Əziz müəllimin uşaqlığı atasının ağır, zəhmli, anasının isə qəmli, kədərli baxışları altında keçmişdi. Həmişə hər şeyə deyinən, əsəbləşən kimi dünyanın zatına, kökünə lənətlər oxuyan atasının tükənməyən buyruqları onu yorub əldən salsa da  bir dəfə də olsun dillənməmiş, mən bu işi bacarmıram, deməmişdi. Yaxşı işləyəndə, tapşırığı yerinə yetirəndə evdə sakitlik olardı. Vay o gündən ki, atasının dediyini onun istədiyi kimi yerinə yetirməyəydi! Bax, onda evdə bir vay-şivən qopardı ki, gəl görəsən!

         Beləcə, adı Əziz olsa da o, heç vaxt əzizlənmədi, sevinmədi, gülmədi, yaşıdlarına qoşulub çöldə, bayırda oynamadı. Çünki evin, çölün işi heç vaxt bitmirdi. Mal-heyvan, onun otu-ələti, toyuq-cücə, onun dəni, yemi, bağ-bağça, onun əkilməsi, becərilməsi, daha nələr... nələr ona baxırdı.

         Əziz işləyə-işləyə həm də oxudu! Oxudu, oxudu müəllim oldu! Tələbə yoldaşları arasında elə gözəl, şirin qızlar vardı ki! Amma onlara baxmağa  Əzizin vaxtı, imkanı yox idi. Çünki gündüzlər  oxuyurdu, gecələrsə işləyirdi.

         Müəllimliyini bitirib kəndə qayıdanda qonşuluqda onu xalası qızı  Qaraçöhrə gözləyirdi. Qız doğurdan da qara çöhrə idi. Qaraçı qızlarına oxşayırdı. Amma bir iş vardı ki, qaraçı qızları incə, sivri burun, qələm qaşlı, qarabuğdayı olurlar. Bu zalım qızının isə heç bir incəliyi yox idi. İri, qara burnu, çatma, qalın qaşları, enli çənəsi, rəngi-ruhu da... cəhənnəm qarası... Əziz bir söz demədi, sakitcə razılaşdı. Danışsaydı nə dəyişəcəkdi, yəqin ki, əksinə, evdə qırğın qopacaqdı!

         Kişi bir də onda ayıldı  ki, evdə beş oğlan uşağı var, hamısı da analarına oxşayır! Yenə dillənmədi. Elə bil zorən özgənin uşaqlarına baxırdı. Təsəvvür edirsiz ki, beş oğlanı kənd yerində böyütmək, evləndirmək müəllim üçün nə deməkdir?!

***

 

         ... Əziz kişi artıq 70 yaşına çatmışdı. Böyüklərin, ailənin, cəmiyyətin, təbiətin... daha kimlərin, nələrin onun boynunu, çiyninə, belinə qoyduğu bütün öhdəlikləri yerinə yetirmişdi, özü də çox yaxşı, yüksəl səviyyədə yerinə yetirmişdi. Bir növ, demək olar ki, daha azad idi! Uşaqlar öz ailəsiynən, oğul-uşağıynan, arvad da öz toyuq-cücəsiynən məşğul idi. Tez-tez dərindən nəfəs alırdı. Hərdən ona elə gəlirdi ki, on yeddi-on səkkiz yaşında növcavandı. Həyatı da hələ qabaqdadır! Həvəsdi, bəsdi! Bundan sonra daha özüyçün yaşayacaqdı. Görəsən bu mümkün idimi? Belə bir iş olardımı ki, özüçün yaşayaydı, yəni istədiyini alaydı, istədiyini yeyəydi, istədiyi yerlərdə gəzib-dolanaydı?! Əgər həmkarı, Cəmil müəllim olmasaydı, yəqin ki, bu suallara heç vaxt müsbət cavab tapa bilməyəcəydi...

         Son vaxtlar ürəyi heç sözünə baxmırdı. Hərdən elə sancırdı ki, az qalırdı canı çıxsın. Bir gün Cəmil müəllim onu götürüb həkimə apardı. Həkim də uzun müayinədən sonra məsləhət gördü ki, ürək sanatoriyasına getsinlər! Putyovka üçün arayış da verdi. Demək, hər şey mümkün imiş!

 

         ... Sanatoriyada Əziz müəllim dirilmişdi! Bir növ gözləri açılmışdı! İlahi, həyat varmış! Bu həyatın da gözəl bağ-bağçası, gül-çiçək... gülşən içində skamiyaları göz oxşayırmış! Hələ dəniz! Gündüzlər al günəş, gecələrsə bədirlənmiş  ay bu dənizdə bərq vururmuş! Təbiət öz yerində, burda incə gözəllər saya-hesaba gəlməz! Cavan, ətli-canlı xanım-xatınların cəlbedici təbəssümü qəlb odlayırdı! Yarəb, görəsən onun gözləri indiyə kimi niyə kor olubmuş?

Axşam yeməyindən çıxanda Əziz müəllim Cəmilə baxdı:

-         Ay qardaş, nə çox gözəl xanımlar var burda?

-         Tanış olmaq istəyirsən? – Cəmil müəllim ciddi-ciddi dedi.

-         Olar? – Əziz kişi qorxa-qorxa dilləndi.

-         Niyə də yox?

-         Necə? – kişi təəccübləndi.

-         Gəl gedək konsert zalına. Orda diqqətlə bax, kimdən xoşun gəlsə mənə işarə elə gətirim yanına.

-         Hamısı gözəldi! Məşədibad demiş, hamısından xoşum gəlir!

-         Əziz kişi, hərdən yadına sal ki, yetmiş yaşına çatmısan! Və ürəyin də sözünə baxmır! Bütün gözəllərnən, nə işin var? Birini seç, bəsindi!

-         Yaxşı! – Əziz kişi tez razılaşdı. Yetmiş ildə yetmiş dəfə üzü gülməyən Əziz kişi sanatoriyada  mininci dəfəydi ki, ürəkdən gülürdü!

 

Zalda ağız deyəni qulaq eşitmirdi. Musiqinin gur səsi fonunda əksəriyyəti qoca kişilər, orta yaşlı xanımlar və yeniyetmə qızlardan ibarət olan istirahətçilərin səs-küyü, deyib-gülməyi bir tozanaq qopartmışdı ki, gəl görəsən! Cərgə ilə əyləşmiş xanımlara baxan Əziz kişi “para” axtarışına çıxmışdı. Hə, deyəsən o paranı – yarısını axır ki,  tapmışdı! Necə də incə-incə gülümsəyirdi! Görəsən ona baxırdı, yoxsa yanında oturmuş Cəmil müəllimə?! Cəmilə tərəf döndü. Cəmil tez qalxıb əlüstü musiqiçilərə yanaşdı. Və “Qoçəli” havasını sifariş verib Əziz kişini oyuna dəvət elədi. Uşaq vaxtı toy mağarlarının dalında öyrəndiyi bu havanı Əziz müəllim çox xoşlayırdı.  Odur ki, vaxtı fotə verməyib oyuna başladı. Cəmil müəllim təbəssümlü İncə xanımı da qaldırıb Əziz kişiyə qoşdu:

-         Di oynayın!

Əziz müəllim göyün yeddinci qatındaydı! Cavan xanımın əlindən tutmuşdu. Bilmirdi oynayırdı, yoxsa uçurdu! Ətraf kəndlərdən gəlmiş yeniyetmə qızlar da onlara qoşulmuşdu. Rəqs edənlərin sayı çoxaldıqca çəpik çalanların hərarətli, sürətli, bəlağətli səsləri də artırdı! Necə deyərlər, ara qarışmışdı, məzhəb itmişdi! Əziz kişiyə elə gəlirdi ki, onun ilk toyudu,  hamı onu təbrikə gəlib. Ömründə bu qədər sevinməyi, oynamağı, gülüb-əylənməyi yadına gəlmirdi. Gözlərini yummuşdu. Ürəyi pırhapırda idi!  Gah şiddətlə döyünür, gah da arabir, deyəsən, dayanırdı axı?!

Aradan nə qədər vaxt keçmişdi... bilmədi... Bir də gördü ki, onu xanımdan ayırdılar, zaldan çıxartdılar... Sonra da ağ xalatlılar... üstünə necə  töküldü!

... Sən demə, min bir əzaba, əziyyətə dözən ürək sevincə, sevgiyə dözməyib, dayanıbmış!..

... Ey gidi dünya!..

 ... Üç gün sonra kənddə Qaraçöhrə arvad ərinə ağı deyirdi:

- Səni görüm, ay Əziz, sanatoriyaya getdiyin yerdə qıçın sınaydı, oturaydın evinin bir küncündə. Səni görüm, sanatoriyaya getdiyin yerdə gözün çıxaydı, a Əziz, deyəydim bir kor ərim var! Yanına üzü qara gəlim, əgər o Cəmil müəllimi tutub boğmasam!  Mənə də Qaraçöhrə deməsinlər, tezliklə onu sənin yanına göndərməsəm, ay Əziz! Küməmi dağıtdın axır ki, ay Əziz!

        

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə