Son xəbərlər

 


YASTIQ
 
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi - düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipək  yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına…
 
FUTBOL OYNADIĞIM YADIMDAN ÇIXIB 
 
Yüz yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı. 
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan. 
İndi unutmuşam, 
O günüm, o çağım yadımdan çıxıb. 
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən bəriyə nəyim qalıb ki? 
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o toplar mənimki deyil, 
Dirəklər, dayaqlar mənimki deyil. 
Vurulan topların, dəyən daşların
Daha sızıldamır yeri canımda. 
Daha yüyürmürəm yıxılanacan, 
On il, on beş ilin
təri canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm. 
Amma yıxılanda dizim qanamır, 
Amma yıxılanda qolum əzilmir.
Çünki yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan.

AĞLA, QAQAŞIM, AĞLA
 
Sevdaya tutulub bu cavan oğlan, 
Oturub ağlayır, durub ağlayır, 
Gəzdiyi yolları görmür ayağı.
Ömrün yaşılında, ömrün yazında
Necə ağlamaqdı bu, hönkür-hönkür, 
Necə ağlamaqdı məcnunsayağı?!
Bu göz yaşlarından utanma, qardaş – 
Ağla, ağlamağa vaxtın tapılmaz, 
İndi üzə gülən baxtın tapılmaz. 
Hələ oturmusan şahlıq taxtında, 
Səni bu taxtdan da düşürəcəklər, 
Bir də belə yerin, taxtın tapılmaz. 
Hər kişi ömründə bir dəfə yəqin 
Bax belə – sənin tək zar-zar ağlayıb.
Aşkarda, gizlində ağlayıb, 
İçində, üzündə ağlayıb – 
Amma ağlayıb. 
İndi yaşamalı sənin halındı, 
İndi ağlamalı bizim halımız.
And içsə inanma, desə inanma, 
Bir vaxt ağlamışıq bizim hamımız. 
İndi də sən ağla, 
Ağla, qaqaşım, ağla. 
Bu sirrin içində, sehrin içində
Hələ xəbərin yox, ömür gödəkdi. 
Bax elə bu həsrət bircə çərəkdi, 
Qovuşdun, sevgin də tükənəcəkdir. 
Duasan, cadusan başdan ayağa, 
Ağlasan, tilsimlər söküləcəkdir. 
Ağla, qaqaşım, ağla.
Hələ xəbərin yox bu yer üzündə
Ömür gözləmədi, ömür – dözümdü. 
Ömür elə uzun, elə uzundu – 
Həsrətlər, sevgilər sığışa bilir, 
Həsrətlər, sevgilər yadlaşa bilir. 
Bir gün nağıl kimi, ya xəyal kimi, 
Adama təzədən yanaşa bilir. 
Hələ qarşıdadı qəmin yekəsi, 
Hələ qarşıdadı dağ-divar hələ – 
Sənə bu sevginin, bu ağlamağın
Gülməli görünən vaxtı var hələ. 
Bu ən şirinidi ağlamağların, 
Ağla, qaqaşım, ağla. 
 
KİMSƏSİZ EV… 
 
Kimsəsiz ev eyvanından bəlli. 
Qəlbimdə 
boş otaqların
qulaq tutulan səssizliyi – 
Üzümdən bəlli sevmədiyim. 
 
O YA ƏFSANƏYDİ… 
(zarafat)
«Qarşıdan bir sona keçdi»
Bir payız anına gəlmişdi bahar – 
Küçələr, səkilər yırğalanırdı. 
Bağlı pəncərlər, sakit eyvanlar, 
Heyrətli gözlərdə sırğalanırdı – 
Ağzını ayırıb baxırdı şəhər. 
Qəfil təkərlərin əyləc səsləri, 
Karıxan sürücü baxışı – harın.
Küçəni keçməyə çatmaz hünəri – 
İşığı yansa da işıqforların. 
Bəzəkli maşında əyləşən oğlan, 
Bahalı siqnalın «xoruz» buraxar. 
Ötəri həvəsi gözündə qalan
Bu bahar səni də yalqız buraxar – 
Ağzını ayırıb baxarsan elə. 
Boynu əyri bitib yeyin gedənin, 
Arxada qalanlar tələsiyirdi. 
Küylü uşaqların içində biri
Qonşusu çıxmağa həvəsiyirdi – 
Ağzını ayırıb baxırdı şəhər. 
İşığa düşmüşdü bir oğlan gözü, 
Bilmir yanındakı nə söyləyirdi.
Qolundan yapışan dilavər qızın
Barmağı böyrünü dürtmələyirdi – 
Ağzını ayırıb baxırdı oğlan. 
Çağrışı boş idi o tumsatanın
Eh, indi o səsi eşidən hanı? 
Xəbəri yox idi əsgər oğlanın,
Cibində qalmışdı tum stəkanı, 
Ağzını ayırıb baxırdı şəhər.
Elə addımlayır, elə gedirdi – 
İşvəli sənəmlər, qəmzəli qızlar
Həsəd aparmırdı, heyrət edirdi. 
Çəkdi bir şəhəri o cün çarmıxa, 
O ya əfsanəydi, ya da bir tilsim. 
Ağzını arayıb söz soruşmağa, 
Ağzını ayıra bilmədi heç kim
Ağzını ayırıb baxırdı hamı.

QİSAS
 
Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar. 
Gedir, qalmır izi, tozu, 
Hər gələn bir yerə yozur, 
Adını lap başdan pozub
Lap, lap axıra vururlar. 
Kündə kimi ovxalayıb, 
Əzib, büküb, buxovlayıb, 
Qışda buz üstə tullayıb, 
Yay vaxtı qıra vururlar. 
 
QAYIDIR
 
Yenə nəğmələr qayıdıır, - 
Hər sətri səs-səs dirilir, 
Damarımda qan tərpənir, 
Canımda nəfəs dirilir. 
Yadırğadığım o sözlər
Yenə geri dönür bir-bir. 
Çoxdan unutduğum hisslər
Gizli-gizli boy göstərir. 
Yenə hamıdan gizlicə
Çəkdiyim təlaş qayıdır. 
Yenə ürəimə həsrət,
Gözlərimə yaş qayıdır. 
Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında. 
Yenə uşağa dönürəm
Ömrümün günortasında. 
Taledən ən dadlı töhfə, 
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür, 
Yenə də bahar qayıdır. 
 
DÖNDÜM
 
Səndən qıraqda həyat yox,
Desələr d vardı – döndüm. 
Qaçdı ağzımın ləzzəti, 
Damağımın dadı, döndüm.
Nə cadular, nə ovsunlar,
Gücləri yox, saxlasınlar. 
Məni ən gözəl oyunlar,
Əyləncələr yordu, döndüm. 
Bir nəfəs qalmadı canda, 
Dörd bölündüm darıxanda – 
Qol bir yanda, baş bir anda
Mənəm – məğlub ordu, döndüm.

GET
«- Nə olar, qal da bir az
- Burda nə var ki, qalım». 
«Sağ ol» demə, vida etmə, 
Zamandısa, vaxtdısa, get.
Getməyini gərəkliyi
Qalmağından çoxdusa, get. 
Bir mən qalım, bir dərd-sərim
Hədər oldu çəkdiklərim. 
Pıçıltıyla dediklərim
Yaddaşından çıxdısa, get. 
Qaysaqlanar yenə yaram, 
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram – 
Soldusa get, sağdısa get. 
Bir sözünlə mənalıydı, 
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.
 
RUS QARISI
 
Birdən, söhbət düşdü,
sifətindəki
Alışan, parlayan atəşi gördü.
Çiynində bərq vuran qanadlarını, 
Gözündən boylanan Günəşi gördü. 
Gördü qəlbindəki bu davanı o, 
Duydu uzaqdanca bu havanı o. 
Mənim də hər qeylü-qalımı bildi.
Üzümü görmdən halımı bildi. 
Bildi ki, ruhumun sənsən yarısı, 
Səndən həssas imiş
bir rus qarısı. 
***
Sən məni çox istə, 
çox sev nə olar
Sən elə istə ki, burda qalmayım
Çəksin maqnit kimi ürəyin məni
Götürüb Sibirin bu şaxtasından
Qızdırsın, isitsin istəyin məni. 
Dayana bilməyim, 
qala bilməyim
Vəhşi tək darıxıb qaçım yanına
Söyüb bu şaxtaya, soyuğa, qara
Sonra təpik vurub bu şampanlara
Tullanıb da «arxı» qaçım yanına. 
Sən mən çox istə, 
çox sev nə olar.
 
SAATIM QURULUB SƏNİN VAXTINLA
 
Saatım qurulub sənin vaxtınla
Mənim günortamdı sənin səhərin
Yerini bilirəm saata baxıb
Harasındasansa qoca şəhərin. 
Görürəm yuxudan oyanmağını,
Görürəm yuyunub daranmağını
O rus qarısına çay verməyini, 
Evdən çıxmağını, yol getməyini
Mən burda məşğulam
hər addımınla – 
Saatım qurulub sənin 
vaxtınla.
 
***
 
Sənsiz qaldım, qəlbimin
Artdı qəmi – darıxdım. 
Yanına qayıtmağın
Yetdi dəmi – darıxdım. 
İnsafı yox gecənin
Qərib, soyuq gecənin
Oyanaraq gecənin
Bir aləmi – darıxdım. 
Yer sıxdı birdən-birə, 
Dərd axdı birdən-birə
Darıxdım birdən-birə
Vəhşi kimi darıxdım.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə