(Nənəmin əziz xatirəsinə!)

...Tavana baxmaqdan yoruldu. Evin içini gözdən keçirməyə başladı: hər şey tanışdı, hər şey doğmaydı, əzizdi. Bütün əşyaların öz xatirəsi, öz tarixi vardı. “İndi nə var ki evə nəsə almağa, - deyə öz-özünə fikirləşdi Qızılqül nənə. - O gün Qumru deyirdi ki, Ülkərin qızına cehiz almağa gediblərmiş. Bir günün içində bir dünya şey alıblar. Bizim vaxtımızdakı kimi deyil ha indi... Odur, o komodu tapıb alana qədər rəhmətlik atam Tiflisə gedib-gəlməkdən yorulmuşdu, iki inəyin pulunu sayıb vermişdi. Bizim sağ olmuşlar da evi təmir edəndə istəyirdilər ki, tullayalar. Dedim, a bala, neynirsiz? Bu mənim ata yadigarımdı, cehizimdi, xalis qoz ağacıdı. Balacalar da o qədər güldülər ki, hələ...”

Qızılgül nənə öz-özunə gülümsündü, nəvələri yadına düşdü. Kimsəsiz deyildi o, - beş uşaq anasıydı, on üç nəvəsi vardı, və hamısı da ilk-əvvəl bu evdə göz açmışdılar dünyaya. Sonra şəhər onun övladlarını bir-bir öz qoynuna çəkmiş, Qızılqül nənəni tək qoymuşdu.

Vaxt var idi, o, səhərin gözü açılmamış durar, inəkləri sağıb toyuq-cücəni yemləyər, həyəti süpürərdi. Hamı yatmışkən, damın qapısını bağlayıb cırhacırla qaymaq çəkər, yumurta bişirər, çörək qızdırardı. Hər şey hazır olanda oğul-uşağı durğuzardı. Rəhmətlik həyat yoldaşı İlyas kişi sağ olanda bu işləri birlikdə görərdilər.

Eh... Onun ölümündən sonra həyatını ancaq nəvələrini böyutməyə həsr edən Qızılgül nənə tək qalmışdı indi. Düzdür, oğlanları vaxtaşırı pul göndərir, ildə bir-iki dəfə gəlib qutu-qutu yağ, pendir, çuval-çuval un, şəkər alıb qoyurdular, qış üçün odun tədarük edirdilər, amma ananın ehtiyacları bununla bitmirdi ki... - bir insan hənirinə, əzizlərinin səsinə, sözünə, gülüşünə ehtiyacı vardı onun.

Lakin yenə də qonşuların yanında özünü o yerə qoymur, bir dəfə də olsun gileylənmirdi. Hər dəfə söz düşəndə deyirdi: “Allah vursun kəndi, iş-güc yoxdur deyə köçüb getdilər anası ölmüşlər. Neyləsinlər? Bir mənə görə diplomlarınımı batırsınlar? Onda daha o zülümlə niyə oxutmuşduq onları? Vallah, məni də çağırırlar ki, ay ana, gəl, bizimlə yaşa, amma mən günüqara şəhər evinə sığışa bilmirəm. Hərdənbir qış vaxtı gedirəm, bir həftədən sonra ürəyim sıxılır, darıxıram. Burada onlarsız darıxıram, orada da öz viranxanamdan ötrü burnumun ucu göynəyir, guya yel əsib qoz tökülüb...”

 

Neçə ki canı sağlam idi, əli iş tuturdu – heç kimə möhtac deyildi Qızılgül nənə. Necə deyərlər, kəndin bu başından vurub, o başından çıxırdı. Bazarlığını da özü edirdi, çörəyini də bişirirdi, bağ-baxçanı, ev-eşiyi də səliqədə saxlayırdı. Səliqəsinə də ki, söz ola bilməzdi. Axırıncı iki ildə isə çox əldən-ayaqdan düşmüşdü. Hər işi görə bilmir, birini edəndə o biri qalırdı. Kənddə yaşayan qohumları, elə qonşular özləri də vaxtaşırı gəlib baş çəkir, bəzi işlərin qulpundan tutrdular, amma bu o deyildi...

 Payız girəndən vəziyyəti lap pisləşmişdi. Qonşusu Ülkər arvad Ağstafadan telefon açıb oğlanlarına çatdırmışdı ki, anaları bərk xəstədir, gəlsinlər! Onlar da, demişdilər ki, indi işin-gücün çətin vaxtıdır, yalnız uşaqların qış tətilində gələ biləcəklər. O vaxtdan bəri gözləri yolda qalan Qızılgül nənə günləri sayırdı.

Yaxın qohumlarından birinin qızı – Qumru – hər gün günorta gəlib ona baş çəkirdi. Özü ilə bir nimçə yemək gətirib onu yedizdirir, gedəndə də yuyulası nə olsa, aparırdı. Qızılgül nənə hər dəfə sözarası: “Ay Qumru, bəs məktəbiniz nə vaxt bağlanacaq?” - deyə soruşurdu. Sonra, tək qalanda, balıncının altından bir üzündə Qız qalasının şəkli olan kiçik təqvimi (bazara gedəndə Ülkər arvada aldırmışdı) çıxarıb baxır, köksünü ötürüb yenə də yerinə qoyurdu.

 

Xəyallarında nəvələrini oxşayan nənənin gözləri doldu. Yaylığının ucu ilə yanağını sildi. Yenə gözlərini tavana zillədi: bütün taxtaların sayını, hansının enli, hansının ensiz olduğunu əzbər bilirdi. Baxışlarını çatlamış kərənin üzərində saxladı: “Bizim kişi, Səttər gözütökülmüşə hələ dedi ki, ay Səttər, bu kərən çat verəcək. Səttər zalımoğlu da elə öz bildiyini elədi. O rəhmətlik də özünəgörəsi deyildi, yaman höcət idi...”

Evin tikildiyi vaxtlar gözünün qabağına gəldi. İlyas kişi onda lap cavan idi. Orta boylu, nazik bədənli, mehriban çöhrəli... Heç kimin xətrinə dəyməz, hamının hörmətini saxlardı. İmkanı çatdıqca fəqir-füqəraya kömək etməyə çalışardı. Qızılgül də bir Qızılgül idi! – kəndin bütün qadınlarından gözəldi, qoçaqdı. Necə deyərlər, bir-birlərinə yaraşırdılar. Onların səadətinə sevinənlər də vardı, qibtə edib bəxtəvər verənlər də.

O vaxt kənddə çox az adam tapılardı ki, İlyas kişininki kimi eviolaydı... İndi isə, elə imarətlər ucaltmışdılar ki, bu ev onların yanında cılız qalmışdı. Oğulları dörd-beş il əvvəl xeyli təmir işləri aparmış, otaqları, həyəti bir qədər abra salmışdılar. Amma Qızılgül nənənin gözünə elə şeylər görünmürdü. O, bu evin hər daşını, hər kərpicini sevirdi, hər taxtanın, hər kərənin dilini bilirdi.

 

...Köhnə divar saatının tıqqıltısı evin lal sükutunu pozurdu. Bir qədər qulaq verdi. Çardaqda da nəsə bir cırıltı vardı. Bir az da bu səsə qulaq asdı. İstədi ki, hər ikisini eyni vaxtda dinləsin, amma nə qədər çalışdısa ya saatın tıqqıltısını eşitdi, ya da çardağın cırıltısını. “Gör nəylə vaxtımı öldürürəm!” – deyə öz-özünü danladı, küsdü. Bir az gözüyumulu durdu. Lap darıxdı.

Ülkər arvad axşamlar, inəkləri sağandan sonra, əlində bir bardaq köpüklü süd, gəlib ona baş çəkir, olandan-keçəndən danışırdı. Bəzən birlikdə keçmişləri yada salır, şirin-şirin gülürdülər. Onların yaşdaşlarından kənddə çox az adam qalmışdı deyə, bir-birinin üstündə əsirdilər. Bu axşam da gəlmişdi. Qumru da gəlmişdi, özü də həmişəkindən bir az tez. Demişdi ki, məktəb bağlanıb, on gün evdə olacaqlar. Elə ona görə də, səhərdən bəri Qızılgül nənənin səbri-qərarı kəsilmişdi. Elə bu səbəbdən, özünə yer tapa bilmirdi, sanki yatağına qor dolmuşdu. Ülkər arvaddan darağını istəmiş, saçlarını darayıb hörmüş, qızılı kəlağayısını bağlatdırmışdı. Qonşusu ondakı bu canlanmadan bir az xoflanmışdı, çünki eşitmişdi ki, bu pis əlamətdir - ağır xəstələr ölüm qabağı belə gümrahlaşırlar. Düzdür, öz ev-eşiyini yiyəsiz qoya bilmədiyindən getmişdi, amma fikri-zikri rəfiqəsinin yanında qalmışdı. Ürəyində onun oğullarını yamanlamışdı da.

 

Qızılgül nənə hər dəqiqədən bir pəncərəyə sarı boylanır, gələn səslərə qulaq verirdi. Hələ gec deyildi. Öz-özünə: “Saat on ikiyədək gözləyəcəm, - dedi, sonra da peşiman oldu. - Bəs, gəlməsələr? Yox, gələrlər, məktəb bağlanıb axi... Bəs, gəlməsələr? Gəlməsələr, canları sağ olsun!” O, bunları fikirləşə-fikirləşə, ürəyində yenə də bir ümid yeri qoydu ki, bəlkə oğlanları yola axşamüstü çıxıblar və onda, ancaq səhərəyaxın çatarlar. Ürəyindəki bu ümidi özündən də gizləmək istədi, utandı.

 

İri saatın gecəyarısını bildirən dınqıltısı elə bil onun ürəyinə vurulan güllə səsi oldu. Bayaqdan unutduğu ağrıları yenə baş qaldırdı, gümrahlığı birdən-birə yoxa çıxdı, bədəni başqan ayağa üşürgələndi: “Bu gün heç kim gəlməyəcək!” Boğazı qurudu. Susadı. Əvvəllər olduğu kimi, böyük nəvəsi Sonanı səslədi ki, ona bir stəkan su versin. Birdən yadına düşdü ki, evdə təkdir. Eyməndi. Bədəni titrədi. “Sarsaqlayıram deyəsən!”  Bismillah edib, salavat çevirmək istədi. Qolu odun kimi olmuşdu, qaldıra bilmədi. “Yəqin üşümüşəm”, – deyə düşündü, boylandı. Ülkər arvadın sobaya atdığı odunlar çoxdan yanıb kül olmuşdu. Durmaq istədi, olmadı. Əlacsızlığını hiss etdi, gözləri yaşardı. Təklikdə ölmək qorxusu canını bürüdü. Qəfildən gözləri bir işığa sataşdı. “Uşaqlar gəldilər deyəsən, maşınlarının işığıdır”, - deyə sevindi.Yox... Bu maşının işığına oxşamırdı. Qulağına tanış, məhrəm bir səs gəldi. Çoxdandı ki, o bu səsi eşitmirdi, həsrətindəydi... Elə bil ruhuna rahatlıq çökdü, ürəkləndi. Var qüvvəsini toplayıb başını qaldırmağa çalışdı, bacarmadı. “Buradayam” – demək istədi, səsi çıxmadı. Gözlərini işığa zillədi, gülümsündü. Səs gələn səmtə baxdı, baxdı...

Qorxmurdu, üşümürdü, darıxmırdı daha...

 
Afaq ŞIXLI

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə