Son xəbərlər

 

    Yaranışda kimisi bu dünyaya insan cildində, amma heyvan ruhu ilə, kimisi isə heyvan cildində insan ruhu ilə gəlir. İnsanlıq tək xarici görünüşlə əhatələnən bir məhfum deyil, həm də daxilən təmizliyi, saflığı, xeyrxaxlığı özündə birləşdirən bir anlamdır.

 

    Canlıların bu dünyaya gələndə nə növlərini, nə də valideyinlərini seçmək şansları olur. Amma yaxşı və ya pis, xeyir və ya şər daşıyıcısı olmaq yolunu hər bir canlı özü seçir. Necə ki, bu dünyaya pişik cildində, amma əsil insan ruhu ilə gəlmiş Maşa kimi...

    Bina sakinlərindən heç kim bu pişiyin nə zaman və necə peyda olduğunu bilmirdilər. O, bəlkə də qışın ölümcül soyuğundan özünü qorumaq üçün, bəlkə də bu soyuqda küçədə acından ölməmək üçün, bəlkə də kiminsə onu bu binanın dəhlizinə atıb getdiyi üçün buranı özünə məskən eləmişdi.

    Bina sakinlərinin Maşa adı verdiyi bu qonur rəngli, məxmər tüklü, mehriban pişik qısa bir zamanda hamının sevimlisinə çevrilmişdi.

    Sakinlər beşmərtəbəli köhnə binanın ən üst mərətəbəsində, binanın damına çıxaran pilləkənin altında onun üçün karton qutudan yatmaq üçün yer də düzəltmişdilər. Bura həmi isti, həmi də gözdən-qulaqdan uzaq olduğu üçün Maşa məmnuniyyətlə qutunu özünə yuva eləmişdi.

    Bina sakinlərinin onun üçün gətirdiyi qidalarla qidalanar və hər ona yemək və su gətirənin təşəkkür əlaməti olaraq gah əlini yalayar, gah ayaqları arsından dolanıb miyoldayardı.

    Maşa üçün yaxşı qidalanmaq və soyuqdan qorunmaq çox vacib idi.   Bu, onun tək özü üçün deyil, həm də qarnında daşıdığı balaları üçün lazım idi. Axı o, tezliklə ana olacaqdı.

    Bəlkə də Maşanın aləmində bütün insanlar mərhəmətli, xeyirxah və pisliklərdən uzaq idi. Axı insanlar onun üçün qida və su gətirir, isti yataq düzəldir, qayğısına qalırdılar. Elə buna görə də o, gördüyü hər bir insanın qabağına qaçır, ayaqları arasında dolanıb mehribancasına miyoldayırdı.

    Bu gün nədənsə sakinlər onu unutmuşdular. Nə su, nə də yemək gətirən olmuşdu onun üçün. Maşa ac olduğu üçün yazıq-yazıq miyoldayır, bəlkə də kiminsə onun səsini duyacağına, nəhayət ki, ac qarnını doyracağına ümüd edirdi. Sanki, qarnındakı balaları da aclığı hiss eləmişdilər. Maşaya heç rahatlıq vermirdilər. Qarnında o tərəf-bu tərəfə hərəkət edir, sanırdı ki, ondan yemək tələb edirdilər.

    Gecədən xeyli keçmiş binanın dəhlizinin aşağı mərətəbələrindən insan səsləri eşidilməyə başladı. Maşa səsi eşitcək bir tikə yemək ümüdü ilə yuvasından çıxıb aşağıya – səs gələn tərəfə üz tutdu.

    Binanın dəhlizində bir neçə gənc əllərindəki içki şüsəsindən içkilərin udumlayıb, bir tərəfdən də siqaretlərin püləyir və deyib-gülərək nəyi isə öz aralarında müzakirə edirdilər.

    Maşa doğmalıqla gənclərə yaxınlaşıb onların gözlərinin içinə baxaraq yalvarış dolu bir səslə miyoldamağa başladı. Elə bil bu miyoltularla “acından ölürəm, özüm üçün deyil, qarnımda daşıdığım balalarım üçün lütfən mənə yeməyə bir şey verin” deyirdi.

    Qəfildən peyda olan Maşa gənclərin mübahisəsin yarıda kəsdi. Onlar bir müddət susub bir birlərinə baxdılar və birdən aralarından biri “kis, kis, kis», deyərək Maşanı daha da yaxına səslədi. İnsanların xeyirxahlığına və nəvazişinə öyrənmiş Maşa heç tərdəddüd etmədən onu səsləyənə yaxınlaşdı.  Az sonra gənc oğlan Maşanı əlləri arasına alıb sığallamağa başladı. Belinə və başına çəkilən sığallardan xumarlanan Maşa oğlanın dizləri üstə yayxanaraq miyoldamağa başladı.

    Gənclər öz aralarında nə isə danışıb gülüşdülər. Qəflətən oğlan   Maşanın boynundan yapışaraq zorla ağzını açıb əlindəki şüşədə olan içkidən onun ağzına tökdü. Maşa gözləmədiyi bu hərəkətdən donuxub qaldı, ağzı, bütün içi od tutub yanırdı. Gənclər gülüşərək onu top kimi bir-birlərinə atmağa başladılar. Yazıq pişik düşdüyü bu haldan özünə gələ bilmirdi. Birtəhər gücünü toplayıb özünü onların əlindən qurtarıb bütün sürəti ilə yuxarıya – yuvasına tərəf qaçmağa başladı. Gənclər hay-küylə bir neçə mərtəbə onun arxasıyca qaçaraq qovsalar da sonra ya yorulduqlarından, ya da fikirlərini dəyişdiklərindən geri qayıtdılar.

    Maşa karton yeşiyin bir küncünə qısılıb qorxudan tir-tir əsirdi. Ürəyi elə sürətlə döyünürdü ki, elə bil bu dəqiqə sinəsini yararaq bayıra çıxacaqdı. Hələ də ağzı və bütün içi od tutub yanırdı. Ona zorla içirilən, zəhər kimi acı olan bu mayenin təsirindənmi, qorxusundanmı başı bədəninin üstündə durmur, ayağa qalxmağa cəhd elədikcə aşırdı.

    Maşa üzünü pəncələri arasına alaraq sanki, özünü gizlətməyə çalışırdı. Gözlərindən gilə-gilə yaşlar yuvarlanıb düşürdü. Onun bu qorxusu, bu təlaşı və tir-tir əsməyi öz canına görə deyil, qarnında daşıdığı balalarına bir şey olacağından olduğu üçün tez-tez dili ilə qarnını yalayır, elə bil hələ dünyaya gətirmədiyi balalarını bu yolla sakitləşdirir və «qorxmayın, təhlükə sovuşdu artıq» deməyə çalışırdı.

    Axı o kimə nə pislik etmişdi ki?! Onun günahı ac qarnını doyurmaq istəməyimi idi?! Axı insanlar onunla niyə belə qəddar rəftar etmişdilər?!    Axı niyə insanların hamısı xeyirxah və mərhəmətli olmurlar?! Yəqin ki,   Maşa bütün gecəni səhərə kimi bu suallara öz aləmində cavab axtarmışdı...

    Bu hadisədən bir neçə gün keçmişdi. Maşa daha insanlara o qədər də çox güvənmir, onlarla arasında məsafə saxlayır, nədənsə ehtiyat edirdi.

    Hətta onun üçün gətrilmiş yemək və suya belə yaxınlıqda kimsə olmayanda yaxınlaşır və təlabatını ödəyirdi.

    Bu gün hava dəhşətli dərəcədə soyuq idi. Bütün günü şaxtalı külək vıy-vıy vıyıldamışdı. Axşamın düşməsi ilə elə bil şaxta daha da amansızlamışdı. Dəhlizin sınıq pəncərəsindən içəriyə dolan qar və sazaq elə bil Maşanı qılınc kimi kəsirdi. O, karton qutunun bir küncünə sığınıb yumaq kimi yumurulanıb domuşmuşdu.

    Eşitdiyi ayaq səslərinə başını qaldırıb qulaqlarını şəklədi. Ayaq səsləri get-gedə yaxınlaşıb onun qutusunun yanında dayandı. Başının üzərində üzünü şərf ilə bürümüş sarışın bir qadın dayanmışdı. Maşa qadına baxıb təəcüb dolu miyoltulu bir səs çıxardı. Elə bil “sən kimsən, nə isdəyirsən” deyə soruşurdu.

    Qadının qucağında yumaq kimi nə isə var idi. Qəflətən çağırılmamış qonaq Maşanı qutudan çıxararaq bayıra atdı və əlindəki yumağa bənzər şeyi qutuya qoyaraq sürətlə oradan uzaqlaşdı.

    Qorxmuş Maşa bir müddət divarın bir küncünə qısılaraq sakitcə dayanıb yuvasına tərəf baxmağa başladı. Nədənsə yuvasına yaxınlaşmağa cürət eləmirdi. Həm də karton qutunun öz-özünə yerindən tərpənməyi onu lap çox qorxutmuşdu.

    Burada o soyuğu daha da çox hiss edirdi. Külək qar dənələrini birbaşa qırıq pəncərədən onun səmtinə çırpırdı. Nəhayət Maşa cəsarətin toplayıb yuvasına yaxınlaşdı. Pəncələri üzərində qalxaraq yuvasının içərisinə boylandı. Maşa qarşılaşdığı mənzərədən ya təəcübündən, ya da qorxusundan kənara sıçradı. Bir müddət kənardan yuvasına baxdıqdan sonra yenə yaxınlaşdı və pəncələri üzərinə qalxaraq yenə də yuvasına boylandı. Karton qutunun içində bir insan yavrusu mışıl-mışıl yatırdı.

    Bir müddət insan yavrusunu seyr etdikdən sonra yenə də çəkilib bir küncdə domuşub qaldı. Son baş verən hadisələrdən sonra insanlara güvənini tamamı ilə itirmişdi o.

    Çox keçməmiş qutunun içindən insan yavrusunun ağlamaq səsi eşidildi. Maşa qulaqlarını şəkləyib qulaq asdı, sonra yenə də qutuya yaxınlaşaraq bir müddət qutuya boylanıb baxdı. İnsan yavrusu cır səsi ilə haray qoparmışdı. Yəqin ki, soyuq hava onu şirin yuxusundan eləmişdi. Bəlkə də köməksiz yavru soyuqdan donmaq üzrə idi. Üzü, dodaqları gömgöy göyərmişdi.

    Maşa tərəddüdlə də olsa qutuya girdi və bədənini yumaq kimi insan yavrusunun üstünə bürüdü. Bir müddət sonra yavru ağlamağını kəsib toppuş, balaca əlləri ilə Maşanı qucaqladı, ağzı ilə nəyi isə axtarmağa başladı. Yavru Maşanın tüklərini ağzı ilə marçıltı ilə sovururdu. Yəqin ki, onun kimi bu yavrunun da qarnı ac idi...

    Maşa yavru soyuqdan donmasın deyə yumaq kimi ona bürünüb aramsız miyoldamağa başladı. Elə bil bina sakinlərini köməyə səsləyirdi o.

    Saatlar keçir, amma Maşanın harayına qulaq verən tapılmırdı. Bir az da keçsə insan yavrusu bu soyuqda donub öləcəkdi.

    Maşa səsi yetdikcə miyoldamağa, haray salmağa davam edir, arabir dayanıb qulaqlarını şəkləyib qulaq asır, insan yavrusunun üzünü dili ilə yalayıb elə bil onu oyaq tutmağa çalışır və sonra yenə yanıqlı səslə miyoldamağa davam edirdi.

    İnsan yavrusunun artıq nəfəsi kəsilmək üzrə idi. Soyuqdan göyərmiş əlləri ilə Maşaya daha da möhkəm sarılmış, elə bil anasının isti qucağını axtarırmış kimi üzünü oyan-bu yana gəzdirib nəyi isə axtarmaqdaydı.

    Bu soyuq qış gecəsində ölümünə tərk edilmiş bu yavrunun nə günahı var axı?! Belə köməksiz, çarəsiz bir yavrunu qışın bu soyuğunda necə atıb getmək olar?! Niyə insanlar bu qədər fərqli olurlar?! Necə bir ana öz yavrusunu belə atıb gedə bilər?! Yəqin ki, Maşa insan kimi danışa bilsəydi bu kəlmələri hayqırardı. Amma təəsüf ki, dilsiz-ağızsız olan     Maşa bunları söyləyə bilmirdi. Amma Maşa bir şeyi çox gözəl bilirdi. O, heç zaman öz yavrusunu belə alçaqcasına atıb getməzdi. O, öz yavrusunu belə çarəsiz, qismətin ümüdünə buraxıb getməzdi. O, indi bir şeyi çox gözəl bilirdi, özünün bu yavrunun anasından daha çox insan olduğunu, daha gözəl ana olduğunu bilirdi.

    Maşa saatlarla yorulmadan, usanmadan miyoldamağa davam etdi.   Artıq onun da taqəti üzülür, səsi cırlaşırdı. Bir tərəfdən iliyə işləyən soyuq, bir tərəfdən saatlarla miyoldamaq onu haldan salmışdı.

    Nəhayət Maşa addım səsləri eşitmişdi və bütün gücünü toplayıb yenidən haray salmağa başladı.

    Başının üzərində doğma, tanış üzü görəndə elə bil Maşanın gözlərinə işıq gəldi. Bu o idi, hər gün onu yemləyən Nadejda nənə...

    Nadejda adının mənası ümüd deməkdir. Deməli, hər şeyin yaxşı olacağına  hələ də bir ümüd var.

    Maşanın yatdığı qutuya nəzər salan Nadejda nənə qorxmuş bir şəkildə kənara atıldı və tez də qaçıb harasa getdi.

    Az sonra təcili yardım briqadası, polislər tökülüşüb gəldilər. Bütün bina sakinləri Maşanın yuvasının ətrafına yığılmışdılar.

    Həkim uşağı müayinə etdikdən sonra Maşanı sığallayaraq üzünü sakinlərə tutub dedi: “Bu pişiyin sayəsində uşaq sağ qalıb, yoxsa bu soyuqda çoxdandan donub ölərmiş, yaxşı ki, belə qəhrəman və ağıllı bir pişiyiniz var”

    Maşa özünə bir yer tapa bilmir, elə hey miyoldayaraq insan yavrusunun başına dolanırdı. Nəhayət həkimlər insan yavrusunu götürüb getdilər. Maşa eşik qapısına qədər onların arxasıyca düşərək elə hey miyoldayıb öz narahatçılığını bildirir, sanki, “yavru necədir, yaxşıdırmı” deyə soruşurdu.

    Nadejda nənə Maşanı qucağına alaraq sığalladı və öpərək bağrına basdı. “Sən çox ağıllı pişiksən, bilirsənmi sənin sayəndə o yavrunun həyatı qurtuldu” deyərək ağlamağa başladı.

    “Bəlkə bizə köçəsən sən, bu gündən mənimlə birgə yaşıyasan, hə Maşa nə deyirsən” deyə Nadejda nənə onu yenə bağrına basdı.

 

                                   *           *          *

 

    Bu hadisənin səhəri bütün qəzetlər, televiziyalar Maşanın qəhramanlığından danışmağa, yazmağa başlamışdı.

    Maşa bir anda ölkənin, bəlkə də dünyanın ən məşhur pişiyinə çevrilmişdi.

    İndi onun isti evi, yeməyə yeməyi, içməyə suyu var idi. O, daha dünyaya gətirəcəyi balalarını aclıq qorxusu ilə gözləmirdi...



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə