Son xəbərlər

 

NƏ QƏDƏR?!

Ötüşüb vaxt gedəli doğma məkandan... nə qədər...
Dözəcəm mən - dözə bilsə buna bu can nə qədər...

 

Tənimi lap oda atsan da alışmam, onu bil!
Külə dönsün halı pəjmürdə, pərişan nə qədər?

Könlümün xiffətini bir duya bilsə yaradan!
Edəcəkdir mənə bu qürbəti zindan, nə qədər?

Talanır torpağımın dövləri-varı, hələ də!
Hərə dartır... yaman artır yağı-düşman nə qədər?!

Elimin nisgili bəs etməz imiş, bivəfa yar?
Çəkdirirsən çəfanı sən də bu yandan... nə qədər!

Düşünər, diqqət edən kəs Afaqın sözlərinə,
Vətəni atmayacaq, olsa qəriban nə qədər!

 
ANACAN!

Ağlama, sil gözünü, sevgili yarım, anacan!
Görürəm mən halını, yaslı baharım, anacan!

Bu vətən sevgisini sən mənə oyrətmiş idin,
Bir Ana, bir də Vətən oldu vüqarım, anacan!

Mənə bu zirvəni bəxş etdi, yaradana şükür!
Sevin, ol cənnəti məkandı diyarım, anacan!

Anası fəxr eləsin, kim ki, bu məqama yetib,
Elə bu ad olacaq dövləti-varım, anacan!

Öz ulu torpağıma mən fəda etdim canımı,
De ki, qoy gözləməsin nazlı nigarım, anacan!

Yaşaram! Hər ürəyə yazmışam öz ünvanımı!
Nə gözəl, cümlə Vətən oldu məzarım, anacan!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə