Son xəbərlər

 

Mənə kömək elə, axtaraq məni,
Hardasa itmişəm... tapa bilmirəm.
Elə darıxmışam özümdən ötrü,
Daha ipə-sapa yata bilmirəm.

Mən harda ilişib qalmışam görən,
Ana laylasında, körpə səsində?
Bəyaz önlüklərin xışıltısında,
Uzun hörüklərin şəlaləsində?

Yazdamı qalmışam yağışa dönüb,
Yoxsa ki, qışların qatısındayam?
Bəlkə gecələrin dərinliyində,
Bəlkə sabahların qapısındayam?

Bir günün, bir ayın işi deyil bu,
Tezlikdə beləcə itəmməz insan.
Doluram, dəyişən bu “mənə” baxıb.
Ürəyim "özümü" istəyir yaman...

Deyirəm, dünəndən, bu gündən keçib,
İşıqlı səhərə çıxaraq məni!
Hardasa itmişəm, tapa bilmirəm.
Mənə kömək elə, axtaraq məni!

Afaq ŞIXLI
01.01.14.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə