Həmin gün qaranlıq səmanın növbəni aydınlığa , işıqlığa təhvil verməsinə az bir zaman qalmışdı. Artıq üçüncü günüydü ki, eynən bu vaxtda Kuçinski Viktor Vladimiroviçin illərdir tək yatdığı palatadan Coakkino Rossinonun “Oğru Sağsağan” “operasının səsi eşidilirdi.Musiqinin səsi başqalarını narahat edəcək qədər yüksək tonda deyildi, lakin üç gündür ard-arda onun ,cüzam xəstəliyindən eybəcər hala düşmüş Kuçinskinin normal tələffüzlə bu opera musiqisinin arxa fonundan – Mən səndən iyrənirəm cüzaaaam ! Cüzaaam! Cüzaaam! Cüzaaam! – deyə şiddətli bağırtısı otaqlardakı xəstələrin lənətli qarğışına, növbətçi xəstəxana həkimininsə vərdişkarlıqla əsnəyə- əsnəyə yorğun addımlarla piləkənləri qalxıb xəstəxanın üçüncü mərtəbəsindəki ümumi səs-küyü sakitləşdirməsinə səbəb olurdu.
- Siz onu daha yaxşı başa düşməlisiniz, sakit olun! O burda sizin hamınızdan çox sıxılır. Biz axı bilirik ki, o, qərib ölkədədir, onun heç kimi yoxdur mənim əzizlərim - deyə növbətçi həkim Kamilə Sultanbəyova nəvazişkar səs tonuyla dəhlizin tən ortasında dayanıb heç bir otağa daxil olmadan ucadan dedi. Kuçinskinin bu deyilənləri musiqinin səsi səbəbiylə eşitməməsindən əmin olan növbətçi həkim gözlərini ovuşduraraq səs-küyü sonlandırmaq üçün onun otağına yaxınlaşdı və qapını açıb içəri daxil oldu.
   Uzun boya , çox arıq bədən quruluşuna , sarışın dəri rənginə malik Kuçinski üzü pəncərəyə tərəf durmuş ,sağ əlində tutmuş olduğu milçəkqıranı sağa-sola yellədərək “Oğru Sağsağan”“operasının dirijorluğunu edirdi. Kamilə Sultanbəyova ağır addımlarla masaya doğru yaxınlaşıb öncə magnitofonu söndürmək istədi, lakin bir neçə saniyə düşündükdən sonra bu xırda kobudluğun Kuçinskinin psixologiyasına ağır təsir göstərə biləcəyini düşünüb musiqinin səsini azaltmağı daha məqsədə uyğun saydı.
- Yersiz hərəkətiydi! - qollarını geniş açıb ayaqlarıyla taxta döşəmə üzərində pər kimi bir dəfə fırlanıb Sultanbəyovaya tərəf çevrilən Kuçinski yumşaq səs tonunda dedi .
Növbətçi həkim onun ani çevrilişindən diksinib iki addım geriyə çəkilərək asta və ürkək səslə dedi:
- Siz artıq üç gündür xəstələri narahat edirsiniz, Kuçinski .
- Mən yata bilmirəm! Boynumun arxa tərəfindəki yaralar düz uzanmağıma, - sonra əliylə sifətinin sağ və sol tərəfindəki yaralara işarə etdi- buralardakı yaralarım isə yan üstdə çevrilib yatmağıma neçə vaxtdır icazə vermir. Bəs siz mənim belə bir vəziyyətdə necə yatdığımı heç bilirdiniz?- əliylə inkar bildirən hərəkət edərək həkimin ona cavab verməsinə imkan vermədi - Cavab verməyin icazə verin mən deyim ! Ağzım üstdə yatırdım, ancaq üç gündür mənim burnum çürüməyə başlayıb və artıq mən ağzı üstə də yata bilmirəm.
-Siz kürəyinizi yastığa söykəyib də yata bilərsiz .
- Yox! Yox! Yata bilmərəm! – xəstəlikdən eybəcər hala düşmüş Kuçinski bezgin tərzdə yüksək səslə dedi və cəld addımlarla həkim Sultanbəyovaya yaxınlaşıb onun əllərindən yapışdı.Tutmuş olduğu bu əlləri heçnə demədən dərin paxıllıq hissiylə süzərək “Ay səni zibilə qalasan axı bu xəstəlik keçicidir.!! Hə , hə keçicidir .Bəs qarşımda dayanan, yanaq və əl dərisi şümşad kimi parıldayan bu həkim qadın nə səbəbə salamatdır?! – deyə düşündü . O , yaralardan qartlaşmış əlləri arasındakı körpə budaqlara bənzər barmaqların necə titrədiyini hiss etdi və qançanağına dönüşmüş gözlərini nüfuz edici nəzərlərlə qadının ürkək gözlərinə zilləyib pıçıltılı səslə soruşdu:
- Keçəcəyindən, bədəninizə bulaşacağından qorxursunuz ?
- Sizin xəstələyinizin sağlam adamların səhhəti üçün daim təhlükə mənbəyi olduğunu unutmamalısınız. Odur ki, nə qədər yaxın təmasda olmasaq, bu bir o qədər də xeyrimizədir – həkim Sultanbəyova fikrini bacardığı qədər nəzakətlə ifadə edib əllərini Kuçinskinin qartlaşmış ovuclarından araladı.
-Mən bunları lap əla bilirəm ! –Kuçinski sərt səslə dedi və arxaya çevrilib səmanın aydınlığa qovuşduğunu gördü. Cəld addımlarla pəncərəyə yaxınlaşdı.
- Bura gələ bilərsiz? Gəlin, gəlin ! 
Kuçinski pəncərəni açıb aşağı doğru boylandı.
Həkim Sultanbəyova tərəddüdlə pəncərəyə yaxınlaşdı.
- O iti görürsünüz ? 
- Hə görürəm .
- Doğrudan da, heyvanlarda ağıl yoxdur .Ancaq bu it çox geniş qəlbə sahibdir. O, demək olar, iyirmi gündür mənim xəstəliyimi pay olaraq öz bədəninə qəbul edib. Mən onu günlərcə sığalladım , öpdüm, nahar vaxtı payıma düşən mal ətindən bir dişlək alıb qalanını ona yedirtdim, mən qarpız payımdan bir dişlək alıb yarısını da ona yedizdirirdim. Bütün bu fədakarlığımdan sonra, o ,demək olar, hər gün məni yalamağa başladı. Budur indi iyirmi gündür ki, bu bədbəxt heyvan bədəninin yaralarıyla əlləşir . Mən onun tüklərinin havada uçuşduğunu görürəm . O, tez- tez qusur , boynunun yanları gözləri ölçüsündə yaralar töküb . O ... o, çox eybəcərləşib hahahahahaaha. Məncə, onun heç bir yaşı da yoxdur. Əvvəllər yerə düşən kölgəsiylə oynayırdı, amma xəstəliyə tutulduğu birinci gündən kölgəsindən bərk qorxmağa başlayıb. Son neçə gündə kölgəsiylə oynamadığı kimi ondan heç qorxmur da . Çünki cüzam onun gözlərini də korlaşdırmağı bacarıb.
- Nc nc nc bu heç təqdirə layiq hərəkət olmadı, əziz Kuçinski, ən yaxşısı siz yatın, gəlin mən sizə necə rahat yata biləcəyinizdə köməklik göstərim- həkim Sultanbəyova soyuqanlılıqla dedi və çarpayıya yaxınlaşıb yastıqları dikəldib onun rahat yata bilməsi üçün şərait hazırlamağa başladı.
- Siz məni azacıq da olsa aldatmaq istəyirsiniz !
- Səhv düşünürsünüz, əziz Kuçinski, mən sizin və digər xəstələrin ümumi rifahının yaxşılaşmasına çalışıram, ən əsası da vəzifə borcumu yerinə yetirirəm .
- Rifah? Siz nə danışırsınız? Hər neçə gündən bir bədəninin başqa- başqa hissələri astadan çürüməyə başlayan adamın rifahı sizcə çoxdan çürüməyibmi?! Mən bu otaqdakı ən xırda deşikdə gizlənən qarışqaya , otaqda kefli-kefli uçan milçəyə belə paxıllıq edirəm. Çünki qarışqa nə itə , nə siçana; milçək  nə yarasaya, nə də başqa bir mövcud olmayan eybəcər nəyəsə bənzəmir. Qarışqa qarışqadır , milçək də elə milçək. Bəs mən? Siz bir mənə baxın bəs mən insana oxşayıram?! Mən heç kəsin yanında dura bilməyəcəyi, gözlə görünən iyrənc və mundar mikrobam. Mən xəstəliyimi qarışqaya, milçəyə, hamıya, hər şeyə pay vermək istəyirəm .Özüdə zorla! Qoy bütün canlı varlıqlar mənə bənzəsin ... Bənzəsin ki, mən də heç kimin heç nəyin paxıllığın çəkməyim.
- Allaha dua edin Kuçinski o sizi eşidib mütləq kömək olacaq!- riqqət hissiylə həkim Sultanbəyova dedi 
- Öz həyatında nələrinsə daim dağınıq qalacağına əmin olan birindən Allaha dua etməsini istəmək ağılsızlıqdır! – fövqəladə qəzəblə Kuçinski dedi
-Siz yorğunsuz, Kuçinski yaxşısı yatmağa çalışın!
- İmkan versəydi ətəyindən tutub bu xəstəliyi ona da keçirərdim .
- Kimə? 
- Allaha!!!
- Tövbə edin Kuçinski , son sözünüzə görə tövbə edin!!! Siz başınızdan çox böyük danışırsız .
Kuçinski gözlərini qeyri-şüuru şəkildə həkimin gözlərinə zilləyib bir neçə saniyə səssiz qaldıqdan sonra çarpayının ayaq tərəfində oturub sakitcə dedi:
- Xahiş edirəm musiqinin səsini tam batırıb məni tək buraxın.
Həkim ona deyilən kimi də etdi. 
Kamilə Sultanbəyova otağı tərk etdikdən sonra tək qalan Kuçinski öz başını qata biləcək yuxunu ona unutduracaq həmişə təkarar etdiyi fərqli məşğuliyyəti barəsində düşünməyə başladı . O, çarpayının sağ tərəfindəki siyirtməsi çətinliklə açılıb ,bağlanan çəkməcənin zəhləsini tökməyə başladı. Onun məqsədi siyirrtməni dodaqları arasında pıçıltıyla saydığı iyirmi saniyənin içərisində səssizcə irəli çəkmək və yerinə geri qaytarmaqıydı. Bunu altı dəfə təkrar etməsinə baxmayaraq siyirtmə Kuçinskinin bu mənasız rəftarı, yaxud belə də deyə bilərik, ədəbsizliyinə heç cür səssiz qala bilmədi. O, bir dəfə də olsun səs-küy çıxartmadan açılmadı. Sonda taxta parçasına yenildiyini heç cürə qəbullanmayan Kuçinski siyirtməni yerindən çıxarıb qəzəblə döşəmənin üstünə fırlatdı. Qəflətən yan otaqlardan birində yatan xəstələrdən hansısa Kuçinskinin ünvanına yüksək səslə söyüşlər yağdırdı
- Ay şərəfsizin, oğraşın, cındırın balası, bəsdir dəəəə -son kəlməsini xeyli uzadaraq qışqırtıyla naməlum adam dedi və fikrini söyüşlü sözlərin ən kobuduyla davam etdirməyi qərara alıb bir xeyli də danışdı.
Naməlum adam qəzəblə qışqırıb bağırdığı müddətdə Kuçinski otağın bir kənarına fırlatdığı siyirtməni yerdən qaldırıb, ehtiyatlı şəkildə çəkməcənin içərisinə yerləşdirməklə məşğuluydu. Əlindəki işini sona çatdırıb qonşu otaqdakı adamın söyüşlərinə cavab olaraq laqeyd tərzdə Kuçinski dedi :
- Ey mənim eybəcər qonşum, özünü cırıb dağıtma mən o dediklərinin çoxunun mənasını hələ də anlamıram,vaxtın varsa gəl onları öyrət mənə. 
- Kəs səsini rus oğraş sən məndən də eybəcərsən – gücsüz və halsız səs tonuyla yan otaqdakı xəstə dedi. Sanki beş dəqiqə içərisində onun bütün taqəti tükənmişdi. Naməlum adam Kuçinskidən ona cavab gəlmədiyini görüb yerindəcə sakitləşmiş oldu. Bəs Kuçinskinin səsi niyə anidən kəsilmiş oldu?
Çünkü o, yaralarını narahat etməyən dahiyanə yatış pozası kəşf etmişdi. O, bunu bir dəfə etdi və qələbə qazandı . Yastıqları çarpayının üzərində üst- üstə yığıb sinəsini onlara dayadı .Başını yaranmış hündürlükdən aşağı sallamaqla o, çürüyən burnunu uçuruma salladı, beləliklə, üz nahiyyəsindəki yarğana bənzər yaralarını heç yerə toxundurmadan dərin və məhzun yuxuya getdi.
Kuçinski yuxuya getdiyi vaxtda, günəşin şəfəqləri bütün arsızlığıyla yer kürəsində yerləşən Azərbaycan adlı ölkənin paytaxt şəhəri Bakının bəzi yerləri gözəl, bəzi yerlərisə gözəllikdən ala yarımçıq qalmış asfalt döşəməsini və üzünü aynada görmək istəməyən cüzam xəstələrinin fiziki eyiblərini tam aşkarca bəşəri təbiət sərgisində olduğu kimi nümayiş etdirmək gücündəydi.
Həmin gün işıqlı hava yorulub gözdən itənədək Kuçinski bəşəri təbiət sərgisinə qatılmadı. Günorta və səhər yeməyinin vaxtının gəlib çatdığını hansı həkim ona xatırlatdısa yalnız bu sözləri eşitdi:”– Zəhləmi tökməyin”, yaxud da “ay zəhlə tökənlər, mənim yemək payımı xəstəxanın həyətindəki xəstə itə verin” .
Saatlarla göy üzündə yan-yörəyə od səpələyən günəş işığı son ahlarını çəkdiyi an həkim Kamilə Sultanbəyova Kuçinskinin yatdığı palatanın qapısını açıb içəri daxil oldu.
- Axşamınız xeyr, əziz Kuçinski – O, çarpayıda əcaib tərzdə uzanmış Kuçinskiyə təəcüblə baxıb , nəzakətli səs tonuyla dedi: ”Mənə deyirlər siz səhər və günorta yeməyini yemək üçün yeməkxanaya enməmisiz. Mən onları yeməyi otağınıza qaldırmadıqlarına görə şiddətlə qınadıqda sizin payınıza düşən yeməyi xəstəxana həyətindəki itə hədiyyə etdiyinizi dedilər. Bu doğrudanmı belədir?”
- Lap elə belədir! Nədirki? - deyə çarpayı üzərindəki yatış pozasına xələl yetirmədən xırıltılı səslə Kuçinski cavab verdi.
- Heç , sadəcə olaraq itin hədiyyənizi, yaxud belə də deyə bilərik, gözəl jestinizi qəbul etmədiyiylə bağlı neçə saatdır xəstəxanamızda gizli şaiyələr yayılıb –deyə həkim çiyinlərini yuxarı doğru çəkib durğunluqla və zarafatcıl mimikalarla cavab verdi . 
Üzü quylu uzanan Küçinskinin həmin mimikalardan qəti xəbəri olmasa da həkimin səs tonundan onu ələ saldığını düşündü və yerindən tərpənmədən qəzəbli səslə dedi :
- Yerinizdə olsaydım fiziki xəstəlikdən ruhi əziyyət çəkən birini ələ salmağı özüm üçün ən ucuz və yersiz hərəkət sayardım.
- Siz məni yanlış anladınız əslində mən ...
-Bəsdirin-Həkimin sözünü yarımçıq kəsərək qəzəblə Kuçinski dedi və əllərini çarpayının kənarlarına dayayaraq bir təhər dəstəklə ayaq üstə qalxdı. Çox keçmədən çarpayının üzərində əyləşib özündən qeyri-ixtiyari olaraq əllərini ağ xalatının ciblərinə salmış və sualedici nəzərlərlə onun gözlərinin içinə baxan qadını heç vaxt olmadığı kimi ayaqdan başa kimi süzməyi qərarlaşdırdı. Qadının hər hansısa kişinin diqqətini yetərincə cəlb edəcək qədər gözəllikdə olan ayaqlarının çılpaqlığına məxsus hüdud xətti dizlərinin üst hissəsinə qədəriydi, burdan yuxarısını isə onun əyninə geymiş olduğu ağxalat tam sədaqətlə qoruyurdu. Kuçinski onun baldırlarını iki dəfə sözlə ifadə oluna bilinməyəcək tərzdə heyrətamizliklə süzdü . Həkim Sultanbəyova Kuçinskinin baxışlarındakı acgözlüyü və bununla bərabər heç cürə anlam verə bilmədiyi qəribə diqqəti yerindəcə hiss etdiyindən yanaqları qızardı. Bir anlıq Sultanbəyova yüksək səslə bağıraraq , hətta şillələri ard–arda Kuçinskinin yara basmış sifətinə döşüyərək “ Ay vəhşi, heç utanmırsan, nə oğraş – oğraş məni süzürsən ?” deyə hərəkət etmənin xəyalını qurdu.
KUÇİNSKİ həkim Sultanbəyovanın yanaqlarındakı qızartıya , abırla əhatələnmiş qəzəbli baxışlarına məhəl qoymadan onun bədəni üzərindəki gözləriylə etdiyi səyahəti davam etdirməkdəydi . Sultanbəyovanın böyük olmuyan xəyalən də olsa, onu ağuşuna alıb düz 19 il bundan öncəyə, Rusiyanın Perm şəhərində “Mari Maqdalena “ kilsəsinə yaxın yerləşən üç mərtəbəli binanın ikinci mərtəbəsində mənzil 39 ünvanındakı iki otaqlı evin yataq otağında, çarpayı üzərində birgə uzanıb azğıncasına sekslə məşğul olduğu, gözəlliyiylə onun başını döndürən Marina Viktorivanın kiçicik döşləri arasına tulladı.
Kuçinski Marinaya dediyi sözləri xatırladı ”sənin döşlərin o qədər kiçikdirki, mən onları dodaqlarım arasında saxlaya bilmirəm, ancaq etiraf edirəm mən bu döşləri heç bir qadının bədənindəki gözəlliyə dəyişmərəm. Çünkü onlar dodaqlarımın məngənəsində sıxılıb qalmağı bacarmadıqca mən daha da özümdən çıxıram, bu mənim sənə qarşı ehtirasımı daha da alovlandırır və unutmaki, bu alovu söndürməyə heç bir dəniz suyunun gücü yetməz”. 
O sağ əlinin barmaqlarını ehmalca öz dodaqlarına toxundurdu. Sanki barmaqlarının altında xırda , başı sulu və qabarlanmış təpəciklər varıydı. Bu təpələr onun dodaqlarının yan yörəsini dairə halında qapıyan irinləmiş, qabıq bağlamış yaralarıydı. 
- Ax Marina , Marina sən indiki dodaqlarımı görsəydin bir vaxt onların öz məngənəsində əzib, parçalamağa çalışdığı o bir cüt gözəlliyini kəsib bədənindən kənara atardın və onları insafsızca vücudundan qopartdığın üçün qətiyyən peşmançılıq hissi duymazdın. Bilirsən niyə? Məndən iyrəndiyin üçün. Axı səni də qınamaq olmaz, bir şeyki mən özüm özümdən iyrənirəm, iyrənirəm, iyrənirəm!!!
Əgər Kuçinski belə tezliklə dillənməsəydi, Sultanbəyovanın içində tüğyan edən ifadəolunmaz sıxıntı qəzəbli partlayışa səbəb olacaqdı.
- Kuçinski, Marina kimdir?-deyə qanı qara halda həkim Sultanbəyova asta səslə soruşdu və sözünə alavə etdi – Mən bayaqdandır sizin nə etməyə çalışdığınızı anlaya bilmirəm.
- Axı niyə də anlaya biləsiz? Olar sizə mənim üçün çox maraqlı olan bir sual verim?
- Buyurun 
- Heç olub ki, bu gözəl bədəniniz siz ehtirasa büründüyünüz an sizi dilxor etsin?- deyə sağ əliylə həkimin bədəninə işarə edib Kuçinski soruşdu.
- Anlamadım?
- Yəni işə yaramadığı vaxt olub,ya da əgər bədəniniz eybəcər hala düşsəydi sizi qadınlıq hisslərindən xeyli kənarlaşdırsaydı, özünüzü necə hiss edərdiz?
- Bu lap ağ oldu! –hiddətlə Sultanbəyova dedi və qəzəbli səs tonuyla söhbətinə davam etdi- Mənimlə bu cür məhrəm söhbətlər etməyi mən sizə qəti qadağan edirəm! Başınıza hava gəlib nədir?!
Kuçinski ani sıçrayışla oturduğu çarpayının üzərindən qalxıb yetərincə qəzəbli və yüksək səslə bağıraraq cavab verdi:
- Bəli başıma hava gəlib, özü də bir neçə gündür, guya ki siz bunu bilmirsinz?! Mənim cinsi orqanım çürüyüb, kişiliyim zəifləyib. Buna yerli dibli kişiliyim yoxdur desəm məncə özümə lağ etmiş olmaram.Mən aylardır sidiyə çıxanda cinsi orqanıma baxmıram. Vəhşi aranqutanın, itin, pişiyin bu barədə məndən üstün olduğunu düşünmək məni öz gözümdə nə qədər ucuz duruma salır heç bilirsiz? Mənim içimdə çox qəribə vahimə baş qaldırıb . Qəfildən ayağa qalxıb bütün dünyanı dayanmadan qaçmaq istəyirəm. Birdən tez içimdə “ yox, yox, yox Kuçinski sən düzələcəksən, səbrli ol, düzəlməsən də bir təhər başını nəiləsə qatıb bu rüsvayçı vəziyyəti özünə unutdurmağı bacaracaqsan” deyə özümün də inanmadığım sözlər çərənləyirəm. Ya Tanrı vaxtında bədənimin gözəl üzünü mənə göstərməyəydi ,ya da göstərmişdisə də işini yarımçıq buraxmayaydı. Lakin bütün bunlara baxmıyaraq hər şey , hamı mənə inad olaraq öz həddini aşmağa davam edir. – Qəflətən yerindən qalxıb iri addımlarla masaya yaxınlaşdı və onun üzərinə qoyduğu milçəkqıranı əlinə götürüb söhbətinə davam etdi – Sizcə bu nədir? Dayanın- dayanın - Sol əlini irəli uzadıb çaş nəzərlərlə ona baxan həkimin sualı cavablandırmasına icazə vermədi – Bunun adı sizin nəzərinizdə yalnız “milçəköldürən”dir, elə deyilmi?- Həkim qadın başını tərpədərək onun sözünü təsdiqləmiş oldu – Aha !!!Görürsüz siz tam fərqli düşünürsüz !!! Mənim nəzərimdəsə bu əlimdə tutduğum o həddini aşan , xırdacıq ağcaqanadların, milçəklərin gilyotinidir. Bir neçə günüydü ki otağımda iki milçək şellənə - şellənə gah sağa, gah da sola uçurdular. Sizin kimi sağlam insanlar səmada dövrə vuran quşlara baxıb həzz alanda, mən də bu axmaqlardan həzz almağı qərara aldım. Mən onları qarabaqara izləyirdim ki , qoy otağın pəncərəsi, qapısı açılanda ortadan əkilməsinlər. Çünkü mən iyrəncə bu iyrənclərin vızıltısının nədənsə yaxşı təsir etdiyini hiss edirdim. Amma bir neçə gündən sonra həmin iyrənclərin yan yörəsində özlərinə oxşamış balaca iyrənclərin uçuşduğunu gördüm və geçikməyib böyük-kiçik demədən hamısını amansızca öldürdüm. Bu dəhşətiydi! Çünkü milçəklərin belə öz ehtiraslarını tam şəkildə bölüşdüyünün sübutunu görmək məni hədsiz dərəcədə məhv etmişdi. Hal- hazırda da məhv etməkdədir. Mən bayaqdandır ancaq cinsi təlabatdan danışıram deyə siz elə düşünməyinki, mənə ən çox təsir edən şey öz içimdə köz olan ehtirasımın hansısa qadının bədənində at kişnədə bilməməsidir! Mənim də rahat yatmaq, bəzənmək, güzgüdən qorxmamaq, bədənimin hansısa nahiyəsindən göz qaçırtmamaq və.s .və i.a  kimi istəklərim var. Bütün bunlara görə də mən yalnızca sağlam və gözəl olan, fövqlənən, ehtiraslanan bütün canlıların qatili olmaq istəyirəm . 
Son cümləsini bitirdikdə özünü fikirlərini tam şəkildə izah etmiş saydı . Haldan düşmüş vəziyyətdə sağ əliylə sol , sol əliylə sağ qolunu ovuşduraraq məyusluqla yenidən çarpayıya oturdu. 
Həkim Sultanbəyova mat qalmış gözlərini çarəsiz Kuçinskiyə zilləmiş və bütün bu danışdıqlarıyla bağlı nə deyəcəyini bilmədən səssizcə durmuşdu. Anidən o bu səssizliyinə son verib udqunmaqda çətinlik çəkərək dedi :
- Səbrli olun Kuçinski mən indi getməliyəm, bir azdan dərmanlarınızı gətirmək üçün yanınıza geri dönəcəm.
- Xahiş edirəm, bu otağa cazibədar , baxımlı qadın obrazında daxil olmayın! Mənə əksikliyimi xatırladırsınız ! – məyusluqla Kuçinski dedi 
- Mən buna çalışacam, əziz Kuçinski!- qayğıkeşliklə həkim Sultanbəyova dedi
- Sizə də elə gəlmir ki, mən sağlam insanlardan fərqli olaraq həmin milçəkləri daha mənalı səbəbdən öldürmüşəm?- deyə gözlərini qeyri ixtiyari döşəməyə zilləyib pıçıltılı səslə Kuçinski otaqdan çıxmağa hazırlaşan həkimdən soruşdu
- Bəlkədə! Lakin itə etdiklərinizə görə sizə heç cür haqq qazandırmaq olmaz!
- Onun üçün də mənalı səbəbim var !
- Aaa doğrudan ? – kinayəli təbəssümlə həkim sual verdi

- Bəli  O it şadlığından çox danışan insanlar kimi gecə -gündüz demədən hürürdü .Onun bu şadyanlığı məni bərk qıcıqlandırırdı. Məncə, artıq onun ağır dərdi var .
- Nə deyə bilərəm, Kuçinski,Tanrı sizə səbir versin !
- Səbir yerinə ölüm versin , səbir nəyimə gərəkdir axı!?
-Sizə bunu da deyim ki, Tanrının işlərinə qarışmaq olmaz, Kuçinski, olmaz! - israrlı şəkildə həkim qadın dedi
- Tanrı elə bir iş tutubki, heç özü də həmin işlərin içərisindən çıxa bilmir.
-Görəsən nə işlərdir o ?
-Nəyinizə gərəkdir! - bezgin səs tonuyla Kuçinski dedi və yenidən çarpayı üzərindəki yastıqları üst -üstə yığıb çürüyən burnunu təkrar uçuruma salladı.
Bir neçə ay sonra Kuçinskinin otağı boş qaldı və onun ölümündən tez sonra həmin otaqda təmizlik işləri aparan sanitar həkimlərdən biri çəkməcənin boş siyirtməsində gördüyü şeyin təsirindən riqqətə gələrək digər sanitara belə dedi “Sən demə onun da Tanrısı burdaymış!!”
Boş siyirtmənin içərisinə kiril hərfləriylə belə yazılmışdı: “Tanrım, sən illərlə mənimlə bu otaqda qaldın və bu siyirtmədən bir dəfə də olsun, çölə çıxmadın. Bağışla, mən sənin qapını heç vaxt səssiz açmağı bacarmadım. Hamı sənin göylərdə olduğuna inanır mənsə, bu siyirtmədə . Düzünü de, xəstəliyimin sənə keçəcəyindən qorxurdun?!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə