(hekayə)

 

 

                                                                           Heç kimin heç kimdən üstünlüyü yoxdur.                                            

                                                        Üstünlük yalnız fəzilətdədir...

                  Qohum-əqrəbanın cəzası yadın-yabancının

                                                        cəzasından daha acı, daha kədərli olur...

                                                Cənnət anaların ayağı altındadır...

(Qurani-Kərimdən kəlamlar)

 

Neçə gün idi ki, özünə çəkilmişdi, özünə qapanmışdı, özü-özü ilə dərdləşir – danışırdı, özü-özü ilə düşünüb, məsləhətləşirdi. Özü-özü ilə döyüşüb, vuruşurdu!..

Məğlubiyyətin ağrı-acısı, dərd yükü o qədər ağır idi ki... Bu yükü ömür boyu çəkib aparmaq, ömür boyunca  daşımaq ondan da ağır idi... Bu məğlubiyyət Həsəni hərtərəfli – fizoloji, psixoloji, maddi, mənəvi basqı altında sıxıb əzirdi... Hər gün özünü yeyib-tökür, allahına da asi düşürdü.

Qarabağ savaşı Hüseyini diri-diri, ayaqüstə öldürmüşdü.  “Daşaltı əməliyyatı” – o uğursuz döyüş gözünün qarşısında neçə-neçə cavanı məhv eləmişdi. Bu döyüş onun təkcə bir qolunu çiynindən, bir ayağını dizindən sıyırıb aparmamışdı, həm də həyata, dünyaya, insanlara olan inamını, güvəncini, məhəbbətini də məhv eləmişdi.

– Sən heç vaxt danışma ki, Qarabağda döyüşmüşəm, denən gedib o

torpaqları verdik erməni dığalarına, gəldik, vəssalam! Ha-ha!

Bu söhbətləri iş üçün müraciət etdiyi bir çox qurumlardan, adamlardan tez-

tez eşidirdi. Sanki Qarabağı erməniyə o vermişdi. Xüsusilə vəzifəli – məsul şəxslərin bu düşüncə tərzini heç cür qəbul edə, bağışlaya bilmirdi. Qurduğu, sevdiyi ailəsini də qoruyub saxlaya bilmədi. Işsiz-gücsüz, pulsuz-parasız bir ailəni nə qədər, haracan apara  bilərdi ki?.. Bir döyüşdə məğlub olmaqla gör nələrini itirmişdi: torpağını, evini, sağlamlığını, anasını... İndi də ailəsini, uşağını... Oğlu əlil atasına yazıq-yazıq baxsa da anasının sözü ilə oturub-dururdu... Çünki onun haqlı olduğunu düşünürdü. Bütün bunlardan sonra yaşamağa dəyərdimi? Kimin üçün, nə üçün yaşayacaqdı? Onu həyata bağlayan iplər qırılmış, körpülər yanmışdı... Son vaxtlar asi düşdüyü günlər də yaman çoxalmışdı. Min cür əzab-əziyyətlə yaşamağın daha nə mənası vardı? Onsuz da ölüm adlı mələk hər kəsi – ya varlı, ya kasıb, ya gec, ya tez... alıb əbədiyyətə aparacaqdı. Elə isə o əbədiyyəti bir az tezləşdirmək olmazdımı? Əlbəttə, olardı. Özü də necə! Elə bir ölüm ki, hər kəsin yaddaşına hopsun, gözlərində donub qalsın!.. Heç olmasa ona dediklərini bundan sonra başqa əlillərə deməsinlər!..

         ...Məğlub döyüşçü ya qılıncı ilə ölməlidir, ya da tapançası ilə. Ancaq indi onun nə tapançası  vardı, nə də qılıncı. Onları da çoxdan, elə o döyüşlərdə itirmişdi. Ev adlandırılan komasına göz gəzdirdi. Bura yaşayış yeri yox, suyu  sovrulmuş, dəni kəsilmiş köhnə dəyirmandı... Neçə gündü arvadı oğlunu da götürüb atası evinə getmişdi. “Daha bu cür yaşaya bilmirəm, hər işi özüm görməkdən, hər məsələni özüm həll eləməkdən bezmişəm... yorulmuşam!” – demişdi.

         Odsuz-ocaqsız  sobanın yanında yerə çökdü, odun da qurtarmışdı. Mart gəlsə də, dərd – qış hələ getməmişdi. Havalar sazaqlı, küləkli, yağışlı keçirdi. Sobanın altında bir qutu kibrit, bir şüşə də neft qalmışdı. Hər ikisini götürdü, qoltuq ağacına söykənib güclə ayağa qalxdı... Yavaş-yavaş həyətə çıxdı. Balaca həyətin ortasında – yerdə oturdu. Kibriti də, nefti də yanında yerə qoydu. Ətrafa boylandı. Sakitlik idi. Kimsə gözə dəymirdi. Kənddə bu soyuq havada hər kəs öz evinə çəkilmişdi. Öz damının altında qışın getməsini gözləyirdi....  Yaza az qalırdı. Yerdə tək-tük yaşıl otlar cücərməkdəydi. Bir ay sonra buralar yaşıllanacaq, ağaclar çiçəkləyəcək, camaat çöllərə – tarlalara üz tutaraq, əkin-biçinlə məşğul olacaqdılar.  O isə indi bu bir şüşə nefti üstünə  tökəcək,  bir spiçka ilə  həm canını, həm dünyasını yaxıb-yandıracaqdı!.. Görəsən diri-diri bu yanğıya dözə biləcəkdimi? Dözməli idi! Son dəfə dözməli idi! Hər gün ölüb-dirilməyinə birdəfəlik son qoymalıydı!..

         Son dəfə  komasına tərəf boylandı. Oğlunu görmək istəyərdi. Amma... daha gec idi. Oğul onsuz da onu başa düşmürdü. Böyüyəndə yəqin anlayacaqdı ki, atası nə özü rahat, insan kimi yaşadı, nə də onları yaşada bildi. Hər halda bunlar təkcə atasından asılı olmadı. Yoxsa onları tək, talehin, Allahın ümidinə qoyub getməzdi... Kaş anası sağ olaydı. Yəqin ki, ona mənəvi dayaq olardı, yol göstərərdi... “Gəlirəm, ana, qarşıla!  Sənsiz  bu dünyada yaşamaq yaman çətin oldu. Qəfil getməyinlə məni bu yaşda yetim, kimsəsiz qoydun... Dərdimi danışmağa kimsə tapmıram... Əlimi hara atıram, nəyə atıram, boşa gedir.  Daha bəsdi çabaladığım. Heç nəyə gücüm çatmır... Qoy gəlim yanında, mən də əbədi yatım....”

         Nefti əlinə götürdü.Bri az fikirləşməli oldu.  Onu üstünə necə töksün ki,  tez alışsın, tez yandırıb, kül eləsin...  ona əzab  verməsin... Gözünü qaldırıb ulu göylərə baxdı... Daha nə istəyirdi, bu sonsuz fəzadan? Əlbəttə ki, rahat ölüm...

-         Ay ev yiyəsi! – Ala qapının açılması ilə səs həyəti başına götürdü. – Ay

Həsən. Ay Əli, hardasınız?

Anasının səsi! Hə -hə! Anasının səsi idi! Uşaq vaxtı  bazardan  gələndə 

darvazanın ağzında belə çağırardı onu.  O boyda yolu ağır zənbilləri tək gətirən anası darvazadan  evə gətirə bilmirdi. Qaçıb ərzaq dolu zənbili sürüyə-sürüyə evə gətirərdi...

– Ay Həsən, niyə nəm-yaş yerdə oturmusan? Üşümürsən, bala?Hanı uşaqlar?

-         Xala! – Həsən uşaq kimi ağlamağa başladı.  – Sən hardan çıxdın?!

Hardan gəldin?! Necə gəldin?! Nə yaxşı gəldin!

         – Siz gəlmirsiz, dedim, bir mən gəlim sizə baş çəkim, neçə gündü anan da yuxumdan  çıxmır. Tez-tez sizi soruşur. Deyir, niyə gedib bizim uşaqları heç yoxlamırsan.  Sabah onun ölüm günüdü axı. Gəlmişkən dedim ona bir ehsan da verək. Kömək elə görüm... – Ağır ərzaq dolu zənbili evə tərəf çəkdi. Qapının ağzında yerə qoyub dərhal geri qayıtdı. Darvazanın çölündə dayanmış maşına tərəf səsləndi. – A bala, odunları ordan bir-bir həyətə, divarın dibinə atın. Sonra da

gəlin bir-ikisini doğrayın, sabah lazım olacaq...  Özü isə kiçik odunlardan gətirib sobaya  yığdı, nefti töküb yandırdı. - Sən ocağı  sönməyə qoyma, mən indi gəlirəm, – yenə geri qayıtdı. Az sonra sürücü köməkçisi ilə bir tay unu, qənd-çayı evin bir küncünə yığıb getdilər. Xala kəkotulu çay dəmlədi. Axşama yaxın qaynatası onun oğlunu, arvadınıdı da gətirdi: - Sabah ananın il dönümüdü.  Dedim, cümə axşamı ocağın üstü boş qalmasın. Halva çalmaq üçün ərzaq da gətirmişik, – dedi.

-         Hə, qardaş, yaxşı eləmisən... Səni mənə allah yetirib. Gəl gedək bu

qonşudan bir toğlu da alıb gətirək. Qurbanım var... Son vaxtlar yuxularımı yaman qarışdırıram. Allah, salamatçılıq eləsin. Ölüm-itim olmasın. – Xalası qayınatasını da götürüb qonşuya keçdi.

 

         ... Xalası eynən anası kimi hər şeyi yerbəyer eləmişdi.  Otağın bir tərəfində un, yağ, çay, qənd, bir toğlunun əti – ərzaq yetəncə idi... Koma isti, rahat evə, ocağa dönmüşdü. Yanar soba alışan odunların rəngini almışdı, qızarmaqdaydı. Oğlu arvadı ilə birgə xalasına kömək edir, yemək hazırlayırdılar.

         ... Sən demə, xoşbəxt olmaq üçün heç də  çox şey lazım deyilmiş. Doğmaların məhəbbəti, bir parça çörək, ruzi-bərəkət, bir də öz komanda yanar od-ocaq... Nənəsinin, anasının həmişə ürəkdən dedikləri alqış:

Gur yansın od-ocağın,

Xoş gəlsin səs-sorağın...

         ... Həsən son günlərin ağır stresindən  yaxa qurtarmış, ölümün bir addımlığından geri dönmüşdü. İndi arxayın, rahat, şirin yuxuya  getmişdi... lap uşaqlıqda olduğu kimi.... Anasının  sağlığında olduğu kimi...



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə