Son xəbərlər

 


Povestdən parça

  Məhkəmə prosesi Qaranın xəstəliyi ucbatından çox ertələnmişdi. Nəhayət ki, bu gün proses sona çatacaqdı. Tərslikdən kondisionerlər işləmirdi. Zalda əyləşənlərin vurduqları ətirlərin, bədənlərinin tər iyi  bir-birinə qarışmışdı. Qara laqeyd baxışlarla ətrafa baxırdı. Zaldakılar belə qəddar insan üçün ən ağır ölüm cəzasının verilməsini arzulayırdılar. Bu insan hətta ölümün də ən dəhşətlisinə layiq idi. Hakim qərarı oxuduğu məqamda hər kəsin diqqətini qərardan uzaqlaşdıran milçək Qaranın alnına qondu.

Hər bir yaradılan həyatda öz amalını yerinə yetirməlidir. Həyatı saatlara bölmək ən böyük axmaqlıqdır. Susuzlayanda bir stəkan su içəndə hər qurtumu sayırıqmı? Kəpənək qanadlarının qaldıra biləcəyi bir həyatı gücü çatanadək qanad çırpıb uçaraq yaşar. Bu fikirlərin hamısı Qaraya aid idi. Amma məhkəmə zalında hakimin qərarını gözləyərkən bunları xatırlamırdı. Hər kəsin ona ölüm cəzası verilməsini arzuladığı, gözlədiyi vaxt o, ölümün nə olduğunu unutmuşdu.  Həyatı  bitməyən sonsuzluğa çevrilmişdi. Həyatının ən xoşbəxt  anlarını yaşayırdı. Gözləri çox zəifləmişdi. Eynəyini bura gələrkən görmədən tapdalayıb qırmışdı. İndi alnında vızıldayan qara milçək gözünə ağ kəpənək kimi görünürdü. Bir vaxtlar xilas etdiyi ağ kəpənəklər...

Tut ağacının altında durmuşdu. Balaca, çəlimsiz Qara yeşiyi çox çətinliklə bura gətirmişdi. Yeşikdəki baramalardan ağ kəpənəklərin çıxmaq üçün necə canfəşanlıq etməsini izləyirdi. Tırtıl olduqları zaman özlərini həbs etdikləri ağ zindandan kəpənək olaraq  azad olmaq istəyirdilər. Baramadan çıxandan sonra kəpənəklər nəm qanadları quruyanadək uça bilməmişdilər. Qanadları quruyandan sonra uçmağı öyrənən kəpənəklər tut ağacının dövrəsində rəqs edərcəsinə  uçmuşdular.  O gün Qaragilin evində çox sayda barama qaynar suya atılmış, kəpənəklər hələ uçmadan məhv edilmişdi. Qara gücü çatdığı qədər kəpənək həyatını qurtarmışdı. Nə olsun ki, kəpənək həyatı qısadır...

Haqqında cinayət işi açılanda Qaranı evinin zirzəmisində, çürük taxta lövhələrinin arasında tapmışdılar. Əgər boynunda qayış olmasaydı, Qaranın çürük döşəmənin uçmasına görə bu hala düşməsini düşünərdilər. Xəstəxanada günlərlə komada olmuşdu. Ayılanda həyata tərtəmiz ağ səhifədən başlayan körpə uşaq kimi idi.

Qaranın  məhkəmə prosesi Vəkilin sonuncu işi idi.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə