O QIZIN ARZULARI



Ölümcül yaralanıb
o qızın arzuları -
gündüzlər
hər gün
əri işə ötürməkdən,
uşağı məktəbə 
yola salmaqdan,
gecələr
ər qoynunda gizlənməkdən.
Qolları yorulub
arzuları üstünə çəkməkdən.
Yenə üstü açıq qalıb -
soyuq dəyib bu gecə.
Nəfəs ala bilmir
qəlbində gizlətdiyi xəyanətdən.
Nə qədər tək yatmaq olar
Bir arzu, bir xəyalla?!.
Hər gün ev süpürür
uzun saçları ilə
qonağı olacaq deyə.
Hər gün yemək hazırlayır -
kirpiyində qor götürüb.
Vəfasızlıqdan o yana
ömur qurtarır -
sərhəd kimi.
Özüylə döyüşdə 
ölümcül yaralanıb
o qızın arzuları...

 

AXTARSAN MƏNİ

Gecələr
qaranlığın bağrını
didərsən dişlərinlə.
Səhərlər gündüzün
arxasınca düşüb
qovarsan
qan-tərə bata-bata.
Tökərsən üstünə hirsini,
qaldığım evə,
bir də
iş yerinə.
Tapmazsan məni.
Sonra dayanacaqda
avtobus əvəzinə
gözlərsən gecəni.
Özündən başqa
hamıdan
soruşarsan məni.
Bircə sənə
dəli deməsinlər.
Axı mən çoxdan
ölmüşəm…

İÇİMİ SƏRDİM KÜLƏYƏ

Bu qış mənə sitəm olub,
içimi sərdim küləyə.
Gözüm islanıb, nəm olub,
içimi sərdim küləyə.


Çıxarıb asdım bezini,
günəş qızdırsın üzünü,
Toparladım mən özümü,
içimi sərdim küləyə. 

Başqa cür yoxdur yozumu,
çəkdim içimin nazını,
külək aparsın tozunu,
içimi sərdim küləyə.

Qoy gözümün qəmi getsin,
qoy dərdimin dəmi getsin,
qoy içimin nəmi getsin,
içimi sərdim küləyə.

         O  YANA
Kim gələcək, kim gedəcək,
Səndən, məndən o yana ki?
Kim qalacaq, kim olacaq,
Səndən, məndən o yana ki?

Bulud olub çəkiləmməz,
Yağış olub töküləmməz,
Dan yeritək söküləmməz,
Səndən, məndən o yana ki?

Çox olsa da gəlib-gedən,
Kədər-qüssə bağrın didən,
Nə sən olmaz, nə də ki, mən,
Səndən, məndən o yana ki?

EŞQİMİZ

Özgə idik,
Bir olduq...
Birləşdirdi bizi.
Sənə də, mənə də
Sahib çıxdı
Eşqimiz.


OYATMAĞA ƏLİM GƏLMƏDİ

Xəyallarım,
Məndən uzaq düşdün.
Sənsiz darıxdım,
Aradım, axtardım
Bir qız qucağında
Xumarlanıb yatan
gördüm.
Qıymadım oyatmağa -
Əlim gəlmədi.
Əfv etdim
Səni.


***

Yuduq
keçmişimizi…
Gələcəkdə
Təmiz
görünmək üçün.
Ləkəli yerlərin
sapı
süzüldü.

***

Sənə bağladığım
ümidlərin
yerini
boş qoymuşam.
Nə vaxt istəsən,
yaza bilərsən
özünü
öz əllərinlə…


ÜRƏYİM QURAQDA QALIB

Ürəyimə yağmır yağış,
ürəyim quraqda qalıb.
Hamıdan uzağa gedib,
hamıdan uzaqda qalıb.

Gücü yoxdu, güc verməyir,
cücərdən yox, cücərməyir,
Heç kəs onu becərməyir-
əkindən qıraqda qalıb.

Gözə dəyməyir, görələr,
ələ yetməyir, dərələr,
dərib bir qıza verələr,
Elə künc - bucaqda qalıb.

XƏYANƏT BOYDA

Xəyanət boyda 
əl verirəm sənə,
qaytarıb çırpsan da
üzümə.
Xəyanət boyda
göz verirəm sənə,
baxa bilsən gözümə.
Xəyanət boyda
söz verirəm sənə,
Qata bilsən sözünə.
Xəyanət boyda
ürək verirəm sənə,
yer tapa bilərsənmi özünə?
Daha buradan o yana
heç kəs yoxdu-
Getmə heç yerə.
Xəyanəti 
sapla qəlbinə,
Tikiş qoyarsan
ömrünə.
Xəyanət boyda.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə