmışdı. Ona şan-şöhrəti qazandıran həm də cəldliyi və qanadlarının parıltılı olması idi. Şahinin ov ovlarkən torpaqda qopardığı tozanaq xəbəri bütün aləmə yayılmış, aşıqların dilində dastana çevrilmişdi. Tamaşasına duranlar şahini seyr etməkdən doymurdular. O, əndamı ilə bir quş olsa da, sanki ov quşuna çevrilmiş cüssəli, igid bir qəhrəman idi.

 

Şeyx Qalib ona ərəb səhralarının küləyi mənasını özündə əks etdirən “Rihu L-hakl” adını vermişdi. Şahinin böyük şöhrəti bütün Ərəbistanla bir olmuşdu. Şahzadələr onu görməyə yalnız Hicazdan deyil, hətta, Məşriqin uzaq ölkələrindən də gəlirdilər. Onlar bu şahini özlərinə peşkəş etməsi üçün şeyx Qalibə böyük hədiyyələr təklif edirdilər. Bəzisi haylayıb gətirdikləri qar kimi ağappaq ərəb atlarından ibarət ilxının, bəzisi seçilmiş dəvə karvanının, bəzisi isə müharibə zamanı Rumdan qaçırılmış qənirsiz gözəllərin əvəzində şahinə sahiblənmək istəyirdilər. Rihu L-hakl şeyx üçün dost və silahdaş idi və məgər onu at ilxısına ya gözəllər dəstəsinə dəyişərdimi?

Şeyxin elə məclisi olmazdı ki, Rihu L-hakl onun taxtının başında məğrurca əyləşməsin. Qulam şeyxin məclisindəkilərə sinidə nübarları necə hörmətlə təqdim edərdisə, eynilə Rihu L-haklın qayğısına da eləcə qalardı. Rihu L-haklı Qalib ovucunun içində yedirər, bəsləyər və balaca uşaq kimi ona tamaşa etməkdən böyük sevinc duyardı. Şeyx bu çox hörmətli şahinini qızılquş-tərlanlarların arasında deyil, daim şəxsən özü üçün ayırmış olduğu istirahət otağında saxlayardı. Ayağına qızıldan zınqırovlar bağlayar, səhradakı səyyahlar arasında cahillik dövründən qalma qədim köçəri ərəb nəğmələrini onun üçün zümzümə edərdi.

Rihu L-hakl hər şeyi bilməyə olduqca həvəsli idi və Tanrının lütfü olan zəngin ərəb dilinin  xeyli sözlərini anlayırdı. Şeyx öz şahini ilə insanla danışan kimi danışırdı. İnsanlar bu məsələyə məəttəl qalıb, heyrətlənir və Rihu L-haklı Allah tərəfindən hədiyyə edilmiş bir quş kimi qəbul edirdilər. Aşıqlar onu səmadan fani dünyaya uçub gəlmiş müharibə mələyinə bənzədirdilər. Qızışmış Rihu L-haklın ovçuluq anında şikarının üstünə şığıyarkən göstərdiyi məharəti kətan üzərində təsvir etməsi üçün şeyx Farsıstandan fırça ustası çağırmışdı.

Şahinlə ovçuluq etmək təcrübəsi olmayanlar belə şeyxi təqlid edərək, öz yırtıcı quşlarını əhliləşdirmək üçün ən bacarıqlı müəllimlər çağırmış, özləri də bu işlə məşğul olaraq, quşxana təşkil etmişdilər; onlar quşlarla söhbətləşər, onlara təlim keçər, suvariyə alışdırar, çölə çıxarar, ilk ovunu ovlatdırardılar. Lakin bu şahinlər arasında da Rihu L-hakla çatanı olmamışdı. Şahinlər və ümumiyyətlə bütün növ ov quşlarından yeganə o idi bu zirvəyə yüksələn. Öz istedadı, fərasəti ilə insanlar arasında böyük hörmət-izzət qazanmada onun tayı-bərabəri yox idi. O, öz cəldliyi, hünəri ilə insanların ürəyini əsir etmişdi. Onun şəninə xanəndələr nəğmələr söyləyir, aşıqlar bayatılar, şeirlər qoşurdular; meydanlarda və saraylarda ona həsr olunmuş muğamatlar oxunurdu. Tarın, kamançanın və qavalın, eləcə də udun və rübabın ahəngdar səsləri Rihu L-haklın şəninə nəğmələr deyirdi. Bu misilsiz, tayı-bərabəri olmayan, hər bir qüsurdan xali olan od parçasını yaratdığına görə bir çox xanəndələr kainati xəlq edənin hikmətinə və ustalığına mədhiyyələr söyləyirdilər.

Günlərin birində şeyx Qalib yenə öz şahini ilə şikar etmək arzusuna düşdü. Şeyxin yanında məiyyəti də vardı. Sadə rəiyyət də öz şahinlərini ovçuluğa çıxardılar. Dünya tamam boşalsa da, ərəblər arasında şahinlərə qarşı sevgi-məhəbbət yenə də tükənən deyil.

Şeyxin ovladığı ov hamısından çox idi. Rihu L-hakl bütün məharətini ortaya qoyaraq, qızılquşlara xas gözlərini qıydı, çoxlu sayda turac, göyərçin, kəklik və qırqovul ovladı. Şeyx çox sevinir və öz qızılquşu ilə qürurlanırdı, ancaq dünya nəyin dünyasıdır ki, səfalı həyatın içinə cəfanı da qatmasın... Belə ki, qəflətən şeyxin atının ayağı altından qırqovul pırıldayıb qalxdı. O, öz şahinini qırqovulunun ardınca saldı. Uzaqlaşan qırqovul qızışmış şahindən canını qurtarmaq üçün özünü meşəyə saldı. Şeyx geriyə qayıtması üçün şahinini səslədi. Gözü qızmış şahin isə qovalamadan əl çəkmədi. Qırqovul xoşbəxtlikdən zülümlə də olsa çınqıllığa soxula bildi. Hirsindən möhkəm məyus olaraq xəyal qırıqlığına uğrayan şahin bir ağaca qondu və hürməyə başladı. Meşədəki qızılquşlar onun səsini eşidib yığışdılar. Təlim görməmiş həmcinsləri Rihu L-haklı mühakimə etməyə başladılar: bizim soyun qanadlısı insanla niyə dostluq edir, anadangəlmə keyfiyyətlərimizi niyə insan yolunda sərf edərək, soyumuzun başını kəsir. Bu olduqca qəbahətli bir hərəkətdir və bunu şeyxin şahini öz canı, başı ilə ödəməlidir. Rihu L-haklın meşədəki həmcinsləri dərindən nəfəs dərərək onu bir azğın düşmən kimi didişdirməyə hazırlaşırdılar. Onlar kin dolu gözlərini Rihu L-hakla zilləyib, onu öldürmək üçün iti caynaqlarını və sivri dimdiklərini hazır tutdular, qılınc kimi kəsici qanadlarını açdılar. Bir deyil, bir sürü tərlanın eyni anda özlərinin dönük həmcinsinə qarşı qəzəblə alışıb-yanan baxışlarını təsəvvür edirsinizmi...

Onların qəzəbindən hətta yarpaqlar da dəhşətə gəldi. Şahin sürüsünün səsi çox-çox uzaqlara yayılır, onların mühakimə dəstəsinin sayı bir ucdan çoxalırdı. Şeyxin şahinini qara qışqırığa  tutmuşdular. Onu hər bir şahin üçün çox əziz olan azadlığı ataraq köləliyə boyun əyməkdə ittiham edirdilər.

Şahinlərin yığıncağının səs-sədası yaşlı bir şahinə də çatdı. Öz tayfası arasında müdrik söz danışan və Hakim adıyla tanınan bu şahinin artıq nə gözləri, nə də qanadları əvvəlki itiliyində idi. İllərin çoxluğundan ağırlaşmış yaşlı şahin ağır-ağır uçub gəldi. Həmcinsləri ona yol verib, bir hündürlükdə yer göstərdilər. Sivriqanadlılar arasına sakitlik çökdü və onlar gözlərini maraqla qoca şahinə zillədilər. Təcrübəli şahin Rihu L-haklın əndamının mütənasibliyini və qüsursuzluğunu uzun müddət süzdü. Şeyxin dostu və silahdaşı özünün görkəmi və əzəməti ilə meşədəki həmcinsləri içində də seçilirdi. Gözlərindən od püskürdür, iti caynaqlarını döyüş üçün hazırlayır, qanadlarını yuxarı dartaraq cəngə hazırlaşır, sir-sifətindən qəzəb yağdırırdı. İgid idi və igid kimi igidlik edirdi. Hamı görürdü ki, o elə də asanlıqla özünü mühakimə etdirməyə və öldürtməyə razı olmayacaqdı.

Dünyagörmüş qoca şahin nəhayət üzünü həmcinslərinə tutub ürəklərə işləyən nitq söylədi. Yırtıcı quşların bu müdrik ağsaqqalının söylədiyi nitqi çox insan söyləyə bilməzdi. Bir çox insan ibadət edir, oruc tutur, ilahi kitabları qarşısına tökür və səhifələyir, Cənnət bağına, Allah dərgahına düşə bilmələri üçün hakimin məsləhətini istəyirlər, lakin fani dünyanı mənasız yaşayır, nə bir bilik əldə edir, nə də bir söz anlayırlar. Necə ki, qırxayaq düzgün yeriməyi öyrənməkdə acizdir və bildirçin ağacda oturmaqla savadlanmır, eləcə də bir çox insan özünün talesizliyi və bədbəxtliyi ucbatından dünyadan xəbərsiz, cahil və avam olaraq yaşayırlar. Ona görə də kitablar oxumaqla heç bir elmə yiyələnə bilmirlər. İnsanın kitaba qədər dərk etmə istedadı da olmalıdır. Bunu onun taleyi hökm edir. Kainatı xəlq edən əzəldən belə qayda qoyub: yaxşılıqlar olan yerdə mütləq iyrəncliklər də boy göstərməlidir. Ey pislik buludları ilə dolu olan fani dünya, sən bir çox kişiləri əridib yox edir və seçilmişləri ucaldırsan. Bədxahlıq, qərəzlilik sənin boyuna biçilmişdir və sənin bu xüsusiyyətin bizi öz təfəkkürümüzü elmi tərəfdən öyrənməyə vadar edir. Güya insanlar bədxahlıqların təntənəsini etiraf edə bilməzlərmi? Onların ayaqları altına əlamətlər yağdırsan belə yenə də bir şey söyləyə bilmirlər. Əllərini göylərə qaldırır, yalvarıcı baxışlarla gözlərini ulduzlara zilləyir, savab əmməllərinə yazılması üçün səmavi kitabları da oxuyur, lakin yazıqlar yenə də cahil olaraq qalırlar. Yalnız elmi kamil olan kəs quru çörək içində buğda dənəsi bula bilər. İnsanların talesizliklərini və bədbəxtliklərini bağışlatdırıb, onları xoşbəxtliyə çıxartmaq iqtidarında olan ancaq odur. 

Budur, hikmətli sözləri Yaradan hətta sıx meşələrdə qanadlılar nəsli arasında da ürəyəyatan, səmimi, müdrik və hikmət dolu sözlər söyləyə biləcək birini var etmişdir. Hakim adlı qoca şahin sözünü davam etdirdi: “Mənim gənclik günəşim qürub etmişdir. Soyumuzda çoxlu-çoxlu boy-buxunlular və əzəmətlilər görmüşəm, lakin and olsun günəşimə ki, şeyxin dostu və silahdaşı onların hamısından üstündür. Qardaşlar, siz ona hansı cinayətinə görə qəzəblənirsiniz? İnsanla dostluq etdiyini qınayır və bu hərəkəti soyumuza ayıb hesab edirsiniz. İçinizdən cahilliyinizi çıxarıb atın. Hər şeyi Yaradan bizim tayfamıza sivri qılınc kimi kəsərli dimdik, ox kimi süzən qanadlar, nizə kimi saplanan caynaqlar və digər yaxşı keyfiyyətləri bol-bol vermişdir, lakin anlamaq sarıdan olduqca kasadıq. Bütün canlılar içində əndamımızı ildırım sürətilə daşımamızla və ətrafa qorxu saçmağımızla sinəmizə döyüb, qürrələnirik. Qardaşlar, bunu qulağınıdza sırğa edin: anlamaq, dərk etmək qabiliyyətimiz də əndamımızın dolğunluğu və əzəməti qədər olsa idi, bütün canlılardan çox-çox üstün olardıq. Quşların şahı bizik. Qartallar daha iri olduqları üçün nəzərə çarpırlar, amma, cəldlikdə bizə heç yaxın belə düşə bilməzlər! Qırğılar, quzğunlar  və bütün növ tərlanlar bizimlə yarışırlar, lakin sonunda zəfər yenə də bizimlə olur. Odur, yekəbaş bayğuş insanlar arasında ağıl və müdriklik təcəssümü kimi tanınır. İnsanlar onun sifəti həkk edilmiş müxtəlif şeylər düzəldir, zinət əşyası kimi istifadə edirlər. İnsanların təfəkküründə quzğun da öz müdrikliyi ilə səciyyələnir. İlan da onun kimi. Amma onların hamısı bizim cəldliyimiz və hünərimiz qarşısında aciz qalıb, əsim-əsim əsirlər.

Bizim böyük ad-san qazanmış, şöhrətli qardaşımıza şəfqətlə yanaşaraq, tərifləmək əvəzinə, nəzakətsizlik edərək, üstünə cummağa hazırlaşırsınız?

İnsan onun adını ucaldıb, göylərə qaldırdığı halda, siz ona müxənnətlik edib, şeyxlə dostluq etdiyinə görə ittiham edirsiniz. Niyə durub-dincələmmirsiniz və onu mühakimə edirsiniz? Başqa məşğuliyyətiniz yoxdurmu? Niyə anlayışlı deyilsiniz? Qısqanclıq və paxıllıq kimi murdar hisslərlə qeyzə gəlib onu didişdirmək istəyirsiniz. Şeyxin dostu ilə nəyə görə belə hiddətli davranırsınız? Gerçəyi anlayana qədər onun haqqında hədyan danışıb, çığır-bağır salıb özünüzdən çıxmayın. Əgər öncə səs-küy qoparıb, həqiqəti daha sonra anlayası olsanız, olduqca peşman olarsınız, qardaşlar. Niyə yaxşını yamandan seçə bilmirsiniz?

Bütün cins ov qüşları içərisində insan şahinə meylini salmış, onu yetişdirərək əhliləşdirmişdir. İnsanın ürəyinə yalnız o yatmışdır, qardaşlar, məgər bunu görmürsünüzmü? İnsanın gözü şahinə sataşar – savaş yadına düşər. Şahinin şikar etməsinə tamaşa etmək insana cəngavərliyi xatırladar, mübarizlik duyğularını alovlandırar və ürəyini möhkəmcə döyündürər. Qardaşlar, insan öz biliyini kamilləşdirmək üçün o qədər canfəşanlıq etməz, nə qədər ki, döyüşçülük üçün bunu edir. Onların bizi bu qədər sevməyi də, əziyyətimizi çəkməyi də məhz buna görədir. İnsan da yırtıcı quşdur, qardaşlar, qanadsız, iki ayaqlı. İnsanlar arasında yırtıcı quşlara xas əzəmətli keyfiyyətlərini göstərə bilənlər ucaldılar, ad-san qazandılar. İnsan əlindən çıxan hər bir əşyada igidlik rəmzi var. 

Əgər insan yanında olmasa, şahinin ad-san qazanması üçün yalnız cəldliyi, cəsarəti və qoçaqlığı kifayət etməz. Bunu da qulaqlarınızda sırğa edin, qardaşlar.

İnsandır onu şöhrət sahibi edib dünyaya tanıtdıran. Bütün cahan duydu şeyxlə onun şahininin münasibətlərini. İnsanla şahinin dostluğuna eşq olsun! Şahin şeyxin taxtında oturur, onun çiynində əyləşir. İnsanlar şeyxin qanadlı dostunu böyük sevgiylə qarşılayırlar. Bizim qardaşımız bir əziz qonaq kimi padşahın süfrəsində oturub-durur, padşah əlindən yemək yeyir. Şeyxin dostunun böyük nüfuzu və hörməti açıq-aşkar görünməkdədir. Şeyxin əlaltıları onun şikarını olmazın tərif yağmuruna tuturlar. Siz bunamı köləlik deyirsiniz? Ayıblı, qınaqlı işdir bu? Şeyxin şahini, qardaşlar, nəslimizin adını yüksəltmişdir. İnsanlar arasında yırtıcı quşlara, toğanlara xas əzəmətləri nümayiş etdirən odur. Şahinlər soyunun ad-sanı onun sayəsində ucaldı. Bizim nə qədər əzm və şücaət qabiliyyətimiz varsa, şeyxin dostu onların hamısını insanlar arasında göylərə ucaltdı.

İnsanın nə düşündüyünü, danışdığını quş anlayır. Məlumatlı, bilikli insansa, nə yazıq ki, quşların dilindən anlamır. Ona görədir ki, qardaşlar, bizim yırtıcı quşlara xas olan xüsusiyyətlərimizdən və çevikliyimizdən o yana heç nəyimizi görməzlər. İnsan hey bizlərə tələ quraraq, sonra tutduğu şahini özünün istədiyi qaydada yetişdirmək, ona öz dilini öyrətmək arzusundadır. İnsan üçün bizlərdən birinin təlimi ilə məşğul olmaq olduqca xoş və sevinc bəxş edən bir məşğuliyyətdir. O, bizim əsir düşmüş qardaşımızın təlim edilməsi işini elmə çeviribdir və bu işi böyük bir səbrlə, dözümlə, təmkinlə icra etməkdədir. Yırtıcı quşun sarsılmaz təbiətini ram edərək öz yaxınında olmağı, qolunda, yaxud çiynində oturmasını öyrədər, buna görə də özününkülər arasında qürurla dolaşar, ürək dolusu sevinc yaşayar. Biz yırtıcı quşların böyük əksəriyyəti öz-özümüzə yetişirik. İnsan şahinin yetişdirilməsinə sərf etdiyi hövsələni öz övladının yetişdirilməsinə belə xərcləməz. Bunu da nəzərə alın, qardaşlar. Əgər insanın övladı öyrənə bilməzsə, o, öz övladını oxutdurmaqdan vaz keçər. Şahinə isə insan böyük səbrlə təlim keçir, ona güvənir, onu özünün dostuna çevirəcəyi günü təmkinlə gözləyir. İnsan elm-bilik əldə etmək üçün bu qədər səbr göstərsəydi, daha da elmli, müdrik və kamil olardı. Baxmayaraq ki, səbr insanda çox az olur, o, şahinə tamaşa etdikcə onun görünüşü insanı səbrli, hövsələli olmağa vadar edir. İnsan şahinə qarşı səbrli, təmkinli müəllim və təlimçi kimi davranır. Bu, qəribədir, qardaşlar.

Şahini tərbiyələndirmək işində insan olduqca həvəsli və ehtiraslı olur. Mənim qardaşlarım, elmdə, bilikdə insan bizdən üstündür. O, ildırım və külək sürətli ola bilməz, lakin hər bir əşyanın adını bilir. Bizim balalarımızdan fərqli olaraq, onların övladları təlim və öyrədilmə yolu ilə bilik əldə edə bilərlər. İnsanlar arasında da bir-birindən daha üstünləri vardır və necə ki, taxt sahibinin yanında onun şahini öz hünəri ilə ad-san qazandı, o da özünün şahininin bacarığı sayəsində böyük şan-şöhrət əldə etməkdədir.

Qardaşlar, aranızdan neçənizi insanlar tutub aparmış və təlim keçirmişdir. Yırtıcılıq məziyyətlərinizi cilovlayıb, tab gətirə bilmədiniz, öyrənmək bacarığınızı ortaya qoya bilmədiniz. Sizin təliminizə böyük zəhmət çəkmiş insanları şikar zamanı tərk edib qaçdınız və meşəyə döndünüz. Şeyxin şahini isə insan tərəfindən tərbiyə edilərək şöhrətə yetişdi. Ruhsuz bir varlıq əgər insanı təlim üçün yaxalayarsa, insan da ondan qaçaraq məgər azadlıqmı əldə edər? O fərarinin həmcinsləri bu qaçış barədə xəbərdar olsalar, məgər bunu qoçaqlıq kimi bir davranışmı sanarlar?

Bizim həyatımız qan içində çırpınmaqdan, qartal-quzğunlarla rəqabət aparmaqdan başqa nədir ki? Çöldə sizin bu şuxluğunuzu hansısa bir heyvan, ya quş deyil, məhz insandır seyr edib heyrətlərə düşən. Nəyi bizlər azadlıq hesab ediriksə, insanlar üçün o, adicə çöllükdür, ancaq insanın azadlıq hesab etdiyi nəsnə – ondan daha da üstün olan ruhsuz üçün mənasız bir şeydir. 

Bir çox insan qanadlıların göy üzündə o tərəf-bu tərəfə süzməsinə qısqanclıqla baxar və bəzi həmcinsləri haqqında həsədlə “quş kimi azaddır” deyərlər.

Yırtıcı quşlar, qartal-quzğun, bildirçin-turac meşədə və ya düzəngahda bir cür azaddırlar, necə ki, bizim ata-babalarımız azad idilər, eləcə də bizim gələcək nəslimiz də azad olacaqlar. Çöl toyuq-cücəsinə və çaqqal-tülkülərinə bəslədiyimiz sərbəst düşmənçilikdən əldə etdiyimiz qabiliyyətdən o yana heç birimiz gedə bilmədik. Biz ata-babalarımızdan heç bir şeylə üstün deyilik. Bunu yadınızda saxlayın və ölüm gəlməmiş bu barədə düşünün. Ölürük və bizim leşimizi qurdlar yeyir, tükümüzü isə külək səpələyir. Bizim yırtıcılıq hünərimiz toza qarışır. İnsanlar arasında olan şahin isə ucalara yüksəlmişdir. Şeyxin dostu öldükdə insan kimi dəfn ediləcəkdir. Onun qəbri başında şeyx duracaq və ürəyi dərd-kədərdən kösövə dönəcək. Bizlərin sümüklərini çaqqallar o yan-bu yana dağıdacaqlar, tükümüzü isə külək yırtıcı heyvanların ağzına təpəcək və kimsə bizi xatırlamayacaq da. Çöllərə səpələnmiş tüklərimizi kəklik və qırqovullar yuvalarını isitmək üçün aparacaqlar ki, bir zamanlar biz  aclığımızı yox etmək üçün onların üzərlərinə şuğuyurduq.

Bizim tüklərimiz hər zaman onların gözləri qarşısında olacaqdır, lakin yenə də heç vaxt bizi xatırlamayacaqlar. Şahinin əzəmətini bu cür yox etməyə ulu Yaradanın heyfi gəlmirsə, gərək nəticə çıxaraq ki, daha böyük mükəmməlini də O bilir və haradasa bu kamilliyə sahib olanlar da var.

Biz şahinlərin əngin səmalarda azad olmaları azadlığımızın yeganəliyi anlamına gəlməz. Bir çox insan aciz və yazıqdır. Onlar “azadlıq” sözünü elə başa düşürlər, necə ki səhrada addımlayan hörmətli yolçu rastına çıxan insan donuna girmiş cini-ifritəni tanıyır. Təlim-tərbiyə ilə əldə edilənin yanında quş və heyvanların azadlığı heç bir şeydir. Bir çox insan var-dövlət, sərvət topladıqca azğınlaşmış, yaman günlər başının üstünü aldıqda belə azadlığın nə olduğunu anlaya bilməmişdir.

Onu da sizlərdən soruşmaq istəyirəm, qardaşlar, şeyxin şahini əgər insanlardan qaçıb, özünü meşəyə salarsa, bununla şahinlər tayfasına bir şey vermiş, ya da azadlığını qaytarmış olacaqmı?

Onun bura gəlməsi ilə tayfamız bir şey əldə edəsi deyildir. Ayağı qızıl bəzəkli qardaşımıza baş əyin, mənim qardaşlarım. Qoyun o, insanlar arasına qayıtsın. O, bizim başımızı yenə ucaldacaqdır. Ey bizim soyumuzun şöhrətli, adlı-sanlı ovçusu, uç və adımızı daha da yüksəklərə ucalt”.

Şahinlərin müdrik ağsaqqalı Hakim tayfası qarşısında bunları söylədi və Rihu L-haklı o ki var vəsf etdi.

Bütün bu müddət ərzində çöl şahinləri dinməzcə qulaq asırdılar. Bütün şahinlər qoca şahinin mühakiməsi qarşısında baş endirdi. Qanıb-qandırmaz dostları bu cür boyun əydirməyə yalnız müdrik insanın nitqinin gücü yetə və cahilliklərini səngidə bilərdi, necə ki, qanadlı Hakimin sözləri bütün tayfanı yola gətirib, təfəkkürlərini aydınlatdı.

 

***

 

Bir müddət keçdi və Rihu L-hakl öldü. Şeyx onu dəfn etdi və uzun müddət dərddən-kədərdən, hüzndən ayıla bilmədi. Qazı əlində kitab dərin hörmət və ehtiramla şeyxin yanına gəldi, bir quşa görə padşaha bu cür qəm dəryasına batmaq yaraşmır dedi. Şeyx bu sözdən incidi, onun fikrini bəyənmədi və ürəkdəki duyğulara kitablar məlhəm ola bilmir deyə cavab verdi.

Şahin şeyxin nəvəsinin də yaddaşında qalmışdı. Rihu L-haklın adı tərif və vəsf etmə sözləri ilə eyniləşdi.

Bir dərviş vardı. Fani dünyanın gedişatı onu cana doydurmuşdu. Dünyanın yamanlıqlarından, pisliklərindən usanmış, ona töhmət dolu sözlər söyləmiş və cəmiyyətdən uzaqlaşmışdı. Səhralarda, meşələrdə qərar tutmuşdu bu dərviş. Tərki-dünya həyat sürürdü və içində yuva qurmuş ölümü görür, müdriklik toplamağa can atırdı. Quşların dilini bilirdi və şahinlərin mühakiməsinin də şahidi oldu. Şeyx Qalibin ölkəsinə xəbəri o gətirdi. Qanadlı hakimin mühakiməsi bütün insanların heyrətinə səbəb oldu. Onlar Allahın böyüklüyünə şükr edib, Onun böyüklüyünə inanmayanları möhkəm lənətlədilər. Bu hadisəni Məşriq duydu, sonra isə dillərdə nağıllaşdı.

Bu hadisəni bir neçə il öncə Kartliyə gələn Konyalı molla mənə nəql etdi. Bu yaz şahinin səmada hökmranlığını gördüm və bu nağılı yazdım.

 

Gürcü dilindən tərcümə edən: Cambul Məmmədli

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə