Qışın şaxtalı çağında canlıların çoxusu qış yuxusuna gedir. Çöllər, meşələr qar örtüyünə, daha doğrusu yorğanına bürünür, quşların və uyqusuz heyvanların ləpirləri bu yorğana naxışlar salır...İnsan olan da soyuq qış havasında yorğanı başına çəkib uzun-uzun yatmaq istər, yorğanı qısaldıqca özü də büzüşər, kiçilər, amma havanın isti-soyuqluğundan asılı olmayaraq işə-gücə getməlisən, bazarlıq eləməlisən. Adi mağazalarda qiymətlər o qədər bahadır ki, məcbur olub nisbətən ucuzluq olan böyük supermarketlərə gedirsən, imkanı olan öz maşınında, olmayan da adi avtobuslarla gedib-gəlir.

 

Dünən, mən də bazarlıqüçün getmişdim, evə lazım olan bir-iki torbalıq ərzaq alıb dayana­cağa gəldim. Şaxtalı havada adamlar üstü şəffaf plastik öptüklü dayanacaqda dayanıb dolmuş avto­busun getməsini, başqasının gəlməsini gözləyirdilər. Balacaboy, nimdaş boz paltolu yaşlı bir qadın, yanında təkərli əl arabasında aldıqları şeyləri çamadan formalı sumkasına qabqarmışdı. Yükünü avtobusun pillə­kən­ləri ilə qaldırmaq ona çətin olardı. Qadının vurnuxduğunu görüb, yaxınlaşıb ona dedim ki, fikir eləməyin, avtobus gələndə sizə kömək edərəm. Çox sevindi, elə bil elə onun dərdini çəkirmiş, üzümə minnətdarlıq hissi ilə baxdı. Onun iri ala gözləri, düzgün cizgili dəyirmi və işıqlı sifəti  vardı, quru cüssəli yaşlı bir qadın idi. Mən ona diqqət yetirib:

- Bağışlayın, siz müəllim işləməmisiniz ki?! - deyə soruşdum. - Yaşlı qadın təəccübləndi və üzündəki işıqlı təbəssümlə:

- Bəli işləmişəm, siz bunu hardan bildiniz?! – deyə  suala sualla cavab verdi.

- Kilsədəki ikonalarda təsvir olunan müqəddəsləri yadınıza salın, onların başında halə olur, o hardandı elə?! Onları bəsirərti olanlar görə bilər, mən də sizin üzünüzdə daxildən gələn bir işıq gördüm, o cür işıq ancaq müəllimlərdə, ziyalı və bir də əsl mömin insanlarda olur...

- Siz, baxıcısınız?

- Yox, baxıçı deyiləm, mən də sizin kimi müəllimçalışmışam, ondanbilirəm.

- İndi də müəllimlik edirsiniz?

- Eh, yox! 90-cı illərədə dünya dəyişdi, mən də başqa sahəyə keçdim.

- Bəli, mən müəllim işləmişəm, rəsm müəllimi, uşaqlara şəkil çəkmək öyrədirdim, rəssamlıq yəni. Sinifimdə 30-33 nəfər uşaq olardı, çox sevirdim o uşaqları və sənətimi. İndi doxsana yaxın yaşım var, bir dəfə də yıxılmışam, ayağım sınıb, axsayıram hələ də, ona görə ağır şeydən qorxuram... Düzü, indi mənə nənə deyəndə acığım gəlir, nə olsun ki yaşım çoxdur, axı mən qadınam?! İstəyirəm ki mənə qadın deyilsin!

- Doğrudur, qadın hər yaşda qadındır. - Deyərək, onu bir də nəzərdən keçirdim. Bəli, zaman çox nisbi şeydir, kənardan bir əsrə yaxın görünüən bir ömür adamın öz içində necə də an kimi ötüb keçirmiş. Bütün ömrünü məktəbə, uşaqlara həsr etmiş müsahibimin fikirlərini bu cür düşüncə­lərdən yayındırmaq üçün yenidən onun sevimli mövzusuna keçdim:

- Mənə belə gəlir ki, talantsız uşaq olmur, yalnız talantsız müəllimlər ola bilər, sadəcə uşaqda olan talantı tapıb üzə çıxarmaq lazımdır.

- Elədir! Mənin sinifimdə bir uşaq vardı, bütün uşaqlar onu gözümçıxdıya salmışdı, dərslərini də zəif oxuyurdu. Mən onda talant gördüm, rəssam talantı, uşaq çox fəallaşdı, elə bil dikəldi, dəyişildi tamam!

- Baxın, adətən hər sinifdə 4-5 nəfər əlaçı, 10-15 nəfər yaxşı oxuyan, qalanı da zəif və pis oxuynlar olur. Niyə elə olur bilirsinizmi?!

- Hə, elədir, amma niyə elə olur bilmirəm...

- İnsanın əsas dörd cürə xarakteri olduğu kimi: sanqvinik, melanxolik, fleqmatik, xolerik, dörd cürə də təfəkkür tərzi olur; bədii, abstrakt, assosativ və riyazi təfəkkür. Müəllimin təfəkkürü, öyrətmə tərzi, uşaqlardakı hansı təfəkkür tipinə uyğundursa, o uşaqlar onun fənnini yaxşı qavrayır və əlaçı olur, uyğun gəlməyən isə qavraya bilmir...

- Maraqlıdır, mən belə şeylər bilmirdim.

- Mən də bilmirdim, təcrübədən bilmişəm.

Avtobus gəldi, mən qadına kömək edib təkərli əl arabasını avtobusa mindirdim. Birinci dayanacqda onunla sağollaşıb düşdüm. Sağollaşarkən gülümsəyən yaşlı müəllimə qadının təbəssümlü üzündəki qırışlar soyuq qış günəşinin şüaları kimi səmavi bir gözəlliklə işıqlanmışdı.

 

2017. fevral. Moskva.




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə