Son xəbərlər

 

 

SONA XƏYAL

 

 FƏNNİ

HEKAYƏLƏR

 

 Azərbaycan ədəbiyyatında ilk fənni hekayə müəllifi

Əmin Abid Mütəllibzadənin 110 illik yubileyinə ithaf.

 

 

BOTANİKA

 

 

 TƏBİƏT BAŞDAN-BAŞA MÖCÜZƏDİR

 

Səmayə müəllimə sinfə girib uşaqlarla salamlaşdı. Sinif jurnalını stolun üstünə qoyub qələmini çıxartdı. Jurnalda qeydlər edə-edə dedi:

–Uşaqlar, deməli, biz bu gün botanika kursunu qur­tarırıq. Gələn dərsdən artıq zoologıyanın tədrisinə baş­lana­caq.

Uşaqlar yerlərində pıçıldaşdılar. Səmayə müəllimə sözünə davam etdi:

–Hə, indi gəlin görək biz bu kursdan nələri öyrən­mişik. Kim deyər, bitkilərin təbiətdə və insan həyatında nə kimi rolu vardır?

Nigar cavab vermək üçün əlini qaldırdı. Ayağa qalxıb dedi:

–Bitkilər fotosintezdə iştirak edərək təbiəti oksigenlə təmin edirlər.

Afaq icazə istəyib ayağa qalxdı və əlavə etdi:

–Bitkilər insanların və heyvanların qidasını təşkil edir.

Səmayə müəllimə onun da sözünü təsdiq edib, Elşənə tərəf döndü:

–Elşən, sən nə deyə bilərsən?

–Bitkilərdən müxtəlif dərmanlar alınır, – deyə Elşən bir qədər ləng cavab verdi.

–Həqiqət, bəs sən nə deyə bilərsən? – Səmayə müəllimə bir–bir şagirdlərinə müraciət edirdi.

–Bitkilərin yarpaqlarında transpirasiya hadisəsi gedir, yəni yarpaqlar suyu buxarlandıraraq, təbiətin su dövranın­da iştirak edirlər.

–Fərqanə, sən nə əlavə edə bilərsən?

–Bitkilərdən müxtəlif boyaqlar alınır...

–Həmid, sən...

–Ətraf mühitin yaşıllaşdırılması, gözəlləşdirilməsi üçün bəzək bitkilərindən istifadə edilir.

–Reyhan...

–Mən? – Reyhan tərəddüdlə ayağa qalxıb müəllimə baxdı.

–Yoxsa bitkilərin əhəmiyyəti bunlarla bitir? – Səma­yə müəllimə sınayıcı nəzərlərlə həmişə başqalarından fərqli nəsə bir fıkir söyləyən Reyhana baxdı.

Reyhan duruxdu, birdən dedi:

–Bitkilər özlərində metal toplayırlar.

–Nə? –Səmayə müəllimə təəccübləndi.

–Reyhan yenə də nəsə kəşf eləyib, – deyə uşaq­lar­dan kimsə söz atdı.

–Hə, bitkilər metal toplamaq qabiliyyətinə malikdir­lər, – deyə Reyhan qətiyyətlə cavab verdi.

Uşaqlar çevrilib Reyhana baxdılar. Heç kim hec nə başa düşmədi.

–Sən bunu haradan bilirsən, Reyhan? – Səmayə müəllimə ona yaxınlaşdı.

Reyhan fikrə getdi. Ani sükutdan sonra dilləndi:

–Dəqiq deyə bilmərəm. Amma hansı kitabdasa oxu­mu­şam. Çexoslavakiya alimləri aşkar ediblər ki, Olsani şəhəri rayonunda yetişən bəzi bitkilərin yüz qram külündə bir qrama qədər qızıl toplanmış olur. Hətta gələcəkdə metal toplaya bilən bitkilərin çoxaldılması və bundan səmərəli istifadə edilməsi nəzərdə tutulmuşdur.

–Çox gözəl, Reyhan. Maraqlı məlumat üçün çox sağ ol, – Səmayə müəllimə fəxrlə ona baxdı, sonra uşaqlara döndü:

–Görürsünüzmü, əlavə kitablar oxumaq nə qədər xeyirlidir? Görürsünüzmü, nə qədər maraqlı faktdır?

Uşaqlardan kim isə dilləndi:

–Lap möcüzədir.

–Təbiət başdan-başa möcüzədir, – deyə Reyhan cavab verdi.

Aprel, 1993.

 

 

İTBURNU ÇİÇƏYİ

 

Şəhlagilin həyətində ağaca oxşayan gül kolu vardı. Hər baharda ağımtıl–çəhrayı rəngdə güllər açardı. Çiçəklərini tez tökdüyündən Şəhlanın xoşuna gəlməzdi. Amma sonralar tökülmüş çiçəklərin yerində bərk, qırmızı rəngli, zoğala bənzər meyvələr əmələ gələrdi. Yetişən zaman qonşuluqda yaşayan Nailə xala gəlib həmin meyvələri dərib aparardı. Bir dəfə Şəhla onlardan birini qoparıb ağzına atdı. Dadı turş, xoşagələn idi, amma içindəki tükcüklü toxumlar adamın dilini sancırdı. Şəhla üz–gözünü qırışdırdı və fikirləşdi ki, "Görəsən, Nailə xala bunları neyləyir?"

Qışın oğlan çağı idi. Güclü qar yağmışdı. Hava neçə gün idi ki, açılmaq bilmirdi. Amma Şəhla ilə Şahin qartopu oynamaq istəyirdilər. Anası isə "soyuqdur, xəstə­lə­nər­siniz", – deyə icazə vermirdi.

O gün Səidə xala oğlu Xəyal ilə onlara gəlmişdi. Böyüklərin başı söhbətə qarışan kimi uşaqlar həyətə qaçdılar. Gözəl oyun gedirdi, soyuğu hiss eləyən kim idi... Bir azdan onları evə çağırdılar. Amma oyunun şirin yerində evə dönən kim idi...

Gecə Şəhlanın hərarəti qalxdı. Elə hey başının ağ­rı­sından şikayət edirdi. Anası ona çay verdi, isti şorba içir­di. Heç içdiyi dərmanın da o qədər təsiri olmadı.

Səhərisi Nailə xala onlara gəldi. Şəhla hələ də sa­ğal­ma­mışdı. Nailə xala vəziyyətdən xəbərdar olub evə getdi. Bir az­dan əlində bir stəkan çay və kağıza bükülü bir şey gə­tirdi. Şəhla çayı içdi. Bu, adi çay deyildi, dadı turş idi. Lap zoğallı çaya oxşayırdı. Şəhlanın anası Nailə xa­la­nım gətirdiyi kağızı açdı, içindəkiləri dəm çaydanına atdı, üs­tünə qaynanmış su töküb plitənin üstünə qoydu.

Nailə xala bir qədər oturdu, anası ilə nəsə danışıb getməyə hazırlaşdı. Şəhla başını qaldırıb zəif səslə soruş­du:

–Nailə xala, siz çaya nə qatmışdınız?

Nailə xala gülümsədi:

– Qızım, yadındadırmı, mən sizin həyətinizdəki ağac­dan qırmzı meyvələr yığırdım. Çayın yerinə ondan dəm­lə­mi­­şəm. Adına "itburnu" deyirlər.

Nailə xala Şəhlaya şəfa diləyib qapıdan çıxdı. Şəhlanı fıkir götürdü. Həmin gün Şəhla bir neçə dəfə həmin çaydan içdi. Səhərisi sağalıb yataqdan qalxdı.

 

***

 

Qış ömrünü bahara vermişdi. Çəmənlər, çöllər yaşıl paltarını geyinmişdi. Ağaclar tumurcuqlamağa baş­la­yır­dı. İtburnu kolu yarpaqlayanda Şəhlanın sevinci birə–beş art­mışdı. Səbirsizliklə onun yetişməsini gözləyirdi.

Bahar öz vəzifəsini yerinə yetirib yerini bol nemətli ya­ya verdi. Payız yayı əvəz edəndə yenə də itburnu kolunda qır­mızı meyvələr yetişdi. Bir gün Şəhla qardaşı Şahini ça­ğı­rıb dedi:

–Şahin, artıq itburnu meyvələri yetişib. Kömək elə, on­la­rı yığaq.

Şahin soruşdu:

– Bəs Nailə xala gələndə ona nə deyəcəyık?

–Nə olar, Nailə xalaya da verərik, Onsuz da bu il mey­və daha çoxdur, – deyə Şəhla qardaşının narahatlığına son qoydu.

Onlar itburnu meyvələrini yığıb qurtardılar. Nailə xa­la­nın payını isə ayrıca saxladılar.

 

Dekabr, 1992.

 

 

ZEYTUN BUDAĞI

 

Maştağaya yolunuz düşsə, hər iki tərəfdən zeytun ağac­­ları ilə əhatə olunmuş küçələrdən keçməli olacaq­sı­nız. Maştağa subtropik bitkilər sovxozunun mühüm his­sə­sini zeytunçuluq təşkil edir. Qəsəbədə böyük və kiçık həc­mli zeytun bağları salınmışdır. Küçələr boyu əkilən ağac­lar isə həm də yaşıllaşdırmada böyük rol oynayır. Hər payız zeytun yığımı başlayanda ağacların ətrafında xey­li adam görmək olar.

Adi günlərdən biri idi. Şahin dərsdən evə qayıdırdı. Xeyli dayanıb zeytun yığanlara tamaşa etməyə başladı. Həmişə hamıya kömək etməyə çalışan Şahin onlara təəssüflə baxırdı. Boyu balaca olduğundan əli ağaclara çatmırdı. Tez–tez Şahinin qaşları çatılırdı. Adamlar ağaclarla kobud rəftar edirdilər. Bu isə Şahinin xoşuna gəlmirdi. Birdən yerə iri bir budaq düşdü. Bir qadın onun zeytunlarını yoluşdurub vedrəyə tökdü. Şahin istədi ki, "nə edirsiniz, ağacı sındırmazlar", – deyə qış­qır­sın. Lakin böyüklərin üstünə qışqırmağın pis hərəkət olduğunu ona demişdilər. Qəhərini içində boğdu. Zeytun bu­dağını götürdü, çantasını da əlinə alıb oradan uzaq­laşdı. Hirsindən əsirdi. Gözləri də yaşarmışdı. Tez-tez də­rin­dən ah çəkir, ürəyində gördüyü mənzərə ilə heç cür razılaşa bilmirdi.

Evə gəlib çantasını yerə qoydu. Soyunub həyətə düşdü. Beli götürüb kiçik bir çala qazdı. Zeytun budağını basdırıb, dibinə su tökdü. Bu vaxt anası həyətə düşüb ona yaxınlaşdı.

–Oğlum, köksüz ağac bitməz, – deyə onun başını sığalladı.

Şahin başını qaldırıb kədərli baxışlarla anasına baxdı:

–Bəlkə bitdi. Axı yazıqdır, hələ yaşıldır.

–Sən onu niyə qırmısan? –anası soruşdu.

–Mən qırmamışam. Orada pis adamlar qırıb. –Şahinin dərdi təzələndi. Daha heç nə demədi. Yenə də qəhər onu boğdu. Ağlamağını güclə saxladı.

Şahin hər gün budağa baş çəkirdi, dibinə su tökür­dü. Amma budaq günü-gündən büzüşürdü. Get­dikcə yar­paq­ları tamam soldu. Güclü külək əsdi, yağış yağdı və Şa­hi­nin sonuncu ümidini də yuyub apardı. Şahin bütün günü ağ­ladı. Atası onu yanına çağırıb başını sığalladı və dedi:

–Oğlum, özünü üzmə. Mən sənə zeytun tingləri alaram, ap­arıb bağda əkərsən. İndi isə get, dərslərini oxu.

Şahin bir qədər sakitləşdi. Dərslərini hazırladı. Şam ye­məyini yeyib, televizora baxdı. Nəhayət, yatmaq vaxtı çat­dı, Şahin yatdı. Bir azdan yuxuda sayıqlamağa baş­ladı: "Uşaqlar, fikir verin, budaqları sındırmayasınız. Eşi­dirsiniz, sındırmayın ha..." Anası əvvəlcə fıkir vermədi. Lakin Şahin getdikcə daha bərk danışırdı. Atası da durub gəl­di. Şahini yuxudan oyatdılar. O, gözlərini açıb təəc­cüb­lə otağa baxdı. Gözlərini ovuşdurdu. Başının üstündə ata­sı ilə anasını görəndə yuxu gördüyünü anladı. Durub otur­du, üzünü atasına tutub dedi:

–Ata, yuxuda gördüm ki, bağda əkdiyimiz tinglər bö­yü­yüb ağac olub. Mən də böyüyəm, əlim onlara çatır. Uşaqlarla zeytunları yığırdıq. Elə gözəl ağaclar idi ki... Heyf ki yuxu imiş.

Atası onun saçlarını qarışdırıb alnından öpdü və dedi:

– Darıxma, oğlum, biz mütləq elə bir bağ salacağıq. Mütləq.

Şahin uzandı. Şirin xəyallarla yenidən yuxuya getdi.

 

Noyabr, 1992.

 

 

MEŞƏ TƏNBƏLLƏRİ SEVMİR

 

Yağışdan sonra havanın qaşqabağı açılmışdı. Göyün üzü tərtəmiz idi. Havadan torpaq ətri gəlirdi. Taleh hə­yə­tə çıxıb İmranı səslədi. İmran çəpərin üstündən boylanıb ona cavab verdi.

–İmran, gəlsənə səhər meşəyə gedək. Yağışdan sonra əla göbələk olur, –Taleh fikrini dostuna bildirdi.

İmran bir qədər fikirləşib dedi:

–Hə, yaxşı olar. Amma gəl uşaqlara da xəbər verək. Birlikdə gedək.

Taleh razılaşdı. Evə gəlib geyindi və Elçingilə getdi. Akif də orada idi. Beləliklə, qonşuluqda yaşayan bütün uşaq­lar xəbər tutdular. Söz qoydular ki, səhər tezdən get­sin­lər. Səhər vədələşdikləri vaxtda hamısı tut ağacının altı­na yığışdı. Təkcə Akif gəlməmişdi. Uşaqlar onu xeyli göz­lədilər. Elçini Akifin arxasınca göndərdilər. Elçin içəri gi­rən­də Akif hələ də yatırdı. Arifə xala dedi:

– Oğlum, siz ona baş qoşmayın. O, çətin dura. Ona gö­rə nahaqdan yubanmayın.

Eiçin Akifi səslədi:

–Tez ol, dur geyin. Hamı səni gözləyir. Akif yorğanı ba­şına çəkib mızıldandı.

Elçin yaxınlaşıb:

–Dur görək, elə həmişə belə eləyirsən ki, hər işdə ha­mı­dan geri qalırsan, –deyə yorğanı onun üstündən çəkdi.

–Siz gedin, sabah biz Rövşənlə gedərik, – deyib Akif yor­ğanı dartdı.

–Sabaha göbələk qalar?.. Tənbəl... – Elçin dedik­lə­rinin Aki­fə təsir etməyəcəyini görüb geri döndü. Arifə xala ilə sa­ğollaşıb çıxdı.

Yağışda yuyunmuş meşə sanki təzə don geyin­miş­di. Ağac­ların yarpaqları toz–torpağını tökmüşdü deyə daha ca­zibədar görünürdü. Bu gözəlliyə quşların səsi qarışanda lap cənnəti xatırladırdı. Uşaqlar təbiətin əsra­rəngiz gö­zəl­liyinə tamaşa edə-edə meşənin içərilərinə irəliləyirdilər. Bolluca göbələk var idı.

–Elə qəşəngdirlər ki, adam lap çiy yemək istəyir, –deyə Taleh dilləndi.

Uşaqlar həvəslə səbətlərini doldurdular. Elçin zarafatla dedi:

– Uşaqlar, belə yığaq ki, sabaha bir şey qalmasın.

– Qalanda nə olar? –Əsəd təəccüblə soruşdu.

–Akiflə Rövşən hələ sabah gələcəklər, –Elçin gülə–gülə cavab verdi:

–Onsuz da sabaha qalsa, korlanacaq. Əsl vaxtı elə indidir. Bir də ki, Akifgil qorxudan buralara gələ bil­məz­lər. –İmran söhbətə yekun vurub göbələk dolu səbətini əli­nə aldı. Uşaqlar meşədən çıxıb kənd yoluna düşdülər. Akif­­gilin qapısından keçəndə onu səslədilər, Akif qapıya çı­xıb uşaqlarla könülsüz salamlaşdı. Gözuju göbələk dolu sə­­bət­lərə baxdı.

–Hə, nə baxırsan? Tənbəl... – Elçin onu sancdı.

Söz Akifi tutdu. Uşaqlar gedən kimi dostu Rövşəngilə qaçdı.

– Rövşən, gəl sabah meşəyə gedək. Uşaqlar indicə qayıtdılar. Əla göbələk yığmışdılar.

Ani sükutdan sonra Rövşən razılaşdı.

Səhərisi tezdən onlar meşəyə getdilər. Heç yerdə gö­bə­lək gözə dəymirdi. Onlar bir qədər də içərilərə doğru irə­lilə­dilər. Birdən boğuq səslər eşidildi. Onlar qorxa–qorxa bir–birinə baxdılar. Səs getdikcə yaxınlaşırdı. Akif qor­xudan əsməyə başladı:

–Rövşən, gəl qaçaq, – deyə yazıq-yazıq dostunun üzü­nə baxdı.

Onlar geri dönüb üzü kəndə tərəf qaçmağa baş­la­dılar.

 

Mart, 1988.

 

 


FAYDALI MƏSLƏHƏT

 

Rizvan işləməyi çox sevirdi. Əkinçilik işləri ona xüsusi ləz­zət verirdi. Torpaq belləyir, sahədəki alaq otlarını vu­rur, bitkiləri suvarırdı. Bir sözlə, hər bir işdə atasının ya­xın köməkçisi idi.

Rizvangilin bağında ayrıca lobya əkilən sahələri var idi. Hər il o sahə əkilər və çoxlu məhsul verərdi. Məhsul yığılan vaxtı Rizvan səbirsizliklə gözləyərdi. Kolları kökündən çıxarıb dəstələyər, evə gətirib lobyaları yığardı.

Artıq paxlaların yetişən vaxtı idi. Partlamış paxlaların içindən lobyalar görünməyə başlayanda, Rizvan anasına dedi:

– Deyəsən, axı lobyaların yığılan vaxtıdır...

–Hə, oğlum, dünən atan dedi ki, sabahdan tədricən ye­ti­şənləri yığmaq lazımdır.

Rizvan sevincək dilləndi:

–Onda gedim kolları çıxarım?!

Rizvan sahəyə gəldi. Paxlaları yetişmiş kolları çıxar­ma­ğa başladı. Artıq xeyli kol yığıb qalaqlamışdı. Bu vaxt qon­şuları Əjdər əmi gəlib çıxdı. Təəccüblə üst–üstə qalaq­lan­mış kollara baxıb soruşdu:

–A bala, kolları niyə kökündən çıxarırsan?

Rizvan diksindi. Çevrilib pərt halda bir Əjdər əmiyə, bir də paxla qalağına baxdı. Heç bir şey anlamadı. Əjdər əmi onun donub qaldığını görüb diliəndi:

– Oğlum, lobya kollarını kökü ilə çıxarmazlar. Paxlalı bit­kiləri elə yığmaq lazımdır ki, kökləri torpaqda qalsın.

–Niyə? –Rizvan maraqla soruşdu.

Əjdər əmi çıxarılmış kollardan birini əlinə götürüb dedi:

–Bax, oğlum, görürsənmi kökə birləşmiş yumruları. Pax­lalı bitkilərin köklərində yumrucuq bakteriyaları olur. Bu bakteriyalar atmosferdə olan sərbəst azotu bitkinin qəbul edə biləcayi şəklə salır. Onlar torpaqda nə qədər çox olarsa, bitkilər azotla bir o qədər yaxşı təmin olunar və əlavə azot gübrəsinə ehtiyac olmaz. Yumrucuq bakte­riyaları ancaq paxlalı bitkilərdə olur, azot isə bütün bitkilərə lazımdır. Ona görə də paxlalı bitkiləri yığan­da köklərini torpaqda saxlayırlar. Yığımdan sonra isə torpağı çevirirlər. Həmin yerə tərəvəz bitkiləri əkirlər. Bu bitkilər yumrucuq bakteriyalarının hazırladıqları azotla xeyli müddət qidalana bilirlər.

Rizvan fikrə getdi. Bu vaxta kimi bunları bilmədiyinə heyfsiləndi.

­­­­­­­­­­­–Eybi yoxdur, oğlum. Bilməmək eyıb deyil, öyrən­məmək eyibdir, – deyib Əjdər əmi onun pərtliyini aradan qaldırmaq uçun gülümsədi.

Rizvan Əjdər əmiyə faydalı məsləhət üçün təşəkkür etdi.

Sentyabr, 1987.

 

 

AĞACI NECƏ SUVARIRLAR

 

Sədinin atası xəstə idi. Həyətdəki ağaclar suvarıl­ma­lıydı. Atasının narahatlığını duyan Sədi ona kömək etmək qərarına gəldi.

– Ata, qoy ağacları mən suvarım, – deyə intizarla ona baxdı.

Ata bir qədərə fikirləşib oğlunu süzdü, nəhayət, dil­lən­di:

–Axı onların dibi bellənməlidir.

–Nə olar, belləyərəm. Mən daha böyümüşəm, ata. İndi hər işdə sənə kömək eləyə bilərəm. – Sədi özünü öyməyə baş­ladı.

–Yaxşı, onda başla, daha get–gedə havalar istiləşir. Bundan sonra ağacları tez–tez suvarmaq lazım gələcək, –deyib fəxrlə oğluna baxdı.

Sədi beli götürüb işə başladı. Ağacların dibini bel­ləyib yumşaltdı. Əsgər əmi dözməyib həyətə çıxdı ki, görsün oğlu nə iş görür. Göz gəzdirdi, nə görsə yaxşıdır? Sədi bütün ağaclarm dibini qazıyıb töküb. Diblərini də su ilə doldurub. Ata başını bulayıb təəssüflə bir oğluna, bir də onun gördüyü işə baxdı. Sədi atasının gəldiyini görüb əl saxladı. Dinməz–söyiəməz dayanıb onun nə deyəcəyini gözlədi. Əsgər əmi beli onun əlindən alıb dedi:

– Gör yazıq ağacları nə günə salmısan... Sədi təəc­cüblə atasına baxıb, onun nə deyəcəyini anlamağa çalışdı.

– Baharda ağacların dibini açmazlar. Ağaca su verəndə gövdədən 30-40 sm. kənarda ağacın dövrəsi boyunca qa­zır və suyu tökürlər. Ağacın kökləri kənarlara çox işləyir. Torpaq nəm olduqda köklər suyu özləri sorur. Ağacın dibini bu cür qazıb, kökün üstünə su tökmək ağaca ziyandır. Belədə köklər zədələnə bilər. – Atası danışa-danışa ağacın dibini torpaqlayıb dövrəsində nov düzəltdi və beli oğluna verib dedi:

–Bax, o biriləri də belə düzəlt.

Bu vaxta kimi bunu bilmədiyindən və ağacların dibini qazıyıb tökdüyü üçün yarıtmaz işindən pərt olan Sədinin çiyinlərindən dağ götürüldü, tez beli atasından alıb həvəslə işə başladi.

 

Avqust, 1987

 

ARİFİN SƏHVİ

 

Arif məktəbdən gələndə babasını çardaqda gördü. Soyunub tez yuxarı qalxdı.

–Salam, baba, necəsən? – deyə onun halını soruş­du.

Baba nəvəsi ilə salamlaşdı. Arif isə babasının məqsədini anlamayıb dedi:

–Baba, sən burada neyləyirsən?

–Günəbaxan toxumlarını götürürəm, əkilmək vaxtıdır, – deyə baba toxumları yığıb aşağı düşməyə hazırlaşdı.

Arif heç bir söz demədi. Aşağı düşüb evə keçdi. Süfrəyə oturdu. Çörək yeyə-yeyə fikirləşirdi. Anası onun fikirli olduğunu görüb soruşdu:

–Arif, məktəbdə bir şey olmayıb ki? Niyə fikirlisən?

–Heç... – deyə Arif gözlərini zillədiyi nöqtədən ayırdı.

Arif çörəyini könülsüz yeyib qalxdı. Pəncərənin önündə dayandı. Gözlərinin qabağına keçən il babasının əkdiyi günəbaxanlar gəldi. Babası içəri otaqda uzanmışdı. Arif babasına yaxınlaşıb soruşdu:

–Baba, toxumları nə vaxt əkəcəksən?

–Əkəcəyəm, bala, əkəcəyəm, – deyə baba o biri böyrü üstə çevrildi.

Arif həyətə çıxdı. Günəbaxan toxumları səkinin qırağında idi, "Yəqin baba yorğundur, qoy dincəlsin. O, durana kimi toxumları əkib qurtararam" fikri ilə beli götürüb torpağı yumşaltdı. Yer hazırladı. Düzəltdiyi nova su tökdü. Torpaq suyu özünə çəkdi. Arif bir ovuc toxum götürüb bir–birindən aralı basdırmağa başladı. İşini görüb qurtarandan sonra beli aparıb yerinə qoydu. Əllərini yuyanda babasının səsini eşitdi:

–Neyləyirsən, bala?

–Əkib qurtardım, baba, – Arif öz işindən razı halda cavab verdi.

Baba təəssüflə ona baxıb başını tərpətdi:

–Ay bala, adam özbaşına iş görməz. Toxumu necə gəldi torpağa basdırmazlar.

Arif pərt halda babasına yaxınlaşdı, özünə bəraət qazandırmaq üçün dedi:

– Baba, axı sən keçən il basdıranda görmüşdüm. Ona görə də...

Arif babasının üzünə baxdı və səhvinin nədə oldu­ğu­nu anlamağa çalışdı. Baba daha heç bir söz de­mə­di. Səkinin kə­narında qalan toxumları götürüb, divardibi köl­gəlikdəki stolun üstünə qoydu, özü də skamyada əyləşdi. To­xumların irilərini ayrıb yığmağa başladı. Hələ də pərt hal­da onun hərəkətlərini ızləyən Arifə baxıb dedi:

–Get, bir banka gətir.

Arif heç bir söz demədən evə keçib bir banka gətirdi. Baba toxumları bankaya yığdı və Arifə verib dedi:

–Get, bunun üstünə su tök.

Arif bankanı ağzına kimi doldurub gətirəndə baba yenə də başını buladı:

–Ay bala, sizə məktəbdə bitkilərdən heç bir şey öyrətmirlər? – deyib ayağa qalxdı və bankanın suyundan boşaltdı.

Arif heç bir söz demədi. İçəri otağa keçib gizlicə botanika kitabını açdı. "Toxumların cücərmə şəraiti" bəh­sin­dəki təcrübələri oxudu:"...İki stəkan götürək. Bunlardan hərəsinə azca toxum tökək. Birinci stəkana ağzına kimi su dolduraq. İkinci stəkana isə ancaq toxumların islanması üçün kifayət edəcək qədər su tökək. Stəkanları şüşə ilə örtüb isti yerə qoyaq. 3-4 gündən sonra içəri–sində az su olan stəkandakı toxumlar cücərəcəkdir. Ağzına kimi su doldurulmuş stəkandakı toxumlar isə şişəcək, lakin cücərməyəcək və çürüyəcəkdir..." Arif kitabı örtüb kefsiz halda divanda uzandı.

Bir neçə gündən sonra baba cücərmiş toxumları əkmək istədi. Nədənsə Arifın əkdiyi sahəyə dəymədi. Həyətin o biri tərəfində yer düzəldib toxumları basdırdı. Arif məktəbdən gəlib babasının bu işindən razı qaldı və sevinclə öz sahəsini suladı. "Bitəcək, hamısı bitəcək. Onsuz da mən tez–tez sulayacağam. Nə fərqi, bankada, ya torpaqda. Torpaqda daha yaxşı bitməlidir", –deyə öz–özünə təsəlli verdi.

 

***

 

Arif dostu Cavidlə qiymət cədvəllərini alıb məktəb­dən çıxdılar. Cavid dostunun kefsiz olduğunu hiss edib soruşdu:

– Arif, niyə qəmginsən? Sən gərək hamıdan çox sevinəsən ki, əlaçısan.

Arif dərindən köks ötürdü, babasının sözlərini xatırladı və dedi:

–Nə olsun ki, əlaçıyam. Babam heç məktəbdə oxu­ma­yıb, amma məndən çox bilir. Onun əkdiyi günə­ba­xanlar hamısı yaxşı bitdi. Amma mənim əkdiklərim... – Arif təəssüflə başını buladı.

Cavidin dərdi təzələndi, yazıq-yazıq dilləndi:

–Hə, elə mənım əkdiyim qarğıdalılar də yaxşı bitmədi...

Dostlar bir müddət susdular. Birdən Arif dostunun qolundan tutdu, dedi:

– Cavid, bilirsən nə var? Gəl, biz bu yay tətilində heç yerə getməyək. Botanikanı tamam öyrənək. Nəyi bilməsək, babam öyrədər,

–Sonra? –deyə Cavid təəccüblə onun üzünə baxdı.

– Sonra... sonra gələn il günəbaxan da əkərik, qarğıdalı da...

Dostlar razılaşdılar. Yay tətili başlayırdı.

 

İyul, 1987.

 

KÖLGƏSEVƏN GÜL KOLU

 

Günlərin bir günü Zahidin atası bazardan xeyli şitil alıb gətirdi.

–Ata, bunlar nədir? – deyə Zahid marağını giziədə bilmədi.

Atası şitilləri kölgəli yerə qoyub dedi:

–Bunlar pomidor və bibər şitilləridir. Zahid sual dolu nəzərlərlə atasını süzdü və soruşdu:

–Bunları neyləyəcəksən?

–Əkəcəyəm, oğlum. Onlardan pomidor, bibər bitəcək, sən də onları yeyəcəksən.

–Atası beli götürüb heyətin ortasında lək düzəltməyə başladı.

Zahid atasının gördüyü işə maraqla tamaşa edirdi. Artıq yer hazır idi. Ata şitilləri basdırıb qurtarana yaxın Zahid dedi:

–Ata, mənə də bir neçə şitil ver.

–Harada əkəcəksən? – deyə ata gülümsünüb soruşdu.

–Mənim orada yerim var. – Zahid barmağı ilə səkinin altındakı divardibi sahəni göstərdi. O, həmişə orada "ev" tikər, xırda daşlardan hasar çəkərdi. Sonra ağaclardan xırda budaqlar qırıb "həyətində" əkərdi.

Atası başını bulayıb:

–Yox, oğlum, orada olmaz, orada yaxşı bitməz, –dedi.

–Niyə olmur, mən əkərəm bitər! – Zahid təkid etdi.

Atası əlacsız qalıb axırıncı şitilləri ona verdi. Zahidin uçmağa qanadı yox idi. Tələsik yer düzəldib şitilləri əkdi.

Günlər keçırdi. Atası şitilləri sulayan vaxt Zahid də öz "bostan"ını sulayırdı. Həyətdəki şitillər böyüyüb budaqlandılar, onlarda xırda güllər açdı. Amma Zahidin şitilləri heç bir dənə də olsun gül vermədi. Həyətdəki şitil­lər­də pomidorlar qızaranda, Zahid daha dözmədi. Saralmış şitilləri çıxarıb atdı. Amma həmişəlik yadında saxladı ki, o yerdə şitil əkmək olmaz. Nə qədər fikirləş­disə, səbəbini aydınlaşdıra bilmədi, soruşmağa da utandı.

Bir gün babası rayondan onlara qonaq gəldi. Gələndə özü ilə qəşəng gül kolları gətirmişdi. Özü də demişdi ki, kolları axşamüstü əkəcək. Zahid səbirsizliklə günəşin batmasını gözləyirdi. Nəhayət, baba beli əlinə götürüb həyətə düşdü. Zahidin özünə "ev" tikdiyi divarın dibində yer düzəltməyə başladı. Zahid tez özünü çatdırıb haray saldı:

–Baba, orada yox! Orada yox! Orada bitməyəcək!

Babası təəccüblə ona baxdı:

–Niyə bitmir, ay bala?

–Bitməyəcək! O vaxt mən ora şitil əkdım, bitmədi. Baba, özü də tez-tez sulayırdım. Bax, orada ata da həmin şitillərdən əkmişdi, hamısı bitdi. Gəl, gül kollarını da orada əkək, –deyə Zahid həyətin ortasını göstərdi.

Baba bir qədər fikirləşib soruşdu:

–Yaxşı, siz nə əkmişdiniz?

– Pomidor, bibər şitilləri əkmişdik, – deyə Zahid cavab verdi.

Baba belini dikəltdi, belin sapına söykənib gülüm­sə­di və dedi:

–Oğlum, yadında saxla, bitkilər müxtəlif olur. Elə bit­kilər var ki, onlar işığı çox sevirlər. Belə bitkiləri kölgədə əkmək olmaz. Bax, sizin əkdiyiniz pomidor və bibər şitilləri belə bitkilərdəndir. Onları günəşin bol işıq saldığı yerdə əkmək lazımdır. Amma bu gül kolu kölgəsevən bitkidir. Onu həyətin ortasında əksək, bitməz. Ona görə də burada, divar dibində əkirəm. Hə, indi başa düşdün ki, sənin şitillərin niyə yaxşı bitməyib?

Zahid indi hər şeyi başa düşdü. "Nə yaxşı ki, kölgə­sevən gül kolunu gətirdin, baba, yoxsa bunu bilmə­yə­cəkdim" düşündü və minnətdalıqla babasına baxdı.

 

May, 1987.

ZOOLOGİYA

 

 

 

 


ƏNBƏR

 

Arzunun işləri düz gətirmədiyindən son günlər hər bir şey onu darıxdırırdı. Heç dərsdə də otura bilmirdi. Özünü məcbur eləsə də qərarsız idi. Budur, zəng çalındı. Dərs onurğalılar zoologiyasın­dan idi. İndi Rəşid müəllim gələcək­di. Nədənsə Arzu heç bu zoologiyanı sevə bil­mir­di. Biologiya fakültə­sinə təsadüfi gəlsə də, bir çox fənləri həvəs­lə oxuyurdu. Amma bircə bu zoologiya olmayaydı.

Rəşid müəllim gəldi. Keçən mühazirədən bir neçə cümlə deyib bugünkü dərslə əlaqələndirdi və yeni dərsə başladı. Hələ də balıqlar sinfində idilər. Arzunun fikri isə tamam başqa yerdə idi. Bir də onda ayıldı ki, auditoriya­da səs-küy var. Mə'lum oldu ki, Rəşid müəllim naqqa balı­ğın­dan danışır. Naqqanın beynində olan ətirli maddə­nin ənbər olması ilə bağlı mübahisə gedir. Ələmdar deyir:

–Müəllim, o düzdür ki, Naqqa qarnında Yunis pey­ğəm­bəri qoruyub saxladığı üçün, Allah, onun ifrazatı­nı ənbər etmişdir?

Rəşid müəllim bir qədər fikirləşib dedi:

–Dünyada qəribə işlər olur. Amma heyvanlar, o cümlədən balıqlar insanlardan çox-çox əvvəl yaranmışlar.

Nizami söhbətə qarışdı:

–Müəllim, klassik şeirdə şairlərin əksəriy­yəti bu məsə­ləyə müraciət etmiş, Allahın mərhəmətindən, insan­ların xeyirxahlığından danışarkən, bunu rəmzi mənada işlət­miş­lər.

Tacəddin əlavə etdi:

–Qur’ani-Kərimdə də bu barədə rəvayətlər vardır.

Rəşid müəllim dərsdən kənarlanmaya yol ver­mə­mək üçün söhbətə son qoymaq istədi. Amma tələbələrin söz­ləri­ni də qəribçiliyə salmaq istəmədiyindən özü də güzəş­tə getdi və dedi:

–Arxeoloji qazıntılar zamanı eramızdan əvvəl yaşa­mış in­sanların məskənləri aşkar edilmişdir. Bu zaman ar­xeo­loq­lar ənbər qoxusu verən bir dəsmal tapmışlar. Neçə min il keçməsinə baxmayaraq, ənbər öz qoxu keyfiyyəti­ni qoru­yub saxlayıbmış.

Ayaz dedi:

–Deyirlər ki, ənbərlər də müxtəlif keyfiy­yətdə olur. Nəsirəd­din Tusi «Tənsuqnameyi–Elxani və ya Cəva­hir­namə» adlı əsərində yazır ki, ənbərin keyfiyyətini yoxlamaq üçün şüşəni odda qızdırırlar, ənbəri onun üstünə tökürlər. Əgər ənbər qoxusu gələrsə, deməli xa­lis ənbərdir. Qoxusunu itiribsə, deməli qarışığı var­dır. Əgər ənbər yağ kimi tamami­lə əriyirsə, deməli keyfiyyətlidir, tamam əriməzsə, keyfiy­yətsiz hesab olu­nur.

Cəsur dedi:

–Müəllim, indi də ənbər istehsal edilirmi?

Rəşid müəllim cavab verdi:

–İndi ondan fransızlar istifadə edirlər, «Klima» adlı ətir istehsal edirlər. Özü də həmin ətirin tərkibini və isteh­sal texnikasını gizli saxlayırlar. Ola bilsin ki, haradasa kor–təbii şəkildə keçmiş üsulla da ənbər alırlar.

Arzu bir anlıq düşkün fikirlərindən ayrılmışdı. Sən demə zoologiyada da maraqlı şeylər var imiş, deyə düşünürdü. Rəşid müəllim isə yenə də əvvəlki qayda üzrə mühazirə oxuyurdu.

2001


QAŞQA

 

Xalidin qəşəng bir inəyi var idi. Hər səhər onu naxıra qatardılar. Axşam naxır axura dönəndə Xalid qapının ağzını kəsdirər, səhər yola saldığı dostunu qarşılayardı. İnək uzaqdan Xalidi görən kimi quyruğunu dolandırıb yerişini sürətləndirər, düz gəlib qapıda dayanardı. Xalid onu tumarlar, tövlənin qapısını açıb yerinə ötürərdi. Xalidin inəyi, doğrudan da, tərifəlayiq heyvan idi. Bır ailənin süd–qatığını artıqlaması ilə verirdi, hətta qonşulara da pay çatırdı.

Günlərin bir günü inək azarladı. Xalid nə qədər ağladısa da, onun göz yaşları inəyi ölümün pəncəsindən xilas edə bilmədi.

 

***

 

Günlər keçir, Xalid isə əvvəlki adətindən əl çəkmirdi. Hər səhər inəklər naxıra gedən vaxt qapının ağzında da­ya­nıb xəyalən dostunu yola salır və axşamlar da qarşı­layırdı. Hər axşam ona elə gəlirdi ki, Qaşqa qayıdacaq.

Zahir əmi hər bazar günü evdən inək almaq adı ilə çıxır, amma evə inəksiz qayıdırdı. Xalidin anası hər dəfə deyinirdi. Bu dəfə də "Uşaq dərdə düşəcək, bir inək nədir ki, neçə bazardır gedirsən, ala bilmirsən. Bu bazar özüm gedəcəyəm", –deyə əsəbi halda deyindi.

Bazar günü Zahir əmi Xalidi də özü ilə mal–qara satıian yerə apardı. Hər bir inəyin yanından keçəndə Zahir əmi onu diqqətlə gözdən keçirir, "yox, bu yaxşı deyil", "yox, bu yaramaz", –deyə dodaqaltı mızıldanırdı. Xalid atasının bu işindən heç cür baş açmırdı. Artıq bütün meydanı dolanmışdılar.

–Yox, deyəsən, bu dəfə də boş qayıtmalı olacağıq, –atası Xalidin üzünə baxdı. Amma onun gözlərinin dərinliyində kədərqarışıq təəssüfü görüb, –bir də dolanaq, bəlkə tapdıq, –deyə fikrini dəyişdi.

Bu vaxt bir kişinin inəyin ipindən tutub onlara tərəf gəldiyini gördülər, Zahir əmi tez irəli keçdi. Diqqətlə inəyi nəzərdən keçirdi. Xalidə tərəf dönüb sevinclə:

–Tapdıq, oğlum, tapdıq, – deyə əlini inəyin başına çəkdi.

İnək həqiqətən də gözəl idi. Qəşəng, iri gözləri var idi. Alış–verişdən sonra Zahir əmi inəyin ipindən çəkə–çəkə evə gətirdi. Yol boyu Xalidi fikir götürmüşdü: "Görəsən, atam nədən bilirdi ki, bu inək yaxşıdır?" Evə gəlib çatanda adəti üzrə Xalid qapını açdı. İnəyi hələlik həyətdəki dirəyə bağladılar. İnək alındığı üçün ata da, ana da sevinirdilər. Amma nədənsə Xalidin üzündəki tutqun ifadə hələ də çəkilməmişdi. Onlar bir–birilərinə baxıb çiyinlərini çəkdilər. Xalid isə hələ də düşünürdü.

–Oğul, nə fikirləşirsən, olmaya inək xoşuna gəlmir? –Atası sual dolu nəzərlərlə oğlunu süzdü, onun fikrini bilməyə çalışdı.

Xalid fıkirdən ayrılıb atasına tərəf döndü və soruşdu:

–Ata, sən nədən bilirsən ki, bu yaxşı inəkdir?

Zahir əmi gülümsünüb cavab verdi:

– Oğlum, yadında saxla, yaxşı süd verən inəklərin bədən quruluşu da gözəl olur. Onların geniş, dartılmış qarınları, enli çanaq sümüyü, təmiz dərisi, qəşəng buynuzları, dərin köks qəfəsləri olur. Gözləri çox iri, baxışları parlaq olur. Bütün bu əlamətlər bizim aldığımız inəkdə vardır.

Xalid sakitcə inəyə yaxınlaşdı. Onu diqqətlə gözdən keçirdi. Birdən bu inəklə öz "Qaşqa"sı arasında bir oxşarlıq gördü. Elə bil dünyanı ona bağışladılar. Sanki onun "Qaşqa"sı qayıtmışdı...

Avqust, 1988.


ALA KEÇİ NİYƏ ÖLDÜ

 

Bəxtiyargilin çoxlu qoyunları və bir keçiləri var idi. Bəxtiyar bütün heyvanları sevirdi. Amma Ala keçi onun ən sevimlisi idi.

Bəxtiyar həmişə heyvanları evlərinin arxasın­da­kı otlaqda otarardı.

Günlərin bir günü Bəxtiyar qardaşı Etibarı da özü ilə otlağa apardı. Heyvanları otlağa buraxıb, özləri göy otun üstündə uzandılar. Qoyunlar otlaya–otlaya xeyli uzağa getdilər. Bir müddətdən sonra Bəxtiyar ayağa qalxıb qoyunları hayladı. Qoyunlardan ikisi Ala keçi ilə birlikdə qayalığı adlayıb o biri sahəyə keçmişdi. Uşaqlar hey­vanları geri qaytardılar. Xeyli keçəndən sonra Ala keçinin vəziyyəti pisləşdi. Bəxtiyargil heyvanları haylayıb evə döndülər. Axşam atası evə gələndə artıq Ala keçi yerdə uzanmışdı. Bəxtiyar onu tumarlayır və ağlamağını güclə saxlayırdı. Əhvalatdan xəbərdar olan ata başını bulayıb Bəxtiyarın üzünə baxdı, təəssüflə:

–Yəqin zəhərlənib. Heyf... –dedi.

–Zəhərlənib? Axı nədən zəhərlənə bilər? –Bəxtiyar yazıq–yazıq dilləndi.

–Görəsən, nə yeyib, –atası daha danışmadı.

Günlər keçirdi. Lakin Bəxtiyar Ala keçinin ölümünü heç cürə unuda bilmirdi. "Axı o, nədən ölə bilərdi?", – elə hey öz–özündən soruşurdu. O günü xatırlayır, ölümün sə­bəbini anlamaq istəyirdi, amma heç bir suala cavab tapa bilmirdi. Kimdən soruşsun, kimdən öyrənsin? Bilmirdi...

Bir gün onlar yığışıb böyük əmisi Fərruxgilə getdilər. Hamı oturub deyib–gülür, yeyib-içirdi. Amma Bəxtiyarın eyni açılmırdı. Fərrux əmi bunu hiss edib ona yaxınlaşdı, başını sığallayıb nəvazişlə soruşdu:

–Oğlum, niyə belə bikefsən?

–Heç, –deyə Bəxtiyar ağızucu cavab verdi.

–Bəxtiyarın Ala keçisi getdi, –deyə atası qardaşının nigarançılığına son qoymaq üçün dilləndi.

–Hara getdi? – Fərrux əmi təəccüblə qardaşına baxdı.

–Nə bilim, nədənsə zəhərləndi, otlaqdan gələndən sonra başını yerə qoydu.

Fərrux əmi bir qədər fikirləşib üzünü Bəxtiyara tutdu:

–Oğlıım, sən heyvanları harada otarırsan?

–Həmişə evin arxasındakı sahəyə aparıram. Ancaq... –Bəxtiyar sanki indi xatırladı ki, Ala keçi iki qoyun ilə o biri sahəyə keçmişdi.

–Nə ancaq? –Fərrux əmi onun fikrini tutmaq istədi.

–O gün Ala keçi iki qoyun ilə o biri sahəyə keçmişdi.

–O qayalığın arxasındakı sahəyə? –Fərrux əmi sanki həmin sahə evin böyründəymış kimi əlini yana uzadıb soruşdu.

–Hə, o sahəyə, –deyib Bəxtiyar nəsə yeni bir şey eşidəcəkmiş kimi dikəlib maraq və intizarla əmisinə baxdı.

–Hə... o sahədə dəmirovotu çoxdur, yəqin ondan zəhərlənib. –Fərrux əmi təəssüflə başını tərpətdı.

– Bəs qoyunlar? Qoyunlar niyə zəhərlənməyib? –Bəxtiyar yenə də təslim olmaq istəmədi və əmisinin cavabmı səbirsizliklə gözlədi.

Fərrux əmi ani sükutdan sonra Bəxtiyara baxıb danışmağa başladı:

–Oğlum, elə bitkilər var ki, bütün heyvanlar üçün zəhərlidir. Amma bəzi bitkilər ancaq müəyyən heyvanlara zəhərli təsir göstərir. Həm də ki, müxtəlif heyvanlar müxtəlif bitki zəhərlərinə qarşı müxtəlif dözümdə olurlar. Qoyun keçiyə nisbətən zəhərə qarşı çox dözümlü heyvandır. Heyvanları otlağa aparanda fikir vermək lazımdır. Həm gərək bitkiləri yaxşı tanıyasan, həm də hansı sahədə hansı bitkilərin bitdiyini biləsən.

–Bəs qoyunlar üçün hansı bitkilər daha çox zəhərli­dir? – Qoyunlarını gözü önünə gətirən Bəxtiyar yenə də sual verdi.

Qoyunlar üçün danaqıran, südləyən, mahmızçiçək, qaymaqçiçəyi və s. bitkilər çox zəhərlidir. Bundan sonra ehtiyatlı ol, – deyə Fərrux əmi söhbətə yekun vurdu və tamam başqa mövzuya keçdi.

Atası ilə əmisi danışırdılar, amma Bəxtiyar heç nə eşitmirdi. Onun fikri həmin günə, həmin sahəyə getmişdi. Sən demə, bu neçə vaxtda axtardığı günahkar özü imiş...

 

Oktyabr, 1987.

 


 

ANATOMİYA

 

 

 

 


SAĞLAMLIQ

 

Qızmar avqust günəşi adamı yandırırdı. Ülviyyə yandırıcı qumun üstündə o tənəkdən bu tənəyə keçir, yetişmiş şirəli, iri giləli üzümləri dərirdi. Bu vaxt evdə hay–küy düşdü. Ülviyyə qulaq verdi. Səslərindən gələnləri tanıdı. Şəhərdə yaşayan xalası Mətanət qızı Çinarə ilə gəlmişdi. Ülviyyə evə qaçdı. Onlarla qucaqlaşıb görüşdü. Mətanət xala onun üzündən öpüb dedi:

–Ay Ülviyyə, nə yaman qaralmısan?

–Nənəm deyir ki, qaralmaq sağlamlıqdır, –deyə Ülviyyə hazırcavablıq etdi.

–Sağlamlıq! Sağlamlığa bax, lap Qaraca qıza oxşayırsan, –deyə Çinarə dodağını büzdü.

Ülviyyə xalası qızının istehzalı danışığından incisə də, üstünü vurmadı. Bilirdi ki, Çinarənin ədası çoxdur. İnsafən ədasına dəyərdi də. Çinarə olduqca gözəl, cazibədar qız idi.

Anası səbəti Ülviyyəyə verib dedi;

–Qızım, get meyvə yığ gətir. Ülviyyə səbəti götürüb Çinarəyə baxdı:

–Bəlkə birlikdə gedək? – Çinarənin gözlərini süzdür­düyünü görüb əlavə etdi:

–Getmə, Ağca xanım, qaralarsan... Çinarə sərt baxışlarla Ülviyyənin arxasınca baxdı. Nənəsi yaxınlaşıb onun saçlarını oxşadı:

–Qızım, gün altında qaralmaqdan qorxmaq lazım deyil. Günəş sağlamlıqdır. Siz öyrənmisiniz şəhərdə quşxana evlərə. Nə günəş görürsünüz, nə hava. Elə ona görə də qışda tez–tez xəstələnirsiniz. Ülviyyə isə il boyu xəstəliyin nə olduğunu bilmir. Qorxma, qızım, get sən də bağda gəz. Qoy bir ayağın isti torpağa dəysin. Rəhmətlik nənəm deyərdi ki, ayağın altında çoxlu nöqtələr olur. Ayaqyalın isti qum üstündə gəzəndə qum dənələri o nöqtələr ilə bütün bədənə təsir edir. Get, bala, get!

Çinarə nənəsinin sözündən ürəkləndi. Ayağını qumun üstünə qoydu. Birdən:

–Oyy, yandım, –deyə qışqırıb geri qaçdı. Bu vaxt əlində meyvə dolu səbət tutmuş Ülviyyənin qəhqəhəsi bağ boyu əks–səda verdi:

–Hə, Ağca xanım, necəsən, isti qum xoşuna gəlir?

Çinarə pərt oldu. Gözləri doldu. Ağlamaqdan özünü zorla saxladı. Xalası onun könlünü almaq üçün qızına acıqlandı:

–Ülviyyə, bəsdir. Tez ol, meyvələri yu, gətir!

 

***

 

Qışın oğlan çağı idi. Qış tətilində Ülviyyə Çinarəgilə qonaq gəlmişdi. Gözəl qar yağmışdı. Həyətin bütün uşaqları qartopu oynayırdılar. Ülviyyə ilə Çinarə də geyinib aşağı düşdülər. Gözəl oyun gedirdi. Ülviyyə özündən böyük uşaqları belə qar topasına tuturdu. Çinarə isə bir kənara çəkilib özünü müdafıə edirdi. Bir–ıki qartopudan sonra yazıq–yazıq dilləndi:

–Mənə soyuqdur, gedirəm evə. Çinarə evə gələndə anası gülümsədi:

– Hə, nə oldu, dözə bilmədin? Ülviyyəyə bax! Görür­sən, yayda istiyə dözə bilməyin qışda qara, şaxtaya dözə bilməyi var!..

Ülviyyə qaranlıq düşənəcən oynadı. Çinarə isə pəncərədən həsrət-həsrət uşaqların oyununa baxırdı. Hərdənbir dərindən köks ötürürdü.

Ülviyyə içəri girib üst–başını çırpdı.

– Hə, necəsən, Ağca xanım? – deyə xalası qızına sataşdı...

***

Hamı süfrə başında çay içə-içə söhbət edirdi. Birdən Çinarə dedi:

–Ana, mən yay tətilini bağda keçirəcəyəm...

–Doğrudan? Urra-a-a! – deyə Ülviyyə sevincindən əl çaldı.

 

Fevral, 1987.

 

 

KƏLƏK BAŞ TUTMADI

 

Rufad evdən bir az tez çıxdı. Dostu Rasim onu göz­ləyirdi. Vədələşdikləri yerdə görüşdülər. Plan əvvəlki kimi qalırdı. Üçüncü dərsdən sonra bir bəhanə ilə aradan çıxmalı, dəmir yolu stansiyasında görüşməli idilər. Sonra birlikdə qatara əyləşib bağa gedəcəkdilər. Uşaqlar onları bağda gözləyəcəkdilər.

Rufad xudahafızləşəndə Rasim bir daha ona­ xa­tır­latdı:

–Gecikmə ha, üçüncü dərsdən sonra mütləq çıx. Yoxsa çatmarıq, badam əldən çıxar. Uşaqlar gözləyə­cəklər ha...

Rufad üçüncü dərsdə başını partanın üstünə qoyub özünü xəstəliyə vurdu. Parta yoldaşı Əhməd onu dümsüklədi:

–Nə olub sənə? Özünü pis hiss edirsən?

–Hə, ürəyim ağrıyır, – Rufad başnı qaldırmadan cavab verdi.

–Səhərdən yaxşıydın ki... Nə oldu birdən–birə sənə? –Əhməd nigaran qaldı.

Tənəffüsdə Rufad sinifdən çıxmadı. Artıq hamı bilirdi ki, Rufadın ürəyi ağrıyır. Elnur isə onun fırıldağından xəbəri varmış kimi söz atdı:

– Sən dedin, biz də inandıq. Yəqin yenə dərsdən qaçmaq fikrin var...

Rufad istədi durub onun cavabını versin, amma işin pozulacağından çəkinib dinmədi. Elnur isə əl çəkmək istəmirdi. Həmişə bir bəhanə ilə aradan çıxan, sinfin göstəricilərini daım aşağı salan səhlənkarın, intizamsızın paxırını açmaq istəyirdi. Amma zəngin çalınması onu fikrindən daşındırdı.

Dərs başlayanda Nuriyyə müəllimə Rufadı belə görüb soruşdu:

– Ay bala, başını qaldır görüm, sənə nə olub?

Rufad başını qaldırıb müəlliməyə baxdı. Əhməd dilləndi:

–Müəllimə, onun ürəyi ağrıyır.

– Qalx ayağa görüm, haran ağrıyır? – Müəllimə qayğıkeşliklə soruşdu.

– Ürəyim ağrıyır. –Rufad əlini sağ döşünün üstünə qoyub zəif səslə dedi.

Bu vaxt Elnur pıqqıldayıb güldü və tez də gülməyini kəsib, qaşlarını çatdı. Zənnlə Rufadın düz gözünün içinə baxıb, ciddi tərzdə soruşdu:

–Heç sağ tərəfdə də ürək olur?

–Doğrudan ha... – bayaqdan yoldaşının halına acıyan Əhməd təəccüblə səsləndi.

– Nə bilirsiniz, bəlkə Rufadın ürəyi sağdadır, – Ziyad söz atdı.

Bütün sinif qəhqəhə çəkib güldü. Nuriyyə müəllimə uşaqları birtəhər sakitləşdirdi. Təəssüflə pərt olmuş Rufada baxıb başını buladı və dedi:

–Otur, Rufad, intizamsızlığın, çoxlu dərs buraxmağın nəticəsi budur, ürəyin yerini səhv salırsan.

Rufad ağır daş parçası kimi partaya çökdü. Kələk baş tutmadı. Uşaqların fıkri Nuriyyə müəlliməyə yönəldi. Rufadın fikri isə badam oğurluğuna gedəcək uşaqların yanında idi.

 

Sentyabr, 1986.


 

ƏDƏBİYYAT

 

 

 

 


MƏKTƏBDƏ GÖRÜŞ

 

Bir aydan artıq idi ki, Maştağa qəsəbəsindəki 209 nömrəli məktəbdə hazırlıq gedirdi. Məktəbin bu dəfəki qonağı Xalq şairi Rəsul Rza olmalıydı. Şagirdlər şairin şeirlərini həvəslə əzbərləyir, satirik şeirlərdən səhnəciklər düzəldirdilər. Məşqlər müntəzəm gedirdi. Hamı bu təd­birin daha yüksək səviyyədə keçməsi üçün çalışırdı. Görüş gününü intizarla gözləyən müəllim və şagird kollektivi hətta məktəbin dəhlizlərinin təmizliyinə də, həyətin sə­liqə–səhmanına da xüsusi diqqət verirdilər. Hər şey göz oxşayan, könül açan olmalıydı. Zarafat deyildi, məktəbə Rəsul Rza gələcəkdi. Məktəbin direktoru Həsən müəllim şair haqqında o qədər gözəl fikirlər söyləmişdi ki, hər kəs öz–özlüyündə öz Rəsul Rzasını yaratmışdı. Sadəcə bu xəyalların həqiqət olacağı günü gözləyirdilər. O günə beşcə gün qalırdı…

Həsən müəllim hər şeyin qaydasında olduğunu də­qiq­ləşdirəndən sonra Rəsul Rza ilə görüşmək üçün ensik­­­­­lopediyaya gəldi. İlkin qarşısına çıxanlarla sevincini bö­­lüş­­­mək istərkən, onun ümidlərini alt-üst etdilər. Biri dedi:

-Gərək əvvəldən özü ilə məsləhətləşəydin, onun görüşə getməyə vaxtı var?

Bir başqası:

-Bu, heç cür mümkün olan iş deyil, üç-dörd gün vaxt qalıb, gəlmisiniz ki, uşaqlar hazırlaşıb, hər şey hazırdır, Rəsul müəllimi çağırmaq istəyirəm. Bu Rəsul Rzadır e, bunu bir az əvvəldən gələydiz, məsləhət eləyəydiz, əvvəl razılığını alaydız, sonra gedib uşaqları hazırlaşdıraydız. Yox, bu, baş tutan iş deyil. Kişinin işi başından aşır, – deyə lap kökündən baltaladı.

Həsən müəllim bir qədər tərəddüddən sonra Rəsul Rza oturan otağın qapısını döydü. Rəsul Rza onu sakit qarşıladı və təmkinlə gəlişinin səbəbini soruşdu. Həsən müəllim dedi:

-Rəsul müəllim, mən bir səhv eləmişəm, gəlmişəm ki, siz onu düzəldəsiniz.

Rəsul Rza təəccüb və həm də maraqla ona baxdı. Həsən müəllim əhvalatı danışdı. Rəsul Rza onu dinləyib dedi:

-Deməli, uşaqlara deyibsiniz ki, mənimlə görüş olacaq, –dedi və Həsən müəllimin onun nə deyəcəyini intizarla gözləyən nigaran gözlərinə baxdı, gözlənilmədən əlavə etdi: – daha demisiz də, uşağı aldatmaq olmaz ki. Gedin, həmin gün dediyiniz saatda mən sizin məktəbdə olacağam.

Həsən müəllim otaqdan çıxanda uşaq kimi sevinirdi, dəhlizdə dediklərinin nəticəsini gözləyən insanların yanından keçəndə üzündəki ifadə dəyişdi. “Şükür sənə, İlahi, nə yaxşı ki, belə böyük ürəkli insanları yaratmısan, yoxsa, bu xırda–para adamların əlində bu dünya necə olardı?” – deyə özlüyündə düşündü, lakin Rəsul Rzanın dediyini xatırlayıb gülümsündü və o anda da o xırdalar gözündə kiçilib–kiçilib, nəhayət, yox oldular. Ona elə gəldi ki, dünya ancaq böyüklərin üzünə yaşayır. Nə yaxşı ki, bu dünyada böyüklər var…

 

***

 

Tədbir olduqca gözəl, hamının düşündüyündən da­ha yüksək səviyyədə keçdi. Xüsusən oynanılan səhnə­ciklər, Rəsul Rzanın “Sabirsayağı” şeirlərindən “Necədir” rədifli satiranın səhnəsi şairin çox xoşuna gəldi. Tədbir­dən sonra süfrə başında maraqlı söhbət getdi. Maş­ta­ğa­nın kiçik bir kənd məktəbində bu cür səviyyənin, belə istedadlı uşaqların olması şairi çox sevindirmişdi. Həsən müəllim şairin təşəkkürlərindən məmnun halda dedi:

-Rəsul müəllim, bir dəfə bir tədbir hazırlayaq, Nigar xanımı da, Anarı da dəvət edək, üçünüzün yaradıcılığınıza həsr olunmuş bir gecə keçirək.

Rəsul Rza razılıqla dilləndi:

-Nə olar, biz hazır, nə vaxt desəz, gələrik…

Amma o zaman olmadı. O görüş baş tutmadı. Çünki az sonra Rəsul Rza da, Nigar Rəfibəyli də dünyalarını də­yiş­dilər. O zamandan illər keçib. Məktəbdə hər il müxtəlif təd­birlər keçirilib, amma hər dəfə bir şairlə görüş olanda Həsən müəllim Rəsul Rzanı xatırlayır. Kim bilir, bəlkə də haçansa bu məktəbdə bir ocaqdan od götürən üç yaradıcı ziyalının yaradıcılığına həsr olunmuş təlbir keçiriləcək…

 

2003

 

 

ÖLÜMÜN ÖLDÜRƏ BİLMƏDİYİ SEVGİ

 

Gəlimli–gedimli dünyanın, bir ucu ölümlü dünyanın qanunlarını pozmaq qüdrətinə malik olmayan hər bir insan üçün qaçılmaz bir həqiqətdir ölüm. Nə qocaya, nə cavana, nə yaxşıya, nə pisə baxmayan bu varlıq haqq işi olsa da, gəldiyi anda insanların dərk etmədiyindənmi bağışlaya bilmədiyi, ya sadəcə dəhşətindənmi qəbul edə bilmədiyi bir həqiqətdir ölüm. Bir gün hamının qapısını döyməyə ixtiyarı çatan yeganə varlıqdır, amma Allahın hökmü ilə, haqqın çağrışı ilə gələn bir varlıqdır ölüm. Niyə tez, niyə gec gəldiyini də və nəyə görə gəldiyini də heç kəsin tam mənada anlaya bilmədiyi bir gəlişdir ölüm, həm də müəmmalı bir gedişdir ölüm…

Bir gün ölüm Rəsul Rzanın qapısını döydü. Qapını Nigar xanım açdı. Ölüm baxdı, hansı bir qüvvəsə onu geri çağırdı. “Rəsul Nigarsız yaşaya bilməz”, –deyə düşündü ölüm və həmin anda Mərdəkana getdi. Qapını Rəsul açdı, ölüm yenə də baxdı, baxdı, “Nigar bəlkə də Rəsulsuz yaşaya bilər” deyə düşündü və əliboş dönmədi geri.

Həmin gün bütün Azərbaycana bir ağır itki xəbəri yayıldı, az sonra sərhədləri aşdı, bütün rəsulsevərlərin ürəyinə dağ çəkdi. Qohum da, yad da, dost da, düşmən də bildi bu xəbəri, təkcə ölümün “Rəsulsuz yaşaya bilər”, deyə düşündüyü Nigar xanımdan başqa. “Rəsulsuz bir il olan gecələr” yaşadı Nigar, Rəsulsuz xəstəxana ömründə Rəsula nəğmə də yazdı, həm sevgi dolu, həm giley dolu nəğmə və bu nəğmə bütün ürəkləri yandırdı. Rəsulsuz dünyada “Xalq şairi” adı aldı Nigar, Rəsulun adından ona çiçək dəstəsi apardı Anar. Rəsul gəlmədi, Nigar Rəsulu görə bilmədi. Amma həmişə ona elə gəldi ki, Rəsul sağdır…

Bir gün Əzizə Cəfərzadə Əzizə Əhmədova ilə birlikdə Nigar xanıma baş çəkməyə gəldi. Palatanın qapısında bir varlığı bir yoxluq xəbərindən qoruyan tibb bacısı hər gələni içəri buraxmırdı, içəri buraxdığı adamları isə başa salırdı ki, Rəsulun ölümünü Nigara hiss etdirməsinlər. Əzizə xanım içəri girəndə yazıçı Hüseyn Abbaszadəni həyat yoldaşı ilə birlikdə palatada gördü. Hal–əhval tutandan sonra ərkyana Nigar xanıma dönüb dedi:

-Bəsdir, ay Nigar, bu uşaqların ürəklərini saldın, Allaha şükür, nə olub sənə, rəngin–rufun da yerindədir. Sənə dağ keşnişi ilə bir dovğa bişirmişəm, yeyən kimi qalxacaqsan ayağa.

Nigar gülümsədi, sonra isə işarə ilə Əzizə xanımı yaxına çağırdı və qulağına pıçıldadı:

-Ay Əzizə, sən Allah, o dovğadan bir stəkan tök, qoy ora, Anar gələndə Rəsulçün aparsın.

Əzizə xanım bir an özünü itirdi. Hüseyn Abbaszadə üzünü çevirdi, nə deyəcəyini bilmədi. Bir anlıq hamı susdu, sanki zaman dayanmışdı. Gözlərdə yaş gilələn­mə­yə hazırlaşırdı, amma Əzizə xanım tez vəziyyətdən çıxış yolu tapdı və yenə də ərkyana səsini ucaltdı:

-Sən də nə Rəsul, Rəsul salmısan, burda nə var ki, onu bölüm, bir də narahat olma, səndən əvvəl Rəsulun payını çəkmişəm, Məmməd aparıb Mərdəkana.

Nigar xanımın üzündə razı ifadə görünəndə hamı dərindən nəfəs aldı. Hələ də yaşayan böyük sevginin önündə baş əyməyə hazır olan bu insanlara elə gəldi ki, Rəsul Rza doğrudan da sağdır. Nigar xanıma dovğa içirməyə hazırlşan Əzizə xanımın ürəyindən qara qanlar axırdı…

 

2003

 

 

NÖVBƏTİ MÜBAHİSƏ

 

Aygün xatirə dəftərini örtüb kənara qoyan kimi bacısı Səadət gəlib götürdü. Aygün heç nə demədi, bilirdi ki, hər dəfə bir sinif yoldaşının xatirə dəftərinə xatirə yazanda bacısı səbirsizliklə onun bitməsini gözləyir və sonra da dəftərdə sinif uşaqlarının hamısının xatirəsini oxuyur. Mütləq həmişə tanıdığı şagirdlərin, eləcə də bacısının yazdığında bir nöqsan axtarıb tapır və bununla da növbəti mübahisə üçün şərait yaradırdı.

Bayaqdan Səadət Aygünün yazıb qurtarmağını gözlədiyi kimi, indi də Aygün onun oxuyub qurtarmasını və deyəcəyi iradları gözləyirdi. Özü də bu dəfəki xatirə dəftərində olduqca gözəl suallar var idi. Aygün üçün ma­ra­qlı idi ki, bacısı onun yazdığı cavabları necə qiymət­lən­dirəcək.

Səadətin birinci iradı çox gözlənilməz oldu:

-Aygün, sənin çox sevdiyin yazıçını, şairi, müğənnini, bəstəkarı, rejissoru tanıyırdım. Yaxşı, deyək ki, Anar səninçün böyük yazıçıdır. Lap elə çoxları üçün belədir. Mənim də onun bir neçə əsərindən xoşum gəlir. Ümumiy­yətlə, bilirsən ki, mən nəsri sevmirəm, ona görə də səninlə bu barədə mübahisə eləmək istəmirəm. Amma…

Aygün bacısının çox yuxarıdan getdiyini görüb onu sancmaq istədi:

-Hə, Allah üzümə baxıb ki, belədir, bir də bilirəm, şedevr nəsr əsərlərini gələcəkdə sən yazacaqsan, ona görə də böyük yazıçıları bəyənmirsən.

Səadət əsəbiləşdi:

-Heç onda demirəm, həmişə beləsən, adamın sözünü ağzında qoyursan.

Aygün bacısının doğrudan da danışmayacağını düşünüb könlünü ələ almağa çalışdı:

-Yaxşı da, nə dedim ki, zarafat eləyirəm də… De görüm, nəyi düz yazmamışam?

Səadət bir qədər susdu. Sonra xatirə dəftərini vərəqləyib, dəftərə vurulmuş şəkillərə baxdı. Gəlib Aygünün yazısına çatanda, yenə də əvvəlki tonla dilləndi:

-Başa düşmürəm, Anar yazıçıdır, çox gözəl, daha haradan ssenarist oldu? Anarın hansı kinoları var?

Aygün bərkdən güldü və ayağa qalxıb bacısına yaxınlaşdı. Dəftəri ondan alıb siyirməyə qoydu, sonra isə üzünə baxıb sakitcə dedi:

-Sən bilirsən kino nədir?

Bacısının qaşlarının çatıldığını görüb yeni mərəkənin qopmaması üçün bacısının hörüyündən tutub oynatdı, yenə də sakitcə dedi:

-Ay Səadət, sən kinolara baxanda heç fikir verirsən ki, onun ssenarisi kimindir? Bax, sənin hansı kinolardan xoşun gəlir?

-Niyə, Azərbaycan kinolarının əksəriy­yətin­dən xoşum gəlir. Amma Anar nasirdir, onun kinoya nə dəxli var, ya kinonun ona nə dəxli var? – deyə Səadət çiyinlərini çəkdi.

Aygün bacısının kino sənəti haqqındakı təsəv­vürü­nün çox zəif olduğunu bilirdi. Səadət üçün sadəcə kino var idi, teatr var idi, daha onların necə, nə cür, hansı yollarla yaradılmasından xəbəri yox idi. Necə ki, nəsr əsərlərinin ideyası, sənətkarlığı onunçün maraqlı deyildi, sadəcə əsərdəki hadisələri izləyirdi, eləcə də kinoda onunçün olanlar var idi, ancaq olanlar…

Aygün bacısını necə başa salacağını düşünürdü, Səadət isə darıxıb ayağa qalxdı. Getmək istəyəndə Aygün soruşdu:

-Səadət, “Ötən ilin son gecəsi” filmini xatır­layır­san­mı?

-Hə, nə üçün soruşursan, bilirsən ki, mənim çox istədiyim kinodur.

-Bəs “Üzeyir ömrü”nü necə?

-Niyə soruşursan?

-Axı bunlar Anarındır, özü də sənin çox sevdiyin kinolardır.

-Doğrudan?

-Bəs “Qəm pəncərəsi”, “Təhminə”, “Hər gecə saat on birin yarısında”?

-İndi deyəcəksən ki, bunlar da Anarındır. Bəlkə mənim çox istədiyim kinoların hamısı onundur? Sən lap ağ eləyirsən. Bilirsən ki, mənim hansı kinodan xoşum gəlir, hamsını Anarın adına yazırsan.

Aygün gülə–gülə bacısının əllərindən tutub onu otaqda hərlətdi. Səadət:

-Saxla, başım hərlənir, –deyib divana oturdu.

-Aygün gülə–gülə başını yellədi:

-Səni o qədər hərlətmək lazımdır ki, başın 180 dərəcə dönsün və oradakı tərsinə fikirlər düzəlsin.

 

***

O zamandan Sadət hər dəfə kino başlamamışdan televiziyanın qarşısında oturur ki, ssenaristin, rejissorun, hətta aktyorların adlarını gözündən qaçırmasın.

 

2003

 

 

BÜ­TÖV­LÜK

 

O, hə­mi­şə kə­dər­li olur­du. Gü­lən­də də gü­lü­şü sü­ni, za­hi­ri olur­du. Bi­lir­din ki, sa­də­cə için­də­ki­ni bü­ru­zə ver­mə­mək üçün gü­lür. Çox vaxt de­yi­lən söz­lə­rə yük­sək ton­la ca­vab ve­rir­di. Bə­zən də əsə­bi­lə­şib yor­ğa­nı ba­şı­na çə­kir, hir­sin­dən ağ­la­yır­dı. Hə­mi­şə baş­qa­la­rı­nı qı­na­yır­dı. Özü­nü dan­la­ma­ğa əsas tap­mır­dı. Ya da bəxtsiz­lik­dən şi­ka­yət­lə­nir­di. "Ha­ra əli­mi atı­ram, boş çı­xır, han­sı işi baş­la­yı­ram ya­rı­da qa­lır". Ba­cı­sı ona "özün ya­rım­çıq adam­san, bəx­ti ni­yə qı­na­yır­san? Bü­töv­ləş­mək la­zım­dır", –de­yən­də is­teh­za edir­di. Ona elə gə­lir­di ki, o hər şe­yi ba­ca­rır. Bə­zən ba­ca­rır­dı da.

Bir il fi­lo­lo­gi­ya fa­kül­tə­si­nə da­xil ol­maq üçün sə­nəd ver­di, mü­sa­bi­qə­dən keç­mə­di. Son­ra oxu­maq hə­və­si­ni bo­ğa bil­mə­di­yin­dən tex­ni­ku­ma da­xil ol­maq is­tə­di. Bax­dı, ən yük­sək sa­yı­lan Mə­də­ni–ma­a­rif tex­ni­ku­mu idi, ora­nı çox­dan bi­tir­miş­di. Da­ha son­ra dü­şün­dü ki, ca­ma­at ara­sın­da tibb mək­tə­bi­ni da­ha çox qiy­mət­lən­di­rir­lər. Sə­nəd­lə­ri­ni elə bu dü­şün­cə ilə ora ver­di və qə­bul olun­du. İkin­ci se­mestr za­çot­la­rı­na ki­mi dər­sə get­di, özü də əla oxu­du. Cər­ra­hiy­yə­dən üç dərs ar­dı­cıl qal­dı­ğın­dan di­rek­to­ra şi­ka­yət get­di. Di­rek­tor ça­ğı­rıb tən­beh et­mək is­tə­yən­də­sə, elə bil­di ev­də­ki­lər­dir, hirslə­nib qa­pı­nı açıb otaq­dan çıx­dı. Son­ra­lar mü­əl­lim­lə­ri onun sa­va­dı­nı nə­zə­rə alıb ge­ri ça­ğır­dı­lar. On­lar elə dü­şü­nür­dü­lər ki, di­rek­tor da və­ziy­yə­ti ba­şa dü­şüb gü­zəş­tə ge­dər. Am­ma sən de­mə di­rek­to­run heç pe­da­qo­gi­ka­dan, tə­lə­bə psi­xo­lo­gi­ya­sın­dan ba­şı çıx­mır­mış. Nə isə bir ne­çə ay­dan son­ra əm­ri­ni ve­rib mək­təb­dən xa­ric et­di­lər. Və bir ne­çə ay­dan son­ra da hə­min di­rek­to­run da əm­ri ve­ril­di.

Bir il­dən ar­tıq bir vaxt keç­di, bir gün dü­şün­dü ki, psi­xo­lo­gi­ya fa­kül­tə­si­nə da­xil ol­sun və elə sə­nəd­lə­ri­ni də bu məq­səd­lə ha­zır­la­dı. Am­ma bu də­fə də ha­zır­lıq­sız get­di­yin­dən mü­sa­bi­qə­dən ke­çə bil­mə­di. Ye­nə də oxu­maq is­tə­yi onu tex­ni­kum­lar­dan bi­ri­nə apa­rıb çı­xar­dı. Han­sı tex­ni­ku­mun­sa iq­ti­sa­diy­ya­tın hü­qu­qi tən­zim­lən­mə­si fa­kül­tə­si­nə da­xil ol­du. Ev­də­ki­lər bu­nu eşi­dən­də tə­əc­cüb­lən­di­lər, bir qə­dər də lağ edib gül­dü­lər. O isə qü­ru­ru­nu poz­ma­dı, bir qə­dər də özü­nü öy­dü. Əs­lin­də­sə için­də özü­nün an­caq tex­ni­kum sə­viy­yə­sin­də bi­li­yə ma­lik ol­du­ğu­nu an­la­mış­dı. Dərslər baş­lan­dı. Ye­nə də bi­rin­ci se­mestri bir tə­hər ba­şa vu­rub, xəs­tə­lən­di­yin­dən bü­tün qı­şı dər­sə get­mə­di. Ba­cı­sı ona məs­lə­hət gör­dü ki, xəs­tə­xa­na­da yat­sın, ara­yış la­zım ola bi­lər. Han­sı mü­əl­li­min sö­zü ilə­sə bun­dan im­ti­na et­di. Am­ma vaxt ça­tan­da, ara­yış la­zım olan­da heç hə­min mü­əl­lim də ona kö­mək edə bil­mə­di və bu də­fə də əm­ri­ni ve­rib yo­la sal­dı­lar...

Gün­lər­lə işə get­mə­di­yin­dən ma­a­şı­nı da klu­bun mü­di­ri alır­dı. Və bir gün mü­dir də­yiş­di. Ha fi­kir­ləş­di ki, ge­dib tə­zə mü­dir­lə da­nış­sın, get­mə­di. Bir gün xə­bər gəl­di ki, ar­tıq iş­dən çı­xa­rı­lıb. Bu lap gül­mə­li ol­du. O qə­dər gül­mə­li ol­du ki, bu­na nə­in­ki ev­də­ki­lər, hət­ta özü də bərkdən–bərkdən gül­dü. Am­ma bir qə­dər­dən son­ra ye­nə də "Bəxt! Bəxt!" de­yib ta­le­yi­ni qı­na­dı. Bu za­man ba­cı­sı ye­nə də onu dan­la­maq is­tə­di. Sö­zü ağ­zın­da­ca qal­dı.

Bir gün ta­nış­lar­dan bi­ri­nə rast gəl­di. Ona de­di ki, gəl sə­ni baş­qa kən­də Mə­də­niy­yət Evi­nə mü­dir gön­də­rək. Elə o də­qi­qə dü­şün­mə­dən "yox" de­di. Ev­də da­nı­şan­da ba­cı­sı onu ye­nə də qı­na­dı. Bir ne­çə gün­dən son­ra fi­kir­lə­şib hə­min adam­la əla­qə sax­la­dı. Ar­tıq hə­min yer tu­tul­muş­du. Ye­nə də "bəxt, bəxt" de­yib gah gül­dü, gah ağ­la­dı, gah da sa­at­lar­la çar­pa­yı­da uza­nıb dü­şün­dü. Əs­lin­də dü­şü­nü­lə­si bir şey yox idi. Sa­də­cə ya­rım­çıq­lı­ğın qur­ba­nı olan bu adam bü­töv­ləş­mə­yin­cə, bü­tün bu olan­la­rın ma­hiy­yə­ti­ni an­la­ma­ya­caq­dı...

Bir gün ye­nə də uzan­mış­dı. Əlin­də Cə­lil Məm­məd­qu­lu­za­də­nin əsər­lə­ri var idi. Ba­cı­sı gü­lüm­sə­yib de­di:

–Bu qə­dər Mir­zə Cə­lil oxu­yur­san, am­ma or­ta­da bir şey yox­dur. De­yə­sən oxu­duq­la­rı­nın ma­hiy­yə­ti­nə ge­də bil­mir­sən?

–Əş­şi, Mir­zə Cə­li­ldən bir də­nə­dir, ki­şi sö­zü elə de­yib ki, da­ha bu­nu elə be­lə de­mək la­zım­dır, baş­qa cür de­mək ol­maz,–de­yə qal­xıb otur­du.

–Mir­zə Cə­lil de­mə­yib ki, bi­zim xal­qı tən­bəl­lik ya­rım­çıq elə­yib?

–Əş­şi, nə de­sən de­yib, de­mə­di­yi bir şey qa­lıb ki?

–Qa­lan odur ki, sə­nin ki­mi­lə­ri ba­şa sa­la bil­mə­yib. Bu qə­dər an­la­ma­dan oxu­maq­dan­sa, du­rub ev­lə­ri yı­ğış­dır­san da­ha yax­şı olar. Sən nə qə­dər bir evin işi­ni gö­rə bil­mir­sən, elə o cür ola­caq­san, cə­miy­yət­də də ya­rım­çıq, hər iş­də də ya­rım­çıq.

–Ney­lə­mə­li­yəm, gün­də gör nə qə­dər iş gö­rü­rəm.

Ana­sı söh­bə­tə qa­rı­şıb onu mü­da­fiə elə­di:

–Düz de­yir də, sə­hər­dən uşaq pal­tar yu­yur, in­di qur­ta­rıb. Elə ye­rə otur­du­ğu in­di­dir ki...

Ba­cı­sı bir qə­dər su­sub, ye­nə də dil­lən­di:

–Bi­lir­sən, sən ni­yə mü­vəf­fəq ol­mur­san? Bir gün pal­tar yu­yur­san, bir gün xö­rək bi­şi­rir­sən, is­tə­yən­də bir gün ev­lə­ri yı­ğış­dı­rır­san, bir gün dö­şə­mə­lə­ri si­lir­sən, bir gün də ke­fi­nə düş­sə ba­zar­lıq edir­sən. Am­ma is­tə­mə­yən­də bu iş­lə­rin heç bi­ri­ni sə­nə gör­dür­mək ol­mur. Heç elə bir gün olub ki, sən bu say­dıq­la­rı­mın ha­mı­sı­nı bir gü­ndə ey­lə­yə­sən?

–Düz sö­zə nə de­yə­sən, – de­yə ca­vab ver­di və ye­nə də gül­dü. Am­ma de­yə­sən bu də­fə ürək­dən gül­dü. Ürək­dən gül­dü­sə, de­mə­li inan­dı. İn­san ina­na­nda ürək­dən gü­lür, inan­ma­yan­da riş­xəndlə...

Ba­cı­sı ye­nə də da­vam et­di:

–Sə­nin bü­tün uğur­suz­luq­la­rın ya­rım­çı­lı­ğın­dan irə­li gə­lir. Nə qə­dər ki, bü­töv­ləş­mə­mi­sən, sə­nə ça­rə yox­dur. Ça­lış özün­də ev tə­sər­rü­fa­tı­nı bü­töv­lük­də ida­rə et­mə­yi tər­bi­yə elə. Hər şey ev­dən baş­la­yır. Son­ra cə­miy­yə­tə çı­xır. Tə­səv­vür elə ki, bir ça­yı keç­mə­li­sən. Bu­nun­çün onun üs­tün­də kör­pü sal­maq la­zım­dır. Kör­pü üçün əv­vəl­cə sü­tun­lar ti­ki­lir, son­ra üs­tün­dən dö­şə­mə­si sa­lı­nır. Sə­nin gör­dü­yün iş­lər o sü­tun­lar­dır. Üs­tün­dən dö­şə­mə­si ol­ma­sa o kör­pü­dən keç­sən nə olar?

Ana­sı ye­nə söh­bə­tə mü­da­xi­lə et­di:

–Nə ola­caq, dü­şər ça­ya.

–Hə, gö­rür­sən, bax, sən elə ona gö­rə tez–tez "ça­ya dü­şür­sən". Nə qə­dər ki tam ti­kil­miş kör­pü qə­dər bü­töv­ləş­mə­mi­sən, elə be­lə də ola­caq.

***

 

Sə­hə­ri­si gün ba­cı­sı evə gə­lən­də tə­əc­cüb­lən­di. Hər tə­rəf tər–tə­miz idi. Xö­rək də biş­miş­di. Pal­tar­lar da zi­və­də yel­lə­nir­di. Ba­cı­sı so­yu­na–so­yu­na bir–bir elə­dik­lə­ri­ni sa­da­la­ma­ğa baş­la­dı. Ana­sı onun sö­zü­nü kə­sib de­di:

–Ay qız, gö­rür də, bəs­dir da­nış­dın. Get, süf­rə sal, çö­rək qoy. İş­dən gə­lib, sa­at gör ne­çə­dir?

–A, süf­rə­ni də mən sa­lım? Sə­hər­dən ayaq üs­tə­yəm, süf­rə­ni də özü­vüz sa­lın də...

Ana­sı ba­şı­nı bu­la­dı. Ba­cı­sı isə gü­lüm­sə­yib mət­bə­xə keç­di. So­yu­du­cu­nu açıb süf­rə­yə la­zım olan şey­lə­ri çı­xartdı, gə­ti­rib sto­lun üs­tü­nə düz­dü. Son­ra da ge­dib boş­qab­la­ra xö­rək çək­di...

Sü­kut için­də çö­rək­lə­ri­ni ye­di­lər. Ba­cı­sı du­rub özü­nə çay süz­dü. Ana­sı ye­nə də dil­lən­di:

–Ay qız, uşaq iş­dən gə­lib, bir stə­kan çay sü­züb gə­tir­sən nə olar?..

O ba­cı­sı­nı iz­lə­yir­di. Ba­cı­sı­nın sus­ma­sın­da nə­sə var idi. Bü­tün gü­nü iş­lə­miş­di. Ona elə gə­lir­di ki, bu də­fə ba­cı­sı ona heç bir irad tu­ta bil­mə­yə­cək. Ba­cı­sı onu çox ni­ga­ran­çı­lıq­da qoy­ma­dı:

–Gör­dü­yün iş­lər üçün sağ ol. Am­ma ye­nə də ya­rım­çıq­san. Bu qə­dər işi gör­mü­sən, bir süf­rə sal­maq, xö­rək çək­mək nə çə­tin iş idi ki?.. Əl­bət­tə, bir də­fə ilə ol­maz. Bü­töv­lü­yü özün­də tər­bi­yə elə­mək la­zım­dır. Tər­bi­yə elə­mək! Sə­nin ye­ga­nə çı­xış yo­lun bu­dur...

O qal­xıb süf­rə­ni yı­ğış­dır­ma­ğa baş­la­dı. Mət­bə­xə ke­çən­də ba­cı­sı ilə ana­sı onun ar­xa­sın­ca ba­xıb gü­lüm­sü­nür­dü­lər...

 

19 av­qust, 2003.

 

TUSİNİN RÜBAİLƏRİ

 

Gülnarə müəllimə mütaliəni çox sevirdi. Nə qədər dərsi, işi çox olsa da yeni çap olunan kitabları, qəzet və jurnalları oxumağa vaxt tapırdı. Hətta gecə yuxusundan kəsməli olsa belə, yenə də oxuyurdu. Əlindəki kitabı tamamlama­sa, yatmazdı. Məktəbdə də o biri ədəbiyyat müəllimlərindən fərqlənirdi. Hə­mişə çalışırdı ki, uşaqlara dərslikdən əlavə nəsə öy­rətsin. Xüsusən də həftədə bir dəfə keçirilən köməkçi dərs­lərdə daha çox əlavə, yeni, necə deyərlər «xoruz səsi eşitməmiş» mə’lumat­larla uşaqları maraqlan­dı­rar­dı.

Keçən köməkçi dərsdə şagirdlərə dərslikdə olmayan şeirlərdən əzbərləməyi tapşırmışdı. Latın qrafikalı əlif­baya keçidlə bağlı yaranan prob­lem­lərdən biri də bu əlifba­da ədəbiyyatın az olması idi. Bu isə uşaqlar üçün bir bəhanə olur, əlavə ədəbiyyat oxumadan, dərsliklə kifayətlən­mək isə kütləvi savad­sızlığa aparan amillərdən biri tək hələ ki, şagirdlərin dostu kimi görünürdü. O biri ədəbiyyat müəllimləri bunun fərqinə varmasa da, Gülnarə müəllimə şa­girdlərin gizli düş­mə­ni olan bu problemi dərin­dən dərk edir və gələcək bəlanı aradan qaldırmaq üçün in­didən düşünüb yollar axtarırdı. Ona görə də şa­girdlərə kiril əlifbasında olan ədəbiyyat­lar­dan şeirlər, əzbərləməyi, hekayə­lər oxuma­ğı tap­­şırırdı. Bu günki dərsdə də ilk sualı bu ol­du:

–Uşaqlar, kim hansı şairin şeirini əzbər­lə­yib?

Hamının əli yuxarı qalxdı. Gülnarə müəl­limə bir–bir uşaqları dinlədi. Aygün Rəsul Rzanın, Elşən Səməd Vurğunun, Ülviyyə Sü­leyman Rüstəmin, Çinarə Fikrət Qocanın, Ziba Fikrət Sadığın, Cavid Ramiz Rövşənin, Ziyad Hacı Mailin şeirini əzbərləmişdi. Gül­narə müəllimə adəti üzrə xoş sözlərlə şa­gidlərini qiymətləndirir və həmin şairlər haq­qında qısaca danışırdı.

Ülviyyə dedi:

–Müəllimə, mən başqa şeirlər də öyrənmi­şəm.

Aygün də dilləndi:

–Mən də öyrənmişəm.

Uşaqlar yer–yerdən çığırışdılar.

Günlarə müəllimə uşaqları sakitləşdirib dedi:

–Gəlin bir ədəbi oyun oynayaq, onda bili­nər ki, kim çox şeir bilir. Sıra ilə oturun. Növ­bə ilə hərəniz bir bənd şeir deyin, amma bir şərtlə ki, əvvəlinci şeir hansı hərflə bitirsə, növbəti şeir həmin hərflə başlamalıdır.

Uşaqlar razılaşdılar. Birinci Aygün Nigar Rəfibəylinin şe’rini dedi:

 

Dünya, bir sirrini aşkar et mənə,

Nədən parlayırsan, nədən sönürsən?

Bu qədər siqləti alıb arxana

Sən öz məhvərindən necə dönürsən?

 

Ülviyyə Qabilin şeirindən «N» hərfilə başlayan bir bəndi söylədi:

 

Novxanıdan, Pirşağıdan aşikar gəlir,

Gəlir dəniz hənirtisi, dəniz nəfəsi.

Yanardağın üzərinə dalğalar gəlir,

Xəyalımda odla suyun qaynar həmləsi.

 

Ziyad Mikayıl Müşfiqin şeirindən «İ» hərfi ilə gələn bəndi dedi:

İstər bəstəkar ol, istər nəqqaş ol,

Şair ol, rəssam ol, heykəltəraş ol.

Yaratdığın şeyi sevərək yarat,

Hamıdan yüksək ol, hamıdan baş ol.

 

Elşən İsgəndər E’tibarın şeirindən «L» hərfi ilə başla-yan bir bəndi söylədi:

 

Layla çalır sənə şirin yalanlar,

Cibi dolu, qəlbi, fikri yalınlar.

Sevinmə ki, bəy əlində yalın var.

Aç gözünü, gör özünü, a millət,

Qorxma belə, de sözünü, a millət.

 

Cavid Nəriman Həsənzadənin şeirindən «T» hərfi ilə başlayan bəndi dedi:

 

Taleyin qürbətə düşüb güzarı,

Ayrılıb yollarda duman, sis qalıb.

Burda bir heykəl var – yoxdu məzarı,

Orda bir məzar var – heykəlsiz qalıb.

 

Çinarə Ağa Laçınlının şeirindən «B» hərfi ilə başlayan bir bənd dedi:

 

Biz dilək quluyuq, ər oğlu ərik,

İstəklər sığınıb vicdanımıza.      

Dar gündə heç kəsi bada vermərik,

Qənim kəsilsək də öz canımıza.

 

Ziba Nəsirəddin Tusinin «A» hərfi ilə baş­layan rübasi­ni söylədi:

 

Allahdan başqa yox qadir hökm edən,

Üstün bir hökm olmaz onun hökmündən.

Necədir, elə də olmalı hər şey,

Elə olmayan şey yoxdur əzəldən.

Gülnarə müəllimənin üzündə xoş bir təbəs­süm yarandı. Razılıqla Zibaya baxıb soruş­du:

–Bu hansı şairin şe'ridir?

Ziba cavab verdi:

–Bu Nəsirəddin Tusinin rübasidir.

–Aha, deməli bilirsən. Uşaqlar, siz bilir­sinizmi Tusi kim olub?

Uşaqlar bir–birilərinə baxıb çiyinlərini çəkdilər. Ziba dedi:

–Tusi alim olub. Rəsədxana tikdirib, ul­duz­ları öyrə­nib. . .

Gülnarə müəllimə başını razılıqla tərpətdi, Zi­banın susduğunu görüb söhbətə başladı:

–Nəsirəddin Tusi bütün elmlərdən xə­bərdar olub. Onun bir çox elmlərə aid əsərləri var. O, əsərlərini ərəb və fars dillərində yazıb. Eləcə də şeirlərini. Onun rübailərini gözəl mətnşünas alimimiz Məmməd­ağa Sultanov azərbay­can dilinə çevirib. Ziba düz deyir, Tusi Hülakü xanın dövründə Marağa şə­hə­rində bö­yük rəsədxana tikdirib, ora uzaq öl­kələrdən gəlmiş alimləri cəlb edib və böyük tədqiqat işləri aparıb. Ziba sən çox gözəl iş görmüsən ki, Tusinin şeirini öyrənmisən. Onun başqa rübailərini də bilirsən­mi?

–Bilirəm, müəllimə. Tusinin rübailəri çoxdur. Başqaları­nı da deyə bilərəm – deyə Ziba şeirləri əzbərdən söyləməyə başladı:

 

Əvvəlcə yaranan ağılla candır,

Sonra doqquz fələk, çərxi–dövrandır.

Dörd ünsür bürümüş bütün aləmi,

Sonra gələn: mə’dən, nəbat, heyvandır.

 

* * *

Dünyadə çox cürə ləzzət var, sözsüz,

Onun yoxluğundan yoxdur qorxumuz.

Mənimçün dünyada ləzzət odur ki,

Gecələr oxuyum, dərs deyim gündüz.

 

* * *

Yeganə haqq olan tək Zülcəlaldır,

Başqa nə düşünsən, bil ki, xəyaldır.

Ondan başqa şeyə kim nəzər salsa,

Çəpgözün gördüyü cüt ehtimaldır.

 

* * *

Mən yoxkən dünyayə dəyməmiş ziyan,

Ölsəm də halını dəyişməz cahan.

Aləm əbədidir, zaman keçdikcə,

Şəklimdən, adımdan qalmaz bir nişan.

 

Gülnarə müəllimə Zibaya bir də təşəkkür eləyib dedi:

–Uşaqlar, bu il gözəl alimimiz Nəsirəddin Tusinin 800 il­lik yubileyi dünya miqyasında qeyd olunur. Ölkəmizdə isə artıq neçə ildir ki, buna hazırlıq gedir. Tusinin əsərləri dilimi­zə çevrilib çapa hazırlanır. Ali­min tədqiqatları ilə bağlı yeni əsərlər yazılır. Gəlin biz də gələn həftə keçiriləcək məşğələmi­zi Tusiyə həsr edək. Hamınız Tusinin şeirlə­rin­dən əzbər öyrənin. Alimin həyatı və fəaliyyəti ilə bağlı məlumat­lar top­la­yın.

Şagirdlər müəllimin bu dəfəki tapşırığını daha böyük ruh yüksəkliyi ilə qarşıladılar.

 

2001

 

HƏR ÇƏTİN ASAN OLUR

 

Ədəbiyyat dərsində müəllim sözü gətirib əruzun üstünə çıxartdı və Əkrəm Cəfərin kitabı haqqında danışdı. Bu zaman İlham Tərlanın qulağına pıçıldadı:

–Bilirsən, hansı kitabı deyir? Bir dəfə bizdə stolun üstündə qalın bir kitab vardı ha, götürüb vərəqlədin, so­n­ra da «çox qəlizdir» deyib atdın. Yadındadır?

Tərlanın bir qulağı İlhamda, biri profes­sorda idi. Müəllim sözünü qurtaran kimi dedi:

–Professor, dediyiniz yaman qəliz kitabdır. Orada elə çətin şeylər var ki, heç başa düşmək olmur.

Müəllim gülümsünüb dedi:

–Həyatda nə asandır ki? Amma insan istəsə, hər çətini asan eləyər. Şair deyir ki:

 

Dəhri–dunun bu, Şəfai, daimi qanunudur,

Hər çətin asan olur, əmma çətin asan olur!

 

* * *

 

Növbəti semestrdə Əkrəm müəllim auditoriyaya gi­rən­də Tərlanın gözü önündə kitab, həmin anlaşıl­maz ifadələr canlandı. Lakin çox keçmədi ki, əruza həvəs göstərən tələbələ­rin biri elə Tərlan oldu. Get–gedə çətinlər bir–bir asanlaşmağa başladı, Tərlanın əru­za marağı daha da artdı. Hətta sonralar, Əkrəm müəllimin dərsi qurtaran­dan sonra da Tərlan onunla əlaqəsini kəsmədi. Əlavə maraqlan­dığı məsələləri öyrəndi.

Bir gün professor Cəlal Abdullayev ona dedi:

–Mən belə görürəm başqa fənlərə nisbətən əruza daha çox həvəsin var. Bəlkə elə diplom işini də bu mövzuda götürəsən?

Bu söz Tərlanın ağlına batdı. Diplom müdafiə­sin­də Tərlan müəllimlərinin e’timadını doğrultdu. Əkrəm müəl­lim ona bu işi davam etdirməyi tövsiyyə etdi. Tərlan Ək­rəm Cəfərin rəhbərliyi altında «Nə­si­rəddin Tusinin «Mey­arül–əş'ar» əsəri» mövzusunda namizədlik işi yazdı. Bu heç da onunçün asan olmadı. Amma Tərlan bütün çətinliklə­rə mətanətlə sinə gər­di. Hamı elə bilirdi ki, Tər­lan bu işi axıra çat­dıra bilməyəcək, yorulub yolda qalacaq. Amma Tərlan «hər çətin asan olur» deyə düşünüb bu yolda qətiyyətlə addımladı. Hətta əldə olan nüsxə ilə kifayətlənmə­yib əsərin başqa nüsxələrini axtardı. Bir gün Əbülfəz Rəhimov İranda çap olunmuş «Aşina» adlı bir jurnal gətirdi. Orada Nəsirəddin Tusinin «Meyarül–əş'ar» əsərinin 1984-cü ildə İsfahanda çap olunduğu göstərilirdi. Tərlan çox yerlərə müraciət etdi, çox adamlarla əlaqə saxladı. Nəhayət, həmin əsərin faksimiləsini İrandan Azərbaycan Elmlər Akademiyasına göndərdilər.

Namizədlik işini müvəffəqiyyətlə müdafiə edən Tərlan əruz və qafiyə elmi ilə bağlı doktorluq işi götürdü və işini bitirib «Əruz və Qafiyəşünaslıq» tarixi adlı monoqrafiyası­nı çap etdirdi. Bu gün Tərlan Quliyev əruzşü­nas alim kimi respublikamız­dan kənarda da tanı­nır. Hər dəfə çətinliyə düşəndə pro­fessorun ona tələbə vaxtı dediyi beytin bu misra­sını xatırlayır: «Hər çətin asan olur, əmma çətin asan olur».

 

2001

 

 


HEÇ QƏZƏLİN DƏ ADI OLUR

 

Fəridin babası şair idi. Evlərində daim şairlər, alimlər görmüş Fərid yaşıdlarına nisbətən çox səviyyəli, savadlı uşaq idi. Çoxlu şer, nağıl, dini rəvayətlər bilirdi. Hətta babasının "Vətəndir" rədifli qəzəlini də əzbərləmişdi. Babası onu bəzən keçirilən şeir məclislərinə də aparardı. Öz fəhmi, düşüncəsi, kamil danışığı ilə Fərid həmişə diqqət mərkəzində olurdu. Hamı onun yaşına görə dərrakəsinə heyran qalırdı. Söhbətlərə böyük adam təmkini ilə qulaq asardı.

Fəridin məktəb yaşı çatmışdı. Hamı kimi onu da məktəbə apardılar. Məktəbin qəbul qaydalarına uyğun olaraq "imtahan" başlandı.

Fərid tərcümeyi–halından soruşulan bütün sorğulara məntiqlə cavab verdi. Dərs hissə müdiri dedi:

–Fərid bala, saymağı bilirsən?

Fərid saymağa başladı. Çox yuxarı çıxdığını görüb saxladılar. Direktor təbəssümlə ona baxıb soruşdu:

–Fərid, şeir bilirsən?

–Bilirəm, –deyə Fərid özünə inamla cavab verdi.

–Birini de görək, bala. Hansı şeiri demək istəyirsən?

Fərid bir qədər fikirləşib dedi:

–Olar kı, babamın qəzəlini deyim?

 Müəllimlərdən biri dilləndi:

–Fərid Hacı Mailin nəvəsidir.

–O Füzlişünas alimin, o qəzəlxanın?

Müəllim başı ilə təsdiqlədi. Direktor yenə də mehribanlıqla Fəridin başını sığalladı:

–De görüm, bala. Müəllimlərdən kimsə soruşdu:

– Hansı qəzəli demək istəyirsən? Qəzəlin adı nədir?

Fərid təəccüblə çiyinlərini çəkdi. Narazı halda, heç kimin gözləmədiyi tərzdə cavab verdi:

–Heç qəzəlin də adı olur?

Otağa ani sükut çökdü. Üzlərdəki təbəssüm çoxalıb gülüşə çevrildi. Orada olanlar Fəridin mühakiməsinə, şeir haqqındakı savadına heyran qalib gülürdülər. Fərid də ğülürdü. Amma nəyə? Onu özü bilirdi...

 

Sentyabr, 1998.


 

MƏTNŞÜNASLIQ

 

 

 

 

 


ELÇİNLƏ NURANƏNİN MÜBAHİSƏSİ

 

Qapını Elçin açdı. Xalası Şəlaləni görüb çox sevindi və bacısı Nuranəni səslədi. Nu­ranə də səsə çıxıb qapıya yüyürdü və xala­sının boynuna sarıldı. Uşaqlar adəti üzrə sualı sual dalınca yağdırdılar: «Şəlalə xala, bu gün bizdə qalacaqsan?», «Şəlalə xala, mənim inşa yazıma baxar­san?», «Xala, söz vermişdin ki, məni gəzməyə apara­caqsan, bu gün gedərik?». . .

Ruhəngül uşaqları sakitləşdirmək istədi:

–Ay uşaqlar, bir dayanın xala nəfəsini dər­sin. – Sonra bacısına döndü, –Ay Şəlalə, sən bun­ların nazıyla çox oynama. Keç içəri, rahatlan.

Şəlalə içəri otağa keçdi. Çantasından vərəqləri və qələmini çıxarıb stolun üstünə qoydu, arxasınca otağa girən uşaqlara baxıb gülümsədi və dedi:

–Mənim vacib bir yazım var, siz səs salmayın, mən onu tez işləyim, vaxt qalsa, gəzməyə gedərik.

Bu vaxt Ruhəngül bacısını süfrəyə çağırdı:

–Ay Şəlalə, əvvəl bir tikə çörək ye, sonra. Yazı qaçmır ki. . .

Şəlalə əlacsız qalıb gəlib süfrəyə oturdu. Fürsətdən istifadə edən Elçin yazılı vərəqləri o tərəf bu tərəfə çevirdi, Yusif Vəzir Çəmənzəmin­linin adını görən kimi qatlayıb yerinə qoydu, üzünü bacısına tutdu:

–Bildim, yenə də Çəmənzəminlidəndir.

Nuranə də marağını gizlədə bilməyib so­nuncu və­rəqi oxumağa başladı. Bu vaxt xa­lası içəri girdi. Uşaqlar cəld otaqdan çıxdılar. Şəlalə qapını bağlayıb işləməyə başladı.

Ruhəngül süfrəni yığışdırıb, çay hazırladı. Bir stəkan bacısı üçün süzüb içəri apardı. Şəlalə bacısına təşəkkür dolu nəzərlərlə baxıb gülümsədi. Ruhəngül tələsik qapını örtdü. Mət­bəxə keçəndə uşaqların mübahisəsini eşitdi. Geri qayıdıb uşaqlar olan qapını araladı, təəccüblə onlara baxıb soruşdu:

–Yenə nə olub bir–birinizi qırırsınız?

Elçin köməyə çağırırmış kimi dilləndi:

–Ana, Şəlalə xala həmişə Çəmənzəminli­dən yazmır?

Ruhəngül təəccüblə oğluna baxdı:

–Hə, nə olsun ki?

–Mən Nuranəyə deyirəm ki, xala yenə də ondan yazır, deyir ki, yox. Bu dəfə başqa yazı yazır.

Nuranə onun sözünü kəsdi:

–Mən oxudum, orada Nəsirəddin Tusi haqqında söh­bət gedir.

Ruhəngül bir qədər fikirləşdi. Bilmədi hansı­na haqq qazandırsın. Sonra dedi:

–Uşaqlar siz dərslərinizi hazırlayın. Xala yazısını qurta­rar, ondan soruşarsınız.

Nuranə dedi:

–Görərsən, mənim dediyim düz olacaq.

Elçin dedi:

–Gəl mərc tutaq, əgər sən deyən düz olsa, xala səni gəz­məyə aparacaq, yox əgər mən deyən düz olsa, onda gəz­məyə mən gedəcəyəm.

–Yaxşı, qoy belə olsun, indisə dərslərinizi ya­zın, –deyə Ruhəngül qapını örtdü.

Xeyli keçəndən sonra Şəlalə yazısını bitirib otaqdan çıxdı. Uşaqlar hay–küylə ona tərəf qaçdılar. Yenə də sual–sual üstündən gəldi. Ruhəngül uşaqları sakitləşdirmək istə­di. Şəlalə bacısına baxıb uşaqlara tərəfdar çıx­dı:

–Ay Ruhəngül, dinmə, qoy görək balaca alimlər yenə nə kəşf eləyiblər?

Birinci Nuranə dilləndi:

–Xala, mən deyirəm ki, sən Nəsirəddin Tusidən yazır­san, Elçin deyir ki, yox, xala yenə də Çəmən­zəminlidən yazır. Mən özüm vərəqdən oxudum, orada Tusidən danışılır­dı.

–Düzdür, Nuranə, bizim Əlyazmalar İnstitutunda Tusi­nin 800 illik yubileyinə hazırlıq gedir. Mən də konf­rans üçün yazı hazırlayıram.

Nuranə qalib kimi Elçini süzdü. Elçin isə təslim olmaq istəmirdi, üzünü xalasına tutub yarı incik, yarı inamla dedi:

–Xala, axı mən orada Çəmənzəminlinin adını oxudum.

–Düzdür, Elçin, orada Çəmənzəminlinin adı var. Mə­qa­lə Tusi haqqındadır, amma mən o materialı Çəmən­zə­minlinin arxivindən tapmışam, – deyə xalası onun saçını oxşadı.

Uşaqlar həm razı, həm də narazı halda bir–birlərinə baxdılar. Şəlalə bundan bir şey başa düşməyib bacısına baxdı. Ruhəngül dedi:

–Şəlalə, bunlar bayaqdan mərc tutublar ki, kimin sözü düz olsa, gəzməyə o gedəcək. İndi bəs kimi apara­caq­san?

Şəlalə uşaqların nigaran baxışlarına nəzər saldı, gülə–gülə dedi:

–Hazırlaşın, gəzməyə hamımız gedirik.

Uşaqlar sevinə–sevinə geyinməyə getdilər.

 

2001

 

 


TUSİ ƏSƏRİNİN ƏLYAZMASI

 

Şəfa yubileylə bağlı Nəsirəddin Tusinin bir əsərini tərcü­mə etmək istəyirdi. Çoxdan qərara alsa da, vaxt tapıb bu işlə məşğul ola bilmirdi. Aldığı mə'lumata görə Məhəm­məd Füzuli adına Əlyazmalar İnstitu­tun­da Tusi­nin xeyli əsəri olmalıydı. Bilirdi ki, alimin «Əxlaqi–Nasi­ri» və «Tənsuqnameyi–Elxani və ya Cə­va­hirnamə» adlı əsərləri çoxdan tərcümə olu­nub çap edilmişdir. «Görəsən, yubileylə bağlı hansı əsərlərin tər­cüməsi nəzərdə tutulub?» sualı daim beynində dolaşırdı.

Bir müddət əlindəki yazıları sahmana salıb, yeni iş üçün özünə vaxt ayırdı. Bir gün Əlyazmalar İns­ti­tu­tu­na getdi. Oxu zalında onu gülərüzlə qarşıladılar. Şə­fa gəlişinin məqsədi­ni deyəndə Ruhəngiz xanım soruş­du:

–Sən bizim oxu zalına üzv olmusanmı?

–Üzv olmaq? Bu vacibdirmi? Mənə ancaq bir əsər lazım­dır.

–Əlbəttə, vacibdir. Nəinki kənardan gələn oxu­cular, hətta bizim institutun əməkdaşları belə üzv olmasalar, onlara kitab verilmir.

Şərqiyyə onun tutulduğunu görüb dilləndi:

–Sən niyə belə çəkinirsən? Burada çətin iş yoxdur. İşlədi­yin müəssisədən arayış alarsan, bir də kiçik bir şəkil gətirərsən, sonra da ərizə yazarsan, direktor təsdiqləyər.

Şəfa dedi:

–Mən dediklərinizi sabah gətirərəm. Olarmı ki, əsərlərə indi baxım?

Ümmügülsüm xanım dedi:

–Qızım, sən ancaq kataloqa baxa bilərsən. Əgər istədi­yin əsəri tapsan, sifariş yazarsan. Sabah üzv olandan son­ra biz əsəri sənə verə bilərik. Onsuz da sifarişi bir gün əvvəl­dən verməlisən.

Şəfa razılaşıb kataloqu nəzərdən keçirmə­yə başladı. Bu vaxt Aydın müəllim içəri girdi. Şəfa Ruhəngiz xanımdan soruşdu:

–Burada Nəsirəddin Tusinin çox əsəri var?

Ruhəngiz xanım cavab verməyə macal tapmamış, Aydın müəllim dedi:

–Çoxdur. Sən hansını istəyirsən?

Şəfa nə deyəcəyini bilmədi. Bu vaxt Ümmügülsüm xa­nım onun köməyinə çatdı

–Aydın müəllim, bu qız Tusinin bir əsərini tərcümə et­mək istəyir.

–Sən bilirsənmi, Tusinin hansı əsərləri tərcümə olunub və hal–hazırda hansı əsərləri tərcümə olunur? Bizim institutumu­zun əmək­daş­ları da yubiley üçün Tusinin əsərlərini çapa hazırlayırlar – deyə Aydın müəllim ona xeyli mə'lumat verdi və hətta ona əsər seçimində də kö­mək etdi.

Şəfa soruşdu:

–Olarmı mən o əsərin kserosurətini çıxarım? Çün­ki, mənimçün hər gün bura gəlib işləmək çə­tindir. Ev­də işlə­səm, daha tez qurtararam.

Aydın müəllim dərhal ciddi şəkildə cavab verdi:

–Xeyr, olmaz!

–Şəfa bayaqdan bəri bu qədər xeyirxahlıq edən ada­mın, birdən–birə belə cavabını nəsə zarafata oxşar bir şey hesab etdi və yenə sual verdi:

–Mənə olmaz?

–Xeyr, elə mənə də olmaz! Sənə də olmaz! Heç direkto­ra da olmaz!

Şəfa yenə də bir şey başa düşmədi. Ümmügülsüm xa­nım gülümsünüb dedi:

–Aydın müəllim, elə dediniz ki, qızı lap çaşdırdınız.

–Onda mən getdim, siz başa salın, – deyib Aydın müəllim zaldan çıxdı.

Şəfa dedi:

–O niyə elə danışır?

–Necə danışır? Aydın müəllim çox xeyir­xah adam­dır. Bacardığı köməyi adamdan əsirgəməz. Amma, işə gəldik­də olduqca ciddi, məs’uliyyətlidir. O heç ki­mə icazə verməz ki, institutdan kənara əlyazma çıxar­sın. Eləcə də başqa şö'bə müdirləri, eləcə də direktor institutun qayda–qanunları­na ciddi riayət edirlər. Bir də, ay qızım, özün fikir­ləş, əsrlərlə yol gəlib, bu gün bizim əlimizə çatan əlyazmalara səhlənkar yanaşsaq, onların aqibəti necə olar? Ona görə də hamı gəlib burada oturub işləyir. Sən də işini elə qur ki, tərcümə üçün vaxtın çatsın.

Şəfa bir söz demədi, razılıqla xudafizləşib oxu zalından çıxdı. Üzündə həm kədər var idi, həm də bir arxayınçılıq. Təəssüf edirdi ki, Tusinin əsərini tərcümə edə bilməyəkdi. Amma rahat idi ki, nə vaxtsa Tusinin bütün əsərləri tərcü­mə olunub xalqa çatdırılacaqdı. Çünki, vaxt tapıb saatlar­la gəlib oxu zalında oturub işləyənlər, bir də xalqın mə'nəvi sərvəti olan əlyazmaları belə məs’uliyyətlə qoruyan­lar var.

Fikirlər Şəfanı çox uzaqlara apardı. Axundov adına kitabxa­naya necə gəlib çatdığını hiss etmədi. Oxu zalına qalxıb əlindəki işi ilə bağlı kitabı sifariş verdi.

 

2001

 

 

XƏZƏRİN İNTİZARI

 

Qapını adəti üzrə Kamandar müəllim açdı. Dostu Səməd­lə oğlunu görəndə çox sevindi və onlara xoşgəldin edib içəri də’vət etdi. Həmişə qonaq ota­ğında oturardılar, amma bu dəfə nədənsə Kamandar müəllim onları öz iş otağına apardı. Bu, Xəzərin ürəyincə oldu. Bu otaq haqqın­da atasından çox eşitmişdi. Bilirdi ki, Kamandar müəllimin gözəl kitabxanası var. Bu otaqda olmaq çoxdan­kı arzusu idi. Ona görə də hər şeyə maraqla baxır­dı. Cildləri zərlə yazılmış qalın–qalın kitablar onun diqqəti­ni daha çox cəlb edirdi. Xüsusən də, Qur’an hərfləri­lə yazılmışlar!

Kamandar müəllim dostuna üzrxahlıq edib, bir qədər də ərkyana dedi:

–Bağışla, ay Səməd, əlimdə vacib iş var, bu dəqiqə qurtarı­ram.

–İşini gör, ay Kamandar, biz tələsmirik, –deyə Səməd fikrini bildirdi.

Kamandar müəllim açıq qoyduğu qalın kitablar­dan nişanla­dığı sözləri qarşısındakı dəftərə köçürdü. Sonra kitabları səliqə ilə bir-birinin üstünə yığdı. Xəzərin gözü kitablarda qalmışdı. Kamandar müəllim gülümsəyib dedi:

–Xəzər, bala, nə çox baxırsan, xoşuna gəlir kitab­lar?

Xəzər alındı, gözünü kitablardan çəkib, nəzərlə­rini yerə dikdi. Kamandar müəllim bir qədər də doğma adam kimi dedi:

–Oğlum, dərslərini necə oxuyursan?

Xəzərin dinmədiyini görən Səməd onun əvəzinə cavab verdi:

–Ə’laçıdır. Həm də musiqiyə gedir. İndi də kompyuteri öyrənmək istəyir. İngilis dilindən də yaxşıdır.

–Bu Xəzər nə qoçaq oğlan imiş, heç bizim xəbərimiz yox… Yaxşı, həm musiqiçi, həm dərs ə’laçısı, həm ingilis dili bilən bu qoçaq oğlan böyüyəndə kim olmaq istəyir? – Kamandar müəllim təkrar sual verdi.

–Bilmirəm, ay Kamandar, Xəzər deyir ki, böyüyəndə böyük adam olacağam. Amma bilmirəm ki, bu böyük adam kimdir.

–Hə, doğrudan, ay Xəzər, böyük adam deyəndə sən kimləri nəzərdə tutursan? – deyə Kamandar müəllim maraq­la ona baxdı.

Xəzər səmimi söhbətdən bir qədər özünə gəlib, cavab vermək istədi:

–Böyük adam… Böyük adam çoxdur. – İstədi desin ki, Kamandar müəllim, sözünün ardını gətirə bilmədi, bir anlıq Kamandar müəllimin üzünə baxıb, başını yenə də aşağı dikdi.

Kamandar müəllim dostuna işarə edib dedi:

–Ay Səməd, gəl uşağı sınağa çəkməyək, böyük adam olanda görərik. Yaxşı, danış görək evdə-eşikdə nə var, nə yox?

Söhbətin istiqamətinin dəyişdiyinə sevinən Xəzərin çiynindən elə bil ağır yük götürüldü, minnətdarlıqla Ka­man­­dar müəllimə baxdı. Kamandar müəllim isə onu başa düşürmüş kimi yenə də gülümsəyirdi.

Atasıgil çay içə-içə çox şeydən danışdılar. Söz gəlib yenə kitablara çatanda, Xəzər bir qədər ürəklənib soruş­du?

–Kamandar müəllim, siz bu qədər nə yazırsınız?

Kamandar müəllim, gözlənilməz böyük­ya­na uşaq sualın­dan diksinən kimi oldu. Nə deyəcəyini bir anlıq götür–qoy etdi. Xəzər həm uşaq idi, həm də böyük sualı vermiş­di. Axı uşağa necə izah edəydi ki, nə yazır? Bir qədər fikirlə­şib lap uzaqdan başladı:

–Xəzər bala, sən bizim böyük alimlərimizi tanıyır­san­mı?

Xəzər dərhal cavab verdi:

–Tanıyıram.

Kamandar müəllim bu ani cavabdan həm razı qaldı, həm də maraqla növbəti sualını verdi:

–Məsələn kimləri tanıyırsan?

–Axı onlar çoxdurlar. Azərbaycanda neçə dənə institut, universitet var, hərəsində də neçə nəfər alim var. Bizim riyaziyyat müəllimimiz deyir ki, universitetdə oxuyanda sizə böyük alimlər dərs deyəcək. Həmişə qəzetlərdə də alimlər haqqında məqalələr yazırlar. Həmin alimlərin öz məqalələrini də oxumuşam. Elə sizin də yazılarımızı oxumu­şam. Nəhayət, Xəzər ürəyində saxladığını dolayısı yolla olsa da dilinə gətirdi.

Kamandar müəllim yenə də güldü, özü də bu dəfə lap bərkdən güldü. Xəzər bir qədər qızarıb susdu, sonra yenə də dilləndi:

–Alimlərin hamısının adını sayım?

Kamandar müəllim dedi:

–Xəzər bala, sən düz deyirsən, ölkəmizdə alim çox­dur. Amma mən sənə lap böyük alimlərdən danışmaq istəyi­rəm. Məsələn, Xətib Təbrizi, Bəhmənyar, Nəsirəddin Tusi… Sən bunların adlarını eşitmisənmi?

Xəzər dərhal cavab verdi:

–Hə, bizim coğrafiya müəllimimiz deyir ki, Nəsirəddin Tusi Marağada rəsədxana tikdirib. Onun yazdığı «Zici–Elxani» adlı bir əsər vardır, orada olan mə’lumatlardan bir çox coğrafişünaslar istifadə edib, çoxlu tədqiqatlar aparıblar.

Kamandar müəllim dedi:

–Əhsən, Xəzər, deməli, sən Nəsirəddin Tusini tanıyır­san. Bax, sənin o müəlliminin dediyi əsər bizim Əlyazmalar İnstitutunda vardır. Onu bizim institu­tun elmi əməkdaşı Arif Ramazanov dilimizə tərcümə edib və çapa hazırlamış­dır. Mən isə Tusinin «Ə’də­bül–mütəəllimin» adlı əsərini hazırlayıram.

İnstitutumuzun əməkdaşlarından Söhrab Bayra­mov «Şərhül–işarət», Rauf Şeyxzaman­lı «Ovsafül –əş­raf», Kamal Abdullayev «Si fəsil» adlı əsərlə­rini dilimizə tərcü­mə edib çapa hazırlamışlar.

Bu beş əsər Nəsirəddin Tusinin 800 illik yubileyinə kimi çap olunub xalqa çatdırılacaq.

Xəzər sevincək, bir qədər də uşaq səmimiyyətilə dedi:

–Mənə də o kitablardan verərsinizmi?

–Əlbəttə, verərəm. – Kamandar müəllim arxayın­lıq­la gülümsədi.

Kamandar müəllimlə söhbətdən xeyli vaxt keç­mişdi. Xəzər hər dəfə atasından soruşurdu:

–Ata, görəsən kitablar çapdan çıxdı?

Atası hər dəfə ona təsəlli verir, «az qalıb, çıxacaq» deyirdi. Günlər ötür, Xəzər isə intizarla gözləyirdi.

2001

 

 

ƏLYAZMA KİTABI

 

Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutu­nun ekspozi­siya zalına girəndə ən əvvəl orada qoyulmuş stol­lar diqqəti cəlb edir. Qəribə şəkildə düzəldilmiş, naxışlarla bəzədilmiş kiçik stolun üstündə qoyulmuş ağac üzərində oyma sənətinin nadir nümunə­lə­rindən birinin yanında ayaq saxlamağa məcbur olursan. Bu sənət abidəsinin üzərin­də­ki incə, zərif naxışlar insti­tutun əməkdaşı Seyfəd­din Mənsimoğlunun rəngbə­rəng sənət dünyasının, acılı–şirinli ömür yolunun, na­rahat ürək çırpıntıla­rının əksidir. Stolların ayaqların­dakı oymalar isə oğlu Fəxrəddinin institu­ta hədiy­yəsidir. Bir an bu zala nə üçün gəldiyini unudub, heyranlıqla bu sənət incilərinə tamaşa edirsən və bir­dən yadına düşür ki, sən bura nadir əlyazma nüsxə­ləri­nə baxmaq üçün gəlmisən. Stolların üzərinə salın­mış məxmər örtükləri bir–bir qaldırıb baxır­san. Şüşə qapaqlar altında qoyulmuş əlyazma kitablarının mi­nia­türlər aləmi salamlayır səni. Hələ qızıl, gümüş suyu ilə yazılmış kəlmə­lər, müqəddəs kəlamlar… Hey­rətdən donub qalırsan… Və illərin, əsrlərin, bəlkə də qərinələrin o tayından gələn bu e’cazkar sənət qarşısında və həm də bunları bu gün bizə çatdıran sənət­karların və bunları göz bəbəyi kimi qoru­yub saxlayan insanların ruhu qarşısında baş əyir­sən…

Bu zal təkcə Əlyazmalar İnstitutunun işçiləri üçün deyil. Qapısı bütün xalqın üzünə açıq olan bu zala kimlər gəlmir? Alim də, müəllim də, tələbə də, məktəbli də…

Adəti günlərdən biri idi. Ekspozisiya zalının qaba­ğın­da xeyli adam toplaşmışdı. Dedilər ki, tələbələrdir. Bir azdan Tahirə xanım gəldi. Bu həcmcə kiçik, mə’nən böyük bir dünyanı əhatə edən zalın qapısı açıldı. Tələ­bə­lər bu müqəddəs aləmə sakitcə daxil oldular. Ən əvvəl stollara baxdılar. Və bir-bir məxmər örtüklər qaldırıldı. Ta­hi­rə xanımın qədim əlyazma kitabına səyahəti xeyli çəkdi. Tələbələr vaxtın necə tez ötüb keçdiyini belə duymadılar.

Bu zaman institutun direktoru Məmməd Adilov zala daxil olub onlara yaxınlaşdı, salamlaşıb, tələbələrin baxış­ları ilə maraqlandı. Tahirə xanım əvvəlcə tələbələrə mə'lu­mat verdi:

–Məmməd müəllim bu institutun rəhbə­ridir. Əvvəlki direktorlarımız olan Məmməd­a­ğa Sultanov və Cahangir Qəhrəmanovdan sonra onların yolunu davam etdirir. Gözəl mətnşünasdır. Əlavə mə'lumat almaq istəyir­si­niz­sə, sizi maraqlandıran suallara cavab verə bilər. Tələbələr baxışdı­lar. Nəhayət biri dilləndi:

–Bu əlyazma kitabının vərəqi çox nazikdir, bunda mürəkkəblə necə yazıblar?

Məmməd müəllim əlyazmanı ehmallıca götürüb danış­mağa başladı:

–Əlyazma kağızları adi vərəqlərdən çox fərqlə­nir. İlk baxışda sizə elə gələ bilər ki, bunlar elə əvvəldən belə isteh­sal edilmişdir. Amma yazı yazmaq üçün bu kağızlar üzərində beş yüzə qədər əməliyyat apa­rılmışdır, sonra gə­lib indi gördüyünüz şəklə düşmüşdür. Keçmişdə kağız problemi böyük idi. Bizə kağızı başqa ölkələrdən, o cümlədən Çin, Hindistan, Suriya, Səmərqənd, Vene­siya, Hollandiya, İsveçrə, Rusiya, Fransa və s.–dən gətirirdilər. Şərq kağızla­rın­dan fərqli olaraq Avropadan gətirilən kağızlar filliq­ranlı olurdu. Bu əlyazma üçün əsas şərt­lər­dən idi. Yaz­maq üçün kağızı düyü həlimi ilə ahərləyirdi­lər. Bu zaman kağız parlayırdı. Siz bunların nazikliyinə bax­mayın, çox möhkəm­dir, ahərləndiyinə görə mürəkkəbi özünə çək­mir. Ona görə də yazmaq problem yaratmır.

O biri tələbə soruşdu:

–Oradakı əlyazmanın vərəqləri niyə qalındır?

–Bə'zən kağız yazı üçün yararsız olanda, iki kağızı bir-birinə yapışdırırdılar. Kağız­ların bir üzü ahərlə­nirdi, cod üzləri isə ya­pış­dırılırdı. Özü də iş elə səliqəli aparılırdı ki, kağız bir kağız kimi görünürdü. Ondan sonra qə­rar­laşdırıl­mış yazılar oraya köçürülürdü.

Tələbələr bir–bir açılışır, sual–sual dalınca verilirdi. Bir qız çəkinə–çəkinə dedi:

–Məmməd müəllim, siz dediniz ki, beş yüz əməliyyat aparılır. Onu kimlər aparır?

–Əvvəlcə kağız hazırlanır. Bunun üçün yüz­dən çox əməliyyat aparılır. Sonra onun yazı üçün hazırlanması var. Xəttata veril­məsi, xəttatın əsər üzərində işləməsi var. Son­ra xəttatın boş saxladığı yerlərdə rəssamlar miniatür­lər çəkirlər. Bə'zən əlyazmalar qızıl suyu ilə işlənir. Gümüşlə və sairə ilə də işlənmiş əlyazmalar vardır.

Başqa bir tələbə soruşdu:

–Bə'zi əlyazmalar çox gözəl işlənmişdir, bə’zilə­rində isə xətt pisdir. Amma hamı qorunur.

–Bir var peşəkar xəttatların əl işləri, bunlar­da pro­fessional­lıq görünür. Bir də var mədrəsələrdə, came­lərdə tələbələrin köçür­dük­ləri əlyazmalar. Onların içərisində də gözəl xətti olanlar var. Elə əsərlər vardır ki, pis xətlə yazılmış­dır, amma o əsərin yeganə nüsxəsi olduğu üçün biz onu qiymətli əlyazma kimi saxlayırıq, yə'ni xəttə görə yox, əsərə görə qiymət­ləndiririk. Bə'zi əlyazmalar isə qədimliyi­nə görə qiymətlidir. Eyni bir əsərin mədrəsədə naşı xətlə ya­zıl­mış qədim nüsxəsi, peşəkar xəttat tərə­fin­dən yazılmış, lakin nisbətən yaxın əsrlərin yazı nümunəsi olan va­riantlardan daha qiymətlidir. Bə'zən də eyni bir əsərin xarici ölkədə və Azər­baycanda yazılmış nüsxələri olur. Əlbəttə bizim ölkəmizdə yazılan nüsxə bizimçün daha qiymətlidir.

–Hansı müəllifin əlyazması daha çoxdur?

Məmməd müəllim Tusinin 800 illik yubileyinə həsr olunmuş sərgiyə işarə edib dedi:

–Bizim türk əlyazmaları şö'bəsinin müdiri, filolo­gi­ya elmləri doktoru Azadə Musayeva əlyazmaları ka­ta­loqlaşdıran­da aşkar etmişdir ki, dünyada azərbay­canlı müəlliflərdən sayca əlyazması ən çox olan Nəsi­rəddin Tusi­dir. Bizim institutda da onun onlarla əsəri vardır ki, bu gördüyünüz sərgidə onlar nümayiş etdi­ri­lirlər.

Vaxtın qurtarmasına bir neçə dəqiqə qalırdı. Am­ma tələbələrin sualları bitib–tükənmirdi. Bu günkü sə­yahət­dən məmnun qalan tələbələrin ürəklərində gələcək arzular yaranır, yeni planlar cızılırdı…

2001

 

 

 


KİTABLAR İÇİNDƏ İTƏNDƏ

 

Nəsirəddin Tusinin 800 illik yubileyinə hər yer­də hazır­lıq gedirdi. Bizim institutun əməkdaşları da Tusi ilə bağlı keçiriləcək konfransa hazırla­şır­dılar. Kon­frans üçün material­lar əvvəlcədən top­lanırdı. Tusinin «Cəvahirnamə» əsəri ilə bağlı bir məqalə yazmışdım. Sonradan alimin tibbi–biolo­ji görüşlərini də işlədim. Ondan əlavə «Bizim əsr» qəzetində «Nəsirəddin Tusi–800» və «Azərbaycan XXI əsr» qəzetində «Nəsirəd­din Tusi elm haqqında» adlı məqalələr də çap et­dir­miş­dim.

Biləndə ki, institutumuzun əməkdaşları Tusi­nin əsər­lə­rini tərcümə edir, düzü, qibtə elədim. Ərəb və fars dil­lərini öyrənmə kurslarını bitirsəm də, dil­ləri mü­kəm­məl bilmir­dim və ilk dəfə idi ki, buna təəssüf etdim.

Bir gün ağlıma yeni bir fikir gəldi: «Məktəblilər üçün Tusinin elmi fəaliyyəti ilə bağlı hekayələr yaz­maq». Gör­kəmli alimin yubileyini kitabla qarşılamaq arzumu yerinə yetirmək üçün yol tapdığıma sevindim də. Tusi ilə bağlı kitabları onsuz da oxumuşdum, ye­nidən vərəqlədim.

Artıq onuncu hekayəni yazırdım. Qarşıma bir problem çıxdı. Tusinin «Şəklül–qita» əsərinin çap olun­ması ilə əla­qədar alman aliminin triqonometriya sahə­sin­dəki tədqi­qatlarının üzərinə kölgə düşmüşdü. H.Məm­mədbəyli bu məsələni F.Keçori adlı alimin «Elementar riyaziyyat ta­rixi» adlı əsərində açıqladı­ğını qeyd edir. Fikirləşdim ki, bəlkə bu alim Firudin bəy Köçərli olmuş olar. Bu məsələ ilə bağlı kitabxa­nam­da olan əsərləri vərəqlədim. Hətta Bəkir Nəbiye­vin «Firudin bəy Köçərli» kitabını diqqətlə izlədim. Amma Firudin bəyin riyaziyyat tarixi ilə məşğul olması faktına rast gəlmədim. Fikrimə gəldi ki, zəng vu­rub Bəkir müəllimdən soruşum. Bəkir müəllim dedi ki, bu Firudin bəy deyil. Ondan sonra həmin hekayənin süjetini dəyişib başqa şəkildə yazdım.

Üç gündən sonra Elmlər Akademiyasında gör­kəmli şairimiz Rəsul Rzanın 90 illik yubileyinə həsr olunmuş elmi sessiyada Bəkir müəllimlə görüşdük. Hal–əhval tu­tandan sonra dedi:

–O gecə zəng vurmusan, elə bildim ki, nəsə bir hadisə baş verib.

Düzü Bəkir müəllimin sözlərindən təəccüblən­dim. Üzümdəki ifadəni görüb sözünə davam etdi:

–Gec idi, ona görə ürəyim qopdu, dedim görəsən nə olub?

Yenə də təəccüblə soruşdum:

–Yə'ni çox gec idi?

Gülüb dedi:

–Saatdan xəbərin var idi. Saat neçə olardı sən zəng vu­randa?

Cavab verməyə söz tapmadım, həmin günü yadıma salmağa cəhd etdim. Hekayəni yazmağa başlayanda hələ hava qaralmamışdı… Düşünməyə imkan tapmamış Bəkir müəllim dedi:

–Saat on ikinin yarısı idi.

Bəkir müəllimin sözündən alındım. Daha neyləyə bi­lərdim. Üzr istədim…

Bir dəfə əlimdə yazım var idi. Vaxtın ötüb keçmə­sindən xəbərim yox idi. Birdən bacım dedi ki, xə­bər­lər proqra­mında mə'lumat ver­dilər Samət Əlizadəyə Əmək­dar elm xadimi adı verilib. Sevindiyimdən tez nömrəni yığdım ki, onu təbrik edəm. Dəstəyi oğlu gö­türdü. Danış­maq istəyirdim ki, bacım dedi, «saatdan xəbərin var?». Qeyri-ixtiy­ari dəstəyi asdım. Sən demə bu gecə xəbərləri imiş. Artıq saat birə işləyirdi. Səhərisi gün zəng vurub təbrik elə­dim… İndi Bəkir müəllim belə deyəndə həmin zəngi xa­tırladım…

Bir gün Nizami Gəncəvi adına Ədəbiyyat Mu­ze­yində əlyazmalarla işlərkən, kataloqa baxmalı oldum. Gözümə Tusi adı dəydi. Materialın kim tərəfindən yazıldığını ay­dınlaşdıra bilmədik. Kiril əlifbasında olan köhnə hərflər­dən bilinirdi ki, əllinci illərin ya­zısıdır. Burada Tusi haqqın­da müxtəlif mənbələr­dən götürülmüş qeydlər, Tusi­nin on rübasinin sətri tər­cüməsi və s. var idi.

Sevindirici hal o idi ki, Firudin bəy Köçərli tə­səvvür etdi­yim «Florian Keçori»nin adını öyrən­dim. Yenə də o zəngi xatırladım.

Beləliklə, bu hekayəyə oxşamayan yazı yazıldı.

 

2001

MÜXTƏLİF FƏNLƏR

 

 

 

 

 


ÖZÜ ŞƏRQİN, ADI QƏRBİN OLANLAR

 

Zöhrə müəllimə müəllimlər otağına girib, jurna­lı sto­lun üstünə qoydu, stulu çəkib oturdu. Məhərrəm müəllim onun əsəbdən qızarmış üzünə, qıyılmış gözlərinə baxdı. Bir qədər gözlədi, dinmədiyini görüb soruşdu:

–Zöhrə, qızım, nə olub sənə?

Zöhrə bu suala bəndmiş kimi gileylən­mə­yə başladı:

–Bu uşaqlarla işləmək mümkün deyil. Dərs oxumurlar, sakit oturmağı da bacar­mırlar. Hələ bu da bir yana dursun, elə qəribə suallar ve­rir­lər, elə qəribə şeylər danışırlar, söz tap­mır­san deməyə.

–Axı nə olub? Nə deyiblər sənə?

–Nə bilim, o mollanın oğlu var e, Mirba­la, deyir ki, müəllim siz düz demirsiniz, kim­ya­­nın əsasını İmam Cəfər Sadiqin tələbəsi qo­yub.

Məhərrəm müəllim gülümsünüb dedi:

–Elə buna görə hirslənmisən?

–Hirslənməyim neyləyim, molla oğlu olan­­da nə olar, gərək elə hər bir işi aparıb dinə bağlayasan.

–Zöhrə, qızım, sən hirslənmə, mən sənə izah eləyim. O uşaq düz deyir. İmam Cəfər Sadiqin Cabir ibn Həyyan adlı Əndəlisli bir tələbəsi olmuşdur. O, kimyanı imamdan öy­rən­miş, sonralar kimyaya dair yüz­lərlə əsər yaz­mışdır və kimyanın əsasını qoymuşdur.

Zöhrə təəccüblə Məhərrəm müəllimə ba­xıb ayağa qalxdı, yaxına gəlib soruşdu:

–Siz nə dediniz? Siz də bu faktı təsdiq edirsiniz?

–Qızım, axı bu islam tarixində olan fakt­dır, onu dan­maq olmaz. Bir də elə bilirsən ki, bu təkcə sizin fənndədir? Elə götürək riya­ziy­yatı, hansı sahəsinə baxırsan, bir qərbli ali­min adını görürsən, halbuki, həmin tədqiqat­ların əksə­riyyəti şərq alimlərinin işidir. Adi triqonometriyanı götü­rək. Riyaziyyatı onsuz təsəvvür etmək olmaz. Qərb tarixçilə­ri alman alimi Reqlomontanı onun banisi hesab edir­lər. Halbuki iki əsr ondan əvvəl onun yazdıq­larını Nəsirəddin Tusi «Şəklül–qita» əsərində ondan da dəqiq vermişdir.

Zöhrənin təəccübü bir qədər də artdı:

–Siz nə danışırsınız? Bunu kim sübut et­mişdir?

Məhərrəm müəllim ona əli ilə oturmağı işarə edib, özü də stul çəkib əyləşdi və sözünə davam etdi:

–İllər boyu almanlar Reqlomontanın işlə­ri­ni şişir­tmiş, onu riyaziyyat tarixində ilkin hesab etmişlər.

Bu zaman kənardan onların söhbətini iz­ləyən Seyidmi­ri müəllim əlavə etdi:

–Məhərrəm müəllim, özü də bu məsələni fəlsəfə dokto­ru, Kolorado kollecinin Fizika pro­fessor Flo­rian Kecori araşdırmışdır. O «Elmentar riya­ziy­yatın tarixi» adlı əsərin­də yazır ki: «Şərqdə Nəsirəddin, tatar hökmdar­ları­nın hərbi qəsbkarlıq­larının kəsildiyi bir dövrdə istər müstəvi və istərsə sferik triqo­nometriyanı əhəmiyyətli də­rəcədə işlə­miş­dir. Zuter böyük həyəcanla soruşur ki, on beşinci əsrin Avropa alimləri bu tədqiqatları bilmiş olsa idilər, bəs onlar triqonometriya sahəsin­də nə iş gö­rərdilər? Bəlkə onlardan bəziləri bu işlərlə tanış olmuşlar?

Bu suala biz hələlik cavab verə bilmərik».

Başqa bir yerdə qeyd edir ki: «Keber də daxil olmaqla bir sıra müəlliflərin cədvəllə­rin­dən is­tifadə etmək məsələsi haqqında Av­ropa riyaziyyatçı­la­rını ərəb sferik triqono­met­riyanın ən əhəmiyyətli elementlərilə tanış etmək tə­şəbbüsündə çoxdan olmuşlar, lakin, bu elmi öz kəşflərilə zənginləşdirərək yalnız Reqlomontan qəti olaraq Avro­paya gətirə bilmişdir. Bununla əlaqədar olaraq istər müs­təvi və istərsə sferik triqonometriya astrono­mi­yadan asılı olmaqdan qurtarır. Bu nöqte­yi–nəzərdən Reqlomon­tanın Avropada oyna­dığı rol, təqribən Nəsirəd­di­nin iki yüz il on­dan əvvəl müsəlman aləmində oynadığı rol kimidir».

Zöhrə əsəbi halda dedi:

–Yenə də onları eyniləşdirirlər. Bəs niyə şərq alimləri Tusinin tədqiqatlarını müdafiə etmirlər?

Seyidmiri müəllim bir qədər sükutdan sonra cavab verdi:

–Niyə, bizimkilər də bir çox əsərlərdə Tusinin qiymə­tini veriblər. Cəlal Himayi «Mün­təxibi «Əxlaqi–Nasiri» əsərində yazır ki: «Fizika və riyaziyyat fənnləri sahəsində XIII əsrin ən böyük alimi Xacə Nəsirəddin Məhəmməd Tusi idi. O, Şərqin iftixar etdiyi Farabi, Əbu Əli Sina və Əbu Reyhan Biruni kimi alimlərin cərgəsində durur». Başqa bir yerdə qeyd edir ki: «Nəsirəddin nəzəri və təcrübi elmlərin bütün növləri, xüsusilə hik­mət, kəlam, riyaziyyat elmləri üzrə öz döv­ründə yeganə olub, bütün islam ölkələ­rində öz fərasət və iste’dadı ilə yüksək şöhrətə malik idi. Buna görə də o «bəşəriyyətin ustadı» ləğəbi ilə tə’riflənmişdir. Saleh Zəki isə «Asari–baqiyə» əsərində yazır ki: «Nəsi­rəddin mütaliəni çox sevmiş, hikmət, fəl­səfə, əxlaq, təbiyyat və xüsusilə riyaziyyata dair ərəb və fars dillərində də bir çox gözəl əsərlər yazmışdır. Onun ancaq riyaziyyata dair yaz­dığı əsərlər bir kitabxana təşkil edər».

Zöhrənin hövsələsi daraldı, Seyidmiri müəl­lim onun nəsə demək istədiyini hiss edib, susdu və onun danışma­sına imkan yaratdı. Zöhrə dedi:

–Bəs indi biz əlimizdən alınan mə'nəvi sərvətlərimizi necə qaytara bilərik. Niyə alman öz fikrini yeridə bilir, biz yox?

–Öyrənməklə, qızım, ancaq öyrənməklə. Biz öyrən­mi­rik, ona görə də keçmişimizə sa­hib çıxanlar çoxalır. Öyrən­mədiyimizə görə əli­mizdən alınanları qaytara bilmirik – deyə Mə­hərrəm müəllim dilləndi.

Zöhrənin fikrində bir anlıq «molla oğlu» deyə rixşənd et­diyi Mirbalanın sözləri dolan­dı. Min­nətdarlıqla müəllim yoldaşlarının üzü­nə baxdı, heç nə demədi. Nə deyəydi. De­mək yox, öyrənmək lazım idi. Ancaq öyrənmək. . .

 

2001

 

 

ƏLAVƏ BİLİK

 

Ramil rəfdəki kitabları töküb–töküşdü­r­dü. Bir–bir açıb baxdı. Coğrafiyaya, astrono­miyaya, hətta biologiya­ya aid olan kitabların hamısını vərəqlədi, yenə də bir şey tapa bilməyib əsəbiləşdi. Otaqda xeyli var–gəl etdi. Atası Mu­rad onun bu işindən heç nə başa düşmədi. Nəhayət, ya­xınlaşıb soruşdu:

–A bala, sən bu qədər nə axtarırsan?

Ramil atasına baxdı, nə deyəcəyini dü­şün­dü, amma deməyə söz də tapmadı. Axı nə de­yəydi? Nə axtardığını heç özü də bilmirdi. Çiyinlərini çəkib dedi:

–Bilmirəm.

Atası təəccüblə oğluna baxıb gülümsədi. Sonra stolun üstündə qalaqlanmış kitablara işarə edib dedi:

–Aləmi yığıb tökmüsən bura, deyirsən ki, bil­mirəm. Bilmirsən nə axtarırsan, daha niyə axtarırsan?

Ramil alnını ovuşdurub saçlarını qarışdır­dı. Sanki bu­nunla əsəblərini sakitləşdirmək is­təyirdi. Amma daha da hirsləndi və müəl­limin qarasınca deyinməyə başladı:

–Heç özü bilir ki, mən də bilim.

Atası heç nə başa düşmədi, təəccüblə oğluna baxdı.

–Firəngiz müəlliməni deyirəm. Hər dəfə tə­zə nəsə tapşırır. –Ramil sözünün dalını gətir­mə­di.

–Nə tapşırır yəni? – atası daha da təəc­cüb­ləndi.

–Deyir ki, nə tapşırır. Əlavə. Əlavə olma­sa, «5» yox­dur.

–Əlavə nədir, ay bala? Beş nədir? – deyə atasının tə­əccübü bir qədər də artdı.

–Firəngiz müəllimə deyir ki, dərsdən əlavə nəsə öy­rən­məyən şagirdə mən «5» yazma­yacağam. Vəs­salam.

–Elə bu? Mən də deyirəm görəsən nə bö­yük iş olub. Elə bunu problemə çevirmisən? Fi­rən­giz müəllimə çox düz eləyir. Guya dərs­liklərdə nə var ki? Zəhmət çəkin, əlavə kitab­lar oxu­yun – atası razı halda öyüd–nəsihətə baş­ladı.

–Əlavə, əlavə. Elə bilirsən özü az əlavə danışır? Hələ üstəlik biz özümüz də əlavə tapmalıyıq. Haradan tapım? Bütün kitablara baxmışam. Dərslikdəkindən və müəllimin danı­şıqlarından əlavə heç nə yoxdur. İndi mən nə öyrə­nim? – Ramil az qala ağla­ya­caqdı, amma özünü saxladı və stolun üstündəki kitabları rəfə yığmağa başladı.

Atası soruşdu:

–Yaxşı, sizin dərsiniz nədir və sən nə bilirsən?

Ramil kitabları rəfə qoyub çevrildi, atasına baxıb da­nışmağa başladı:

–Dərsimiz təqvimdir. Sadəcə təqvim. Amma müəllim o qədər il, ay, gün deyib ki, daha bütün dünya təqvimlərini əzbər bilirəm. Hətta hicri–qəməri, hicri–şəmsi, nə bilim daha nə. Daha heç nə qalmayıb. Əlavə heç nə yoxdur. Amma müəllim deyir ki, var! Axı mən haradan tapım təzə məlumatı?

Murad bir qədər fikirləşib vaxtikən yığdığı qəzet kə­sikləri və eşitdiyi məlumatları yazıb saxladığı kiçik və­rəqlər olan qovluğu götürdü. Ramilin intizar dolu baxışla­rının müşayiəti ilə araşdırmağa başladı. Bəzən bir yazını götürüb oxuyur, razılıqla başını tər­pədir, gülüm­sünür, so­nra birdən təəssüflə ba­şını bulayıb qovluğa qoyur və yeni­sini götü­rür­dü. Hər dəfə Ramilin üzündə ümid doğu­lur, yox olurdu. Xeyli götür–qoydan sonra, nəhayət, Murad təbəssümlə oğluna baxdı.

–Tapdım. Bu da sənə əlavə məlumat, –deyib vərəqi oxumağa başladı: «Çin illəri 12 aydan deyil, 24 aydan ibarətdir. Çinli astro­nomların fikrincə hər il 365 gün 5 saat 49 dəqiqə 2 saniyədir.

Ramil hövsələsizlik edib dilləndi:

–Ata, onu da Firəngiz müəllimə deyib.

Atası narazı halda oğluna baxıb dedi:

–Gözlə, hələ ardı var. Görkəmli alimimiz Nəsirəddin Tusi özünün astronomiyadan bəhs edən «Zici–Elxani» adlı əsərində göstərir ki, Çin və Türküstan xalqları gecə və gündüzü on iki hissəyə bölmüşlər. Bu hissələr çağ adlanır. Çağ iki saatı bildirir. Hər çağın öz adı var. Bu adlar Çin və Azərbaycan dillərində həmin əsərdə verilmişdir: Tezı–Siçan, Çou–Buğa, İm–Bars, Mao–Dovşan, Çen–Əjdaha, Sı–İlan, U–At, Vey–Tazı, Şen–Meymun, Yu–Toyuq, Syuy–İt, Xay–Donuz.

–Əla, bax bu oldu təzə məlumat. – Ramil sevin­diyin­dən qanadlanıb uçmaq istədi.

O gecəni Ramil yata bilmədi, tez–tez durub saata ba­xırdı. Səhərin açılmasını səbirsizliklə gözlə­yir­di. Zarafat deyil, sabah hamını təəccübləndi­rə­cəkdi, hətta Firəngiz müəlliməni də.

2001


MİRVARİ

 

Tahir müəllim əlində sinif jurnalı qapıda görünən­də, hamı bir nəfər kimi yerinə keçdi. Uşaqlar başqa müəllimlərdən fərqli olaraq ona daha çox hörmət edirdilər. Dərsində milçək uçsaydı, vızıltısı eşidilərdi. Hamının fikri müəllimdə olardı. Tahir müəl­lim dərsi o qədər maraqlı danışırdı ki,onun dər­sində başqa şey fikirləşmək mümkün deyildi. Dərsdən sonra şagirdlərin suallarına da həvəslə, təmkinlə cavab verər, mübahisəni də səbrlə dinləyərdi. Həmişə çalışardı ki, orta mövqe tuta bilsin, hərəyə öz dilində başa sala bilsin. Hətta tə­nəffüslərdə belə şagirdlərini ma­raqla dinlərdi. Uşaqlar ona «ideal müəl­lim» de­yirdilər. Bu çox vaxt digər müəl­lim­lərin xətrinə dəysə də, danışmağa söz tap­maz­dılar. Axı, Tahir müəllimi onlar da yaxşı tanıyırdılar. Tahir müəllimsə, özünü həmişə təvazökar aparar, yanında bir müəllimin pis­liyinə danışılmasına icazə verməzdi. Həmişə ən səhlənkar müəllimi belə şagirdlərin ya­nında müdafiə edərdi. Ona görə də uşaqlar onun yanında başqa müəl­limlər haqqında heç danışmazdılar. Bir də axı, Tahir müəl­limlə danışmağa uşaqların o qədər yaxşı sözü olurdu ki, pisdən danışmağa imkan olmurdu.

Bu günkü dərs daha maraqlı olmalıydı. Keçən dərs­də Füzulinin həyat və yaradı­cılığını keçmişdilər. Tahir müəl­lim o qədər maraqlı danışmışdı ki, uşaqlar dərsi sinifdəcə öyrənmişdilər. Amma evə şairin şeirlərindən əzbərləməyi tapşırmışdı. Adəti üzrə hamı çalışmışdı ki, Tahir müəllimin tapşırığına layiqincə əməl eləsin. Mail isə uşaqlara tanış olmayan bir qəzəli əzbərləmişdi. Tahir müəl­lim bir–bir şagirdlərini dinlədi, suallar verib şeiri başa düşüb–düşmə­diklərini öyrəndi, onların səhvlərini düzəltdi. Növbə Mailə çatdı. O şairin «Verməz» rədifli qəzəlini dedi:

Mənə badi-səba ol sərvi ­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­-gülrüxdən xəbər verməz.

Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

 

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma

Əcəl peykinə seyli-əşk girdabı güzər verməz.

 

Gözümdə məskən et, xari-müjəmdən e’tiraz etmə,

Güli–xəndanə sordum, xarə yar olmaq zərər verməz.

 

Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə

Ki, pəjmürdə nihalə verməyincə su, səmər verməz.

 

Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından

Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.

 

Bəla zimnində rahət olduğun izhar edən xəlqə

Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

 

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,

Sədəf su almayınca əbri-nisandan, gühər verməz.

 

Tahir müəllim axıra kimi diqqət edib soruşdu:

–Mail, sən sonuncu beytin mə'nasını açıqlaya bilər­sənmi?

Mail beyti bir də təkrarlayıb dedi:

–Şair burada deyir ki, bu dünyadan kam almaq üçün çoxlu əzab-əziyyət çəkmək la­zım­dır. Necə ki, sədəf aprel yağışından su al­masa gövhər yaranmır, eləcə də güclən­mə­dən, qüvvətli olmadan dünyada istədiyinə çata bilməzsən. Çünki, aprel yağışında elə bir qüvvə vardır ki, o nəyin üstünə düşsə onu gücləndirir. Əgər yaxşı bir şeyin üstünə düşsə, tutaq ki, xoş ətirli gülün üstünə düşsə, onu daha da ətirli edir. Eləcə də pis qoxulu bir şeyin üstünə düşsə onu daha da kəskin­ləşdirir. Sularda mirvari əmələ gətirən ilbiz olur. İlbizlərin sifonlarından parlaq mad­də ifraz edilir. Əgər ora bir qum dənəsi düşərsə, onun ətrafı həmin maddə ilə örtülür və mirvari əmələ gəlir. Aprel yağışı yağan vaxt ilbiz suyun üzünə çıxıb sifonunu açarsa, oraya həmin yağışın damcısı düşərsə, onda böyük mirvari əmələ gəlir ki, buna «Dürri–yetim» və ya «Dürri–qəltan» deyilir. Bu ən bahalı gövhər hesab olunur. Hətta Məhəm­məd peyğəm­bərə (ə) də «Dürri–yetim» adı verilmişdir.

Tahir müəllim Maili maraqla dinləyib soruşdu:

–Mail, sən bunları haradan öyrənmisən?

Mail bir qədər sıxıla–sıxıla cavab verdi:

–Atamdan eşitmişəm. Onlar həmişə yı­ğışıb Füzulini oxuyur, şərh eləyirlər.

–Onlar, yə'ni kim?

–Evdə atam, qonşumuz, qohumumuz, hamısı tez–tez yığışırlar, danışırlar. Amma bizi qoymurlar. Mən qapının dalından qulaq asıram.

Tahir müəllim Mailin uşaq səmimiyyətinə heyranlıqla baxdı, gülümsədi, sonra sözə başladı:

–Yaşlılardan öyrənmək lazımdır. Çox, çox öyrənmək lazımdır. Bakı–Abşeronda Füzulini yaxşı bilirlər. Qocalar da, cavanlar da. Mən çox sevinirəm ki, Mail klassik şe’ri öyrənməyə səy göstərir. Klas­sik ədəbiyyata fikir versəniz, görərsiniz ki, aprel yağı­şın­dan, sədəfin dürr əmələ gətir­məsindən əksər şairlər söz açıblar. Uşaqlar, yəqin ki, adi mirvarini ha­mınız görübsünüz. Amma Mai­lin dediyi «Dürri-ye­tim»i heç kəs görməyib. Bizim gözəl ensiklope­dik ali­mimiz olan Nəsirəddin Tusi «Cəva­hir­namə» əsə­rində bir çox qiymətli daşların, cəvahirlərin haqqında çox zəngin mə'lumat vermişdir. Orada mir­varinin rənginə, təravətinə, sululuğuna, şəklinə və s. görə bir çox növünü göstərir. Qeyd edir ki, ağ, sulu, təravətli, ulduza oxşar mirvariyə şahvar deyirlər. Əgər belə mirvari lap girdə, yuvarlaq olarsa, ona «Dürri–qəl­tan» de­yir­lər. «Dürri–ye­tim» deyilən mirvari isə Xəlifə Meh­dinin xəzinəsində ol­muşdur və fars vilayəti ya­xın­lı­ğındakı Xarək dənizindən çıxarılmış­dır. Ki­tab­da mirvari ilə bağlı başqa mə’lumatlar da vardır…

Elə bu zaman zəng çalındı. Həmişə zəngin səsinə sevi­nən uşaqlar, indi bundan narahat oldular. Tahir müəlli­min jurnalı örtdüyünü görüb yer–yerdən dilləndilər:

–Müəllim, danışın, danışın, tənəffüsü də danışın.

Tahir müəllim adəti üzrə gülümsəyib məhəbbət dolu nə­zərlərini şagirdlərinin üzündə dolandırdı və sakitcə dedi:

–Gələn dərs davam edərik. Siz isə əz­bər­lədiyiniz qəzəl­lərin şərhini öyrənin.

Uşaqlar könülsüz–könülsüz tənəffüsə çıxdılar.

2001

 

 

TUSİNİ AXTARMAĞA DƏYƏR

 

Məktəbdə Tusinin 800 illik yubileyi ilə əla­­qədar olaraq stendlər hazırlanmalı idi. Uşaq birliyinin rəhbəri Yaqut müəllimə yu­xa­rı si­niflərdə oxuyan şagirdləri çağırıb yı­ğın­caq ke­çirirdi. O şagirdlərə Azərbaycanın gör­kəmli alimi Nəsirəd­din Tusi haqqında qısa məlu­mat verib, yığıncağın məq­sə­dini açıq­ladı. Üzünü sinif nümayəndələrinə tutub de­di:

–Onbirincilər Tusinin əsərlərinin adlarını yazıb gətir­məlidirlər. Onuncular Tusinin təd­qiqatçı­ları ilə bağlı mə'lumatları toplasınlar. Doqquzuncular alimin hikmətli sözlərini, səkkizincilər isə şeirlərini yazıb versinlər. Kimin əlavə təklifi, sözü varsa, deyə bilər.

Ramin dedi:

–Bir alim haqqında məlumat toplamaq nə böyük işdir ki, bu qədər adama tapşırırsınız?

Yaqut müəllimə narazı halda ona baxdı, amma içində­kini üzə vurmayıb təmkinlə dilləndi:

–Bu işi mən özüm də görə bilərdim. Amma istəyirəm ki, bu işdə bütün uşaqlar iştirak etsinlər. Bir də özünüz material toplasanız, onda bilərsiniz ki, Tusi necə böyük alimdir. Sizə bir həftə vaxt veririk, gedin işləyin.

Yığıncaqdan sonra Famillə Şahin uşaqları bir yerə toplayıb məsləhətləşdilər. Famil dedi:

–Zarafata salmayın, uşaqlar, Tusi çox böyük alim olub. Bilirsiniz nə qədər hikmətli sözü var? Elm haqqında, dostluq haqqında, əmək, xeyirxahlıq, ədalət, xasiyyət, pul, insan­lıq və s. Haqqında o qədər söz deyib ki. Gəlin hərəmiz bir məf­humla bağlı olan sözləri toplayaq, son­ra bir gün bir yerdə oturub oxuyarıq, ən güclülərini seçib verərik.

Uşaqlar razılaşdılar. Hərə çantasını götü­rüb evə tə­ləsdi.

Beş gündən sonra artıq xeyli söz toplan­mışdı. Dərsdən sonra doqquzuncular evə get­mədilər, oturub Tusinin hikmətli sözlərini oxu­­­dular. Birinci Xəyalə elmlə bağlı tapdığı hik­mətli sözləri dedi: «Ömrümüz boyu öy­rən­dik, axırda onu bildik ki, heç nə bilmirik». «Elm öyrən­mə­yə əmək sərf edən adam axırda onun faydasını görəcəkdir». «Elm əməlsiz və əməl də elmsiz məna­sızdır». «Elm həya­tın qaranlıq sahələ­rini işıqlandıran bir qüvvə­dir». «Elm işləndikcə çoxalır». «Elmin dəyəri mal–dövlətin dəyərin­dən çox­dur». «Elm insanı yüksəldər». «Elmin» düşməni yadda­şın zəifliyidir». «Elm əsl rahatlığın rəmzidir».

Famil dostluqla bağlı sözləri dedi: «Dost çətin və ağır günlərin dayağıdır». «Dostun kiçik nöq­sanını böyütmək olmaz». «Dostun büdrəyəndə əlindən tut­ma­lısan». «Dos­tun qəlbində ümid məşəli yandır­malı­san». «Ya­lan­la dostluq bir yerə sığmaz». «Dostun ey­bini başqasına demək düşmənçiliyə səbəb olar». «Dünyada sədaqətli dost fəxrə layiq­dir». «Dostun xeyrində və şərində iştirak et­mə­lisən». «Dostlar bir–birini islah etməlidir­lər». «Dostun haqqını tapda­lamamalısan».

Şahin insanlıqla bağlı hikmətləri saydı: «İnsan möv­cu­datın ən şərəflisidir». «Bütün yaranmışların içə­risin­də in­sandan böyüyü yoxdur». «İnsanlar fikir, əql, şüur və iradə ilə öz mə'nəvi ehtiyaclarını tə'min edirlər». «İn­sanlar ağıla, biliyə, əməyə, sənətə və peşəyə yiyələnməklə maddi ehtiy­aclarını təmin edirlər». Ağıllı adamlar vəzifə­yə, dövlətə, mən­səbə, rütbəyə qürrələn­məz». «İnsan­­larda dörd cür fə­zilət qüvvəsi mövcuddur: hikmət, ədalət, şücaət, iffət». «İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir–birinin köməyinə möh­tac­dırlar». «Ağıllı adam ömrünü yemək–içmək məclislərində bada verməməlidir». «Heç kəs təklikdə ka­ma­la çatmaz». «İnsan bədəncə xırda olsa da, hik­mətdə, əql və şərafətdə ən böyük var­lıqdır».

Humay əməklə bağlı fikirləri sadaladı: «Başlanan hər bir işin məqsədi olmalıdır». «Hamı xeyri inkişaf etdirməyə səy gös­tər­məlidir». «Mənəvi zövq əmək, zəhmət, iradə və fəa­liyyət nəticəsində əldə edilər». «Sənət zəhmətin sayəsində qazanılır, ona görə də zəhmətin qədrini bilmək lazımdır». «Bir sə­nəti mükəmməl bilmək daha faydalıdır». «Bal arısı başqalarının ruzisinə göz dikmədən öz şirə və ifrazatı ilə dolanır». «Çox yatmaq zehni kütləş­dirir». «Əsl səadətə yal­nız ça­lış­maq və əmək sərf etməklə çatmaq olar». «Yax­şı iş görmək, xeyirli fəaliyyət göstərmək bulud altından çıxan günəşə bənzər». «Zalım və xain varlı, məzlum­lar isə kasıb dolanar­lar».

Ramin pulla, var–dövlətlə bağlı sözləri dedi: «Dövlət quşunun gələn yeri dar olar, çıxan yeri gen». «Xalqın ən yoxsulu şah­lar­dır». «Pul xalq arasında adil və bərabərləş­dirici vasitədir». «Uşağa pul vermək, şirnik­ləş­dirmək, əsil–nəsəbə aid olan şeylərlə deyil, mehribanlıq, məhəbbət doğuran kəlamlarla tərbiyə etmək lazımdır». «Mal–dövlət adamı əsl fəzilət sahibi edə bilməz».

Abutalıb ədalətlə bağlı hikmətlərdən da­nış­dı: «Xalq arasında ədaləti qorumaq ilahi namusdan, insani hikmət­dən ibarətdir». «İn­ti­qam mərdliklə olsa, təriflənər, na­mərdliklə olsa, pislənər». «Ədalətli işlər ədalətsizlikdən törəyər». «Ədalət hamıya şamil olmalıdır».

Şirin insan xasiyyəti ilə bağlı sözləri sa­da­ladı: «Od odunu yox etdiyi kimi həsəd də in­sanı yox edər». «Sə­liqəli geyinmək modabaz­lığa aparıb çıxar­ma­ma­lıdır». «Xa­siyyət ağıl və düşüncəyə ehtiyacı olmadan nəfsi asan­lıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir». «İs­tər xoşla, istərsə zorla bə­yənilən xasiyyətləri aşılayıb vər­dişə çevirmək lazımdır». «Mə­dəni adamlar təbiətcə yara­dıcı­dırlar, məişətcə isə bir–birinə kömək etmə­dən dolana bilməzlər». «Təbiət müəllim və ustada, sənət isə tələbə və şagirdə oxşar». «Sənətdə təbiəti təqlid etmək lazımdır». «Bəd əməl­lərə yalnız təbiəti cahil olanlar yol verə bilər».

Seçim başlananda uşaqların qarşısına böyük bir problem çıxdı. Nə qədər elədilər, sayı azalda bilmə­lidilər. Hərə bir söz dedi, hərə öz seçdiyi sözləri bəyəndirmək is­tədi. Yenə də seçib qurtara bilmədilər. Məcbur olub Ya­qut müəlliməyə müraciət etdilər.

Yaqut müəllimə uşaqları diqqətlə dinləyib gülümsündü. Sonra üzünü Raminə tutub dedi:

–Ramin, gördünmü Tusi nə böyüklükdə alimdir?

Ramin beş gün əvvəl dediyi sözü xatırlayıb utandı, ba­şını aşağı dikdi.

Yaqut müəllimə onun pərtliyini aradan qaldırmaq üçün dedi:

–Yaxşı olar ki, bu sözlərin hamısını Raminə verək, se­çimi o aparsın.

Stendlər divara vurulanda Raminin seçimindən hamı razı qaldı.

2001

 

 

MARAĞA RƏSƏDXANASI NECƏ TİKİLDİ

 

Xeyli müddət idi ki, Tusini bir problem dü­şün­dürürdü. Harda olurdusa, nədən söh­bət gedir­disə, yenə də fikri həmin məsələnin ətrafında do­la­nırdı. Tusi çox düşünürdü. Ayrı–ayrı planetləri gör­mək; hərəkətlərini izləmək, göydə baş verən hadisələrin şahidi olmaq, Ayın, Günəşin tutul­ma­larını qa­baq­cadan bilmək və s. bir problem kimi alimi na­rahat edirdi. Bunları bilmək üçün də rə­səd­xana lazım idi. Marağada mütləq rəsədxana tikil­mə­liy­di. Bu isə ol­duqca böyük məbləğ tələb edirdi. Bunu ancaq Hülakü xana demək lazım idi. Am­ma necə demək, Hülakü xanı ne­cə başa salmaq? Tusi çox düşündü, çox götür–qoy elədi. Hülakü xan Tusi ağlında, Tusi ka­ma­lında deyildi. Tusinin düşündüklərini ona başa salmaq hünər istəyirdi.

Günlərin bir günü Tusi söhbət əsnasında rəsəd­xana­dan, astronomiyadan, ulduzlar alə­min­­dən söz açdı. Ma­rağada rəsədxananın ti­kil­məsinin gərəkli olduğunu bil­dirdi. Tikinti üçün lazım olan müəyyən məbləğin ayrıl­ma­sını, imkan daxilində tezliklə işə başlamağın va­cibliyini qeyd etdi.

Onun söhbətlərini dinləyən Hülakü xan təəccüblə so­ruşdu :

–Axı bu ulduz elmi nədir ki, onu öyrən­mək üçün bu qədər pul xərclənə, rəsədxana ti­kilə?

Tusi baxdı gördü ki, xanı alim dilində başa sala bil­məyəcək, tez fikirləşib başqa yol tapdı. Dedi:

–Xan sağ olsun, icazə verin bir nəfər dağın ba­­şına qalx­sın, hamıdan xəbərsiz bir teşti üzü­­aşağı buraxsın.

Hülakü xan yenə də təəccüblə baxdı, amma heç bir söz deməyib Tusinin sözünə görə əmr verdi ki, bir nəfər bu işi icra eləsin. Teşt yuxarıdan üzüaşağı düşəndə bir həngamə qopdu ki, gəl görəsən. Qoşun ayağa qalxdı, elə bildilər ki, düşmən hücuma keçib. Ca­maat bir–birinə qarışdı, hamı vahimə için­də ora–bura qaçdı. Tusi ilə Hülakü xan isə sa­kitcə bu hadisəni seyr edirdilər. Bu zaman Tusi dedi:

–Xan sağ olsun, görürsünüzmü, bu hadisə və onun sə­bəbi bizə məlumdur, ona görə də biz sakitcə otur­mu­şuq. Amma camaat və əsgərlər hadisədən xəbərsiz olduqları üçün narahatdırlar. Eləcə də göydə hər hansı bir hadisə olanda biz xəbərsiz olduğumuz üçün narahatlıq keçiririk. Əgər Yerdə rahat yaşa­maq istəyirsənsə, gərək göydəki hadisələri qa­baq­cadan biləsən. Ona görə də rəsədxananın tikilməsi vacibdir. Beləliklə, Hülakü xan rəsədxananın ti­kilməsi üçün lazım olan məbləği verir. Marağada rəsəd­xana tikilir.

2001

 

 

MƏNİM GÖRDÜYÜM TUSİ

 

Vaqif dostugilə gələndə artıq Rəfailin əlində­ki iş tamamlanmaq üzrə idi. Bir qədər gözlədi, hövsələsi çatmadı, pəncərənin önündə dayanıb bağçaya tamaşa elədi. Rəfailin əkdiyi çiçəklər də qəribə idi. Dü­zülüşləri də, rəng ahəngləri də, seyrəkliyi, sıxlığı da. Elə bil bu mənzərə deyirdi ki, bizi rəssam yaradıb.

Rəfail doğrudan da xüsusi iste’dad idi. Hələ uşaq­lı­q­dan hər işində səliqə–səhman, bir zəriflik, gözəllik nümayiş etdirməyə çalışardı. Gördüyü mən­zərələri də yaddaşında saxlayaraq, dəfələrlə nəzə­rində canlan­dırar, dəyişər, nəhayət öz istədiyi tərzdə vərəqlərə kö­çü­rər­di. Heç vaxt heç nəyi olduğu kimi çəkməzdi. Son­ralar böyü­düsə də uşaq şıltaq­lığını xatırladan xü­susiyyətini itir­mədi. Əksinə, inadkarlıqla inkişaf et­dir­di, nə­ha­yət, bu yolda özünü tapdı. Hər yeni rəsmi üzə­rində gedən mübahi­sə­lər­də barışmaz möv­qeyini saxladı, öz istədiyini, öz gör­dü­yü­nü yaratdı.

Vaqif rəssam dostunun yaratdığı bağçanı nəzərdən ke­çirib yenidən əlindəki işinə baxdı. Nəhayət, Rəfail əllərini silib dostuna xoşgəl­din elədi. Vaqif rəsmə baxdı. Nəsirəd­din Tu­si­yə oxşayırdı. Kənarda lövhəyə Tusinin kiçik şəkli söykədilmişdi. Şəkildə alimin əlində qələm şam işığında nəsə yazırdı. Kənarda cihazlar var idi. Yarıaçıq pəncərə­dən bir neçə gecəlik ay və ulduzlar görünürdü. Rəfailin çəkdiyi rəsmdə isə şam yanmırdı, ulduzlarsa alimin başı üstündə işıq saçırdı. Vaqif təəc­cübünü gizlədə bilmədi:

–Yaxşı, Tusini gözəl çəkmisən, cihazlar da olduğu ki­midir, alimin oturduğu yer də, otu­ruşu da gözəldir. Amma bir şeyi başa düşmü­rəm, şam niyə yanmır? Ul­duzları da bayırdan içəri gətirmisən, bu da qəribədir. Yaxşıdır e, amma.

–Nə amma? Nə yaxşı deyil? –Rəfail adəti üzrə özünü müdafiəyə hazırlaşdı.

–Bilirsən, bir az məntiqə uyğun gəlmir. Axı, alim yazır. Ulduzlar da bayırdadır. Sən onları Tusinin başı üstündən assan da, hər hal­da məntiqlə onlar bayırdadır­lar... – Va­qif sözünü tamamladı.

Rəfail qaşlarını çatıb bir qədər susdu, diqqətlə şəklə baxdı. Da­nış­madı. Vaqif dostunun bu hərəkətini öz qələ­bəsi kimi başa düşüb sözünə davam etmək istədi. Rəfail düz onun gözlərinin içinə baxıb dedi:

–Qardaş, sənin Tusin şam işığında işləyir, mə­nim Tu­simə ulduzlar kifayət eləyir. O sənin gördü­yün Tu­sidir, bu da mənim gördüyüm Tusi, başa düşdün? . . .

Vaqif danışmağa söz tapmadı.

2001

 

 

HANSI DILDƏ

 

Xəyalın iri, qara gözlərində adamın diqqətini cəlb edən bir ifadə var idi. Uşaqlıqdan hər şeylə maraqlanan olduğu üçün birtərəfli istiqamət onun kefini açmırdı. Hər dəfə təzə, maraqlı bir şey tələb edirdi.

Üç yaşında olarkən boya ilə çəkdiyi şəkillər onun yaşına uyğun olmayan istedadından xəbər verirdi. Onda xüsusi musiqi duymaq qabiliyyəti vardı. Radioda konsertlər veriləndə bir çox müğənniləri, xanəndələri səsindən tanıyırdı. "Malış" qrupunun üzvü olanda artıq Xəyal ingilis və rus dillərində də saymağı bacarır, şeirlər əzbərləyirdi. Hətta fransız və fars dillərində də saymaq öyrənmişdi.

Xəyalın altı yaşı olanda artıq yazıb–oxumağı baca­rır­dı. Ata–anasını "məktəb, məktəb", – deyə təngə gətir­miş­di. Bir gün anasına dedi:

–        Sabah məni məktəbə aparmasan, özüm gedəcəyəm.

Anası onun saçlarını sığallayıb dedi:

– Oğlum, axı hələ yaşın çatmır. Bir ildən sonra məktəbə gedəcəksən. Axı hələ balacasan...

Xəyal bütün günü acıq edib çörək yemədi. Gecə yuxuda isə sayıqlayır, anasına yalvarırdı: "Nə olar, ana, apar da... Sən apar, məni qəbul edəcəklər".

Səhər anası əlacsız qalıb Xəyalı geyindirdi. Onlar məktəbə yollandılar. Məktəbdə onu gülərüzlə, səmimiy­yətlə qarşıladılar. Lakin yaşının az olduğunu bilib, "hələ tezdir" dedilər. Lakin Xəyal boynunu büküb yazıq–yazıq müəllimlərin üzünə baxdı. Müəllimə onun ağıllı gözlərinə baxıb nə düşündüsə dedi:

–Bir dəqiqə gözləyin.

Bir azdan gəlib onları direktorun otağına apardı. Direktor Xəyalın cod saçlarını qarışdırıb, onun dolmuş gözlərinə baxdı. Xəyal son ümid yeri kimi gözlərini direk­torun üzünə dikib onun nə deyəcəyini gözlədi. Direktor, nəhayət, onun nigarançılığına son qoyub soruşdu:

–Xəyal, saymaq bilirsənmi?

–Əlbəttə, bilirəm.

–Say görüm.

Xəyal sual dolu baxışlarını anasının üzündə saxladı. Güclə eşidilə biləcək tərzdə dedi:

–Ana, hansı dildə sayım?

Direktor təəccüblə ona baxanda, anası dilləndi:

–Xəyal azərbaycanca milyona qədər, rusca minə qədər, ingiliscə yüzə qədər, fransızca iyirmiyə qədər, farsca ona qədər saya bilir.

Hamı təəccüb və maraqla Xəyala baxırdı. Xəyal hamının suallarına dərhal, fıkirləşmədən cavab verdi. Hətta ingiliscə, fransızca, rusca şeirlər də dedi,

Sentyabrın birində Xəyal artıq çiyniçantalı məktəbli idi.

 

Avqust, 1991.

 

 

 

 

 

SONA XƏYALIN QISA

TƏRCÜMEYİ-HALI

 

Sonaxanım Həmid qızı Hadiyeva 1961-ji il iyunun 19-da Bakının Maştağa qəsəbəsində anadan olub. 1976-jı ildə 255 saylı səkkizillik məktəbi, 1978-ji ildə 187 saylı orta məktəbi bitirib.

1981-ji ildə Bakı 1 saylı Tibb Məktəbinin mama­lıq şöbəsini, 1991-ji ildə BDU-nun biologiya fakültəsini bitirmiş, 1986-88-ji illərdə İxtiraçılıq İnstitutunda, 1995-1999-ju illərdə Elmi-Tədqiqat Əkinçi­lik İnstitutunun aspiranturasında (qiyabi) təhsil almışdır.

Tibb məktəbində oxuyarkən, 1979-ju ilin sentyabrında 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının laboratoriya şöbəsinə işə qəbul edilmişdir. Tibb Məktəbini bitirdikdən sonra xəstəxananın jərrahiyyə şöbəsinə tibb bajısı vəzifəsinə keçirilmiş və altı aylıq anesteziya və reanimatologiya kursuna göndərilmişdir. Bir müddət jərrahiyyə şöbəsində çalışmış, yenidən laboratoriya şöbəsinə böyük laborant vəzifəsinə keçirilmişdir. Kliniki, biokimyəvi, seroloci laboratoriya kurslarında təkmil­ləşmişdir. Qiyabi təhsil aldıqdan sonra bir il laboratoriya həkimi işləmiş sonra həmin laboratoriya­ya müdir vəzifəsinə təyin olunmuş və beş il bu vəzifədə çalışmışdır. İki il tədris-istehsalat kombinatında IX-X siniflərə tibb bajısı kursunu tədris etmiş və daha sonra Maştağa Mədəniyyət Evindəki ikillik tibb kursunu aparmışdır.

Xəstəxanada işlədiyi on yeddi il ərzində dəfələrlə müdiriyyətin, rayon səhiyyə şöbəsinin, rayon ijraiyyə komitəsinin və rayon komsomol komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir. Beş il xəstəxana komsomol təşkilatının katibi, daha sonra həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə bir sıra qəzet və curnallarda elmi-publisistik, tibbi-bioloci yazıları, habelə elmi hekayələri çap olunmuşdur. Hal-hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, elm tarixi ilə məşğuldur.

 

***

Qarabağ münaqişəsi başlandıqda hərəkata qoşul­muş, bir sıra qadın təşkilatlarında qaçqınlarla iş aparmış, bir sıra yardımların təşkilində iştirak etmiş, dəfələrlə jəbhə bölgələrinə getmiş, qaynar nöqtələrdə belə, əsgərlərlə görüş­müş, bir müddət könüllü hərbi qospitalda laboratoriya həkimi kimi çalışmışdır. Həmin müddətdə müxtəlif qəzetlərdə vətənpərvərlik mövzusunda onlarla publisistik məqalələri çap olunmuş, «Maştağadan Qarabağa bir yol vardı gedərgəlməz» adlı kitabını yazmışdır. 1992-ji ildə  ikillik Curnalist Sənətkarlığı İnstitutunu bitirmiş və 1993-jü ildə Azərbayjan Curnalistlər Birliyinə üzv qəbul olun­muş­dur. Maştağa Mədəniyyət Eivndə Gənj curnalistlər dərnəyi təşkil etmiş və onun rəhbəri olmuşdur. «Murovdağ», «Paklıq» və «Vətən həsrəti» qəzetlərində müxbir işləmiş, hal-hazırda «Respublika» qəzetinin əməkdaşıdır.

 

***

Sona Xəyal 12 yaşından şeir, 14 yaşından hekayə yazmağa başlayıb. 1987-ji ildə Maştağa Mədəniyyət Evində Novruz Gənjəlinin təşkil etdiyi Səməd Vurğun poeziya klubunun üzvü olub və həmin il «Azərbayjan gənjləri» qəzetində Novruz Gənjəlinin «Yaradıjılıq iradə tələb edir» adlı «uğurlu yolu» ilə birlikdə ilk şeiri dərj olunub.

1993-jü ildə «Aç qapını gəlim, dünya» adlı ilk şeirlər kitabı çap olunub. Həmin il Maştağa Mədəniyyət Evində «Maştağa şairlər məjlisi»ni təşkil edib, məjlisin sədri olub. 1994-jü ildə «Məjməüşşüəra» ədəbi məjlisinin üzvü olub və elə həmin ilin dekabrında Hajı Maillə birlikdə «Füzuli ədəbi məjlisi»ni təşkil edib, məjlisin katibi olub. 1995-ji ildə Füzuli məjlisinin nəzdində Maştağa qəsəbəsində «Şəfai», Bakıxanov qəsəbəsində «Qüdsi» və I Zabrat qəsəbəsində «Vahid» ədəbi məjlislərini təşkil edib. 1996-jı ildə Məhəməd Füzuli adına Əlyazmalar İnstitutuna işə qəbul olunub və XIX əsrin dəyərli şairlərindən «Mirzə Əbdülxaliq Yusifin həyat və yaradıjılığı» mövzusunda namizədlik işi yazıb. Sonralar II Zabrat qəsəbəsində Mədəniyyət Evində «Yusif» ədəbi məjlisini təşkil edib və ona rəhbərlik edib. Hajı Mailin vəfatından sonra Füzuli ədəbi məjlisini bərpa edib. Amma məjlis davam etməyib. 2000-ji ildə ustadına verdiyi sözə əməl edərək «Divan» bağlayıb. 2005-ji ildə həmin divandan seçilmiş 101 qəzəl daxil edilmiş «Qəzəllər» kitabı nəşr olunub. Nəhayət: Maştağada «Bakı şairlər məjlisi»ni yaradıb, əruz vəznli şeirin inkişafı üçün bakılı şairləri bir araya gətirmək istəyib, yenə alınmayıb, bir müddətdən sonra məjlis dağılıb. Bütün bunlardan sonra məjlislərdən yığışıb. Əlyazmalar İnstitutunda jiddi tədqiqat işi ilə məşğul olmağa başlayıb. Bir-birinin ardınja bakılı şairlərin şeir kitablarını nəşrə hazırlayıb və klassik şeirlə bağlı iyirmiyə yaxın təlif və tərtib kitabları nəşr olunub. Qəzet və curnallarda, eləjə də konfrans materiallarında klassik şeirlə bağlı iki yüzdən artıq məqaləsi çap olunub.

 

***

1993-98-ji illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində axşam, 2004-06-jı illərdə Bakı Slavyan Universitetinin magistraturasında qiyabi təhsil alıb, 1997-98-ji dərs ilində 255 saylı orta məktəbdə biologiya və dil-ədəbiyyat fənlərini tədris edib.

1998-ji ildə Azərbayjan Yazıçılar Birliyinə üzv qəbul edilib. Yazıçıların XI qurultayına nümayəndə, qurultaydan sonrakı plenumda Yazıçılar Birliyinin «İrs» komissiyasının sədri seçilib. Altı il müasir ədəbiyyatın tədqiqi ilə məşğul olub və «Müasirlərim» seriyasından iyirmidən artıq monoqrafiya yazıb. Yaradıjılığı bir sıra mükafat və diplomlarla qiymətləndirilib. Dövri mətbuatda çağdaş yazıçılar haqqında məqalələrlə çıxış edib. «İrs» komis­siya­sının işi kimi dünyasını dəyişmiş şairlərlə bağlı xatirə kitabları və «Yüzilliklər» silsiləsindən toplular üzərində çalışır.  Prezident təqaüdçüsüdür.

2003-jü ildə Akademiyada qadın alimləri birləşdirən və onların elmi fəaliyyətinin tədqiqi və təbliği ilə məşğul olan «Nigar» elmi-ədəbi məjlisini yaradıb, hal-hazıra qədər onun sədridir.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə