Son xəbərlər

 


“Kaş ki, adı olardı sevgilim darıxmağın”

Səsləyərdim bilərdin adı nədi dərdimin!

İyirmi birinci əsrin güllə söyləyişində

manifesti, məqsədi, modu nədi dərdimin?!

 

 

Kaş ki, dili olardı, söyləyərdi dərdini,

bu dəmir dünyasında nə istəyir bu ətdən!?

“İsmi əzəm” dalınca qaçdıq bütün yolları

Tanrı düşüncəmizi aslandırdı qurbətdən!

 

O ac-susuz fəhlənin gözündəki qəm mənəm

nə deyim, nə danışım? Danışsam kim biləcək?

Kim gəlib Nitşe boyda yorğun bir fəlsəfənin

gözündəki kədəri az da olsa siləcək?

 

Bir vaqon dərdim gəldi, boşaldanı olmadı,

onda bildim kədər  nə, vətən nədi, şəhər nə...

küçələrdə fit çalıb, tənha kimi gəzişmək

gözündəki gözyaşın, ağzındaki zəhər nə...

 

Kaş ki, bir “ah” olardı darıxmağın məntiqi,

bir dodaq əsməsilə bitirərdik bu dərdi.

Bəlkə təskin olardı bu məsnəvi başıma

dərdimin hal-əhvalı qələmə kökləyərdi!

 

Yazardəm, hey yazardım: həyatın nə vecinə?

Yarpaq kimi ağacdan ölməyim nə vecinə?

 Həyatın mükafatı ölüm deyil yəqin ki,

yoxsa 35 illik olmağım nə vecinə?

 

Dedilər ki, gözəldir yaşamaq, biz də gəldik.

Göz verdilər görməyə, baxıb heyrətə gəldik.

Dil açıb deyəndə ki, çox gözəldir kainat,

dedilər sus, danışma! Bizsə qurbətə gəldik...

 

“Əl ələ düymə dələ babam getdi başmaq a-

la”bilmədi, qayıtdı, ayaqyalın baş etdim!.

Bir yol gördüm uzaqda baxdım gedəni yoxdu,

mindim ayaqlarıma, o tənha yolu getdim...

 

Sonunda bildim ki, biz niyə gəldik dünyaya?

Gəlmişik heyran olub qalaq keçədə, tində...

Bəlkə ona görədir ki, mənim ürəyimdə

yaşayır məhəbbəti, insanların, itin də...

 

Zincirin bir halqası oldu əllərim və mən,

düyünlədim insana qopa bilmirəm daha...

Gördüz ki, mən darıxır, bilin zincir qırılıb,

dağılmış halqalara hopa bilmirəm daha...

Sayman Aruz

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə