Son xəbərlər

 

- Gəldin, Sadiq?!- yorğun səslə dilləndi.

- Gəldim, ana! -səsindəki yadlıqdan diksindi.

Anası ilə  üzbəüz dayanmışdı. Çaşqın və heyrətli idi. Solğun çöhrəsini Ay zorla işıqlandırırdı. Cırcıramaların gecə zümzüməsi, tənbəl-tənbəl hürən kənd itlərinin səsi,yaxınlıqda su arxlarındakı qurbağaların qurultusunu eşitməsəydi, zənn edərdi ki, bu kənddə anası ilə təkcə qalıb. Kənd də  qaranlıqda dağ ətəyinə səpilmiş bir ovuc  işıldaböcəyinə bənzəyirdi: sarı, mavi işıqlar sayrışırdı evlərdə. ..

Həyətin qapısı ağzında dayanıb onu gözləyən qoca qarı çiyni titrəyə-titrəyə hıçqırırdı.Titrək səslə:

- Bilirdim ki, dönəcəksən,oğlum!-dedi.

- Mənə dedilər, sən daha ... yoxsan, ölübsən.

- Bağışla məni, bala.Yalan deməyə məcbur oldum. Gör neçə ildi getmisən.Səni yola salanda gəncdin.... - Səsi qırıldı. - Başqa əlacım yox idi. Sənin üçün öldüm-hönkürdü. - Öldüm ki, bəlkə dönəsən.Üzünü görüb, səsini eşidib sonra ölmək istədim. Bax, ora - əli ilə havanı yarıb barmağını ay işığında heybətli kölgəni andıran ağaclara uzatdı. – Yadındadır? Bağda atan səninlə əkdiyi şaftalı tingi vardı ha, o da cavan, qollu budaqlı ağac oldu, sonra da mənim kimi quruyub, qocaldı. Sən yenə dönmədin! - Qarının səsindəki gizilti və titrəyiş içinə elə sığal çəkdi ki, ayaq üstə səndələdi.

Anası danışdıqca baxışlarını yarıqaranlıq boşluğa zillədi. Pıçıltını özü belə güclə eşitdi:

- Özün bilirsən, Amerika həyatı, sonra rəssamlıq... başım elə qarışdı ki...  ”səni unutdum” - demək istədi.Tənhalıqdan büzüşüb balacalaşmış qarşısındakı qadına yazığa gəldi:

”Bağışla, sənə yalan deyirəm, ana! Axı necə deyim ki, təkcə rəssamlıq, molbert, rənglər, şöhrət məni özünə çəkmədi. Dostlarımla Venesiyada qondolada gəzmək, Maldiv adalarında gözəl qadınlarla istirahət, içki məclisləri, səyahətlər səni, bu yerlərdəki izlərimi mənə unutdurdu, yadlaşdırdı. Zamanı belə unutdum,ana! ”

- Mən, - başını yellədi, - bilmirəm nə deyim... - əsəblə əllərini ovuşdurdu-vaxt, heç cür vaxt tapa bilmirdim-kəkələməyə başlayırdı həyəcanlananda.

- Bilirəm... - anası pıçıldadı. - ”Nədənsə bu dünyada tək-tənha bircə bu bədbəxt anan üçün heç boş vaxt tapa bilmədin”, - demək istədi. Lakin qarşısındakı məşhur rəssamı incitmək istəmədi. Qəhər qarışıq gileyi boğazında düyünləndi.

- ...Bilirəm, işin çox olub, yoxsa sən elə daş qəlbli deyilsən, oğlum!

Kədərlə anasını süzdü: ”Görəsən, söylədiyin bu nağıla özünü neçə il inandırıb ovutmusan, ana?! Yoxsa məni sevginlə cəzalandırırsan? Bəs gözlərin? Onlar başqa şeylər deyir. Bəlkə şərəfsizəm?! Niyə mənə “oğul” deyirsən?! Neçə il qəhərini içinə atdın? Qapında dayanmış bu arsızı qovsana! Məni oxumağa göndərdin ki səni, gəldiyim soyu, gəzdiyim torpağı unudum?!”

Diz çöküb əfv diləmək,”bağışla” demək istədi.Bacarmadı. İçindəki boşluğa sözünü keçirə bilmədi. “Bağışla, desəm, məgər bu qarşımdakı qadının ömründən oğurladığım sevinci, illəri geri verə biləcəkdimi?! Əsla!”

Başı üstdən pırıltı ilə uçan kölgədən diksindi:

- Qorxma. - qarı dedi, - bayquşdur.

Səmaya baxdı. Ulduzlar dağılmış təsbeh dənələrinə bənzəyirdi. Ağappaq süd yolu göz işlədikcə uzanan sonsuzluqda əriyirdi. Bir parça qara bulud Aya tərəf  sürünürdü. Kainat saf, cazibəli idi. Uzun illərdən  sonra doğulduğu torpaqda məsum rahatlıq hiss etmişdi. Nə qədər vaxt keçib? Hesabladıqca başında küt ağrı hiss etdi...

İlk dəfə Amerikadakı tələbəlik, meqapolis həyatının həyəcanverici illəri, saysız dostlar ətrafında  sərgilərdə, qalereyada, molbert arxasında saatlarla dayanmadan fırçasını kətana çırparaq keçən ömrü ona boş və mənasız bir şey kimi gəldi. Küt ağrı getdikcə şiddətlənirdi. Qulaqları uğuldadı: “Bəlkə mən əslində mənasız və boş işlərlə özümü aldatmışam?! Axı mən nə üçün bunu indi,elə bu an dərk etməliydim?! Niyə?!” Qazandığını itirdiyi ilə müqayisə etməkdən yoruldu.

Keçmişinə bağlı olan hər şeylə əlaqəsini kəsib unutmuşdu. İndi qarşısında büzüşmüş qarını - anasını gözlərindən və bəstə boyundan tanıyıb acıması ona ağır gəlirdi.İçində onu yeyib bitirən boşluq labirintində azıb qalmışdı.Anasının səsi onu bu boşluqdan çəkib çıxardı:

- Gəl içəri, bala, qaranlıqda dayanma. Gəl,evinə xoş gəldin!

Evinə...o ev ki onu xatırlamırdı, ya da unudub. Hər şey qoyub getdiyi kimi deyilsə? Əlbəttə, burda çox şey dəyişmişdi.Yəqin ki nə kənd, nə doğmaları qoyub getdiyi kimi deyildi.

Qarı daha danışmırdı. Ağır yük altında əzilən adam kimi ürəyi döyünüə-döyünə qapının kandarından içəri girdi. Nəzərləri keçmişində qiymətli nəsə axtaran səyyah diqqətilə ətrafa saplanmışdı. Təkcə gümüşü haşiyəli çərçivədə gülümsəyən atasının qayğılı və özünün  saralmış uşaqlıq şəkilləri xatırlaya bildi...Baxışları üsyankar və inadkardı. Bayaqdan sürən sükutu təkcə nizamlı əsgər kimi addımlayan kəfkirli saatın tıqqıltısı pozurdu.

- Sənin otağını olduğu kimi, heç bir şeyə toxunmadan saxlamışam, oğlum. Həmişə səninlə bax bu qutuyla dərdləşib, fəxr etmişəm.Tez-tez səni burda görürdüm, - gülümsəyərək televizoru sığalladı.

- Mənə aid heç nə qalmayıb burda...-pıçıldadı

- Belə düşünürsən, oğlum? Səni xatırladan hər şeyi olduğu kimi saxlamışam, gəl, otağına bax-üzbəuz köhnə qapıya işarə etdi. - Yox, yox, qoy əvvəlcə çay gətirim. Başımı lap itirmişəm, axı uzaq yol gəlibsən, - anası tələsik mətbəx qapısına yönəldi. Gur işıq altında anasına baxdı. Necə yaşlı, yorğun, qəddi əyilmiş görünürdü.

Etiraz etmək, gələrkən yolda ən bahalı otellərdən birində yeyib içdiyini söyləmək istədi. Susdu. İçində yenə suallar onu yeyib tökürdü: “Anam heç dəyişməyib. Bu həmin qadındır-mərhəmətli, sadə, məsum, vicdanlı. Anam məni ana kimi qarşılayıb, hələ də ana kimi nəvazişini unutmur. Bəs mən?!...” Süstləşdi. Ürəyi anasının bayaq işarə etdiyi qapıda-hər şeyi olduğu kimi xatırladan, yaddaşında saxlayan keçmişində idi. Ehtiyatla, ağır-ağır addımladı. Qapını açanda köhnə tanış qoxunu hiss etdi.

`Hər şey olduğu kimi, keçmiş uşaqlıq qoxusunda qalıb:saralmış kitablar, molbert, qurumuş rəng palitrası, solğun çərpələng, kökdən düşmüş piano, saralmış fotolar, divarda - çarpayısının üstündə asılmış həmin o xalça: “Yuxu” xalçası... Heç bir şey onu bu qədər həyəcanlandıra, kövrəldə bilməyib. Əllərini ona uzadan keçmişi, məsumiyyəti qarşısında tab gətirə bilmir, yenicə dən düşmüş incə saqqalı göz yaşları ilə islanırdı. Əlini xalçaya uzatdı. İlmələr od olub elə bil əlini yandırdı. Bu xalça onun üçün təkcə keçmişini yox, uşaqlıq arzularını, yaradılışa inamını yadına salmışdı... “Bəlkə insan bəzən onu şirəsinə, kökünə bağlayan əşyaları hara gedir getsin özü ilə aparsa yaxşıdı?!. Xatırlamaq gec deyil, bəlkə”, - düşündü. -“Məzəlidir, ya faciə?! Bir zaman xatırlamaq istəmədiyin keçmiş, bu otaq, əşyalar, anam olduğunu unutduğum bu yaşlı qarı ilə toxuduğum “Yuxu”, hər şey qoxumu özündə saxlayıb, mənə özümü, sanki itmiş yaddaşımı xatırladır. Halbuki hər şeyi unutduğumu sanırdım. Demək, bu qədər ömrü özünü aldadıb ovutmaqla keçirmisən, Sadiq!”

- Yadındadırmı,“Yuxu”nu necə toxumuşduq?-anası titrəyən qollarında sanki güclə təpər tapmış kimi üstü butalı fincanda çay,mürəbbə və digər çərəzlərlə dolu əlindəki podnosu baxçaya baxan pəncərənin qarşısındakı yazı stolunun üstünə qoydu.

- Hə - kədərlə gülümsədi - hana qurar, yundan əyrilmiş ipi ərişə dolayar, ilmə çalıb, bir çin hazır edərdik. İlmələri bərkitmək üçün də arğaclayıb kirkitlərdik... Xatırlamağa  çalışıram-dərindən nəfəs aldı - bir neçə gün xəstə yatdın. Sağalıb bunu toxuduq:mələkləri, qır qazanını, cənnət xəyalını bu xalçaya çeşni etdin. Sən “Qıl körpüsü” qoymaq istədin adını. Mənsə israrla “Yuxu” olsun dedim. Məni üzmək, incitmək istəmədin, razılaşdın. Ona çox, lap çox müştəri çıxdı. Amma heç vaxt onu satmadın.”Yuxumun payıdı o mənə, oğluma əmanətdi” - dedin.

Anasının bulanıq gözləri parıldayırdı:

- Deməli xatırlayırsan, bala, - dedi.

- Ana - kövrəldi - bir söz deməyəcəksən, bilirəm. Amma  yalvarıram bir kəlmə de. De ki sən dünyada ən axmaq oğulsan, heç nəyə sadiq deyilsən, adına layiq ola bilmədin. Şöhrətini hər şeydən üstün tutdun,yaradıcılıq sevdana tüpürüm de. Mənim üçün heç bir sənət keçmişinə, kökünə dönüşdən, doğmasına sevgidən  daha dəyərli ola bilməz de, ana!

Özünü, səsini, göz yaşlarını tanıya bilmirdi, sanki içində başqa biri doğulmuş, ruhuna yadlaşmış doğma biri girmişdi.

- Oğlum, tale çox amansız... Sevib öyrəşdiyimiz hər şeyi yavaş-yavaş bizdən alıb aparır. Səni də məndən belə alıb gizlətdi çər dəymiş fələk-anasının qurumuş, titrək barmaqları dən düşmüş islaq saqqalını sığalladı. - Sən gedəndən heç otağının işığını da söndürmədim. Gecə-gündüz, işıqda da, qaranlıqda da yansın, dedim. Burdaymışsan kimi... Səndən heç incimədim. Axı canımdan yoğrulan parçama necə kin saxlaya, küsə bilərəm?! Gəldin, artıq rahat ölə bilərəm. Qalx, dincəl. Gecdir, yorulmusan yəqin.

Gecə uzun-uzadı düşündü. Pəncərəsi ağzındakı yazı stolunda oturub laptopu qarşısına qoydu. Bir müddət gözlərini ekrana zillədi. Sonra klaviaturanın düymələrini tıkkıldatmağa başladı:

Əzizim, Liza! Yazacaqlarımı duyğu davranışları nağılı, cəfəngiyat güman edə bilərsən. Amma... düşündüm və geciksə də  ikimiz üçün çoxdan verilməli olan bir qərar verdim. Anamın ölüm xəbərini almasaydım, bəlkə bir daha geri   dönməyəcəkdim. O, illərlə yolumu gözləyib.  Anamın qırışlarında itmiş gənc qadını gördüm. Bilirsən, mənim üçün doğulduğum torpağa, keçmişimə,itirdiyim yaddaşıma  dönmək elə də asan olmadı. Kaş ki bu qədər gecikməsəydim... Burda olmaq, huzurumu duymaq məni necə xoşbəxt etdi, bilsəydin. Anamın mərhəməti, sevgisi qarşısında özümü uşaq hiss etdim, əridim, yenidən doğuldum. İçimdə sanki ölmüş sandığım o adam bu illər ərzində sadəcə susub, donub. Bu əşyaların qoxusu, qarşımdakı tənha qadının əclaf oğluna sonsuz mərhəməti, təmənnasız sevgisi içimdə susan o adamın buzunu əritdi, özümə qovuşdurdu məni! Mən nə qədər axmaq və əclafam, Liza! Həmişə sənə də soyuq davrandım. Bunu bildiyin halda heç vaxt  mənə bir söz söyləmədin, axmaqlığımı, soyuqluğumu üzümə vurmadın. Heç bir zaman kimliyimi xatırlatmadın mənə! Bu illər ərzində mənə dözdün. Sənin üçün də çətin olacaq, bilirəm. İnanmayacaqsan bu hərəkətimə. Amma sən güclü qadınsan, bilirəm! Artıq məni Nyu-Yorkda saxlayacaq heç nə yoxdur. Hər şeyi, emalatxanamı belə sənə bağışlayıram. Hüquqi prosedurun başlanması üçün sənədləri vəkilimə göndərəcəyəm. Yerdə qalan işləri həll edəcəyinə inanıram. Bağışla, əziz Liza!

                                                                                                    Sadiq

 

Məktubu elektron poçtla göndərib laptopu sərt hərəkətlə çarpayının üstünə atdı. Siqar yandırıb dərin qullab aldı. Gözünü pəncərədən çölə - qaranlığa zillədi. Nəfəs alarkən burnundan incə tüstü cığırı burulub havada əriyirdi.

Qəfil ildırım çaxdı. Diksindi. Hardasa it hürdü, yenə bayquş uladı. Yağış damlaları pəncərəsi ağzındakı novalçanı döyəcləməyə başladı. Yüngül hərəkətlə yatağına uzanıbişığı söndürdü: “Səhər açılan kimi anama hər şeyi etiraf edəcəm. Burda, onun yanında qalacağımı mütləq söyləməliyəm.” Yorğun, gərgin düşüncələr içində  göz qapaqları yuxuya təslim olurdu.

Yan otaqdakı çarpayıda uzanmış qarının çöhrəsi apağ ağarmış, kədərdən arınmış gözləri genişlənmiş, gülümsəyən dodaqları səyriyirdi.Yağışsa dayanmadan yağır, getdikcə güclənirdi.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə