Son xəbərlər

 

Saçından yad kişi qoxusu gəlir...

 

Məni görüşünə çağıran gözəl,
Səni tanımadım düzü, bağışla.
Dəyişir adamlar, dəyişir zaman,
Dəyişir həyatın üzü, bağışla...
Qabaqlar astadan xəfif gülərdin,
Nə yaman dəyişib gülüşün sənin...
Sən əvvəl arxayın, şux yeriyərdin, 
Indi başqa cürdür yerişin sənin.
Yox, bu sən deyilsən, bu sən deyilsən,
Sən çox ətirlisən, çox bəzəklisən.
Mənim xəyalımda yaşayan səndən
Hələ də bənövşə qoxusu gəlir.

Sən mənim üç günlük qəfil qonağım,
Sən özgə ocağın közüsən daha.
Mənim bilmdiyim, anlamadığım
Əcnəbi bir dilin sözüsən daha.
Mən sənin nəyinəm axı – dünənin!
Mən sənin keçmişin - beş il əvvəlin.
Mən başqa adamam, sadəcə sənin
Burnuna keçmişin qoxusu gəlir.

Sən bura gələndə balan neylədi -
Baxıb ağlamadı dalınca sənin?
Qaynanan: “gəlinim gör nə gözəldi” -
Deyib boylanmadı dalınca sənin?
...Sənə necə deyim axı qəm yemə,
Biz artıq nə vaxtdır batmışıq qəmə.
Sən Allah başını qoyma sinəmə,
Saçından yad kişi qoxusu gəlir...

 Dərdimin

Bir çarəsi olar bəlkə,
Mənim gülməli dərdimin.
Üstünə salacaq kolgə,
Ölüm, bu dəli dərdimn.

Yapışıb can köynəyimə,
Didir məni ilmə-ilmə,
Cırmaq atır mənliyimə,
Uzanıb əli dərdimin

Bu dərd deyil, bu bir azar,
Bu bir zülmət..., soyuq məzar...
Nə bir görünən sonu var,
Nə də əvvəli dərdimin.

Dərd mənsiz yaşaya bilməz,
Məndən uzaq üzü gülməz,
Öz yükün daşıya bilməz,
Qırılar beli dərdimin.

Necə bölək dərdimizi,
Tez - tez itir dərdin izi...
Uzaq durun yıxar sizi
Tərpənsə, yeli dərdimin.

 

Eşqim damla-damla çıxır gözümdən.

Mən tək nə edim ki, bacarmaq olmur,
Daşıyıb bu eşqi aparmaq olmur;
Gözümdən əksini qoparmaq olmur,
Hərdən oğrun-oğrun baxır gözümdən.

Neyləyim, olmadı düz əməllərin,
Saldı aramıza söz, əməllərin,
Sənin öz işlərin, öz əməllərin,
Səni asta-asta yıxır gözümdən. 

Sənə kim deyir ki, önümdə əyil,
Sadəcə bu eşqin qiymətini bil...
Gözümdə gördüyün göz yaşı deyil
Eşqim damla-damla çıxır gözümdən.


Bilmir
əm
 
Ömrümə vaxtında gəlməmisən sən,
Sənə mən nə ümid verim, bilmirəm.
Sən elə çiçəksən dərilməmisən,
Səni hansı üzlə dərim bilmirəm.

Bir yanda səhradır, bir yanda gülşən,
Bir yanda ailəm, bir tərəfdə sən,
İndi harda qurum özümə məskən,
Mənim hara olsun yerim, bilmirəm.

Sən mənim yolumda əriyən bir şam,
Mən səni yandırıb-yaxan olmuşam,
Bu yol ayrıcında çaş-baş qalmışam,
Hansıdır xeyirim, şərim, bilmirəm.

Dünyaya gələndən gərmişəm sinə,
Bu qara taleyə, ömürə, günə,
Görəsən biryolluq sənin ömrünə,
Sənin həyatına girim?...bilmirəm

 
Azadlıq ist
əyirəm!!!

Mən qorxuram qaranlıqdan,
Mən qorxuram qaranlığın,
Tək adamın qorxduğunu
Hiss etdikcə
hücum edən,
öz gücüylə qürrələnən
Lal baxışlı hədəsindən.

 

Mən qorxuram qaranlıqda,

Agaclarin, binaların,

Cinə bənzər,

ruha bənzır kolgəsindən.

 

Mən qorxuram qaranlığın,

Məni atan sevgilimin

Lap ayrılıq anındaca

Hss etdiyim nəfəsi tək,

Soyuq, bum buz nəfəsindən.

 

Mən qorxuram qaranlıqda

Pəncərədən otagıma,

axıb dolan,

Qaranlığın özü kimi vahiməli

İt səsindən.

 

Mən qorxuram qaranlıqda

fosfor kimi Işıq salan,

Qurd baxışlı adamlardan.

Mən qorxuram

Bürünərək qaranlığa

iç tərəfin gizli

tutan adamlardan

 

...Uşaqlıqdan beləyəm mən,

Körpə ikən

Günəş olmaq istəyirdim.

Gecələri məglub edib,

Hər tərəfə

işıq salmaq istəyirdim.

Sonra bildim Günəş olmaq

mümkün deyil,

Mən Allahın yaratdığı olmalıyam,

Başqa cürə düzgün deyil.

...Və on altı yaşım vardı,

Mən ilk dəfə hiss edərək

Cəsarətin nə olduğun,

Bu dunayda insan kimi yaşamağın,

Ləyaqətin nə olduğun...

Məni qadağalara

Qaydalara qul edən,

Öz kommunist ruhunu,

Bəzəkli cümlələrlə

İliyimə yeridən...

Mənə 15 yaşımda

“Kapital”ı oxudan,

Leninin tezislərin

Əzbərlədən atama

Məhz beləcə demişdim...

“Mən işıq istəyirəm,

Açın bu zəncirləri

Azadlıq istəyirəm!!!

Azadlıq istəyirəm!!!”

 

Bu bağ bizim bağımızdır

Bu bağ bizim bağımızdır,

Bu bağ bizim

Gəncliyimiz,

İlk eşqimiz,

Bu bağ bizim

ən bəxtəvər,

ən firəvan çağımızdır…

Biz bu bağın

Hər gülünü qoxlamışıq,

Biz bu bağda hər çiçəyə,

Ağaclardan

bizə baxıb, gülümsəyən

Hər yarpağa toxunmuşuq,

Zərifliyin,incəliyin

yoxlamışıq.

Biz bu bağı

yorulmadan,

usanmadan bir gəzmişik,

əzilməkdən cana doymuş

otlarını bir əzmişik...

Bu bağ bizim bağımızdır,

Bu bağ bizim, sevgimizin

sinəmizdə yaratdığı,

Çalın-çarpaz dağımızıdır...

Bu gün Heydər Əliyevin,

Sabah “Əli Əliyev”in,

Sonra “Vəli Vəliyev”in,

Nə fərqi var

kimin adın daşıyacaq,

əsas odur

bu bağ bizim qəlbimizdə,

ilk gəncliyin

bizə miras buraxdığı,

xatirə tək yaşayacaq...

biz bu bağı

yadımızdan siləmmərik,

Lap yüz il də ötüb keçsə,

ən sevimli adamların

arasında olsaq belə,

Biz bu bağda,

Illər əvvəl iki gəncin

güldüyü tək güləmmərik

gülüşümüz donub qalar

uzumuzdə,

ağzımızdan çıxan anda

yaddan çıxar

sözümüz də

heç kim başa düşə bilməz

nəyə görə,

kədər gələr,

yaş görünər gözümüzdə...

bu bağ bizim bağımlzdlr,

Amma daha

Biz qorxarıq

Adamların,

Bizə baxıb istehzayla

baş yellədən ağacların,

tənəsindən,

biz qorxarıq

oğlumuzun, qızımızın

bizi qoşa görməsindən...

biz bu bağa,

Bir də qoşa gələmmərik...

Gələmmərik...

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə